Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ordunun Hava Qüvvələrinin zabitləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).

الحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین و علی آله الاطیبین الاطهرین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, İran İslam Respublikası Ordusunun zəhmətkeş, fəal və şanlı Hava Qüvvələrinin zabitləri, çox xoş gəlmisiniz. Bu gün qeyd etdiyimiz əlamətdar gün İİR Ordusunun Hava Qüvvələrinə, həqiqətən də, şan-şöhrət qazandırmış bir hadisə ilə bağlıdır. İfa etdikləri o gözəl ilahi nəğmələrə və oxuduqları dolğun məzmunlu şeirlərə görə surud qrupuna da təşəkkürümü bildirirəm.

İllərdir ki, biz 1357-cı ilin 19 bəhmən günü baş vermiş bu olduqca mühüm hadisə ilə bağlı görüşlər keçiririk, danışırıq, müxtəlif məqamlara toxunuruq, lakin bu, sözün əsl mənasında danışmaqla bitirmək mümkün olmayan bir mövzudur; bu barədə çox danışılıb, amma hələ deyiləsi sözlər ondan da çoxdur. Şair demişkən, “Yarın zülfündən bir ömür danışmaq olar”(2). 1357-ci ilin 19 bəhmən günü baş verən o hadisə həlledici bir hadisə idi. Şah diktaturası dövründə Hərbi Hava Qüvvələri, faktiki olaraq, ordunun Amerikadan asılı olan hakim siyasi rejimə ən yaxın qolu idi. O zaman hakim tağut rejimi ordunun heç bir bölməsinə Hava Qüvvələri qədər inanıb ümid bəsləmirdi. Və şah diktaturası məhz həmin bölmədən ağır bir zərbə aldı; bu, sözün əsl mənasında ağır bir zərbə idi; yəni orduda qurduqları o intizama, yaratdıqları o atmosferə rəğmən, gözlənilmədən hərbçilərin bir qrupu – özü də Hava Qüvvələrinin o qədər etimad bəslədikləri həssas bir bölməsində xidmət edən hərbçilər – gəlib inqilabın imamına, inqilabın liderinə qoşulmuşdular. Gizlicə də yox, günün günorta çağı, aşkarda, vəsiqələrini əllərində tutub yuxarı qaldıraraq! Mən özüm orada idim; İran prospekti ilə bir-birinin ardınca dəstə-dəstə, rotalarla İmamın qaldığı mədrəsəyə tərəf gəlir, şüarlar səsləndirirdilər, vəsiqələrini də əllərində tutub yuxarı qaldırmışdılar. Çox qəribə bir olay idi; yəni tam olaraq

 فَأَتاهُمُ اللهُ مِن حَیثُ لَم یَحتَسِبوا

“Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı” (“Həşr” surəsi, 2-ci ayə) ayəsinin təcəssümü idi; tağut rejimi heç gözləmədiyi yerdən zərbə almışdı. Hər şeyi ehtimal edə bilərdilər, bircə bundan başqa; və məhz elə bu ən uzaq ehtimal baş verdi; yəni o dövrün Hava Qüvvələri başında xaricdən asılı bir komandan durduğuna, xaricdən müxtəlif cəhətlərdən – maddi-texniki təchizat, təlim və sair baxımından asılılıqları olduğuna baxmayaraq, birdən-birə gəlib xalqla çiyin-çiyinə durmuş və İmam Xomeyniyə, inqilabın liderinə öz tərəfdaşlığını elan etmişdi; bu, inanılmaz bir zərbə idi; bunu heç gözləmirdilər.

Biz də gözləmirdik; yəni bu biri cərgədə duran ruhanilər, möminlər də belə bir şeyin baş verə biləcəyini gözləmirdilər. Əslində, bu, Quranda buyurulduğu kimi, “رزق لایُحتسب” – gözlənməyən, hesaba alınmamış ruzi idi:

وَ مَن یَتَّقِ اللهَ یَجعَل لَهُ مَخرَجًا ٭ وَ یَرزُقهُ مِن حَیثُ لا یَحتَسِب

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər”. (“Talaq” surəsi, 2-3-cü ayələrdən)

Bəzən insana heç gözləmədiyi, ağlına belə gəlməyən bir yerdən bir kömək, bir yardım yetişir və bu, onun üçün yeni bir nəfəsə, damarlarına vurulan təzə qana bərabər olur. Hava Qüvvələrinin bu addımı da inqilab cəbhəsi üçün gözlənməyən bir ruzi idi. Bizlər qətiyyən hesaba almamışdıq, yəni İran xalqının, mübarizlərin, inqilabçıların, dahi İmamın – heç birimizin əsla ağlına belə gəlməzdi ki, ordudan kimsə gəlib inqilaba qoşula bilər. Doğrudur, ondan əvvəl mənim Məşhəddə bir neçə hərbçi ilə yaxın tanışlığım olmuşdu, bizimlə həmfikir olduqlarını bilirdim, Tehranda da bəzi dostlarımız ordu sıralarında xidmət edən bir neçə hərbçi ilə münasibət yaratmışdılar. Bunlar var idi, amma bütöv bir kütlənin qalxıb belə əzəmətli və nümayişkaranə şəkildə gəlməsi, həqiqətən də, gözlənməyən, hesaba alınmamış ruzi idi; bunu hesablamaq mümkün deyildi.

Bu yerdə gəlin bu dediklərimdən ibrətamiz bir nəticə çıxaraq: öz hesablamalarınızda kiçik olsa belə, həmişə bu gözlənilməyən ruzini nəzərdə tutun. Doğrudur, rasional, maddi hesablamaların təsiri böyükdür, bu, danılmazdır və lazımdır – İslamın heç bir təlimi bizi rasional hesablamalar etməkdən, ağılla düşünərək maddi şərtləri nəzərə almaqdan çəkindirmir; yox, götür-qoy etmək, yüz ölçüb bir biçmək, hər şeyi nəzərə almaq hökmən lazımdır – amma maddi məsələlərin fövqündə duran, insanın ağlına gəlməyən hesablamalar üçün də bir yer qoyun; hesaba alınmamış ruzi budur; hesaba almadığımız halda bizə çatan yardım budur; bu, bizim bütün hesablamalarımızda olur; möminlər cəbhəsinin bütün işlərində bunu nəzərə almaq, bu ruzi və köməyi gözləmək lazımdır. Duada oxuyuruq:

  (3) یا مَن اِذا تَضایَقَتِ الاُمورَ فَتَحَ لَها باباً لَم تَذهَب اِلَیهِ الاَوهام 

İşlər düyün düşəndə, üzdən baxılan zaman hər şey çıxmaza dirənmiş kimi görünəndə bəzən Allah-taala bu çıxmazın hansısa küncündən elə bir yol açır ki, o yol insan oğlunun heç vaxt ağlına gələ bilməz; belə bir şey var. Buna misal olaraq, ölkəmizin təhrik olunduğu Müqəddəs Müdafiə savaşını göstərmək olar. Müqəddəs Müdafiə elə bir vaxtda başladı ki, biz müdafiə imkanlarımız, qoşunlarımızın sayı və təşkilatlanması baxımından hücum edən tərəfdən – Səddam rejimindən qat-qat aşağı idik. O, hazırlıqlı idi, nizamlı, hər cür silah-sursatla təchiz olunmuş, yaxşı təşkilatlanmış ordusu var idi, qoşunlarının sayı məlum idi, hava və quru qüvvələri hər ikisi hazır idi, müdafiəsi, himayəçiləri, mühəndisləri, bütün sferalarda hər şeyi hazır idi, bizim isə bütün bu məsələlərdə problemimiz var idi. Həm silah və döyüş texnikası, həm canlı qüvvə, həm mühəndislik, həm siyasi dəstək, həm də təşkilatlanma baxımından problem yaşayırdıq. Bir dəfə elə 19 bəhmən görüşlərimizdən birində  demişdim: (4) o vaxt Hava Qüvvələrinin komandanı istifadəyə yararlı təyyarələrin siyahısını mənə gətirib söylədi ki, lazımi detallar olmadığına görə uzağı 17-18 gün ərzində bütün təyyarələrimiz uçuşu dayandıracaq; axırıncısı “C 130” idi. “F 5”, “F 4”, “F 14” və sair tipli təyyarələr elə 1-ci, 2-ci, 3-cü gün yavaş-yavaş sıradan çıxacaqdı, yalnız “C 130” qırıcıları 15-20 gün davam gətirə bilərdi ki, onlardan da bizdə, misal üçün, neçə dənəsə var idi. O vaxt belə təsəvvür edirdik; amma “فَتَحَ باباً” – Allah qapı açdı, Hava Qüvvələrimiz müharibənin sonuna qədər fəaliyyət göstərdi, çalışdı, işlədi. “فتَحَ لَها باباً لَم تَذهَب اِلَیهِ الاَوها” – Allahın insan üçün bir qapı açıb, qorxunu ona yaxın buraxmamağı budur, “رزق لایُحتسب” – hesaba alınmamış ruzi budur; bir işi götür-qoy edəndə bunu həmişə nəzərə alın. Əgər biz mömin olsaq, ağlımızı Allaha təvəkkül və ümidin inayəti altında işlətsək, o zaman bu qapı üzümüzə açılacaq. Mən demirəm ki, ağılla fikirləşməyək, maddi hesablamaları bir kənara qoyaq; yox, bunlar hamısı lazımdır, mən özüm də daim bu şeylərin vacib olduğunu vurğulayıram, amma bunlarla yanaşı, Allahdan gələcək kömək üçün də bir yer qoyun; əgər Allaha təvəkkül edənlərdən, Uca Yaradana ümid bəsləyənlərdəniksə, belə etməliyik. İnqilabın qələbəsindən bəri aradan ötən bu 37-38 ildə inqilabla bağlı bütün məsələlərdə həmişə bu cür olub, Allahın köməyini daim müşahidə etmişik. İndi gəlin mən İİR Ordusunun Hərbi Hava Qüvvələri barədə bir neçə cümlə deyim, sonra yenə bu söhbətə qayıdarıq.

Mən yaddaşımın səhifələrini vərəqləyib geriyə baxanda görürəm ki, ölkəmizin Hava Qüvvələri o hadisədən sonra da müxtəlif sınaqlardan üzüağ çıxıb. Düşmənlərin Müqəddəs Müdafiə savaşı başlamamışdan əvvəl qurduğu o çevriliş planında da həmin əməliyyatın boşa çıxması üçün ilk olaraq addım atan Hava Qüvvələrinin zabiti olmuşdu; bir pilot! Gəlib məsələni mənə xəbər vermişdi, hökumət xəbər tutub hazırlıq görmüşdü. Həmədanın Şəhid Nuje adına hərbi bazasında həyata keçirilməsi, oradan isə Tehran və başqa yerlərə sıçraması planlaşdırılan böyük bir əməliyyatı Hərbi Hava Qüvvələrinin bir zabiti neytrallaşdırmışdı; bu mənim heç vaxt yaddımdan çıxmır; dövlət bu köməyi, bu böyük xidməti heç vaxt unutmayacaq.

Orduda “Detal istehsalı cihadı”na ilk olaraq başlayan, bu işdə qolunu çırmayıb meydana girən də məhz Hava Qüvvələri olub. O vaxta qədər Hava Qüvvələrində detal istehsalı yox idi; bizim mütəxəssislərimizin mürəkkəb konstruksiyalı detallarla heç tanış olmasına da icazə vermirdilər. Hava Qüvvələrində elə “cihad” adı altında detal istehsalına başlandı; həqiqətən də, cihad əzmli bir hərəkat həyata keçirdilər. Bunu ilk edən Hava Qüvvələri oldu; əlbəttə ki, sonradan ordunun digər bölmələrində də bu işə start verildi, amma ilk addımı atan, ilk olaraq təşəbbüs göstərən Hava Qüvvələri oldu.

Müqəddəs Müdafiədə ilk gündən İran xalqına ruh yüksəkliyi verən Hava Qüvvələrinin uçuşları idi. O vaxt mən deputat idim, çıxıb parlamentdə bunların həyata keçirdiyi uçuşların sayı barədə məlumat verəndə heyrətdən hamının ağzı açıq qalmışdı. Bir o qədər, özü də möhtəşəm əməliyyatlar həyata keçirmişdilər! Xəbəri bütün ölkəyə yayıldı, xalqımız bildi, hava qüvvələrimizin güc və əzəmətini hiss etdi. Eynilə ondan sonra da; istər Ordunun, istərsə də Keşikçi Korpusun həyata keçirdiyi müxtəlif əməliyyatlarda – xüsusilə də “Vəl-fəcr 8”, “Kərbəla 5” və sair bu kimi, böyük və önəmli işlərin görüldüyü əməliyyatlarda – Ordumuzun Hava Qüvvələri həlledici rol oynamışdır. Şəhid Səttariyə Allah rəhmət etsin; o vaxt o, Havadan Müdafiə Qüvvələrinin zabiti idi. “Vəl-fəcr 8” əməliyyatında müdafiə işini elə sürət və ciddiyyətlə həyata keçirirdi ki, hamı, hətta düşmən də heyran qalmışdı; o qədər təyyarəni zərərsizləşdirməyi bacardılar! Hava Qüvvələrimiz özünə hörmət qazanıb. Ondan sonra da günü bu günə qədər siz layiqincə işləmisiniz. Və işləyin də, əziz gənclər! İşləyin, çalışın, düşünün, hərəkət etin, yeni addımlar atın, boşluqları doldurun, idarəçiliyi gücləndirin, xidmət etdiyiniz Hava Qüvvələrində konstruktiv tədbirləri bacardığınız qədər artırın. Mənim sizin problem və sıxıntılarınızdan xəbərim var, bunlar bütün ölkənin yaşadığı problem və sıxıntılardır. Bu problemləri, bu boşluqları öz yüksək insan əzminiz, biliyiniz, təqvanız, Allahın lütfünə ümid və təvəkkülünüzlə doldurun. Doldurmaq olar da; gör bu günə qədər nə qədər iş görülüb!

Bayaq dediyim o gözlənməyən ruzini ardınca gətirən də məhz Uca Yaradana olan bu ümid və təvəkküldür. Bu nə zaman baş verir? İnsan öz ağlını Allaha ümid və təvəkkülün işığı altında işə salanda. Əksinə olanda isə, yox. Əgər ağlımızı şeytanlara etimadın kölgəsi altında işlətmək istəsək, o zaman hər şey başqa cür olacaq. Quranın mübarək “Nur” surəsindəki bir ayədə buyurulur:

اَعمالُهُم کَسَرابٍ بِقیعَةٍ یَحسَبُهُ الظَّمئانُ مآءً

“Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər”. (“Nur” surəsi, 39-cu ayədən) İlğım kimidir; suya təşnə olan insan uzaqdan quru torpağı suya bənzədir, yaxına gələndə isə görür ki:

لَم یَجِدهُ شَیئًا وَ وَجَدَ اللهَ عِندَه

– heç bir şey yoxdur. Şeytanlara ümid bağlamaq budur, maddi, şeytani güclərə ümid bağlamaq budur. Müxtəlif məsələlərdə – diplomatiyada, ölkənin problemlərinin həllində, daxildəki işlərin idarə olunmasında, silahlanmada, elmdə, sənayedə və sairdə rasionallıq, tədbirli davranmaq, ağılla iş görmək lazımlı bir işdir, amma Şeytana, bilavasitə sizin varlığınızın əleyhinə olan birinə inanmaq böyük bir səhvdir. Bilavasitə İslam Respublikasının varlığını, İslam dininin qüdrət və hakimiyyətini həzm və qəbul edə bilməyən bir dövlətə etimad etmək, ona ümid bağlamaq olmaz; 

کَسَرابٍ بِقیعَةٍ یَحسَبُهُ الظَّمئانُ ماءً 

Həmin o ilğım bax budur. Əgər Allaha təvəkkül etsəniz, sizin üçün “رزق لایُحتسب” – hesaba alınmamış ruzi olacaq, yox əgər Şeytana inansanız, “کَسَرابٍ بِقیعَةٍ یَحسَبُهُ الظَّمئانُ ماءً” – ilğımla üzləşəcəksiniz. Hər birimiz – mən də, siz də bunu həmişə yadda saxlamalıyıq; İran xalqının hər bir nümayəndəsi bunu həmişə xatırlamalıdır. Uca Yaradana təvəkküllə, ilahi yardıma ümidlə çalışın, işləyin, təşəbbüs göstərin, Allahın sizə bəxş etdiyi əsl gücü ortaya qoyun, o zaman Allah da sizə kömək edəcək. Yox əgər oturub Şeytanın – özü də ən böyük Şeytanın – gəlib sizə kömək etməyini gözləsəniz, o zaman nəsibiniz bayaq dediyim o ilğım olacaq. Ondan bizə heç vaxt xeyir gəlməyəcək.

Birləşmiş Ştatlarda yenicə hakimiyyətə gəlmiş o cənab (5) deyir ki, siz Amerikaya, Obama administrasiyasına təşəkkür etməlisiniz! Nəyə görə təşəkkür etməliyik ki?! Qətiyyən təşəkkür-filan etmirik; xalqımızı və İslam Respublikasını iflic etmək məqsədilə bu ağır sanksiyaları İran xalqının üzərinə qoyan o təşkilatda o da təmsil olunurdu; dövlətimizi və xalqımızı iflic vəziyyətinə salacaqlarına ümid edirdilər. Əlbəttə ki, istədiklərinə nail ola bilmədilər, bilməyəcəklər də. Heç vaxt heç bir düşmən İran xalqını iflic vəziyyətinə sala bilməyəcək. Deyir, “təşəkkür edin”; xeyr, qətiyyən təşəkkür etmirik; axı nə üçün təşəkkür etməliyik ki?! Sanksiyalar üçün?! İŞİD-i yaratdıqları üçün?! Regionu od-alova bürüdükləri üçün?! Suriya, İraq müharibə alovu içində qovrulur, nəyə görə təşəkkür etməliyik?! 1388-ci ildə ölkəmizdə törədilən iğtişaşları himayə etdikləri üçün?! Bir yandan mənə məktub yazıb xoş münasibət və əməkdaşlığını ifadə edir, bir yandan da açıq-açığına iğtişaşçını dəstəkləyib “Biz sizin arxanızdayıq!” – deyərək ölkədə fitnə və iğtişaş törətməyə çalışır; münafiqlik bax budur; dəfələrlə dediyim kimi: məxmər əlcək altında polad əl! Biz əsla təşəkkür-filan etmirik. Biz onların nələr etdiklərini bilir, anlayırıq. İndi bu biri çıxıb deyir ki, “ona təşəkkür edin, məndən də qorxun!” Xeyr, heç sizdən də qorxub-eləmirik. 22 bəhmən günü xalqımız küçələrə çıxıb bütün bu hədələrinizin, bu dediklərinizin cavabını verəcək, İran xalqının təhdidlər qarşısında hansı mövqeyi tutduğunu göstərəcək! Heç kimin hədəsi-filanı da bizi qorxutmur! Bəli, bu təzə gələnə təşəkkür edirik! Təşəkkür edirik ki, bizim zəhmətimizi azaldıb, Amerikanın əsl simasını göstərdi. Bizim Amerikanın hökumət aparatında gedən siyasi, iqtisadi, əxlaqi, sosial çürümə barədə otuz neçə il ərzində daim dediklərimizi bu cənab gəlib seçki öncəsi və ondan sonra açıq-aşkar surətdə ortaya qoydu. Elə indi də gördüyü işlərlə Amerikanın əslində kim olduğunu, bu dövlət üçün insan haqlarının nə demək olduğunu nümayiş etdirir; beş yaşlı uşağın qolunu qandallayırlar! Bunların insan haqları budur!

İran xalqı öz yolunu tapıb; İran xalqı məntiq, rasionallıq və Allaha təvəkküllə, qüdrət, sürət və özünəinamla irəli gedərək bu yolu qət edir. Bu gün İran xalqı öz güc və bacarığına inanır, gənclərimiz özünəinamla işləyir. Universitetlərimiz, elmi-tədqiqat mərkəzlərimiz yeni ideya və təşəbbüslərlə dolub-doşur və bu gün elm sahəsində həmin ideya və təşəbbüslər həyata keçirilir. Quruculuq sahəsində, digər müxtəlif sferalarda da eynilə. Ölkədə birinci sözü rasionallıq deyir, intəhası bunu Allaha təvəkküllə, Uca Yaradana etimadla edir. Mən bilirəm ki, İran xalqı bu yolda, heç şübhəsiz, qələbə qazanacaq və arzuladığı nəticələrə, can atdığı ideallara yetişəcək.

İnqilabın əvvəllərində həyatda olduğu o bərəkətli 10 il ərzində bu məsələlərlə bağlı həqiqətləri İran xalqına açıqlamış dahi liderimiz İmam Xomeyniyə Allah rəhmət etsin. İmamın çıxışlarına nəzər salın; İmam həm dostu, həm düşməni, həm də İran xalqını yaxşı tanıyırdı; əsas hədəflərin hansılar olduğunu bilirdi. İmam ona görə öz çıxışlarında dönə-dönə “Şeytana inanmayın!”, “Düşmənə inanmayın!” – deyir, israrla bizi düşmənə etimad etməkdən çəkindirir ki, düşməni tanıyır. Düzdür, biz bütün bunları deyirdik, vurğulayırdıq, amma bu gün hər şey, bizim bütün dediklərimiz açıq-aydın göz önündədir, hamı bunları görür. Bu cənabın davranışları Amerikanın əslində kim olduğunu, necə olduğunu, insan haqları, humanizm və sair barədə danışdıqlarının mahiyyətində əslində nələrin gizləndiyini göstərir. Belə günlər, habelə İmamın öz çıxışlarında vurğuladığı məqamlar ətrafında dərindən düşünməklə biz məhz bunları öyrənə bilərik.

Ümidvaram, Uca Yaradan siz gənclərə hazırlıqlı olub üzərinizə düşən böyük işi həyata keçirə bilməyiniz üçün mənəvi dəstək olacaq, inşallah. Sizin nəsil böyük bir iş görməlidir; sizdən əvvəlki nəsil bir sıra önəmli işlər görüb, lakin digər mühüm işlər də var ki, onları həyata keçirmək sizin öhdənizdədir. İnşallah, Allaha təvəkküllə özünüzü hazırlayıb bu əmanəti sonrakı nəsillərə ötürün.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

 (1) Görüşün əvvəlində İİR Ordusu Hava Qüvvələrinin komandanı, briqada generalı Həsən Şahsəfi məruzə ilə çıxış etmişdir 
 (2) Saib Təbrizi, “Dərd etmə ki, mövzu qalmayıb, yarın zülfündən bir ömür danışmaq olar”.   
 (3) Qəsəsi-Ravəndi, Məhəmməd (s) haqda fəsil, səh.363 
 (4) 19.11.1370
 (5)  Donald Tramp