Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin müqəddəs ramazan ayının 12-ci günü İmam Xomeyni (r.ə) adına hüseyniyədə tələbələrlə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Bu gün bura təşrif gətirmiş əziz qardaş və bacılarıma, xüsusilə də bədii proqramı təqdim edən dostlarımıza təşəkkürümü bildirirəm (1). Habelə möhtərəm aparıcımıza da bu dəqiqələrə qədər tədbiri çox yüksək səviyyədə idarə etdiyinə görə təşəkkür etmək istəyirəm. Çıxış edən dostlarımız, əlhəmdulillah, cürbəcür mövzulara toxundular. Onların çıxışlarında həm elmlə bağlı məsələlər, mənim də bu gün özüm üçün qeyd götürmüş olduğum təkliflər var idi, həm də ölkədə gedən siyasi-ictimai proseslərlə bağlı fikirlər, tənqid, giley-güzar, etiraz, eyni zamanda alqış və dəstək də yer alırdı; əlhəmdulillah, hər şey var idi; sözün həqiqi mənasında tələbə məclisi idi.

Əlbəttə, dostlarımızın – qardaş və bacılarımızın burada etdiyi söhbətlərdən ümumilikdə mənim üçün maraqlı və diqqətəlayiq məqam bu oldu ki, bütün giley-güzarlara, narahatlıqlara və sairə rəğmən, bugünkü görüşümüz tələbə ictimaiyyətimizin həyat dolu, dinamik və yüksək ruhlu olduğunu nümayiş etdirdi. Bu, düşmənlərin, yadların arzuladığının tam əksinə olan bir haldır və bəzilərinin iddia etdiyi kimi, akademik ictimaiyyətimizin heç də ruh düşkünlüyü yaşamadığını sübut edir. Xeyr, bizim universitetlərimiz həyat doludur, dinamikdir. Doğrudur, ölkənin bütün tələbələri təkcə sizdən ibarət deyil – bizim 4 milyondan çox tələbəmiz var – demək istədiyim o deyil ki, o 4 milyon tələbənin hamısı sizin kimi yüksək ruhludur. Belə olmadığını biz də bilirik, lakin buna baxmayaraq, universitetlərimizdə yüksək əhval-ruhiyyəli, motivasiyalı, dinamik bir cərəyan var; müxtəlif meyil və baxışlara malikdirlər, amma hamısı stimula sahibdir, öz təsir gücünü hiss edir. Bu mənim üçün çox önəmlidir; yəni tələbələr təsir göstərməli olduqlarını, təsir göstərə biləcəklərini hiss edir və buna görə də öz sözünü deməyə can atırlar.

Bəli, sizin ölkədəki bir çox məsələlərə etirazınız var, o etirazlardan əksəriyyəti də yerində və haqlı etirazlardır, haqsız deyil, intəhası sizin kimi çılğın gənclərlə mənim kimi ahıl insanlar arasında fərq var. Şair demişkən:

دیر بماندم در این سرای کهن من
(2) تا کهنم کرد صحبت دی و بهمن

Siz arzularınızı çox rahatlıqla dilə gətirib deyirsiniz, mənsə mövcud şərait və əngəllər baxımından hazırkı reallıqla arzular arasında hələ nə qədər məsafə olduğunu öz yaşadığım təcrübələrə əsasən görür və hiss edirəm; fərq yalnız bundadır. Düzdür, o iradların çoxu haqlı iradlardır, lakin problemləri aradan qaldırmaq bir o qədər də asan deyil. İşləmək lazımdır, çalışmaq lazımdır, hər bir şeyin müqəddiməsini hazırlamaq lazımdır. Həmin müqəddimələrdən biri də elə sizin varlığınız, düşünməyiniz, işləməyiniz, öz fikirlərinizi ortaya qoymağınızdır. Mən burada sizə yardımçı olacaq bəzi fikirlərimi qeyd etmişəm. Əlbəttə ki, mən sizin çıxışlarınızdan da özüm üçün bəzi məsələləri mövzu başlığı kimi qeyd götürdüm; inşallah, çalışacağam ki, o məsələlərlə məşğul olum; xüsusilə də elə öz idarəçiliyimə tabe olan sahələrlə bağlı; misal üçün Silahlı Qüvvələr və sair; orada birbaşa Ali Rəhbərliyin idarəçiliyindən söhbət gedir; yəni Silahlı Qüvvələr Ali Rəhbərliyin komandanlığına tabedir. Misal üçün, “Səda və sima” Dövlət Teleradiosu bu cür deyil, məhkəmələr bu cür deyil. Düzdür, Ali Məhkəmənin sədrini Ali Rəhbər təyin edir, amma Ali Rəhbərlik məhkəmə hakimiyyətinin idarəçiliyi ilə məşğul olmur. Bunların arasında fərq qoymaq lazımdır. Dövlət Teleradiosu Ali Rəhbərə tabe deyil; əlbəttə, biləsiniz ki, mən Dövlət Teleradiosuna həmişə tənqidi mövqedən yanaşmışam. Hazırkı rəhbərliyin dövründə də, əvvəllər də mən daim müxtəlif məsələlərlə bağlı öz irad və tənqidlərimi onlara bildirmişəm; o cümlədən az öncə sizin qeyd etdiyiniz və elə mənim də zehnimdə olan iradları; o şeyləri mən də tənqid edirəm. Dövlət Teleradiosunun başında duran insanların o nöqsanları aradan götürməməyinin səbəbi də o deyil ki, bizimlə inad etmək istəyirlər. Yox, tədbir görmək istəyirlər, intəhası asan deyil, çətindir. Görüləcək əsaslı iş bundan ibarətdir ki – az öncə dostlarımız da öz çıxışlarında qeyd etdlər – bu qurumların kollektivinə gənc, mömin, stimullu, inqilabçı ruhlu kadrlar yeridilməlidir. İnşallah, bu işləri görmək niyyətləri var, mən də dəfələrlə təkid etmişəm; Dövlət Teleradiosuna da, digər mərkəzlərdən bir qisminə də; məsələn, imam-cümələrin işinə nəzarət edən quruma və sairə; inşallah, tədricən bu iş irəli gedəcək. Bircə onu bilin ki, biz irəli gedirik. Bizim hərəkətimiz, heç şübhəsiz, irəliyə doğrudur. Buna sübutlar çoxdur. Odur ki bu məsələləri qeyd edib götürmüşük, bizim öz səlahiyyətimiz daxilində olan məsələlərlə, inşallah, məşğul olacağıq.  Hərbi xidmətə çağırış sistemi ilə bağlı ümumi narazılıq ifadə olundu; mənim məsələnin detallarından xəbərim yoxdur, yazılı surətdə məlumat versinlər, araşdırarıq; həmçinin bəzi digər sahələrlə bağlı. Əsas odur ki, siz bu ruhiyyənizi, bu hissiyyatınızı, bu stimulunuzu, bu iştirakınızı qoruyub saxlayasınız; mən buna ümid edirəm.

Mən həmişə dönə-dönə deyirəm ki, bu ölkənin sabahı sizindir, siz özünüzü onun sabahını idarə etmək üçün hazırlamalısınız. Bu, gəlişigözəl sözlər, yaxud zarafat deyil; bu bir reallıqdır. Əlbəttə, diqqətli olmalısınız ki, düz yolla – “sirati-müstəqim”lə irəliləyəsiniz; yəni bugünkü stimulunuzu qoruyub saxlayasınız. Çoxları olub və elə də bu gün də belələri var ki, bir vaxtlar çox emosional və həyəcanlı danışırdılar, sonradan, məsələn, başqa bir şəraitdə dəyişib başqa cür oldular. Diqqətli olun ki, sizdə də belə olmasın; yəni öz irəliləyişinizdə ardıcıl olasınız, yorulmaq bilməyəsiniz, həmişə Allahın köməyinə arxalanasınız və savaba çatmağa ümid edəsiniz. Bu şəkildə irəliləsəniz, o zaman irəliləyişiniz həmişə düzgün istiqamətdə olar; o zaman ölkənin sabahı – bu gün hazırkı vəziyyəti tənqid edən siz gənclərin əlində olacaq sabahı çox yaxşı olar. Siz bu stimulla irəliləməkdə davam etsəniz, təbii ki, sabahımız bu günümüzdən daha yaxşı olacaq. Deməli, bura qədər dediklərimdən belə bir nəticəyə gəlmək olar ki, çıxışlarda tənqid, irad və giley-güzar oluğuna baxmayaraq, bugünkü görüşümüz ümumilikdə özündə böyük bir müjdəni, böyük bir ümidvarlığı əks etdirir; yəni göstərir ki, bizim gənclərimiz – ən azından tələbə gənclərimizin arasındakı müəyyən cərəyan – güclü stimul, iman və təpərə sahibdir, iş görmək, addım atmaq əzmindədir. Bu, çox yaxşı bir şeydir; bugünkü görüşümüz bax bunu göstərdi. Sabaha pessimist yanaşanlar bu mənzərəyə baxıb öz fikirlərində düzəliş etsinlər.

Yaxşı, mən maarifləndirici bir söhbətə keçərək indiyə qədər dönə-dönə demiş, təkrarlamış olduğum bir mövzunu yenə də vurğulamaq istəyirəm. Həmin mövzu inqilabçı olaraq qalmaq və inqilabçı kimi hərəkət etməyin vacibliyindən ibarətdir. Bu mövzu ətrafında bir qədər maarifləndirici söhbət edək, ardınca vaxtımız qalsa, inşallah, tələbələr, tələbə cərəyanları, tələbə təşkilatları barədə də danışarıq.

İnqilaba ümumilikdə nəzər salsaq, görərik ki, inqilabın əvvəlindən yanlış bir düşüncə mövcud olub. Həmin yanlış düşüncə isə bundan ibarətdir ki, inqilab dövlətin qurulmasına qədər lazımdır, dövlət qurulandan, hökumət təşkil olunandan, hökumət qurumları, qanunlar və məhkəmə sistemi yerbəyer olandan sonra artıq inqilab lazım deyil; daha inqilabla işimiz yoxdur. İnqilabı da qarşıdurmalar, dava-dalaş, hay-küy, qanunsuzluq və sair bu cür işlər kimi mənalandırırlar. Bu təfəkkür təkcə bu günə aid deyil, inqilabın qələbə çaldığı ilk vaxtlardan mövcud olub. Bu, yanlış bir təfəkkürdür.

İnqilabın mərhələləri var. İnqilabın əvvəllərində – 1357-ci ildə baş verənlər inqilabın birinci mərhələsi idi; yəni tağut xislətli və zülmkar şah diktaturasına qarşı baş vermiş inqilabi partlayış, yeni dəyər və amallar, yeni ideya və anlayışlar əsasında yeni hökumət sisteminin qurulması – bunlar inqilabın birinci mərhələsi idi. Daha sonra – ikinci mərhələdə isə bu yeni hökumət dəyərləri gerçəkləşdirməli idi. Az öncə haqqında danışdığımız, bəzilərini qeyd etdiyimiz o amallar cəmiyyətdə gerçəkləşməlidir. Bu dəyərləri gerçəkləşdirmək üçünsə bir idarəetmə aparatı lazımdır ki, bu funksiyanı da inqilabi dövlət yerinə yetirir. Odur ki inqilabi hökumət sisteminin təsis olunmasından sonra inqilabi dövlətin qurulması gəlir. Elə bir dövlət ki, onun təməl sütunları inqilaba bütün varlığı ilə inansın və o inqilabın arxasınca cani-dildən getsin. Bu inqilabi dövlət də təşkil olunduqdan sonra inqilabın irəli sürdüyü dəyər və amallar, böyük inqilabi arzular düzgün icraiyyə – düzgün qanunlar, düzgün icraçılıq vasitəsilə cəmiyyətdə bircə-bircə reallaşdırılmalıdır. Və bütün bunların nəticəsində inqilabi cəmiyyət yaranmalıdır; inqilabi cəmiyyətin formalaşması artıq 4-cü mərhələdir. İnqilabi hərəkat, inqilabi hökumət, inqilabi dövlət və inqilabi cəmiyyət; inqilabi cəmiyyət dördüncüdür. İnqilabi cəmiyyət yarandıqdan sonra isə inqilabi və islami sivilizasiyanın formalaşması üçün zəmin yaranır. İndi mən “inqilabi” sözündən daha çox istifadə etdim, bu ifadənin yerinə “islami” ifadəsindən də istifadə edə bilərsiniz; yəni “islami dövlət”, “islami cəmiyyət”, “islami sivilizasiya”. Bax bu mərhələlər var.

Odur ki inqilab başa çatmır, inqilab durmur, inqilab arıdıcl surətdə davam edir. İnqilab təşəkkül halındadır; “təşəkkül” deyərkən ardıcıl surətdə inkişaf etmək, yeni əlamət və formalar almaq, daim dəyişilmək başa düşülür. İnqilab ardıcıl təşəkkül prosesi keçir və daim gedən bu təşəkkül prosesi tədricən cəmiyyətdə o böyük arzuları, o ülvi dəyərləri, o amalları gerçəkləşdirir. Yaxşı, bəs o böyük amallar hansılardır? Mən onlardan 6-7-sini qeyd edəcəyəm; əlbəttə ki, təkcə bunlar deyil.

Həmin amallardan biri milli qürurdur; inqilabın amallarından biri budur; bu, çox önəmlidir! Milli qürur dedikdə milli iftixar hissi başa düşülür, amma bu iftixar reallıqdan qaynaqlanmalıdır, fantaziya və təxəyyülə yox, faktiki olaraq göz önündə olan, cəmiyyətin həyatında özünü göstərən reallıqlara əsaslanmalıdır; yoxsa ki nə vaxtsa Kəyan, Əhəmənilər və sairin hakimiyyətindən də iftixar duyublar. Bunlar illüziyadır, xəyaldır, belə şeylər xalqa iftixar qazandırmır. Milli qürur bir xalqın reallıqlara əsaslanaraq özü ilə iftixar duyması deməkdir; bu, çox önəmlidir. Milli qürur o amillərdəndir ki, bir ölkədə məhv olub aradan getdiyi zaman o millətin kimliyi də məhv olur. Artıq o millət heç nə qazana bilməz.

İkincisi, milli özünəinam; mən bu barədə müfəssəl danışmışam – ötən illərdə, böyük kütlələr qarşısında – milli özünəinamın asılılığa son qoyduğunu dönə-dönə söyləmişəm. Özünəinam olduğu zaman xalq kimdənsə asılılığa ehtiyac duymadığını hiss edir, başqalarından asılı olmaqdan qaçır. 

Siyasi, iqtisadi və mədəni müstəqillik; bu da bir xalq üçün əsas ideallardan biridir. Çünki bunlar olduğu zaman – hər birinin də geniş izahı var – bir xalq dünyanın hegemon və tamahkar qüvvələrinin zor və diktəsinə dözməyə məcbur qalmır. Bizim arzularımızdan biri də müstəqillikdir.

Azadlıq; düşüncə azadlığı, söz azadlığı, fəaliyyət azadlığı. Əlbəttə, az öncə çıxış edən dostlarımızdan biri qısa bir cümlə qeyd etdi, onun o fikri tamamilə doğru idi. Azadlıq o anlayışlardandır ki, hökmən qanuna, çərçivəyə ehtiyacı var. Çünki azadlıq təbiəti etibarilə elə bir şeydir ki, qanun və çərçivəsi olmasa, həddini aşır, başqalarının haqqına təcavüzə, məsuliyyətsizliyə səbəb olur, insanı çox pis bir yerə aparıb çıxarır. Bu gün bunun nümunələrini Qərbdə görürük. Qanun və çərçivə daxilində azadlıq olmasa, inkişaf olmaz. Cəmiyyətdə düşüncə, ifadə, fikir və fəaliyyət azadlığı olmasa, inkişaf durar. Cəmiyyətin inkişafı – mənəvi inkişafı – və tərəqqisi üçün hökmən bu azadlıqlara ehtiyac var. 

Ədalətin bərqərar olunması, diskriminasiya və təbəqələşmənin rədd edilməsi; bunlar da böyük arzular sırasına daxildir. Ümumiyyətlə Quran ədalətin bərqərar edilməsini peyğəmbərlərin qarşısında duran və onların əsas hədəfini təşkil edən bir məsələ hesab edir:

لِیَقومَ النّاسُ بِالقِسط

“Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər”. (“Hədid” surəsi, 25-ci ayə)

Biz də peyğəmbərlərin yolu ilə gedirik də; biz İslamın və peyğəmbərlərin yolu ilə gedirik. Ona görə də ədalət, sözsüz ki, bizim rəhbər tutmalı olduğumuz ən yüksək ideallardan biri və ya belə desək, birincisi olmalıdır. Ədaləti də təkcə danışmaqla, sözlə təmin etmək olmur. Ədalət, əlbəttə ki, çətin bir şeydir; ədalətin icrası ən çətin işlərdən biridir.

Elm və texnologiya sayəsində maddi və sivil tərəqqi; bu da bizim ideallarımızdan biridir; yəni ölkəmiz gerilikdən yaxa qurtarmalıdır.

Bizim digər bir idealımız ictimai münasibətlərin etik baxımdan təkmilləşməsidir; əhali arasında, cəmiyyət içərisində insanlarımızın bir-birinə qarşı gözəl əxlaqla davranmasıdır. Mərhəmət, xeyriyyəçilik, ehtiyacı olana əl tutmaq, yardımlaşmaq və sair: insanların cəmiyyətdə birgə yaşayışı ilə əlaqəli olan bütün bu keyfiyyətləri inkişaf etdirməliyik.

Cəmiyyətdə mənəviyyatın inkişafı üçün şərait yaradılması, mənəvi potensialı olan insanları şəhvət və qəzəbin təsiri altına düşməkdən qurtarmaq –  bu da böyük arzulardan biridir, lakin bir qayda olaraq bu məsələyə diqqət yetirilmir. Cəmiyyətdə ümumi atmosfer elə olmalıdır ki, mənəvi-əxlaqi potensiala malik olan insanlar orada hərəkət edə bilsinlər və Hacı Mirzə Əliağa Qazilər, Əllamə Təbatəbayilər və sair bu kimi şəxsiyyətlər ərsəyə gəlsin. Bu ali və üstün insanlar bu maddi atmosferdən qoparaq daha yüksək məqamlara yetişə bilmişlər; yəni bunun üçün münasib atmosfer olmalıdır. Əlbəttə, bu potensial bizim hamımızda yoxdur, lakin aramızda elələri var ki, bu mənəvi yüksəlişə qadirdirlər; xüsusən də gənclər.

Elə bir mühit, elə bir atmosfer yaratmaq lazımdır ki, insanlar qədim yunan filosofu Diogenes haqqında olan məşhur rəvayətdə deyildiyi kimi, “qulların qulu” olmasınlar. Bir gün Makedoniyalı İskəndər yol ilə gedirmiş, Diogenes də həmin yolun kənarında oturmuş olur. İskəndərə qətiyyən əhəmiyyət vermir. İskəndər onun kimliyi ilə maraqlanıb yanına gətizdirir, soruşur: “Məni görəndə nə üçün qarşımda ayağa qalxmadın?” Diogenes ona belə cavab verir: “Çünki ayağa qalxmağım üçün heç bir səbəb yoxdur. Sən mənim qullarımın qulusan”. İskəndər deyir: “Necə yəni? Mən – İskəndər qulam?” Diogenes cavabında deyir: “Bəli, şəhvət və qəzəb mənim qullarımdır, mənim ixtiyarımdadırlar, sən isə şəhvət və qəzəbin qulusan”. Qulun qulu; yəni şəhvət və qəzəbə qul olmaqdan qurtulmaq potensialına malik olan insanlar üçün şəait yaratmaq lazımdır. İdeallar bunlardır.

Aydındır ki, bu ideallar qısa zaman ərzində gerçəkləşməyəcək. Onların reallaşması üçün uzunmüddətli bir hərəkat tələb olunur. Bu nə deməkdir? Bu o deməkdir ki, inqilab davam etməlidir! Baxın, mənim daim “inqlabçı olmalıyıq, inqilabçı olaraq qalmalıyıq” deməyimin mənası budur. İnqilab davam etsə, bu idealların reallaşması mümkün olacaq. Bu davamlılıq sayıqlıq, dərk, həssaslıq və sairlə də müşayiət olunsa, sadaladığım ideallar, mütləq gerçəkləşəcək. Yox əgər yolun yarısında bu nəticəyə gəlsək ki, inqilab daha lazım deyil, bundan sonra təkcə hökumət kifayət edir, o zaman bu ideallar gerçəkləşməyəcək. Məgər biz ümumiyyətlə inqilabı onun üçün etmişdik ki, onlar hakimiyyətdən gedib, yerlərini bizə versinlər? Mübarizə aparan, döyülən, həbsxanalara atılan insanlar bu barədə əsla düşünmürdülər ki, nə vaxtsa inqilab qələbə qazanacaq və onlar prezident, nazir, yaxud digər bu kimi rəhbər vəzifələr tutacaqlar. Bu şeylər onların heç ağlına da gəlmirdi. Onlar konkret hədəfə doğru gedir və çalışırdılar. Hədəf bu deyildi ki, o komanda hakimiyyəti bizə təhvil versin, biz də vəzifə kürsüsünə oturub onlar kimi ölkəni idarə etməyə başlayaq, intəhası onlar pis adamlar idi, biz yaxşı olaq; hərçənd təkcə bu cür olsaydı, heç yaxşı adamlar olaraq qalmayacaqdıq da; o halda insan heç yaxşılığını da qoruya bilmir. Odur ki inqilab davam etməlidir. Baxın! Mən konkret dəlillərə əsaslanaraq deyirəm ki, inqilabçı olmaq, inqilabçı olaraq qalmaq, inqilabçı kimi hərəkət etmək lazımdır. Təbii ki, bunun öz tələb və şərtləri var; inqilabçı kimi hərəkət etməyin öz tələbləri var.

Əlbəttə, sizə onu da deyim ki, mənim ölkədə gedən proseslərdən xəbərim var. Bəzən deyirlər ki, guya bizim ölkədəki vəziyyətlə bağlı təsəvvürümüzü kimlərsə istiqamətləndirir və sair; xeyr, bu belə deyil; biz hesabatları da oxuyuruq – rəsmi hesabatları, qeyri-rəsmi hesabatları – insanlarla da müxtəlif kanallar vasitəsilə əlaqə saxlayıb məlumat alırıq, ictimaiyyətlə əlaqəmiz də var, müvafiq şöbəmiz də var; mən cəmiyyətdə gedən proseslər barədə mənim kimi birinin ola biləcəyi qədər məlumatlıyam. Düşünürəm ki, biz adlarını çəkdiyim bütün bu sahələrdə irəli getmişik. Gəlib burda: “Vəziyyət çox pisdir, filandır, geri getmişik” – deyən gəncin o emosiyalarını, ruhiyyəsini mən anlayır və alqışlayıram, amma söylədiyi fikirləri əsla təsdiqləmirəm. Belə deyil; siz şah diktaturasının dövrünü görməmisiniz, inqilabın əvvəllərində olan vəziyyəti də görməmisiniz. Bu gün biz az öncə qeyd etdiyim bütün sahələrdə, bütün o ideallarda irəliləyiş əldə etmişik. Əlbəttə, bundan əvvəl də dəfələrlə vurğuladığım kimi, sosial ədalət məsələsində geriliyimiz var, amma bu o demək deyil ki, heç inkişaf etməmişik. Bu o deməkdir ki, ədalət məsələsində lazım olduğu qədər, getməli olduğumuz qədər irəli gedə bilməmişik; yoxsa ki elə o ədalət məsələsində də nailiyyətlərimiz var. Bilirsiniz, vaxtilə bu ölkədə nələr baş verirdi?! Biz siz yaşda olanda çox çətin günlər keçirmişik. Bayaq o yoldaş Sistan və Bəlucestandan danışdı; mən Sistan və Bəlucestanda yaşamışam, oranın indiki vəziyyəti ilə 56-57-ci illərdə – mən orada yaşadığım zaman olan vəziyyəti yerdən göyə qədər fərqlənir. Qardaş dedi ki, havamız yoxdur. “Havamız yoxdur” nə deməkdir? Yəni Zabil toz-torpaqdır; ilin 3-4 ayı toz-torpaq olur. Doğrudur, bu həmişə Sistan və Bəlucestan ostanının problemlərindən biri olub və bu gün də belədir. O vaxtsa insanlar, həqiqətən də, bədbəxt vəziyyətdə idilər. Bədbəxt vəziyyətdə! Mən yaxından şahid olmuşam. İnqilaban sonra müəyyən işlər görülüb, inkişaf gedib, əhaliyə bir sıra xidmətlər həyata keçirilib. Təkcə Sistan və Bəlucestanda yox, bütün ölkədə. Sosial ədalət sahəsində də bir sıra işlər görülüb. Təəssüf ki, sizlər kitab oxumursunuz, necə deyərlər, “kitab adamı” deyilsiniz (3). Mən kitaboxuyanam, kitab çox oxuyuram, istərdim ki, siz gənclər də həqiqətən kitab oxuyasınız. O Əsədullah Ələmin şahla müzakirələri barədə memuarlarda yazılıb ki (təsadüfən bir neçə gün əvvəl də oradan bəzi məsələləri qeyd etmişdim(4)) Məhəmmədrza şah Ələmə etiraz olaraq deyir: “Ən aşağı maaşla ən yuxarı maaş arasında 100 dəfə fərq var”. Məhəmmədrza şah özü bunu etiraf edir! Yüz dəfə! Misal üçün, bu gün 12-14 dəfədən söhbət gedir ki, əlbəttə, bu da çoxdur, amma o dövrdə 100 dəfə fərq var idi. Biz, doğrudan da, elə şeylər görmüşük ki, onları təsvir etmək qətiyyən mümkün deyil; xalqın vəziyyəti, bədbəxtliklər, azadlığın olmaması. İndi bəziləri etiraz edirlər ki, azadlıq yoxdur; deyirlər, nəyə görə filankəs çıxıb televiziyada filan mövzuda danışa bilmədi? Xeyr, bu, azadlığın olmadığını sübut etmir. Bəli, danışa bilsəydi, daha yaxşı olardı, amma bunu inqilabdan əvvəlki vəziyyətlə müqayisə etmək olarmı? Bir dostumuz vardı, mübarizə aparan tələbələrdən idi, ölkədən qaçıb Pakistana getmiş, bir müddət orda qalmışdı. Bir dəfə Məşhədə gələndə söhbətimiz oldu; danışırdı ki, Pakistanın şəhərlərindən birində parkın içində gedə-gedə bu elamnaməni payladıq. O zaman mən təəccüblə demişdim ki, nə?! Elamnamə?! Parkda?! Bizim üçün ictimai yerdə kiminsə əlinə elamnamə alıb oxuya bilməyi ümumiyyətlə inanılmaz idi, belə bir şeyi heç təsəvvürümüzə də gətirə bilməzdik; doğrudan da, belə idi. Hazırda isə istənilən qəzetdə – internetdə də ki, maşallah, nə qədər desən, elektron qəzet var – tənqid var; hətta Dövlət Teleradiosunun verilişlərində də; siz tənqidin olmadığını deyib etiraz edirsiniz, dövlət məmurları isə əksinə, mənə şikayət edirlər ki, 20:30-da efirə gedən xəbərlərdə elə deyiblər, filankəs belə deyib (5). Həqiqətən də, daim mənə şikayət edirlər; yəni dəfələrlə mənə gileyləndikləri olub. İndi bu yandan siz gileylənirsiniz ki, nəyə görə demirlər, onlar da o yandan şikayət edirlər! Bugünümüzdə 20:30 xəbərlərində, Dövlət Teleradiosunun tənqidi verilişlərində, o polemikalarda deyilən sözlərin, səslənən fikirlərin bircə kəlməsini o dövrdə bir parça kağıza yazıb əlinə ala bilərdinmi?! Tapsaydılar, adamın atasına od vurardılar! Bir dəfə mən bu barədə danışmışdım, təəssüf ki, indi vaxtımız yoxdur, vaxt keçir. Yəni vəziyyət bu cür idi.

Deməli, bu nəticəyə gəlmək olar  və mən bunu demək istəyirəm ki, İslam İnqilabı qeyd etdiyim bütün bu sahələrdə, yəni öz dəyərlərində, ideallarında, böyük arzularında irəli gedib, inkişaf edib. Eynilə, məsələn, elm və texnologiya sahəsində olduğu kimi; özünüz də görürsünüz. Misal üçün, bayaq o qardaşımız “Royan” Embrioloji Tədqiqatlar Mərkəzində çalışdığını dedi. “Royan” bir nümunədir; “Royan”ın zəhmətkeş, çalışqan uşaqları bir vaxtlar o kök hüceyrələri məsələsini öyrəndilər, ölkəyə gətirdilər və o zaman dünya üzrə yalnız 3-4 ölkədə olan kök hüseyrələri sənayesini, kök hüceyrələrinin çoxaldılması texnologiyasını həyata keçirməyi bacardılar. Eynilə digər sahələrdə də; sənayedə, elmdə, texnologiyada bu cür nailiyyətlərimiz çoxdur. Odur ki inkişaf olub.

Özümüzün öz fikrimizi azdırıb: “Xeyri yoxdur, heç nəyə nail olunmayıb, heç bir irəliləyişimiz olmayıb”, – deməyimiz heç də doğru deyil. Xeyr, inkişaf etmişik, irəli getmişik, inşallah, bundan sonra da inkişaf edəcəyik. Yolumuz açıqdır; biz qarşımızda duran geniş magistral yolu sonu çıxmaza dirənən bir dalan kimi təsvir etməməliyik. Qarşımızdakı yol geniş bir magistral kimidir və biz bu yolla irəli gedə bilərik; özəlliklə də ölkəmizin sahib olduğu imkanları nəzərə alsaq; insan resurslarımız, təbii sərvətlərimiz; o gün mən rəsmilərlə görüşümüzdə (6) də ölkəmizin imkan və potensialı haqda ətraflı danışdım. Dediyim odur ki, inkişaf var. İndi bunu daha da sürətli bir templə, daha da qüdrətli bir şəkildə davam etdirmək lazımdır; yəni biz inkişafımızın bugünkü səviyyəsi ilə qane olmuruq.

Bizim işimizə kömək edən amillər mövcud olduğu kimi, qarşımızda diqqət yetirməli olduğumuz bəzi əngəllər də var. Yardımçı amillərdən biri hökumətdir; hökumət – yəni inqilabi hökumət, İslam dövləti, inqilabi dövlət bu arzulara doğru irəliləyişimizə yardımçı olan amillərdən biridir. Bu amilə xələl gəlsə, heç şübhəsiz, yolumuzun üstündə problemlər yaranacaq. Elə etməlisiniz ki, bu ideallara doğru irəliləyişə nail olmaq üçün ölkədə hakimiyyətin, dövlətin – “dövlət” deyərkən mən ümumilikdə ölkə administrasiyasını nəzərdə tuturam – rəsmilərin fəaliyyəti bir inqilabi hərəkat formasında olsun.

İctimaiyyətin təsirli kəsimləri bu sahələrdə fəal olmalıdır; elm adamları, teoloji mərkəzlərin və universitetlərin kollektivləri, incəsənət xadimləri – bunlar ictimaiyyətin xüsusi təsir gücünə malik olan kəsimləridir. Və gənclər; yəni sizlər; gənclər cəmiyyətin avanqardlarıdır. Gənclər, həqiqətən də, cəmiyyətin lokomotividir, lokomotiv funskiyasını yerinə yetirirlər; lokomotiv hərəkətə gəldiyi zaman bütün qatarı çəkib apardığı kimi, onlar da cəmiyyəti öz arxalarınca aparırlar. Əlbəttə, bir şərtlə ki, öhdələrinə düşən vəzifələrə düzgün əməl etsinlər.

Sözsüz ki, optimizm, əzmkarlıq və planlı fəaliyyət – bu 3 şey də lazımdır. Əvvəla, ümidinizi qətiyyən əldən verməməlisiniz. Cəmiyyətə daim pessimizm və ümidsizliyin yeridilməsi – hazırda bəzi qüvvələrin etdiyi kimi – düşmənçi bir davranışdır. İndi ola bilsin ki, bunu edənlər əslində düşmən deyillər, amma topluma ümidsizlik aşılayıb: “Xeyri yoxdur, olmayacaq, aləm bir-birinə qarışıb”, – deyən hər kəs düşmənçi hərəkət edir. Bu, düşməndən gözlənən bir işdir. Ümid vacib şərtdir. Biri bu.

Əzm, iradə, qətiyyət – qətiyyətlə qərar qəbul etmək lazımdır, bu işlər qətiyyət tələb edir – və planlı fəaliyyət; işləri planlaşdırmadan da mümkün deyil. Bu 3 şey sizdə olmalıdır.

Əngəllər də var; bu əngəllərdən bir qrupu bizim öz içimizə aiddir. Hərdən deyirlər ki, mən bütün problemləri Amerikanın və sairin boynuna yıxıram. Əlbəttə, xəbis İngiltərə və Amerikaya Allah lənət eləsin, bizim bir çox problemlərimiz onlardan qaynaqlanır; amma yox, mən problemləri daha çox özümüzdən görürəm. Əngəllər əksər hallarda öz içimizdən qaynaqlanır. Onlar da daxildəki bu əngəllərdən sui-istifadə edirlər. Daxildə əngəllər var.

O əngəllərdən biri məsələləri düzgün dərk etməməkdir; ölkənin məsələlərini, inqilabın məsələlərini, ölkənin problemlərini. Siz tələbələr və ölkənin düşünən beyinləri bu mövzu üzərində düşünməyi özünüzə vəzifə bilməlisiniz. Dəyərli qardaşlarımızdan biri mənə söylədi ki, siz tapşırın, ölkənin düşünən beyinləri tələbələrlə işləsinlər. Bəli, bu hökmən lazımdır; istər teoloji mərkəzlərdən, istər universitetlərdən mömin və inqilabçı ziyalılar tələbələrlə işləməlidir; və siz özünüz də bu işin arxasınca getməli, düşünməlisiniz. Odur ki əngəllərdən biri məsələləri düzgün dərk etməməkdir.

Mühiti düzgün tanımamaq; işə əngəl olan maneələrdən biri də budur. Bəziləri mühiti düzgün tanımırlar. Mühiti düzgün tanımayanda səhvə yol vermək ehtimalımız daha çox olur. Bir cəngavər, döyüşçü nə qədər güclü olsa da, hansı mövqedə olduğunu, dostunun, düşməninin hansı səmtdə olduğunu bilməsə, düşmənə atəş açdığını zənn edərək silahını dostuna tərəf də çevirə bilər; mühitə bələd olmaq lazımdır.

Qütbləşmələri görmək, bilmək lazımdır; mən bundan əvvəl də demişdim ki, bəzilərinin gördüyü işlər səngərdə yuxuya getmiş adamın hərəkətinə bənzəyir. Qəflətən ayılıb atəş səsləri eşidir, düşmənin harda, özününkülərin harda olduğunu bilmədən tüfəngi, yaxud artilleriyanı hara gəldi tuşlayıb atır; və açdığı atəş təsadüfən elə özününkülərə də tuş gəlir. Bəzilərinin işi buna bənzəyir; kimə qarşı mübarizə apardıqlarını bilmirlər; odur ki mühitə bələd olmaq çox vacibdir.

Əngəllərdən biri də iradəsizlikdir; biri də tənbəllikdir; biri də səbirsizlikdir. Səbirsizlik; ay başınıza dönüm, evdə yeməyi hazırlayıb sobanın üstünə qoyandan sonra o dəqiqə ayağınızı yerə döyüb: “Mən yemək istəyirəm!” – demirsiniz ki! Səbir edib gözləməlisiniz ki, bişə də! Bəzən bu cür olur; yaxşı, inqilabçı qardaş və bacılarımızın bəzi yerlərdə gördüyü işlər bu səbirsizlikdən qaynaqlanır. Səbirli olmaq lazımdır; səbir də inqilabi keyfiyyətlərdən biridir. Düzdür, inqilabi qəzəbimiz var, amma inqilabi səbrimiz də var. Ədalətin tam və mükəmməl nümunəsi Əmirəlmöminin Əlidir (ə) də! Ondan da ədalətli olanımız yoxdur ki! Amma Əmirəlmöminin (ə) də müəyyən yerlərdə səbir edib. Tarixdə də var; yeri gəldikdə: 

(7) فَصَبَرتُ وَ فِی العَینِ قَذًی وَ فِی الحَلقِ شَجا

“Mən təmkinli olmaq yolunu seçdim, halbuki gözünə çöp düşmüş, boğazında sümük qalmış biri kimi idim” – deyir; Siffeyn döyüşündə xəvaricin və sairin təzyiqləri qarşısında səbir edərək “həkəmiyyət” məsələsinə gedir. Deməli, müəyyən məqamlarda səbir lazımdır, vacibdir. Elə yer var ki, orda çarəsizlikdən səbir etməli olursan, elə yer də var ki, çarəsiz durumda olmursan, amma səbir etmək insan üçün daha lazımlı olur.

Əngəllərdən biri də destruktiv, azdırıcı işlərlə baş qatmaqdır. Misal üçün, lazımsız şeylərə görə yaranan konfliktlər. Bəzən kiçik bəhanələr, xırda ixtilaflar böyük konfliktlərə yol açır. Məsələn, ortaya atılan bəzi əhəmiyyətsiz, ikinci dərəcəli mövzular kimi. Ötən il, səhv etmirəmsə, elə bu görüşdə və ya ramazan ayında baş tutan buna bənzər görüşlərdən birində mən o dövrdə aktuallıq qazanmış, əslində isə önəmsiz olan bu kimi mövzulardan birinə toxunmuşdum. Zənnimcə, bu gün üçün bizi əsas mövzulardan yayındırıb məşğul edən önəmsiz məsələ o internet, nə bilim, hansısa sosial şəbəkələr və sairdir. Bunlar əslində ikinci planda qalmalı olan məsələlərdir. Bəli, müəyyən işlər görülməlidir və görülür də. Buna ifrat dərəcədə, həddən artıq diqqət yönəltmək – o tərəfdən bir cür, qarşı tərəfdən bir cür – artıq önəmsiz məsələlərə yönəlmək, əsas işdən diqqəti yayındırmaq deməkdir. Odur ki daxildəki əngəllər bunlardır.

Xarici əngəllər də var; onlardan ən başlıcaları cəmiyyətə pessimist əhval-ruhiyyənin, gücsüzlük, bacarıqsızlıq psixologiyasının və sairin aşılanmasıdır. Hazırda cəmiyyətimizə durmadan “xeyri yoxdur, bacarmayacaqsınız, mümkün deyil” kimi düşüncələr, necə deyərlər, pompalanır; mən Avropa ifadələri işlətmək istəmirəm, amma bu yerdə məcburam; insanlarımıza daim ümidsizlik və bacarıqsızlıq kimi neqativ fikirlər aşılanır.

Yanlış şərhlər; bəzi məsələləri reallığa zidd surətdə şərh edirlər. Tarixi həqiqətləri təhrif edirlər; əlbəttə, bu, indiki söhbət deyil, artıq bir neçə ildir ki, Pəhləvi diktaturasını təmizə çıxarmaq üçün məkrli bir tendensiyaya start verilib.  Kaş ki, təmizə çıxarmalı bir tərəfləri olaydı; təmizə çıxarılası kimi də deyillər axı! Onların şəxsiyyəti barədə nələrsə yazan adamlar da nə qədər toparlamağa çalışsalar belə, yenə də məcbur qalıb nələrisə etiraf etməli olurlar. Çürük, zəif, asılı, azğın, xalqdan kəskin şəkildə uzaq, həddən ziyadə mənfəətpərəst olan, korrupsioner bir rejimi müdafiə etmək mümkündürmü?! Hüveydanı (8) müdafiə etmək olarmı?! Məhəmmədrzanı müdafiə etmək mümkündürmü?! “Siz o dövrü görməmisiniz” – deyib onları təmizə çıxarmağa çalışırlar. Hazırda belə bir tendensiya mövcuddur, məqsədi də budur ki, bugünün gənci: “Yaxşı, bunlar pis adam olmayıblar, vəziyyət heç də pis olmayıb, bəs onda İslam İnqilabı nə üçün baş verib?” – deyə düşünsün. Bu səylər hamısı əslində inqilabı sual altına salmağa xidmət edir və xaricdən idarə olunur.

İdeallara doğru irəliləyişin qarşısında praktik əngəllər də yaradılır; misal üçün, sanksiyalar – hansısa maddələrə qoyulan sanksiyalar, texnologiyalara qoyulan sanksiyalar – işimizə pəl vurmaq üçün törədilən cürbəcür əməllər, uğurları məğlubiyyət kimi qələmə vermək, kiçik nöqsanları şişirtmək, rəhbər işçilərin nöqsanlarını ümumilikdə dövlətə aid etmək. Tutalım, hansısa qurumun rəsmisi bir nöqsana yol verir, səhv bir iş görür, bunu İran İslam Respublikasını, İslam dövlətini sual altına salmaq üçün əldə bayraq edirlər! Bu, düşmənin işidir! Bu məsələyə son dərəcə böyük diqqət yetirmək lazımdır.

Dostlardan biri burada konsertlər məsələsinə toxundu. Neçə min konsertdən, tutalım, 5-i ləğv olunur. Bunu ümumiləşdirib hay-küy qoparırlar ki, “konsertlər ləğv olunur”! İndi bu ləğv olunubsa, bir neçə min, yaxud bir neçə yüz konsert də ləğv olunmayıb, baş tutub. Ləğv edilən yalnız bir neçəsi olub! Rəhbər işçilərin arasında hansılarsa – misal üçün, 10 nəfər, 15 nəfər, 20 nəfər – nə isə bir səhv edib, yanlış bir addım atıb, düzgün metod seçməyibsə, bunu nəinki bütövlükdə ölkə administrasiyasına, hətta bütövlükdə İslam Respublikasına aid edirlər! Bunlar düşmənin planlı surətdə gördüyü işlərdir.

Ölkədəki hərtərəfli xalq hakimiyyətinə “diktatura” adı qoyurlar; mənim fikrimcə – yəni mənim bildiyim qədər – hazırda, doğrudan da, dünyanın heç yerində bizdə olduğu kimi real xalq hakimiyyəti yoxdur. Ölkə rəsmilərinin xalqla rabitəsi, ünsiyyəti, xalq tərəfindən seçilməsi və sair bu kimi məsələlər bizdə dünyanın istənilən yeri ilə müqayisədə daha realdır; yəni mənim bildiyim qədər. Düşmənsə ardıcıl surətdə və açıq-aşkar apardığı təbliğatda bunu diktatura kimi qələmə verir; vəziyyəti bu şəkildə təqdim etmək düşmənin işidir.

Odur ki bizim düşmənlərimizin törədə biləcəyi xarici əngəllər, pozucu fəaliyyətlər bunlardır. Buna görə də siz bir məsələyə diqqət yetirməlisiniz ki, ölkəmiz nəhəng bir qarşıdurma meydanındadır. Elə buna görə də mən az öncə dedim ki, yerimizə, mövqeyimizə bələd olmalı, qarşımızda duran məsələlərin nələr olduğunu bilməliyik. Siz qarşıdurma meydanının ortasındasınız; nəhəng və hərtərəfli bir qarşıdurma meydanının. Bu qarşıdurmanı hiss etməli, qarşınızda duran düşməni tanımalısınız. Yalnız bu zaman hər birimizin öhdəsinə düşən vəzifələr müəyyənləşə bilər. İnqilabi kurs olmadan İslam dövlətinin heç bir dəyəri yoxdur; doğrudan da, yoxdur. İnqilabi kurs olmadan dövlət o ideallara çatmayacaq, onların arxasınca düşməyəcək, keçmişdə hakimiyyətdə olmuş rejimlərdən heç nə ilə fərqlənməyəcək və dəyəri də olmayacaq. Əlbəttə ki, inqilabçılıq da yalnız dövlətin yaratdığı zəmin əsasında mümkündür; məsələnin bu tərəfinə də diqqət yetirin. Belə olmasın ki, bəziləri “biz inqilabçıyıq” deyib İslam dövlətini, bu dövlətin dəyərlərini, sütunlarını, əsaslarını inkar etsinlər. İnqilabçılıq dağıdıcılıq demək deyil. İnqilabçılıq  ali hədəflərə doğru aparan düzgün, rasional, stimul və ümid dolu, şücaətli bir taktikadır. İnqilabçılığın tərifi budur. Və bu yalnız İslam dövlətinin, yəni mövcud hökumət quruluşunun rəhbər tutduğu kurs əsasında və yaratdığı zəmin üzərində mümkündür; bundan kənar şəraitdə inqilabçı olmaq mümkün deyil. İnqilabçı olmaq destruktiv hərəkətlər etmək, inqilabdan doğulmuş hökumət quruluşunu dağıtmaq demək deyil. Bu da belə. 

Mənim vurğulamaq istədiyim budur ki, bu gün cəmiyyətimizdə idealların daim təkrarlanmasına, deyilməsinə, bu idealların üzərində daim işləməyə, onları ardıcıl olaraq tələb etməyə böyük ehtiyac var. Bu yerdə tələbkarlıq çox yaxşı bir şeydir. İdealları tələb etmək elə bir şeydir ki, ondan əl çəkmək lazım deyil. Əks-inqilabın ictimai fikrə etdiyi geniş və böyük hücumlar bu tələblə qarşılaşmasa, şübhəsiz, öz dağıdıcı təsirini göstərəcək. İdealları xatırlatmaq, önə çəkmək, istəmək, onların reallaşdırılmasını tələb etmək ictimai rəyin korlanması, intellektual elita içərisində (təssüf ki, ziyalılarımızın, intellektuallarımızın da üzərində işləyirlər), administrativ dairələrdə neqativ tendensiyaların yaradılması səyləri qarşısında bir səddir. Təəssüf ki, bu hücumlar, bu səylər bəzi hallarda öz təsirini göstərib də. Burada mömin və inqilabçı gənclərin böyük ordusu meydana daxil olmalı, idealları tələb etməli və özləri də onların gerçəkləşdirilməsinə kömək göstərməlidirlər; bu kömək necə olmalıdır – əlbəttə ki, bu ayrıca bir söhbətin mövzusudur. Vaxtımız qalsaydı, bu barədə də bəzi məqamlara toxuna bilərdik.

Odur ki bu idealların mömin, inqilabçı gənclərin dili ilə, xüsusi bir tərzdə tələb olunmasına ehtiyac var; bu tələb açıq, birbaşa və cəsarətli olmalıdır. Mömin və inqilabçı gənclərimiz cəsarətlə öz sözlərini deməyi bacarmalıdırlar. Bugünkü görüşümüzdə bu cəsarət nisbətən duyuldu; hiss etdik ki, müəyyən şeyləri demək üçün gənclərimizdə cəsarətli bir stimul var. Hərçənd mən bəzi fikirləri qəbul etməsəm də, cəsarəti qəbul edir və alqışlayıram. Tələbələrimizdə, inqilabçı gənclərimizdə olan bu hücumçu ruhiyyəni mən tam olaraq dəstəkləyirəm. Bu dəyərlər açıq-aşkar surətdə, sayıqlıqla, daim tələb olunmalıdır; əl-qolunu çırmayıb işləməyə hazır olan gənclər tərəfindən tələb olunmalıdır.

Dəbdəbəli həyat tərzi ilə mübarizə; yəni ictimai rəy dəbdəbəli həyat tərzini inkar etməlidir. Düşüncədə asılılıq inkar olunmalıdır. Bu baxımdan İran məhsulu mövzusu çox aktualdır; mənim rastlaşdığım ən başlıca problem xarici məhsula münasibətdə insanlarımızda mövcud olan yanlış düşüncədir. Təəssüf ki, ictimaiyyətimizin geniş bir kəsimi üzdəniraq şah diktaturasının mirası olan bu düşüncənin daşıyıcısıdır. O dövrdə hamı gözünü xarici məhsula dikmişdi və hər bir şeyin xarici olanı ən yaxşı hesab olunurdu; əlbəttə ki, o vaxtlar ortada ölkə sənayesinin qeyd olunası, diqqətəlayiq bir fəaliyyəti də yox idi; bu hələ də qalıb. Bu, düşüncədə olan bir problemdir; bu kimi yanaşmaları dəyişmək üçün ümumi ideoloji hərəkata start verilməlidir. Misal üçün, əgər biz “xarici mal daha yaxşıdır” düşüncəsini beyinlərdən təmizləyə bilsək, o zaman insanlar özləri daxili məhsulun arxasınca gedəcək və bu işin xeyir-bərəkəti tam olaraq reallaşacaq. İranlı-müsəlman həyat tərzinin, dini mədəniyyətin tələb olunması, dini dəyərlərə qarşı sayğısızlığa, etinasızlığa, dinə neqativ yanaşmaya qarşı mübarizə; və bütün bu işləri səbir, hövsələ və tədbirlə həyata keçirmək lazımdır. Qeyd etdiyim kimi, inqilabi aqresiya ilə yanaşı, inqilabi səbir, inqilabi təmkin də lazımdır. Həzrət Musa peyğəmbərliyə seçilir, Misirə gəlib o möcüzəni göstərir, ilahi dəvətə başlayır və sair hadisələr baş verir. Bəni-İsrail də onu gözləyirdi axı; Musa adlı bir xilaskarın gələcəyi barədə onlara hələ keçmişdə xəbər verilmişdi; gözləyirdilər ki, Musa gələn kimi Fironun hökuməti alt-üst olacaq; amma olmur. Quran söyləyir ki, Bəni-İsrail Musanın yanına gəlib deyir:

اوذینا مِن قَبلِ اَن تَأتِیَنا وَ مِن بَعدِ ما جِئتَنا

 “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (“Əraf” surəsi, 129-cu ayədən)

– Sən gəldin, nə fərqi oldu? Sən gəlməmişdən əvvəl də bizi incidirdilər, təzyiq altında idik, indi sən gəlmisən, yenə də təzyiq altındayıq. Baxın, bu, Bəni-İsrailin səbirsizliyidir; səbirsizlik. Həzrət Musa onlara söyləyir ki, səbirli olun;

اِنَّ الاَرضَ لله یورِثُها مَن یَشاءُ مِن عِبادِه وَ العاقِبَةُ لِلمُتَّقین

“Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” (“Əraf” surəsi, 128-ci ayə)

Təqvalı olsanız, xeyirli aqibət sizin olacaq; səbir lazımdır. İndi siz də Bəni-İsrail kimi hövsələsiz olmamalısınız. “Niyə olmadı, bəs necə oldu?” deyib ayağını yerə döymək doğru deyil. Bunu da diqqətinizə çatdırmaq istədim.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

_____________________

(1) Mübarək ramazan ayında keçirilən bu görüşün əvvəlində tələbələrdən bir neçəsi öz çıxışlarında rəy və görüşlərini ifadə etmişlər
(2) Nasir Xosrov 
(3) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər 
(4) Hökumət rəsmiləri ilə görüş (02.03.1397)
(5) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər
(6) Hökumət rəsmiləri ilə görüş (02.03.1397)
(7) Nəhcül-bəlağə, 3-cü xütbə 
(8) Əmir Abbas Hüveyda (Pəhləvi dövrünün baş nazirlərindəndir)