Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qələbə İslam ümmətinin olacaq!

Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İran İslam Respublikası Ordusunun hərbi akademiyalarında təhsil alan müdavimlərin buraxılış, andiçmə və poqon alma mərasimində iştirak etdi. Mərasim zamanı sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) nurlu şəxsiyyətinin təhqir olunması məsələsinə toxunan Ali Baş Komandan aşağıdakıları vurğuladı: “İmperializmin və sionizmin anti-islam siyasətlərini dərk edən xalqlar baş verən hadisədə Amerikanı və bəzi digər Avropa ölkələrini ittiham edirlər. Həmin ölkələrin başçıları bu tip ağılsız hərəkətlərin qarşısını alaraq bu böyük günah və cinayətə şərik olmadıqlarını əməldə sübut etməlidirlər”.

Ali Məqamlı Rəhbər İslam düşmənlərinin böyük İran xalqı ilə qarşıdurmada, coşub-daşan islami oyanış hərəkatı qarşısında özlərini aciz hiss  etdiklərini xatırladaraq dedi: “Bu, İslam ümmətinin düşmənlərinin son olay kimi ağılsız hərəkətlərə əl atmalarına səbəb olub”.

Bu hadisəni tarixin qalıcı və ibrətamiz faktlarından biri adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperialist rejimlərin başında duranlar bu cinayəti pisləmədikləri, bu böyük günahla  mübarizədə öhdələrinə düşən vəzifələri əməl etmədikləri halda, baş verən hadisəyə heç bir  aidiyyətləri olmadıqlarını iddia edirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, biz onların bu cinayətdə əli olduğunu sübut etməyə israr etmirik, lakin Amerika və bəzi Avropa ölkələrinin siyasətçilərinin tərzi onların xalqların gözündə müqəssir rolunda çıxış etməsinə səbəb olub. Onlar bu ağır cinayətdən dil ilə yox, əməllə özlərinə bəraət qazandırmalıdırlar”.

İmperialist dövlətlərin İslam əleyhinə kökləndiklərini xatırladan Ali Məqamlı Rəhbər dedi: “Məhz bu səbəbdən imperialistlər İslama və dinimizin müqəddəslərinə qarşı yönəlmiş təhqirlərin qarşısını almayıblar və bundan sonra da almayacaqlar!”

Həzrət Ayətullah Xamenei Amerika və Qərb rəsmilərinin səsləndirdikləri: “Bu təhqirlərin qarşısının alınması söz azadlığına ziddir” – fikrinin başdan-ayağa yalan olduğunu sübut etmək üçün bir neçə reallığı əsas gətirdi.

Həmin reallıqlardan biri Qərbdə imperializmin əsaslarına yönələ biləcək istənilən hücumun qarşısını almaq üçün konkret “qırmızı xətlər”in mövcud olması idi.

Ali Məqamlı Rəhbər qarşıya belə bir sual qoydu: imperializmin əsaslarına qarşı istənilən hücumun çox sərt və aqressiv şəkildə alındığı ölkələrdə İslamın müqəddəslərinə yönəlmiş təhqirlərin qarşısını almağın söz azadlığına zidd hesab olunduğuna kim inanar?

Həzrət Ayətullah Xamenei dedi: “Əksər Qərb ölkələrində naməlum Holokast hadisəsini sual altına almağa, yaxud imperializmin əxlaqa zidd, çirkin siyasətləri, o cümlədən homoseksualizm haqqında bir şey yazmağa heç kəsin cürəti çatmır. Necə olur ki bu hallarda söz azadlığına heç bir xələl gəlmir, İslamı və İslamın müqəddəslərini təhqir etməyə isə yalandan söz azadlığı adı qoyulur?”

Amerikanı diktaturapərəst adlandıran Ali Məqamlı Rəhbər bu ölkənin Misirin diktatoru Hüsni Mübarəki, İran diktatoru Rza şah Pəhləvini və regionun hazırkı diktatorlarını on illər boyu səxavətlə himayə etdiyini qeyd edərək dedi: “Belə bir qara  keçmişi olan Amerika azadlıq və demokratiyanı dəstəkləmək iddiası ilə  necə çıxış edə bilir?”

“Xalqların Amerikanın müxtəlif ölkələrdəki siyasi-ictimai mərkəzləri qarşısında etiraz dolu nümayişlər keçirməsi onların imperializm və sionizmin siyasətlərinə dərin nifrət bəslədiklərini göstərir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqlar Amerikadan cana doyub, buna görə də baş verən son hadisəyə bənzər bir situasiya, boşluq yaranan kimi, bu nifrət və qəzəb özünü ümumi şəkildə büruzə verir”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər vurğuladı: “Şübhəsiz ki, imperialistlərin bu ilahi dinlə qarşıdurmasında İslamın günəşi həmişə olduğundan da güclü parlayacaq və qələbə İslam ümmətinin olacaq!”

Ali Baş Komandan öz çıxışında həmçinin qeyd etdi ki, Silahlı Qüvvələrin, o cümlədən Ordunun sıralarında xidmət nurlu və qürurverici bir yoldur. O dedi: “Güclü stimul, həvəs və gözüaçıqlıqla bu meydana atılan dəyərli gənclərimiz xalqın sonsuz ehtiramını, bu dünyada və axirətdə başucalığı qazanırlar”.

“Müasir İran inkişafa sevgi, dinamizm, təşəbbüskarlıq və novatorluğa həvəslə dalğalanan bir dənizdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Zaman keçdikcə İslam Respublikasının qurulması və möhkəmləndirilməsi uğrunda zəhmət çəkməyin  tarixi əhəmiyyət və dəyəri daha çox aşkara çıxır. Bu işdə Silahlı Qüvvələrin də öhdəsinə böyük vəzifələr düşür”.

Mərasim zamanı Ali Məqamlı Rəhbərin meydana daxil olduğu ilk anlarda İran İslam Respublikasının himni səsləndirildi.

Ali Baş Komdan şəhidlərin anım məkanına gələrək İslam dini, İslam İnqilabı və İran uğrunda canından keçmiş vüqarlı şəhidlərə dərin ehtiramını ifadə etdi.

Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri salamladı.

Mərasim əsnasında Ali Məqamlı Rəhbər həmçinin şəhid Navsərvan Xoşniyyətin ailəsini də böyük ehtiramla təqdir etdi.

Həzrət Ayətullah Xamenei Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasının tələbələrini təmsil edən gəncə diplomunu təqdim etdi, zabitlərə, müəllimlərə, elmi tədqiqatçılara, məzunlara və nümunəvi tələbələrə hədiyyələr verdi.

Akademiyaya yeni qəbul olunmuş tələbələrin nümayəndəsi də poqonlarını şəxsən Ali Baş Komandandan aldı.

Bugünkü mərasimin proqramı yeni tələbələrin andiçməsi, döyüş bayrağını qəbul etməsi, xorla surud oxunuşu, meydanda nümunəvi döyüş nümayişləri ilə davam etdi.

Mərasimin davamında Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasının səhər təlimləri meydanında düzülmüş hərbi birləşmələr Ali Baş Komandanın önündən paradla ötüb keçdilər.

Mərasimdə həmçinin Ordunun baş komandanı general-mayor Ətaullah Salehi Ali Baş Komandanı salamlayaraq dedi: “Güc və qabiliyyətin zirvəsində olan ordumuz İslam Respublikasının mübarək sərhədlərini və qədirbilən İran xalqını müdafiə etməyə həmişəki kimi hazırdır”.

Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasının komandanı admiral Cəfəri Tehrani akademiyada təhsil prosesinin, elmi-ixtisas təlimlərinin gedişi haqda məlumat verdi.

Mərasimin davamında Nouşəhr Dənizçilik Akademiyasının tələbələri Ali Baş Komandanın önündə dəniz təlimi icra etdilər.

Tələbələrin dəniz təliminin müxtəlif hissələri sırasında fərz olunan düşmənin suüstü və sualtı gəmi birləşmələrinin məhvi, oğurlanmış gəminin azad edilməsi, düşmənin gəmi birləşməsinin havadan alınması, dalğıcların vertolyotdan suya tullanması, minadan təmizləmə, minalama və sahildən müdafiə əməliyyatları yer alırdı.

Dəniz təliminin gedişi sırasında Ordunun Dəniz Qüvvələrinin Komandanı admiral Səyyari Ali Baş Komandana lazımi izahları çatdırırdı.

Ali Məqamlı Rəhbər bu gün həmçinin “Qədir” kateqoriyalı suüstü simulyatorla da tanış oldu. Tamamilə yerli istehsala aid olan bu simulyator Dəniz Qüvvələrinin Özünütəminetmə Cihadı Təşkilatında konstruksiya edilib.

Simulyatorlar Dənizçilik Akademiyasında təhsil alan tələbələrin elmi-əməliyyat təlimlərində mühüm rola malikdirlər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /