Ali Məqamlı Rəhbərin informasiya bloku

Rəhbər Zülfüqari əməliyyatının ildönümü münasibətilə müraciətində vurğulayıb:

Milli ayıqlıq və müqavimət sayəsində silahlı təcavüzkar düşmən üzərində qələbə

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei 9 aban 1359-cu il tarixində (31 oktyabr 1980) Abadanda baş vermiş Zülfüqari xalq qəhrəmanlığının ildönümü münasibətilə müraciət ünvanlayıb. Məcburi Müharibənin ilk günləri İran xalqının əldə etdiyi birinci qələbə olan bu qəhrəmanlığa işarə edən Ali Rəhbər vurğulayıb: “Böyük və Uca Allahın lütfü, eləcə də Mövlamızın (ə.f) diqqət və nəzəri sayəsində bu gün məzlum və qüdrətli İran xalqına kömək edən qüvvə məhz həmin ayıqlıq və iman, həmin əzm və iradə, həmin fədakarlıq, candan keçmə, qeyrət və dözümlülükdür”.

İnqilabın Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

9 aban 1359-cu il (31 oktyabr 1980) tarixi Birinci Məcburi Müharibənin başlanmasından cəmi qırx gün sonra xalqın göstərdiyi qəhrəmanlıq, İslam döyüşçülərinin bəəsçi təcavüzkarlara qarşı keçirdiyi rəşadətli əməliyyat nəticəsində onların Abadan adasından qovulub çıxarıldığı gündür. Səkkizillik Müqəddəs Müdafiə dövründə İran xalqının ilk qələbəsi sayılan və haqqında nisbətən az danışılan bu mühüm qəhrəmanlıq “Zülfüqari əməliyyatı” adlandırılıb. Bu əməliyyat bütün dövrlərdə Vətənimizə hücum edən düşmən və təcavüzkarlara qarşı mübarizədə böyük dərslər ehtiva edir.

O illərdə İraqda hakimiyyət başında olan müstəbid rəhbərin bu ölkənin əhalisinin inancları və ənənələri ilə heç bir mənəvi bağlılığı yox idi. O, İran xalqı ilə həqiqi qardaşlıq münasibətində olan nəcib İraq xalqının məramına zidd olaraq elə təsəvvür edirdi ki, bir sıra puç şüar və iddialarla iki xalq arasında mövcud olan dərin bağları qıra bilər. Halbuki bu əlaqə Əhli-beytə (Allahın salamı və salavatı onların hamısının üzərinə olsun) olan məhəbbətə və ortaq məktəbə söykənən köklü bir keçmişə malikdir.

O dövrdə də bəəsçi düşmən bugünkü düşmən kimi təcavüz, işğalçılıq və mühasirə kimi ənənəvi üsullardan istifadə edirdi. Onun şər planına qarşı effektiv mübarizə və qələbə məhz xalqın və fədakar qüvvələrin ayıqlığı, ordu və Sepah cəngavərlərinin rəşadəti ilə yanaşı, qeyrətli kişilərin mərdanə müqaviməti idi. O gün sadə və qeyrətli bir iranlı fəhlə fədakarlıq göstərərək xalqı düşmənin mənfur planından xəbərdar etdi. Nəticədə, həmin bölgənin bir qrup xalq qüvvələri və məscid əhli ilahi iman və motivasiya ilə, məhdud imkanlara baxmayaraq, Abadanın mücahid, fədakar, əməl və şücaət sahibi olan cümə imamı mərhum Ayətullah Cəminin (Allah ona rəhmət etsin) rəhbərliyi altında mübarizə meydanına atıldılar. Bu xalq hərəkatı müasir silahlarla silahlanmış təcavüzkar düşməni peşman etdi. Çox keçmədi ki, ölkənin şimalından cənubuna, şərqindən qərbinə qədər ayrı-ayrı İran xalqları İran İslam Dövlətinin sərhədlərini qorumaq üçün sıx birləşdi. Nəhayət, bir ildən də az bir müddətdə Ümmətin İmamının (Allah ruhunu şad etsin) fərmanı və ilahi lütf sayəsində Abadanın mühasirəsinin yarılması gerçəkləşdi.

Bu gün də Böyük və Uca Allahın lütfü, eləcə də Mövlamızın (ə.f) diqqət və nəzəri sayəsində Böyük şeytanın ağalıq iddialarına, cinayət və təcavüzünə qarşı mübarizədə və Üçüncü Məcburi Müharibədə qələbə qazanmaqda məzlum və qüdrətli İran xalqına kömək edən qüvvə məhz həmin ayıqlıq və iman, həmin əzm və iradə, həmin fədakarlıq və canfəşanlıq, həmin qeyrət və dözümlülükdür. Qələbə yalnız Qüdrətli və Həkim olan Allahdandır.

Seyid Müctəba Hüseyni Xamenei
09 aban 1405
31 oktyabr 2026

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /