Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin 5-ci çağırışının 5-ci sessiyasının yekununda məclis üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 

والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی ‌الارضین ارواحنا فداه و عجّل الله فرجه و صلوات الله علیه

Möhtərəm cənablar, çox xoş gəlmisiniz.(1) İki gün davam etmiş, gərgin iş rejimli sessiyadan sonra bu gün lütf göstərib zəhmət çəkərək bura gəldiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Yaşadığımız bu günlər çox önəmli günlərdir; zihiccə ayının son ongünlüyü, hətta belə deyim, ikinci yarısı; bu günlər İslam tarixi, İslamın tarixi hadisələri baxımından çox böyük əhəmiyyət kəsb edir. Dünən – zihiccənin 24-ü, mənbələrdəki məşhur məlumatlara əsasən, Mübahilə günü, həmçinin Əmirəlmöminin Əli (ə) haqqında vilayət ayəsinin nazil olduğu gün idi;

اِنَّما وَلِیُّکُمُ اللهُ وَ رَسولُه وَ الَّذینَ ءامَنُوا الَّذینَ یُقیمونَ الصَّلاةَ وَ یُؤتونَ الزَّکاةَ وَ هُم راکِعون

“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”. (“Maidə” surəsi, 55-ci ayə)

Həmçinin bu gün də “Həl əta” surəsinin (2) nazil olduğu gündür və bəzi mənbələrdə deyilənə görə, Mübahilə günü elə bu gündür; mühüm günlərdir. Elə İslam tarixinin önəmli bir hadisəsi, böyük bir bayram olan Qədir-Xum günü də zihiccənin ikinci yarısına təsadüf edir. Mübahilə hadisəsi olduqca önəmlidir, onu hər zaman xatırlamaq, qeyd etmək lazımdır. Mübahilə, əslində, güclü imanın, həqqaniyyətə olan inam və arxayınlığın təzahürüdür. Bu bizim daim ehtiyacımız olan bir şeydir. Bu gün də bizim o iman gücünə, özümüzün haqlı olduğumuza tam inamla arxalanmağa ehtiyacımız var. Biz haqq yolla getdiyimizə görə düşmənlərin, imperializmin qarşısında bu yolun həqqaniyyətinə arxalanmalıyıq və əlhəmdulillah, elə arxalanırıq da; bu baxımdan İran xalqı, ictimaiyyətimiz haqlı olduğunu, doğru yolla irəlilədiyini bildiyi üçün, Allaha şükürlər olsun ki, ümumilikdə əhalimiz arasında bir arxayınlıq, özünəinam tendensiyası var. “Həl-əta” surəsi də ixlasla görülmüş bir işin, saf niyyətlə edilmiş bir fədakarlığın bərəkətinin göstəricisidir. Allah-taala Əhli-Beytin (ə) etdiyi bu fədakarlığa görə onların haqqında ayrıca bir surə – “Həl-əta” surəsini nazil etmişdir. Bu da çox önəmli, dəyərli və qürurverici bir tarixi hadisə olmaqla yanaşı, həm də ibrət dərsidir. Fədakarlıq ixlasla müşayiət olunduğu zaman Allah-taalanın nəzərində dünya və axirət mükafatına layiq görülür.

Bəli, əlhəmdulillah, budəfəki sessiyada siz cənablar çox mühüm məqamlara toxunmusunuz, çox önəmli mövzuları gündəmə gətirmisiniz; az öncə cənab Cənnəti və cənab Müvəhhidi məlumat verdilər, bundan əvvəl də mənə sessiyadakı çıxışlar barədə məlumat çatmışdı. Cənab Müvəhhidinin təqdim etdiyi təsnifat da, cənab Cənnətinin ieoloji heyətlər barədə verdiyi məlumat da çox gözəl idi, bu işə start verməyiniz çox yaxşıdır. Bu iş nə qədər irəli getsə, ona nə qədər çox diqqət və əmək sərf olunsa, intellekt və insan sərmayəsi cəlb olunsa, daha çox bərəkətləri üzə çıxacaq. Xalqın alim və mütəfəkkirlərinin, şəriət mütəxəssislərinin bir araya gəlib düşünməsi, fikir yürütməsi olduqca əhəmiyyətlidir; əlbəttə ki, mövcud olan və inşallah, gələcəkdə də diqqət yetiriləcək şərtlər daxilində.

Yadımdan çıxmamış, Xubriqan Məclisinin dünyadan köçmüş iki üzvünün – mənim əziz qardaşlarım olan cənab İmani (3) və cənab Mehmannəvazın (4) da xatirəsini yad etmək istərdim. İnşallah, Allah-taala onları öz rəhmətinə qərq etsin. Allahdan əziz qardaşımız cənab Şahrudinin (5) də tezliklə və tam şəfa tapmasını diləyirəm.

Mənim bu gün toxunmaq istədiyim mövzu isə vəhdət, milli birlik və həmrəylik məsələsi, ictimai rəyin – yəni xalqın düşüncəsinin bu vəhdət istiqamətinə yönəldilməsidir. Bu barədə bir qədər danışmaq istəyirəm. Mənim bugünkü söhbətim bu mövzu ətrafında olacaq, sizlər üçün qeyd etmək istədiyim bəzi məqamlar var.

Biz həssas bir dövr yaşayırıq; hazırda keçdiyimiz etap çox həssas bir etapdır. O mənada yox ki, düşmənlərimiz daha çox və ya daha güclüdür; yox, bugünkü düşmənlərimiz hamısı inqilabın ilk günündən olub, heç nə artmayıb. Hələ bunlardan qabaqkılar bunlardan da güclü idilər; buna da şübhəniz olmasın; bu həm sionist İsrail rejiminə, həm Amerikaya, həm də regionun o bəzi mürtəce dövlətlərinə aiddir. Üçündə də əvvəllər hakimiyyətdə olanlar indikilərdən daha güclü və daha təcrübəli idilər, amma inqilaba heç nə edə bilmədilər. Halbuki o zaman İslam İnqilabı körpə, zəif bir fidan idi və onu yerindən qoparıb atmaqla bugünkü bu qol-budaq atıb genişlənmiş, köklü-köməcli

اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّماء

– “kökü yerə dayanan, budaqları isə göyə ucalan” pak ağacı yerindən qoparıb atmaq arasında yerlə-göy qədər fərq var idi; odur ki “həssas” deyərkən mən bunu nəzərdə tutmuram. Özü də onlar o vaxt kifayət qədər kəskin addımlar da atdılar: sərnişin təyyarəmizi vurdular, Tibsə hücum etdilər, regiondakı bir sərsəmin vasitəsilə bizə qarşı 8 il müharibə apardılar, bizi iqtisadi blokadaya saldılar – çox işlər gördülər. Bütün bu işlər o zaman baş verib, indi o işlərin çoxunun həyata keçirilməsi mümkün deyil, yəni artıq o işləri görməyə qadir deyillər. Deməli, hazırkı dövrün keçmişdən daha təhlükəli olduğunu deməyimiz bu baxımdan deyil; mən demək istəyirəm ki, hər hansı bir cəmiyyət, hər hansı bir siyasi sistem yeni bir yola qədəm qoyanda, fərqli, alışılmamış bir müddəa ilə çıxış edəndə və bu fərqli müddəa və yeni yolla beynəlxalq qarşıdurmaların qaranlıq cəngəlliyinə daxil olanda daşıyıcısı olduğu bu xüsusiyyətlərlə, təbii ki, müxtəlif dövrlərdə müxtəlif vəziyyətlərlə üzləşir və öz şərtlərini həmin vəziyyətlərə uyğunlaşdırmalı, onlara uyğun bir şəkildə irəliləyişinə davam etməli olur. İslam dininin yer üzünə gəldiyi ilk dövrlərdə də belə olub, bu gün də belədir. Dünyada qarşıdurmalar var; beynəlxalq siyasət dünyası sıx bir cəngəllikdir, üstəlik biz də axının əksinə gedirik. Dünyanın kollektiv axını imperializmə, imperializm sisteminə uyğundur; yəni bir qrup imperialistlərdir, digər bir qrup da bu imperializmin ağalığına boyun əyir, onu qəbul edir. Biz isə bu axının əksinə gedirik; bu 40 ildə bu şəkildə irəliləmişik, bu şəkildə hərəkət etmişik. Əlbəttə, qarşımıza elə hadisələr və vəziyyətlər çıxır ki, qaçılmaz olaraq onlara qarşı diqqətimizi cəmləməli, sayıqlığımızı artırmalı, olayın müxtəlif aspektlərini daim nəzərə almalı, izləməli, ölçüb-biçməli oluruq.

Qeyd etdiyim kimi, İslamın yer üzünə gəldiyi ilk dövrlərdə də belə olub. O vaxt da cürbəcür şərtlər, cürbəcür vəziyyətlər müxtəlif vəzifə və məsuliyyətlər yaradıb. Allah-taala bir gün buyurur ki:

اِن یَکُن‌ مِنکُم‌ عِشرونَ‌ صابِرونَ‌ یَغلِبوا مِائَتَین

“İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə qalib gələr”. (“Ənfal” surəsi, 65-ci ayə)

o biri gün isə buyurur ki:

فَاِن ‌یَکُن مِنکُم مِائَةٌ صابِرَةٌ یَغلِبوا مِائَتَین

“Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə) qələbə çalar”. (“Ənfal” surəsi, 66-cı ayə)

Yəni bir gün özlərindən 10 qat artıq adamla döyüşməli olurlarsa, o biri gün 2 qat artıq adamla döyüşməli olurlar. Şübhəsiz, Allahın hikmətində nöqsan yoxdur, aydındır ki, bu, şəraitlə bağlıdır. Bəzən şərtlər elə bir vəziyyət yaradır ki, Allah-taala: “Biriniz on nəfərlə döyüşməlisiniz”, – deyə buyurur, bəzənsə şərtlərin ortaya çıxardığı vəziyyət bir nəfərin iki nəfərlə döyüşməsini tələb edir. Şərtlərin fərqli olması fərqli ilahi hökmlərin və şəri vəzifələrin ortaya çıxmasına səbəb olur. Gah Bədr döyüşü baş verir və o şəkildə davranmaq tələb olunur, gah Məkkənin fəthi olur və ona uyğun hökmlər gəlir, gah da Hüneyn günü: “اَعجَبَتکُم کَثرَتُکُم” – “çox olmağınız xoşunuza gəldi” – deyə buyurulur.

وَ یَومَ حُنَینٍ اِذ اَعجَبَتکُم کَثرَتُکُم فَلَم تُغنِ عَنکُم شَیئًا

“Hüneyn günü çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı”. (“Tövbə” surəsi, 25-ci ayədən)

Hər yerdə şərait bir cür olur və ona uyğun davranmaq tələb olunur. Şərtlərdən xəbərimiz olmasa, zərər çəkmiş olacağıq; istər bu, xalqın məlumatsızlığı ucbatından olsun, istərsə də ziyalıların şərtlərə diqqətsiz yanaşması ucbatından. Xüsusilə də ziyalılar, cəmiyyətin üzdə olan simaları mövcud vəziyyətə və şərtlərə diqqət yetirməsələr, dövlətin tutduğu mövqe barədə məlumatsız olsalar, zərbə alacağıq.

Bu müqqədimədən sonra mən bunu demək istəyirəm: bu gün bizim müharibəmiz harada gedir? Bəli, iqtisadi müharibənin getdiyini deyirlər, doğrudur da. Düşmən bizə qarşı hərtərəfli bir iqtisadi savaşa başlayıb. Döyüş qərargahları da var, daim vəziyyəti araşdırırlar, məmurları da var, daim hərəkətdədirlər. Buna əsla şübhə yoxdur, biz belə bir savaşla qarşı-qarşıyayıq, lakin başqa bir savaş da var ki, çox vaxt ona əhəmiyyət vermirik. O savaşın əhəmiyyəti heç də iqtisadi savaşdan az deyil, hətta bəlkə bəzi hallarda iqtisadi savaşın öz təsirini daha çox göstərməsi üçün də zəmin yaradır. Bu hansı savaşdır? Bu, media savaşıdır, ictimai rəy formalaşdırma savaşıdır, təbliğat savaşıdır. Olduqca önəmli bir savaşdır. Bəli, bu əvvəllər də olub, bizim əleyhimizə çox təbliğat aparıblar, amma bu gün vəziyyət daha da kəskinləşib. Eynilə iqtisadi savaşda olduğu kimi; sanksiyalar əvvəllər də var idi, amma hazırda daha da şiddətlənib.

Düşmən bu ikinci savaşda, bu ikinci meydanda öz fəaliyyətini, manevrlərini qat-qat gücləndirib. Biz bu savaşa etinasız yanaşmamalıyıq. Bizdə olan məlumata görə – yəni bu, dəqiq informasiyadır, təhlil deyil – ABŞ və İsrailin kəşfiyyat orqanları tərəfindən xüsusi bir qurum yaradılıb; yəni bunlar ayrıca bir qurum yaradıblar, regiondakı Harunlardan da maliyyə dəstəyi alırlar. Həmin qurumun işçiləri oturub ölkəmizin və bizə yaxın olan bəzi ölkələrin ətrafında planlar qururlar, ciddi surətdə işləyirlər. Bəzilərinin dil öyrənməyi lazımdır, dil öyrənirlər; bəziləri ölkədəki şəraitlə tanış olmalıdır, pul verib bu işi görürlər; bütün bunlar ölkədə ictimai rəyi, təbliğat atmosferini korlamağa xidmət edir. Və bu, çox mühüm bir məsələdir; olduqca həssas bir məsələdir. Məqsədləri ölkədə xalqı narahatçılığa, yaxud ümidsizliyə, bir-birinə və ya rəsmi qurumlara qarşı pessimizmə düçar edəcək bir təbliğat atmosferi yaratmaq, əhalidə ölkə çıxılmaz situasiyadaymış kimi bir fikir formalaşdırmaq, hətta bu yolla iqtisadi problemləri də artırmaqdır. Bayaq siz sikkə və valyuta probleminə, ölkədə milli pulun dəyərinin aşağı düşməsi, xarici valyutalarınsa bahalaşması məsələsinə toxundunuz; bu doğrudur; bunun önəmli bir qismi elə o təbliğat vasitəsilə reallaşır; yəni məhz medianın apardığı o təbliğat qəflətən qiymətlərin ikiqat artması üçün zəmin yaradır. Birdən-birə görürsən ki, milli valyutanın dəyəri, alıcılıq qabiliyyəti yarıbayarı azaldı. Bunu edən o media vasitələridir. Əlbəttə, düşməndən bundan başqasını gözləmək olmaz; düşməndən alçaqlıqdan başqa heç nə gözləmək olmaz; düşmən düşməndir. Mühüm olan odur ki, biz ölkədə onun istədiyi atmosferin yaranmasına kömək etməyək. Mənim demək istədiyim budur; sözümün canı budur. Biz bu atmosferin yaranmasına yardımçı olmamalı, ictimaiyyətin düşüncəsinə onu korlayacaq şəkildə təsir göstərməməliyik; yəni biz əksinə davranmalıyıq. Bəzən heç diqqət etmədən bunu edirik; bəzi problemləri qeyd edərkən, hansısa quruma, yaxud vəzifəli şəxsə tənqid və iradımızı bildirərkən şişirtməyə yol veririk. Bu şişirtmə ziyanlıdır; bu şişirtmə ictimai rəyin korlanmasına və cəmiyyət içərisində mümkün qədər çox narahatlıq yaranmasına işləyəcək. Buna diqqət yetirmək lazımdır. Və bədbinlik virusunu yaymaq lazım deyil! Baxın, mən özüm tənqid xoşlayan adamam; vəzifə məsuliyyətini üzərimə götürdüyüm ilk gündən bu günə qədər hakimiyyətdə olmuş bütün administrasiyalara müxtəlif məsələlərdə tənqid və etirazımı bildirmişəm, özü də bəzi vaxtlar bunu kifayət qədər kəskin, ağır formada etmişəm. Biz də tənqid etmişik; mən özüm məsul qurumların işindəki nöqsanlara güzəştlə yanaşan adam deyiləm, lakin elə danışmaq, elə davranmaq, elə hərəkət etmək lazımdır ki, camaatımız bədbinlik azarına düçar olmasın. Bu azarı sağaltmaq mümkün deyil. Əhalini elə bir vəziyyətə gətirmək lazım deyil ki, müsbət istiqamətdə nə qədər təbliğat aparılsa da, inanmayalar, amma düşmənin ağzından çıxan bir kəlmə yalana dərhal inanalar. Bu, çox təhlükəlidir. Belə bir vəziyyətin yaranmasına imkan vermək lazım deyil. Biz buna təsir göstərə bilərik. Bu bədbinlik virusu çox pis bir şeydir; Keşikçi Korpusa qarşı bədbinlik, dövlətə qarşı bədbinlik, parlamentə, məhkəmə hakimiyyətinə, inqilabi qurumlara, fondlara və sairə qarşı bədbinlik. 

Bəli, tənqidin heç bir problemi yoxdur, əksinə lazımdır da. Nöqsanların aradan qaldırılması üçün tənqid lazımdır, amma tənqid dost niyyəti ilə görülən bir işdir, düşmən niyyəti ilə yox. Sizin kimisə tənqid etməyiniz dostcasına edilən bir hərəkətdir, hədisdə deyilən o “المُؤمِنُ مِرآةُ المُؤمِن” – “mömin möminin aynasıdır” (6) məsələsinin nümunəsidir; yəni sizin kimisə tənqid etməklə həmin adamın nöqsanlarını ortaya çıxarıb ona göstərməyiniz çox yaxşı bir işdir. Tənqid olmalıdır. Bəzən ictimailəşdirilməlidir də; mən heç də belə düşünmürəm ki, tənqid həmişə gizlicə qulağa deyilməlidir. Yox, bəzən də ictimailəşdirilməlidir, amma kimisə elə formada tənqid etmək lazım deyil ki, necə deyərlər, ürəyi qopa, “vəssalam, hər şey əldən getdi, dədəmə od vuracaqlar” deyə fikirləşə. Tənqid bu cür olmamalıdır. Bəzən biz tənqidi necə etmək lazım olduğunu çaşdırır və məhz bu cür davranırıq. Axı o tənqid olunan qurumların yaxşı işləri də var, onları da demək lazımdır. Mən bir neçə gün bundan əvvəl hökumət nümayəndələri ilə görüşümüzdə (7) onlara da dedim ki, həm mənfi məqamları görmək lazımdır, həm də müsbət məqamları. Yalnız mənfi məqamları görməməliyik. Hökumətin həm müsbət işləri var, həm də nöqsanları; parlament də, məhkəmə hakimiyyəti də, digər müxtəlif strukturlar da eynilə. Biz hamımız beləyik: müsbət işlərimiz də var, mənfi işlərimiz də; 

خَلَطوا عَمَلًا صالِحًا وَ ءاخَرَ سَیِّـئًا عَسَی اللهُ اَن یَتوبَ عَلَیهِم

“Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar”. (“Tövbə” surəsi, 102-ci ayə)

Yaxşı və pis əməllərin bir-birinə qarışdırılması elə bir şeydir ki, hamıda, hər yerdə var. Gəlin pis əməlləri qeyd edəndə yaxşı əməlləri də qeyd edək. Belə etsək, camaat da həm nöqsanlara diqqət yetirər, həm də bütünlüklə məyus olub: “Eh, hər şey əldən getdi” – deməz. Təkcə mənfilər deyilməməlidir. Yaxşı işlər də var, pis işlər də; hamısını görmək və demək lazımdır. Qurani-Kərimin o şərif ayəsində buyurulur:

 یا اَیُّهَا الَّذینَ ءامَنُوا اِتَّقُوا اللهَ وَ قولوا قَولًا سَدیدًا * یُصلِح لَکُم اَعمالَکُم وَ یَغفِرلَکُم ذُنوبَکُم

“Ey iman gətirənlər! Allahdan qorxun və möhkəm söz(lər) danışın! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar”. (“Əhzab” surəsi, 70-71-ci ayələr) 

Möhkəm – yəni əsaslı söz danışmaq istəyiriksə, belə etməliyik, bu cür davranmalıyıq. 

لَولا یَنهاهُمُ الرَّبانِیّونَ وَ الاَحبارُ عَن قَولِهِمُ الاِثمَ وَ اَکلِهِمُ السُّحت

“Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər!” (“Maidə” surəsi, 63-cü ayədən)

Bu ayədə iki mühüm məqam vurğulanır, yəhudilərin din alimləri onları bu iki şeydən çəkindirmədikləri üçün qınanır: birincisi, “قَولِهِمُ الاِثم” – yəni yalan danışmaq, nə danışdığını bilmədən, dediyini ölçüb-biçmədən danışmaq, ikincisi isə “اَکلِهِمُ السُّحت” – yəni iqtisadi məsələlər, qeyri-sağlam iqtisadi münasibətlər, korrupsiya, haramyeyənlər və sair. Bunların hər ikisinə tam olaraq əlac etmək lazımdır. 

Mən: “İnqilab və ölkəmiz inkişafdadır” – dediyim zaman bunu döşümüzə döyüb öyünmək üçün etmirəm, dəqiq məlumatlara əsaslanıb deyirəm ki, ölkəmiz, inqilab və inqilabi qurumlar inkişaf etməkdədir. Doğrudur, bəziləri ağzından inqilaba zidd sözlər çıxarır, bəzi şeylər danışılır, amma reallıq bundan ibarətdir ki, ölkə inqilabi anlayışlara, inqilabi ideyalara, inqilabi həqiqətlərə doğru irəliləməkdədir. İndi ola bilsin ki, bu irəliləyiş ehtiyac duyulan sürət tempinə malik deyil, amma var, gedir. Ölkəmiz inkişafdadır; biz müxtəlif sferalarda inkişaf etməkdəyik: elmdə, sənayedə, beynəlxalq siyasi nüfuz baxımından, intellektual baxımdan, mənəvi baxımdan. Söhbətimin axırlarına doğru mən bir misal da çəkəcəyəm. Belə nümunələr bir-iki deyil, çoxdur; biz inkişafdayıq. Ölkəmizdə bir bu qədər yaxşı gənclər var. Görün bu gün internet nə vəziyyətdədir! O virtual məkanda, peyklə yayımlanan kanallarda və sairdə nə qədər “مُضِلّاتُ الفِتَن” – “azdırıcı fitnələr” (8) var. Gənclərimiz bütün bu təhlükələrin hədəfindədir, amma buna baxmayaraq, görün Ərbəin yürüşləri, itikaflar, universitetlərdə qılınan camaat namazları necə yüksək səviyyədə baş tutur! Bu şeylər çox önəmlidir. Nəyə görə biz bunları görməməliyik? Bütün bunlar onu göstərir ki, ölkəmizdə hətta ən çətin sahə olan mənəviyyat – mədəniyyətin mənəviyyat sferası da inkişafdadır. Ramazan ayında keçirilən məclislərə baxın; mən xüsusilə ramazan, məhərrəm və səfər aylarında bu məsələ ilə maraqlanıram, müəyyən insanlara tapşırıram ki, araşdırma aparsınlar, hər ilin ramazan ayında təşkil olunan məclisləri ötən ilkilərlə müqayisə etsinlər. Gedib araşdırırlar, işləyirlər, hesabat gətirirlər. Bu inkişaf, bu irəliləyiş insanı, həqiqətən də, heyrətləndirir. Nəyə görə biz bunları görməməliyik? Bunları görmək, təhlil etmək, demək lazımdır. Geniş auditoriyaya malik olan ruporlar bu şeyləri açıqlamalı, deməlidir. Digər bir mühüm məqam da xalqla ölkənin idarəetmə orqanları arasındakı birlikdir. Camaat ölkəni idarə edən strukturlarla əlaqədə olmalıdır; istər məhkəmə hakimiyyəti olsun, istər icraedici hakimiyyət olsun, istər digər qurumlar olsun; birlik və həmrəylik olmalıdır. Əlbəttə ki, bu qarşılıqlı etimadın yaranması üçün işin önəmli bir qismi elə dövlət strukturlarının öz öhdəsinə düşür; yəni dövlət, məhkəmələr, digər strukturlar özləri elə davranmalıdırlar ki, camaatda etimad doğursunlar. İşin bu qismi onların öhdəsindədir, amma digər bir mühüm qismi də mənim və sizin – geniş auditoriyaya səslənmək imkanı olan, rəsmi və qeyri-rəsmi ruporlarla geniş kütləyə müraciət edib danışmalı olan insanların üzərinə düşür. Xalqın dəstəyi və yardımı olmadan heç bir dövlət işləyə bilməz; nə bizim dövlətimiz, nə də dünyanın heç bir başqa dövləti. Biz elə bir iş görməməliyik ki, xalqın dövlət qurumlarına və ölkənin icraiyyə strukturlarına olan dəstək və etimadı yox olsun; istər bu, məhkəmələr olsun, istər icraedici hakimiyyət, istərsə də Silahlı Qüvvələr və digər bu kimi strukturlar. Problemlərə çarə etməyin yolu dövlətin dayaqlarını zəiflətmək deyil; problemlərə çarə etməyin yolu məsul orqanların gördüyü bütün işlərə etiraz edib onları gözdən salmaq deyil; xeyr, problemlərə əlac etmək üçün biz tənqid etməli, sözümüzü deməli, kömək etməli, nəzəri və əməli cəhətdən yardımımızı əsirgəməməliyik; çarə yolu budur. 

Əlbəttə, dövlət rəsmiləri – sevindirici haldır ki, bu gün hakimiyyətin müxtəlif qollarının başçıları da burada iştirak edir – xalqın və şəriət ekspertlərinin fikirlərindən istifadə etməlidirlər. Az öncə burada müəyyən məsələlər qeyd olundu, uzun bir siyahı sadalandı. O siyahıdakı bəzi məqamlar olduqca önəmlidir; milli valyutanın dəyəri məsələsi çox önəmlidir. Bu məsələ üzərində oturub düşünmələri üçün, həqiqətən də, işçi qrupların yaradılmasına ehtiyac var; təkcə hökumət daxilində yox, ondan kənarda, qeyri-hökumət sektorunda da. Ölkədə iqtisadçılar var, valyuta məsələləri üzrə mütəxəssislər var. Özləri də mövcud problemlərin həlli yollarını təklif etməkdə iddialıdırlar, bizə də göndərirlər, bizə də yazırlar, bəzən qəzetlərdə də çıxış edib deyirlər ki, bütün bu problemlərdən çıxış yolları var və biz o yolları bilirik. Lap yaxşı, o adamları çağırın, gəlsinlər, onlarla söhbət edin, yolunu tapıb bu problemi aradan qaldırın. Yaxud da o likvidlik problemi; mən hökumət nümayəndələrinə bu barədə tapşırıq vermişdim ki, ölkədəki yüksək likvidliyi quruculuq işlərinə və istehsala yönəltsinlər. Bunun üçün işçi qrup lazımdır, kimlərsə oturub düşünməlidir. Bu işlər dinamiklik tələb edir. Bu işləri görməlidirlər, bunları həyata keçirmək hökumət nümayəndələrinin vəzifəsidir. Biz də onları bu istiqamətə yönəltməli, əlimizdən gələn köməyi göstərməli və elə etməliyik ki, xalq onların göstərdiyi səylərə nikbin yanaşsın. Camaat görsün ki, bəli, işləyirlər, çalışırlar. İctimai rəydə yaranan problemləri, cəmiyyətdəki şübhə və narazılıqları məhz bu yolla çözmək olar. Bəziləri ictimai rəydə müəyyən problemlərin yaranmasından nigarandırlar; haqlıdırlar da, nigarançılıqları yersiz deyil. Bu problemləri isə yalnız ictimai rəylə rəsmi qurumlar arasında düzgün və sağlam əlaqə yaratmaqla çözə bilərik; mən demirəm ki, camaat hökumətə qarşı mütləq surətdə nikbin olmalıdır. Bəzən mənə deyirlər ki, siz nə üçün hökuməti tənbeh etmirsiniz. Yəqin ki, bunu deyənlər ictimaiyyətin qarşısında tənbeh etməyimi nəzərdə tuturlar, yoxsa qapalı iclaslarda tənbeh edib-etmədiyimdən nə xəbərləri var ki?! Mənim müxtəlif qurumların – hərbi, qeyri-hərbi, hökumət, ədliyyə və digər strukturların rəsmiləri ilə keçirdiyim iclaslardan bəziləri KİV-də əks olunur, lakin bizim onlarla ən azı bundan on dəfə artıq iclaslarımız olur. Həmin iclaslardan xəbərləri olmadığına görə istəyirlər ki, mən hökumət nümayəndələrini ictimaiyyət qarşısında tənbehləyim. Yaxşı, o tənbehin xeyri nə olacaq? Xeyri bu olacaq ki, sizin ürəyiniz soyuyacaq! Vəssalam! Yəni bundan o yana xeyri olmayacaq, amma ziyanları çox böyük olacaq; o ziyanları götür-qoy edib nəzərə almaq lazımdır. İslah etməyin yolu dava eləmək deyil, həmçinin hökumətə paralel təşkilatlar yaratmaq da deyil. Bayaq cənab Cənnəti: “Cihad əzmi ilə işləmək lazımdır”, – dedi, çox düzgün bir fikirdir. Cihad əzmi ilə işləmək lazımdır, amma bunu kim etməlidir? Rəsmilər özləri; bunu qanun çərçivəsində etmək lazımdır. Bəli, ola bilsin ki, müəyyən məqamlarda qanun hökumət rəsmisinə cavab verməyə, qanundan kənar olan hansısa işin görülməsinə, bizdən icazə almalarına ehtiyac ola; belə məqamlarda mən hökmən onları dəstəkləyir və öz köməyimi göstərirəm. Bunun heç bir problemi yoxdur; eynilə Ali Məhkəmənin möhtərəm sədrinin etdiyi kimi; (9) amma işi aidiyyətli qurumların rəsmiləri özləri görməlidir. Hökumətə paralel hansısa işlərin görülməyi uğurlu olmur. Mən bunu bu illər ərzində qazandığım təcrübəyə əsaslanaraq qəti şəkildə deyə bilərəm. Bəli, işi cihad əzmi ilə görmək lazımdır, amma bu cihadı kim etməlidir? Aidiyyətli rəsmilər özləri. Bu da belə.

Qeyd etdiyim kimi, düşmən hərəkətə keçib, müəyyən manevrlər edir, amma Allahın köməyi ilə, biz onu hazırkı etapda da, bütün sonrakı etaplarda da məğlub edəcəyik.

وَ لَو قاتَلَکُمُ الَّذینَ کَفَروا لَوَلَّوُا الاَدبارَ ثُمَّ لا یَجِدونَ وَلِیًّا وَ لا نَصیرًا * سُنَّةَ اللهِ الَّتی قَد خَلَت مِن قَبلُ وَ لَن تَجِـدَ لِسُنَّةِ اللهِ تَبدیلًا

“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar)”. (“Fəth” surəsi, 22-23-cü ayələr)

Kafir düşmən sizinlə üz-üzə gəlsə, hökmən geri çəkilməyə məcbur olacaq. Əlbəttə ki, siz döyüşəcəyiniz, mübarizə aparacağınız təqdirdə; oturub heç bir iş görməsəniz, yox; amma hərəkət edir, iş görürüksə, düşmən, mütləq, məğlub olacaq. Əlhəmdulillah, biz bunun indiyə qədər də şahidi olmuşuq. Az öncə qeyd etdiyim kimi, hətta mənəvi sferada da. 

Mən bir misal çəkmək istəyirəm. Təzəlikcə bir kitab (10) oxudum, mənim üçün çox maraqlı oldu. Gənc qız və oğlan – ər-arvad; 70-ci illərdə doğulumuş insanlardır – toy mərasimlərində günaha yol verilməməsi üçün 3 gün oruc tutmağı nəzir edirlər. Məncə, bu, tarixə düşəsi bir məsələdir ki, gənc qız və oğlan toylarında istəmədən şəriətə zidd, günah bir əmələ yol verilməməsi üçün Allaha təvəssül edir, 3 gün oruc tuturlar. Oğlan Həzrət Zeynəbin (s.ə) ziyarətgahını qorumaq üçün xidmətə yollanır; həyat yoldaşının ixtiyarsız olaraq tökdüyü göz yaşları onun qəlbini sarsıdır; qıza – xanımına söyləyir ki, sənin göz yaşların mənim qəlbimi sarsıtdı, amma imanımı sarsıtmır! Və o xanım da ərinə söyləyir ki, mən sənin getməyinə mane olmuram, çünki Qiyamət günü Fatimeyi-Zəhranın (s.ə) qarşısında başıaşağı olan qadınlardan olmaq istəmirəm! Baxın, bunlar 100-200 il bundan əvvəl baş vermiş hadisələr deyil, 94-95-ci illərin hadisələridir, günümüzdə olan şeylərdir. Bu gün bu var. Gənc nəslimiz arasında bu cür insanlar, bu cür parlaq həqiqətlər var! Bunları qeydə almaq, görmək, dərk etmək lazımdır. Özü də bircə bu deyil ki, “bir güllə bahar olmaz” deyəsən. Yox, “bir gül” söhbəti deyil, belələri çoxdur. Onlar – dediyim o ər-arvad – hər ikisi tələbə olublar; əlbəttə, onu da deyim ki, oğlan sonradan şəhid olub. Həzrət Zeynəbin (s.ə) hərəmini qoruyarkən həlak olmuş şanlı şəhidlərimizdən biridir. Bax vəziyyət bu cürdür.

Biz irəliləməkdəyik; maddi və mənəvi cəhətdən irəli gedirik. Allahın köməyi ilə, biz imperializmi həm maddi, həm də mənəvi cəhətdən məğlub edəcək, diz çökdürəcək və göstərəcəyik ki, onu qorumağa, yolunda cihad etməyə hazır olan tərəfdarları olsa, İslam dini hər yerdə, dünyanın istənilən nöqtəsində, mütləq, qələbə çalacaq. Və bu bütün müsəlmanlar üçün örnək olacaq.

Pərvərdigara! Dediklərimizin, eşitdiklərimizin, gördüyümüz işlərin Sənin yolunda və Sənin üçün olmasını bizə nəsib et. Dediklərimizə və görmək istədiyimiz işlərə bərəkət inayət et! Bizi İslam yolunda yaşat və İslam yolunda öldür!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________________

(1) Xubriqan Məclisinin 5-ci çağırışının 5-ci sessiyasının (13-14 şəhrivər, 1397-ci il) yekununda baş tutan bu görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Əhməd Cənnəti və məclisin ikinci sədr müavini Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani sessiyanın işi ilə bağlı hesabatlar təqdim etmişlər
(2) “İnsan” surəsi
(3) Ayətullah Əsədullah İmani (Xubriqan Məclisinin keçmiş üzvü, Şirazın keçmiş imam-cüməsi)
(4) Ayətullah Həbibullah Mehmannəvaz (Xubriqan Məclisinin keçmiş üzvü, Bocnurdun keçmiş imam-cüməsi)
(5) Ayətullah Mahmud Haşimi Şahrudi (Keşikçi Şuranın üzvü, Xubriqan Məclisinin birinci sədr müavini) 
(6) Tuhəful-uqul, səh. 173
(7) Ölkə prezidenti və hökumət nümayəndələri ilə görüş (07.06.1397)
(8) Nəhcül-bəlağə, 93-cü moizə 
(9) Ali Məqamlı Rəhbər 20.05.1397-ci ildə Ali Məhkəmənin sədrinin ona ünvanladığı məktuba verdiyi cavabı nəzərdə tutur 
(10) Müqəddəs ziyarətgahı qoruyarkən şəhid olmuş Həmid Siyahkali Muradinin həyatından bəhs edən “Yadında olsun” kitabı