Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və İslami Vəhdət Konfransının qonaqları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Hörmətli görüş iştirakçıları, İslami Vəhdət Konfransının qonaqları, möhtərəm səfirlər – hamınızı rəhmət elçisi, sonuncu peyğəmbər Həzrət Məhəmməd İbn Abdullahın (s) və böyük imamımız Həzrət Cəfər İbn Məhəmməd Sadiqin mübarək mövludları münasibətilə təbrik edirəm. Peyğəmbəri-Əkrəmin (s) mövludu münasibətilə həmçinin bütün İran xalqını, dünyanın bütün müsəlmanlarını və nəinki təkcə müsəlmanları, bəlkə müsəlman, yaxud qeyri-müsəlman olmasından asılı olmayaraq, bütün azadlıqsevər insanları da təbrik edirəm. İslam peyğəmbəri azdırıcı cahiliyyət və cəhalət dövründə doğaraq dünyayı aydınladan parlaq bir günəş olmuşdur; Əmirəl-möminin Əlinin (ə) təbiri ilə desək:

(2) وَ الدُّنیا کاسِفَةُ النّورِ ظاهِرَةُ الغُرور

 – “Dünyanın nuru, peyğəmbərlərin vəhyi gizlənmiş, yalanları, nadürüstlükləri aşkara çıxmışdı”. Doğrudan da, bu cürdür. Peyğəmbəri-Əkrəm bu nuru bəşəriyyətə töhfə gətirdiyi zaman dünya cəhalət və azğınlığın zülmətinə qərq olmuşdu. Bu gün Həzrət Peyğəmbərin (s) mübarək vücudu bizim aramızda deyil, lakin

(3) اَرسَلَهُ بِالهُدیٰ وَ دینِ الحَقّ

– onun dini, onun istiqamət verdiyi doğru yol bizimlədir. Əgər bu nurun arxasınca gedib ona tabe olsaq, Qurani-Kərimdə də buyurulduğu kimi,

وَاتَّبَعُوا النّورَ الَّذی أُنزِلَ مَعَهُ

– “onunla endirilmiş nurun ardınca gedənlər”dən olsaq, o zaman nəticəsi bu olar ki,

(4) اُولئکَ هُمُ المُفلِحون

– “məhz onlar nicat tapanlardır” – nicat tapanlardan olarıq. İlahi hidayətə tabe olmaq, Peyğəmbərin (s) gətirdiyi nurun ardınca getmək – o nur isə Qurandır; Quran doğru yola istiqamətləndirmə və nur kitabıdır – Allahın Peyğəmbəri-Əkrəm vasitəsilə bəşəriyyətə göndərdiyi bu ərməğana təslim olmaq insanlığa qurtuluş, rahatlıq və nicat əta olunması, lütf göstərilməsi ilə nəticələnir.

Bəşəriyyət rahatlıq, dinclik, qurtuluş axtarır. İnsanlığın əvvəldən bu günə qədər qayğısı, çətinliyi ədalətin, mərhəmətin, doğru yola istiqamətləndirmənin olmamağı olub. Cürbəcür azğınlıqlar həyatı onun üçün çətinləşdirib. Bu gün də bəşəriyyət həmin nur qaynağına möhtacdır. Bu gün də insanlıq Peyğəmbəri-Əkrəmin (s) dəvətinə cavab verməyə ehtiyac duyur; belə ki bu dəvət haqq dəvətdir, düzgün dəvətdir, rəhmət dəvətidir. Əgər bəşəriyyətin təfəkkürü Peyğəmbəri-Əkrəmin (s) dəvətinə cavab verəcək qədər yetişsə, bütün problem və qayğıları aradan gedər. Bu gün də müxtəlif güclərin varlığı, onların günah əməllər qarşısında qorxu və məsuliyyət hiss etməməyindən irəli gələn zülm dünyanın eynilə o dövrdə olduğu kimi, nuru gizlədib, yalan və nadürüstlükləri üzə çıxarmasına səbəb olub. Təəssülər olsun ki, bu gün də bəşəriyyət qayğı, üzüntü və əzab içərisindədir. Özü də bu təkcə öz dinindən uzaqlaşmış İslam dünyasına aid deyil, bu qayğı və əzabı bütün bəşəriyyət çəkir. Zahirən sivil cəhətdən inkişaf etmiş, dünyanın cah-calalından yararlanan ölkələr belə, kəskin şəkildə qayğı və problem içərisindədirlər. Bu problemlər cahliyyətdən, yalan və azğınlıqdan, ədalətin yoxluğundan irəli gəlir; İslam isə bunların hamısına cavab vermək iqtidarındadır. İslam dini xalqların qurtuluş və rahatlığına zəmanət verir. Biz müsəlmanlar bunu dərs almalıyıq.

Əlbəttə, unutmaq olmaz ki, Allahın lütf və köməyi sayəsində bu gün dünyada zülm və zorakılıq qarşısında Allahın adına, İslama söykənən bir müqavimət cərəyanı mövcuddur. Bizim yaşadığımız region da bunun bir nümunəsidir. Bu gün regionumuzda ölkələrin və xalqların çoxuna islami oyanış ruhiyyəsi hakimdir. Gördüyünüz kimi, başda cinayətkar Amerika – Böyük Şeytan olmaqla dünyanın imperialist gücləri bu regiona həssaslıqla yanaşır. Bu ona görədir ki, regionumuzda İslama meyillilik, rəğbət və islami oyanış açıq-aşkar şəkildə müşahidə olunur. Onlar müsəlman xalqlarının oyanışına qarşıdırlar, onlar müsəlman xalqlarının oyanışından qorxurlar. İslamın xalqların canına-qanına hopmağa müvəffəq olduğu istənilən yerdə imperializm müqavimətlə üzləşib, sillə yeyib. Və biz tam ciddiyyətlə inanırıq ki, imperializm bu regionda islami oyanışın silləsini bir daha yeyəcək!

Mənim öz müsəlman qardaşlarıma, müsəlman xalqlara, İslam dünyasının ziyalılarına, müsəlman ölkələrinin möhtərəm din alimlərinə demək istədiyim də elə budur; bu islami hərəkatı bacardığınız qədər gücləndirin; bu regionun qurtuluş yolu islami oyanışın, islami müqavimət hərəkatının gücləndirilməsidir. Bu vəzifə müsəlman xalqların hər bir nümayəndəsinin, xüsusilə də İslam alimlərinin, ziyalıların, yazarların, şairlərin, elm adamlarının, incəsənət xadimlərinin və siyasi liderlərin öhdəsinə düşür. Onlar hamısı bu işdə məsuliyyət daşıyır, İslam peyğəmbərinin dəvəti, İslam dininin göstərdiyi doğru yol onlara ünvanlanır. Bu gün İslam dünyasında bu şərait yaranıb; özəlliklə Qərbi Asiya regionunda islami oyanış üçün münbit zəmin mövcuddur. Bu oyanışın öz bəhrəsini verməyinə hamı yardımçı olmalıdır.

Müsəlman ölkələrində hakimiyyətdə olan qüvvələrə isə öyüd-nəsihətimiz budur ki, İslam dininin rəhbərliyinə qayıtsınlar; Allahın rəhbərliyinə tabe olsunlar; Amerikanın, tağutun rəhbərliyi onlara xeyir gətirməyəcək. Təəssüflər olsun ki, bu gün regionumuzun bəzi müsəlman ölkələri Allahın rəhbərliyi əvəzinə, tağutun rəhbərliyi və bayrağı altında canfəşanlıq edir, İslama, Quranın nuruna tabe olmaq yerinə, Amerikaya boyun əyirlər. Amerika da özünün imperialist təbiətinə uyğun olaraq, onları alçaldır. Amerikanın o hədyan danışan prezidentinin Səudiyyə hökmdarlarını südverən inəyə bənzətdiyini, yəqin, hamınız eşitmisiniz. Bu, alçaltmadır, təhqirdir; o regionun və o ölkənin əhalisinə qarşı təhqirdir. Əgər təhqir olunmaq Ali-Səuda ağır gəlmirsə, Cəhənnəmə gəlsin, qoy təhqir olunsunlar! Amma bu, region əhalisinə, müsəlman xalqlarına qarşı təhqirdir. Bir müsəlman ölkəsinin hakim qüvvələri bu gün, təəssüflər olsun ki, regionumuzun qəlbində yara açmış iki cinayətkar hadisədə Amerikaya nəyə görə havadarlıq etməlidir? Biri önəmli bir məsələ olan Fələstin məsələsində fələstinlilərə qarşı yol verilən cinayətkar davranışlar, ikincisi də Yəməndə törədilən cinayətlər. Buna da arxayın olsunlar ki, hər iki məsələdə, heç şübhəsiz, qələbə Fələstin və Yəmən xalqlarının olacaq, Amerika və onun əlaltıları isə məğlubiyyətlə üzləşəcəklər. Bu gün bu regionda Amerikanın 10 il, 20 il bundan əvvəlkindən daha zəif olduğu açıq-aydın ortadadır. Xəbis İsrail rejimi bu gün keçmişdəkindən açıq-aşkar daha zəifdir. Sionist rejim bir neçə il bundan əvvəl Livan “Hizbullah”ına məğlub oldu; cəmi 33 gün müqavimət göstərə bildi, sonra məğlub oldu. Ondan 2 il sonra fələstinlilərin qarşısında 22 gün müqavimət göstərə bildi və məğlub oldu. Elə bu son həftədə cəmi 2 gün müqavimət göstərdi və yenə də məğlub oldu. Bu, İsrail rejiminin zəifliyidir, günbəgün artan zəifliyidir.

Öz fikri, mənliyi, stimulu olan, Allaha arxalanan xalqlar ayağa qalxıb müqavimət göstərir və Allah-taala da onlara yardım edəcək.

وَلَو قاتَلَکُمُ الَّذینَ کَفَروا لَوَلَّوُا الاَدبارَ ثُمَّ لایَجِدونَ وَلِیًّا وَلا نَصیرًا * سُنَّةَ اللهِ الَّتی قَدخَلَت مِن قَبلُ وَلَن تَجِـدَ لِسُنَّةِ اللهِ تَبدیلا

“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar)” (“Fəth” surəsi, 22-23-cü ayələr)

Bu, Allahın müəyyən etdiyi qayda-qanundur; müsəlmanlar ayağa durub müqavimət göstərsələr, tağut xislətli, imperialist güclərin bütün silah və vasitələrinə qalib gələrlər. Bu gün Yəmən xalqı Səudiyyə dövlətindən, onun havadarlarından, arxa-dayağı olan Amerikadan ən ağır işgəncələrə dözür, lakin bilin ki, Yəmən xalqı və Allahın dininə yardım edən qüvvələr, mütləq, qalib gələcək! Onlar məğlub olmayacaqlar! Fələstin xalqı məğlub olmayacaq! Yeganə yol müqavimətdir. Bu gün Amerika və müttəfiqlərini çaş-baş salıb həyasız, ədəbsiz bəyanatlara, yanlış addımlara sövq edən də müsəlman xalqların müqavimətidir və bu müqavimət öz nəticəsini verəcək.

Əziz qardaşlar, əziz bacılar! İran xalqı 40 ildir ki, müqavimət göstərir. İlk gün biz nazik bir fidan kimi kövrək idik; Peyğəmbərin (s) mübarək adının və dahi liderimiz İmam Xomeyninin (r.ə) göstərdiyi yolun bərəkəti sayəsində müqavimət göstərə bildik. Əlbəttə ki, şəhid verdik, əziyyət çəkdik, amma müqavimət göstərdik. Bu gün İran xalqı və İran ölkəsi köklü-köməcli bir ağacdır. Bu gün Amerika və İsrail qələt edib İran xalqını hədələyir! Onların bütün bu təhdidləri, hərəkətləri, xəbisliyi bu günə qədər məğlub olub, bundan sonra da məğlub olacaq. Sanksiyalar da məğlub olacaq, siyasətləri də məğlub olacaq; müqavimətin bərəkəti ilə.

Müqavimət də yalnız Allaha iman, Allaha arxalanma, ilahi vədə inam sayəsində mümkündür. Allah-taala vəd edib, təkidlə vəd edib ki,

وَ لَیَنصُرَنَّ‌ اللهُ مَن یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən) 

Allah-taala təkidlə kömək vədi verib; bu vəd gerçəkləşəcək. Biz özümüzü islah edib, Allahın vədinə qarşı bədgüman yox, nikbin olsaq, qələbə qazanacağıq. Allahın vədinə qarşı bədgüman olmaq kafirlərin işidir:

الظّانّینَ بِاللهِ ظَنَّ السَّوءِ عَلَیهِم دائِرَةُ السَّوءِ غَضِبَ اللهُ عَلَیهِم وَ لَعَنَهُم

“(Cihad əmri həm də ona görədir ki) Allah (“Məhəmmədin Rəbbi nə Məhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir”, – deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin”. (“Fəth” surəsi, 6-cı ayə)

Məlum məsələdir ki, Allahın vədinə bədgüman olanlar o vəddən heç bir şəkildə yararlana bilməcəyəklər. İran xalqı Allahın vədinə nikbin yanaşdığını sübuta yetirib; müqavimət göstərib. Bizə hərbi hücum da oldu, sanksiyalara da məruz qaldıq, ölkəmizə xarici agentlər də nüfuz etdi, şəhid də verdik, amma İran xalqı dağ kimi möhkəm və sarsılmaz olmağı bacardı! Bu gün bu pak ağac – İslam Respublikası və İran xalqı elə bir pak ağacdır ki, Quranda da buyurulduğu kimi:

اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّماء

– kökü yerdə möhkəmdir, budaqları isə göyə ucalır. (5) Allahın lütfü sayəsində biz günbəgün inkişaf edib daha da güclənmişik. Elə bundan sonra da belə olacaq! Və bu bütün İslam dünyasının müsəlmanları üçün bir inkişaf və irəliləyiş modelidir. Bu yolu bizə göstərmiş dahi liderimiz İmam Xomeyniyə və bu yolda canından keçərək İran xalqına bugünkü uğurlarını qazandırmış əziz şəhidlərimizə Allah rəhmət etsin! İnşallah, gələcəkdə də elə bu cür olacaq. Əgər İslam regionunda müsəlman qardaşlarımız vəhdəti rəhbər tutsalar, bir yumruqda birləşsələr, sözləri və ürəkləri bir olsa, Allahın köməyi ilə, bütün bu məkrli planlara qalib gələcəklər, inşallah!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________

(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir. “Qüds – ümmətin vəhdətinin mehvəri!” şüarı altında keçirilən 32-ci İslami Vəhdət Konfransı cari ilin azər ayının 3-dən 5-nə qədər paytaxt Tehranda baş tutmuşdur. 
(2) Nəhcül-bəlağə, 89-cu xütbə 
(3)  Kafi, c.3, səh.423 
(4) “Əraf” surəsi, 157-ci ayədən
(5) “İbrahim” surəsi, 24-cü ayə