Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin gənc alimlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین 

Bu günlər əhəmiyyətli günlərdir; məhərrəm günləridir. Məhərrəm təkcə aşura ongünlüyündən ibarət deyil. Məhərrəm günlərində tarixdə çox böyük, heç vaxt sona çatmayacaq bir hadisə baş verib. O mənada yox ki, buna bənzər hadisələr həmişə davam edəcək – o, öz yerində; o, ayrı bir söhbətdir – amma bu hadisənin özü heç vaxt qürub etməyəcək bir günəşdir. Bəzən görürsən, möhtəşəm bir hadisə baş verir, bu gün olur, sabah yox olub aradan gedir. Bu hadisə isə bu cür deyil. Bu hadisə bu günə qədər daim var olmuş və bundan sonra da var olacaq, heç bir zaman batmayacaq bir günəş kimidir. Bu hadisə nurla zülmət, haqla batil, şərafətlə alçaqlıq, rəzillik arasındakı mübarizənin canlı və gerçək bir mənzərəsidir. Zirvəsi, pik nöqtəsi, əlbəttə ki, Aşura günü idi, amma müqəddiməsi hələ Aşuradan əvvəl, məhərrəm ayının ilk günlərində hazırlanmışdı. Aşuradan sonra da, bax yaşadığımız bu günlərdə Aşura hadisəsi Zeynəbi-Kübranın (s.ə) və İmam Səccadın (ə) rəhbərliyi ilə tamamlandı, təkmilləşdi. Odur ki bu günlər olduqca önəmli günlərdir və mən bu günlərdə özümdə güc tapıb siz əziz gənclərimizlə görüşməyimi, taleyin bu cür üzümə gülməsini – mən bunu, doğrudan da, taleyin xoş bir həddiyəsi kimi qəbul edirəm – özüm üçün müstəsna bir uğur hesab edir və xeyirə yozuram.

Siz əzizlərimlə, gənc alimlərlə görüşməkdən çox şad və məmnunam. Doğrudur, bu görüşlərdə toxunulan məsələlər il boyu danışılır, müzakirə olunur, izlənilir. Əziz gənclərimizin bu görüşdə vurğuladığı məsələlərə bənzər mövzulara mən il boyu müxtəlif hesabatlarda rast gəlirəm, oxuyuram və əgər onlarla bağlı nə isə bir tədbir görmək imkanım olursa, bunu edirəm. Az sonra mənim deyəcəyim sözlər də il boyu istər universitetlərin ictimaiyyəti ilə, istərsə də digər müxtəlif görüşlərdə səsləndirdiyim fikirlərdir. Buna baxmayaraq, bu görüşlər, bu toplantılar özləri mənim üçün çox gözəl və ürəkaçan bir şeydir: gənc alimlərimiz bura toplaşıb – az sonra bir neçə cümlə ilə sizi səciyyələndirəcəyəm – mən də onlar üçün söhbət edirəm.

Əvvəla, elmi-intellektual elita, xüsusilə də gənclər, gənc alimlər Allahın bir ölkəyə və bir xalqa bəxş etdiyi nəfis bir hədiyyədir. Bu hədiyyədən hər ölkəyə bu qədər geniş həcmdə, bu qədər çoxlu sayda nəsib olmur. Çoxsaylı və keyfiyyətli insan qaynaqlarının olması bizim ölkəmizin özünəməxsus cəhətidir; misilsiz bir xüsusiyyətidir; bu, Allah-taalanın ölkəmizə bəxş etdiyi çox nəfis və dəyərli bir hədiyyədir. Buradan isə belə bir nəticə çıxır ki, ölkəmizin rəsmiləri bu əmanətə dəyər verməli, onu qorumalıdırlar, çünki bu hədiyyə rəsmilərin əlində olan bir əmanətdir; Elm Xadimləri Fondundan, cənab Dr. Səttaridən və Ali Mədəni İnqilab Şurasından tutmuş Ali Təhsil, Səhiyyə və Təhsil Nazirliklərinə və insan qaynaqları ilə, gənclərlə əlaqədə olan digər strukturlara qədər; gənc və istedadlı insanlar onların əlində olan bir əmanətdir. Dəyərli əmanətləri qoruyub saxlamaq üçün onlardan muğayat olmaq və bu istedadların çiçəklənib artması mümkün olduğu zaman onların inkişafına şərait yaratmaq üçün məsuliyyət hiss etmək lazımdır.

Digər tərəfdən, insan ixtiyar sahibi olan bir varlıqdır; Allah-taala insana hər hansı bir işi görüb-görməməkdə ixtiyar verib. Bu ixtiyar isə məsuliyyət hissini vacib edir. Əgər biz hansısa bir məsələdə ixtiyar sahibi deyiliksə, məsuliyyət də daşımırıq. İxtiyarımız varsa, təbii ki, məsuliyyətimiz də var. Allah-taala siz istedadlı insanları ixtiyar sahibi olaraq yaradıb. Siz Allahın sizə bəxş etdiyi bu neməti, bu hədiyyəni – özünüzdəki bu güclü, parlaq istedadı işə sala da bilərsiniz, salmaya da bilərsiniz; düzgün məcrada da işlədə bilərsiniz, yanlış məcrada da; hər ikisi mümkündür. Deməli, sizin də öhdənizə məsuliyyət düşür. Təkcə əlində əmanət olan rəsmilər məsuliyyət daşımır. Əmanət verilmiş əsas və birinci şəxs siz özünüzsünüz; siz də məsuliyyət daşıyırsınız. Birinci və ən böyük məsuliyyət bu neməti – bu istedadı sizə bəxş etmiş Uca Allaha şükür etməkdir. Şükür nədir? Yəni əvvəla biləsiniz ki, bu, bir nemətdir, bu neməti sizə Allah-taala verib, biləsiniz ki, ona qarşı məsuliyyət daşıyırsınız və həmin məsuliyyət bu neməti yerində istifadə etməkdən ibarətdir. Şükür etməyin əsası bunlardır; bu olur şükür. Şükür etmək təkcə dillə olmur ki; şükür bu saydıqlarımın hamısının məcmusudur.

Biz gənclərə, elmə, intellektual elitaya, parlaq istedadlara nəyə görə bu qədər önəm verir, onları görəndə sevinir, onlara bu qədər güc və vaxt sərf edirik (həqiqətən də, vaxt sərf edirik, bunu da bilin)? Nə üçün?  Mən sizə deyim: çünki bizim acı bir keçmişimiz var. Uzun bir müddət ərzində bizə bacarıqsızlıq, “biz bacarmarıq”, başqalarından asılılıq geni yeridilib. Uzun bir müddət ərzində, Qacar dövründən Pəhləvi dövrünə qədər xalqımızda – bu istedadlı xalqda daxilən bir bacarıqsızlıq, heç bir iş görmək iqtidarında olmamaq hissi formalaşdırılıb. Və bizdə – bütövlükdə İran cəmiyyətində bu hissi fundamentallaşdırıblar. Bizim keçmişimizdə bu var. Nəticəsi isə bu olub ki, biz iranlılara bir xalq olaraq Qərbin fonunda baxılıb. Bu barədə istər tarixi, istər ictimai, istər analitik baxımdan deyiləsi sözlər çoxdur, amma hazırda nə bunun vaxtı və yeridir, nə də bura bunun üçün toplaşmışıq. Başqalarından bir az əvvəl əldə etdikləri elmi nailyyətlərə görə özlərini çəkib dağ başına qoymuş  qərblilər, avropalılar başqa xalqlara, o cümlədən bizə bu gözlə baxıblar. Dərin və nəcib mədəniyyətə, parlaq keçmişə malik olan xalqlara o qədər alçaldıcı formada yanaşıblar ki, onlara öz prizmalarından baxaraq elə o cür də təqdim ediblər. Mən bu “Orta Şərq” ifadəsi barədə ümumi çıxışlarımda bir-iki dəfə danışmışam(2);  Asiya regionu – bəşəriyyətin ən qədim və ən böyük sivilizasiyalarının vətəni olan, ən qədim tayfaların yaşadığı bu əzəmətli region avropalıların deyimi və məntiqi ilə bütövlükdə “Şərq” olaraq tanınıb və 3 hissəyə bölünüb: Uzaq Şərq, Orta Şərq və Yaxın Şərq. Uzaq Şərq – haradan uzaqdır? Avropadan! Orta Şərq – orta, yəni nə uzaq, nə yaxın – hara nisbətən orta məsafədədir? Avropaya! Yaxın Şərq – hara yaxındır? Avropaya! Baxın, bu mədəniyyətin və bu ifadələrin arxasında bir çox başqa şeylər durur. Yəni bəşəriyyətin bütün tarixi keçmişini bu şəkildə təsnif ediblər. Bütün bu sivilizasiyalar, bu xalqlar, bu mədəniyyətlər, Asiya regionunda – istər Hindistanında, istər Çinində, istər İranında, istər Mesopotamiyasında, istər Babilində və sairində ortaya çıxmış bu qədər elmi biliklər, bu qədim mədəniyyətlər hamısı bütövlükdə bir regionda birləşdirilib və adları da Avropaya uzaqlığı və ya yaxınlığı baxımından seçilib! İndiyə qədər də bizim regionumuzu “Orta Şərq” adlandırırlar, bura Orta Şərqdir. Bir də Uzaq Şərq var. Nəyə görə uzaq? Çünki Avropadan uzaqdır! Baxın, qərblilər bu cür ad veriblər. Qərbdə yaşayan xalqlar yoxsulluqdan qurtulub varlanmış və sonra da özünü itirmiş bir insan kimi bir sərvət əldə ediblər – amma onların sərvəti maddi sərvət deyildi, elm idi, elmi biliklər idi; elm əldən-ələ gəzir axı; necə olubsa, onların da əlinə düşüb – bu elmi durmadan inkişaf etdiriblər, lay-lay üstü-üstə qoyub yuxarı çıxıblar, yuxarı çıxdıqca da bütün bəşəriyyətə, hətta o elmi bilikləri onlardan əvvəl qazanmış xalqlara yuxarıdan aşağı baxmağa başlayıblar. Bir vaxtlar bizim ölkəmiz də o sıradan idi. Təəssüflər olsun ki, ölkəmizdə hakimiyyət başında duran insanlar bu vəziyyəti daha da genişləndirir, onların bizə təhqiramiz yanaşmasına şərait yaradırdılar; istər qacarlar, istərsə də pəhləvilər – ata-oğul – bizi onların kölgəsi altında təqdim edirdilər. Bu, çox təhlükəli və önəmli bir məsələ idi. 

Bir ölkə hansısa böyük dövlətin kölgəsinə qısılanda isə əslində onun bütün imkanları istər-istəməz həmin dövlətə aid olur. O gəlib bütün imkanlardan istifadə edir, neftdən istifadə edir, resurslardan istifadə edir, strateji-coğrafi mövqedən istifadə edir. II Dünya müharibəsində dünya dövlətləri bir-biri ilə vuruşurdu, bizimlə heç bir əlaqəsi də yox idi, amma bir tərəfimizdə Rusiya, digər tərəfimizdə isə İngiltərə müəyyən imkanlara, bazaya malik olduğuna görə İranı öz seçimləri əsasında, heç kəsdən icazə belə almadan silah tranziti  üçün vasitəyə çevirmişdilər. O Trans-İran dəmir yolu xətti – hansının ki adı “trans” idi, əslində heç ölkənin bu başından o başına uzanmırdı – o zaman onların bu məqsədlərinə xidmət etmək üçün salınmışdı. Yəni bir tərəf Fars Körfəzi idi, o biri tərəf isə Sovet İttifaqına aid olan şimal bölgəsi idi; Rusiya ilə İngiltərə arasında əlaqə yaradılmalı idi – bu barədə danışılası sözlər çoxdur – ölkənin resursları, bazarları onların əlində idi, onlara aid idi. Təsəvvür edin, bir ölkə oturub baxa, gəlib misini aparalar, poladını aparalar, dəmirini aparalar, cürbəcür resurslarını aparalar, neftini, qazını cüzi qiymətə yığıb aparalar, sonra da öz istehsal etdikləri, satışa gedib onlar üçün sərvət yaratmalı olan məhsulları qaytarıb o ölkəyə gətirələr. Tarifsiz-gömrüksüz, heç bir əngəl və maneə olmadan həmin ölkəni öz məhsullarının sərfəli bazarına çevirələr. Bax inqilabdan əvvəl İranda bu baş verirdi. 

İnqilab bir dəyişiklik yaratdı; İslam İnqilabı böyük bir dəyişiklik etdi. Mən bu gün bunu belə ifadə edərdim ki, İslam İnqilabı ilə özünəinam və özünəgüvən xaricdən asılılıqla savaşa çıxdı; Allah-taala da kömək etdi. Düzdür, müharibə ağrı-acılı bir şeydir, 8 il davam etmiş savaş, doğrudan da, ağrılı idi, ağır itkilər verdik, böyük zəhmət və əziyyət çəkdik. Mən özüm işin içində idim, çox acı, çox ağır, çox kədərli bir dövr idi. Dəfələrlə göz yaşlarına boğulduğumuz, yorulduğumuz olmuşdu, amma bütün bu çətinlikləri ilə yanaşı, belə bir gözəl xüsusiyyəti də oldu ki, İran gənclərinə nəyə qadir olduqlarını, nələr bacardıqlarını, qollarını çırmayıb meydana atılanda rəqibinə, düşməninə qalib gələ biləcəklərini göstərdi; necə ki biz qalib gəldik.  İran gəncləri müharibə meydanına atıldılar, əgər müharibə olmasaydı, hadisələr bu şəkildə baş verməyəcəkdi. Müharibə yanğın kimidir, yanğın baş verəndə hamı işini-gücünü atıb o alovu söndürməyə gedir. O zaman da belə oldu, hamı diqqətini müharibəyə yönəltdi. İstedadlar üzə çıxdı, İran gənclərinin nələrə qadir olduğu göründü. Xalqın, gənclərin döyüş meydanlarındakı o iştirakı, düşmənin üzərində çaldığı qələbələr – özü də elə bir düşmən ki, təkcə bir ölkə deyildi, arxasında dünyanın bütün super-dövlətləri durmuşdu – bütün bunlar camaatımızda özünəinamın artmasına səbəb oldu. Odur ki inqilab xalqımızda özünəinamın baş qaldırmasına, özünəgüvən hissinin o vaxta qədər yaşanmış bacarıqsızlıq, çarəsizlik, asılılıq  psixologiyasına qarşı çıxmasına səbəb oldu; bu baş verdi. 

Burada bir məqam var ki, onu diqqətdən qaçırmaq olmaz; dərin müharibələrdə – hansı ki hazırda onlara “yumşaq müharibələr” deyilir; dərin müharibələrdir –  o cümlədən bu sıraya daxil olan mədəni savaşlarda, odlu-alovlu müharibələrdən fərqli olaraq, qısa müddətdə həlledici nəticələr əldə olunmur. Bu savaşlar uzun çəkir. Hərbi əməliyyatlarda əvvəl-axır bir tərəf o birinə qalib gəlib əzir və məsələ bitir. Biz 8 il davam etmiş müqavimət illərində təcavüzkar Səddam ordusunu ölkədən çıxara bildik və məsələ qurtardı. Yumşaq müharibədə, dərin müharibədə, mədəni savaşda isə vəziyyət bu cür deyil. Ola bilsin ki, müəyyən mərhələdə sən qalib gəlirsən, amma bu, daimi qələbə demək deyil; qarşı tərəfin özünü toplayıb, hazırlaşıb yenidən hücuma keçəcəyi anı gözləməlisən. Və bu baş verdi. Həmin asılılıq bəlasını sonradan ölkədə başqa formalarda ortaya çıxarmağa başladılar. Axı necə olursa-olsun, düşmənin ölkədə adamları var, bunu inkar etmək mümkün deyil. Xalqımız böyük bir xalqdır, gözəl bir xalqdır, amma bütün başqa xalqlarda olduğu kimi, bizim xalqın da arasında əcnəbipərəst, əqidəsiz, maddiyyatçı, tez aldanan adamlar var. Bunlar həmin asılılıq mədəniyyətini təzədən ortaya atıb yaymağa başladılar, intəhası bu dəfə daha təmtəraqlı, daha rəngarəng, daha cəlbedici adlar qoydular: qloballaşma, dünya ailəsinə inteqrasiya. Qərblilər, amerikalılar elə bu gün də müxtəlif toplantılarda bizə bunları tövsiyə edirlər: İran dünya ictimaiyyətinə inteqrasiya etsin, dünya ailəsinə qoşulsun, qloballaşsın. Bunları deməklə elə o asılılığı nəzərdə tuturlar; eyni şeydir. Yanlış anlaşılmasın, mən dünya ilə əlaqələr qurmağın əleyhinə deyiləm – bir vaxtlar ölkə prezidenti olmuşam, elə o dövrdən xarici siyasət sahəsində həyata keçirdiyim ən əsas işlərdən biri əlaqələr yaratmaq olub; istər bir-iki ölkəni çıxmaq şərtilə Avropa ölkələri və digər müxtəlif ölkələrlə ikitərəfli əlaqələr olsun, istərsə də beynəlxalq təşkilatlar vasitəsilə qurulan kollektiv münasibətlər – amma bu ikisi başqa-başqa şeylərdir; qloballaşmanın mənası başqadır. Qloballaşma bir neçə böyük dövlətin dünya iqtisadiyyatına, qlobal siyasətə, qlobal təhlükəsizliyə diktə etdiyi mədəniyyətə tabe olmaq deməkdir; bu siyasətə boyun əymək, özünü bu çərçivənin içinə salmaqdır. Onların nöqteyi-nəzərində qloballaşma budur. “Qloballaşın”, “dünya ictimaiyyətinə inteqrasiya edin” deyəndə bunu nəzərdə tuturlar. Bu, elə həmin o asılılıqdır, ondan heç bir fərqi yoxdur.

Parlaq istedadlara qayğı və diqqəti rəsmilərə qaçılmaz bir zərurət kimi vacib edən isə böyük bir hədəfdir. Burda böyük bir hədəf var; bu hədəfi nəzərdə tutaraq istedadlı insanlara, elmi-intellektual elitanın nümayəndələrinə həmişə ciddi və funksional yanaşmaq, can yandırmaq lazımdır. Həmin hədəf nədən ibarətdir? O hədəf İranı mütərəqqi, qüdrətli, şərəfli – bəzi alçalmış, zəlil ölkə və dövlətlərin şərəfsizliyinin əksinə olaraq – beynəlxalq, ümumbəşəri problemlərə münasibətdə yeni sözü, yeni fikri olan bir ölkəyə çevirməkdir. İran qlobal problemlərdə, bəşəriyyətin yaşamı ilə bağlı məsələlərdə yeni sözü olan, yeni fikir irəli sürən bir ölkə olmalıdır. Axı bəşəriyyətin vəziyyəti heç də yaxşı deyil. Bəşəriyyətin bugünkü halı yer üzündəki düşünən beyinlərdən hansını qane edir? İstər Şərq olsun, istərsə də Qərb, dünya mütəfəkkirlərinin dediklərinə nəzər salın, görəcəksiniz ki, hamısı insanlığın hazırda çəkdiyi əzab-əziyyətlərdən fəryad qoparıb şikayət edir. Yaxşı, bu çıxılmaz vəziyyətdə nə isə yeni bir söz demək, ortaya bir yol qoymaq lazımdır. Bu yeni sözü isə müsəlman İranı deməlidir.

Və heysiyyətli olsun; hədəfimiz İranı qürurlu, heysiyyətli bir ölkəyə çevirməkdir. Ola bilər ki, bir insan özlüyündə dəyərli olsun, amma qüruru, heysiyyəti olmasın. Mənim son bir neçə ildə daim vurğuladığım məqamlardan biri də budur: qürurlu, heysiyyətli olmalıyıq. Allah-taalanın bizə verdiyi mənlik və heysiyyəti hiss etməliyik; qürurumuz olmalıdır. Qürur və heysiyyətini hiss etməyin özü əsl heysiyyəti təşkil edən amillərdən biridir.

Və iman və mənəviyyatla dolu olsun. Dedik ki, ölkəmizi tərəqqi, qüdrət və sair bu kimi cəhətləri özündə əks etdirən bir ölkə kimi görmək istəyirik, amma bunlarla yanaşı, iman, mənəviyyat da olmalıdır. Bugünün qüdrətli dünyasının böyük bir bəlası odur ki, qüdrət olan yerdə iman yoxdur. Amerikadakı prezident seçkilərində hansı vəziyyətin yaşandığına baxın! Ortada iki nəfər qalıb, onların polemikalarını, bir-birinə nələr etdiklərini, nələr dediklərini görürsünüz?! Bu ikisindən biri prezident olacaq. Harada? Böyük, çoxmilyonlu, zəngin, bəşəriyyətin elmi nailiyyətlərinin zirvəsi olan bir ölkədə. Ortada qalan bu iki adamdan biri ölkə başçısı olacaq: ən çox atom silahı sərəncamında, dünyanın ən böyük sərvəti ixtiyarında, ən genişmiqyaslı media ovcunun içində. Bütün bunların başında bu iki adamdan biri duracaq; kim olduqlarını, nə olduqlarını özünüz görürsünüz. Bu vəziyyətin səbəbi isə mənəviyyatsızlıqdır, imanın olmamağıdır.

Və yeni İslam sivilizasiyasının bayrağını göylərə ucaltsın. Biz belə bir ölkə istəyirik, hədəfimiz budur. Baxın, mən 9 meyar göstərdim. Biz ölkəmizi bu kimi keyfiyyətlərə malik, belə bir ölkəyə çevirmək istəyirik. Əlbəttə, yolun ortalarında, müəyyən etaplarda pis olmayıb, müəyyən irəliləyişlərə nail olmuşuq, amma bütün bunlar hələ yolun ortasıdır, biz irəli gedib zirvələrə yetişməliyik. Bu isə savadlı və istedadlı bir gənc nəsil olmadan mümkün deyil. Bu hədəfi təmin edəcək bir gənc nəsil olmalıdır. Bu hədəfin vacib olduğuna heç kim şübhə və tərəddüdlə yanaşa bilməz. Bizlər bir insan olaraq, bir dövlət rəsmisi olaraq, bir müsəlman və bir iranlı olaraq – İslamı qəbul etməyən biri belə, necə olursa-olsun, iranlıdır; iranlı olmağın özü də insanın boynuna bir məsuliyyət qoyur – bu bir neçə məsuliyyəti çiyinlərində daşıyan biri olaraq, ölkəmizi qeyd etdiyim o məqama çatdırmalıyıq.

Yaxşı, bəs bunun yolu nədir? Bunun yolu aşağıdakı keyfiyyətlərin daşıyıcısı olan bir nəsil yetişdirməkdir: şücaətli, savadlı, dindar, novator, avanqard, özünəinamlı, qeyrətli bir nəsil meydana gəlməlidir – əlbəttə, sevindirici haldır ki, bu gün ölkəmizin gənc nəslində bu xüsusiyyətlərdən çoxunu müşahidə edirik, amma bunu genişləndirməliyik – belə bir nəsil lazımdır. İmanı olmalıdır, savadı olmalıdır, qeyrəti olmalıdır, şücaəti olmalıdır, özünəinamlı, hərəkət etmək üçün kifayət qədər stimullu, fiziki və intellektual cəhətdən bacarıqlı olmalı, hədəfini müəyyən etməli, gözünü uzaq hədəflərə dikməli, Əmirəlmöminin Əlinin (ə) təbiri ilə desək:

اَعِرِ اللهَ جُمجُمَتَک

– Allah yolunda baş qoymalıdır(3).  Həyatını, bütün varlığını bu hədəf uğrunda qoyub ciddi surətdə hərəkət etməlidir; bir kəlmə ilə desək, inqilabçı olmalıdır; inqilabçı olmaq bu deməkdir. Bəziləri düşmənçilikləri ucbatından “inqilabçı” sözünü pis bir şəkildə mənalandırırlar. İnqilabçıları savadsız, məsuliyyətsiz, intizamsız insanlar bilirlər. Xeyr, əslində tam əksinədir. İnqilabçı olmaq savadlı, intizamlı, dindar, işgörən, ağıllı, tədbirli olmaq deməkdir. Bizə belə bir nəsil lazımdır. Bizim gənc nəslimiz belə bir nəsildir. Az öncə qeyd etdiyim hərəkatı həyata keçirən bu nəsildir, bu hərəkatın hərəkətverici qüvvəsi isə elmi-intellektual elita, gənc istedadlardır; onlar bu cürdür. Sizlər hərəkətverici qüvvəsiniz, mühərriksiniz. Əgər siz yaxşı işləsəniz, bu gənc nəsil bayaq dediyim istiqamətdə gedəcək. Mənim gənc istedadlara bu qədər önəm verməyimin, onların varlığının dəyərini bilməyimin səbəbi budur. Gənc istedadlar dəyərlidir.

Bəli, bu hərəkata start verilib. Mən ölkənin bu problemini, yəni belə bir mexanizmə, belə bir hərəkata ehtiyac duyduğunu dərk edərək hələ 15 il, bəlkə, bundan da bir az əvvəl ölkədə böyük bir elmi irəliləyiş hərəkatı gerçəkləşdirmək lazım olduğu fikrini irəli sürdüm. Elm adamları, gənclər, universitetlərimiz, professorlarımız, iş başına gələn hökumət kabinetlərinin əksər hissəsi mənim bu fikrimi müsbət qarşılayaraq alqışladı və bu iş irəlilədi, sürətli elmi nailiyyətlər qazanıldı. Amma bu, şüşə kimi dümdüz asfalt yolda irəliləmək kimi deyil. Bu yolda maneələr çoxdur. O maneələrin hansılar olduğunu bilmək və çarəsini tapmaq lazımdır. Bu hərəkatın düşməni var; o düşmən kimdir? İndi bəziləri deyəcək ki, hə də, aydın məsələdir, filankəs “düşmən” deyəndə  Amerika, İsrail və sairi nəzərdə tutur, özünə də elə gəlir ki, onlar bizə qarşı hansısa planlar qurur. Yox, o planlar fantaziya deyil, mən onların real olduğunu bilir, görürəm. Mən də əgər belə pis niyyətli planları görür, müşahidə edirəmsə, sizdən gizlədə bilmərəm ki; deməliyəm. Mən “düşmən” deyən kimi, bir qrup adam deyir: “Filankəs nə qədər “düşmən, düşmən” deyir?!” Bəs nə edim, “düşmən” sözünü ağzıma almayım? Allah-taala Quranda Şeytanın adını bir o qədər çəkib. Yaxşı, bir dəfə “Şeytan” dedi, bəs edirdi, daha nə üçün dönə-dönə Şeytandan danışırdı ki? Ona görə ki, mən və siz bu düşməni unutmayaq. Düşməni daim nəzərdə saxlamaq lazımdır. Çünki o, işsiz-gücsüz oturmur, daim hərəkətdədir. Əgər bacarsa, ölkəmizdəki bu elmi irəliləyiş hərəkatını durduracaq; görsə ki, durdura bilmir, düzgün kursundan yayındırmağa çalışacaq. Biz də səriştəsizliyimiz ucbatından bu yayınmaya yardımçı ola bilərik. Mən dönə-dönə təkrar etmişəm(4)– bayaq da əziz gənclərimizdən bəziləri qeyd etdilər – ki, tədqiqat işləri, elmi məqalələr, dissertasiyalar və sair ölkənin ehtiyaclarına xidmət etməli, bu məqsədlə, bu niyyətlə, bu tendensiya əsasında hazırlanmalıdır. Bunu ona görə deyirəm ki, ölkəmizdəki elmi hərəkat düzgün xətdən yayınmasın. Düşmən bizim elmi hərəkatımızı durdura, yaxud yolundan sapdıra bilməyəndə, ləkələməyə, bədnam etməyə çalışır. Kimsə alim adı ilə bura gəlir, ölkəmizdə qonaq olur, sonra da gedib universitetin qarşısındakı küçədə diplomların satışını təklif edən elanın şəklini çəkib dünyada yayır. Ləkələmək bax budur. Bunları İrana kim dəvət edir? Bunlar alimdir? Nəyə görə anlamırıq? Nəyə görə səhvə yol veririk? Ötən bir neçə il ərzində ölkəmizin gəncləri, aidiyyətli strukturların rəsmiləri ölkənin elmi inkişafının dünyanın məşhur və mötəbər elmi mərkəzlərində rekord həddə çatmasına nail ola biliblər. Dəfələrlə eşitmisiniz, söyləmişəm ki, filan ildə ölkəmizin elmi inkişafı dünya ölkələri üzrə orta göstəricidən 13 dəfə artıq olub. Bu, mənim öz sözüm deyil ki! Mənim hardan xəbərim var?! Bunu sizin də tanıdığınız, dünyanın məşhur, mötəbər mərkəzləri deyir, təsdiq edir. Bir ölkənin elmi inkişafı dünya üzrə orta göstəricidən 13 dəfə çoxdursa, bu, zarafatdır? Mən ona görə bu sürət tempinin azalmasına imkan verməyin deyirəm ki, biz çox geriyik. Sürətimiz o qədər çox olmalıdır ki, özümüzü ön sıralara çatdıra bilək. Mən bunu dəfələrlə qeyd etmişəm(5). Mən belə deyəndə möhtərəm rəsmilərimiz mənə cavab verirlər ki, elmi inkişafa görə dünya ölkələri arasında, misal üçün, filan sıradan aşağı düşməmişik. Məgər düşməli idik? Yuxarı qalxmalı idik, özü də sürətlə! Problem bundadır. Bu elmi hərəkata xələl gəlməsinə imkan verməməliyik; bu hərəkatın düşməni var. Əgər bu elmi hərəkata qarşı düşmənçilik edilsə və biz də bunu anlamayıb onu qorumasaq, nəticəsi çox ağır və acı olacaq. Bilirsiniz, o nəticə nədən ibarətdir? Ölkənin gənc insan qaynaqlarında pessimizm, məyusluq əhval-ruhiyyəsinin yaradılmasından. Əgər bu baş versə, daha o vəziyyəti düzəltmək o qədər də asan olmayacaq. Son bir neçə ildə ölkənin ali təhsil müəssisələrində oxuyan gənc ziyalı ictimaiyyətində bir ümid yaranıb – neçə illərdir ki, biz burda gənclərlə görüşürük, gəlib söhbət edirlər; mən müqayisə edirəm, o uşaqların bu gün etdiyi söhbətlər, məsələn, bir neçə il öncə eşitdiklərimdən yerlə göy qədər fərqlənir; cavanlarımız inkişaf edib, irəli gedib, püxtələşib, təfəkkürləri dərinləşib, baxış arealları genişlənib; bunlar çox dəyərlidir – bu gənclər ümidini itirsə, pessimizmə qapılsa, onları geri qaytarmaq bir o qədər də asan olmayacaq. 

Burda ümidini itirənlərin bir qrupu üz tutub başqa yerlərə gedir; belələrini gözləyən tələlər çoxdur. Elə bu məqamda sizə onu da deyim ki, ölkəmizdə elmi nailiyyətləri nümayiş etdirmək məqsədilə müxtəlif toplantılar, sərgilər keçirilir; bu, çox yaxşı bir şeydir, amma ehtiyatlı olmaq lazımdır ki, bu kimi tədbirlər parlaq istedadlarımızı yadlara tanıtdıran mərkəz rolunu oynamasın. Belə olmasın ki, siz həmin tədbirlərdə istedadlı uşaqları təqdim edəsiniz, onlar da tanıyıb-bilib, götürüb aparsınlar. Onlar tanıyıb-bilməmişdən əvvəl bizim öz strukturlarımız bu uşaqlarla yaxından tanış olmalıdır. Bunları pərdə arxasında gizlətməyəcəyik ki; əvvəl-axır üzə çıxacaqlar, amma ölkə daxilindəki rəsmi qurumlar bu istedadları başqalarından öncə tanımalı, cəlb etməli, onlara iş verməlidir. Elə bir gənc yoxdur ki, özünün və ailəsinin yaşadığı, ona doğma olan mühiti qürbətdən üstün tutmaya. Orada qəriblik olsa da, onlara müəyyən şərait yaradılır, imtiyazlar verilir, siz burda bu gənclər üçün hətta ondan da az imkanlar yaradıb, onlardan özünüz və ölkəniz üçün istifadə edə bilərsiniz. Sizə onu deyim ki, mən ölkənin elmi irəliləyiş hərəkatını, elmi ictimaiyyətini müdafiə etməkdə son nəfəsimə qədər əlimdən gələni zərrə qədər belə olsun əsirgəməyəcəyəm və bilirəm ki, bu hərəkat bərəkətli bir hərəkatdır və inşallah, sonu da xeyirlə nəticələnəcək; inşallah ki, irəli gedəcəyik. İndi isə bir neçə məqama toxunmaq istəyirəm. 

Ölkədə elm – texnologiya tsiklinə, elm adamlarına dəstək verilməsinə düzgün təsir göstərib stimul verə biləcək şeylərdən biri də bayaq cənab Dr. Səttarinin və bəzi başqa dostlarımızın qeyd etdiyi elmi əsaslı şirkətlərdir; sevindirici haldır ki, ölkədə belə müəssisələr kəmiyyət baxımından artmaqdadır. Mənim tövsiyəm budur ki, əvvəla, bu artım davam etdirilsin; ikincisi, əziz gənclərimizdən birinin də qeyd etdiyi kimi, bu müəssisələrin ölkənin mühüm, başlıca sənaye və texnologiya sferalarında iştirakına şərait yaradılsın, ümumi siyasətlərin icrasında əhəmiyyətli olduğu vurğulanmış sferalarla bu şirkətlər arasında əlaqələrin qurulması təmin olunsun; üçüncüsü, bu şirkətlərin keyfyyətinə diqqət yetirilsin; yəni şirkətlərin say çoxluğu müsbət və önəmli bir məsələdir, amma diqqət edin ki, keyfiyyət və prioritet üçün müəyyən meyarlar, normalar nəzərdə tutulsun və elmi tutumlu şirkətlərə məhz onlar əsasında yanaşılsın. Bu şirkətlər genişlənsə, keyfiyyətli olsa və işləsə, sözsüz ki, biz artıq dövlətin gənc alimlərə maliyyə dəstəyi göstərməsi kimi bir problem də yaşamayacağıq. Yəni bu şirkətlər özləri elm adamlarını dövlətin maliyyə dəstəyinə ehtiyac duymaqdan, rəsmi qurumlardan bir gün “var”, o biri gün “yoxdur” sözlərini eşitməkdən azad edəcək. Önəmli məsələlərdən biri budur.

Elmi tutumlu şirkətləri genişləndirə biləcək tədbirlərdən biri də onların istehsal etdiyi məhsulları yaymaqdır. İdxalat, daxildə analoqu olan məhsulların idxalı və sair bu kimi mövzular barədə çox danışmışıq, bir çox işlər də görülür, amma mən bir bir daha vurğulamaq istəyirəm ki, ölkəmizədki elmi əsaslı şirkətlərin məhsulları genişləndirilməlidir. Bunun ən önəmli prinsiplərindən biri isə odur ki, dövlət qurumlarında həmin məhsullardan başqa heç bir məhsul işlədilməsin, başqa mal alınmasın; yəni bu şirkətlərdən istifadə olunsun. Çünki ölkənin ən böyük istehlakçısı elə dövlətin özüdür; yəni ən önəmli istehlakçı dövlətdir.

Universitetlərdə gənc istedadlar ocaqlarının yaradılması məsələsinə də toxunmaq istəyirəm. Mən bunu daha əvvəl də tövsiyə etmişəm; qoy universitetlərdə bir, iki nəfər professor bir qrup gənci başına toplayıb bir gənc istedadlar ocağı yaratsın. Bu, çox bərəkətli bir şeydir, bunu genişləndirmək, belə ocaqların sayını artırmaq da olar. Amma mənə bu cür mərkəzlərin təşkil edildiyi barədə heç vaxt heç bir məlumat çatmayıb. Bunu ötən il də mən müxtəlif görüşlərdə bir-iki dəfə təkrarlamışam(6); bu işi reallaşdırmaq lazımdır. Daha bu ki dövlət strukturlarının və sairin işi deyil; bu, universitetlərin öz öhdəsinə düşən bir işdir.

Bir məqamı da qeyd etmək istəyirəm (düzdür, hörmətli Təhsil Naziri bu gün burda yoxdur, amma bu deyəcəklərimi o da eşitməlidir): mənim bu Parlaq İstedadların Yetişdirilməsi üzrə Milli Komitə sarıdan nigarançılığım var. Mənə çatan məlumatlar heç də ürəkaçan deyil. Sözügedən komitə çox əhəmiyyətli bir qurumdur. Bu, çox önəmli bir işdir. Bayaq qeyd olundu ki, bu layihə əsasında çoxlu sayda yeni məktəblər yaradılıb. Bütün bu işlər PİYMK-nın fəaliyyətinin düzgün qurulmasından, bu qurumun lazımınca idarə olunmasından asılıdır. Lakin dediyim kimi, bu yöndə bizə çatan məlumatlar sevindirici deyil.

Cənab Səttariyə qısaca dedim: daha bir nigarançılığım Elm Xadimləri Fondunun özü ilə bağlıdır. Elm Xadimləri Fondu çox əhəmiyyətli bir qurumdur. Bu fond canlı və dinamik fəaliyyət göstərməlidir. Əlbəttə ki, mənim cənab Dr. Səttariyə, doğrudan da, etimadım var; yəni onun həm elmi-intellektual bacarığına, həm də düzgün, vicdanlı işlədiyinə, həqiqətən də, inanıram. Cənab Səttari! Əgər siz, doğrudan da, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi ilə Elm Xadimləri Fondunun bir-biri ilə uyğun gəlmədiyini, yəni EXF-nin vəzifələri ilə Elmi Məsələlər üzrə Müavinliyin geniş əhatə dairəsinə malik fəaliyyətinin üst-üstə düşmədiyini görürsünüzsə, bunun üçün bir şey fikirləşin; ya bu iki strukturu bir-birindən ayırın, ya da ən azından elə Elmi Məsələlər üzrə Müavinliyin tabeliyi çərçivəsində fonda güclü bir rəhbər təyin edin. EXF-nin işini universitetlərin öhdəsinə qoymayın. Universitetlər bu işin öhdəsindən gələ bilsəydilər, heç əvvəldən EXF-ni yaratmazdıq.

Qeyd etməli olduğum bir məsələ də var: mənə çatan məlumatlara əsasən, aero-kosmos, peyklər və sair bu kimi mühüm sferalarda aparılan tədqiqatlarla bağlı irimiqyaslı layihələr dayandırılır və ya ləngidilir. Bu, məni narahat edir və elə buradaca qeyd etmək istəyirəm ki, qoy hamı tələb etsin. Mən aidiyyətli qurumların rəsmilərindən ciddi surətdə tələb edirəm ki, bu məsələlərlə məşğul olsunlar. Bunlar çox önəmli layihələrdir; hətta nüvə enerjisi ilə bağı tədqiqat layihələrindən bəziləri ilə də bağlı vəziyyət bu cürdür. Bunlara qətiyyən ara vermək olmaz; bu layihələrin tamamilə və ya yarımçıq şəkildə dayandırılmasına yol verilməməlidir. Halbuki onlardan bəzilərinin yarıdayanmış, yaxud tamamilə dayandırılmağa yaxın  bir vəziyyətdə olduğu söylənilir. Zənnimcə, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi bu məsələdə də önəmli rol oynaya bilər; ya bunlar tamamilə Elmi Məsələlər üzrə Müavinliyə həvalə olunsun, universitetlər bu işi müavinliyə tapşırsın, ya da ən azından müavinlik bu sahədə həlledici bir rol oynasın. Çox önəmli bir məsələdir. Belə hallar həm elmimizə zərbədir, həm də misal üçün, nüvə, aero-kosmos, nano, biotexnologiyalar sahəsində böyük ümidlə işləyən gənc alimlərimizi ruhdan salır. Onlar bu sferalara etinasız yanaşıldığını, tədqiqat işlərinin yarıdayanmış vəziyyətə gətirildiyini görəndə həvəsdən düşürlər. Mən bundan əvvəl də dəfələrlə demişəm ki, gənclərimizin ümidsizlik və pessimizmə qapılması çox böyük bir təhlükədir. Nə isə, mən burda qeyd etmişəm ki, bu layihələr ya Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinə verilməli, ya da heç olmasa müavinliyin bunlara lazımi səviyyədə bir təsiri, nəzarəti olmalıdır; istedadlı insanlar bu layihələrə cəlb olunmalıdır. 

Bir məqamı da qeyd etmək istəyirəm: sevindirici haldır ki, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinin tərkibində mədəni işlər üzrə də bir müavinlik qurulub. Bu, yaxşı bir haldır, amma çalışsınlar ki, bu mədəni müavinliyin fəaliyyəti günün tələblərinə uyğun, mütərəqqi bir səviyyədə olsun. Xoşbəxtlikdən, bu gün müxtəlif ictimai təbəqələrdən olan gənclərimizin dini təfəkkürü xeyli inkişaf edib. Elə buradaca mən fürsətdən istifadə edib Aşura günlərində əzadarlıq heyətlərini idarə edən kollektivlərə təşəkkürümü bildirmək istəyirəm. Onlardan bəziləri haqda mənim özümün xəbərim var idi, bəziləri haqda isə mənə kənardan məlumat verdilər. Heyətlərin səviyyəsi çox yüksəlib; yaxşı natiqlər çıxış edir, çox yaxşı mövzular ətrafında danışılır. Mən hətta o məclislərə gedib-gələn bəzi şəxslərə bir-iki sual da verdim – bu, mənim işimdir; yəni biz bu məsələlərdə mütəxəssisik – gördüm ki, həqiqətən də, çox yaxşıdır. Bu məclislərin səviyyəsi yüksəkdir, çox yaxşı söhbətlər edilir, gözəl fikirlər səsləndirilir və onlarda gənclərdən ibarət böyük bir kütlə iştirak edir. Bizim də burda məclisimiz oldu; iştirak edənlərin, demək olar, 90 faizi, bəlkə, ondan da çoxu gənclər idi; burda da çox yaxşı söhbətlər edildi, amma elə yerlər var idi ki, orada həftələrlə – 10 gecə, 15 gecə və ya 10 gün, 15 gün məclis qurulurdu, çox yaxşı natiqlər çıxış edirdi, bəzən çox gözəl mərsiyələr oxunurdu, dolğun mənalı əzadarlıqlar keçirilirdi. Bütün bunlar çox dəyərlidir. Gənclərimizin dini məsələlərlə bağlı düşüncə səviyyəsi çox inkişaf edib; aparılan mədəni işlər də buna uyğun səviyyədə inkişaf etdirilməlidir.

Gənc alimlər üçün cihad yürüşlərinin keçirilməsi də çox faydalı ola biləcək işlərdəndir. Cihad yürüşləri çox dəyərli bir şeydir. Gənc elm adamlarının bu yürüşlərdə iştirakı, əvvəla, sizləri ölkənizdəki vəziyyətlə, müxtəlif təbəqələrdən olan insanlarla, bizim hamımızın öhdəsinə düşən ağır vəzifələrlə, inqilabdan sonrakı illər ərzində yol verilmiş səhlənkarlıqlarla tanış edəcək – müəyyən yerlərdə, doğrudan da, səhlənkarlığa yol vermişik –  və hərəkətə keçirəcək. Belə tədbirlərdə iştirak etməklə insanda bir həvəs, stimul yaranır.

Mən çıxışımı yekunlaşdırmaq və sonda bir cümlə qeyd etmək istəyirəm: biz istəyirik ki, beynəlxalq elmi mühitdə dünyanı düçar olduğu zəlalət və cəhalətdən xilas edə biləcək bir toplum və ölkə ortaya çıxsın. Əziz gənclər! Bu mümkündür. Əgər siz ölkənizin elm, özünəinam, innovasiyalar, gərgin elmi işlər baxımından tərəqqisinə nail olsanız, cəhalət və zəlalət dolu bu yer üzündə bütün dünyanın qəbul etdiyi meyarları – yəni elmi-texnoloji tərəqqi, sərvət, maddiyyat və insanlıq meyarlarını, eyni zamanda mənəviyyat, şərəf, Allah-taalaya diqqət, iman və Allaha etimadı özündə yüksək səviyyədə əks etdirən bir ölkə ortaya çıxar. Əgər bu gerçəkləşsə, insanların qəlbinin və imanının cəlb edilməsində ən önəmli və effektiv bir amil olacaqdır. Bəşəriyyəti siz xilas edə bilərsiniz. Belə bir hərəkatın qarşısında bizim gedib ayrı-ayrı insanlarla üzbəüz oturub, dəlil-sübut gətirməklə onları imana, Allaha, İslama cəlb etməyimizin təsiri çox böyük bir ədədə nisbətdə yüzdə bir, mində bir, milyonda bir kimidir; okeanın qarşısında bir damcı kimidir; biz məhz bunun baş verməsini istəyirik. Yer üzündə yaşayan insanlar – bəşəriyyət – bu zəlalətdən, bu cəhalətdən qurtulmalıdır; bunu siz edə bilərsiniz. 

Bu gün dünyadakı Şeytan xislətli dövlətlər və aparatlar insanlığı bu cəhalət və zəlalət girdabında günbəgün daha çox batırır və onların bu şeytani hərəkatının əleyhinə çıxan hər bir işartıya qarşı mübarizə aparırlar. Amerikalı cənablar bizim rəsmilərlə bir araya gələndə məndən gileylənirlər ki, “nə üçün bizə qarşı bu qədər bədbindir?” Nə etməliyəm, nikbin olmalıyam? Sizi bu vəziyyətdə görə-görə sizə qarşı nikbin olmaq olar?  Elə bu son günlərdə o cənablardan biri bir televiziya proqramında – bizdə də yayımlanıb – İrana qarşı tətbiq olunan sanksiyalar barədə danışaraq elan edib ki, nə qədər ki İran İslam Respublikası regionda gedən  müqavimətin tərəfdarıdır və bu hərəkatı dəstəkləyir, sanksiyalarla bağlı vəziyyətdə hər hansı bir müsbət dəyişikliyin baş verib-verməyəcəyi məlum deyil. Baxın! Bu, mənim dönə-dönə vurğuladığım həmin o məsələdir; xüsusi toplantılarda rəsmilərə də demişəm,  burada keçirdiyimiz ümumi görüşlərdə camaatımıza da. Mən dönə-dönə deyirdim ki, elə bilirsiniz, siz nüvə məsələsində geri çəkilsəniz, Amerika ilə probleminiz qurtaracaq? Yox, raket məsələsini ortaya atacaqlar ki, “niyə raketiniz var?” Raket məsələsindən əlləri üzüləcək, müqavimət məsələsi çıxacaq ki, “nəyə görə Hizbullahı, Həması, Fələstini müdafiə edirsiniz?” Bu məsələni də həll etsəniz, ortaya bir başqa söhbət, misal üçün, insan haqları məsələsini atacaqlar. İnsan haqları məsələsini də həll edib bu məsələdə onların meyarları əsasında davranacağınızı söz versəniz belə, bu dəfə dinin dövlətə müdaxiləsini problem edəcəklər. Sizdən əl çəkməyəcəklər. Bu qədər əhalisi, resurs və imkanları olan, geniş əraziyə malik bir ölkədə – belə ki bunlar müstəsna xüsusiyyətlərdir – müstəqil bir idarəetmə sisteminin olmasını həzm edə bilmirlər.      

Sizə deyim ki, bizim ölkəmizin ərazi baxımından böyüklüyü, əhalisinin çoxluğu, insan qaynaqlarımız, yeraltı resurslarımız dünyada önəmli mövqeyə malikdir. Öyünmək istəmirəm, amma elə Avropa Birliyinin bu yaxınlarda dərc etdiyi bəyanatda – bizə də gəlib çatmışdı – İranla əlaqələrdən danışıldığı, ölkəmiz təhlil edildiyi zaman mənim ölkəmizin imkanları barədə sizə dediklərimin hamısı qeyd olunur, bildirilir ki, İran belə bir ölkədir, bu cür imkanları, belə bir satış bazarı var, bu cür insan resurslarına, istedadlara, yeraltı sərvətlərə, həddən artıq önəmli strateji-coğrafi mövqeyə malikdir. Bütün bunları deyən başqalarıdır, avropalılardır. Və əlbəttə ki, bu kimi xüsusiyyətlərə malik, bu dərəcədə əhəmiyyətli olan bir ölkənin onların hegemonluğuna qarşı çıxması onlara ağır gəlir. İslama, dinə, imana, dini prinsiplərə və təfəkkürə əsaslanan bir hakimiyyət quruluşunun, dövlətin formalaşması onlar üçün dözülməzdir. Elə buna görə də düşmənçilik edir, qarşı çıxır, mübarizə aparırlar. Gənclərimiz, gənc alimlərimiz bunu bilməlidir. Mən demirəm ki, siz elə həmişə “Filankəsə ölüm!”, “Yaşasın!”, “Məhv olsun!” və sair bu kimi şüarlar səsləndirəsiniz. Mən bunu demirəm; balalarımızdan, heç bir gəncimizdən mənim belə bir istəyim və gözləntim yoxdur – yeri gəlsə, ehtiyac olsa, niyə, əlbəttə ki, lazımdır – amma ölkədə və regionda gedən siyasi proseslərdən xəbərdar olmalı, vəziyyəti təhlil edə bilməlisiniz. Ona görə də Allah-taaladan istəyim budur ki, sizlərə müvəffəqiyyətlər nəsib etsin və sizi ölkəmiz üçün qorusun.  Sizlər İran xalqının övladları, ciyərparasısınız. Allah-taala sizi bu xalq üçün qorusun və hamınızı Özünün məmnun olduğu səmtə istiqamətləndirsin, inşallah.

Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Görüş “Sabahın alimləri” Milli Konfransı münasibətilə  baş tutmuşdur ( konfrans cari ilin mehr ayının 27-si və 28-də Tehranda keçirilmişdir). Görüşün əvvəlində Prezidentin Elmi Məsələlər üzrə Müavini, Elm Xadimləri Fondunun sədri cənab Surna Səttari məruzə ilə çıxış etmiş, habelə iştirakçılardan 7-si öz çıxışlarında rəy və görüşlərini ifadə etmişlər.   
(2) O cümlədən ölkə universitetlərinin müəllimləri ilə 22.05.1391-ci ildə baş tutan görüş. 
(3) “Nəhcül-bəlağə”, 11-ci xütbə  
(4) O cümlədən rektorlar, tədqiqat və inkişaf mərkəzlərinin, elm və texnologiya parklarının rəhbərləri ilə 20.08.1394-cü ildə  baş  tutan görüş. 
(5)  Həmin görüş.
(6) O cümlədən tələbələr, istedadlı gənc alimlər və elmi əsaslı şirkətlərin rəhbərlərindən bir qrupu ilə 22.07.1394-cü ildə baş tutan  görüş.