Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin (r.ə) vəfatının 27-ci ildönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّةالله فی الارضین

Dahi İmam Xomeyninin (r.ə) əziz xatirəsini anmaq məqsədi ilə təşkil olunmuş bu toplantı çox böyük və möhtəşəmdir; ökənin digər bölgələrində də İmamın xatirəsinə və ona bəslənən sevgiyə xatir buna bənzər yığıncaqlar təşkil olunub. 

Bərəkətli şəban ayının son günlərini yaşayırıq. Böyük ehtimalla, dahi İmam (r.ə) bu ayın mənəvi bərəkətindən çox istifadə etmişdir. Sübutlar onu göstərir ki, o nurlu qəlb bu ayın xeyir-bərəkəti sayəsində öz nuraniliyini daha da artırırmış. İmam (r.ə) tez-tez öz çıxışlarında “Şəbaniyyə münacatı” duasının bu məşhur fraqmentini təkrar edərdi:(1)

اِلهی هَب لی کَمالَ الاِنقِطاعِ اِلیکَ وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِیآءِ نَظَرِها اِلَیک

Müxtəlif toplantılarda etdiyi çıxışlarında duanın bu hissəsini çox oxuyardı. Bu onu göstərir ki, o böyük insan bu bərəkətli günlərlə, bu münacatla, bu mənalarla sıx ünsiyyətdə olmuşdur. Bir dəfə mən də ondan dualar haqqında soruşanda oxunmasına həddən artıq təkid etdiyi, üstünlük verdiyi dualardan biri elə “Şəbaniyyə münacatı” oldu. Bu duanın mühüm fraqmentlərindən biri də budur:(2)

اِلهی هَب لی قَلباً یُدنیهِ مِنکَ شُوقُه، وَ لِسانًا یُرفَعُ اِلَیکَ صِدقُه، وَ نَظَراً یُقَرِّبُهُ مِنکَ حَقُّه

İlahi dərgaha yaxınlaşmaq üçün şövqlə dolu bir ürək, doğruculluğu, düzünü deməyi ilə sahibinin Uca Yaradana yaxınlaşmasına səbəb olan doğrucul dil, insanın Allah-taalaya daha da yaxınlaşmasına səbəb olan haqqı görən baxış, haqqı axtaran yanaşma. Bu mübarək duada Allah-taaladan bu xüsusiyyətlər istənilir; bunlar bizim üçün bir dərsdir. Dahi İmam (r.ə) bu ibrətverici dərslərlə ünsiyyətdə olaraq ömür sürmüş bir şəxs idi. Uca Yaradan haqq və həqiqətin dərəcələri ilə tanışlığının, ilahi dərgaha yaxınlığının bərəkəti sayəsində ona bu böyük və qalıcı hərəkatı həyata keçirmək üçün bu güc-qüvvəti nəsib etmişdi.

Dahi İmam (r.ə) haqqında danışmaq istəyiriksə, böyük liderimiz mərhum İmam Xomeyni haqda daha az işlədilmiş, daha az istifadə olunmuş təyinlərdən biri özündə kompleks bir mənanı ehtiva edən bir ifadədir ki, mən onu bu şəkildə formulə edərdim: mömin, itaətkar və ibadətkar bir inqilabçı. İmamın (r.ə) şəxsiyyəti haqda danışarkən adətən biz onu bir çox xüsusiyyətlərlə, bir sıra təyinlərlə səciyyələndiririk, amma bu qeyd etdiyim təyin – hansı ki biz İmamı bu xüsusiyyətləri ilə çox az yad etmişik – kompleks məna daşıyır; mömindir, ibadətkardır, inqilabçıdır. Mömindir – yəni Allah-taalaya, qarşıya qoyduğu hədəfə, onu bu hədəfə çatdıracaq yola və xalqa inanır:

یُؤمِنُ بِاللهِ وَ یُؤمِنُ لِلمُؤمِنین

“...Allaha da inanır, möminlərə də...” (“Tövbə” surəsi, 61-ci ayədən)

Qurani-Kərimdə Həzrət Peyğəmbər (s) haqqında da bu təbirdən istifadə olunmuşdur: Peyğəmbər (s) Allaha, öz hədəfinə, öz prinsiplərinə və xalqına dərin inam bəsləmişdir.

İkincisi ibadətkardır, itaətkardır, yəni Allahın qarşısında özünü, həqiqətən də, bir qul, bəndə olaraq görür. Bu da olduqca mühüm keyfiyyətdir. Diqqət etsəniz, görərsiniz ki, Allah-taala Qurani-Kərimdə Həzrət Peyğəmbəri (s) bir sıra xüsusiyyətlərlə mədh etmişdir:

وَ اِنَّکَ لَعَلَی‌ٰ خُلُقٍ عَظیم

 “Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (“Qələm” surəsi, 4-cü ayə) 

فَبِما رَحمَةٍ مِنَ اللهِ لِنتَ لَهُم

 “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin.” (“Ali-İmran” surəsi, 159-cu ayədən)

Bunlardan başqa bir çox ifadələr də var ki, onların hər biri Həzrət Peyğəmbərin (s) bir sıra özəlliklərini bizə açıqlayır, tanıdır. Ancaq bizə hər gün namazlarımızda Həzrət Peyğəmbərin (s) bir xüsusiyyətini təkrar etmək əmr olunmuşdur: “şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi və rəsuludur”; bu, bəndəliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Bəndə olmaq, Allaha itaət etmək o qədər önəmli bir xüsusiyyətdir ki, Uca Yaradan müsəlmanlara hər gün namazlarında bunu təkrar etməyi əmr etmişdir. İmam  Xomeyni də bu özəlliyə sahib idi; bəndəlik sifətinə malik idi; Allah qarşısında təvazökarlıq göstərən, acizanə halda dua edən, yalvaran, itaətkar bir mömin idi.

Üçüncü xüsusiyyətə – yəni “mömin və itaətkar bir inqilabçı” ifadəsindəki inqilabçılıq xüsusiyyətinə gəlincə mən bunun üzərində özəlliklə dayanaraq bu haqda daha ətraflı danışmaq istəyirəm. İmam (r.ə) inqilabın imamı, inqilabın lideri idi.

“İnqilab” özündə saysız-hesabsız həqiqətlər gizlədən bir sözdür. “İnqilabın imamı” o deməkdir ki, bu insan inqilab məfhumunun özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin, bütün prinsiplərin  öndəridir. Materialist güclərin də İmama qarşı həmişə qəzəbli, aqresiv olmasının səbəbi – sözsüz ki, ondan qorxurdular da – daha çox elə onun bu xüsusiyyəti idi: inqilabçı olması. Onun bu xüsusiyyətinə düşmən idilər. Elə günü bu gün də İran xalqının düşmənləri onun bu xüsusiyyətinə – inqilabçılığına, inqilaba sadiq və bağlı olmasına ədavət bəsləyir, buna görə düşmənçilik edirlər. Xüsusilə də materialist güclər inqilab sözündən dəhşət hissi keçirirlər; “İslam İnqilabı” ifadəsi onlarda vahimə, qorxu yaradır. Göstərdikləri cürbəcür təzyiqlər də buna görədir – inqilabçılığa görə; az sonra “inqilabçı” sözünün hansı məna, məfhum və yanaşmaları ehtiva etdiyi barədə ətraflı danışacağam; qorxmaqda haqlıdırlar da. Sözsüz ki, yersiz səbəblərlə – bəzən nüvə məsələsi, bəzən də insan hüquqları kimi bəhanələrlə müxtəlif təzyiqlər göstərirlər, amma məsələnin əsl mahiyyəti bundan ibarətdir ki, İran xalqının və İran İslam Respublikasının düşmənləri bu inqilabçı ruhiyyədən qorxurlar, bundan narahatdırlar. Elə bu yaxınlarda – bir neçə ay bundan əvvəl – Amerika siyasətçilərindən biri demişdi ki, İrana İslam İnqilabına görə sanksiyalar tətbiq olunur; sanksiyaların səbəbi əslində 1979 - cu – yəni 1357 -ci il inqilabıdır! Bu, bir reallıqdır.

Bəs bunun səbəbi nədir? Nəyə görə onlar inqilabın əleyhinədirlər? Səbəbi odur ki, bu böyüklükdə, bu genişlikdə bir ölkə, həm təbii, həm də insan resursları olan bu qədər bərəkətli, bu qədər varlı bir diyar bir vaxtlar tamamən onların – Amerikanın ixtiyarında idi. Baş vermiş inqilab onları bu ölkədən çölə atdı; onların inqilaba qarşı olan düşmənçiliyi bax buna görədir; inqilab onları ölkədən qovub. Bundan əlavə, bu inqilab başqa xalqlar üçün də ilhamverici örnəyə çevrilib. Xalqımız tərəfindən həyata keçirilmiş və davam etdirilən İran İslam İnqilabı başqa millətlərin də ruhlanmasına səbəb olur; hansı ki bu da özü-özlüyündə çoxlu dəlil-sübutu olan geniş bir mövzudur.

Bizim inqilabçı İmamımız (r.ə) ölkəni bataqlıqdan çəkib çıxardı; inqilab vasitəsi ilə ölkəni bir çox girdablardan xilas etdi. İnqilabdan öncəki dövrün şahidi olmamış, o zaman nələrin baş verdiyini bilməyən əziz gənclərimiz düzgün diqqət edərək bilməlidirlər ki, əsas məsələ, məsələnin mahiyyəti bundan ibarətdir. Əgər hansısa xalq özünün əsas məsələsinin nədən ibarət olduğunu bilməzsə, sözsüz ki, nəticə etibarilə yolunu azacaq. Əsas məsələ İslam İnqilabının yetişərək ölkəni bu bataqlıqlardan xilas etməsi idi: xaricdən asılılıq, gerilik bataqlığından, siyasi korrupsiya, əxlaqsızlıq, beynəlxalq aləmdə həqarət bataqlığından. O vaxtlar biz bu problemlərlə üz-üzəydik; həm asılı idik, həm təhqir olunurduq, həm də inkişafdan geridə qalmışdıq, qəsdən geridə saxlanırdıq. İqtisadiyyatda, elm və texnologiyada, beynəlxalq arenada iştirakda – hər sahədə geridə saxlanırdıq. Bütün bunların qarşılığında da başımızın üzərində Amerika və İngiltərənin ağalığı hökm sürürdü. O zamanlar biz hazırda ixrac etdiyimiz neftin 4 qat artığını ixrac edirdik, ölkə əhalisinin sayı da indikinin yarısından da az idi, amma bununla belə, ölkənin bir çox bölgələri dövlətin öhdəsinə düşən kommunal xidmətlərdən məhrum idi. Ölkə yoxsulluq və gerilik girdabında çabalayırdı; əxlaqsızlıq çirkabında boğulurdu. Ölkənin bütün infrastrukturunda – yol, su, elektrik, qaz, məktəb, universitet, bələdiyyə xidmətləri – hər sahədə vəziyyət acınacaqlı idi, geriliyə, yoxsulluğa düçar olmuşduq. Ölkənin təbii sərvətlərini yadların ixtiyarına vermişdilər, hakim dairələr bundan gələn gəlir hesabına yaxşı yaşayırdı, camaatı isə cürbəcür yalanlarla, yaxud zor gücünə susmağa məcbur edirdilər; lakin insanların ürəyi dolu idi, reallıqları görürdülər və bunun nəticəsi olaraq da inqilabı hərəkətə gətirən o dahi İmamın (r.ə) ilahi fəryadının, rəbbani çağırışının arxasınca getdilər. 

Dahi İmamımız (r.ə) ölkənin hərəkət kursunu dəyişdi və böyük bir çevriliş baş verdi; İmam (r.ə) İran xalqının yolunu, relsini dəyişdi və bizi ali hədəflərə doğru yönəltdi. İnqilab rəhbərinin və inqilabi ideyaların bizi – İran ictimaiyyətini yönəltdiyi bu hədəflər olduqca böyük əhəmiyyətə malikdir. Bu hədəflər Allahın dininin hakimiyyətində xülasələnir. Allahın dininin hakimiyyətdə olması ictimai ədalətin sözün həqiqi mənasında təmin olunması, yoxsulluq, cəhalət və zülmün kökünün kəsilməsi anlamındadır; Allahın dininin hakimiyyəti islami dəyərlər sisteminin bərqərar edilməsi, sosial bəlaların yox edilməsi, vətəndaşların fiziki, psixoloji, əxlaqi sağlamlığının, ölkənin elmi inkişafının, İran insanının milli qürur və heysiyyətinin, ölkənin beynəlxalq arenada güc və iqtidarının təmin edilməsi, Allah-taalanın bu ölkəyə bəxş etdiyi potensialların fəallaşdırılması deməkdir. Bütün bunlar Allah-taalanın göndərdiyi dinin hakimiyyətində öz əksini tapır və dahi liderimiz də bizi bu istiqamətə – şah diktaturasının çəkib apardığı yolun tam əksinə yönəltdi.

Ölkəmizin müsəlman toplumunun qatarı inqilabın bərəkəti sayəsində həmin hədəflərə yönəldi. Bunlar asanlıqla əldə edilməyən, zaman və zəhmət tələb edən hədəflər olsa da, əlçatandır, bir şərtlə ki, qatar elə həmin relslər üzərində – inqilab yolunda hərəkət edərək irəliləsin. İmam (r.ə) yolu, meyar və nişanları bizə göstərdi, hədəfləri bizim üçün müəyyənləşdirdi və elə özü də bu hərəkata start verdi. İndiyə kimi bizim saysız-hesabsız uğurlar qazanmağımızın səbəbi inqilab yolunda addımlamağımızdır, ancaq yenə də o ali hədəflərin çoxuna çatmağımıza hələ var. Sözsüz ki, o hədəflərə çatmaq mümkündür, şərti də budur ki, qatar yolunu dəyişməsin, elə həmin relslər üzərində hərəkət etsin; İmamın (r.ə) müsəlman toplumunun qatarını hərəkətə gətirdiyi relslər üzərində irəliləsin. İmamın (r.ə) vəfatından sonra biz harda inqilabi ruhiyyə ilə addımlayıb həmin yolda irəliləmişiksə, nəticə əldə etmişik, harda ki bu psixologiya və cihad ruhiyyəsindən məhrum olmuşuq, inkişafdan geri qalmışıq, planlarımız yarımçıq qalıb; bu, bir reallıqdır. Bu illər ərzində mən özüm də vəzifə postlarında olmuşam və əgər bu məsələlərdə hansısa nöqsana, səhlənkarlığa yol verilibsə, bunda mənim də məsuliyyətim var. Həmin relslər üzərində inqilabçı düşüncə ilə, cihad əzmi ilə hərəkət etdikdə irəliləmişik, diqqətsizlik göstərdiyimiz, səhlənkarlıq etdiyimiz yerlərdə isə geri qalmışıq. Biz hədəflərimizə çata bilərik, bir şərtlə ki, inqilabçı kimi davranaq, inqilabçı düşüncə ilə irəliləyək.

Mənim bu sözlərim hazırkı və gələcək nəsllərə ünvanlanır; mən hamıya – rəsmilərə, siyasi, mədəni, ictimai sferalardakı fəallara, universitet və teoloji mərkəzlərin tələbələrinə, incəsənət adamlarına, sənətkarlara, kəndlərdə və şəhərlərdə yaşayan insanlara müraciət edirəm: hamı bilməlidir ki, bu yolu inqilabi üslubla getmək mümkündür və belə olduğu zaman inkişaf mütləqdir. Başqa yolla da addımlamaq mümükündür, amma o zaman artıq ölkənin taleyi acınacaqlı olacaq. İmamın (r.ə) çox işlətdiyi, bir çox yerlərdə təkrar etdiyi bir ifadə vardı: “İslama sillə dəyəcək”. Əgər istiqamətimizi dəyişsək, İran xalqına sillə dəyəcək, eyni zamanda İslam dininə də zərbə dəymiş olacaq. Bu fikir hələ də qüvvədədir; bu haqda danışılası və lazımlı sözlər çoxdur.

Diqqətlə dinləyin, mən yaranmış bu fürsətdən istifadə edərək sizə və ümumilikdə İran xalqına fikrimi çatdırım. Mənim əzizlərim! Bu inqilab ölkəmizə, xalqımızın hər bir nümayəndəsinə məxsus olan üstün, özünəməxsus bir sərmayədir. Bu inqilab bizə çox şeylərin bahasına başa gəlib, çox ağır itkilərimiz olub, amma bu itkilərin əvəzində yüz dəfə artıq mənfəət də əldə etmişik; İslam İnqilabı xalqımız üçün gəlirli bir ticarət olub. 8 illik müharibə itki idi, inqilab əleyhinə olan iğtişaşlar itki idi, sanksiyalar itki idi – bütün bunlar inqilabın itkiləri, xərcləridir – amma bu yolda bu xərclərdən 100 qat artıq qazancımız da olub; itkilərlə, xərclərlə qazanc və mənfəətlər lap əvvəldən yanaşı olub; bu yolda biz həm xərc çəkmişik, itki vermişik, həm də qazanc əldə etmişik. Müharibə zamanı nə qədər cavanlarımız şəhid oldu, amma xalqımız, ölkəmizin gəncləri o ağır itkili müharibədən böyük nəticələr əldə etdilər. İnqilabın əvvəlindən bu yolda eyni zamanda həm itkilər vermişik, həm də mənfəət əldə etmişik, intəhası irəlilədikcə itkilər, ziyanlar azalmağa, yüngülləşməyə, qazancımız isə daha da çoxalmağa başlayıb. Bu gün biz – İran xalqı o qədər də böyük bir ziyana uğramadan inqilabdan böyük mənfəət əldə edə bilərik; bu gün biz bu potensiala sahibik. İnqilab artıq kök atıb, İslam dövlətinin ağacı artıq möhkəmlənib, bir çox həqiqətlər aydınlaşıb, çıxış yolları yaranıb. Keçmişdəki ilə müqayisədə hazırda İran xalqı üçün vəziyyət daha da aydınlaşıb, daha münasib zəmin yaranıb, yol hamarlanıb. Düzdür, çəkiləcək xərclər hələ də var, amma əvvəlki illərə nisbətən daha yüngül, daha asanlıqla ortadan qaldırılması mümkün olan xərclərdir.

Bir məqam olduqca önəmlidir: bu inqilab hərbi çevriliş nəticəsində baş verməyib; bir sıra ölkələrdə olduğu kimi hərbiçilər mövcud iqtidarı devirərək hakimiyyətə başqa bir qrupu gətirməyib. Xeyr, bu inqilab xalqın vasitəsilə baş verib; xalqın əzmkarlığı, iradəsi, inqilabi ruhiyyəsi və imanının gücü nəticəsində əmələ gəlib; bu gücün sayəsində də özünü müdafiə edib, indiyə kimi qala bilib, kök atıb. Məhz xalq qorxmadı; məhz əziz İranımızın xalqı duruş gətirərək bu şərif ayənin bariz nümunəsi oldu:

اَلَّذینَ قالَ لَهُمُ النّاسُ اِنَّ النّاسَ قَد جَمَعُوا لَکُم فَاخشَوهُم فَزادَهُم ایمانًا وَ قالُوا حَسبُنَا اللهُ وَ نِعمَ الوَکیل

“(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl qoruyandır!”– dedilər”. (“Ali-İmran” surəsi, 173-cü ayədən)

Daim təhdid olunduq, daim “hücüm edəcəyik”, “sanksiya tətbiq edəcəyik” dedilər, xalq isə nə hərbi hücümdan, nə sanksiyalardan qorxdu, nə də o sanksiyalar nəticəsində iflic oldu. Mərdliklə, cəsarətlə, vüqarla öz yoluna davam etdi; bundan sonra da elə belə olmalıdır. Xalqımız, ictimaiyyətin müxtəlif təbəqələri, gənclər, ruhanilər, incəsənət nümayəndələri, tələbələr, araşdırmaçılar, rəsmilər, dövlət və parlament nümayəndələri inqilabçı olaraq qalmalı, inqilabçı kimi addımlamalıdırlar – az sonra bunun meyarlarını da açıqlayacağam – hamı inqilabçı olaraq qalsın ki, yolumuza uğurla davam edək.

Bəziləri “inqilabçı” dedikdə yalnız İmamın (r.ə) zamanında, mübarizə dövründə, ya da onun hakimiyyəti dövründə ətrafında olmuş, həmin proseslərdə iştirak etmiş şəxsləri nəzərdə tuturlar. Xeyr, bu, səhv fikirdir; yalnız İmamı görmüş, inqilabi mübarizə və hakimiyyət dövründə onun silahdaşı olmuş insanların inqilabçı olduğunu güman etmək yanlış yanaşmadır. Əgər “inqilabçı” sözünü bu cür mənalandırsaq, onda elə biz qocalardan başqa heç kim inqilabçı olmaz. İnqilab hamıya məxsusdur; bu günün gəncləri inqilabçıdırlar, inqilab tərəfdarıdırlar və elə bu ruhiyyədə də – bir az sonra açıqlayacağım meyarlar əsasında – qala bilərlər. Müasir bir gənc bu yolda mənim kimi köhnə inqilabçıdan daha güclü bir inqilabçı ola bilər; Müqəddəs Müdafiə dövründə həyatını təhlükəyə ataraq, İmamın (r.ə) əmrlərini icra etmək üçün ön cəbhəyə gedib canını bu yolda qurban verənlər kimi; yüz faiz, mükəmməl inqilabçı onlardır; inqilabçılar fədakarlığa hazır olan insanlardır; elə buna görə də biz “inqilabçı” sözünü təkcə İmamın mübarizəsi dövründə onu tanıyan, yaxud onun yanında olmuş şəxslərə aid etməməliyik; xeyr, inqilab axar çay kimi davam edən bir prosesdir və tarix boyunca bu yolda bu xüsusiyyətlərlə iştirak edən, çalışan hər bir kəs inqilabçıdır; İmamı görməsə belə; siz gənclərin çoxu kimi.

Bir başqa səhv düşüncə də budur ki, əgər kimisə inqilabçı adlandırırıqsa, demək o, radikaldır; yaxud inqilabçılardan danışarkən “radikallar” ifadəsini işlətmək – bu, yanlışdır. İnqilab tərəfdarı olmaq radikal olmaq deyil. Belə bölücü fikirlər əcnəbilərə aiddir, İranın düşmənlərinin bizə “töhfəsidir”. Bu kimi ifadələr İranda, bizim siyasi leksikonumuzda özünə yer etməməlidir; xalqı “radikal” və “mötədil” kimi qruplara ayıran onlardır. Ölkəmizdə “radikal” və “mötədil” məsələsi mövcud deyil. İnqilabçıları “radikal”, qeyri-inqilabçıları “mötədil” adlandıran onlardır! Bu, xaricilərin apardığı bir bölgüdür. Onlar belə fikirləri müxtəlif media və təbliğat vasitələrində, çıxışlarında səsləndirir, yayırlar, biz isə belə sözləri təkrarlamamalıyıq. İnqilabçı elə inqilabçıdır.

Digər bir yanlış təsəvvür isə inqilab tərəfdarlarının hamısından inqilabi davranışlar, hərəkətlər, yaxud inqilabçılığın hansısa dərəcəsində olmalarını ummağımızdır; xeyr, bu, səhvdir. Biz din tələbələrinin təbirincə desək, inqilabçılıq ayrı-ayrı şəxslərdə fərqli şəkildə ola biləcək bir xüsusiyyətdir. Kimsə inqilabi məsələlərdə özünü daha layiqincə göstərə, bir başqası isə bunu bacarmaya bilər, amma nəticə etibarilə hər ikisi eyni yolda hərəkət edir. Layiqincə davranmayan, yaxud mükəmməl olmayan hər bir şəxsi inqilab tərəfdarı olmamaqda və ya müxalifətdə ittiham etməyimiz də doğru deyil. Kiminsə davranışlarının gösrəticisi daha yaxşı, kiminkisə ondan az, yaxud daha aşağı ola bilər, buna baxmayaraq, hamı bu yolda irəliləyir. Önəmli olan o meyarları həyata keçirməkdir. Ən əhəmiyyətli olan meyarlardır. Mühüm olan odur ki, bu istiqamətdə var gücü ilə, ciddi-cəhdlə çalışmayanlar da inqilabçılığın meyarlarına sahib olsunlar. Bu meyarlar mövcuddursa, deməli hər bir şəxs, müxtəlif qurum və təşkilatlar, dövlət rəsmiləri hamısı inqilabçıdır; önəmli olan həmin meyarları bilməyimizdir. 

İnqilabçı olmaq üçün bir sıra konkret meyarlar mövcuddur. Mən burada əsas 5-ni qeyd edəcəyəm. Sözsüz ki, daha çox xüsusiyyət haqda danışmaq olar, amma hələlik mən inqilabçılığın bu beş xüsusiyyətindən danışacağam. Həmin bu beş xüsusiyyəti özümüzdə formalaşdırmağa, harada oluruqsa-olaq onları qorumağa çalışmalıyıq; biri incəsənət sferasında çalışır, biri sənayedədir, biri siyasi arenada, biri elmdə, biri iqtisadiyyatda – fərqi yoxdur, istənilən şəxs, İran xalqının hər bir üzvü bu xüsusiyyətlərin daşıyıcısı ola bilər. Həmin beş xüsusiyyət aşağıdakılardan ibarətdir: birincisi, inqilabın əsas prinsip və dəyərlərinə bağlılıq; ikincisi, inqilabi ideyaları hədəf seçmək və qarşıya qoyduğumuz o ali hədəf və ideallara çatmaq, onları reallaşdırmaq üçün var-gücü ilə çalışmaq; üçüncüsü, ölkənin hərtərəfli müstəqilliyinə – siyasi, iqtisadi, mədəni və hamısından daha önəmlisi təhlükəsizlik sferasında müstəqilliyinə bağlı olmaq; dördüncüsü, düşmənin önündə, düşmənin fəaliyyəti, planları qarşısında sayıq olmaq, ona təslim olmamaq – sözsüz ki, bunun üçün də düşməni tanımaq, planlarından xəbərdar olmaq, ona boyun əyməkdən uzaq olmaq lazımdır; qeyd etdiyim kimi, bu cür itaətsizliyi Qurani-Kərim “böyük cihad” adlandırır ; son bir neçə gündə mən bu haqda danışmışam (3) – beşincisi, dini və siyasi təqvaya sahib olmaq; hansı ki bu olduqca önəmlidir. Bu beş xüsusiyyət kimdə varsa, qətiyyətlə onun inqilabçı olduğunu demək mümkündür; amma bayaq qeyd etdiyim kimi, inqilabçılığın dərəcələri müxtəlifdir. Bu 5 xüsusiyyətdən hər biri haqda qısaca izah vermək istəyirəm. 

Qeyd etdiyim kimi, birinci xüsusiyyət inqilabın əsas prinsip və dəyərlərinə bağlılıqdır. Keçən il İmamın (r.ə) vəfatının ildönümü ilə əlaqəli keçirdiyimiz görüşdə də İmamın prinsipləri haqqında danışmışdım; bunlar bizim əsas prinsiplərimizdir. Birinci prinsip amerikan İslamı qarşısında əsl İslama bağlılıqdan ibarətdir. Əsl İslam amerikan İslamının əksidir. Amerikan İslamının da iki qolu var: mürtəce və sekulyar; amerikan İslamı bax budur. İmperialist və materialist güclər bu qolların hər birini himayə ediblər və hazırda da edirlər; müəyyən yerlərdə onları meydana gətirir, istiqamətləndirir, yardım göstərirlər; əsl, saf İslam isə bu iki qolun tam əksidir; həqiqi İslam həyatın bütün sahələrini ehtiva edən hərtərəfli İslamdır; şəxsi həyatdan tutmuş İslam dövlətinin təşkilinə qədər hər bir sahəyə aiddir. Əsl İslam bizim ailədə, cəmiyyətdə, şəxsi həyatda, İslam dövləti və İslam sisteminin formalaşdırılmasına münasibətdə öhdəmizə düşən vəzifələri müəyyənləşdirir; həqiqi İslam bax budur. Bağlı və sadiq qalmalı olduğumuz prinsiplərdən biri budur.

Digər başlıca prinsiplərdən biri isə xalqın hakimiyyətinin əsas mehvər olması, rəhbər götürülməsidir. Xalqın hakimiyyəti, onun mehvər olması İslam dini ilə yanaşı təmin olunduqda bu tərkib İslam Respublikasını əmələ gətirir; İslam Respublikası budur. Əsas xalqdır, məqsədimiz xalqdır, hədəflər xalqa aiddir, maddi mənafe xalqındır, ixtiyar onun əlindədir. İslam Respublikasında xalqın hakimiyyətinin göstəriciləri bunlardır: xalqın rəyi, istəyi, hərəkəti, davranışı, iştirakı və hörməti, nüfuzu. Həmin prinsiplərdən biri də budur və ona sözün əsl mənasında bağlı olmaq lazımdır.

Digər prinsip və dəyərlərdən biri də bizim inkişafa, dəyişikliklərə, irəliləyişə, ətrafımızdakılarla sağlam əməkdaşlığa inanmağımızdır; sözsüz ki, bu sonuncuda mümkün ola biləcək hər cür səhv və büdrəmədən çəkinmək lazımdır. İnkişaf və təkamül; həm fiqhimiz, həm sosiologiyamız, həm humanitar elmlərimiz, həm siyasətimiz, həm cürbəcür metod və yanaşmalarımız gündən-günə daha da yaxşılaşmalı, inkişaf etməlidir, intəhası bu irəliləyiş mütəxəssislərin, peşəkarların, dərin düşüncəli, yeni yollar axtarıb tapmağı bacaran insanların vasitəsi ilə həyata keçirilməlidir. Təhsil səviyyəsi aşağı olan, qeyri-peşəkar, sadəcə ambisiyalı insanların əlindən heç bir iş gəlməz. Buna diqqət edin; bunlar hamısı sagda və solda döngələri olan düz yola bənzəyir; ortadakı ana yolla getmək lazımdır.

Aztəminatlı əhalinin himayəsi; İslam dövlətinin əsas prinsip və dəyərlərindən biri də imkansız və yoxsul insanların himayə edilməsi məsələsidir. Digər bir prinsip isə dünyada zülmə məruz qalmış insanların müdafiəsidir. İnqilabın əsas prinsiplərindən biri də bunlardır, ona görə də bunlara göz yummaq olmaz. Əgər hansısa şəxs, şəxslər, yaxud hansısa cərəyan aztəminatlı əhalinin və ya yer üzündəki məzlumların problemlərinə  laqeyd qalırsa, deməli, inqilabın bu prinsipinə əməl etmir.

İnqilabın əsas prinsiplərinə bağlılıq olarsa – qeyd etdiyim kimi, inqilabçı olmağın birinci meyarı da elə budur – daim yolumuza davam edərik, düz yolda irəliləyərik, hadisələrin tufanı istiqamətimizi dəyişməz. Amma bu bağlılıq mövcud olmazsa, o zaman bunun tam əksi olan ifrat praqmatizm olacaqdır; yəni insan hər gün bir tərəfə yönələcək, hər hadisə onu bir tərəfə çəkəcək. Şair demişkən:

میکِشد از هر طرف، چون پَر کاهی مرا
وسوسه‌ی این‌وآن، دمدمه‌ی خویشتن‌

Onun-bunun vəsvəsəsi, içimizdən gələn səslər, bizi bir küləş kimi hər tərəfə çəkib aparır.

Bax bu, ifrat praqmatizmdir, yalnız əməli nəticəni əsas götürməkdir; hər gün bir tərəfə, bir yana meyillənmək; bu, həmin o prinsiplərə bağlılıq hissi ilə ziddiyət təşkil edir. Qurani-Kərim dəyərlərə olan bu bağlılığı “möhkəmlik, səbat, qərarlılıq” adlandırır:

فَاستَقِم کَمآ اُمِرتَ وَ مَن تابَ مَعَک

“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, (düz yolda) möhkəm ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də (düz yolda) möhkəm olsunlar ...” (“Hud” surəsi, 112-ci ayədən) Yaxud:

یا اِنَّ الَّذِینَ قالُوا رَبُّنَا اللهُ ثُمَّ استَقاموا تَتَنَزَّلُ عَلَیهِمُ المَلٰئِکَةُ اَلّا تَخافُوا وَ لَا تَحزَنوا وَ اَبشِروا بِالجَنَّة

“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) möhkəm olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət” surəsi, 30-cu ayədən)

Qurani-Kərim belə prinsiplərə sadiq, bağlı qalmağı “möhkəm olmaq” adlandırır.

İkinci xüsusiyyət ideallara çatmaq üçün cidd-cəhdlə çalışmaqdan, ali hədəflərdən daşınmamaqdan, əl çəkməməkdən ibarətdir. Bu prinsipin əksi isə tənbəllik, mühafizəkarlıq və pessimizmdir. Bəziləri ictimaiyyətimizi, gənclərimizi ümidsizliyə düçar etmək istəyir, “xeyri yoxdur, bu işləri reallaşdırmaq mümkün deyil, bir nəticəyə varmayacağıq, bu qədər müxaliflə, bu qədər düşmənlə bu işlərin öhdəsindən necə gələcəyik” kimi sözlər danışırlar; bu düşüncə tərzi qeyd etdiyim bu ikinci xüsusiyyətin tam əksidir. İnqilabçı olmağın ikinci özəlliyi bundan ibarətdir ki, biz ali hədəflərimizə, amallarımıza çatmaq fikrindən daşınmayaq, təzyiqlər qarşısında təslim olub əyilməyək. Yolunuzun üstündə düşmən dayanıbsa, təbii ki, sizə müxtəlif maneələr yaradacaq, ancaq bu maneələr sizin hərəkətinizə, yolunuzu davam etdirməyinizə əngəl olmamamlıdır. Təzyiqlər qarşısında geri çəkilməməliyik, olduğumuz vəziyyətlə razılaşıb qalmamalıyıq, əgər mövcud vəziyyətimizlə razılaşıb otursaq, bunun nəticəsi geriləmə olacaq. Mən dəfələrlə təkrar etmişəm: gənclər inkişafa doğru addımlamalıdır, müsbət dəyişikliklərə doğru getməlidir. Əgər biz əldə etdiklərimizlə kifayətlənsək – misal üçün, elm sahəsində müəyyən inkişaf səviyyəsinə gəlib çatmışıq; əlbəttə ki, bütün dünya da bunu qəbul edir, bizim inkişaf etdiyimizi özləri də etiraf edirlər – bu səviyyə ilə  qane olub otursaq, geridə qalacağıq; geriyə qayıdacağıq. Xeyr, belə olmamalıdır, inkişafın yolu sonsuzdur. Odur ki qarşıya qoyduğumuz ali hədəflərə yetişmək üçün irəliyə doğru getməliyik.

Üçüncü xüsusiyyət, dediyim kimi, suverenlik məsələsidir. Süverenlik olduqca əhəmiyyətlidir; ölkə daxilində, regionda və beynəlxalq arenada müstəqillik; bütün bu müstəvilərdə ölkənin və dövlətin suverenliyini qorumaq lazımdır.

Bunun mənası odur ki, biz siyasətdə düşmənə aldanmamalıyıq; dövlətləri, xalqları ardınca çəkib aparmağı planlaşdıran düşmən cürbəcür yollara əl atır. Həmişə təhdidlə danışmır, yox, bəzən yaltaqlıq da edir; bəzən qarşı tərəfə məktub yazır ki, gəlin beynəlxalq problemlərə bizimlə – Amerika ilə birlikdə çözüm tapaq; bəzən qarşı tərəflə bu formada danışırlar; bu zaman insan qlobal problemlərin həllində belə bir super-dövlətlə əməkdaşlıq edəcəyini güman edib həvəslənə bilər; rəsmi diplomatik yazışmalarda bu cür danışılır, amma məsələnin mahiyyəti bambaşqadır. Reallıq budur ki, düşmən bir plan hazırlayıb, qarşı tərəfdən də onun bu planında, hazırladığı meydanda oyunçu qismində oynamasını tələb edir; təbii ki, oyunun qaydalarını da o özü müəyyənləşdirir. Sizdən isə istəyi budur ki, nəzərdə tutduğu məqsəd üçün hazırladığı planın reallaşmasında sizə həvalə olunan hansısa işi həyata keçirəsiniz. Bizim regiondakı problemlərin, Suriya məsələsi və buna bənzər olayların həllində amerikalıların dediyi o koalisiyaya qoşulmamağımızın səbəbi də elə budur; baxmayaraq ki, dəfələrlə bizə müraciət etdilər, təkrar-təkrar dedilər, istədilər. Onların öz planları, hədəfləri var və həmin hədəfləri reallaşdırmaq fikrindədirlər. Təbii ki, bu yolda başqa ölkələrin, o cümlədən İİR-in hərbi gücündən və nüfuzundan istifadə etmək istəyirlər. Əgər müsəlman İranı bu situasiyada xamlıq edib onların oyununa girsə, bu, bizim onların iş qrafikini doldurmağımız demək olar, düşmənin planını tamamlamış olarıq. Bu isə siyasi müstəqilliyə ziddir. Zahirən nəzər salsaq, burda başqa bir dövlət, yaxud hansısa kənar bir şəxs gəlib ölkəyə ağalıq etmir ki, “siyasi müstəqillik pozuldu” deyək, amma bu da siyasi müstəqilliyə ziddir.

İqtisadi müstəqillik də əhəmiyyətli bir məsələdir, amma mən öncə mədəniyyət sahəsi haqqında danışmaq istəyirəm. Fikrimcə, mədəni müstəqillik bunların hamısından daha önəmlidir. Mədəni müstəqillik odur ki, biz özümüzə həyat tərzi olaraq iranlı-müsəlman modelini seçək. İki-üç il bundan əvvəl mən bu haqda ətraflı danışmışdım;(4) həyat tərzi binaların arxitekturasından, şəhər həyatından, insanın şəxsi yaşamından, cəmiyyətdə qurduğu münasibətlərdən tutmuş bir çox müxtəlif məsələləri ehtiva edir. Qərb dünyasının, xaricilərin yaşam tərzini təqlid etmək bizim mədəni müstəqilliyimizə ziddir. Hazırda imperializim sistemi bu məsələnin üzərində işləyir; informasiyanın proqramlaşdırılması, ortaya çıxmış bu yeni texnologiyalar – bunların hamısının məqsədi düşmənin istənilən ölkədə mədəni cəhətdən hökmranlığını təmin etməkdir. Bununla mən demək istəmirəm ki, həmin texnologiyaları həyatımızdan tamamilə kənarlaşdıraq; xeyr, bunlar insanlara faydalı ola biləcək vasitələrdir, amma düşmənin bunların üzərindəki ağalığını yox etmək lazımdır. Məsələn, televizor və ya radionuz olması üçün bunları düşmənin ixtiyarına verə bilməzsiniz ki; eləcə də interneti, virtual məkanı, informasiya texnologiyaları və sistemlərini də düşmənin ixtiyarına vermək olmaz; hazırda bunlar düşmənin əlindədir; mədəni cəhətdən nüfuz etmək üçün əlverişli vasitələrdir; düşmənin mədəniyyət üzərində ağalığını təmin edir.

Və iqtisadi müstəqillik; qısacası, dünya iqtisadiyyatının mədəsində həzm olunmamaq. Baxın, nüvə danışıqlarından sonra onlar, amerikalılar özləri dedilər ki, əldə edilmiş razılaşma İran iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına yol açmalıdır. İnteqrasiya! İnteqrasiya nə deməkdir? Dünya iqtisadiyyatı nədir? Görəsən, bu dünya iqtisadiyyatı ədalətli, məntiqi və rasional bir sistemdirmi? Qətiyyən! Xəritəsində bütün dünya  ictimaiyyətini ehtiva edən, müxtəlif  təzahürləri bütün dünyada geniş şəkildə yayılmış bu iqtisadiyyat əsasən sionist və bəzən də qeyri-sionist kapitalistlərin bütün Yer kürəsinin maliyyə resurslarını mənimsəmək üçün yaratdığı bir plan və sistemdən ibarətdir. Dünya iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat sistemi bax budur. Əgər hansısa dövlət öz iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya edirsə, bu heç də fəxr olunası bir iş deyil. Bu, əslində, həmin ölkə üçün zərərlidir, ziyandır. Sanksiyalar da iqtisadi məqsəd daşıyırdı; bizə tətbiq etdikləri sanksiyalar vasitəsi ilə İran iqtisadiyyatını iflic etmək istəyirdilər; bunu amerikalılar özləri də etiraf etdilər. Baş tutmuş nüvə danışıqlarında bir sıra nəticələr əldə olundu, burada da iqtisadi məqsəd əsas götürülmüşdü, yəni hədəflərindən biri bu idi: İran iqtisadiyyatını başında Amerikanın durduğu beynəlxalq iqtisadiyyatın, dünya iqtisadiyyatının mədəsinə udaraq həzm etmək. İqtisadi müstəqillik yalnız müqavimət iqtisadiyyatı vasitəsi ilə əldə edilə bilər; biz bu il üçün “Müqavimət iqtisadiyyatı, əməli tədbirlər!” şüarını seçmişik. Sevindirici haldır ki, dövlət əməli tədbirlərə start verib və mənə təqdim edilən hesabata əsasən, bir sıra müsbət işlər görülüb. Əgər bu templə, bu metodla, bu ciddiyyətlə yolumuza davam etsək, xalq nəticəni, mütləq, müşahidə edəcək. Müqavimət istisadiyyatı əhəmiyyətli bir məsələdir. Mühüm iqtisadi qərarların hamısı müqavimət iqtisadiyyatı ilə səsləşməlidir. Tutalım, hansısa ölkə ilə ticarət, yaxud sənaye sahəsində müqavilə bağlayırıq; bunun müqavimət iqtisadiyyatının harasında yer aldığı müəyyən olunmalıdır. Ölkə iqtisadiyyatının sırf xarici investisiya hesabına rövnəqlənəcəyini düşünmək yanlışdır. Əlbəttə, xarici investisiyanın cəlb edilməsi yaxşıdır, amma bu, müqavimət iqtisadiyyatının yalnız bir elementidir. Xarici investisiyanın cəlb edilməsindən də daha önəmlisi yerli, daxili potensialımızın canlandırılmasıdır. Yerli istehsalın müxtəlif sahələrində hələ fəallaşdırılmamış geniş potensial var, həmin sahələri, mütləq, aktivləşdirmək lazımdır; ən mühümü budur. Təbii ki, daxili istehsalla yanaşı, xarici investisiyanın cəlb edilməsi də lazımlıdır, ancaq biz iqtisadiyyatımızın inkişafını  təkcə xaricilərin ölkəyə investisiya qoymasından asılı hesab edə bilmərik. Bəzən xarici investorların ölkəyə yeni, müasir texnologiyalar gətirdiyini deyirlər; eybi yoxdur, biz onların ölkəmizə yeni texnologiyalar gətirməsini alqışlayırıq; əlbəttə ki, əgər gətirsələr! Əgər gətirməsələr belə, sizcə, bizim nano, nüvə və müxtəlif mürəkkəb texnologiyaların istehsalı sahəsində nailiyyətlər əldə etmiş, bir çox sahələrdə dünya ölkələri arasında ilk beşinci, altıncı, onuncu sırada yer alan gənclərimiz neft quyularımızın hasilatını daha səmərəli vəziyyətə gətirə bilməzlərmi? Bizim zavodlarımızı müasir standartlara uyğunlaşdıra bilməzlərmi? Yaxud müasir xarici texnologiyalara ehtiyac duyduğumuz digər sahələrdə  həmin texnologiyaları istehsal edə bilməzlərmi? Əlbəttə ki, xaricilərlə bağladığımız müqavilələrdə bu texnologiyaların ölkəyə gətirilməsi də öz əksini taparsa, mən belə müqavilələrin əleyhinə deyiləm, bunları alqışlayıram.

Diqqət edin! Hazırda dünyanın ən həssas iqtisadi və siyasi analitikləri ölkəmizin müqavimət iqtisadiyyatı layihəsinin baş tutub-tutmayacağı üzərində mərcləşirlər; məsələ bu qədər əhəmiyyətlidir, bu qədər həssasdır. Ekspertlər İranın hazırladığı müqavimət iqtisadiyyatı proqramının müsbət bir nəticəyə varıb-varmayacağı haqqında mübahisə edir, mərc gəlirlər! Məsələ bu qədər önəmlidir. Odur ki iqtisadi müstəqilliyin mənası budur. Bu da mənim haqqında danışmaq istədiyim üçüncü xüsusiyyət.

Dördüncü xüsusiyyət düşmənə qarşı həssaslıqdır. Düşməni tanımaq, əməlləri qarşısında həssas davranmaq lazımdır. Müqəddəs Müdafiə dövründə cəbhədə olanlar bilir ki, orada olan qərargahlarda öz adamları vasitəsilə düşmənin hər kiçik hərəkətini izləyən, həssaslıq göstərən xüsusi insanlar var idi. Tutalım, bu gün düşmən hansısa yerdəyişmə etdi, “bu nə deməkdir, nəyə görə bu işi gördülər” deyə səbəbini axtarırdılar. Düşmənin hər bir hərəkətinə həssaslıqla yanaşırdılar. Düşməni tanımaq, planlarını öyrənmək, əməllərinə, sözlərinə, çıxışlarına həssaslıqla yanaşmaq lazımdır; tədbirli davranıb, böyük ehtimalla, qabımıza tökəcəyi zəhərə qarşı əvvəlcədən padzəhr hazırlamalı, istənilən hərəkətini zərərsizləşdirmək üçün hazırlıqlı olmalıyıq. Düşmən qarşısında həssas davranmaq bax budur.

Yaxşı, bəs bunun əksi nədir? Bunun əksi olan yanaşmalardan biri bəzilərinin düşmənin varlığını danmasıdır. Mən deyəndə ki, düşmənimiz var, deyirlər: “Cənab, bu, sizin fantaziyanızdır; düşmən, məkrli planlar – bunlar hamısı fantaziyadır”. Elə bu məkrli planların fantaziya olması fikrinin özü də bir  məkrli plandır. “Cənab, düşmən kimdir? Nə düşmən, hansı düşmən?” deyənlərin məqsədi düşmənə qarşı həssaslığı azaltmaqdır. Onlar ən aşkar məsələləri inkar edirlər. Mən deyirəm ki, Amerika İslam İnqilabının düşmənidir, imperializm sistemi mahiyyəti etibarilə İslam Respublikası kimi bir sistemə düşməndir, bu ikisinin maraqları 180 dərəcə bir-birindən fərqlənir. İmperializm sistemi xəyanətkar, müharibə alovunu körükləyən, terrorçu qruplaşmalar yaradan, təşkilatlandıran, azadlıq tələb edən kütlələri isə əzən, dünyadakı məzlumlara – Fələstinə və Fələstin kimi ölkələrə müxtəlif təzyiqlər göstərən bir sistemdir; bu kimi davranışlar imperializm sisteminin təbiətindədir. Bir əsrə yaxındır ki, Amerika və İngiltərə dövlətləri Fələstin xalqına təzyiq göstərir – istər 1948-ci ildə İsrail rejiminin təşkil edilməsindən əvvəl olsun, istərsə də o gündən bu günə qədər – fələstinlilərə təzyiq göstərməkdədirlər. İmperializmin əməlləri bunlardır; İslam bu hərəkətlərin qarşısında səssiz dura bilməz; İslam dövləti bütün bunları gördüyü halda, laqeyd qala bilməz. İmperialistlər Yəməni bombalayanlara birbaşa yardım göstərir; Amerika Yəməni bombardman edənlərə açıq-aşkar kömək edir; özü də haranı, hansı əraziləri bombardman edənlərə! Döyüş meydanlarınımı? Xeyr, xəstəxanaları, bazarları, məktəbləri, ictimai yerləri; Amerika onlara hərtərəfli kömək göstərir. Odur ki İslam dövləti bunlara laqeyd qala bilməz. Bu iki sistem bir-biri ilə ziddiyyət təşkil edir; mahiyyət baxımından bir-birinin əksidir. Bu düşmənçiliyi necə danmaq olar? 28 mordad hadisəsini törədərək milli höküməti devirən Amerika olub; Amerika inqilabın əvvəlindən indiyə kimi bizimlə düşmənçilik edir; şah diktaturası dövründə xalqa, mübariz insanlara işkəncələr verilməsinə yol açmış SAVAK təşkilatını yaradan Amerika idi; 8 illik müharibə dövründə düşmənimizə maksimum dərəcədə yardım edən də o idi; bizim sərnişin təyyarəmizi vuran Amerika idi; neft yataqlarımızı bombalayan Amerika idi; bizə sanksiya tətbiq edən Amerika idi; məgər bunlar düşmənçilik deyil?

İslam dini üçün, İslam naminə çalışan istənilən şəxs, yaxud cərəyan Amerikaya etimad edirsə, çox böyük səhvə yol vermişdir və bu səhvin nəticəsində zərbə alacaq; elə hazırda da alır. Son bir neçə ildə islamçı cərəyanlar məsləhətli davranış, siyasi rasionallıq (adını rasionallıq qoyublar), taktika (“taktika xatirinə edirik” deyirlər) adı altında Amerika ilə dostlaşdılar, ona arxalandılar, bunun nəticəsi olaraq zopasını, silləsini yedilər, indi də müsibətini çəkirlər. İslam adı ilə, İslam üçün çalışan hər bir kəs Amerikaya arxalanarsa, çox böyük səhvə yol vermiş olar. Təbii ki, bizim böyüklü-kiçikli çoxlu düşmənlərimiz var; cılız, alçaq düşmənlərimiz də var, amma əsas düşmənçilik edən Amerika və xəbis İngiltərədir; İngiltərə, həqiqətən də, xəbis bir düşməndir. Bu ölkə həm keçmişdə – tağut hakimiyyətinin ilk illərindən inqilab dövrünə kimi – həm də inqilabın başladığı gündən, qələbə çaldığı andan günümüzə qədər həmişə bizimlə düşmənçilik edib. İngiltərə dövlətinin təbliğat maşını indi də İmamın (r.ə) vəfatının ildönümü ilə əlaqədar, belə desək, onun əleyhinə olan sənədlər yayımlayır; bizim dahi, təmiz və pak imamımızın (r.ə) əleyhinə! Yaxşı, bəs bu sənədləri hansı mənbədən əldə edirlər? Amerika mənbələrindən! Ölkəmizin 300 nəfərlik sərnişin təyyarəsini vurub salan Amerika belə bir saxta sənədi hazırlamaqdan utanıb çəkinərmi? İngiltərənin düşmənçiliyi bu cürdür; başqa bir düşmən isə öldürücü xərçəng şişinə bənzəyən, məşum sionist rejimidir; əsas düşmənlər bunlardır. Bu düşmənləri tanımaq və onların əməllərinə qarşı həssas davranmaq lazımdır; hətta bizə iqtisadiyyatın inkişafı üçün hazır model yazıb versələr belə, yenə də ehtiyatlı davranmalıyıq; təsəvvür edin, xəstə olduğunuz zaman düşmən gəlib sizə bir dərman verir və “Bu xəstəlik üçün bu dərmanı qəbul et” – deyir; bu zaman siz  ehtiyat edərsiniz, çünki o dərmanın tərkibində zəhər ola bilər. Düşmənin təqdim etdiyi siyasi və iqtisadi  modellərə də bu cür diqqətli yanaşmaq lazımdır; düşmən qarşısında həssaslıq bax budur. Təbii ki, həssaslıq düşmənə tabeçilik olmadığı halda mümkün ola bilər. Dediyim kimi, düşmənə tabe olmamaq özü elə böyük cihaddır. Bu da inqilabçılığın dördüncü xüsusiyyəti.

Sonuncu – beşinci xüsusiyyət isə dini və siyasi təqvaya sahib olmaqdır; hansı ki bunlar fərdi təqvadan ayrıdır; əlbəttə, fərdi təqva da lazımdır, ona sahib olmaqla biz günahdan uzaq durur, özümüzü qorumuş oluruq;

قُوا اَنفُسَکُم وَ اَهلیکُم نارًا وَقودُهَا النّاسُ وَ الحِجارَة

“...Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır (daşdan düzəlmiş bütlər)...” (“Təhrim” surəsi, 6-cı ayədən)

Özümüzü Allah-taalanın Cəhənnəminin odundan, qəzəbindən uzaq tutmaq – bu, fərdi təqva deməkdir. İctimai təqva, topluma aid olan islami təqva isə budur ki, biz İslam dininin bizdən tələb etdiyi, bizim üçün müəyyənləşdirdiyi bütün hədəflərin reallaşması üçün əmək sərf edək. Az öncə sadaladığım o idealların hamısı İslam dinindən qaynaqlanır; yəni söhbət yalnız rasionallıqdan və ya humanizmdən getmir; bunlar bizim dini, şəri vəzifələrimizdir. Həmin idealları İslam dinindən ayrı bir şəkildə götürən  şəxs İslamı tanımayıb; İslamın nəzəri və əməli təlimlərini insanların ictimai və siyasi həyatından uzaq tutmaq lazım olduğunu düşünən şəxs, sözsüz ki, İslamı tanımamışdır. Qurani-Kərim buyurur:

اُعبُدُوا اللهَ وَ اجتَنِبُوا الطّاغوت

“Allaha ibadət edin, Tağutdan çəkinin!...” (“Nəhl” surəsi, 36-cı ayədən)

Allaha ibadət etmək – yəni Allah qarşısında təslim olmaq və tağutdan uzaq durmaq; başqa bir ayədə isə buyurur:

اَلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ اللهِ وَ الَّذینَ کَفَرُوا یُقاتِلونَ فی سَبیلِ الطّاغوتِ فَقاتِلُوا اَولِیآءَ الشَّیطٰنِ اِنَّ کَیدَ الشَّیطٰنِ کانَ ضَعیفًا

“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (“Nisa” surəsi, 76-cı ayədən)

Bunlar Qurani-Kərimin göstərişləridir. Bizim ilk öncə özümüzü, daha sonra isə xalqımızı, gənclərimizi və dövlət rəsmilərimizi bu göstərişlər qarşısında məsuliyyətli olmağa səsləməyimiz təkcə məntiqi, siyasi bir tövsiyə deyil; bu, əslində, bir dini vəzifədir və ona əməl etmək dini təqva deməkdir. Bu, dini təqvadır; siyasi təqva da onda özünü göstərir; dini təqva olsa, onunla birlikdə siyasi təqva da olacaq. Siyasi təqva düşmənin bizim əleyhimizə istifadə edə biləcəyi hər cür səhv və büdrəmədən uzaq durmaq deməkdir.

Sonda sizə bir neçə tövsiyə etmək istəyirəm. Mənim qeyd etdiyim bu yol xəritəsinin örnəyi İmam Xomeynidir; İmam örnəkdir və insafla demək lazımdır ki, mükəmməl bir örnəkdir. Sadaladığım bu xüsusiyyətlərin hər biri onda yüksək səviyyədə özünü göstərir. Mən uzun illər boyu müxtəlif şəraitlərdə İmamla ünsiyyətdə olmuşam: Qumda tədrislə məşğul olduğu zaman, Nəcəfdəki sürgün həyatında, hakimiyyətə gəldiyi və beynəlxalq siyasi nüfuzun zirvəsində dayandığı vaxtlarda. İmamı bütün bu pozisiyalarda görmüşəm; o, qeyd etdiyim bu xüsusiyyətlərin hamısında, həqiqətən də, ən yüksək zirvədə idi. Odur ki onun sözləri, əməlləri əsasında çalışmaq, hərəkət etmək lazımdır. Gənclərimiz “İmamın səhifəsi”-ni və “Vəsiyyətnamə”-sini oxusunlar, bu kitablarla tanış olub onların içindəkilər haqda dərindən düşünsünlər. Bu, birinci tövsiyə.

İkinci tövsiyə: nüvə danışıqları bizə bir təcrübə qazandırdı, onu yaddan çıxartmamalıyıq. Həmin təcrübə bundan ibarətdir ki, biz hansısa məsələdə güzəştə getsək belə, Amerika öz dağıdıcı planlarından əl çəkməyəcək; nüvə danışıqlarından biz bu nəticəni əldə etdik. Nüvə məsələsi ilə bağlı biz “5+1” dövlətləri ilə, hətta ayrılıqda Amerika ilə oturub müzakirələr apardıq; ölkəmizi təmsil edən qardaşlarımız, fəal nümayəndələrimiz müəyyən nəticələr əldə etdilər, hansısa məqamlarda onlarla ortaq məxrəcə gəldilər, qarşı tərəf – Amerika – üzərinə müəyyən öhdəliklər götürdü, İslam Respublikası da öz növbəsində boyun olduğu öhdəlikləri yerinə yetirdi, ancaq sözünə, vədinə heç vaxt sadiq qalmayan qarşı tərəf öz öhdəliklərinə əməl etməkdən boyun qaçırır; ən azından, indiyə qədər boyun qaçırıb. Çox yaxşı, bu, bir təcrübədir, bu, bizə dərs oldu. Düzdür, çoxları bu təcrübədən öncə də onların belə davranacağından xəbərdar idi, amma bəziləri bilmirdi, qoy indi bilsinlər: istənilən başqa bir məsələ ətrafında da Amerika ilə danışıqlar apardığınız zaman əgər onların qarşısında çəkinsəniz, güzəştə getsəniz, əmin olun ki, onlar yenə də öz təxribatçı planlarını izləməyə davam edəcəklər; bütün məsələlərdə: insan hüquqları, raket, terrorizm, Livan, Fələstin və sair. Tutalım, hansısa məsələdə siz öz prinsip və maraqlarınızdan geri çəkilsəniz, göz yumsanız, güzəştə getsəniz – sözsüz ki, bu, qeyri-mümkündür – bilin ki, Amerika geri çəkilməyəcək; öncə şirin dillə, gülər üzlə meydana girəcək, daha sonra heç bir səbəb olmadan öhdəliklərini icra etməkdən boyun qaçıracaq; bu, İran xalqı üçün bir təcrübədir; bunun dəyərini bilin. Bu da ikinci tövsiyə. 

Diqqət edin, üçüncü tövsiyəyə də diqqət edin, ondan sonra, ola bilsin, bu şüarlardan bəzilərini bir qədər yenidən gözdən keçirəcəksiniz. Üçüncü tövsiyə: xalqla dövlətin birliyi heç bir halda pozulmamalıdır. Ola bilər, sizin bir dövlətdən xoşunuz gəlir, o birindən isə yox, kiminsə də əksinə – sizin bəyəndiyiniz dövlətdən yox, bəyənmədiyinizdən xoşu gələ bilər; belə şeylər mümkündür və bunun heç bir eybi də yoxdur. Seçki rəqabəti, fikir müxtəlifliyi, hətta tənqidi yanaşmalar belə, öz yerində, ancaq dövlət və xalq bir olmalıdır; yəni əgər ölkə üçün təhlükə yarada biləcək hansısa hadisə baş vermiş olarsa, dövlət və xalq həmin hadisənin qarşısını almaq üçün çiyin-çiyinə hərəkət etməlidir. Arada kin-küdurət yaratmayın, dövlətlə xalqın birliyini qoruyun; bu, mənim bütün hökumət kabinetlərinə etdiyim tövsiyələrdən biridir. İmamın (r.ə) vəfatından sonra başında durduğum bütün hökumətlərə həmişə bunu tövsiyə etmişəm; baxmayaraq ki, onlar müxtəlif siyasətlər yürütmüş, fərqli təmayüllərə malik olmuşlar, amma xalq dövlətlə birgə olmalıdır, bu birliyi qorumaq lazımdır. Birlik, hökuməti tənqid etməklə, onun qarşısında müxtəlif tələblər qoymaqla heç bir ziddiyyət təşkil etmir; bunun heç bir eybi yoxdur; təbii ki, seçki rəqabəti də öz yerində. Hakimiyyətin hər üç qolu – dövlət, parlament və ədliyyə strukturu arasında da birlik olmalıdır; bu da parlamentin dövlət, Konstitusiya qarşısında daşıdığı vəzifələrə əməl etməsi ilə heç bir təzad təşkil etmir; sual versin, tələb etsin, aydınlaşdırsın, qanunlar tərtib etsin və sair; lakin hər üç hakimiyyət qüvvəsi, mütləq, birgə olmalı, ölkənin əsas problemlərinin həlli üçün bir araya gəlməlidir; eləcə də silahlı qüvvələr, eləcə də xalq; beləliklə, mənim üçüncü tövsiyəm budur: şəxsi hisslərinizin, siyasi cinah mənsubiyyətinizdən doğan hisslərinizin, ümumiyytlə, hisslərinizin məntiqinizdən önə keçməsinə yol verməyin. Məntiq budur ki, düşmən uzaqdan  bizə baxanda birgə olduğumuzu görsün, birliyimizi hiss etsin. Xalqın arasında, yaxud ümumilikdə hakim dairələrdə ikitirəliyə, qütbləşməyə, düşmənçiliyə səbəb olacaq fikirlərin söylənməsi ölkənin zərərinədir.

Dördüncü tövsiyə: Amerika ilə qarşıdurma bütöv bir cəbhə ilə qarşıdurma deməkdir. Bu, bütöv bir cəbhədir; mərkəzində, qütbündə Amerika durur, amma uzantısı müxtəlif yerlərə qədər gedib çıxır; bu uzantılar hətta ölkəmizin daxilinə qədər də uzanır; odur ki diqqətli olmalısınız. Amerikanın düşmənçi hərəkətlərindən ehtiyatlı olmaq lazımdır deyərkən bu sözün mənası odur ki, bu cəbhənin gizli və aşkar müstəvilərdəki bütün fəaliyyətlərinə diqqət edilməlidir. Bunu bilin ki, düşmənçiliklər yalnız Amerikanın təhlükəsizlik orqanları tərəfindən həyata keçirilmir; bəzən həmin təhlükəsizlik orqanlarının çoxsaylı gizli “barmaqları” özünü region dövlətlərinin simasında, yaxud da başqa bir formada biruzə verir.

Beşinci tövsiyə; düşmənlə aramızda olan ayırıcı hüdudlar, sərhədlər gözlənməli və bu məsələnin əhəmiyyəti qabardılmalıdır. İslam İnqilabına, İslam dövlətinə, İmam  Xomeyniyə (r.ə) düşmən olanlarla bizi ayıran xətlər, hüdudlar arxa plana keçməməli, aktuallığını itirməməlidir. Ölkəmizdəki bəzi cərəyanlar bu məsələyə diqqətsiz yanaşaraq düşmənlə aradakı sərhədi qorumayıblar, möhkəmliyi əldən veriblər; əgər bu ayırıcı xətlər olmazsa – eynilə ölkənin coğrafi sərhədləri kimi – kimlərsə yanlışlıqla o tərəfdən bu tərəfə və ya əksinə keçə bilər; odur ki sərhədlər qorunmalıdır.

Altıncı və sonuncu tövsiyəm: Allah-taalanın “اِن تَنصُرُوا اللهَ یَنصُرکُم” – “Kim Allaha (onun dininə) yardım edərsə, Allah da ona yardım edər” vədinə inanın, etibar edin.

Əziz xalqım, əziz gənclər! Əmin olun ki, düşmənə göz dağı olacaq qələbə sizindir!

Pərvərdigara! Əziz İmamımızı (r.ə) Məhşərə imamlarla (ə) birgə gətir. Pərvərdigara! Əziz şəhidlərimizi Məhşərə İslamın ilk şəhidləri ilə birlikdə gətir. Harada, hansı libasda, hansı formada olmağından asılı olmayaraq, ölkəmizə xidmət edən insanları  hidayət et, dəstək ol və Özün onları qoru. Pərvərdigara! Sahibəz-zamanın (ə.f) pak qəlbini bizdən razı sal; o böyük İmamın (ə.f) duasını bizə şamil et. Pərvərdigara! Sözlərimizi, əməllərimizi Özünə xatir və Sənin yolunda qərar ver, bunları bizdən qəbul et. Məhəmməd və Ali-Məhəmmədə (s) xatir, bizi bu yolda yaşat və bu yolda da öldür.

Allahın salamı, rəhməti və bərəkəti sizə nəsib olsun.

_________________________

(1) “İqbalul-əmal”, səh. 687, “Şəbaniyyə münacatı” duasından. 
(2) Həmin mənbə.
(3) Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin üzvləri ilə 1395.03.06 tarixində keçirdiyi görüş. 
(4) Ali Məqamlı Rəhbərin Şimali Xorasan əyalətinin gəncləri ilə 1391.07.23 tarixində keçirdiyi görüş.