Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İİR Ordusunun Hava Qüvvələrinin zabitləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الطّیبین الطّاهرین المعصومین

Mənim əzizlərim, İİR Ordusunun Hava və Havadan Müdafiə Qüvvələrinin möhtərəm rəsmiləri, əziz gənclər, çox xoş gəlmisiniz! Sizinlə hər il keçirdiyimiz görüşlər, bu gənc, optimist, yüksək əhval-ruhiyyəli və ümidverici simaları görmək mənim üçün sözün həqiqi mənasında sevindiricidir. Harada olmağınızdan asılı olmayaraq sizin varlığınız, iştirakınız Allahın böyük nemətidir və insana ümid bəxş edir. Hava Qüvvələrinin möhtərəm komandanına da çıxışına görə təşəkkürümü bildirirəm; məmnunedici bir çıxış idi, o qısa məruzədə qeyd olunan işlər çox önəmlidir, onları diqqət mərkəzində saxlamaq, ciddi surətdə məşğul olmaq lazımdır. Hər hansı bir işə başlamaq bir məsələdir, onu ardıcıl surətdə davam etdirmək isə digər bir məsələdir və çox önəmlidir. Həmçinin hərbi orkestrdə çıxış edən əziz dostlarımıza da təşəkkürümü bildirirəm. Oxuduqları şeir, də ifa etdikləri marş da çox gözəl idi. Uğurlar olsun sizə!

Əzizlərim! Allahın bu xalqa nəsib etdiyi nemətlərdən biri də bu idi ki, ölkənin ordusu xalqla bir oldu; bu, çox böyük bir ilahi nemətdir. Əgər inqilabda ordu xalqla həmrəy olmasaydı, vəziyyət başqa cür olardı, böyük çətinliklər meydana gələrdi. O zaman ordunun başında duranların rəy və qərarı ordunun şəxsi heyətinin rəy və qərarı ilə üst-üstə düşməmişdi. İnqilabda ordu qüvvələrindən hər biri özünəməxsus rol oynayıb, mənsə məhz Hava Qüvvələrinin rolunu bir neçə cümlə ilə açıqlamaq istərdim:

Hava Qüvvələri İslam İnqilabında çox qabarıq rola malik oldu. Hava Qüvvələrinin atdığı ilk önəmli addım elə 19 bəhmən günü baş vermiş olaylardır. 19 bəhmən elə inqilabın özü kimi idi. Eynilə inqilabın özü kimi, 19 bəhmən də gözlənilməz və heyrətamiz idi. O gənclər küçələrdən keçdikləri zaman mən orda idim. Bəziləri zabit, bəziləri çavuş; çoxu da “Homafər” dəstəsinin üzvləri idi. Mən yuxarıdan –  işlədiyim binadan hadisələri müşahidə edib, özümü İmam Xomeyninin (r.ə) gəldiyi məkana (2) çatdırdım, sonra bunlar gəldilər və digər hadisələr baş verdi. Sözün həqiqi mənasında heyrətamiz idi. Həm düşmənin ümidini qırıb ruhiyyəsini kəskin şəkildə zəiflətdi, həm də inqilabçılara böyük sevinc bəxş etdi, ruhiyyələrini çox gücləndirdi. Həqiqətən də, heyrətamiz idi. Hava Qüvvələrindən o hərbi birləşmələrin – ümumulikdə, məsələn, bir neçə rota olardı – gəlib mədrəsədə durması, surud oxuyaraq İmamı salamlaması əslində bu inqilab üçün, inqilab naminə mübarizə aparan insanlar və dahi lider İmam Xomeyni (r.ə) üçün, Quran təbiri ilə desək, “رزق لایُحتَسَب” – gözlənilməyən ruzi idi:

وَ مَن یَتَّقِ اللَّهَ یَجعَل لَهُ مَخرَجًا * وَ یَرزُقهُ مِن حَیثُ لا یَحتَسِب

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər”.  (“Talaq” surəsi 2-3-cü ayələr) 

Bu, həqiqətən də, gözlənilməyən ruzi idi. Bu, bir mərhələ idi.

Sonrakı mərhələ isə 21 bəhmən gecəsi baş verənlər idi; hərçənd bu barədə az danışılır; 21 bəhmən gecəsi o məsələnin qisasını almaq üçün Hava Qüvvələrinə tanklarla hücum edildi. Əlbəttə ki, xalq Hava Qüvvələrinin köməyinə getdi, onlar özləri də möhkəm durdular, anbardakı silahları camaata paylayıb insanları silahlandırdılar və qələbə qazandılar. Tüfənglər, fiziki bədənlər və fədakarlıq Hava Qüvvələrindəki uşaqlardan intiqam almağa gəlmiş qəzəbli hökumətin tanklarına qalib gəldi. Bu da bir mərhələ. O gecə də mənim tam olaraq yadımdadır. Ölkənin gəncləri küçə və prospektlərlə, o cümlədən bizim olduğumuz İran prospekti ilə gedərək: “Ay camaat, Hava Qüvvələrini qətli-am edirlər, tökülün gəlin!” – deyə qışqırır və insanlara digər bu kimi çağırışlar edirdilər. Gənclər Hava Qüvvələrinin köməyinə gedirdilər. Bu da bir mərhələ oldu.  

Digər bir mərhələ isə Həmədan hərbi bazasında – Şəhid Nuje adına bazada hazırlanmış məkrli qiyam planının ifşası idi. Orada da o planı ifşa edən Hava Qüvvələrinin zabitlərindən biri olmuşdu. Hava Qüvvələrinin pilotlarından olan gənc bir zabit – sonralar mən onun müharibədə əlil olduğunu da gördüm – sübhə yaxın, demək olar, gecənin ikinci yarısında mənim evimə gəlib dedi ki, məsələ belədir, qiyam etmək fikirləri var. Mən inana bilmədim; o gənc gecə yarısı özünü oda-közə vurub çalışmışdı ki, xəbəri İmama çatdırsın; ətraflı danışsam, uzun əhvalatdır; əli heç yerə çatmamışdı və ona mənim yanıma getməyi məsləhət görmüşdülər. Gəlib məsələni mənə danışdı. Yorğun, əzgin, qorxmuş bir halda yanıma gəlmişdi, mən də təhlükəsizlik orqanlarına xəbərdarlıq etdim, dedim ki, belə bir məlumat var, gedib elə həmin gün vəziyyəti yerində araşdırdılar. Yəni həmin günün sabahı Tehranda çevriliş planlaşdırılırdı, gənc bir zabit o planı büsbütün alt-üst etdi. Bunlar bizim tariximizdir. Təəssüflər olsun ki, çoxları inqilabın tarixi, baş vermiş hadisələr, ayrı-ayrı şəxsiyyətlərin bu inqilabın həyatında oynadığı heyrətamiz rol barədə bilmirlər, deyilməyib, o insanları tanımırlar. Mən bu hadisəni də Hava Qüvvələrinin inqilaba etdiyi xidmətlər sırasına yazıram; o gənc zabitin atdığı o böyük addımı, gördüyü o möhtəşəm işi də Hava Qüvvələrinin qürur yeri hesab edirəm. 

Digər bir məsələ isə özünütəminetmə cihadıdır. Özünütəminetmə cihadı Hava Qüvvələrinin təşəbbüsü idi. O vaxt mən Müdafiə Nazirliyində çalışırdım, İnqilabi Şuranın hərbi məsələlər üzrə rəsmisi idim. Bu təklifi heç biz verməmişdik, öz təklifləri idi. Dedilər ki, biz “Özünütəminetmə cihadı” adı ilə bir təşkilat yarada bilərik; adını da özləri qoymuşdular; biz sadəcə olaraq təklifi qəbul etdik, qərar verib qurumu təsis etdik, dəstək olduq, yoxsa ki işi Hava Qüvvələrinin gəncləri özləri görmüşdülər. Aralarında zabitlər də var idi, “Homafər” dəstələrinin üzvü olanlar da var idi; bir olub işə başladılar və orduda özünütəminetmə cihadına start verildi. Özünütəmietmə cihadının son bir neçə onillikdə ölkədə necə böyük bir iş həyata keçirdiyini ən azından siz – mütəxəssis olanlarınız bilirsiniz. Bu da Hava Qüvvələrinin xidmətlərindəndir. 

Digər bir məqam: Məcburi Savaşda düşmənə ilk əzici reaksiyanı da Hava Qüvvələri verdi. Müharibənin ikinci günü – yəni ilk gün onlar özləri hücum etdilər, onun ertəsi, yaxud da 3-cü günü idi – bir neçə heyrətamiz əməliyyat uçuşu ilə İraqa, Bağdada hücumlar etdilər, hamı mat-məəttəl qaldı. Düşmən bunu gözləmirdi. Bizim də imkanlarımız həddən artıq məhdud idi, çox zəif idi. Bir yandan silah və texnikamız yox idi, o biri yandan da əlimizdə olanların bir qismini işlədə bilmirdik. Varımız idi, amma komandirlər həmin texnikadan necə istifadə etmək lazım olduğunu bilmirdilər. Buna baxmayaraq, pilotlarımız gün ərzində kifayət qədər çox – təxminən 140 əməliyyat uçuşu edib İraqa getdilər, bizim aeroportlarımızın bombalanmasına cavab olaraq, onların aeroportlarını və digər obyektlərini bombaladılar. Odur ki Məcburi Savaşda da ordumuz və dövlətimiz tərəfindən  ilk əzici manevri Hava Qüvvələri həyata keçirib.

Müharibənin sonrakı illərinə də nəzər saldığımız zaman ordumuzun fəaliyyətindəki parlaq məqamlardan biri kimi, mütləq, “Vəl-fəcr 8” əməliyyatını qeyd etməliyik. Allah Şəhid Səttariyə rəhmət etsin; ixtisaslaşmış zabitlərdən idi, hələ heç Hava Qüvvələrinin komandanı da deyildi, sadəcə texniki təchizata cavabdeh olan rəsmisi idi. Şəhid Səttari “Vəl-fəcr 8” əməliyyatında elə etdi ki, döyüşçülər Ərvəndi keçib o tərəfə getdilər, Favı aldılar və həqiqətən də, dünyanı silkələyən o mühüm hadisələr baş verdi. Orada Şəhid Səttari və onun döyüş yoldaşları bir neçə sutka yuxu bilmədilər. O müdafiə qurğularını burdan-ora, ordan-bura köçürür, ardıcıl zərbələr endirir, təyyarələri vurub salır və tez-tez yerlərini dəyişirdilər ki, düşmən onları hədəfə ala bilməsin. Onların gördüyü o fövqəladə işləri sözlə təsvir etmək əsla mümkün deyil. Qələm əhli, yazarlar, bəstəkarlar, natiqlər bu şeyləri tərənnüm etməlidirlər. Bunlar çox böyük işlərdir, amma xalqımızın – yəni gənclərimizin böyük əksəriyyətinin baş vermiş o hadisələrdən xəbəri yoxdur. “Vəl-fəcr 8” əməliyyatı onların sadəcə bir nümunəsi idi, Müqəddəs Müdafiənin tarixində belə heyrətamiz hadisələr çoxdur.

Mühüm işlərdən biri də təyyarələrin istehsalıdır. Ölkədə ilk hərbi təyyarəni Hava Qüvvələri düzəldib. O vaxt mən də gedib baxış keçirmişdim, görmüşdüm. Əlimizdə olan təyyarədən istifadə edib üzərində işlədilər, müəyyən dəyişikliklər etdilər və ölkədə ikikabinəli döyüş təyyarələrinin istehsalına başlandı. Bu mühüm iş Hava Qüvvələri tərəfindən həyata keçirildi. Sonradan da lap elə bu yaxınlara qədər Hava Qüvvələri özünün önəmli fəaliyyətini davam etdirmişdir; son xidmətləri də müqəddəs ziyarətgahların müdafiəsidir. Bu sahədə də böyük işlər görüblər. 

Bəli, bu sadaladıqlarım siz gənclərin keçmişinizin bir hissəsidir. Sizin çoxunuz o günləri görməmisiniz, o vaxt siz heç dünyaya gəlməmişdiniz, amma bu danışdıqlarım hamısı olub. Bu sizin keçmişinizdir, bu sizin tarixinizdir, bu sizin kimliyinizdir. Bu kimliyi əlinizdən gəldiyi qədər qoruyun; mənim sizə sözüm budur. Dediyim odur ki, ən əsas məsələ kadr yetişdirməkdir, insan potenisalıdır; az öncə qeyd etdiklərim və ondan da qat-qat artıqları məhz insan potensialının ortaya qoyduğu işlərdir. Bir toplumun və onu təşkil edən insanların şəxsiyyətinin, kimliyinin gücü hər şeydən əhəmiyyətlidir; güclü kadrlar yetişdirin. 

Hava Qüvvələri Şəhid Babayi, Şəhid Səttari və digər çoxsaylı şəhidlər kimi şanlı insanlar yetişdirib. Və bütün bunlar İslam İnqilabının bərəkəti sayəsində olub. Şah diktaturası dövründə də istedadlı insanlar var idi, amma onların potensialı reallaşdırılmırdı. Misləri qızıla çevirməyi bacaran, insanları bu cür görkəmli şəxsiyyətlərə çevirən məhz İslam İnqilabı və İran xalqının əzəmətli hərəkatı oldu.

Hazırda ölkədə baş verən proseslərə gəlincə, mənim bu mövzuya yanaşmam, gəldiyim nəticə bu günə qədər etdiyim çıxışlarda tam şəkildə əks olunub, hamınız eşitmisiniz. Mənim yanaşmam optimist yanaşmadır; belə deyil ki, vəziyyətdən xəbərim yoxdur, problemləri görmürəm, ölkədə bahalıq olduğunu bilmirəm; yox, bunlar hamısı açıq-aşkar göz önündə olan şeylərdir, digər rəsmi qurumlarla müqayisədə bütün məlumatlar mənə daha tez çatır, amma ümumilikdə nəzər salanda görürəm ki, bu gün İran xalqı bir qəhrəman kimi, parlaq bir şəxsiyyət kimi xəbis və hiyləgər bir düşmən cəbhəsinin qarşısında mətanətlə durub və nə etmək istədiyini yaxşı bilir. Əsas budur; biz nəyin arxasınca olduğumuzu bilirik. İdeallarımız, hədəflərimiz bizim üçün aydındır. İran xalqı bu inqilabın və bu dövlətin arxasında bütün qüdrəti ilə durub. Doğrudur, giley-güzar, narahatlıq, gözləntilər olan yerlər də var, amma bu giley-güzar, bu gözləntilər heç vaxt İran xalqının inqilab sayəsində əldə etdiyi suverenlik, nüfuz və başıucalıqdan üz çevirməsinə səbəb olmayıb və olmayacaq da! Burada bizim hamımızın öhdəsinə müəyyən vəzifələr düşür.  

Mən ölkədəki vəziyyəti aşağıdakı kimi təsvir edərdim: dağ aşırımı ilə yuxarı qalxan  bir alpinisti gözünüzün önünə gətirin; çətin, sürüşkən, dolanbac, təhlükəli aşırımın böyük hissəsini artıq geridə qoyaraq yuxarı qalxıb; yolunda təhlükələr çox olub, amma onlara müqavimət göstərərək irəli gedib, çünki zirvəyə çatmalıdır. Zirvəyə çatana qədər hələ təhlükələr olacaq; zirvəyə çatandan sonra isə artıq ona heç bir təhlükə təsir göstərə bilməz. Hamı əzm göstərməlidir; bu təkcə Silahlı Qüvvələrə, Hava Qüvvələrinə, konkret olaraq hansısa sferaya, cəmiyyətin, gənclərin müəyyən bir qisminə aid deyil. Hamı! Harada olmağından asılı olmayaraq, hər kəs əzmkarlıq nümayiş etdirməli, işləməli, çalışmalı, öhdəsinə düşən vəzifələri özü üçün müəyyənləşdirməli, ümumi vəzifələr cədvəlinin boş xanalarını doldurmalıdır. O xanaları belə doldurmaq lazımdır: sən öz üzərinə düşən vəzifəni yerinə yetirib bir xananı doldurursan, o biri növbəti xananı doldurur, bir başqası öz xanasını doldurur. Bu vəzifələr cədvəli tam doldurulduqdan sonra iş görülmüş olur, reallaşır, məqsədə nail olunur. Bu hamının vəzifəsidir.

Düşmənin işi ürəklərə qorxu salmaq, qorxutmaq, ümidsizləşdirməkdir. Düşmənin işi, Şeytanın işi budur. Təkcə bu günə aid deyil, həmişə belə olub; tarix boyu; və elə İslam dininin də tarixində.

إِنَّما ذٰلِکُمُ الشَّیطانُ یُخَوِّفُ أَولِیاءَهُ

“Yalnız Şeytan öz dostlarını qorxudar”. (“Ali-İmran” surəsi, 175-ci ayə) 

– Quran ayəsidir. Məhz Şeytan öz ardıcıllarını və dostlarını həmişə qorxudur.  Allah-taala isə buyurur:

فَلا تَخافوهُم وَ خافونِ إِن کُنتُم مُؤمِنینَ

“Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!” (“Ali-İmran” surəsi, 175-ci ayə)

– möminsinizsə, Şeytanın ardıcıllarından, Şeytanın dostlarından, şeytani güclərdən qorxmayın. Məndən qorxun, “sirati-müstəqim”dən çıxmaqdan qorxun. “Sirati-müstəqim”dən çıxan adamın ürəyində qorxu olar. Çünki birbaşa, doğru, yaxşı və düzgün yoldan sapanda insan azıb çöl-biyabana düşür; bundan qorxun, düşməndənsə əsla qorxmayın; düşməndən qorxmayın. Başqa bir yerdə buyurur:

فَلا تَخشَوهُم وَاخشَونِ

“Onlardan qorxmayın, Məndən qorxun!” (“Maidə” surəsi, 3-cü ayədən)

Və ya:

قالَ لَهُمُ النّاسُ إِنَّ النّاسَ قَد جَمَعوا لَکُم فَاخشَوهُم فَزادَهُم ... وَ قالوا حَسبُنَا اللَّهُ وَ نِعمَ الوَکیلُ

“O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər”. (“Ali-İmran” surəsi, 173-cü ayə)

Baxın, Quran ayələri bizim üçün dərsdir, həyat dərsidir, inkişaf dərsidir. Uhud döyüşündə müsəlmanlar şəhid verdikdən, Seyyidüş-şühəda Həmzə kimi bir şəxsiyyət və digər insanlar şəhid olduqdan, xeyli sayda adam yaralandıqdan, döyüş başa çatıb gün bitdikdən sonra müsəlmanlar Mədinəyə qayıdırlar; Uhud məntəqəsi elə Mədinənin yaxınlığında idi. Döyüşün son mərhələsində müsəlmanlar düşmənə zərbə vurub onu şəhərdən uzaqlaşdırmağa müvəffəq olmuşdular, bu zaman düşmənin ağlına belə bir plan gəlmişdi ki, müsəlmanlar Mədinəyə dönüb qılınclarını yerə qoymuşkən geri dönüb qəfil hücum etsin və onların işini bitirsin. Müsəlmanları qorxudub döyüşdən soyutmaq üçün bir yol tapıb xəbər də salmışdılar ki, indi düşmən tökülüb gələcək. İndi müsəlmanların da bir qrupu yaralı, bir qrupu yorğun idi axı;

قالَ لَهُمُ النّاسُ إِنَّ النّاسَ قَد جَمَعوا لَکُم

– düşmən agentləri gəlib camaat arasında söz yaymışdılar ki, “qoşun gəlib, Mədinənin girişində sizə hücum etmək üçün gözləyir”; “فَاخشَوهُم” – “qorxun, atanıza od vuracaqlar, axırınız çatıb”. Bu zaman Peyğəmbər (s) buyurur ki, yalnız bu gün Uhud döyüşündə yaralanmış insanlar qılınc götürüb çölə çıxmalıdırlar, başqalarının gəlməyə haqqı yoxdur. İşə baxın: siz yaralısınız, döyüşdə xəsarət almısınız və buna baxmayaraq, məhz siz qılınc götürüb çölə çıxmalısınız. Döyüşçülərdən bir qismi mömin olduqlarına, Peyğəmbərə (s) iman gətirdiklərinə görə onun sözünü qəbul edərək əllərinə qılınc götürüb Mədinənin kənarında – misal üçün, yarım, 1 kilometrliyində – toplaşmış qoşunla döyüşür, atalarına od vurur; 

فَانقَلَبوا بِنِعمَةٍ مِنَ اللَّهِ وَ فَضلٍ لَم یَمسَسهُم سوءٌ

“Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular”. (“Ali-İmran” surəsi, 174-cü ayə)

Əvvəl deyirlər:

قالوا حَسبُنَا اللهُ وَ نِعمَ الوَکیلُ

Allah bizə bəs edər. O nə gözəl vəkildir!

Ardınca da gedib:

فَانقَلَبوا بِنِعمَةٍ مِنَ اللَّهِ وَ فَضلٍ

– həm düşmənə qalib gəlirlər, həm də qənimət gətirirlər; başıuca geri qayıdırlar. İslamın məntiqi budur.

Sizi qorxmağa, məyus olmağa, ümidsizliyə qapılmağa vadar edən Şeytandır. Bu gün bu şeytanlar sizi qorxutmaq üçün radio, televiziya, internet, sosial şəbəkələr və sair bu kimi vasitələrlə daim fəaliyyətdədirlər. Xeyr, qorxmayın! 

فَلا تَخافوهُم

Onlardan qorxmayın! Allahın yolundan çıxmaqdan qorxun, çünki əgər doğru yoldan çıxsaq, müqəddəratımız Amerikanın qanadına sığınmış ölkələrin müqəddəratı kimi olacaq. Ərəbistanın, şah rejiminin müqəddəratı kimi olacaq. O cür ölkələrdə bütün imkanlar düşmənin ixtiyarında, xalq isə düşmənin qarşısında zəlil və köməksiz olur.

Mən hiss edirəm ki, 19 bəhmən bizə nəfsimizə hakim olmaqda üzərimizə düşən məsuliyyəti dərk etdirir, eyni zamanda bir güc, qüdrət hissi qazandırır. O hadisələrin baş verdiyi il də 19 bəhmən günü eynən bu cür idi; o vaxt 19 bəhmən günü Hava Qüvvələrindən gəlib İmam Xomeyniyə (r.ə) qoşulan gənclər öz içindəki qorxuya qalib gəlmişdilər, ümidlərini Allaha bağlamışdılar, Şeytandan qorxmamışdılar; axı risk idi; o vaxt təhlükəli idi; hakimiyyətdə hələ şah diktaturası idi. Gizli də etməmişdilər; mənim yadımdadır, hamısı gözümün qabağındadır; çoxu vəsiqələrini çıxarıb əllərində tutmuşdular; demək istəyirdilər ki, biz buyuq, bizi tanımaq istəyirsinizsə, tanıyın. Qorxuya qalib gəlmişdilər, Allaha ümidlərini itirməmişdilər. Bu gün də İran xalqının və onun möhtəşəm hərəkatının çarəsi yalnız budur; o cümlədən siz əzizlərimin! 22 bəhmən günü yürüşü də eynən belə olacaq. Bir qədər sonra mən o yürüşlə bağlı bir neçə məqama toxunacağam. 22 bəhmən günü sözün həqiqi mənasında düşmənin belini qıran bir addımdır, milli hərəkatın təzahürüdür. 40 ildir, hər dəfə 22 bəhmən günü gələndə bu xalq küçələrə çıxır; təkcə Tehranda yox, ölkənin bütün şəhərlərində. 10 min, 20 min nəfər yox, sayı-hesabı bilinməyən kütlə, insan seli! Bəzən milyonlarla adam! Mən inanıram ki, bu il bu hərəkat əvvəlki illərdən də möhtəşəm olacaq. 

Amerika rejimi sözün həqiqi mənasında şər və aqressiya təcəssümüdür, böhranlar, müharibələr törədir. Təkcə indi də deyil, uzun illərdir; onların şər əməllərindən bir hissəsinin özümüz şahidi olmuşuq, bir hissəsi barədə də ordan-burdan oxumuşuq. Amerika rejiminin ömrü elə əvvəldən – indi mən lap əvvəlləri, İngiltərənin asılılığından qurtardıqları ilk vaxtları nəzərdə tutmuram, bir müddət sonra – öz mənafeyini təmin etmək, qorumaq, mənfəət əldə etmək məqsədilə dünyanın müxtəlif regionlarına əl uzatmaqla keçib. Xalqları tapdalayıb əziblər! Amerika kökündən şər təcəssümüdür. Təsəvvür edin, belə bir rejim İslam Respublikasına və İran xalqına böhtan atır. Gileylənirlər ki, nəyə görə İran xalqı: “Amerikaya ölüm!” – deyir? Əvvəla, mən Amerikanın başında duran cənablar üçün bu barədə bir açıqlama vermək istəyirəm; İran xalqı “Amerikaya ölüm!” deyərkən Trampa, Con Boltona və Pompeoya ölüm arzulayır. Bunlara ölüm arzulamaq Amerikanın başında duranların məhvini arzulamaq deməkdir. Bizim Amerika xalqı ilə heç bir işimiz yoxdur. “Amerikaya ölüm!” deyəndə biz siz bir neçə nəfəri və sizinlə birlikdə ölkəni idarə edən o bir qrup adamı nəzərdə tuturuq. “Amerikaya ölüm!” şüarının mənası budur; indi hazırda bunlardır, digər dövrlərdə də başqaları olub və olacaq; söhbət Amerika xalqından getmir. İkincisi, nə qədər ki Amerika dövləti və Amerika rejimi öz şərliyinə, başqalarının işinə müdaxilə etməyinə, xəbis və rəzil əməllərinə davam edəcək, “Amerikaya ölüm!” şüarı İran xalqının təfəkküründən silinməyəcək.               

Bəli, bu günlərdə ölkədə avropalılar, onların irəli sürdüyü təkliflər aktual bir mövzuya çevrilib. Mənim tövsiyəm budur ki, heç avropalılara da inanmayın. 2-3 il bundan qabaq nüvə danışıqları mövzusu gündəmə gələndə mən amerikalılarla da bağlı daim həm rəsmilərlə keçirdiyimiz qapalı iclaslarda, həm də ictimaiyyət qarşısında etdiyim çıxışlarda dönə-dönə deyirdim ki, onlara inanmıram. Bunlara inanmayın, bunlara etimad göstərməyin. Sözlərinə, vədlərinə, imzalarına, təbəssümlərinə etimad etməyin; bunlar etimada layiq deyillər. İndi iş o yerə gəlib çatıb ki, o vaxt danışıqlarda iştirak etmiş rəsmilər özləri hazırda: “Amerikaya inanmaq olmaz”, –  deyirlər. Bu inamsızlığı əvvəldən müəyyən edib, buna uyğun hərəkət etmək lazım idi. İndi də mən bunu avropalılar barədə deyirəm ki, onlar etimada layiq deyillər! Mən demirəm ki, gündəlik qarşıya çıxan məsələlərdə və sairdə onlarla əlaqələr qurmayın; yox, axı biz də bir dövlətik, bir hökumətik, əlhəmdulillah, qüdrətimiz, bacarığımız var. Söhbət bundan getmir, söhbət ondan gedir ki, bunlara həmişə bədbin yanaşmaq lazımdır. Bunların heç nəyə bağlılığı yoxdur. Baxın! Parisin küçələrində öz xalqının nümayəndələrini kor edirlər – Fransa dövləti Parisin küçələri ilə gedən etirazçıların üzərinə silahlı qüvvələri göndərir, çoxlu sayda insan kor olur; yəni öz xalqları ilə bu cür davranırlar – sonra da bizdən insan haqları tələb edirlər! Axı siz kimsiniz?! Sizin insan haqları ilə nə əlaqəniz var ki, başqa bir ölkəyə, başqa bir xalqa da bu barədə iddialar irəli sürəsiniz?! Siz ümumiyyətlə insan haqlarının nə olduğunu bilirsiniz? Nə bu gün bilmirlər, nə dünən bilməyiblər, nə də tarixləri boyunca bu şeydən xəbərləri olmayıb! Bunlar belədir. Həyasızcasına qalxıb iddia irəli sürür, tələb edirlər, özü də çox təkəbbürlü və xudbin bir tonla tələb edirlər. Bunlara inanmaq, hörmət qoymaq olmaz; bunlar bu cürdür. Müxtəlif olaylarda biz bunun dəfələrlə şahidi olmuşuq; Fransa bir cür, İngiltərə bir cür, o biri bir başqa cür; hərəsi bir formada. Onların davranışı bu cürdür. Əlbəttə, bir neçə ölkə istisna olunmaqla, bizim bütün dünya ilə əlaqələrimiz var və bundan sonra da olacaq, amma bilməliyik ki, qarşımızdakı kimdir, kiminlə danışıqlar aparırıq, kiminlə müqavilə imzalayırıq, nə barədə anlaşma əldə edirik. Qeyd edilməli olan məsələlərdən biri də budur.  

Yürüşə gəlincə; 22 bəhmən günü baş tutan yürüş İslam İnqilabının yaratdığı möcüzələrdən biridir; həqiqətən də, möcüzəvi və heyrətamiz bir fenomendir; elə eynən inqilabın özü kimi. Dünyada baş vermiş inqilabların ildönümünün hansı şəkildə qeyd olunduğunu ən azından televiziya vasitəsilə görmüşük; inqilab etmiş və hər il onun ildönümünü keçirən ölkələrdə. Bir neçə nəfər çıxıb tribunada dururdu, silahlı qüvvələrin paradı təşkil olunurdu, hərbçilər dəstə-dəstə gəlib o tribunanın önündən keçirdi, vəssalam. Bayram elə bundan ibarət olurdu. Qışın soyuğunda insanların saatlarla küçələrdə qalmağı – İran xalqının bəxtindən, inqilabı da qış ayında olub; hava soyuq olur, qar yağır – soyuğa, yağışa, qara baxmadan böyük xalq kütləsinin yürüş etməyi, çıxışlara qulaq asmağı, özü də bu işin ardıcıl olaraq 40 il davam etməyi (bir-iki ilin söhbəti deyil ki; bu il 40 il olur) – bunun özü böyük İslam İnqilabının yaratdığı heyrətamiz möcüzələrdən biridir. Xalqımız bunu var gücü ilə davam etdirməlidir; bu, düşmənin belini qıran bir təzahürdür, bunun özü düşməni qorxuya salır. Bu yürüşlər milli əzmi, İran xalqının əzmini nümayiş etdirir. İran xalqının öz ölkəsində baş verən ictimai-siyasi proseslərdə ümumi iştirakını nümayiş etdirir. Xalqın ictimai-siyasi meydanlarda varlığı və iştirakı düşmən üçün əzici bir amildir. 22 bəhmən yürüşləri bu iştirakın nə qədər önəmli, diqqətəlayiq bir səviyyədə olduğunu göstərir. Milli birliyi, xalqın birlik və həmrəyliyini nümayiş etdirir. Siyasi görüşlərdə ixtilaf ola bilər, amma söhbət inqilabdan, 22 bəhməndən, İslam Respublikası quruluşundan getdiyi zaman bu ixtilaflar əhəmiyyətini itirir, hamı birləşib çiyin-çiyinə durur.

Bu yerdə mən bir tapşırıq da vermək istəyirəm; bəzən görürsən ki, 22 bəhmən günü, misal üçün, rəsmi şəxslərdən sizin xoşunuza gəlməyən bir adam yürüşə qatılıbsa, onun əleyhinə çıxış etməyə, şüarlar səsləndirməyə başlayırsınız. Bu, düzgün deyil; aranızda fikir ayrılığı var, hansısa rəsmi şəxsi, rəhbər vəzifədə çalışan insanı hansısa səbəbdən qəbul etmirsiniz, lap yaxşı, heç bir eybi yoxdur, amma haqq-hesab çəkməyin yeri 22 bəhmən yürüşü deyil. Mən bunu hamıya tövsiyə edirəm. Diqqətli olun, öz şüarlarınızı səsləndirin, öz işinizi görün, prinsiplərinizi – əgər məntiqli prinsiplərdirsə – qoruyun, amma yürüşü konfliktlərin, qarşıdurmaların üzə çıxdığı bir meydana çevirməyin. Qoyun milli əzmi, milli iştirakı, milli birliyi nümayiş etdirən bu möhtəşəm hərəkat öz əzəmətində, böyüklüyündə qalsın.

Mənim əzizlərim! İran xalqının sabahı bu günündən qat-qat yaxşı olacaq; İslam Respublikasının Silahlı Qüvvələrinin də gələcəyi bu günündən qat-qat gözəl olacaq. Gedənlərin yerini doldurmalı və onlardan daha yaxşı, bir pillə yuxarı fəaliyyət göstərməli olan siz əziz gənclərin də sabahı bu günündən qat-qat gözəl olacaq. Hamınız Allaha təvəkkül edin, çalışın, harada olmağınızdan asılı olmayaraq, öhdənizə düşən vəzifə və məsuliyyəti hiss edib onu yerinə yetirin. O zaman Allah-taala da sizə lütf nəzəri ilə baxıb, inşallah, yolunuzu açacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________

(1) Görüşün əvvəlində İİR Ordusunun Hava Qüvvələrinin komandanı, briqada generalı Əziz Nəsirzadə məruzə etmişdir. 
(2) Ali Məqamlı Rəhbər “Ələvi” mədrəsəsini nəzərdə tutur.