Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ramazan ayının ilk günü təşkil olunan Quran məclisində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Əziz qardaşlarıma çox təşəkkür edirəm; bu gündən, doğrudan da, faydalandıq. Çox yaxşı, rəngarəng, fəsahətli, gözəl və dolğun məzmunlu bir məclisdir; əlhəmdulillah. Şükürlər olsun ki, hər il Quran tilavəti sahəsində camaatımız, gənclərimiz arasında irəliləyiş olduğunu görürük. Bu, məni həddən artıq sevindirir. Allaha çox şükür. Bu gün də bu gözəl tilavətlərin bərəkəti ilə, əlhəmdulillah, mənalı, dolğun, insanda mənəvi-ilahi halət yaradan bir məclis keçdi. Xüsusilə də gözəl nitqli aparıcımızın bu gün bu məclisdə oxunan tilavətlərin, yerinə yetirilən hər bir şeyin savabının bir neçə gün əvvəl Tehranda dəfn olunmuş şəhidlərin pak ruhlarına hədiyyə olunduğunu qeyd etməsi çox təsirli və diqqətəlayiq idi.

Quranın gözəl səslə, xoşagələn avazla, tilavətin ədəb və qaydalarına uyğun şəkildə oxunması Qurandakı mənaların qəlblərə nüfuz etməsinin başlanğıcıdır. Əgər tilavətin bu faydasını bir kənara qoyub ona yalnız Quranın gözəl səslə oxunuşu, xoşagələn bir avaz kimi yanaşsaq, sözsüz ki, o, öz yüksək mövqeyini itirər. Quranın gözəl səslə, ədəb-ərkanla, xoşagələn avazla oxunmasına bu qədər təkid olunması onun üçündür ki, Qurandakı mənalar qəlblərə təsir göstərsin, Quranla ünsiyyətdə olaq, Quranın rəngini, Quranın xasiyyətini götürək, Qurana oxşayaq. Məqsəd budursa, bunun müəyyən şərtləri, qaydaları, ədəb-ərkanı var.  Birinci qaydası budur ki, Quranı tilavət edən şəxs onu ürəkdən qəbul edərək, Qurandakı mənalara inanaraq, dilə gətirib oxuduğu ayələrin mənasına ürəkdən inanaraq oxumalıdır. Əgər nə oxuduğumuzu, mənaları dərk etməsək, oxuduqlarımız qəlbimizin dərinliyinə qədər təsir göstərməsə, tilavətimizin başqalarına və elə özümüzə də təsiri zəif olacaq; birinci şərt budur.

Mənim möhtərəm qarelərdən, Quran müəllimlərindən, Quran oxuyanlardan xahişim budur ki, bu məqama diqqət yetirsinlər. Tilavət etməyə hazırlaşdıqları ayələri zehinlərindən bir keçirsinlər, onlar haqda bir düşünsünlər, bu mənaların dərinliklərinə qəlblərində, inanclarında lazımınca yer etsinlər. Quranı bu ruhiyyə ilə, bu zəminlə, bu hazırlıqla tilavət etsinlər. Bu cür tilavət auditoriyanın qanına-canına işləyəcək, qəlbinin dərinliklərinə qədər təsir göstərəcək.

Əlbəttə ki, bu günə qədər siz xeyli inkişaf edib irəli gəlmisiniz. Mən artıq neçə illərdir ki, ölkədə Quran hərəkatının gedişini, bu sahədə həyata keçirilən fəaliyyətləri izləyirəm. Bu gün gənclərimiz çox yaxşı irəliləyiş əldə ediblər. Qarelərimiz, ustadlarımız, həqiqətən də, çox yüksək səviyyədədir. Lakin cəmiyyətə, insanlara daha artıq təsir göstərilməsini tələb edən hallar hələ də çoxdur.

Mən burada özüm üçün iki-üç qeyd götürmüşəm. Biri budur ki, siz öz tilavətinizlə Qurandakı mənaları dinləyicilərə aşılamaq istəyirsiniz. Düzdür, sizi dinləyənlərin əksəriyyəti Quranın dilini, ərəb dilini bilmir, amma Quranın möcüzəsi odur ki, elə bu halda, yəni onların dili bilmədikləri təqdirdə belə, əgər bu ayələri ürəklə və lazımi şərtlər çərçivəsində qarşındakına çatdırsan, həmin mənalar xülasə formasında olsa da zehinlərə köçürüləcək. Bu, belə; amma bunun, təbii ki, müəyyən şərtləri var. Mən radiodakı tilavət kanalı vasitəsilə yayımlanan tilavətləri eşidirəm – qeyd edim ki, bu, tilavət dinləmək üçün gözəl bir imkandır, yaxşı bir fürsətdir – ustadlarımızın, qarelərimizin oxuduqlarını dinləyirəm. İnsafla demək lazımdır ki, xoş, ürəyəyatan səs baxımından qarelərimiz çox yaxşıdır. Bunu xarici qarelər də təsdiqləyiblər və təsdiqləyirlər. Onların iranlıların səsini təriflədiklərini çox eşitmişik. Sizlərdən bəzilərinin səsi, doğrudan da, çox xoşagəlimli və ürəyəyatan, gözəl bir səs necə olmalıdırsa, o cürdür, lakin bununla yanaşı, tilavətin şərtlərinə də riayət etmək lazımdır.

Tilavətin şərtlərindən biri budur ki, oxuduğunuz hər bir Quran ayəsində adi danışıqda hansı ifadələri, hansı məqamları vurğulayaraq çatdırardınızsa, tilavətdə də həmin məqamları hökmən vurğulayasınız. Bənzətmə aparmaq istəsək, farsca şeirlər oxuyan məddahlara baxa bilərik. Görürsünüz: hər bir ifadəni, məna yükü daşıyan hər bir cümləni, hər bir sözü, hər bir fraqmenti öz intonasiyası ilə oxuyurlar ki, həmin məna dinləyicinin zehninə otursun. Adi danışıqda da belədir. Adi halda söhbət edəndə də daha qabarıq mənaya malik olduğunu, əsas məna yükü daşıdığını düşündüyünüz söz və ifadələri  xüsusi vurğu ilə söyləyirsiniz. Quranı da belə oxumaq lazımdır. Mühüm kəlmələri vurğulamaq lazımdır. Cümlə və fraqmentləri elə oxumaq lazımdır ki, mənası, məzmunu dinləyicinin zehnində qalsın; gözəl intonasiya ilə, ifadəli şəkildə. Bəzən hansısa mətləbin dinləyicinin yaddaşına həkk olunması üçün cümləni yenidən təkrarlamaq lazım olur; bu təkrarı da edin. Səhv etmirəmsə, bir neçə il əvvəl mən belə məclislərdən birində Quran oxunarkən cümlələrin dönə-dönə təkrarlanmasını tənqid etmişdim. İndi demək istədiyim budur ki, müəyyən məqamlarda təkrar lazımlıdır, mütləqdir, bir dəfə oxumaqla məna öz əksini tapmır və onu təkrarlamaq tələb olunur. Bəzən bir ayəni 2 dəfə, 3 dəfə təkrar etmək lazım gəlir, bəzən 2-3 ayəni birlikdə təkrarlamaq tələb olunur. Mən demək istəmirəm ki, bu məsələdə ifrata varasınız. Misirli qarelərin bunu ifrat həddə etdiklərini görürük; mənfi təsir doğurur. Mən ifrat həddi nəzərdə tutmuram. Bir şeyi 8 dəfə, 10 dəfə təkrar etməyimiz bəyənilən bir şey deyil. Ola bilsin, ərəblər mahnı oxuyarkən bunu edirlər və normal qəbul olunur, amma  Quran oxunuşunda bu, arzuolunan bir iş deyil.  Amma mənanı dinləyicinin yaddaşına həkk edəcək, zehninə oturdacaq həddə təkrar lazımlıdır. Bəzən hiss edirsən ki, qare ibarələri əlinə bir kitab alıb oxuyurmuş kimi oxuyub gedir.  Bu, yaxşı bir şey deyil, bəyənilmir. Siz mənaları çatdırmalı, dinləyicinin zehninə köçürməlisiniz. Bu, bəzən təkrarla, bəzən bir cümləni, bəzən isə bir sözü vurğulamaqla başa gəlir. Bütün bunları etmək lazımdır.

Diqqət tələb edən digər bir məqam səsin, avazın normalarına riayət edilməsidir. Əlbəttə ki, ərəb dilinin, Quranın səs tonu bizim camaatımıza, bizim Quran oxuyanlarımıza yaddır, onlar üçün doğma olan bir tonallıq deyil. Görürsünüz ki, bizimkilərdən biri farsca şeir oxuyanda bunu özünə uyğun səs tonu ilə edir. Həmin şəxs ərəbcə bir şeir oxumaq, yaxud bir cümlə demək istəsə, ola bilsin ki, münasib səs tonunu seçə bilməz. Çünki bu tonallıqlar bizə yaddır, tanış, doğma olan səs tonları deyil. Farslara xas səs tonları, ahənglər deyil. Lakin Qurana xas olan səs tonları, avazlar Quranla, tilavətlə məşğul olanlar arasında tez-tez təkrarlandığına görə yavaş-yavaş doğmalaşıb, insanlara tanış gəlir. Bu səs tonlarını düzgün ifadə etmək lazımdır. Bəzən eşidirəm ki, Quran tilavət edən bir şəxsin çox gözəl, ürəyəyatan səsi var, səsi həm gözəldir, həm güclüdür, həm uzanması, həm bir tondan digərinə keçidləri əladır, ayələri oxuyur, amma avazın normalarına riayət etmir. Ayənin səs tonuna, yəni tilavətinizin əsasını təşkil edən ahəng sisteminə diqqət yetirmək, bu normalara riayət etmək lazımdır. Siz Quranı adi qaydada oxumursunuz, avazla oxuyursunuz. Mənim bəzi təkallahlı dinlərdə və hətta təkallahlı olmayan dinlərdə müşahidə etdiyim qədər, demək olar ki, bütün dinlərdə müqəddəs mətnləri avazla oxuyurlar. Mən bunun yaxından şahidi olmuşam. Odur ki Quranı da müəyyən ahənglə oxuyuruqsa, bu ahəng düzgün ifa olunmalıdır, bu avaz öz normalarına uyğun şəkildə qurulmalıdır. Əgər buna riyaət olunmazsa, sözsüz ki, o istədiyiniz təsiri göstərməyəcək; bəzən hətta əks təsir göstərəcək.

Bir şeyi də deyim: siz – bu gün bura təşrif gətirmiş insanlar, demək olar ki, hamınız qaresiniz. Ərəb qarelər – misirlilər və başqaları arasında geniş yayılmış, oradan da bizim ölkəmizdə əks olunmuş hallardan biri də nəfəsin böyük həcmdə olmasına  əhəmiyyət verməkdir. Bunun səbəbi mənə aydın deyil. Nəfəsimizi buraxmaq istədiyimiz üçün Quranın kəlmələrini, bəzən də ayələri bir-birinə bitişdirməyimizə heç bir lüzum yoxdur. Məncə,  buna qətiyyən ehtiyac yoxdur. Bəzən ayənin mənasını çatdırmaq üçün onu birnəfəsə oxumaq lazım olur. Belə məqamlarda qoy olsun, etsinlər; yoxsa tilavətin gözəlliyinin, təsirliliyinin heç bir vəchlə nəfəsin həcmi ilə bağlılığı yoxdur. Hazırda bəzi misirli qarelər nəfəslərinin geniş olması ilə tanınırlar, bu, onlar üçün hünər hesab olunur. Dinləyənlər də onlar nəfəslərini bir az artıq uzadan kimi avamcasına həvəslənib “Allah, Allah!” deyirlər. Məncə, bunu edən qare də səhvə yol verir, onu alqışlayan dinləyicilər də. Misirin gözəl, tanınmış qareləri arasında elələri var ki, nəfəslərinin həcmi kiçik olduğuna baxmayaraq, oxumaqları da yaxşıdır, auditoriyaya da çox güclü təsir göstərirlər; o cümlədən Əbdülfəttah Şəşəi. Özünüz bilirsiniz,  nəfəsi o qədər də geniş deyil, amma ən yaxşı və təsirli tilavətlər bu insandan eşidilir; Uca Yaradan ona da, bütün digər Quran qarelərinə də Öz rəhmət və bağışlamasını nəsib etsin, inşallah. Odur ki mən xahiş edirəm ki, qarelərimiz nəfəs məsələsində özlərini əziyyətə salmasınlar. Eynilə təkrarlama da; kəlmə və ayələri bir-birinin dalınca dönə-dönə təkrar etməyə heç bir lüzum yoxdur.

Vaxtımız sona çatdığı üçün – deyəsən, azan vermək istəyirlər – bircə şeyi də qeyd edim: xahiş edirəm, Quran oxuyanları təşviq edib: “Allah, Allah!” – deyərkən də hədd gözlənilsin; hansı ki bu da ərəblərdən gəlmə bir şeydir. Bəziləri qare Quran oxumağa başlayan kimi, onun arxasınca: “Allah” – deyə oxumağa başlayırlar; elə bil, qayda belədir ki, onun oxusunun ardınca hökmən bu tərəf “Allah” deməlidir! Buna qətiyyən lüzum yoxdur. Biri var ki, tilavət sizə güclü təsir göstərir, həddən artıq gözəl və ya təsirli oxunur və  siz qeyri-ixtiyari olaraq onu alqışlamaq, təşviq etmək istəyirsiniz; Quranın alqışı da – ərəblər arasında qəbul olunmuş qaydaya görə – “Allah, Allah” deməkdir (əlbəttə ki, onlarda bu təkcə Qurana aid deyil. Adi bir mahnı da oxunanda “Allah, Allah” deyirlər). Bunun bir eybi yoxdur, amma qare oxumağa başlayan kimi, biz də buradan “Allah, Allah” deməyə başlayaq – buna heç bir lüzum yoxdur. Mən xahiş edirəm, siz özünüz də iştirak etdiyiniz, başçılıq etdiyiniz məclislərdə insalara tapşırın ki, “Allah, Allah”  deməkdə ifrata yol verməsinlər. O yerdə ki qare, doğrudan da, çox yaxşı, gözəl oxuyur, eybi yoxdur, qoy təşviq etsinlər. Amma başlayan kimi bunu etmək – belə ki elə “Əuzu billəhi minəş-şeytanir-rəcim” deyəndə insan gözləyir ki, indi “Allahu əkbər” deyəcəklər – bu, düzgün deyil.

Ümidvaram, Allah-taala sizin hamınızı Quranla məhşur edəcək, dünya və axirətinizi Quranın bərəkəti ilə abad edəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1) Bu görüş ramazan ayının ilk günü baş tutmuşdur. Ali Məqamlı Rəhbərin çıxışından öncə qarelərdən bir neçəsi Quran tilavət etmiş,  xor qrupları Allah-taalanın həmd-sənasına surudlar oxumuşlar.