Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İİR Ordusunun hərbi akademiyalarının buraxılış mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əziz gənclər, sizi təbrik edirəm. Sizin İran İslam Respublikası Ordusunun hərbi akademiyalarında aldığınız uğurlu təhsilin mükafatı İmam Zaman (ə.f) ordusunun zabiti olmaq kimi qürurverici bir məqama nail olmağınızdır. Eyni zamanda hərbi rütbə paqonlarını alaraq bu yola qədəm qoyan gənclərimizi də bu münasibətlə təbrik edirəm. Bu gün Orduda, Keşikçi Korpusda və bütövlükdə silahlı qüvvələrdə xidmət edən gənc zabitlərimizin simaları İslam Respublikasındakı gənclik əhval-ruhiyyəsindən, ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

Bu günlər Qurban və Qədir-Xum bayramları qeyd olunur, lakin dövrün, bu günün cahilləri Minada baş verən qanlı olaylarla bayramımızı yasa döndərdilər. Ümidvarıq ki, Uca Yaradan İran xalqından və digər müsəlman xalqlarından bu fədakarlıqları, bu qurbanları qəbul edəcək və İslam ümmətinin qarşısındakı üfüqlər, inşallah, günü-gündən daha da aydınlaşacaq.

İİR Ordusunun sıralarında xidmət edən siz əziz gənclər haqda deyiləsi sözlər çoxdur. Qısaca olaraq onu deyim ki, hər bir silahlı qüvvə üçün mühüm olan əsas xüsusiyyətlər iman, şücaət və elmdən ibarətdir. Bu 3 element hər bir silahlı qüvvənin mahiyyətinin formalaşmasında olduqca əhəmiyyətli olan elementlər sırasına daxildir.  Şücaət olmasa, istənilən silahlı qüvvə təhlükə anında öhdəsinə düşən vəzifəni yerinə yetirməz; yəni buna qadir olmaz. İman olmadıqda isə hərbçilərdə zəif olanı əzib məhv etmək psixologiyası yaranır. Özünüz də görürsünüz, yeni hərbi texnologiyalar onları istifadəyə verənlərin özləri üçün heç bir təhlükə törətmir; təyyarəyə minib, gedib heç bir pənah yeri olmayan Yəmən xalqını bombalayır, bazarları, məscidləri, toy və yas məclislərini, camaatın iş yerlərini raket atəşinə tuturlar; yəni iman əhval-ruhiyyəsi, iman psixologiyası yoxdursa, Allaha inam yoxdursa, insan üçün fərqi olmur ki, öz ölüm saçan, qanlar axıdan hərbi texnikasını kimin başına tökür, onun vasitəsi ilə kimə qarşı döyüşür. Təhlükəli meydanlarda, o yerdə ki, bir insan kimi varlığını, kimliyini nümayiş etdirmək lazımdır, o yerdə yoxdurlar, amma məzlumlara, pənahsızlara, silahsız əhaliyə qarşı döyüşməkdə şücaətlidirlər. O yerdə ki, öz gücünü göstərmək lazımdır, orada yoxdurlar, amma o yerdə ki qarşı tərəf müdafiəsiz biridir, təyyarələrin, raketlərin və sair ölüm saçan texnikalarının köməyi ilə şücaətdən, qəhrəmanlıqdan dəm vururlar! Elə buna görə də biz atom bombası, kimyəvi silah kimi kütləvi qırğın silahlarının hamısının əleyhinəyik; hansınısa ayırıb-seçmək mümkün deyil. Çoxları bilir ki, müharibələrdə Əmirəl-möminin (ə) hətta qarşı tərəfin gələcək həyatını nəzərə alaraq qılıncını yerə endirirmiş də; hesab-kitabla davranırmış. İman olmayanda, şücaət olmayanda isə o cür olur. Elm olmasa, Şeytanın silahının qarşısında insanın əlindəki silahlar kəsərdən düşür. Bunlar hamısı lazımdır. Sizlər gəncsiniz, bizim gözümüzün işığısınız, gələcək də sizindir, bu ölkə də sizindir, bu əsas elementləri bacardığınız qədər özünüzdə gücləndirin; imanınızı, şücaətinizi, tədqiqat işlərində təşəbbüskarlığınızı, elmi bilikləri mənimsəmək, elmi axtarışlar aparmaq həvəsinizi gücləndirin. Bu ordu da sizindir; sabah-birigün bu möhtəşəm gəminin kapitanı siz olacaqsınız; hərəniz bir sferada, bir yerdə.

Akademiyanın çox hörmətli rektoru bu gün meydandakı birləşmələrə komandanlıq etdi, onun etdiyi məruzə, verdiyi məlumatlar da çox gözəl idi. Mən başqa kanallar vasitəsilə də müəyyən məlumatlar almışdım. Sevindirici haldır ki, Ordunun 6 hərbi akademiyası çox gözəl işlər həyata keçirib, uğurlu fəaliyyətlərə imza atıb. Bütün bunlar insanı sevindirir, amma əldə edilmiş nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Axtarışçı bir gözlə – mən sözümü möhtərəm Ordu rəsmilərinə ünvanlayıram – tükü-tükdən seçən, dəqiq bir nəzərlə nöqsanları, problemləri, çatışmazlıqları tapıb üzə çıxararaq bu akademiyaları arzulanan, yüksək bir səviyyəyə qaldırın, onlarda təhsil almaqla özünü gələcək üçün hazırlayan əziz gəncləri bacardığınız qədər imana, mənəviyyata, elmi biliklərə və ali hisslərə kökləyin.

Bu gün İslam Respublikasının həm aktiv hərbi əməliyyatlar, həm də soyuq müharibə üçün lazım olan texnika və texnologiyalara ehtiyacı var. Şeytanların hakimiyyəti altında yaşamağa məhkum olmuş, başında maddiyyatı, şəhvəti, pulu, maddi imkanları əsas bilənlərin durduğu bir dünya öz Yaradanının, Allahının axtarışında olan insanlar üçün təhlükəli bir aləmdir. Onlar daim hazır, hər cəhətdən təmin və təchiz olunmuş vəziyyətdə olmalıdırlar. Əgər İran İslam Respublikası və qəhrəman, inqilabçı İran xalqı dünyanın qəsbkar dövlətlərinin onları özlərində, öz sistemlərində həll etməsinə icazə versəydi, yəni əgər özünün əsl mahiyyətinə, kimliyinə, əsas qayəsinə əhəmiyyət verməyib, onu üzə çıxarmaq fikrində olmasaydı, düşmənçiliyə məruz qalmazdı. Zalımlar, hegemonlar hər kəsin onlara tabe olmasını istəyir. Kimsə onlara boyun əymək istəmədikdə düşmənçilik başlayır; hazır olmaq lazımdır.

Siz Silahlı Qüvvələrin hazırlığı – istər Ordu olsun, Keşikçi Korpus olsun, Bəsic olsun, istərsə də Silahlı Qüvvələrin digər birləşmələri – təkcə o demək deyil ki, döyüşdə düşmənə qalib gələsiniz. Bu hazırlığın digər bir mənası ölkəni düşmənlərin pis niyyətindən toxunulmaz vəziyyətdə qoruyub saxlamaqdır. Siz hazırlıqlı, hərtərəfli təchiz olunmuş vəziyyətdə, iman və elmlə silahlanmış, fədakarlığa hazır olsanız, bədxah düşmən sizə tərəf bir addım belə olsun atmağa cürət etməz. Doğrudur, təhdid edirlər, dildə nələrsə deyirlər, amma İran xalqı inqilabın qələbə çaldığı son 40 ilə yaxın dövr ərzində güclü, qüdrətli olduğunu, öz kimliyi, mahiyyəti olduğunu, müqavimət göstərə bildiyini nümayiş etdirib; bunun bir nümünəsi də 8 illik Müqəddəs Müdafiədir.

Əziz gənclər, siz Müqəddəs Müdafiə dövründə baş vermiş hadisələr haqda qocaman hərbçilərdən mütləq öyrənin. Gedin döyüş məntəqələrini görün, o zaman həyata keçirilmiş döyüş əməliyyatlarının planlarını, qəhrəmanlıq ruhu ilə dolu, fədakar işləri bir hərbçi gözü ilə diqqətlə nəzərdən keçirin. Görün nələr olub, nələr baş verib? Müqəddəs Müdafiə dövründə İran xalqı özünə əbədi bir nüfuz qazanıb. Deməli, Silahlı Qüvvələrin güc-qüdrəti eyni zamanda düşmənləri çəkindirir də.

Bu gün dünyada əlində hər cür elmi nailiyyətləri və təbliğat imkanları olan nəhəng sərmayədarlar, böyük kompaniyalar, Yer üzünü çapıb-talayan, öz hakimiyyətini bərqərar etməyə çalışan qüvvələr hökmranlıq edir və dünya siyasətini zor gücünə istədiyi kimi yönəldir. Müqavimət göstərmək istəyən hər bir suveren xalq bunların düşmənçiliyi ilə üzləşir. Bəzi ölkələr müqavimət göstərir, az sayda olan bəzi ölkələr duruş gətirir, buna gücləri çatır, bəzilərinin isə duruş gətirməyə taqəti çatmır. İran İslam dövləti güclü və dözümlü olduğunu, gözüaçıq, hər şeydən xəbərdar olduğunu, özünə, öz kimliyinə, eləcə də bütün bəşəriyyətə hörmətlə yanaşdığını nümayiş edib.  İmperializmə müqavimət göstərmək elə bəşəriyyətə hörmətlə yanaşmaq deməkdir; bütün xalqlara və insanlara hörmət qoymaq deməkdir. Əlbəttə ki, diş qıcayırlar, amma mömin insanların möhkəm yumruğu onları geri çəkilməyə məcbur edə bilər. Həmişə belə olub, bundan sonra da elə belə olacaq.

Minada baş vermiş son hadisələrlə bağlı da bir-iki cümlə deyək. Bu hadisə bizim üçün iki cəhətdən matəm oldu, müsibət oldu: birincisi, özümüzün məzlumcasına və çoxu susuz halda dünyadan getmiş yüzlərlə əziz zəvvarımızın itkisinə görə; həcc ziyarətindən dönəcək əzizlərini bağrına basacağını sevinclə gözləyən ailələr indi onların cənazəsi ilə üzləşməlidir; bu, böyük bir müsibətdir. Ölənlərimizin sayı hələ də dəqiq məlum deyil, bir neçə yüz nəfərə də çata bilər.  Bu hadisənin xalqımızı sözün həqiqi mənasında yasa boğmasının birinci səbəbi budur.

İkincisi isə bütövlükdə İslam dünyasına görə; bizə çatan məlumata görə, bu hadisədə İslam dünyasının müxtəlif ölkələrindən 5 mindən artıq insan dünyasını dəyişib. Həcc təhlükəsizliyin məkanıdır:

وَ اِذ جَعَلنَا البَیتَ مَثابَةً لِلنّاسِ وَ اَمنا

Quran deyir: “Biz Kəbə evini müsəlman ümmətinin üz tutacağı, bir yerə toplaşacağı təhlükəsiz bir yer etdik”;(1) təhlükəsiz olmalıdır. Bəs hanı təhlükəsizlik? Belə təhlükəsizlik olar ki, həcc ayinlərini yerinə yetirdikləri yerdə insanların canına zülm ilə əl uzadıla?

Araşdırma aparılmalıdır; mən bu hadisə ilə bağlı vaxtından əvvəl mühakimə yürütmək istəmirəm, lakin İslam dünyasından, o cümlədən elə bizim öz ölkəmizdən, mütləq, kimlərsə ora getməli, vəziyyətlə yaxından tanış olmalı, araşdırma aparmalı, hadisənin hansı səbəbdən baş verdiyi müəyyən olunmalıdır; buna söz yox. Söhbət bir qrup yaralı insan qarşısında hər bir dövlətin, hər bir xalqın, hər bir həkimin, hər bir tibb işçisinin, qəlbi olan hər bir sağlam mənəviyyatlı insanın öhdəsinə düşən vəzifələrdən gedir; bu vəzifələri yerinə yetirməyiblər. Xəstəxanada, soyuducu kameralarda, səhrada xəstələrin qeydinə qalmayıblar, biçarə, susuz insanların qeydinə qalan olmayıb. Hələ bu gün də onların pak nəşinin ölkələrinə qaytarılmasında problemlər var. Rəsmilərimiz bu məsələnin üzərində işləyir, səy göstərir, əllərindən gələni edirlər. Bu işlər, bu səylər davam etdirilməlidir, intəhası Ərəbistan dövlətinin rəsmiləri öhdələrinə düşən məsuliyyəti yerinə yetirmir, bəzi hallarda hətta əksinə – vəzifələri olanın tam tərsini edir, çətinliklər yaradırlar.

Əgər bizim ölkəmiz və xalqımız  onun vətəndaşları üçün qəsdən çətinlik yaradan ünsürlərə təpki vermək istəsə, onların vəziyyəti yaxşı olmayacaq. İndiyə qədər biz təmkinlə davranmışıq, bir çox olaylarda özümüzü saxlamışıq. İran İslam dövlətinin əli çoxlarından uzun, imkan və bacarığımız çoxlarından artıqdır. Onlar bilirlər ki, İran İslam Respublikası ilə heç bir arenada qarşı-qarşıya gəlib mübarizə apara bilməzlər. Biz İslam əxlaqına riayət etmişik, müsəlman qardaşlığının hörmətini gözləmişik. Biz hər an təpki göstərə bilərik və əgər bunu etmək lazım olsa, reaksiyamız ağır da olacaq, sərt də.

İran xalqını sınayıb görüblər; 8 illik savaş dövründə bütün bunlar – bu sağda-solda olanlar – eləcə də bütün şərq və qərb dövlətləri murdar və korrupsioner bir ünsürü himayə etdilər, dəstəklədilər, hamısı da payını aldı. O ünsür özü də payını aldı, ardınca onu dəstəkləyənlərin hamısı da. İranı tanıyıblar; yox əgər tanımayıblarsa da, indi tanısınlar.

Bu gün bizim onminlərlə əzizimiz hələ Məkkə və Mədinədədir, həcc ayinlərini yerinə yetirirlər. Onlara qarşı yol veriləcək azacıq hörmətsizliyə dərhal reaksiya veriləcək; həcc ziyarəti zamanı həlak olmuş əziz vətəndaşlarımızın pak cəsədlərinə münasibətdə yol verilən səhlənkarlığa təpki veriləcək. Diqqətli olsunlar və öhdələrinə düşən vəzifələri yerinə yetirsinlər. Əlbəttə ki, bununla da iş bitmir, məsələnin kökünü araşdırmaq lazımdır.  İslam Respublikası zalım deyil, amma zülmə razılaşan da deyil. Biz heç kəsə zülm etmərik, amma heç kəsin də zülmünü qəbul etmərik. Biz insanların – istər müsəlmanlar olsun, istərsə də qeyri-müsəlmanlar – haqqını tanıyırıq. İnsanların haqqını tanıyırıq və o haqqa əl uzatmarıq, amma əgər kimsə İran xalqının və İslam Respublikasının haqqına əl uzadarsa, onunla necə rəftar edəcəyimizi bilirik; sərt mövqe seçəcəyik. Əlhəmdulillah, buna imkanımız da var; İran xalqı qüdrətli bir xalqdır, İslam Respublikası özünü təsdiq etmiş, sarsılmaz bir qüvvədir və biz özümüzü müdafiə etmək iqtidarındayıq.

Əziz gənclər, bilin ki, öz şərəfini, böyüklüyünü, müsəlman-iranlı kimliyini ifadə etmək meydanı şücaət, fədakarlıq, elm, dərin iman tələb edən bir meydandır. Özünüzü buna hazırlayın. Bu sözüm bütün gənclərə ünvanlanır, amma silahlı qüvvələrin sıralarında xidmət edən siz əzizlərimə müəyyən cəhətdən daha çox aiddir. Özünüzü hazırlamalısınız. Bayaq oxuduğunuz şeirdə də deyildiyi kimi, sözün həqiqi mənasında " حِصن " –  sığınacaq olmalısınız; o şeirdə qeyd etdiniz ki, silahlı qüvvələr sığınacaqdır, ölkənin və xalqın sığındığı səddir. Ölkə və xalq üçün sözün əsl mənasında onları qoruyacaq bir sədd olun.

Pərvərdigara! Öz rəhmətini, hidayətini, lütfünü bütün İran xalqına, bütün gənclərimizə, bu əziz gənclərə və bütün silahlı qüvvələrə nazil et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________________
(1) “Bəqərə” surəsi, 125-ci ayə