Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Baş Komandan Silahlı Qüvvələrin ali hərbi heyəti ilə görüşdə qərar verdi:

İstənilən növ təhdidə "dərhal, effektiv və coğrafi məhdudiyyət tanımayan" cavab

Silahlı Qüvvələrin ali hərbi heyəti Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb. İnqilabın Rəhbəri bu görüşdə düşmənlərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün ağıllı döyüş hazırlığının maksimum çəkindiriciliyin əsas şərtlərindən biri olduğunu deyib. O, istənilən növ və səviyyədəki təhdidə təxirəsalınmaz, effektiv və coğrafi məhdudiyyət tanımayan cavabın verilməsini tapşırıb.

Həzrət Ayətullah Seyid Müctəba Xamenei vurğulayıb: “Əgər düşmənlər hərbi və ya terror hücumlarını yenidən başlasalar, onun bitmə vaxtını və şərtlərini müəyyən edən tərəf məhz İran İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı olacaq”.

Ali Baş Komandan, həmçinin Hərbi kəşfiyyat arxitekturasının gücləndirilməsi, “doktrina” və “taktika” sahələrində milli müdafiənin dərinləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə günün tələblərinə cavab verən müdafiə və təhlükəsizlik imkanlarının artırılması, eyni zamanda Silahlı Qüvvələrin maddi-texniki təminatı və sosial ehtiyaclarının fasiləsiz ödənilməsi ilə yanaşı, mənəvi gücün və cihad əhval-ruhiyyəsinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Ali Baş Komandanın digər qərarına əsasən, hədəflər bankı elə bir şəkildə yenilənməlidir ki, ABŞ-sionist koalisiyasının bütün maddi və qeyri-maddi imkanları Silahlı Qüvvələrin hədəf zonasında yer alsın.

O, xalqın Silahlı Qüvvələrə dəstəyini İran əleyhinə olan yadellilərə və onların daxili muzdurlarına qarşı çəkindirici gücün ana sütunlarından biri olduğunu vurğulayaraq əlavə edib: “Seçilmiş xalqın səkkiz aydır ki, meydanlarda olması səkkizillik Müqəddəs Müdafiənin davamıdır. Bu birlik hərbçilərin, hüquq-mühafizə orqanlarının və Bəsic qüvvələrinin igidliyi ilə yanaşı, İranın ərazi bütövlüyünü və İslam quruluşunu qoruyub və bundan sonra da qoruyacaq”.

İslam İnqilabının Ali Rəhbəri Müqavimət cəbhəsinin müxtəlif ölkələrdə nümayiş etdirdiyi ağıllı dəyanəti yüksək qiymətləndirərək meydanların birliyini Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik nizamının formalaşmasında strateji təsirə malik müəyyənedici amil kimi qiymətləndirib. O bu yeni nizamın yeni İslam sivilizasiyasının qurulması üçün müsəlman xalqlar və İslam hökumətləri arasındakı birliyi daha da möhkəmləndirəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Abdullahi, Ordunun Ali Baş Komandanı general-polkovnik Hatəmi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) Ali Baş Komandanı general-polkovnik Vəhidi Ali Baş Komandana hesabat təqdim ediblər. Onlar Fars körfəzi sahillərində, Hörmüz boğazı, Oman dənizi əməliyyat zonalarında, eləcə də ölkənin şimal-qərb və cənub-şərq sərhədlərində müdafiəçilərin hazırlıq vəziyyəti, habelə müxtəlif növ sursatların, kəşfiyyat, dəstək və döyüş silahlarının istehsalının bir neçə dəfə artırılması barədə məlumat veriblər.

Görülən işlərdən razılığını bildirən Ali Baş Komandan ali hərbi heyətdən onun təşəkkürünü və məmnunluğunu bütün hərbi, hüquq-mühafizə və Bəsic qüvvələrinə, bu təşkilatların və Müdafiə Nazirliyinin əməkdaşlarına, həmçinin onların möhtərəm ailələrinə çatdırmalarını xahiş edib.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /