Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی¬‌القاسم المصطفی محمّد

Əziz qardaşlar! İnşallah, hamınız üçün mübarək olsun; həm məzunlar üçün, həm də bu universitetə yeni daxil olmuş, paqonlarını bu gün alan qardaşlarımız üçün. İnşallah, bir gün onlar da təhsil və təlimlərini başa vuraraq “keşikçi” adı qazanacaqlar.

Şaban ayıdır, ilahi rəhmətin göydən yağış kimi yağıdığı bir aydır. “Şəbaniyyə” minacatının ayrı-ayrı fraqmentlərinə, şəban ayında gecə yarı oxumaq üçün olan dualara, habelə bu ayın digər dua və əməllərinə nəzər salanda hiss edirsən ki, şəban ayı Allahın rəhmətindən faydalanmaq üçün çox dəyərli bir zaman kəsiyidir. Əziz gənclər! Qəlbi pak, ruhu hazır olan sizlər bu aydan daha çox faydalana bilərsiniz və ümidvaram ki, bu ayın bərəkətlərindən, bu ayda yağdırılan ilahi rəhmətdən bəhrələnəcəksiniz.

Şəban ayının ən parlaq xüsusiyyətlərindən biri varlıq aləminin qibləgahı Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) mübarək mövludunun bu aya təsadüf etməsidir. Bu böyük mövludla həmin gün və gecə qat-qat daha uca dəyər və məqam qazanmışdır. Əlbəttə, şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə mübarək bir gecədir, dua və minacat gecəsidir, bu gecənin qədr gecələrindən sonra ən fəzilətli gecə olduğu deyilir, lakin bu mövludla bütün bunlar ikiqat artır. Gəlin Həzrət Mehdi ilə bağlı (Ruhlarımız ona fəda!) bir neçə məqamı qısaca qeyd edərək o böyük insanın müqəddəs varlığına bir daha diqqət yetirək. Əlbəttə ki, birinci növbədə hamınızı bu mövlud, bu günlər, İmam Zamanın (ə.f) mübarək mövludunun bizə bəxş etdiyi bu sevinc münasibətilə təbrik etməliyəm. Şaban ayı əvvəldən axıra qədər ilahi lütf, mənəvi zövq və sevinc ayıdır. Əlbəttə ki, bu il mədəndə baş vermiş o kədərli hadisə (3) hamımızın ürəyini dağladı, ondan əvvəl də ölkənin cənubunda sərhədçilərimizin başına gəlmiş o hadisədən (4) hamımız pərişan olduq, qəlblərimizə böyük kədər çökdü, amma bütün bunlara baxmayaraq, şəban ayı Əhli-Beyt (ə) aşiqləri üçün sevinc və vurğunluq ayıdır.

İmam Zaman (ə.f) barədə danışarkən ilk olaraq onu qeyd etmək lazımdır ki, o böyük şəxsiyyət “dai-ullah” – yəni Allahın bəndələrini Ona doğru dəvət edən, çağırandır. Bu böyük insanın varlığına nəzər salmaqla biz mənən Uca Yaradanın dərgahına yönəlir, Onun aciz bəndəsi olduğumuzu xatırlayırıq.

اَلسَّلامُ عَلَیکَ یا داعیَ ‌اللهِ وَ رَبّانیَّ آیاتِه

“Ey bəndələrini Allaha doğru dəvət edən və Allahın yer üzündə nişanəsi olan şəxs, salam olsun sənə!” (4)

Hər şey, bütün peyğəmbərlər, bütün övliyalar, bütün müqəddəslər, ömrümüzə, dünyamıza, bütün varlıq aləminə nur saçan bütün pak ruhlar Allahın yer üzündəki nişanələri, Pərvərdigarın təcəllasıdır; bu məqama diqqət yetirmək lazımdır. İmam Zamana diqqət ayırır, təvəssül edir, o böyük şəxsiyyətin qarşısında həqirliyimizi, zəlilliyimizi ifadə edirik. Bütün bunları həqirliyimizi Uca Allaha çatdırmaq, Allah-taalanın qarşısında aciz bəndə olduğumuzu izhar etmək üçün edirik.

İkincisi, bu böyük insanın adını anmaq, onun varlığını yada salmaq daim bu zülmət gecənin sonunda, mütləq, haqq-ədalət günəşinin doğacağını bizə xatırladır. Bəzən insanlar sonu bilinmyən zülm və zülmət dalğaları ilə üzləşəndə məyus olurlar. İmam Zamanı yada saldıqda isə bir gün günəşin doğacağını, gündüzün gələcəyini bilirlər. Bəli, zülmətlər var, dünyanı qaranlıqlara qərq edən zalımlar var, əsrlər boyunca da olub, amma bu qaranlıq və zülmət gecənin sonunda, mütləq, günəş doğacaq. İmam Zamana etiqad bizə bunu öyrədir. Bu, Allah-taalanın zəmanət verdiyi bir vəddir:

(5)  اَلسَّلامُ‌ عَلَیکَ‌ اَیُّهَا العَلَمُ‌ المَنصوبُ وَ العِلمُ المَصبوبُ وَ الغَوثُ وَ الرَّحمَةُ الواسِعَةُ وَعداً غَیرَ مَکذوب‌

“Salam olsun sənə ey ucalmış bayraq, verilmiş elm, xalqın sığınacağı, Allahın geniş rəhməti və qəti olan vədi!”

Qəti, danılmaz bir vəd! Ziyarət duasının əvvəlində də var:

(6)  اَلسَّلامُ عَلَیکَ یا وَعدَ اللهِ الَّذی ضَمِنَه

“Salam olsun sənə, ey Allahın öz vədi ilə zəmanət altına aldığı!”

Allah-taalanın zəmanət altına aldığı o vəd İmam Zamanın zühurudur. Bu da ikinci məqam: İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) varlığına, zühuruna inananlar  heç vaxt ümidsizliyə qapılmır, ruhdan düşmür və bilirlər ki, bir gün o Günəş, mütləq, doğub bu qaranlıqları, bu zülmətləri qovacaq.

Üçüncü məqam budur ki, zühurun intizarında olmaq bizim borcumuzdur, vəzifəmizdir. İntizar nədir? İntizar həsrətlə, səbirsizliklə gözləmək deməkdir. Hərbi terminologiyada “Hazır ol!” əmri deyilən bir şey var. Zühurun intizarında olmaq da elə o “Hazır ol!” əmridir. Hazır vəziyyətdə olmalıyıq. Zühurun intizarında olan mömin hər an “Hazır ol!” vəziyyətində olan bir insandır. Bütün yer üzündə ədaləti bərqərar etmək üçün göndəriləcək imamımız bu gün zühur etsə, hamımız hazır olmalıyıq. Bu hazırlıq çox önəmlidir; zühurun intizarında olmaq “Hazır ol!” vəziyyətində olmaq deməkdir. İntizar səbirsizlik etmək, ayağını yerə döyüb: “Niyə gec oldu?”, “Niyə olmadı?” deyə gileylənmək deyil. İntizar o deməkdir ki, daim “Hazır ol!” vəziyyətində olmalısınız.

Dördüncü və sonuncu məqam budur ki, zühurun intizarında olmağımız özümüzü düzəldib iş görməyimizi tələb edir. Özümüzü islah edib o həzrəti sevindirəcək işlər görməliyik. Əgər buna nail olub özümüzü düzəltmək, islah olunmaq isəyiriksə, təbii ki, fərdi işlərlə kifayətlənə bilmərik. Cəmiyyət, ölkə, bütövlükdə dünya səviyyəsində də həyata keçirməli olduğumuz işlər, vəzifələr var. Həmin vəzifələr hansıdır? Bunu bilmək üçün gözüaçıq, məlumatlı olmaq, proseslərə ziyalı bir insan kimi qlobal yanaşmaq lazımdır. Əzizlərim, bu isə bu gün fəal və dinamik gənclər olaraq sizin öhdənizə düşən bir vəzifədir.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyaya gəlincə; əvvəla, hamınıza mübarək olsun; bu akademiyada təhsil almısınız və ya bəziləriniz hələ bundan sonra təhsil alacaqsınız; bu çox dəyərli bir fürsətdir. İkincisi, bu ali təhsil müəssisəsi münbit torpaqda əkilmiş fidanların böyüyüb qol-budaq atdığı bir məkandır. Bu akademiya istedadlı insanları hər bir müdrik və görkəmli insanın baxdığı zaman qibtə edəcəyi bir məqama çatdıra bilər. Dahi liderimiz İmam Xomeyni kimi böyük, mənəvi şəxsiyyət, görkəmli din alimi, fəqih, müdrik bir insan belə – İmam balaca bir adam deyildi – İslam yolunda döyüşüb şəhid olanlara qibtə ilə baxır; öz çıxışlarında o, bunu dönə-dönə təkrarlamışdır; bu akademiya insanları, gəncləri bax belə bir məqama çatdırır. İmam Hüseyn adına Hərbi Akademiya Quranın bu şərif ayəsinin bariz nümunəsidir:

کَزَرعٍ اَخرَجَ شَطئَهُ فَئازَرَهُ فَاستَغلَظَ فَاستَویٰ‌ عَلیٰ سُوقِهٖ یُعجِبُ‌ الزُّرّاعَ‌ لِیَغیظَ بِهِمُ الکُفّار

“(İncildə möminlər) elə bir tarlaya bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür”. (“Fəth” surəsi, 29-cu ayədən)

Bu tarlanı əkib-becərənlər özləri belə bəzən onun verdiyi məhsula heyrət edərlər! Bu akademiya bu cür barlı-bəhərli fidanlar yetişdirib cəmiyyətə təqdim etməyə qadir olan bir əkin yeridir.

لِیَغیظَ بِهِمُ الْکُفّار

Kafirlər isə burada yetişib ərsəyə gəlmiş insanları görərkən hiddətlənər.

Yaxşı baxsaq, görərik ki, bu gün imperializmin beynəlxalq təbliğatında, üzdə olan siyasətçilərinin çıxışlarında, məkrli davranışlarında ictimaiyyətimizin müxtəlif təbəqələri arasından məhz bir neçəsinə qarşı açıq-aşkar qəzəb və aqresiya müşahidə olunur. Həmin təbəqələr içərisində başda Keşikçi Korpus durur. Nə üçün? Keşikçi Korpusa niyə bu qədər mənfi münasibət bəsləyirlər? Mənəviyyat mühitində tərbiyə olunan, böyüyüb boya-başa çatan bu gənclərə niyə bu cür düşmən kəsiliblər? Çünki Keşikçi Korpus ölkəyə güc və iqtidar qazandıran amillərdən biridir. Bu çox önəmli bir məqamdır. Düşmənçiliklərinin səbəbi odur ki, bu qurumun varlığı ölkəni qüdrətli edir. İran İslam dövlətini qüdrətli edən hər bir şey isə onlarda sonsuz qəzəb, kin və  hiddət doğurur.

Başqa iki-üç şey də var, onları da deyim. Elm də ölkəmizi qüdrətli edir; ölkəmizin elmi inkişafını da hiddətlə qarşılayırlar. Özünüz gördünüz: bizim nüvə alimlərimizi terror etmək üçün adam göndərdilər; yəni bircə-bircə araşdırdılar, yolunu tapıb muzdlulara pul verdilər ki, gəlib onları terror etsinlər. Onları hiddətləndirən şeylərdən biri də elm və alimlərdir.

Ölkəmizin güclü və müstəqil iqtisadiyyata malik olması da bizə iqtidar qazandırdığı üçün bunun da əleyhinədirlər. İqtisadiyyatımıza zərbə vurmaq üçün üstümüzə sanksiyalar qoyur, cürbəcür tədbirlər görürlər. Mən çox istərdim ki, bizim mömin iqtisadçılarımız sərhədlərimizin o tayında düşmənin ölkəmizdə güclü, müstəqil və dayanıqı iqtisadiyyatın olmaması üçün hansı tədbirlərə əl atdığını xalqımız üçün açıqlasın, insanlarımıza izah etsin. Bütün bunları nə üçün edirlər? Çünki iqtisadiyyat güc mənbəyidir və dayanıqlı iqtisadiyyatı olan bir ölkənin əlində yaxşı bir iqtidar vasitəsi olur.

Həmçinin hərbi güc də iqtidar mənbəyidir. Görürsünüz raket məsələsi ilə bağlı dünyada necə hay-küy salıblar?! “İranın raketi var!”, “İranın dəqiq vuran raketləri var!” Bəli, bizim raketimiz var, dəqiq vuran raketlərimiz də var. Bizim raketlərimiz bir-birindən bir neçə metr aralı olan hədəfləri bir neçə min kilometr uzaqdan vurmağa qadirdir. Biz buna öz gücümüzlə nail olmuşuq, bunu qoruyuruq və inşallah, artıracağıq da! Bu da ölkəyə iqtidar qazandırdığı üçün bunun da əleyhinədirlər; dava döyürlər, qəzəblənirlər. Dünyada nə həngamə çıxardıqlarını özünüz görürsünüz.

Fədakar hərbçilərin varlığı da ölkəmiz üçün iqtidar mənbəyidir. Hərbi qurumlardan əlavə, fədakar hərbçi kadrlarımız, Səyyad Şirazilər, Şəhid Şüştərilər və canından keçməyə hazır olan istənilən sadiq və fədakar hərbçimiz onlarda hiddət və qəzəb doğurur. Adını çəkdiyim bu insanlar döyüşdə həlak olmayıb, terrora məruz qalıb; yəni onları axtarıb tapıblar, təqib ediblər və terrorla qətlə yetiriblər. Ona görə ki bu insanlar ölkəmizə uzanan düşmən əllər qarşısında maneə kimi çıxış edirdi və ölkəmizin iqtidar mənbəyi idi. Odur ki sadiq və fədakar hərbçilərə də düşməndirlər.

Gənclərimizin imanlı, həyalı və əxlaqlı olması da ölkəmizin güc mənbəyi olduğuna görə buna da düşməndirlər. İran gənclərini imandan, əxlaqdan, şəriətə bağlılıqdan, abır-həyadan məhrum etmək üçün virtual məkanda, mediada o qədər işlər görür, milyardlar xərcləyirlər! Nəyə görə? Çünki bunlar ölkəyə iqtidar qazandırır. İnsanda şəhvət hislərini təhrik edən bütün bu vasitələr qarşısında büdrəməyən, özünü saxlaya bilən mömin, həyalı, əxlaqlı, şəriətə uyğun yaşayan və ölkə üçün qüdrət mənbəyi olan gənclərə düşməndirlər.

Xalqda cihad və müqavimət ruhiyyəsinin olması da ölkəni qüdrətli edən amillərdən biri olduğuna görə buna da düşməndirlər. Dünya müstəmləkəçiləri müqavimət ruhiyyəsinə, cihad ruhiyyəsinə “aqresiya” damğası vururlar, “aqresiyadır”, “ekstremizmdir” – deyirlər və təssüflər olsun ki, bəzən biz də bu ifadələri onların ağzından alıb təkrar edirik. Səbəbi isə budur ki, cihad və şəhidlik ruhiyyəsi hər bir ölkəni güclü, qüdrətli edir.

Bütün bu sadaladıqlarım iqtidar mənbəyidir və düşməndə nifrət doğurur, amma təhlükəsizliyi qoruyan amillər təhlükəsizliyin özündən də yüksəkdə durur; ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olan strukturlar daha böyük əhəmiyyət kəsb edir. Məhz elə buna görə də onlar təhlükəsizliyin keşiyində duran qurumların əleyhinədirlər (Silahlı Qüvvələr isə bu qurumların ən önəmliləri sırasına aiddir). Çünki əgər təhlükəsizlik olmasa, elm də olmaz, iqtisadiyyat da olmaz, işgüzar mühit də olmaz. Bir ölkədə elm adamlarının yetişdirilməsi, müxtəlif sferalarda inkişaf əldə olunması üçün ən vacib olan şey təhlükəsizlikdir. Təhlükəsizlik atmosferi bir ölkə üçün hər şeydən daha vacib və daha yüksəkdə duran bir amildir. Ölkənin təhlükəsizliyini qoruyan hər bir şey isə onları narahat edir; buna görə də ölkədə mövcud olan bu təhlükəsizliyi yox etməyə çalışırlar. Bu olduqca mühüm məqamlardan biridir.

Mənim əziz qardaşlarım, əziz balalarım, əziz gənclər! Bu gün biz “müqavimət dövlətiyik”. “Müqavimət dövləti” olmaq çox önəmlidir. Bu hansısa müqavimət təşkilatı, hansısa ölkənin müqavimət hərəkatı, hansısa müqavimət lideri olmaqdan fərqlənir. Əlbəttə, onlara da düşməndirlər; hegemon, təcavüzkar, dünya xalqlarının hər cür maddi-mənəvi sərvətinə əl uzadan dünya imperializmi müqavimətin carçısı olan hər bir elementə qarşıdır, elə buna görə də müqavimət təşkilatlarının da əleyhinədir, müqavimət əqidəsində olan mübariz insanların da əleyhinədir, amma bütün bunlar hara, müqavimət prinsipi əsasında qurulmuş bir “müqavimət dövləti” hara?! İslam Respublikası müqavimət dövlətidir. Öz siyasəti, iqtisadiyyatı, silahlı qüvvələri, beynəlxalq arenada manevr etmək qabiliyyəti, ölkəsində və xaricdə geniş nüfuz dairəsi olan bir müqavimət dövləti. Bu olduqca önəmlidir və başqa heç bir müqavimət elementi ilə müqayisə oluna bilməz. Məhz elə buna görə də İslam Respublikasına doğru dünyanın hər yerindən – istər mütləq güc və hakimiyyət iddiasında olan hegemon qüvvələr, istərsə də onların nökərləri sarıdan düşmənçiliklər tuşlanıb.

Yaxşı, bəs “müqavimət dövləti” nə deməkdir? Yəni hegemonluğa, zorakılığa, haqsız tələblərə tabe olmamaq, iqtidar mövqeyində durmaq. Müqavimət dövləti iqtidar mövqeyində dayanır. O nə təcavüzkardır, nə başqa ölkələrin və xalqların haqlarına əl uzadaraq işğalçılıq siyasəti yürüdür, nə də passiv müdafiə mövqeyindədir. Bunların heç biri deyil. Bəziləri düşünür ki, əgər biz beynəlxalq və regional müstəmləkəçiliyin qınağından yaxa qurtarmaq istəyiriksə, passiv müdafiə mövqeyi seçməliyik. Amma belə deyil, biz passiv müdafiə mövqeyində durmayacağıq, əksinə,

اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ وَ مِن رِباطِ الخَیلِ تُرهِبونَ بِهٖ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم

“Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən) mövqeyində duracağıq. Bu şərif ayədə “تُرهِبونَ بِهٖ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم” – “Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün“ kimi ifadə olunan mövqedə duracağıq. “تُرهِبونَ بِه” nədir?  “تُرهِبونَ بِه”  müasir siyasi leksikonda “çəkindirici güc” adlandırılan şeydir. İslam Respublikası elə bir mövqedədir ki, çəkindirici bir gücə, iqtidara malikdir. Onlarsa bu iqtidarın olmasını istəmirlər.

İslam Respublikası bu gün malik olduqlarını, indiyə qədər öz təşəbbüsü, öz əzmi ilə, heç bir başqa ölkəyə və gücə minnətçi olmadan əldə etdiklərini bu çəkindirici gücə, çəkindirmə qabiliyyətinə sahib olmaq üçün əldə etmişdir, bundan sonra da bu yolda irəliləyəcəkdir. Biz bundan sonra da bütün əzmimizlə, bütün səyimizlə, insan resurslarımızın bütün güc və istedadını ortaya qoyaraq çəkindirici iqtidarımızı artırmaq yolunda bacardığımız qədər irəli gedəcək və düşmənin bizə qarşı işğalçı niyyətlərə düşməməsi, belə bir niyyəti olduğu təqdirdə tərəfimizdən sərt reaksiya, möhkəm zərbə alacağını bilməsi üçün bu qüdrətimizdən istifadə edəcəyik. Mən hələ bir neçə il əvvəl (7) demişdim ki, artıq İslam Respublikasına qarşı “vur, get” vaxtı bitib. Gəlib vurub, çıxıb gedələr – artıq bu cür deyil. Vuranın yaxasından yapışacağıq. Başlayan onlar ola bilər, amma bitirmək artıq onların ixtiyarında, onlardan asılı olmayacaq. Düşmən bax bu gücdən qorxur, İslam Respublikasının məhz bu iqtidara sahib olmasını istəmir.

Bəs düşmən nəyi hədəfə alır? İndi sizə deyəcəyəm. Siz mənim əziz qardaşlarım, mənim gənc övladlarımsınız. Dəyərli komandanlarımızın bayaq təqdim etdiyi məruzədən də göründü ki, hərb elmini mənimsəməkdən əlavə, siz həm də gözüaçıq, mənəviyyatlı, öz siyasi yanaşması olan gənclərsiniz. Düşmən nəyin arxasıncadır, nə istəyir? Onun İslam Respublikasındakı hədəfləri hansılardır? Nəyi hədəfə alır? Sizə deyim ki, düşmənin bir qısa müddət üçün, bir orta müddət üçün, bir də uzaq müddət üçün nəzərdə tutduğu hədəflər var. Düşmənin qısa müddət üçün nəzərdə tutduğu hədəfi ölkədə təhlükəsizliyi pozmaq, fitnə və qarışıqlıq yaratmaq, İslam Respublikasının, Allaha şükürlər olsun ki, böyük iftixar duyduğu bu asayiş və təhlükəsizliyi yox etməkdir. Biz gərginliklərlə dolu, asayiş və təhlükəsizlik olmayan bir regionda və bəlkə də, dünyada öz ölkəmizdə asayiş və təhlükəsizlik atmosferi yarada bilmişik. Bunu edən xalqımız olub, canıyanan dövlət adamlarımız olub, onların gözüaçıqlığı, sayıqlığı, aktual yanaşması olub. Böyük İran xalqını bax bundan məhrum etmək istəyirlər. Düşmənin ən önəmli hədəflərindən biri və bəlkə də, qısa müddət üçün nəzərdə tutduğu ən önəmli hədəfi ölkədə asayiş və təhlükəsizliyi pozmağa müvəffəq olmaqdır. Az sonra mən bu barədə bir neçə cümlə də deyəcəyəm.

Onların orta müddətli hədəfi isə ölkənin iqtisadiyyatı, xalqın məişət rifahıdır. İqtisadiyyatımız yerindən tərpənməməli, xalqımızın məişət rifahı irəli getməməli, ölkədə məşğulluq və istehsal aşağı səviyyədə qalmalı, işsizlik bir bəla kimi kütləvi hal almalı, camaat yaşadığı dolanışıq problemləri ucbatından İslam Respublikasına və İslam dövlətinə olam ümidini itirməlidir. Düşmənin hədəfi budur. Bunun arxasıncadırlar; ölkəmizdə buna nail olmaq üçün çalışır, plan cızır, özləri demişkən, beyin mərkəzləri yaradırlar. Orta müddət üçün izlədikləri hədəf budur. Əgər biz də bu hədəfi anlayırıqsa, buna bir əlac etməliyik. Əlac edə bilərik də; əgər özümüzə gəlib özümüzü toplasaq, bir qədər diqqət yetirsək, lazımi işləri görsək, əlac edə bilərik. İlin başlanğıcında seçdiyimiz şüarı – “Müqavimət iqtisadiyyatı; milli istehsal və məşğulluq” şüarını izləyib, reallaşdırmağa səy göstərsək, düşmənin bu hədəfi, heç şübhəsiz, puça çıxacaq. Eynilə bayaq qeyd etdiyim, qısa, yaxın müddət üçün nəzərdə tutduqları “təhlükəsizliyi pozmaq, iğtişaş və asayiş pozuntusu yaratmaq” planı ilə mübarizə aparmaq üçün də diqqətimizi toplayıb hazırlaşsaq, sözsüz ki, onu da neytrallaşdıra biləcəyik.

Uzun müddət üçün nəzərdə tutduqları hədəf isə İslam dövlətinin özüdür. Vaxt var idi, açıq-aşkar deyirdilər ki, İslam dövləti ortadan qalxmalıdır. Sonra gördülər ki, bu söz özlərinin ziyanına işləyir – çünki əvvəla bunu bacarmayacaqlar, elə dedikləri yerdə də qalacaqlar, dünyadakı tərəfdarlarının, özlərindən asılı, muzdur dövlətlərin yanında nüfuzlarını itirəcəklər – ona görə də sözü dəyişib dedilər ki, “İslam Respublikası davranışını dəyişməlidir”. O zaman mən dəyərli rəsmilərimizə söylədim ki, cənablar, fikir verin, davranış dəyişsin, ya dövlət dəyişsin – ikisi də bir şeydir, heç bir fərqi yoxdur. Davranışımızı dəyişmək o demək deyil ki, əvvəllər işə səhər saat 7-də gəlirdiksə, bundan sonra 8-in və ya 7-nin yarısında gələk. Davranışımızı dəyişməyimiz budur ki, indiyə qədər İslam dininin, inqilabın, İmam Xomeyninin yolu ilə getmişiksə, bundan sonra həmin kursdan kənarlaşaq; əvvəl 20 dərəcə, sonra 45 dərəcə, sonra 60 dərəcə, sonra 180 dərəcə əksinə hərəkət edək. Davranışını dəyişmək budur; yəni elə dövlətin dəyişməsi. Onların uzun müddət üçün nəzərdə tutduğu hədəf budur. Odur ki düşmənin hədəfləri bunlardır. Düşmən düşməndir; düşmənçiliyini həyata keçirmək üçün əli çatan hər vasitədən istifadə edəcək.

Seçkilər barədə də bir-iki kəlmə deyim. Seçkilər elə arenalardan biridir ki, həm ölkəyə nüfuz və yüksəliş gətirə bilər, həm də zəifləməsinə, müəyyən problemlərin yaranmasına yol aça bilər; seçkilər bu cürdür. Əgər xalq seçkidə hamılıqla, intizamlı, etik qaydalara uyğun bir şəkildə iştirak etsə, dini qaydalara riayət etsə, hamı qanunun tələbinə uyğun davransa, bu, İslam Respublikasına nüfuz və yüksəliş qazandıracaq. Yox əgər qanunlar pozulsa, etik qaydalara əhəmiyyət verilməsə, danışanlar dedikləri sözlərlə düşməni özlərinə ümidli etsə, seçkilər bizim ziyanımıza bitəcək. Biz seçkidə naşı deyilik. Artıq 37-38 ildir ki, seçki keçiririk  – əvvəllər ildə təxminən bir seçki olurdu; indi də bir neçə ildir ki, hər iki ildən bir ölkədə böyük bir seçki baş tutur –  seçki məsələsində təcrübəmiz var, seçkilərin nə olduğunu bilirik, bilirik ki, namizədlər, seçkiyə aidiyyəti olan insanlar hansı ideoloji mühitlərə düşə bilər, nə kimi düşmənçiliklərə, hansı vəsvəsələrə məruz qala bilər. Bunlar aydındır; bütün bu şeyləri biz təcrübədən keçirmişik.

Mən üzümü bütün namizədlərə tutaraq onlara bir tövsiyə etmək istəyirəm – xalqa nə demək lazımdırsa, demişik – namizədlərə demək istəyirəm ki, xalqa verdikləri vədlərdə, etdikləri çıxışlarda, seçicilərə təqdim etdikləri platformalarında iki-üç məqamı, hökmən, gözləməyə diqqət yetirsinlər: birinsici, iqtisadi problemlər. İqtisadi problemlərə, mütləq, diqqət ayırsınlar, ölkənin iqtisadiyyatı üçün çalışmaq istədiklərini desinlər, özü də qətiyyətlə desinlər. Mühüm məsələlərdən biri budur. İlk növbədə xalqın məişət rifahının onlar üçün əhəmiyyətli olduğunu desinlər.

Namizədlərin platformasında, çıxışlarında, xalqa verdiyi vədlərdə əksini tapmalı olan ikinci məqam milli qürur, İran xalqının müstəqilliyi məsələsidir. Cənablar! İran xalqı inqilabçı bir xalqdır, İran xalqı başıuca bir xalqdır, İran xalqı elə bir xalqdır ki, özünü zəiflik və asılılığın son həddindən çıxararaq beynəlxalq nüfuz və iqtidarın zirvəsinə qaldıra bilmişdir. Bu xalqı əzmək, zəiflətmək, başqa xalqların, böyük dövlətlərin qarşısında təslimçiliyə məcbur etmək lazım deyil. Bu xalq öz qüdrəti ilə həyatdadır, vardır. Əgər onun nümayiş etdirdiyi bu qüdrət olmasaydı, düşmən gəlib bizim hansısa prezidentimizə və ya məmurumuza hansısa göstərişi verməklə kifayətlənməyəcəkdi; gəlib bu ölkədə ağalıq edəcəkdi. İslam Respublikasının başına dünyanın bəzi regionlarındakı və elə bizim öz regionumuzdakı heç bir nüfuzu olmayan, muzdur, asılı dövlətlərin başına açdıqları oyunları açacaqdılar; elə bu gün də bunu arzulayırlar. Bizim xalqımızla da o şəkildə davranmaq istəyirdilər. İmperializmin qarşısında xalqın qüruru, heysiyyəti, vüqarı, əzəməti qorunmalıdır. Namizədlər də Amerikanın haqsız tələblərinə, İsrailin xəbis əməllərinə qarşı olduqlarını göstərməlidirlər.

Möhtərəm namizədlərin diqqət yetirməli olduğu üçüncü məqam isə bayaq qeyd etdiyim həmin o milli təhlükəsizlik, milli asayiş məsələsidir. Namizədlər çalışmalıdırlar ki, etnik mənsubiyyət və dil fərqliliyi, coğrafi ərazi və ideologiya zəminində olan çatları, qopuqları böyütməsinlər. Bu məsələdə diqqətli olmaq lazımdır. Uzun illərdir ki, düşmənlərimiz bu qopuqlar üzərində işləyir. İslam Respublikasının düşmənləri Kürdüstanın üzərində çalışdılar, amma bizim mömin kürd camaatımız onların ağzından möhkəm bir yumruq vurdu. Düşmənlər qeyrətli və təəssübkeş Azərbaycan əhalisinin üzərində işləməyə başladılar, pullar buraxdılar, amma qeyrətli azərbaycanlılar İslam İnqilabına sahib çıxdıqlarını nümayiş etdirərək onların üzünə durub rədd etdilər. Eynilə Xuzestanın ərəb əhalisi, bəluclar, türkmənlər üzərində də; bu qopuqları aktivləşdirmək üçün işləyir, maya qoyur, pul verir, muzdlular tutur, söz quraşdırırlar. Lakin buna baxmayaraq İran ərazisində yaşayan etnoslar var gücü, səmimiyyəti, ixlası və imanı ilə bu məkrli planların qarşısında durur. Prezidentliyə namizədlər də ehtiyatlı davranmalıdır ki, səhvə yol verib, düşmənin uğur əldə etmədən yarımçıq qoyduğu bir işi davam etdirərək bu çatları fəallaşdırmasınlar.

Bu ölkə üçün asayiş və təhlükəsizlik çox önəmlidir. Seçki prosesində təhlükəsizlik orqanlarının rəsmiləri – məhkəmə hakimiyyəti, polis, Daxili İşlər Nazirliyi və sair və sair – hamısı təhlükəsizliyin qorunmasına diqqət yetirməlidir. Kimsə bu ölkənin təhlükəsizliyinə qarşı çıxış etmək fikrinə düşsə, sözsüz ki, sərt cavab reaksiyası ilə üzləşəcək; bunu bilsinlər. “Mən 10 milyon dollarla Gürcüstanın altını üstünə çevirə bildim” – deyən  o pullu amerikan sionisti  1388-ci ildə İslam Respublikasında da bunu etmək fikrinə düşmüşdü. Görün nə qədər yanlış bir uyğunlaşdırma, səfeh bir tanımadır ki, bu əzəmətdə İslam Respublikasını, bu böyüklükdə İran xalqını dünyanın üçüncü-dördüncü ölkələri ilə müqayisə edəsən və burada nə isə bir iş görüb öz təsirini göstərmək istəyəsən! Nə isə, xalqımız öz milli iradə və əzmi ilə möhkəm bir divar kimi bu səylərin qarşısında durdu. Bu gün də eynilə o cürdür; bunu bilsinlər ki, bu ölkə üçün təhlükəsizlik çox önəmlidir, camaatımız təhlükəsizliyə böyük əhəmiyyət verir, mən özüm də xalqın iradəsini rəhbər tutaraq bu ölkənin təhlükəsizliyinə böyük önəm verirəm. Seçkidə təhlükəsizlik tam şəkildə qorunmalıdır və bu yoldan kənara çıxmaq istəyən hər kəs bilsin ki, mütləq, xalqın silləsini dadacaq.

Güclər Allaha aiddir, qəlblər Allaha aiddir, qəlblər

   (8) بَینَ اِصبَعَیِ الرَّحمٰن

– ilahi iradənin layları arasındadır; qəlblər Allahın əlindədir. İran xalqı Allahın lütf və mərhəmətinə arxalanaraq indiyədək bu yolu qüdrətlə qət edib, inşallah, bundan sonra da qət edəcək. Və İran xalqı arasında gənclərin rolu daha qabarıqdır, gənclərin arasında isə, əzizlərim, sizlər başqa bir özəlliyə maliksiniz. Bunun qədrini bilin və bunun üçün uca Yaradana şükür edin.

Pərvərdigara! Səni and veririk zühuru vəd olunmuş Mehdiyə, Səni and veririk o şəxsə ki,

 (9) بِیُمنِهِ رُزِقَ الوَریٰ وَ بِوُجودِهِ ثَبَتَتِ الاَرضُ وَ السَّماء 

– digər məxluqlara onun bərəkəti sayəsində ruzi verilir, yer-göy onun varlığı sayəsində yerində möhkəm durur! Bu gəncləri və ölkəmizin bütün gənclərini, bütün İran xalqını öz lütf və inayətinin kölgəsində saxla. İran xalqını düşmənləri üzərində qalib et. Pərvərdigara! Səni and veririk Məhəmməd və Ali-Məhəmmədə, şəhidlərimizin və onların rəhbəri İmam Xomeyninin pak ruhlarını Məhşərə Məhəmməd və Ali-Məhəmmədin pak ruhları ilə birgə gətir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_________________________

(1) İmam Hüseyn (ə) adına Hərbi Akademiyada baş tutan bu mərasimin əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı keşikçi general-mayor Məhəmmədəli Cəfəri və akademiyanın baş komandanı Mürtəza Səffari məruzə etmişlər. 
(2) Gülüstan ostanının Azadşəhr rayonunda yerləşən Zimistanyurd mədənində baş vermiş partlayışa işarə olunur. Hadisə nəticəsində mədəndə çalışan fəhlələrdən bir qrupu həlak olmuşdur.
(3) Mircavə sərhədində terror hadisəsi nəticəsində bir qrup sərhədçinin şəhid olmasına işarə olunur. 
(4)  “Ehtecac”, c.2, səh. 493
(5) Həmin mənbə.
(6) Həmin mənbə.
(7) Hökumət rəsmiləri ilə görüş. 31.06.1386 
(8) “Əvaliül-ləali”, c.1, səh.48
(9) “Zadül-məad”, “Ədilə” duası, səh. 423