Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Əhli-Beyt (ə) məddahları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّةالله فی الارضین. اللّهمّ صلّ علی فاطمة و ابیها و بعلها و بنیها بعدد ما احاط به علمک

Bu bərəkətli, mənalı, dolğun məzmunlu, mənəvi hala malik görüşdən  çox zövq aldıq, bəhrələndik. Həqiqətləri sənətin dili ilə açıqlamaq, insan ağlının, insan düşüncəsinin fövqündə duran fəzilətləri metaforik bir dillə, o ülvi mənanı anladan estetik ifadələrlə bəyan etmək – bunlar şeirə xas xüsusiyyətlərdir.

Artıq bir neçə ildir ki, hər ilin bu günü burada, bu hüseyniyədə bu mübarək görüşlər təşkil olunur. Bu görüşlərin bərəkəti həm Əhli-Beytə (ə) təvəssül edən mömin qəlblərə mənəvi-psixoloji cəhətdən müsbət təsir göstərmələri, həm də sosial və siyasi təsirləri baxımından diqqətəlayiq dərəcədə önəmlidir. Mən bu görüşləri yüksək dəyərləndirir, təqdir edirəm; bir daha, daha bir ildə belə bir görüşdə iştirak etmək üçün mənə fürsət, möhlət verdiyinə görə Allah-taalaya şükürlər edir, həmçinin sizə də təşəkkürümü bildirirəm. Bədii hissədə çıxış edən qardaşlarımıza da minnətdaram.

Mənim kimi həqir bəndələr nəinki dünya qadınlarının xanımı, bütün aləmlərin və bütün dövranların xanımı Həzrət Fatimeyi Zəhra (s.ə) haqda danışmaq üçün, hətta onun məqam və fəzilətlərindən bir hissəsi haqda belə fikir bildirmək üçün acizdir, dilimiz naqisdir. Dünya qadınlarının xanımı Siddiqeyi-Kübra (s.ə) mənəvi-ilahi məqamlarından əlavə (o məqamlar ki, onları məsumların (ə) özlərindən başqa heç kim hətta dərk belə etməyə qadir deyil, o ki qala təsvir etmək olsun) zahiri, əqli meyarlar baxımından da bizim üçün təsəvvürolunmaz ölçü və miqyaslara malikdir. Bəli, deyirik ki, o böyük şəxsiyyət imaməti müdafiə etmiş, bu yolda həyatını itirmiş, bəlağətli çıxışlar etmişdir və sair, və sair; lakin bütün bunları biz yalnız dildə deyirik, o şəraiti, o vəziyyəti biz əsla olduğu kimi təsəvvür etmək iqtidarında deyilik.

Peyğəmbərin (s) vəfatından sonra Mədinədə hansı vəziyyətin yarandığı bizim üçün aydınlaşsa, məsələni təsəvvürümüzdə düzgün canlandıra bilsək, o zaman Fatimeyi-Zəhranın həyata keçirdiyi hərəkatın necə böyük bir hərəkat olduğunu anlayarıq. O zaman hətta sıradan sayılmayan, önəmli şəxslər üçün belə çox çətin, aydınlaşdırılması mümkün olmayan bir vəziyyət yaranmışdı. Peyğəmbərin bütün səhabələrindən yalnız 10-12 nəfəri  məsciddə ayağa qalxıb Əmirəlmöminin Əlini müdafiə etməyə, o böyük şəxsiyyətin haqqını qorumağa razı olmuşdu. Halbuki o qədər səhabə, o qədər böyük şəxsiyyət, o qədər Quran ardıcılı, o qədər Bədr və Hüneyn savaşçısı var idi. O demək deyil ki, hamısının Əli ilə düşmənçiliyi var idi, yox, məsələ hətta mühüm və hörmətli insanların belə düzgün anlaya bilməyəcəyi qədər dolaşıq idi. Bunun üçün Əmmar kimi, Əbuzər kimi, Zübeyrin əvvəldə olduğu kimi biri olmaq lazım idi; minbərin aşağısında ayağa qalxıb Əmirəlmömininin haqqını müdafiə edənlər bunlar olmuşdu. Tarixdə adları var, cəmi 10-12 nəfərdir. Əlbəttə, Zübeyr də onların arasında idi; bunu yaddan çıxarmayın. Vəziyyət bu cür idi; və belə bir vaxtda, belə bir şəraitdə Peyğəmbərin qızı məscidə gəlib o cür bəlağətlə xütbə söyləyir, heyrətamiz bir çıxış edir, həqiqətləri açıqlayır. Və ya onun xəstə yatarkən Mədinə qadınlarına xitabən söylədiyi xütbə; bunlar hamısı mənbələrdə var, əlimizdədir. Bunlar mənəvi tərəflər deyil, bizim dərk edə biləcəyimiz məsələlərdir, adi qaydada yanaşıb ağılla fikirləşdikdə dərk etmək mümkündür, amma o qədər əzəmətlidir ki, ölçüyəgəlməzdir; yəni bunları başqa heç bir fədakarlıqla müqayisə etmək mümkün deyil. Bu ona bənzəyir ki, misal üçün, qalaktikanın en və uzunluğunun nə qədər olduğunu soruşaq. Düzdür, ölçmək mümkündür, metrini, santimetrini də müəyyənləşdirmək olar, amma bunu kim edə bilər? Kim dərk edə bilər? Buna kim qadirdir? Bunlar ərşlə  –  yəni səmavi aləmlə bağlı olan, ilahi, mənəvi, mələkuti xarakter daşıyan cəhətlər deyil, fərşlə – yəni yer üzü ilə əlaqəlidir, lakin o qədər əzəmətlidir ki, adi insanlar bacarmır. Biz danışırıq, rövzəsini də oxuyuruq, ürəyimiz də yanır, ağlayırıq da, amma həqiqətdə nə baş verdiyini, Həzrət Zəhranın (s.ə) bu davranışlarının nə dərəcədə əzəmətli olduğunu doğru-dürüst təsəvvür edə bilmirik.

Fatimeyi-Zəhra (s.ə) həqiqi bir rəhbər rolu ifa etmişdir; İmam Əlinin də buyurduğu kimi, “Fatimeyi-Zəhra kişi olsaydı, peyğəmbər olardı” (2). Bu çox böyük, heyrətamiz bir fikirdir və belə bir fikri yalnız imam (ə) kimi həm alim, həm fəqih, həm də arif olan dahi bir şəxsiyyətdən eşitmək olar; bu sözləri o söyləyib. Fatimeyi-Zəhra budur; sözün tam mənasında bir rəhbər; bir peyğəmbər kimi, bütün bəşəriyyəti doğru yola istiqamətləndirən bir yolgöstərən kimi. Gənc qız olan pak, müqəddəs Fatimə özünü bax belə bir məqamda, belə bir səviyyədə göstərmişdir; İslamdakı qadın budur.

Bəli, bizim Həzrəti-Fatiməni və digər məsumları daim tərifləyib göylərə ucaltmağımızın xeyri budur ki, onlarda olan ali keyfiyyətlərdən danışmaq insanın qəlbini aydınladır, onun imanını, eşqini, məhəbbətini artırır. Bütün bunlar yaxşıdır, lakin bunun arxasında digər cürbəcür həqiqətlər də durur. İslam məntiqindəki qadın budur. Bir qrup adamın ortaya çıxıb İslamın qadına yanaşması üzərinə kölgə salmağa cəhd etməsi, qərblilərin mənasız, əsassız, cəfəng fikirlərini ortaya atıb şişirtməyə çalışması isə nə qədər yanlış bir hərəkətdir!

Fatimeyi-Zəhra (s.ə) bir müsəlman qadınıdır, bir müsəlman qadınının ola biləcəyi ən yüksək səviyyədə, yəni rəhbər səviyyəsində bir qadındır. Lakin daşıyıcısı olduğu ali keyfiyyətlər və varlığının səviyyəsi baxımından peyğəmbərə bərabər ola biləcək bu qadın həm də anadır, həyat yoldaşıdır, evdar xanımdır. Baxın, bunları dərk etmək lazımdır. Qərblilərin puç sözlərinə aldanmış bu qafillər (Onları başqa cür necə adlandırmaq olar ki?) xanımların evdarlıq etməyini, öz evi, ailəsi ilə məşğul olmağını bu qədər alçaldıb gözdən salmasınlar. Bir qadının evdarlıq etməyi onun insan yetişdirməyi deməkdir, varlıq aləminin ən ali, ən yüksək məhsulunu – yəni bəşər övladını araya-ərsəyə gətirməyi deməkdir. Qadının evdarlıq etməyi budur.

Fatimeyi-Zəhranın (s.ə) bu doğum günündə müsəlman qadının məqam və səviyyəsini düzgün müəyyənləşdirməyimiz yerinə düşər.  Bu günü “Qadınlar günü”, “Analar günü” adlandırıblar. Bu çox, çox yaxşıdır. Bu günə “Rəhbər günü” də demək olardı, heç bir problem olmazdı; “Ən ali insanın günü” də demək olardı; amma bu gün bizim cəmiyyətimizin analığın mənasını dərk etməyə, evdar xanım olmağın, evdarlığın nə demək olduğunu bilməyə ehtiyacı var. O məqamına, o şəninə, o əzəmətinə baxmayaraq,  Fatimeyi-Zəhra (s.ə) evdar bir xanımdır. Bu, onu alçaltmır. O əzəməti ilə onu alçaltmaq heç mümkün də deyil; o əzəməti kiçik hesab etmək olarmı? O əzəmət öz yerində qalır, amma o əzəmətli qadının missiyalarından, məşğuliyyətlərindən biri də həyat yoldaşı və yaxud ana olmaq, evdarlıq etməkdir. Gəlin bu anlayışlara bu prizmadan baxaq.

Bəziləri qadın haqlarını müdafiə etmək üçün elə şeylər danışırlar ki, nəinki qadınlara hörmət qazandırmır, əksinə, onların mövqeyini daha da zəiflədirlər. Elə öz ölkəmizdəkiləri deyirəm; yoxsa Qərb-Avropa mədəniyyətinə qalsa, orada bu işlər tam əminliyə yaxın sayıla biləcək qədər böyük bir ehtimalla sionistlərin planıdır; bəşər cəmiyyətini başdan-ayağa bir-birinə vurmaq, aləmi qarışdırmar istəyirlər. Qadınları kişilərin həzz obyektinə çevirmək istəyirlər. Bu, onların planıdır, onların məsələsi ayrıdır, onlarla işimiz yoxdur, amma bizim müsəlman mühitində – istər bizim ölkəmizdə olsun, istərsə də bəzi digər müsəlman toplumlarda – qadınları müdafiə etmək məqsədilə onların üzərinə bir sıra vəzifələr, tələblər, gözləntilər qoyurlar, bu isə onları alçaltmaq, cılızlaşdırmaq deməkdir. Məsələn, deyirlər ki, nəyə görə qadınların evdən kənarda işləməsinə icazə vermirsiniz? Əvvəla, kim icazə vermir? Bunda nə problem var? İkincisi isə məgər evdən kənarda işləmək, yəni misal üçün hansısa idarədə katibəlik etmək qadına xüsusi bir hörmət və status qazandırır ki, biz bundan ötrü yaxamızı-başımızı cıraq? Ədalət budur? Ədalət odur ki, Allah-taalanın hər bir varlığın zatında qoyduğu xüsusiyyətləri tanıyaq, onların qədrini bilək və yetişdirib artıraq; ədalət bax budur. 

Allah-taala kişi və qadını müəyyən cəhətlərdən bir-birinə oxşar yaradıb; mənəvi məqamlara ucalmaq baxımından bir-birindən heç nə ilə fərqlənmirlər; misal üçün, Fatimeyi-Zəhra (s.ə); rəhbərlik etmək qabiliyyəti baxımından fərqləri yoxdur; misal üçün, Fatimeyi-Zəhra (s.ə); insanları doğru yola istiqamətləndirmək baxımından aralarında heç bir fərq yoxdur; misal üçün, Fatimeyi-Zəhrra (s.ə); yaşayışı idarə etmək baxımından isə fərqlidirlər; misal üçün – yenə də Fatimeyi-Zəhra. Qadın haqlarını müdafiə etmək istəyənlər, necə deyərlər, tütəyi baş-ayaq çalırlar, nə deməli, qadının nəyini müdafiə etməli olduqlarını bilmədiklərinə görə də deyirlər ki, “nəyə görə qadınlar idarəçilik işlərində çalışmamalıdır?” Məgər idarəçilik işləri ilə məşğul olmaq insan üçün müstəsna bir iftixardır ki, hələ bir bunu problem də edib deyək ki, nəyə görə yalnız kişilər müdir olmalıdır?  Adını da “gender ədaləti” qoyublar. Ədalət budur? Dünyada gender bərabərliyi məsələsini ortaya atıb təbliğ etməyə çalışanlar bu gün bu sarıdan elə pozğunluğa və bəlalara düçar olublar ki, özləri də peşmandır. Əlbəttə, çoxları dilinə gətirib açıq-aşkar demir, çoxları da elə bu mədəniyyətlə böyüyüblər, nə baş verdiyini anlamırlar. Ziyalı və mütəfəkkirləri isə yox, onlar anlayır, deyir, narahatlıq ifadə edir. Allah eləsin, bizim ölkəmizdə gender ədalətindən danışanlar gender bərabərliyi adı altında təbliğ edilən şeyləri nəzərdə tutmuş olmasınlar. Ümidvaram, inşallah, hamımız bu günün feyzindən, Fatimeyi-Zəhranın (s.ə) adından bəhrələnəcəyik. 

Əhli-Beyt (ə) məddahlığı barədə də bir neçə cümlə deyək. Allaha şükürlər olsun ki, bu gün Əhli-Beyt (ə) məddahları çoxdur – həm Tehranda, həm də digər şəhərlərdə; gördüyünüz kimi, bu gün burada bir çox şəhərlərdən gəlmiş məddahlar çıxış etdi; çox da gözəl, çox da yaxşı –  bu, fenomenal bir təzahürdür. Əlbəttə, keçmişdə olub, biz cavan olanda da var idi, amma birincisi, sayları çox məhdud idi, ikincisi isə oxu tərzi, janr, üslub və mövzu müxtəlifliyi baxımından bugünkülərlə qətiyyən müqayisə oluna bilməzdilər. Bu gün bu təzahür xeyli dərəcədə inkişaf edib və ölkənin dörd bir yanında heyrətamiz bir şəkildə genişlənib. Bəli, bu, insan faktoru ilə bağlı bir təzahürdür, amma bundan əlavə, həm də imanla əlaqəlidir; üstəlik incəsənətlə də bağlıdır. Bəs bununla nə etmək lazımdır? Bundan İslamın və müsəlmanların xeyrinə necə faydalanmaq olar ki, Allah-taalanın da razılığına səbəb olsun? Xahiş edirəm, bu barədə düşünəsiniz. Gördüyümüz bütün işlərin, bütün davranışlarımızın hədəfi Allah-taala olmalıdır. Elə adamların adını tuturuq ki, onlar heç bir halda Allahı yaddan çıxarmayıblar, Allah yolunda öhdələrinə düşən vəzifəni yerinə yetirib yalnız bu məqsədlə addım atmağı diqqətdən qaçırmayıblar. Gördüyümüz işlər Allah üçün olmalıdır; dadımıza çatan bu olacaq. Dünyanın bu tərifli naz-neməti, insanın yaşamının bu mərhələsində bu kimi şeylərdən istifadə edib aldığı həzz – bütün bunların heç bir dəyəri yoxdur. Allah-taalanı razı salmaq lazımdır, insan üçün dəyərli olan məhz Allahın razılığıdır.

Bəs nə etmək lazımdır ki, Əhli-Beytə (ə) həsr etdiyimiz mədhiyyələrlə Allahın razılığını qazanmış olaq? Burada iki şey var: birincisi, forma; ikincisi, məzmun. Forma çox yaxşıdır. Məddahlıq özünəməxsus bir sənət üslubuna malikdir, çalışın bu üslubu digər ifa üslubları ilə qarışdırmayasınız. Məsumların müsibətinə, yaxud mədhinə həsr olunmuş bir şeiri dindən, mənəviyyatdan, sizin danışdığınız şeylərdən uzaq şəkildə yaşayan, maddiyyata, əxlaqsızlığa qərq olmuş hansısa bir insanın oxuduğu mahnının melodiyası üzərində oxumaq olmaz. Bu çox əhəmiyyətli bir məsələdir, buna diqqət yetirin. Allah-taalanın sizə verdiyi bu gözəl səs, ürəyəyatan avaz, düzgün düşüncə, həvəs bir nemətdir. Bu nemətə görə şükür etmək lazımdır.

Məzmun da eynilə. Məzmunda söhbət, əvvəla, Əhli-Beytin (ə) ali keyfiyyətlərindən, insanları məsumlarla tanış edib, qəlbləri onların sevgisinə yaxınlaşdırmaqdan gedir. Vicdanla deməliyik ki, biz Əhli-Beyti (ə) tanımaq baxımından çox geridəyik. Məsumları nə qədər çox tanıya bilsək, bu, hər bir insan üçün fəzilətdir. Odur ki bu məqsədi rəhbər tutub çalışaraq insanları maarifləndirin. Məzmun baxımından görüləsi işlərdən biri budur. Bu baxımdan digər bir önəmli məsələ isə insanları öhdələrinə düşən dini vəzifələrlə tanış etməkdir. Bu gün bəzi qardaşlarımızın oxuduğu şeirlər məhz bu cür idi. Siz müasir dünyaya, bu dünyada müsəlmanların öhdəsinə düşən vəzifələrə, mövcud olan cəbhələşmələrə yanaşmanızı ortaya qoya bilərsiniz; diskurs formalaşdıra bilərsiniz. Əlhəmdulillah, bu gün məddahlarımızın həm sayı çoxdur, həm istedadlıdırlar, həm də gördükləri işə dəyər verilir və mənim onlardan gözləntim budur ki, cəmiyyətdə diskurs yaratmağı, fikir formalaşdırmağı bacarsınlar. Diskurs cəmiyyət arasında rəvac tapan, geniş şəkildə dövriyyədə olan metal pul kimi hər kəsin təmasda olduğu fikir, praktik düşüncə deməkdir; diskurs budur. Hər bir etapda dövriyyədə hər kəsin istifadə etdiyi bir “metal pul” olmalıdır; bunu siz edə bilərsiniz.    

Vaxt var idi, Müqəddəs Müdafiə dövrü idi, insanlar müdafiəyə hazır olmalı idilər. O zaman şairlərimiz, məddahlarımız öz rolunu çox yaxşı oynadı. Əlbəttə, bəziləri də qıçını qatlayıb bir küncdə oturdu; belələri də var idi, amma bir qrup adam çalışdı, yazdı, işlədi, gördükləri işin effekti, təsiri də oldu. Bu gün siz Fəkkə və Şələmçə barədə şeirlər deyirsiniz, Fəkkə və Şələmçə 30 il bundan əvvəlki məsələdir, amma heç vaxt yaddan çıxmayacaq, bu ölkənin tarixində qalacaq. Nəyə görə? Ona görə ki böyük rolu olub, ona görə ki əgər bu gün sizin müstəqilliyiniz, azadlığınız, nüfuz və heysiyyətiniz varsa, düşmən sizin üzərinizdə ağalıq etmirsə, namusunuz qorunursa, bu həmin o Fəkkə və Şələmçəyə görədir. Şair və məddahlarımız bu sahədə önəmli rol oynayıb. O dövrün diskursu müdafiədə iştirak etmək idi. Hər etapda bir ideologiyaya ehtiyac olur. Bunun siyasətlə, siyasətbazlıqla əlaqəsi yoxdur, bu, ölkənin ehtiyaclarını nəzərə almaqdır. Baxın görün ölkənizin, xalqınızın, bu etapda tarixinizin nəyə ehtiyacı var və onu öz işinizin məqsədinə çevirin. 

Sevindirici haldır ki, bu gün bizim mərsiyə və mədhiyyə yazan dini şairlərimiz yüksək ədəbi zövqə malikdir, dilləri olduqca zəngindir, məna seçimi, yeni mövzular axtarıb tapmaq, dəyərli mövzuları gözəl poetik dillə ifadə etmək baxımından çox istedadlıdırlar; elə bu yaxınlarda mənə kitablarını gətirmişdilər; tövhid, Aşura və sair bu kimi mövzularda çox yaxşı şeir nümunələri var. Allaha şükürlər olsun ki, qəlblərə nüfuz edən gözəl, ürəyəyatan səsə malik məddahlarımız da çoxdur. Bu, ölkəmiz və xalqımız üçün çox böyük bir şansdır. Bundan istifadə etmək, yanlış istiqamətə yönəlməsinə imkan verməmək lazımdır. Ötən illərdə mən məddahlığın problemləri, bəzi təhlükəli məqamlar haqda müəyyən şeylər demişəm, daha ondan artığını danışmaq istəmirəm, amma siz özünüz – ölkənin məddahlar ictimaiyyəti, minbərə çıxıb Əhli-Beyti (ə) mədh edən, bu iftixarın daşıyıcısı olan hər bir kəs – bu barədə düşünün; mənfi cəhətləri dəyərləndirin, bu işi mükəmməl bir səviyyəyə gətirin. Belə etsəniz, məşğul olduğunuz sənət günbəgün daha da inkişaf edəcək, irəli gedəcək, Allah-taala və Əhli-Beyt (ə) də sizdən razı qalacaq.

İmam Hüseyn və Əhli-Beytin (ə) sözün əsl mənasında nökəri olmaq onların ideyalarını, hərəkət kursunu, rəhbər tutduğu hədəfləri cəmiyyətdə günü-gündən daha da genişləndirməyi bacarmaq deməkdir. Və məhz elə bu, ölkəmizə, cəmiyyətimizə, dövlətimizə və xalqımıza nüfuz və sarsılmazlıq qazandıracaq, problemlərimizi ortadan qaldıracaq. Əgər biz nüfuzlu, ayağını yerə möhkəm basan, sarsılmaz, yaxşı idarə olunan, suveren və azad bir xalq olsaq, İslam dini bizim xalqın timsalında öz həqiqi təcəssümünü tapacaq və o zaman bu, İslam dininin bizim apardığımız bütün bu təbliğatlardan qat-qat artıq və üstün təbliğatı olacaq. Bu amalın dayaqlarından biri də sizin gördüyünüz bu işdir.

Allah-taaladan sizə uğurlar arzu edirəm. Hamınıza, o cümlədən məclisin aparıcılarına təşəkkürümü bildirirəm. İfaçılara da – istər şeir oxuyanlar olsun, istər digər proqramlarla çıxış edənlər – təşəkkür edirəm və hamınıza Allahdan müvəffəqiyyət, lütf və rəhmət diləyirəm.

Allahın salamı və mərhəməti nəsibiniz olsun.

__________________________

(1) Görüşün əvvəlində şair və məddahlardan bir neçəsi Həzrəti-Fatimənin (s.ə) fəzilətlərinə həsr olunmuş şeirlər oxumuşlar.  
(2) “Səhifeyi-İmam”, c.7, səh. 337