Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin on min nəfərlik “Azadi” stadionunda keçirilən “Bəsici xidmətləri” adlı forumda etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المعصومین المکرّمین سیّما بقیّةالله فی الارضین. السّلام علیک یا اباعبدالله و علی الارواح الّتی حلّت بفنائک علیک منّی سلام الله ابداً ما بقیت و بقی اللّیل و النّهار و لا جعله الله آخر العهد منّی لزیارتک السّلام علی الحسین و علی علیّ بن الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین

Seyyidüs-sacidin Həzrət Əli İbn Hüseynin (ə) şəhadət gecəsidir. Aşuradan sonra çox önəmli günlərdir; əslində Zeynəbin qəhrəmanlıq salnaməsinin yazıldığı günlərdir. Bu günlərdə Zeynəbi-Kübra, Həzrət İmam Səccad və digər Aşura əsirləri Kərbəla, Kufə, Şam, ondan sonra isə Mədinə yolunda sonsuz nuraniyyət, ehtişam və qəhrəmanlıqla irəliləmiş və özlərinin bu hərəkatı ilə Aşura hadisəsinə əbədiyyət bəxş etməyi, onu daimiləşdirməyi, üzərinə kölgə salınmasından qorumağı bacarmışlar. Biz də bu gün, belə günlərdə özümüzdə o əzəmətli və şanlı şəhidlərə qarşı daha çox mənəvi bağlılıq hiss edirik. Qarşıda da Ərbəin gəlir. Bizim xalqımız, İraq xalqı, digər xalqların bir çox nümayəndələri böyük Ərbəin qəhrəmanlığına qatılmaq üçün hazırlıq görür. Ərbəin qəhrəmanlığı qeyri-adi bir fenomendir. Bu fenomen, Allahın yardımı və dəstəyi sayəsində, məhz İslam dünyasının belə bir qəhrəmanlığa sonsuz ehtiyac duyduğu bir vaxtda yaranmışdır. Şəhidlər sərvərinin xatirəsini öz qəlblərimizdə, düşüncələrimizdə böyük dəyər verərək yaşadırıq. O böyük imama, onunla birgə olan o böyük şəxsiyyətlərə, şəhidlərin pak torpağına ixlaslı və səmimi salamımızı çatdıraraq deyirik:

ای صبا ای پیک دور افتادگان
اشک ما بر خاک پاکشان رسان

“Ey səba, ey uzaq düşənlərin çaparı, bizim göz yaşlarımızı onların pak torpağına çatdır”. (2)

Bu gün bura toplaşmış, gənc və dinamik bəsicilərdən ibarət olan bu böyük izdiham eynilə 60-cı illərdə bu stadionda toplaşan bəsicilərin möhtəşəm kütləsinə bənzəyir. (3) O zaman gənclərimiz gedib qələbə çalmışdılar. İnşallah, siz də qarşıya məqsəd qoyduğunuz sferalarda tam qələbəyə nail olacaqsınız!

Bu böyük tədbir çox həssas bir mərhələdə təşkil olunub; hazırda ölkəmizdə, regionumuzda və dünyada olduqca həssas bir vəziyyət hökm sürür; xüsusilə də biz İran xalqı üçün. Bu həssaslıq o baxımdandır ki, bir yandan imperializmin başında duranlar, Amerikanın istismarçı siyasətçiləri meydanda toz-duman qoparır, digər tərəfdən mömin gənclər öz gücünü nümayiş etdirərək müxtəlif meydanlarda ardıcıl qələbələr qazanır, digər tərəfdən ölkədəki iqtisadi problemlər aztəminatlı əhalinin böyük əksəriyyətinə məişət sıxıntıları yaşadır, bir tərəfdən də bütün bu proseslərin təsiri ilə həssaslaşmış ziyalılarımızda yaranan gərginlik və narahatlıq onları nəzəri və əməli cəhətdən hərəkətə keçməyə vadar edir. Ölkə problem yaşadığına görə passivlik və ətalətdən çıxıb; indiyə qədər sadəcə seyirçi olanların bir çoxu bu gün özündə məsuliyyət hiss edərək hərəkətə gəlib. Bütün bunlar ölkəmiz üçün müxtəlif aspektlərdən spesifik bir vəziyyətin hökm sürdüyünün göstəriciləridir və bu tədbir məhz belə bir şəraitdə təşkil olunub.

Bugünkü söhbətimin canı, birincisi, İranın əzəmətindən, ikincisi, İslam Respublikasının iqtidarından, üçüncüsü isə İran xalqının məğlubedilməzliyindən ibarət olacaq. Deyəcəklərim öyünmək üçün deyil, sırf şüar deyil, bəzi başqa adamların gəlişigözəl çıxışlar, şüarçılıq xatirinə danışdığı içiboş sözlərdən deyil. Bunlar bir reallıqdır və İran xalqının düşmənləri bizim bunları bilməməyimizi, bunlardan bixəbər qalmağımızı, özümüz, ölkəmiz və xalqımız haqqında başqa təsəvvürdə olmağımızı arzulayır. Lakin bu həqiqətlər o qədər aydın, o qədər aşkardır ki, heç kim onları inkar edə bilməz.

“İranın əzəməti” dedik; bu təkcə indiyə, müasir dövrə aid deyil. İranın əzəməti tarixi bir məsələdir. Tarix boyu bizim əziz ölkəmiz müsəlman xalqları və müəyyən mərhələdə isə bütün dünya xalqları arasında elm, fəlsəfə, siyasət, incəsənət kimi sahələrdə vüqarla ön sıralarda duraraq varlığını nümayiş etdirmiş, İslam elmlərinin bayraqdarı olmuşdur. İranın əzəməti insafla mühakimə yürüdən hər bir kəsin təsdiq etməyə məcbur qalacağı açıq-aydın bir həqiqətdir. Əlbəttə ki, bu həm bizim dövrümüzə, həm də tarixin keçmiş səhifələrinə aiddir. İslam İnqilabından əvvəlki 200 il isə istisnadır: Qacarlar hakimiyyətinin ortalarından bu yana və mənhus Pəhləvi hakimiyyəti dövrü. Təəssüflər olsun ki, bu 200 ildə İranın əzəməti ayaqlar altına atılmışdır; hərçənd indi mövzumuz bu deyil.

İslam Respublikasının iqtidarı barədə isə təkcə bunu demək kifayətdir ki, İslam Respublikası İran ölkəsini Amerika və İngiltərənin müstəmləkəsi altından çıxardı. Bu müstəmləkə təxminən miladi təqvimlə 19-cu əsrin əvvəllərindən başlamışdı. Bu ölkənin bütün işlərinə amansız və imperialist yadellilər ağalıq edirdilər. İslam Respublikasının iqtidarını sübuta yetirmək üçün təkcə bu kifayətdir ki, dövlətimiz ölkəni və xalqı bu zülmkar ağalıqdan xilas etməyi bacarıb. Həmçinin İslam Respublikasının iqtidarının təzahürlərindən biri də ölkəni istibdadçı monarxiya hökumətinin şərindən xilas etməsidir. Eləcə də İslam Respublikası var olduğu bu 40 il ərzində ölkəyə uzanan düşmən əllər qarşısında sinəsini sipər etmiş və son əsrlərdə ilk dəfə olaraq bir müharibədə ölkənin bölünməsinin qarşısını ala bilmişdir. İslam Respublikasından əvvəl Qacar və Pəhləvi hakimiyyəti dövründə baş vermiş hər müharibədə düşmənlər ya ölkənin torpaqlarından bir hissəsini qoparmağa, ya da özləri ölkədə hərbi iştiraka nail olaraq xalqı təhqir etməyə müvəffəq olmuşlar. İlk dəfə olaraq İran xalqı 8 il davam edən Məcburi Savaşda geniş düşmən cəbhəsini tamamilə məğlubiyyətə uğratmağa, onları ölkədən qovmağa, ölkənin ərazi bütövlüyünü qorumağa nail olmuşdur. İqtidar bu deməkdir. İqtidar odur ki, İslam Respublikası regionda və bütün dünyada bu ölkənin nüfuz və ehtiramını yüksəldə, genişmiqyaslı imperializm cəbhəsi qarşısında bir yumruq kimi birləşərək dura bilmişdir.

“İran xalqının sarsılmazlığı” dedik; əlbəttə ki, bu, İslam dininin bərəkəti sayəsindədir. Bu sarsılmazlığın sübutunu və nişanəsini İran xalqının böyük İslam İnqilabında əldə etdiyi uğurda, Məcburi Savaşda qazandığı qələbədə, bu xalqın 40 il ərzində düşmənlərin məkrli planları qarşısında göstərdiyi müqavimətdə müşahidə etmək olar. Xalqımız geri çəkilmədi, əldən-ayaqdan düşmədi, düşmən qarşısında zəiflik və məğlubiyyət hiss etmədi; bu, İran xalqının qələbəsidir. Ölkəmizin vəziyyəti budur. Əlbəttə ki, bu barədə daha geniş izah verəcəyəm, inşallah. Bu gün bizim vəziyyətimiz belədir.

Əziz qardaşlar, əziz bacılar, böyük İran xalqı! Bir şey var ki, eynilə hərbi savaş meydanında olduğu kimi, siyasi və iqtisadi savaş meydanında da qalibiyyət hiss edən tərəf özü ilə qürrələnəndə qalibiyyət yolu onun üzünə bağlanır. Qazandığı qələbə ilə öyünüb arxayınlaşmaq, qələbələri davam etdirmək üçün sonrakı hərəkət planı, hərəkət əzmi olmamaq mütləq surətdə düşmənin qarşısında geriləməyə, düşmənin irəliləməsinə səbəb olur. Əldə etdiklərimizlə öyünüb dursaq, passivlik, hərəkətsizlik azarına düçar olsaq, təşəbbüs göstərməsək, arzumuza çata bilməyəcəyik. Səylərimizi, fədakarlığımızı, təşəbbüskarlığımızı, mövcud imkanlardan istifadə etmək əzmimizi ən yüksək səviyyədə davam etdirməliyik. Biz hələ yolun ortasındayıq, yolun başlanğıcındayıq və hələ bir xeyli yol qət edib İslam İnqilabının nəzərdə tutduğu zirvələrə çatmalıyıq. Bunun üçün həm çalışıb-vuruşmaq, həm yola bələd olmaq, həm cəsarətli, həm də tədbirli olmaq lazımdır, lakin siz gənclərin diqqət yetirməli olduğunuz önəmli məqam bundan ibarətdir ki, bu əzəmətli milli hərəkatın avanqardları siz gənclərsiniz. İrəlidə gedib yolu açan sizsiniz! Yaşlı və təcrübəli insanlar əgər yorulub taqətlərini itirməzlərsə, bu yolda sizə bələdçilik edə bilərlər, lakin bu qatarın mühərriki, onu irəli aparan hərəkətverici qüvvə məhz siz gənclərsiniz. 

Keçmişdə də bu cür olub; bütün cihad sferalarında belə olub. Bu 40 il ərzində biz bir çox sferalarda cihad etmişik və onların hamısında gənclər öndə olub, yolu açan gənclər olub, gənclər avanqard olub. İnqilabın qələbəsindən öncə şah diktaturasına qarşı cihadda – inqilabi mübarizə dövründə – inqilabın əvvəllərində ölkənin şərqində, qərbində, şimalında ortaya çıxmış separatçılara qarşı cihadda o böyük hərəkatların öncülləri gənclər oldu. (4) İnqilabın əvvəllərində onun ilk cücərtilərindən olan quruculuq cihadında da gənclər öndə idi. Quruculuq cihadı kimi möhtəşəm bir hərəkata start verən məhz elə onlar olmuşdu. 60-cı illərin əvvəllərində xain və münafiq terrorizmə qarşı cihadda, 8 illik Müqəddəs Müdafiə Savaşında ölkəmizə təcavüz edən qüvvələrə qarşı cihadda, 1367-ci ildən sonra müharibənin ardından qalan dağıntı və xarabalıqları aradan qaldırmaq, müharibə bölgələrini abadlaşdırmaq üçün həyata keçirilən cihadda, 70-ci illərdə mədəni hücumlar qarşısında aparılan mədəni cihadda o ağır atmosferi İslam dininin, İslam İnqilabının xeyrinə dəyişməyi bacaran məhz gənclər oldu. 80-ci illərdən başlayan elmi cihadda müxtəlif universitetlərdə, elmi tədqiqat mərkəzlərində dövlətin elmi inkişaf çağırışına: “Ləbbeyk!” – deyib cavab verərək ölkədə elm və texnologiyanın yolunu sıçrayışlı bir şəkildə açan məhz gənclər oldu. Və son olaraq bu yaxınlarda – 90-cı illərdə təkfirçi terroruna qarşı cihadda.

Bu gün də ölkədəki iqtisadi problemlərin düyününü açmaq üçün ideoloji və əməli cihad həyata keçirilir və yenə də gənclərimiz öndədir. Ölkənin iqtisadi problemlərinin həlli ilə bağlı bizə təkliflər gəlir; biz də onları rəsmilərə təqdim edib: “Araşdırın”, – deyirik; o təkliflərin çoxu gənclərə aiddir, hamısı da kifayət qədər sanballı, ölçülüb-biçilmiş, problemlərin həlli yolu ola biləcək fikirlərdir. Allaha həmd olsun ki, bu gün ölkəmizin üz-üzə qaldığı problemlərlə bağlı gənclərimizin həm öz fikri, həm də onları aradan qaldırmaq üçün stimulu var. Və qeyd olunduğu kimi, problemlər hamını hərəkətə keçirib, gənclərimiz öhdələrinə düşən vəzifələri hiss edirlər, öz məsuliyyətini dərk edirlər.

Bu gün ölkənin dörd bir yanında 10 minə yaxın cihad qrupu fəaliyyət göstərir. Onlar əslində ölkənin gələcəyi ilə bağlı verilən müjdədir, ölkənin gələcəyi üçün böyük bir yatırımdır. İşləyirlər, çalışırlar; indiyə qədər onlar ölkənin ucqar bölgələrində əhalinin aztəminatlı təbəqəsi üçün 100 minlərlə önəmli layihə həyata keçiriblər və bu gün də keçirməkdədirlər; əhalinin ehtiyacına uyğun olaraq irili-xırdalı xeyli iş görüblər. Bu, ölkə üçün nəhəng bir sərmayədir. Demək ki, ölkənin daha yaxşı gələcəyi ilə bağlı bizə müjdə verən də yenə gənclərimizin rolu və iştirakıdır.

Ölkənin yiyəsi siz gənclərsiniz! Mən öz söhbətlərimdə gəncləri tərifləyəndə bəziləri deyirlər ki, deyəsən, filankəsin bəzi yolunu azmız gənclərdən, onların dinə, əxlaqa və mənəviyyata zidd əməllərindən xəbəri yoxdur. Xeyr, mənim onlar haqqında da məlumatım var. Sözsüz ki, ölkədə sadaladığım bu müsbət, parlaq keyfiyyətləri özündə əks etdirməyən gənclər də var; onlar bizim üçün itki sayılır. Mənim demək istədiyim budur ki, qazancımız olan, cəmiyyətə qazandıra bildiyimiz gənclər itkilərimizdən daha çoxdur, onlarla müqayisədə üstünlük təşkil edir. Öz dini məsuliyyətini dərk edən, hədəflərə aparan yolda düşünüb hərəkət etməyi bacaran gənclərimizin sayı mənəviyyatsızlığa meyillənənlərdən çoxdur və bu, gələcəyin müjdəsidir. Bəziləri bunu dərk etmirlər, gənclərin ölkənin gələcəyində və bəlkə də, elə bu günündə malik olduğu rolu düzgün şəkildə diqqətə ala bilmirlər. Bəziləri hətta vəziyyəti belə qələmə verməyə çalışırlar ki, guya gənclər ölkə üçün problemdir. Belələri hətta gəncləri ölkə üçün problemə çevirməyə cəhd də göstərirlər. Mən isə əksinə, bu fikirdəyəm ki, gənclər ölkə üçün problem yox, ölkənin problemlərinin həlli yoludurlar. 

Əziz gənclər, siz mənim öz balalarım sayılırsınız; indi mənim sizə demək istədiyim bəzi məsələlər var; onlara diqqət yetirməlisiniz. Əsas odur ki, siz gənclər bizim qarşımızda duran yolun güzgü kimi hamar, əngəlsiz bir avtomagistral olduğunu güman etməyəsiniz. Düzdür, inkişafın yolu bizim üzümüzə açıqdır, amma bu, eniş-yoxuşlu, dolanbac bir yoldur, bu yolda çoxlu maneələr var, düşmən bizə qarşı var gücü ilə fəaliyyətdədir. Biz əngəllərə qarşı mübarizə apararaq bu yolu qət etməliyik, bunun isə öz şərtləri var. Bu yolu düzgün qət edə bilməyimiz üçün ilk addım düşmənin varlığını və iştirakını hiss etməyimizdir. Amerikanın düşmənçiliyini kökündən inkar edən, bu düşmənçiliyi dərk etməyən, dövlətə və xalqa Amerikanın qarşısında təslim olmaq modelini çıxış yolu kimi məsləhət görən, rahatlıq düşkünü, münafiq və riyakar psevdo-ziyalılar bu meydanın adamı deyil; belələri düşmən agenti də olmasalar, ən azından, mühüm bir meydan olan ölkəni inkişaf etdirmə meydanının adamı deyillər. Odur ki ilk addım düşmənin varlığını və iştirakını hiss etməkdir. İnsan qarşısında bir düşmən olduğunu bilməyincə, özü üçün bir səngər, bir sığınacaq, bir qoruyucu divar yaratmır, lazım olan silahı əlinə almır.

İkinci addım isə özünəinamlı olmaq və əzmlə müqavimət göstərməkdir. Ruhsuz, daim tərəddüd edən, qorxaq, fürsət axtaran, öz güc və potensialını dəyərləndirməyən insanlar ən yaxşı halda bu meydanda başqalarına əngəl olmasalar belə, heç bir hünər göstərə bilməzlər. Özləri ki, heç bir iş görə bilmirlər, üstəlik bəzən başqalarının da qarşısına maneələr çıxarırlar. Özləri pessimistdirlər, başqalarını da həvəsdən salırlar; tənbəldirlər, başqalarını da tənbəlliyə sövq edirlər. Qurani-Kərim o dövrdə yaşamış bir qrup şəxs haqqında belə buyurur:

لَو خَرَجوا فیکـُم ما زادوکُم اِلّاخَبالًا وَ لَاَوضَعوا خِلالَکُم‌

“Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar”. (“Tövbə” surəsi, 47-ci ayədən)

Yəni bunlar sizinlə cihad meydanına da gəlsələr, sizi fəsada sürükləyəcəklər; hətta sizinlə birgə cihada da yollansalar, aranızda ikitirəlik yaradacaqlar. Kömək etməyəcəklər, üstəlik yolunuzun üstündə əngəl olacaqlar. Əlbəttə ki, az öncə sadaladığım cihad meydanlarının heç birində bizim gənclərimiz bu kimi bəlalara düçar olmayıblar. Özlərinə inanıblar, şücaətli olublar, tərəddüd etməyiblər, qorxaqlıq göstərməyiblər; halbuki əgər bu şeylər olsaydı, işlər irəli getməzdi. Bu da ikinci addım.

Üçüncü addım düşmənin hücum arealı haqqında məlumatlı olmaqdır. Biz bilməliyik ki, düşmənlə müharibəmiz, düşmənin bizə qarşı hücumları hansı sferalarda gedir? Bunu düzgün müəyyən etməliyik. Düşmənin təhdidlərini düzgün anlamalı, bu təhdidlərin nə dərəcədə real olduğunu bilməli, hücum arealının hansı sahələri əhatə etdiyini özümüz üçün dəqiqləşdirməliyik. Düşmən şərq sərhədlərindən hücum etdiyi halda, siz qüvvələrinizi qərb sərhədlərinə çəkib aparırsınızsa, bununla heç nəyə nail ola bilməyəcək, silahlı qüvvələrinizin varlığından heç bir şəkildə faydalana bilməyəcəksiniz. Düşmənin haradan hücum etdiyini bilməlisiniz. Bütün hökumət, bütün ölkə, bütün əhali düşmənin müharibə sferalarını düzgün dərk etməlidir.

Yaxşı, bəs gəlin görək bu müharibənin getdiyi sferalar hansılardır? Mən onlardan ikisini-üçünü qeyd edəcəyəm. Birincisi, İslam dini və insanlarımızın bu dinə olan inancıdır. Amerika İslamdan zərbə alıb, ürəyində İslama qarşı kin var. Amerika İslam İnqilabından zərbə alıb, ürəyində bu inqilaba kin və nifrət bəsləyir. Bunlar İranda hər şeyin yiyəsi idilər, hər şey öz ixtiyarlarında idi, ölkənin rəsmiləri qarşılarında müti nökər idi, ölkənin resursları ixtiyarlarında idi, sərmayəsi onların istədiyi kimi yerbəyer edilirdi, iqtisadi, sosial və mədəni siyasətləri onların istəyinə uyğun planlaşdırılırdı. İndi əlləri bütün bunlardan kəsilib. O əli kəsən kim olub? İslam dini, İslam İnqilabı; ona görə də bu dinə və bu inqilaba düşmən olublar. Bəziləri mızıldanıb deyirlər ki, Amerikanın əleyhinə danışmayın, o da sizinlə düşmənçilik etməsin. Onların düşmənçiliyi təkcə bizim bu cür danışıqlarımıza, sizin: “Amerikaya ölüm!” – deməyinizə görə deyil ki! Onların ürəyində inqilabın, İran xalqının bu möhtəşəm hərəkatının özünə qarşı kin və nifrət var, bütün hiylə və məkrləri buna görədir. Birinci müharibə sferası budur. Qorxurlar ki, regionda böyük bir islami dövlət baş qaldırar və onların bura qarşı tamah və acgözlüyünün tamamilə qarşısını alar; bunun baş verməyini istəmirlər; bundan qorxurlar, buna qarşı səf çəkib cəbhə qurublar.

İslamın və inqilabın gücündən qorxduqlarına görə də bu gücün qaynağı olan amillərə zərbə vurub onları məhv etmək istəyirlər. Bizim güc qaynağımız olan amillər hansılardır? Siyasi sabitlik, sosial təhlükəsizlik, milli birlik, inqilabın təməl prinsiplərinə bağlılıq, günbəgün genişlənməkdə olan elmi inkişaf hərəkatı, dini-inqilabi mədəniyyətin cəmiyyətimizdə genişlənməsi və dərinə kök atması. Bizi güclü edən amillər bunlardır; bunların əleyhinədirlər. Əlbəttə, bizim hərbi cəhətdən inkişafımızın da əleyhinədirlər, raketimizin də əleyhinədirlər, regiondakı iştirakımızın da əleyhinədirlər. Çünki bunlar da bizi güclü, qüdrətli edən amillər sırasına daxildir. Deməli, müharibə bütün bu sferalarda gedir. İmperializmin müsəlman İranına qarşı müharibə və qarşıdurma sferalarına İran İslam dövlətinə güc-qüdrət qazandıran hər bir şey daxildir. Bunu imperializmlə qarşıdurmanın mərkəzlərindən biri kimi qəbul etmək lazımdır. Müharibənin getdiyi bölgələrdən biri budur.

Qarşıdurma sferalarından digər biri isə İranın və dünyanın reallıqlarını düzgün dərk etməkdir. Sizin öz ölkənizdəki reallıqları düzgün dərk edə bilməyiniz onların ziyanınadır. Bunun əleyhinədirlər, buna qarşı mübarizə aparırlar. Hansı vasitələrlə? Olduqca təhlükəli bir vasitə olan media vasitəsilə; xüsusilə də müasir dövrdə yeni yaranmış media vasitələri ilə. Yanlış təsəvvür yaratmaqla İran xalqının fikrini çaşdırmağa çalışırlar. Həm İran haqqında, həm özləri haqqında, həm də regiondakı vəziyyət haqqında yanlış təsəvvür yaratmağa səy göstərirlər. Onların yaratdığı yanlış təsəvvürlərdən biri budur ki, özlərini effektiv bir güc kimi qələmə verirlər, halbuki bir güc kimi heç bir statusa malik deyillər. Doğrudur, maddi-texniki gücləri danılmaz və diqqətəlayiqdir; yəni pulları var, hərbi texnikaları var, media imkanları var; bütün bunlar güc vasitələridir, lakin qlobal münasibətlərdə ilk sözü ideoloji güc söyləyir. İdeoloji güc deyərkən mən məntiqli, tutarlı arqumentləri, yeni fikir və söz ortaya qoymağı nəzərdə tuturam; həyat əhəmiyyətli yeni söz; ortaya yeni söz qoymaq lazımdır. Onlarınsa yeni bir sözü, məntiqi yoxdur. İdeoloji güc baxımından Amerika həddən artıq zəifdir. Hegemon kimi danışır, amma məntiqi zəifdir, liberal demokratiyası müasir dünyada bədnam olub. Bir vaxtlar metod və davranışlarını tətbiq etmələri ilə fəxr etdikləri liberal demokratiya bu gün dünyada ekspert və mütəxəssislər tərəfindən rüsvayedici bir formada tənqid olunur. Məhz elə buna görə də, gördüyünüz kimi, nüvə silahına, ən son texnologiyaya, kifayət qədər pula sahib olan Amerika bu gün dünyanın əksər bölgələrində məğlubiyyətə uğrayıb. İraqda məğlub olub, Suriyada məğlub olub, Livanda məğlub olub, Pakistanda məğlub olub, Əfqanıstanda məğlub olub, qlobal güclərlə qarşıdurmada məğlub olub və hazırda da məğlub olmaqdadır. Və belə görünür ki, hələ bundan sonra da Amerikanı bir çox məğlubiyyətlər gözləyir. Onların özləri haqqında yaratdığı bu təsəvvür yanlış və yalançı bir təsəvvürdür. 

Məkrli niyyətlə yaratdıqları daha bir yanlış təsəvvür isə İran İslam dövləti ilə bağlıdır. Ciddi-cəhdlə bu təsəvvürü dünya ictimaiyyəti arasında yaymaq, hətta bizim özümüzə – İran xalqına da sırıyıb, özlərinin ölkəmizlə bağlı puç və yalan düşüncələrini bizə də aşılamaq istəyirlər. Hazırda ölkəmizdə yaşanan iqtisadi problemlərə, bəzi reallıqlara əsaslanaraq tədbirsiz, cılız beyinlərində bəzi xəyallar qururlar. Bu yaxınlarda eşitdiyimə görə, Amerika prezidenti bəzi Avropa dövlətlərinin başçılarına deyib ki, 2-3 ay səbir edin, 2-3 aydan sonra İslam Respublikasının kələyi kəsiləcək. Onlara bu cür deyib! Bunu eşidəndə mənim yadıma 40 il bundan əvvəl ölkədə Amerikanın əlaltısı olan insanların bir-birinə dediyi sözlər düşdü; onlar da bir-birini muştuluqlayıb deyirdilər ki, altıca ay səbir edin, bu dövlətin kələyi kəsiləcək. 6 ay oldu, İslam dövlətinin kələyi-filanı kəsilmədi, onda dedilər, 1 il də səbir edin, bu məsələ biryolluq qurtaracaq. O vaxtdan 40 il ötüb və nazik gövdəli o körpə fidan bugünkü köklü-köməcli ağaca çevrilib. İndi bu yazıq da özünün və avropalı əməkdaşlarının könlünü sevindirib deyir ki, 2-3 ay səbir edin. Ac toyuq yuxuda darı görər! (5)

Düşmən indiyə qədər sizi tanımayıb, İran xalqını tanımayıb, İslam İnqilabını, bu inqilabdan və dini imandan baş qaldıran ruhiyyəni tanımayıb. Hadisələri bu cür yanlış analiz etməsi isə bütün bu illər boyu onu çaşdırıb, azdırıb, hələ də azdırmaqdadır və məsumlardan (ə) birinə aid olan bu duada da deyildiyi kimi,

اَلحَمدُ لِلّهِ الَّذی جَعَلَ اَعدائَنا مِنَ الحُمَقاء

– Allaha həmd olsun ki, O, İran xalqının düşmənini nadanlardan edib. İran xalqının düşmənləri axmaqdırlar.

Əlbəttə, bizim problemimiz var; iqtisadi problemimiz var. İstərdim ki, əziz gənclərimiz, mömin və stimullu xalqımız bu məqama düzgün diqqət yetirsin; bizim iqtisadi problemlərimiz var, iqtisadiyyatımız neft iqtisadiyyatıdır ki, bunun özü böyük bir nöqsandır; bizdə qənaət mədəniyyəti yoxdur, cəmiyyətimiz içərisində qənaət mədəniyyəti çox zəifdir; bu, nöqsandır, israfçılıq nöqsandır; bu kimi eyib və nöqsanlar bizdə var, amma əsl eyib bunlar deyil. Əsl eyib və nöqsan işlərin çıxmaza dirənməsidir ki, Allaha şükürlər olsun, bizdə belə bir şey yoxdur. Bizim çıxmaza dirənmiş bir işimiz yoxdur. Əsl eyib odur ki, ölkənin gəncləri düşmənə sığınmaqdan başqa çarə olmadığını düşünələr. Eyib bax budur. Bəziləri bizim gənclərimizə bunu təlqin etməyə çalışırlar. Düşmən bunu istəyir. Düşmən İran xalqının belə bir nəticəyə gəlməsini istəyir ki, guya bizim qarşımızda bir çıxmaz var, Amerikaya pənah aparmaqdan, Amerikanın qarşısında diz çöküb ona təslim olmaqdan savayı heç bir çıxış yolumuz yoxdur. Mən açıq-aşkar elan edirəm; mən açıq-aşkar elan edirəm ki, düşmənin ürəyincə olan, düşmənin arzuladığı bu fikri ölkə daxilində yayanlar xəyanət edirlər! Bu, ölkəyə xəyanətdir! Düşmənə sığınmaqdan başqa yol olmadığı fikrini cəmiyyət içərisində yayıb, düşmənin dəyirmanına su tökmək xalqa qarşı ən böyük xəyanətdir. Əlbəttə ki, bu baş verməyəcək; nə qədər ki mən sağam, taqətim çatır, Allahın köməyi və sizin dəstəyiniz sayəsində, ölkədə bunun baş verməsinə imkan verməyəcəyəm! 

Düşmən bax bu cür yanlış təsəvvürlər yaradır; özünün və bizim vəziyyətimiz haqda düşmənin hiyləgərcəsinə formalaşdırdığı təsəvvürlər bunlardır. Bu gün bu yanlış, aldadıcı təsəvvürlər minlərlə televiziya, radio və internet kanalı vasitəsilə İran xalqına, ictimaiyyətimizə doğru axın edir. Dedik ki, bunlar yanlış təsəvvürlərdir, yaxşı, bəs real təsəvvür nədən ibarət olmalıdır? Real təsəvvür bu olmaldır ki, siz və eləcə də ölkəmizin bütün gəncləri öz ölkənizin və xalqınızın bugünkü statusundan xəbərdar olmalısınız; bu sizin təsir gücünə malik olmanız üçün ilk şərtdir. Əvvəla, bu gün dünyanın böyük siyasətçiləri, sanballı və püxtələşmiş siyasi beyinləri göstərdiyi 40 illik müqavimətə görə İran xalqını təqdir edirlər. Mənim bu dediyim bir reallıqdır, bizim aydın və konkret surətdə müşahidə etdiyimiz, dəqiq bildiyimiz bir faktdır. Başqa ölkələr bir kənara qalsın, hətta bizimlə arası yaxşı olmayan Amerikanın özündə, Qərbdə, Avropa ölkələrində belə sanballı siyasətçilər 40 il müddətində düşmənin təzyiqləri qarşısında geri çəkilmədiyinə, əksinə böyük irəliləyişlər əldə edərək özünü böyük bir gücə çevirməyi bacardığına görə İran xalqını təqdir edirlər. Bu, təqdirəlayiqir. Bir neçə il bundan əvvəl mən yüksək rütbəli bir İsrail zabitinin xalqımız haqqında söylədiyi fikirləri qeyd etmişdim. O söyləmişdi ki, mənim İrandan acığım gəlir, amma bu raketi ərsəyə gətirən insana sonsuz ehtiramımı ifadə edirəm; müdafiə sənayemizin istehsalı olan onlarla raket modelindən birini deyirdi. Dünyanın siyasi beyinləri bu ölkənin, bu xalqın, onun müqavimətinin, inkişafının qarşısında bu cür təqdir və ehtiram hissi keçirirlər.

İkincisi, digər bir reallıq budur ki, bizim ölkəmiz dünyanın çox az ölkələrində rast gəlinən böyük bir potensiala malikdir; həm əlverişli coğrafi mövqedədir, həm iqlim şəraiti var, həm insan potensialı var, zəngin yeraltı və yerüstü sərvətlərə sahibdir. Ölkənin iqtisadiyyatı və inkişafı üçün fövqəladə dərəcədə əhəmiyyətli olan imkan və resurslarımız çox genişdir. Əlbəttə, biz bu imkanlardan düzgün istifadə etməmişik; mən bir statistikaya rast gəlmişdim – bunu bir dəfə iclaslardan birində də demişəm, yayımlanıb da (6) – orada deyilirdi ki, biz ölkəmizin imkan və resurslarından istifadə etməmək baxımından dünya üzrə birinciyik! İmkanlardan istifadə etməmək baxımından! Mən rəsmilərə də həmişə bunu tövsiyə edirəm ki, istifadə olunmamış potensialları araşdırıb üzə çıxarsınlar, ölkə üçün, milli sərvətin istehsalı üçün onlardan istifadə etsinlər. Bu da ikincisi.

Üçüncüsü, ölkənin potensial imkanlarından biri də siz mömin gənclərsiniz; bu, real bir təsəvvürdür. Ölkədə həm müdafiə, həm elm, həm mədəniyyət, həm də sosial məsələlər sahəsində kifayət qədər yüksək bacarıqlara malik olan və bir çox sferalarda bu bacarıqlarını üzə çıxarmış mömin gənclərimiz var; bu, ölkəmizlə bağlı tam real bir təsəvvürdür. İran İslam Respublikası haqqında o fikirdə olan düşmən mömin gənclərin ölkəmizdəki bu nəhəng toplumunu görmür.

Dördüncüsü, uzun-uzadı məsləhət-məşvərətdən sonra düşmən İslam Respublikasına qarşı mübarizə aparmaq üçün sanksiyaları ən məsləhətli yol olaraq seçib; yəni digər yollar onun üçün artıq bağlanıb. İqtisadi sanksiyalar tətbiq etməkdən başqa yolu yoxdur, qalan bütün yollar üzünə bağlıdır. Lakin sizə deyim ki, iqtisadi sanksiyalar bizim milli iqtisadiyyatımızdan daha kövrəkdir. Bizim milli iqtisadiyyatımız sanksiyaları qıra bilər və Allahın köməyi ilə, Allahın mənəvi dəstəyi sayəsində biz bütün bu sanksiyaları qıracaq, onlara qalib gələcəyik. Sanksiyaların məğlubiyyəti isə Amerikanın məğlubiyyətidir və Amerika sanksiyaların məğlubiyyəti ilə İran xalqından daha bir sillə almalıdır.

Beşincisi – ölkədəki real vəziyyətin düzgün təsəvvürü ilə bağlı beşinci məqam – elə bəsicdir. Bəsic – yoxsul və zəif təbəqənin səfərbərliyi; ölkənin dörd bir yanını əhatə edən bu böyük təşkilat; öz problemlərini həll etmək üçün gənclərindən yararlanmaqda bir sıra digər ölkələrə nümunə olmuş bu genişmiqyaslı xalq kollektivi. Bəsic Quranın bu şərif ayəsinin göstəricisidir:

اَلَّذینَ قالَ لَهُمُ النّاسُ اِنَّ النّاسَ قَد جَمَعوا لَکُم فَاخشَوهُم

“O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər”. (“Ali-İmran” surəsi, 173-cü ayədən)

Uhud döyüşündən sonra şayiə yaymışdılar ki, Mədinəyə hücum olunacaq, düşməndən qorxun.

فَزادَهُم ایمانًا

Möminlərinsə bu təhdidlərin, bu hədə-qorxuların qarşısında imanı daha da artdı,

وَ قالوا حَسبُنَا اللهُ وَ نِعمَ الوَکیل

“Bizə Allah kifayət edər. O nə gözəl vəkildir!” – dedilər. Bəsic budur. Bəsic düşmənin hədə-qorxuları qarşısında möminlərin nəinki geri çəkilmədiyini, hətta imanlarının daha da artdığını bəyan edən bu şərif ayənin göstəricisidir. Bu bizim güclü cəhətlərimizdən biridir. Bəsic əziz ölkəmizin real təsvirini yaradan mənzərədə parlaq nüanslardan biridir. Düşmən də, onun ölkədəki agentləri də bəsicin kəskin şəkildə əleyhinədirlər.

Altıncı məqam il boyu ölkədə müşahidə olunan parlaq və diqqətəlayiq tədbirlərdir. Bura cihad qrupları – qeyd olunduğu kimi, təxminən 10 minə yaxın cihad qrupu özəyi fəaliyyət göstərir – quruculuq cihadı, “Nur yolçuları” ekspedisiyaları, İslam İnqilabına həsr olunan yürüşlər, itikaflar, günbəgün daha da rövnəqlənən Aşura mərasimləri və Həzrət Hüseynə (ə) həsr olunan məclislər daxildir. Ölkədəki vəziyyətlə bağlı real təsəvvürlər, real mənzərə budur. Bu şeylərə diqqət yetirərək İran xalqını düzgün tanımaq olar. Əlbəttə ki, həm bəsicə, həm o cihad qüvvələrinə, cihad ruhlu layihələrə, həm də “Nur yolçuları”na əllərindən gələn köməyi göstərmək bütün dövlət qurumlarının vəzifəsidir.

Əzizlərim, mən yavaş-yavaş çıxışımı yekunlaşdırmaq istəyirəm. Sonda 3-4 məqama da toxunacağam. Birinci məqam budur ki, hazırda düşmən ictimaiyyətimizin rəyinə təsir göstərmək üçün mediadan bir vasitə kimi istifadə edir. Diqqət edin! Media mühüm, düşmənin əlində olduğu zaman isə çox təhlükəli bir vasitədir. Medianı müharibələrdə istifadə olunan kimyəvi silaha bənzədirlər; kimyəvi silah atıldığı zaman tank və silah-sursatı sıradan çıxarmır. Top-tüfəng, texnika yerində qalır, amma onları işə salacaq insanlar sıradan çıxır. Müharibədə kimyəvi silah bu effekti verir. Media da eynilə bu cürdür. Bu gün televiziyadan, radiodan, internetdən, sosial şəbəkələrdən, virtual məkanın növbənöv vasitələrindən ictimaiyyətimizin rəyinə qarşı istifadə edirlər. Ölkədə bu sferaya – yəni rabitə və kommunikasiya sferasına görə məsuliyyət daşıyan insanlar buna düzgün diqqət yetirməlidirlər. Mən bunu üzbəüz iclaslarda da onlara demişəm, vurğulamışam, indi də deyirəm. Diqqətli olsunlar ki, düşmənin öz kimyəvi silahını bu xalqa qarşı asanlıqla işə salması üçün alətə çevrilməsinlər. Öhdələrinə düşən vəzifələri bilsinlər və onlara ciddiyyətlə əməl etsinlər. 

İkinci məqam; mənim əzizlərim! Düşmən bizi bir yumruqda birləşmiş görsə, bizim özümüzü güclü hiss etdiyimizi bilsə – axı biz öz gücümüzü hiss edirik – bizdəki qırılmaz əzmi müşahidə etsə, geri çəkiləcək. Düşmən İran xalqının, mömin İran gənclərinin ictimai-siyasi meydanlarda öz varlığını nümayiş etdirdiyini, öhdələrinə düşən vəzifələri dərk etdiyini, meydanlarda qüdrətlə sinəsini qabağa verdiyini görsə, geri çəkiləcək. Yox əgər zəiflik, ikitirəlik olduğunu, ölkənin rəsmiləri arasında söz və fikir birliyi olmadığını və ya rəsmilərlə xalq arasında məsafə yarandığını hiss etsə, öz aqressiv davranışlarını artırmağa həvəslənəcək. Buna hamı diqqət yetirsin; həm ölkə rəsmiləri, həm xalqın nümayəndələri, xüsusilə də əziz gənclərimiz. Biz düşmənə zəiflik yox, güc mesajları verməliyik. Düşmən bizim danışığımızdan, davranışımızdan, həyat tərzimizdən güclü bir toplumla, güclü bir dövlətlə qarşı-qarşıya olduğunu hiss etməlidir. Əgər bizdə zəiflik hiss etsə, ürəklənib, daha da aqressiv addımlar atmağa səy göstərəcək. Diqqətli olun! Bu da ikinci məqam.

Üçüncü məqam; mən qəti şəkildə, ölkədəki vəziyyətlə bağlı məndə olan dəqiq məlumatlara əsaslanaraq qətiyyətlə deyirəm: bu xalq, bu gənc və yeni nəsil artıq heç vaxt təhqir olunmamağı, yad və düşmən dövlətlərin arxasınca getməməyi, əziz İranını nüfuz və iftixarın zirvəsinə çatdırmağı qərara alıb və buna qadirdir. Bunun üçün həm qərarlıdır, həm sonsuz əzmə sahibdir, həm də kifayət qədər gücü və bacarığı var. İnşallah, bu məqama yetişəcək də.

Bu gün bu stadionda toplaşmış bu yüzminlik izdiham mənə 60-cı illərin sonunda elə burada toplaşmış yüzminləri xatırladır. O vaxt mən həmin insanların qarşısında çıxış etmişdim və onlar burdan yola düşərək cəbhələrə getmiş, ölkəyə böyük qələbələr ərməğan etmişdilər. Əziz gənclər, inşallah, siz də elm, iqtisadi dinamika, sahibkarlıq, fərdi və ictimai əmək, sosial və mədəni şəbəkələşmə sferalarında, sərbəst atışa ehtiyac hiss olunan istənilən meydanda uğur əldə edəcək, qələbə qazanacaqsınız.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1)Tehrandakı “Azadlıq” stadionunda baş tutan bu görüşdə Tehran və Əlborz ostanlarından olan bəsici cihad qrupları iştirak edirdilər. Həmin qrupların üzvləri cari ilin şəhrivər ayının 9-dan 29-na qədər “Bəsici xidmətləri” layihəsinə qatılaraq aztəminatlı insanlara quruculuq, səhiyyə, mədəniyyət və təhsil sahəsində müxtəlif xidmətlər göstərmişlər.
(2) İqbal Lahuri 
(3)12.09.1365-ci ildə eyni məkanda toplaşdıqdan sonra Müqəddəs Müdafiə döyüşlərinə yollanmış yüz min bəsici nəzərdə tutulur. 
(4) Ali Məqamlı Rəhbər iştirakçıların: “Ey azad Rəhbər, hazırıq, hazır!” şüarlarına cavab olaraq deyir: “İcazə verin; hazır olduğunuzu bilirəm; diqqət edin”. 
(5) Ali Məqamlı Rəhbər iştirakçıların: “Ey azad Rəhbər, hazırıq, hazır!” şüarlarına cavab olaraq deyir: “Allah xeyrinizi versin, çox məmnunam, Allah sizi qorusun, inşallah!” 
(6) Ölkə prezidenti və nazirlərlə görüş (07.06.1397)