Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Höccətül-İslam Həsən Ruhaninin inauqurasiya mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

الحمد للّه‌ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة ‌الله فی الارضین. اللهمّ صلّ علی ولیّک علیّ‌ بن ‌موسی الرّضا المرتضی الامام التّقیّ النّقی و علی آبائه و اولاده المعصومین المطهّرین

Bugünkü toplantı çox önəmli bir toplantıdır, həmçinin yaşadığımız günlər də mühüm və taleyüklü günlərdir. Bu mərasimin Həzrət Əli İbn Musa Rzanın (ə) mübarək mövludu ilə üst-üstə düşməsi İran xalqı və bu gün bura toplaşanlar üçün xeyir-bərəkət mənbəyidir. Ümidvaram, o böyük imamın elə ölkəmizdəcə, Tus yaxınlığında yerləşən şəhərdə, yəni Nişapurda məşhur “Silsilətuz-zəhəb” hədisində buyurduğu və “Kəlmeyi-tövhid”i dinin əsası, dayağı olaraq tanıtdırdığı kimi –

 (2) کَلِمَةُ لا اِلٰهَ اِلَّا اللهِ حِصنی وَ مَن دَخَلَ حِصنی اَمِنَ مِن عَذابی

– biz də “Kəlmeyi-tövhid”i, tövhidin həqiqətini öz həyatımızda – istər şəxsi həyatımız olsun, istər sosial həyatımız, istərsə də İslam Respublikasının əsaslarında – bərqərar edə biləcəyik, inşallah.

Bu toplantı iki cəhətdən önəm kəsb edir. Birincisi, ona görə ki ölkənin idarəçiliyində yeni bir mərhələnin başlanğıcıdır və yeni seçilmiş möhtərəm prezidentlə çiyin-çiyinə işə başlayacaq rəsmilərin, inşallah, yeni-yeni təşəbbüslərlə, əvvəlkindən də artıq bacarıq və potensialla xalqı sevindirəcəklərinə, məmnun edəcəklərinə, hörmətli prezidentin bayaq öz çıxışında ətraflı şəkildə toxunduğu istək və gözləntiləri həyata keçirəcəklərinə ümid yaranır.

İkinci cəhət isə budur ki, bu toplantı xalq hakimiyyətinin təcəssümüdür. Bu, inqilabın əvvəlindən indiyə qədər baş tutan 12-ci inauqurasiya mərasimidir; yəni inqilabın əvvəlindən bəri İran xalqı ölkənin bir nömrəli rəsmisinin seçilməsində 12 dəfə həlledici rol oynayıb; bu, çox önəmli bir məsələdir. Xalqın seçimi əsasında 10 parlament, 5 şəhər və kənd şurası, 5 Xubriqan Məclisi formalaşıb. Bütün bunlar inqilabın bərəkəti sayəsində baş verib. Qoy yeni nəslimiz unutmasın ki, biz inqilabdan əvvəlki dövrün əzab-əziyyətlərini bütün varlığımızla hiss edib yaşamışıq; diktaturanı, xalqın seyrçi mövqedə qalmasını, hakimiyyət məsələsində xalqa qətiyyən əhəmiyyət verilməməsini öz gözlərimizlə görmüşük. Gənclərimiz belə şeyləri görməyib. İnqilabın qələbəsindən öncə ölkənin idarəçiliyində, rəsmi şəxslərin təyin olunmasında xalqın heç bir rolu olmayıb; başçılar, monarxlar, padşahlar, onların ətrafındakılar hakimiyyətə gəlib, hakimiyyətdən gedirdi, xalq isə yalnız kənardan tamaşa edirdi; heç bir rolu yox idi. İslam İnqilabının gəlişi ilə xalq seyrçi mövqeyindən çıxaraq əsas rola keçdi; xalq ixtiyar sahibi oldu. İnqilabın əvvəlindən bəri artıq 12-ci dəfədir ki, icraedici hakimiyyətlə bağlı xalqın seçiminin nəticəsi müəyyənləşir; odur ki bugünkü mərasim çox önəmli bir mərasimdir. 

Gəlin öz qırılmaz əzminin, dərin imanının, sonsuz uzaqgörənliyinin, misilsiz şücaətinin bərəkəti ilə bu nailiyyəti İran xalqına bəxş etmiş o böyük şəxsiyyəti – dahi liderimiz İmam Xomeynini də yad edək. Biz rəsmilər və camaatımız daha çox iftixar duymalıyıq ki, Allah-taalanın ölkəmizdə, xalqımız arasından bu okeanı təlatümə gətirməyi bacarmış dahi bir insanı seçdiyi bir dövrdə yaşamışıq. Bu, kiçik bir iş, xırda bir məsələ deyil; İmam Xomeyni ölkənin və İran xalqının hərəkət kursunu bütünlüklə dəyişməyi bacardı. Ölkədə illərlə, hətta əsrlərlə monarxiya quruluşu hökm sürmüşdü. Pəhləvi hakimiyyətinin sonlarında isə monarxiyadan əlavə, xaricilərin, yadellilərin müdaxiləsi də bizə bir utanc olmuşdu. Rzaxanı hakimiyyətə ingilislər gətirmişdi, ingilislər də hakimiyyətdən göndərib, yerinə Məhəmmədrzanı qoydular. Daha sonra 1332-ci il 28 mordad qiyamında da amerikalılar ixtiyar sahibi olub, bizim üçün padşah təyin etdilər; baş naziri və ölkənin digər rəsmilərini onlar müəyyən edirdilər. Ölkəmizin vəziyyəti bu idi; dahi İmam Xomeyni belə bir sistemi əvəzlədi; bu meydana atılan məhz o oldu; məhz onun qırılmaz əzmi, dərin imanı, misilsiz şücaəti, Allaha təvəkkülü, xalqa etimadı sayəsində vəziyyət bu cür dəyişə bildi. 

Və 40 ilə yaxın bu vaxt ərzində ölkəmizdə ardıcıl bir silsilə ilə, hər biri öz növbəsində, öz payına düşən qədər çalışıb zəhmət çəkmiş, təşəbbüs göstərmiş, iş görmüş, rol oynamış rəsmilər olub. Bu gün isə yaxın 40 ildə İslam Respublikasında yüksək vəzifə postu tutmuş komandanın əməyinin nəticəsi, inşallah, bu mərasimdə rəsmiləşərək işə başlayacaq hökumət nümayəndələrinə həvalə olunur. Bu gün vəzifə səlahiyyəti əldə edən insanlar – möhtərəm prezidentin həmkarları – bu milli sərmayəni daha da artıraraq uğurla sonrakı nəslə, sonrakı rəhbər şəxslərə ötürməlidirlər ki, bu hərəkat, inşallah, günbəgün daha da genişlənsin. Bu 40 ildə xalqımız və dövlətimiz böyük işlər görüb. Bu müddət ərzində ölkədə zəngin elmi, icraedici, praktiki və ideoloji baza yaradılıb. İnqilaba qədər bunlar əsla olmayıb; İslam Respublikasından əvvəl ölkədə belə bir böyük baza mövcud olmayıb. Bütün bunlar xalqımızın öz xoşbəxt gələcəyinə uçuş edəcəyi terminallardır. Bugünkü rəsmilərin ixtiyarında ötən 40 il ərzində toplanmış bilik və təcrübə vardır. İnqilabi təfəkkürün daşıyıcısı olan, qəlbi stimul dolu yeni-yeni nəsillər yetişib və bu gün onlar iş görməyə hazırdırlar. İnqilabın əvvəlində bizim bu qədər hazırlıqlı rəhbər işçimiz yox idi. Bu gün isə, əlhəmdulillah, ölkədə müxtəlif sferalarda idarəçilik işlərini öhdəsinə götürməyə hazır olan gənclərimiz çoxdur; onları inqilab yetişdirib. Fəal, effektiv dövlət xadimlərinin ötən 40 il ərzində verdiyi gərgin əmək sayəsində bu gün bu möhtəşəm nəticələr xalqın ixtiyarındadır.

Allaha şükür, bu illər ərzində ölkəmizin rəsmiləri dünya ilə əməkdaşlıq etməyi bacarıb. Düşmənlər daim bu xalqı təcrid etmək üçün çalışdıqlarına baxmayaraq, İran xalqı təcrid olunmayıb, dünya ilə əməkdaşlıq edib və eyni zamanda imperializm sisteminə qarşı da ciddi şəkildə mübarizə aparıb, məkrli planların qarşısında durmağı bacarıb. Və əlbəttə ki, düşmən də boş durmayıb. Mənim yaddan çıxmaması üçün daim israrla təkrarladığım məqamlardan biri də düşmənin varlığı və məkrli planlarıdır. Əmirəlmöminin Əli (ə) buyurur:

 (3) مَن نامَ‌ لَم‌ یُنَم‌ عَنه،‌ اَخَا الحَربِ اَرِق

– siz səngərdə yuxuya getmisinizsə, bu, o demək deyil ki, qarşı səngərdə oyaq olan birisi yoxdur və sizə qarşı fəaliyyətə keçməyəcək; yuxuya getməməlisiniz, ehtiyatı əldən verməməlisiniz; hər bir işdə. Bu sözlər ilk növbədə rəsmilərə aiddir. Düşmən öz düşmənçiliyi ilə məşğuldur, cürbəcür işlər görür; intəhası, Allahın lütfü və yardımı sayəsində, İran xalqı və ölkəmizin rəsmiləri artıq təcrübəlidir, bərkiyiblər.

Bizə qarşı sanksiyalar tətbiq etdilər; əlbəttə ki, bu sanksiyalar ölkəmiz üçün problemlər yaradır, buna söz yox, lakin sanksiyalar bizim öz daxili imkanlarımıza diqqət yönəltməyimizə səbəb olmuşdur. Bizim bir çox imkan və potensiallarımız var idi ki, onlar haqda bilmirdik, xəbərimiz yox idi. Üzərimizə sanksiya qoyulandan sonra özümüzə gəldik, daxildə hansı imkanlarımız olduğuna nəzər saldıq, onları aşkarladıq və istifadə etməyə başladıq. Bu gün düşmənin arzuladığının tam əksinə, biz güclüyük; siyasi baxımdan güclüyük, hərbi baxımdan güclüyük, təhlükəsizlik baxımından güclüyük. Bu qədər sanksiyaya, bu qədər düşmənə rəğmən, əvvəlki illərlə müqayisədə bu gün İslam Respublikası qat-qat daha güclü, daha qüdrətlidir. Bu o deməkdir ki, biz düşmənin əleyhimizə işlətdiyi plandan öz xeyrimizə, ölkəmizin xeyrinə istifadə etmişik. Düşmənin açıq düşmənçiliyi müqavimət qabiliyyətimizi daha da artırıb. Özü də düşmənçiliklər təkcə aşkarda getməyib; bəziləri açıq-aşkar düşmənçilik edirlər – bu gün Amerika və bəzi başqa yerlərdə hakimiyyətdə olan qüvvələr kimi – bəzi düşmənlər isə adama məxmər əlcək içərisində çuqun əl uzadır; bu da düşmənçilikdir; bu barədə əvvəllər danışmışıq. Allahın lütfü sayəsində, Onun yardımı və istiqamətləndirməsi ilə, bütün bu düşmənçiliklər qarşısında bizim müqavimət gücümüz daha da artıb; özünəinamımız çoxalıb. Bu gün biz əvvəlki illərə nisbətən qat-qat güclüyük. Düşmənlə mübarizə aparmağın yollarını da bilirik. Allahın köməyi ilə, bu gün İran xalqı düşmənin məkrli planlarına qarşı hansı yollarla mübarizə aparmaq lazım olduğunu artıq öyrənib; rəsmilərimiz bu yolları öyrəniblər, düşmənə necə reaksiya vermək lazım olduğunu bilirlər və verirlər də. İmkanlarımız da daha artıqdır, düşməndən və onun hiylələrindən də heç bir qorxumuz yoxdur.

Çatışmazlıqlarımız çoxdur; biz bunu nə diqqətdən qaçırır, nə də inkar edirik, lakin bunu da inkar etmirik ki, potensialımız da zəngindir. Allahın köməyi ilə, biz istifadə olunmamış bu potensialdan istifadə edə bilərik. Siz ölkə rəsmiləri – özəlliklə də, inşallah, tezliklə formalaşdırılacaq və möhtərəm ölkə başçısı ilə çiyin-çiyinə işə başlayacaq hökumət kabinetinin, icraedici hakimiyyətin üzvləri – bu cür zəngin imkan və potensiala sahib olan bir dövlətin sükançılarısınız; bunu bilin. İslam Respublikası quruluşu, əziz ölkəmiz olduqca zəngin imkan və potensiala sahibdir. Bu imkanları bircə-bircə aşkarlayıb onlardan bəhrələnmək lazımdır. Siz dövlətimizin inqilabi mahiyyətinə arxalanıb – bax bu məqam olduqca önəmlidir – cihad əzmi ilə çalışaraq, xalqın dəstəyindən güc alaraq, bu gün ixtiyarınızda olan nəhəng maddi və mənəvi sərmayələrdən istifadə edərək ölkəni irəli apara bilərsiniz və mən sizə gələcək fəaliyyətinizdə 3 əsas istiqaməti rəhbər tutmağı tövsiyə edirəm:

Birincisi, xalqın problemləri ilə məşğul olmaq; bu gün birinci yerdə əhalinin məişət rifahı ilə bağlı olan iqtisadi problemlər durur. Eyni vaxtda paralel surətdə görməli olduğunuz 3 işdən birinisi budur; daxildəki problemlərin həlli ilə məşğul olmaq, əhalinin problem və çətinliklərini yoluna qoymaq, iqtisadi və məişət problemlərini həll etmək; inşallah, qarşıdakı 4 ildə bu məsələni məqbul bir səviyyəyə gətirib çıxarmalısınız.

İkincisi, dünya ilə geniş bir müstəvidə əməkdaşlıq etmək. Mən bunu həmişə tövsiyə edirəm və bu, bizim düşmənlərimizin, dünya imperializminin qətiyyən arzulamadığı bir şeydir. Biz dünya ilə genişmiqyaslı əlaqələr qurub həm başqa dövlətlərə və xalqlara yardım edə, həm də onların yardımından bəhrələnə bilərik. Bəşəriyyətin sosial həyatı bu şəkildə davam edir: əməkdaşlıq etməklə, bir-birinin dərdinə şərik olmaqla, tərəfdaşlıqla, dünya ilə qarşılıqlı əlaqələr qurmaqla; bizim iqlimimiz, coğrafi mövqeyimiz, zəngin imkanlarımız bunu bizim üçün bir qədər də asanlaşdırır.

Və üçüncüsü: müstəmləkəçilik iddiasında olan istənilən qüvvənin qarşısına güclü və sarsılmaz bir şəkildə çıxın; kim olursa-olsun; bu gün hamısından daha təcavüzkar və utanmaz olanı Amerika Birləşmiş Ştatlarıdır. Onların qarşısına möhkəm və qüdrətli bir şəkildə çıxın. Siz milli iqtidara, xalqın köməyinə arxalanaraq onların hiylələrinin qarşısını ala, məkrli planlarını neytrallaşdıra bilərsiniz. 40 illik beynəlxalq fəaliyyət təcrübəmiz göstərir ki, hegemon dövlətlərin qarşısında təslim olmaq insana onlara müqavimət göstərməkdən baha başa gəlir. Hegemon dövlətlərin zorakılığına tabe olmaq ölkələri və xalqları aciz, çarəsiz vəziyyətə salır, inkişafın yollarını sözün həqiqi mənasında onların üzünə bağlayır, onları insani dəyərlərdən uzaqlaşdırır; hegemonlara təslim olmağın bahası bax bu cür ağırdır. Allahın köməyi və dəstəyi sayəsində, biz imperialistlərə və imperializm sisteminə təslim olmamışıq, boyun əyməmişik, onlarla onların istəklərinə uyğun dil tapıb razılaşmamışıq və bu gün dünənkindən daha güclü və bacarıqlıyıq. Bu gün bizim imkanlarımız dünənkindən qat-qat çoxdur. Onların qarşısında durmuşuq, təslim olmamışıq; bu, çox mühüm bir təcrübədir. Əlbəttə, bu yolda şəhidlərimiz olub, fədakarlıq edən insanlarımız olub, bir çox görkəmli və dəyərli şəxsiyyətlərimizi əldən vermişik, lakin İslam Respublikası irəli gedib, inkişaf edib, öz şüarlarını daha da önə çəkib.

Möhtərəm ölkə başçımıza və onunla müxtəlif sferalarda əməkdaşlıq edəcək qardaş və bacılarımıza bir neçə tövsiyəm də var, bu tövsiyələri diqqətdə saxlasınlar. Bu vəzifə səlahiyyətini, bu imkanı əmanət bilin; Əmirəlmöminin Əlinin (ə) də buyurduğu kimi:

 (4) وَ اِنَّما هِیَ فی عُنُقِکَ اَمانَة

Bu vəzifə səlahiyyəti bizim – mənim də, sizin də əlimizdə bir ilahi əmanətdir; əmanətdar olmaq, bu əmanəti layiqincə qorumaq lazımdır. Qurani-Kərimin bu şərif ayəsi:

اِنَّ اللهَ یَأمُرُکُم اَن تُؤَدُّوا الاَمانٰتِ‌ اِلیٰ‌ اَهلِها

“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı əmr edir”. (“Nisa” surəsi, 58-ci ayədən)
təkcə gözlə görünən maddi əmanətlərə aid deyil. Bu mühüm əmanət – yəni vəzifə məsuliyyəti həmin ayənin daha bariz nümunəsidir.

İkinci tövsiyəm budur ki, vaxtımız az, işimiz çox olduğuna görə prioritetləri gözləmək lazımdır. Həm xərcləmələrdə, həm planlamalarda – hər bir işdə prioritetləri nəzərə almaq lazımdır. Bəli, bu gün əsas prioritetlər bayaq möhtərəm prezidentin qeyd etdikləridir; sosial ədalət, yoxsulluğun aradan qaldırılması, korrupsiyanın kökünün kəsilməsi bizim birinci dərəcəli prioritetlərimizdir; bunları önə keçirmək lazımdır, ardınca isə digər məsələlər gəlir.

Digər bir tövsiyəm isə budur ki, fəaliyyətinizi planlı şəkildə qurun. “6-cı inkişaf proqramı” kompleks bir proqramdır; bu il bu proqrama start verilir. Əlbəttə ki, biz bir az gecikmişik; bu proqramın icrasına ötən il başlanmalı idi. “6-cı inkişaf proqramı” önəmli bir proqramdır; planlı şəkildə, tam diqqətlə, bütün imkanları nəzərə alaraq hərəkət etmək lazımdır; proqrama önəm vermək lazımdır.

Mənim növbəti tövsiyəm isə xalqın birliyinə önəm verməyimizdir; bizim nəyimiz varsa, hamısını xalqın vəhdətinə, insanlarımızın öz aralarında, eləcə də ölkənin işlərini idarə edən rəsmilərlə aralarında olan birlik və bölünməzliyinə borcluyuq. Bu birliyi qoruyun; zərərli ikitirəliklər yaranmasın. Xalqın içərisində müxtəlif siyasi meyillərə, görüşlərə sahib olan insanlar var; lap yaxşı, qoy hər kəs fərqli siyasi görüşləri ilə, birgə və yanaşı, dinc, rahat şəraitdə yaşasın. Fərqli siyasi görüşlər və fikir ayrılığı o demək deyil ki, mütləq, dava-dalaş olmalıdır; insanlar fərqli siyasi düşüncəyə sahib olduqlarına baxmayaraq, bir-biri ilə yanaşı çox gözəl həyat sürə bilərlər. Konflikt mənbələri yaradılmamalıdır. Müxalif görüşlər sizi narahat etməsin; müxaliflərin hansısa fikri, tənqidi yanaşması varsa, qoy tənqid etsinlər, müxalif fikirlərini irəli sürsünlər; bundan narahat olmaq lazım deyil. Ölkənin idarəçiliyi ağır bir işdir, işlərimizdə nöqsanlar da az deyil, kimlərinsə bizi tənqid etməsi mümkündür. Tənqidləri dözümlü yanaşmaq mənasında qəbul etməli və dözməliyik.

Xalqın arasına gedin, bilavasitə insanların özləri ilə görüşün, camaatdan eşidin; bu, çox önəmli olan işlərdən biridir. Bizə çatdırılan hesabatlar nə qədər real və həqiqi olsa da, insanın xalqla görüşərkən, camaat arasına çıxarkən görüb müşahidə etdiklərindən xeyli fərqlənir.

Qəlbi stimul dolu inqilabi qüvvələrin qədrini bilin; mən bunu bütün rəsmilərə tapşırıram. Problemlərlə üzləşdiyi zaman sinəsini sipər edib ölkəni qoruyanlar, müdafiə edənlər məhz mömin, inqilabçı, stimullu insanlardır. Onların qədrini bilməliyik.

Beynəlxalq miqyaslı qərarlar verərkən həmişə yadda saxlayın ki, düşmən sizi məhv etmək üçün bütün güc və imkanlarından istifadə edir. Bu gün bizimlə qarşı-qarşıya olan bəzi dövlətlərin rəsmiləri bunu açıq-aşkar deyir; açıq-aşkar etiraf edirlər ki, İslam Respublikası quruluşunu məhv etmək niyyətindədirlər; bunu yadda saxlayın. Bəziləri də bu niyyətini gizlədir, açıq demir, amma reallıq budur ki, eyni məqsədi güdürlər. Beynəlxalq əməkdaşlıq həvəsi bizi məhv etmək məqsədi güdən düşmənlərimiz olduğunu bizə unutdurmamalıdır. Hər bəhanədən də istifadə edirlər. Siz kosmosa peyk daşıyıcısı buraxırsınız, (5) birdən-birə görürsünüz ki, dünyada hay-küy, qalmaqal yaradıblar. Elm, texnologiya sferasında istənilən ölkə üçün lazımlı və son dərəcə normal, adi olan bir işi siz həyata keçirdiyiniz zaman hay-küy qopardıqlarının şahidi olursunuz. Bütün bunlar onu göstərir ki, daha da diqqətli və ehtiyatlı olmaq lazımdır.

Bu cür münasibətin cavabı isə cihad əzmi ilə, gərgin və planlı surətdə işləməkdir; bu düşmənçiliyin cavabı daha da güclənməkdir. Güclənmək deyərkən mən təkcə hərbi və təhlükəsizlik baxımından güclənməyi nəzərdə tutmuram; əlbəttə ki, bu sahələrdə də güclənməyə ehtiyac var, amma iqtisadiyyat və mədəniyyətdə, öz dini və inqilabi kimliyini qorumaqda günbəgün daha da güclənmək, daha da dərinləşmək lazımdır. Düşmənə veriləcək cavab budur.

Və son olaraq: Uca Yaradana təvəkkül edin, Allah-taalanın möminlərə verdiyi yardm vədinə inanın:

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم

“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)

Başqa bir ayədə:

وَ لَیَنصُرَنَّ اللهُ مَن یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən)

Bu vədlərə inanın, özü də təkidlə inanın! Siz dinin dirçəlişi, dinin bərpası, Allahın dininin hakimiyyətini qurmaq yolundasınız; bu, Allaha kömək etmək deməkdir, elə isə əmin olun ki, Allah-taala da sizə öz yardımını yetirəcək. Dinə, qanuna zidd əməllər qarşısında sakit durmayın, etinasız qalmayın və bilin ki, inşallah, gələcək sizindir!

Pərvərdigara! Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədə, bizi Sənin razılığını əldə etmək yolunda uğur qazananlardan et. Pərvərdigara! Bu yeni – 12-ci hökumətə və ölkəyə xidmət edən bütün rəsmilərə öhdələrinə düşən mühüm vəzifələrin icrası yolunda uğurlar nəsib et. Pərvərdigara! Günlərimizi, ömrümüzü, saatlarımızı, illərimizi bizim üçün təəssüf yox, qənimət mənbəyi et. Pərvərdigara! Şəhidlərimizin pak ruhlarını, dahi liderimiz İmam Xomeyninin ruhunu Məhşərə övliyalarınla birgə gətir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

 (1) Görüşün əvvəlində Daxili İşlər Naziri cənab Əbdülrza Rəhmanifəzli və ölkə başçısı Höccətül-İslam Həsən Ruhani çıxış etmişlər. 
 (2) Əmali, Şeyx Səduq, səh.235 
 (3) Nəhcül-bəlağə, 62-ci məktub. 
 (4) Nəhcül-bəlağə, 5-ci məktub. 
 (5) İran İslam Respublikasının “Simurq” peyk daşıyıcısının kosmosa göndərilməsi ilə bağlı həyata keçirdiyi sınaqlara işarə olunur.