Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Koqnitiv Elmlərin Genişləndirilməsi Komitəsinin rəsmiləri və tədqiqatçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین

Əvvəla, Uca Yaradana şükürlər etməliyik ki, bəşəriyyət ilahi yaradılışın öyrənilməsinə günbəgün daha da yaxınlaşır. Allahın bəndələri, ilahi yaradılışa, Yaradanın təkliyinə inanan allahpərəst insanlar, həqiqətən də, Uca Yaradana şükürlər etməlidirlər ki, bu məsələ, bu həqiqət bəşər övladı, düşünən beyinlər, Quranda “لِقَومٍ ‌یَعقِلون” – “düşünən qövm” və “لِقَومٍ یَتَفَکَّرون”– “təfəkkür sahibi olan qövm” kimi tanıtdırılan insanlar üçün günbəgün daha da aydınlışır. Qalaktikada milyardlarla ulduzun varlığı, bir atomun nüvəsini təşkil edən milyardlarla zərrələr, beyin hüceyrələri arasındakı əlaqələrin xüsusiyyətləri – bu nəhəng, heyrətamiz dərəcədə mürəkkəb sistem və onda hökm sürən nizam-intizam istənilən qəlbi, “مَن کانَ لَهُ قَلب” – qəlbi olan hər kəsi Allaha yaxınlaşdırar. Bəşərin bu nailiyyətləri bizi Allahın mərhəmət və bağışlamasına yaxınlaşdırdığı üçün şükür etməliyik; həmd olsun aləmlərin Rəbbinə!

Növbəti məqam isə budur ki, bəşərin kəşf etdiyi bu elmi biliklər – misal üçün, hazırda bəşəriyyətin yeni kəşflərindən sayılan bu koqnitiv elmlər; bir vaxtlar, 70, 80, 100 il bundan öncə isə atomla əlaqəli elmlər, nüvə araşdırmaları yeni sayılırdı – bunların hər biri Allahın yaratdığı varlıq aləmini daha da çox tanıması üçün insanın üzünə açılan bir pəncərədir. Bu, bir ilahi açılışdır, bunlar Yaradanın insana nəsib etdiyi uğurlardır; biz də bu açılışları canla-başla qəbul edib onlardan istifadə etməliyik. Allah-taala Quranda buyurur:

وَ استَعمَرَکُم فیها

“(Allah sizi bu yer üzündə məskun etdi və) sizdən onu abadlaşdırmağınızı istədi”.  (“Hud” surəsi, 61-ci ayədən)

Yer üzünü abadlaşdırmaq təkcə cansız materiyanı abadlaşdırmaq mənasında deyil; ayə yer üzündə mövcud olan hər bir şeyin və bu varlıqların ən ümdəsi olan insan vücudunun abadlaşdırılmasını nəzərdə tutur. Bu elmlər – həm günümüzdə tədricən kəşf olunan elmlər, həm indiyə qədər öyrənilmiş sahələr, həm də gələcəkdə kəşf olunacaq elm sahələri – bizi sözügedən ayədə bəyan olunduğu kimi, yer üzünün abadlaşdırılmasına yaxınlaşdırır.

Bu gün siz koqnitiv elmlərin ortaya qoyduğu texnologiyalardan qaynaqlanan təzahürlərə heyran qaldığınız kimi – axı koqnitiv elmlər müəyyən texnologiyalar ortaya çıxarır; misal üçün, şüurla beyinin aparat vasitəsilə əlaqəyə girməsi; bir vaxtlar bu hər kəsə ağlasığmaz görünən bir şey idi, amma bu gün var – gələcəkdə də bu gün əsla ağlımıza gəlməyən və bizi eynilə bu cür heyrətə gətirəcək bir sıra başqa şeylər olacaq. Allah-taalanın bəşərin üzünə açdığı bu pəncərələrdən – elm, bilik pəncərələrindən hər biri bəşəriyyətin və insan həyatının dəyişilməsində yeni bir mərhələdir. Misal üçün, 20-ci əsrin əvvəllərində də fizika elmi inkişaf etdi, aktuallaşdı, fizika ilə əlaqəli elm sahələri dünya elm və sənayesini bütünlüklə əhatə etdi. Gördüyünüz kimi, o vaxtkı həyatla indiki həyat yerdən göyə qədər fərqlənir. Eynilə 50 ildən sonra da bəşəriyyətin həyatı bugünkündən qat-qat fərqli olacaq. Başqa bir dünya olacaq, əsaslı dəyişikliklər meydana gələcək; yəni bu gün bizim üz-üzə qaldığımız risk və təhlükələr, sahib olduğumuz fürsətlər, ola bilsin ki, 50 il sonra heç bizim üçün təhlükə və ya fürsət hesab olunmayacaq, yeni-yeni təhlükə və fürsətlər ortaya çıxacaq.

Tutalım, məsələn, bu gün bir ölkə və bir dövlət üçün hərbi güc baxımından nüvə silahı həlledici bir vasitə hesab olunur. Ola bilsin, 50 il sonra dünyada vəziyyət elə olacaq ki, nüvə silahının əhəmiyyəti, misal üçün, bugünün bir “Oerlikon” topu qədər olacaq, qətiyyən önəm kəsb etməyəcək; kimsə dünyanın bu başında oturub, dünyanın o başında, 5 min, 10 min kilometr uzaqda olan atom bombasını bu gün mövcud olmayan, lakin gələcəkdə ixtira ediləcək hansısa xüsusi bir vasitənin köməyi ilə neytrallaşdıra, yaxud partlada biləcək; yəni dünya dəyişəcək.

Yaxşı, bəs bu deyilənlərdən nə nəticəyə gəlmək olar? Mən belə bir nəticəyə gəlirəm ki, bu gün yeni ortaya çıxan bu elm sahələrində (hazırda bu koqnitiv elmlər, koqnitiv elmlərlə əlaqəli texnologiyalar dünya üçün yeni olan şeylərdir; bunlar elm aləminə, elmi tədqiqat mərkəzlərinə 20-30 ildir ki, yol tapıb) geri qalan hər bir xalqın müqəddəratı sənaye inqilabının başladığı dövrdə geri qalıb, müstəmləkə altında zülmə, zəlalətə, yoxsulluğa məhkum olan xalqların müqəddəratı kimi olacaq. Bu gün biz koqnitiv elm və texnologiyalar sahəsində çalışıb ciddi irəliləyiş əldə etməsək – çünki başqaları çalışır; dəridən-qabıqdan çıxıb əllərindən gələni edirlər; məsələn, bu gün süni intellekt sahəsində bizim 4-cü olduğumuz qeyd olundu – bir balaca qəflətə varıb yuxulasaq, sürətlə tənəzzül edəcəyik və 50 ildən sonra 50-ci, 100-cü olacağıq; yəni dünya bizdən irəli gedəcək. Bu hər kəsin diqqət yetirməli olduğu mühüm bir məqamdır; yəni buna həm siz alimlər və tədqiqatçılar diqqət yetirməli, gecə-gündüz bilmədən işləməlisiniz, həm də dövlətimizin rəsmiləri. Elə buna görə də mən elm məsələsini həmişə dönə-dönə vurğulayıram. 

Ötən 50-60 ilə nəzər salsaq, görərik ki, əlhəmdulillah, son 20 ildə – 20 ilə yaxındır – ölkəmiz yaxşı və ciddi bir inkişaf yolu keçib. Lakin bu inkişafın sürət tempi azalsa, geri qalacağıq. İndi bəzən statistik rəqəmləri təqdim edib deyirlər ki, bizim elmi inkişafımız dünya ölkələri üzrə orta göstəricidən 15 dəfə artıqdır. Lap yaxşı, bu, çox yaxşıdır, amma kifayət deyil. Çünki biz sıfırdan da aşağıdan başlamışıq. Şah diktaturasının süqutundan sonra biz, demək olar ki, sıfırdan da aşağı bir səviyyədən başlamışıq, belə olan halda isə zirvəyə çatmaq üçün sürət tempimiz çox yüksək olmalı və bu tempi uzun müddət qoruyub saxlamalıyıq. Hazırda dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarı olmağımız hələ kifayət deyil. Bəli, bu var, belədir, amma bu sürət tempi hələ 20-30 il davam etməlidir ki, zirvəyə yetişə bilək. Əks təqdirdə geri qalacağıq. Hazırda bu koqnitiv elmlərlə bağlı sahələr bir elmi sistemdir, çox keçmədən digər elmi sistemlər də ortaya çıxacaq; yəni istehsal olunacaq. Bəşərin düşüncə gücü dayanmayacaq ki! Bu ibtidai sahələr, elmi infrastrukturlar baxımından bizdən irəlidə olanlar problemləri daha tez sezir, onların həllinə daha tez cəhd göstərir və ön sıralara da daha tez çatırlar. Ona görə də biz öz səviyyəmizi yüksəltməliyik. Mənim demək istədiyim budur; mən buna təkid edirəm.

Allaha şükürlər olsun ki, biz bu sahədə inkişaf etmişik. Bəzi digər sahələrdə də, ələmdulillah, nailiyyətlərimiz heç də pis olmayıb, amma təkcə bunlarla könlümüzü şad etməməliyik; düzdür, könül şad etmək eyib deyil, qoy könlümüz şad olsun; yəni demək istədiyim odur ki, bu uğurlarla qane olmamalıyıq; qətiyyən. Diqqətli olmalıyıq; bu gün bu karvandan azacıq geri qalsaq, daha heç vaxt ona çata bilməyəcəyik; geri düşməyimizə imkan verməməliyik. Belə bir şeir də var; indi dəqiq yadımda deyil, amma məzmunu təxminən belədir: karvanla gedirdik, ayağımıza tikan batdı, çıxarmaq üçün əyildik, qalxıb gedəndə artıq karvana yetişə bilmədik. Doğrudan da, belədir; yəni dünya elminin karvanı belədir. Sən çöməlib ayağından tikanı çıxarana qədər geri qalırsan və daha o karvana gedib çatmaq mümkün olmur. Çünki karvan da irəliləyir; siz qaçırsınızsa, karvan da qaçır. Ona görə də ətalətə əsla yol vermək olmaz, daim, ardıcıl surətdə irəli getmək lazımdır. Mənim işin əsası olaraq vurğulamaq istədiyim başlıca məqamlardan biri budur. 

Əziz dostlar, mən sizə və sizinlə birlikdə çalışanlara – alimlərə, tələbələrə, elmi tədqiqatçılara onu da demək istəyirəm ki, siz bu işə canınızdan maya qoymalısınız, yəni yorulmadan çalışmalı, tədqiqatlarınızı ciddi surətdə davam etdirməlisiniz. Bu iş sizin əlinizdədir, bu karvanın önündə gedən sizsiniz, ona görə də durmadan irəliləməlisiniz.

Baxın, sizə bir misal çəkmək istəyirəm; bunu burada özüm üçün qeyd də götürmüşəm; Fransa Akademiyası dünyanın tanınmış və aparıcı elmi müəssisələrindən biridir; yəni 200 ildir ki, Fransanın ən məşhur alimləri bu akademiyada təmsil olunur. Bu akademiya Fransanın öz tarixinin ən təlatümlü mərhələsini yaşadığı bir dövrdə –  yəni Napaleonun dövründə qurulub. Bildiyimiz kimi, o dövrdə Napaleon Avropada müxtəlif müharibələr aparırdı; bir gün İtaliya ilə, Bir gün Avstriya ilə, bir gün Almaniya ilə, bir gün Rusiya ilə. Fransa Akademiyası belə bir dövrdə ərsəyə gəlib. Odur ki olar, mümkündür. Bu gün bizdə heç o cür təlatümlər, problemlər yoxdur, biz də ölkəmizdə güclü elmi dayaqlar yarada bilərik. Bu, birincisi.

İkincisi isə, bu gün mən özüm üçün qeyd götürdüyüm bir neçə tövsiyəmi sizin diqqətinizə çatdırmaq istəyirəm: əvvəla, biz bu sahədə bizdən daha irəlidə olan, daha çox inkişaf etmiş qərblilərin bütün imkan və qabiliyyətlərindən istifadə etməliyik. Biz kimdənsə öyrənməkdən, kiminsə şagirdi olmaqdan heç vaxt çəkinmir, bundan utanmırıq. Biz həmişə şagird olaraq qalmaqdan utanırıq; utandığımız şey budur, biz bunu istəmirik. Yoxsa ki onlarda yaxşı və təqdirəlayiq olan bir şey varsa, onu öyrənməliyik. Bu, birinci tövsiyəm.

İkinci tövsiyəm isə budur ki, onların tövsiyə və proqramlarına heç bir vəchlə inanmaq olmaz; bu da mənim ikinci tövsiyəm. Özünüz görürsünüz ki, hazırda bu koqnitiv elmlər, necə deyərlər, koqnitiv texnologiyalar praktiki olaraq həyatın bütün sferalarını əhatə edir. Yaxşı, bir vaxtlar hansısa başqa ölkəni silah gücünə özünə tabe etdirməkdə özünü haqlı bilən bir ölkə indi də həmin bu elmi biliklərdən istifadə etmək, nə vaxtsa silah vasitəsilə ağalıq etdiyi o ölkədə indi də həmin bu elm sahələri vasitəsilə ağalıq etmək fikrinə düşməzmi? Sizcə bu real bir ehtimal deyilmi? Tamamilə realdır. Odur ki onun tövsiyələrinə bədgümanlıqla yanaşmaq lazımdır. Bu gün daha çox kapitala sahib olan ölkələr, yəni Amerika və bəzi Avropa ölkələri yer üzündə bəşəriyyətə qarşı ən çox cinayətə yol vermiş ölkələrdir. Elə deyilmi?!

İndi o cənab (2) Meksika sərhədinə divar çəkmək istəyir;  yaxşı, Meksikanın şimal sərhədindəki o torpaqlar hamısı Meksikanındır. O Kaliforniya, Texas, o böyük ştatlar hamısı Meksikanın olub və əslində elə Meksikanındır. Amerika onları müharibə etməklə, silah gücünə, insan qırğınları sayəsində onların əlindən alıb, indi də ora hasar çəkmək istəyir!  Özü də bu təkcə Trampla əlaqəli bir məsələ də deyil; söhbət bütövlükdə sistemdən, hakim rejimdən gedir. Hansısa ölkənin torpağını işğal etməyi bacarmış, yəni özünə bu haqqı vermiş bir ölkə oranın əhalisinin düşüncəsi üzərində ağalıq etmək haqqını da özünə verməzmi? Qeyd etdiniz ki, bu texnologiya depresiya və qorxunu aradan götürə bilir; amma əksinə, depresiya və qorxunu yarada da bilər. İnsanların verdiyi qərarlara təsir də göstərə bilər. Amerika bunu etmək iqtidarında olsa, etməzmi?! Sözsüz ki, edər! Yaxud da elə o Avropa ölkələri: İngiltərə bir cür, Fransa bir cür, qalanları bir cür. Bunların hamısının keçmişi ləkəlidir; biz bunlara həmişə bədbin yanaşmalıyıq.

Mənə deyirlər ki, siz bədgümansınız; bəli, əlbəttə ki, bu məsələdə mən bədgümanam; bədgümanlıqdan da o yana, bu məsələdə mən gümanımdan qətiyyətlə əminəm. Amma hər halda, mənim bu bədgümanlığım və ya əminliyim hansısa fantaziyalara yox, reallığa əsaslanır. Mən Fransanın Əlcəzairdə gördüyü işləri xırdalıqlarına qədər bilirəm, İngiltərə və Fransanın Şimali Afrikada, Afrikanın müxtəlif ölkələrində gördüyü işlərdən bütün detalları ilə xəbərim var, İngiltərənin Hindistanda, Çində, eləcə də dünyanın digər regionlarında hansı cinayətləri törətdiyi barədə məlumatım var. Yaxşı, belə olan halda bu dövlətlərə, bu sistemlərə, bu rejimlərə koqnitiv elmlər kimi həssas və önəmli proqramlarda etimad etmək olarmı?! Olmaz!

Bu elmdə hədəflərinizi siz özünüz müəyyənləşdirməlisiniz. Bütün koqnitiv elm sahələrində əvvəlcə siz hədəfləri müəyyən edin ki, görək, biz nə istəyirik, nəyin arxasıncayıq. Yalnız bundan sonra həmin hədəflərə əsasən mövzu və layihələri ortaya qoyun və alimlərdən, tələbələrdən, gənc tədqiqatçılardan o layihələrin həyata keçirilməsini istəyin. Belə olmasın ki, hədəfləri müəyyən etmədən layihə tələb edəsiniz; tutalım, hansısa universitetdə kimlərsə öz istədikləri kimi bir layihə hazırlayıb koordinasiya üçün sizə gətirələr, üzərində işləyələr, halbuki o layihə sizin işinizin inkişafına heç bir təsir göstərmir, avropalılar demişkən, ümumiyyətlə sizin pazlınızı tamamlamır, sizin cədvəlinizə oturmur. Siz əvvəlcə öz cədvəlinizə yazılacaq olanları, nə istədiyinizi, hansı işləri həyata keçirmək fikrində olduğunuzu dəqiqləşdirin, daha sonra universitetlərdən, tədqiqat mərkəzlərindən, ayrı-ayrı qurumlardan işləyib o cədvəlin xanalarını doldurmalarını tələb edin. Odur ki mənim ikinci tövsiyəm də bundan ibarətdir: özünüzə arxalanın, bu elmləri inkişaf etdirmək üçün milli strategiya hazırlayın və elm adamlarını məhz o strategiya əsasında işə cəlb edin.

Və bir də: Allaha təvəkkül edin, Allaha arxayın olun, niyyətinizi də Allaha bağlayın. Bayaq mən dedim ki, canınızdan maya qoyun. İnsan kimin üçün canından maya qoyar? Allahdan başqa heç bir kimsə üçün candan maya qoymaq olmaz. Ona görə ki gözəl əməllərin savabı ilahi dərgahda qorunur. Ola bilsin ki, siz iş vaxtınızdan yarım saat çox çalışanda, daha yaxşı, daha diqqətlə işləyəndə rəhbərliyinizin bundan xəbəri olmaz, amma ilahi haqq-hesabda hər şey qeyd olunur, heç bir əməl puça getmir. Buna diqqət yetirin.

Və çalışın ki, beyin, şüur, arqumentasiya, koqnitivlik, qərar qəbul etmə və sairlə əlaqəli bu həssas elmlər gənclərdə çaşqınlıq yaranmasına yol açmasın. Diqqətli olun! Elə edin, işinizi elə əsaslar üzərində qurun ki, söhbətimizin əvvəlində mənim qeyd etdiyim, eləcə də proqramın əvvəlində cənab Dr. Xərrazinin Əmirəlmöminin Əlidən (ə) misal gətirdiyi kimi, bu elmlərlə tanışlığımız, bu meydana yol tapmağımız Allahı daha çox tanımağımıza səbəb olsun, gənclərimiz tövhidlə daha yaxından tanış olsunlar, Allah-taalanı daha çox tanısınlar. Bunun üçün çalışın. Hədəfiniz bu olsa, işdə keçirdiyiniz hər saat sizin üçün bir savab əməl olacaq və Allah qatında mükafatı da, inşallah, çox böyük olacaq. Biz də dua edirik ki, inşallah, Allah-taala sizə uğurlar nəsib etsin. Cənab Dr. Səttariyə, Dr. Xərraziyə və digər cənablara təşəkkürümü bildirirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Görüşün əvvəlində Koqnitiv Elm və Texnologiyaların Genişləndirilməsi Komitəsinin katibi Dr. Kamal Xərrazi, Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Müavini Dr. Sorena Səttari, KETGK-nın katibi Dr. Məcid Nili Əhmədabadi, Müdafiə Nazirliyinin Koqnitiv Elmlər Komitəsi ilə Əlaqələr üzrə rəsmisi cənab Seyid Məhəmməd Məhdəvi məruzə ilə çıxış etmişlər
(2) ABŞ prezidenti Donald Trampın Amerika ilə Meksika sərhədinə divar hördürmək niyyətinə işarə olunur