Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Təbriz qiyamının (29 bəhmən 1356-cı il) ildönümü münasibətilə Şərqi Azərbaycan əhalisi ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین المعصومین المطهّرین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, bacılar, dəyərli din alimləri, görkəmli şəxsiyyətlər, möhtərəm şəhid ailələri, Təbrizin coşğun və misilsiz gəncləri! Çox xoş gəlmisiniz. (1) Həqiqətən də, təbrizlilər, xüsusən də Təbrizin gəncləri ölkədə nümunəvi və misilsizdir. Çox xoşbəxtəm ki, əlhəmdulillah, bu il də Allahın günlərindən olan 29 bəhməndə – bu gün, həqiqətən də, Allahın günüdür, Uca Yaradana aid olan günlərdəndir – bu hüseyniyədə sizi ziyarət etmək mənə nəsib oldu.

Və bir məqamı da qeyd edim ki, Allahın günlərindən olan bu günü Təbriz camaatı yaradıb. “Allahın günləri” Uca Yaradanın xüsusi bir şəkildə təcəlli etdiyi günlərdir; bəzən bu günləri yaradan xalqın niyyəti, əzmi və iradəsi olur. 1356-cı ilin 29 bəhmənində Təbriz əhalisi öz əzmi və gözüaçıqlığı ilə bu günü yaratdı; bu barədə az sonra ətraflı danışacağam. Əlbəttə ki, bu nə birinci dəfə idi, nə də axırıncı; ən yeni tariximiz Təbriz və Azərbaycan əhalisinin mühüm məsələlər, önəmli və taleyüklü olaylar zamanı atdığı avanqard addımlarla doludur. Elə İslam İnqilabınıza baxın; inqilabın əvvəlində baş verən hadisələrdə  – siz gənclərin yadında olmaz – təbrizlilər sözün əsl mənasında möcüzə göstərdilər. Düşmənin Təbriz üçün hazırladığı plan elə təbrizlilərin öz əli ilə ən gözəl şəkildə neytrallaşdırıldı. Hamının narahatlıqla Təbrizdə nə baş verəcəyini gözlədiyi, düşmənlərin və əks-inqilabın Təbrizi inqilabdan uzaqlaşdırmaq üçün dörd yandan təzyiq göstərdiyi bir vaxtda İmam Xomeyni (r.ə) buyurdu ki, narahat olmayın, təbrizlilər özləri onların cavabını verəcəklər. Elə belə də oldu; həmin gün, daha sonra Müqəddəs Müdafiədə, ardınca baş verən müxtəlif olaylarda, daha sonra 1388-ci ildə baş verən hadisələrdə, daha sonra 9 deydə  – hansı ki bütün ölkə 9 deydə gəldi, təbrizlilər isə 8 deydə; bir gün əvvəl, bir gün tez –  əlhəmdullah, hər yerdə təbrizlilər öndə oldu, avanqard oldu. Mənim əzizlərim! İnqilabın bu ikinci addımında da avanqard olun; inşallah, elə olacaqsınız da.

Təbriz əhalisi Allahın günlərindən olan 29 bəhmən günü ilə fəxr edir. Baxın! Bu, çox önəmli bir məqamdır. Bəziləri var ki, zəifdirlər, passivdirlər. Ola bilsin, nə vaxtsa hansısa inqilabi hərəkətlər ediblər, amma hazırda düşmənin məkrli planlarının və əlbəttə ki, dünyəvi meyillərin təzyiqi altında öz keçmişindən utanırlar. Təbriz camaatı isə İran xalqının böyük əksəriyyəti kimi öz inqilabi keçmişi ilə qürur duyur, iftixar hissi keçirir; təbrizlilər başlarını dik tutaraq: “ Qumda qətlə yetirilən insanların vəfatının 40-cı günü qiyam edib inqilabi hərəkata rəvac verən və bütün ölkədə ərbəinlərə start verən məhz biz olmuşuq”, – deyirlər; haqlıdırlar da. Elə sizin, özəlliklə də gənclərin bu gün bura gəlməyiniz, yaratdığınız bu nəhəng və coşğulu kütlə də o böyük və məna dolu iftixarın göstəricilərindən biridir.

29 bəhmən barədə danışarkən mən sözümün canını təşkil edəcək bir cümləni demək istəyirəm, lakin ondan əvvəl 2 məqamı təkrarən vurğulamaq istərdim. Bu mənim üçün bir fürsətdir. Birincisi, o bəyannamənin (2) axırında mən 22 bəhmən yürüşünə görə İran xalqına təşəkkür etmişəm, lakin əlimi vicdanıma qoyaraq deyirəm ki, o təşəkkür İran xalqının layiq olduğundan çox-çox zəif və cılızdır. Bu ilin 22 bəhmən günü İran xalqı çox böyük bir işə imza atdı. Sizə deyim ki, xalqın küçələrdəki bu nəhəng izdihamını düşmən də görür; aldığım məlumata görə, ölkənin hər yerində, yaxud da 98 faiz şəhərlərimizdə 22 bəhmən yürüşlərində əvvəlki illərlə müqayisədə daha çox adam iştirak edib; bəzi yerlərdə 50 faiz, bəzi yerlərdə 40 faiz, bəzi yerlərdə 30 faiz çox olub. Əlbəttə ki, təbliğatlarında bunu gizlədirlər. Təbliğatlarında deyirlər ki, İranda minlərlə insan küçələrə çıxıb; daha demirlər ki, milyonlar, bütün şəhərlərdə ümumilikdə on milyonlarla insan yürüşlərə qatılıb. Düşmən bunu demir, amma dərk edir. Və dünyada hamı bilir ki, xalqın bir olub bu şəkildə meydanlara çıxdığı bir ölkəyə düşmənin hiyləsi heç bir ziyan vura bilməz; bunu hamı bilir. Yəni sizin ölkənin siyasi və inqilabi arenasında bu şəkildə iştirakınız, 1357-ci ildə baş vermiş 22 bəhmən hadisəsinin bütün ölkədə bu cür yüksək səviyyədə anılması İran xalqının həyata keçirdiyi son dərəcə əhəmiyyətli bir siyasi-təhlükəsizlik tədbiri idi. Bunun üçün Allaha şükürlər etmək lazımdır; qəlblər Allahın əlindədir;

(3) اِلَیکَ نُقِلَتِ الاَقدامُ وَ اِلَیکَ ... مُدَّتِ الاَعناق

Əllər Allaha doğru uzanır, qəlblər Allahın əlindədir; camaatı çəkib meydanlara gətirən Allah idi. Allaha şükürlər edir, əziz xalqımıza da bütün varlığımızla təşəkkür edirik. Xalq meydanlara axışıb yenə də həmin şüarları səsləndirdi. Mən o gün də dedim ki, bu “Amerikaya ölüm!” şüarı “Amerika xalqına ölüm!” mənasında deyil. Bu şüarda kimin nəzərdə tutulduğunu mən 19 bəhməndə açıqlamışdım. İndi də deyirəm ki, “Amerikaya ölüm!” deyərkən imperializmə, təcavüzkarlığa, xalqların hüquqlarına əl uzadılmasına ölüm arzulanır; şüarın mənası budur. Xalqımız bu şüarla ölkəmizin dörd bir yanında ziyalı, müdrik, humanist, dərin mənalı bir hərəkata start vermişdir və buna görə, həqiqətən də, ona təşəkkür etməyə dəyər.

Bir qrup adam var ki, özləri zəifdirlər, özləri passivdirlər, amma inqilabın zəiflədiyini deyirlər; özləri zəifdirlər, inqilabı da özləri ilə müqayisə edirlər. Özləri əqidələrini əldən veriblər, elə bilirlər, bu camaat da onlar kimidir. Özlərinin zəifliyini xalqa aid edirlər. Xeyr, xalq 29 bəhmən günü küçə və meydanlarda gördüyünüz insanlardır. Allah-taala sizləri – öz inqilabını, öz dövlətini, öz kimliyini, öz ölkəsini bu cür gözüaçıqlıqla müdafiə edən İran xalqını lütf və mərhəməti ilə əhatə etsin.

İkinci mühüm məqam isə öz ölkəsinin təhlükəsizliyi uğrunda canını fəda etmiş bu dəyərli gənclərlə bağlıdır. Bəli, məsələnin üzdə görünən tərəfi budur ki, 20-30 nəfər gənc şəhid olub. Biz çox şəhidlər vermişik, amma burada bizi düşündürməli, ayıltmalı olan məqam budur ki, təhlükəsizlik nəyin bahasına əldə olunur? Baxın! İnsanlar ölkədə mövcud olan asayiş və təhlükəsizlikdən yararlanaraq öz gündəlik iş-gücləri ilə məşğul olur, təhsil alırlar, kimi sənət adamıdır, kimi idmançıdır, amma bəzilərinin çörəyi dizinin üstündədir. Onlar dərk etmirlər ki, bizim asayiş və təhlükəsizlik içində yaşamağımız gənclərimizin – ən yaxşı gənclərimizin qanı bahasına başa gəlir. Həmin isfahanlı gənclərə Allah rəhmət eləsin! O şəhidlərimizə mələklərin salamı olsun! Şəhidlər yetişdirən və öz şəhid gəncləri üçün srağagünkü kimi möhtəşəm dəfn mərasimi təşkil edən İsfahan camaatına salam olsun! İsfahan camaatı da bu hərəkatın avanqardlarındandır. Bu, çox önəmli bir məsələdir.

Biz təhlükəsizliyin necə qorunduğunu unutmamalıyıq; sərhədlərimizin təhlükəsizliyi, ölkə daxilində, şəhərlərdə, küçələrdə hökm sürən asayiş, 22 bəhmən günü o boyda kütlənin təhlükəsizliyinin heyrətamiz bir şəkildə təmin olunması. 22 bəhmən günü küçə və meydanlarda nəhəng insan kütlələri olduğuna baxmayaraq, mərasimlərin tam asayiş və təhlükəsizlik şəraitində başa çatdırılması xırda bir işdirmi?! Bizim bu təhlükəsizliyimizi qoruyan kimlərdir? Onların qədrini bilirikmi? Onları tanıyırıqmı? Keşikçi Korpusa və ölkədə təhlükəsizliyi qoruyanlara Allahın salamı olsun! Polis qüvvələrinə, orduya, öz həyatı ilə oynayaraq bu cür fədakarlıq edən digər qüvvələrə! Bu inqilab, bu milli qürur, bu asayiş və təhlükəsizlik bu fədakarlıq və canfəşanlıq sayəsində əldə olunub.

Təbriz qiyamına gəlincə; 29 bəhməndə baş vermiş və Allahın bərəkət verdiyi Təbriz qiyamında (hansı ki, həqiqətən də, qiyam idi; sözün əsl mənasında qiyam idi; əlbəttə, bir şəhərdə baş vermişdi, amma bütövlükdə ölkənin hər yerinə təsir göstərmişdi; hər kəsi çəkib meydanlara gətirmiş və möhtəşəm xalq inqilabı ilə sonuclanmışdı) önəmli məqam bundan ibarətdir ki, birincisi, Təbriz əhalisi zamanı düzgün seçib dəyərləndirməyi bacarmış və ikincisi, vaxtında hərəkətə keçib addım ata bilmişdi. Bu iki amil çox önəmlidir. Fərdi və ictimai miqyaslı hər bir hadisədə bu iki amil son dərəcə əhəmiyyətlidir: vaxtı, situasiyanı düzgün dəyərləndirə bilsək və dəyərləndirdikdən, hərəkətə keçmək vaxtı olduğunu dərk etdikdən sonra vaxtında hərəkətə keçib iş görməyi bacarsaq, bu cür uğur qazanacağıq. Hərəkətə keçmək zamanı olduğunu, situasiyanın tələbini müəyyən edə bilməsək və ya lazım olan addımı vaxtında ata bilməsək, o zaman nə etsək, faydasız olacaq. Tarixdə buna nümunə olaraq Təvvabin hərəkatını göstərmək olar; Təvvabin Kərbəla hadisəsi baş verdikdən, Peyğəmbərin (s) ciyərparəsi Hüseyn (ə) o vəziyyətdə şəhid edildikdən, bütün o olaylar olduqdan sonra ayılıb: “Biz nə üçün oturmuşuq?” – deyənlər idi. Ayağa qalxıb qiyam etmişdilər – sayları da kifayət qədər çox olub – hökumət də onlarla üz-üzə gəlmişdi, hamısı da qətlə yetirilmişdi, şəhid olmuşdu, amma indi gəlin görək, onlardan 100 nəfərinin gördüyü iş Kərbəlada şəhid olmuş o qaradərili qulun hərəkəti qədər təsirli ola bilərdimi? Onların 100-nün əməli Kərbəlada şəhid olmuş bir Həbib İbn Məzahirin əməli qədər təsirlidirmi? Xeyr, deyil, çünki işi vaxtında görməmişdilər. İmam Hüseyni, Peyğəmbəri, Əhli-Beytin toxunulmazlığını, batil Yezid hökuməti qarşısında haqq hərəkatını müdafiə etmək istəyirdinizsə, Aşura günü iş görməli idiniz. Məqamı əldən buraxmısınız. Bu, tarixdir; tarixdə belə nümunələr çoxdur. 

Heç yadımdan çıxmaz, inqilabın əvvəlində – 12 bəhmən günü İmam Xomeyni Tehrana girəndə Behişti-Zəhrada söylədi ki, mən dövlət yaradacağam; dövlət təşkil edəcəyi barədə vəd verdi; bunun üçün lazımi zəmin də tam olaraq hazır idi. Səhv etmirəmsə, 14-ü, ya 15-i idi, İmam bizim dalımızca adam göndərdi (hökumətin təşkili üçün tələb olunan hazırlıqların görülməsinə İnqilabi Şura cavabdeh idi, şuranın üzləri də biz idik; mən və bir neçə başqa adam), İmamın yanına Ələvi mədrəsəsinə getdik. O dedi: “Ağa, bəs nə oldu? Hökumətin təşkili məsələsi necə oldu?” Yəni demək istəyirdi ki, nə üçün hazırlıq görməmisiniz? Baxın, bu, doğrudur; bu, məqamı düzgün dəyərləndirmək və fürsətdən istifadə etmək deməkdir. Ardınca da elə onun ertəsi günü, ya ondan sonrakı gün idi, müvəqqəti hökumətin tərkibini də müəyyənləşdirdi, fərman imzaladı və olaylar o formada davam etdi. Bu, hər işin vaxtını bilməkdir. Təbriz camaatı məqamında dərk etdi ki, zərbə endirmək vaxtıdır; elə Allah-taala da məqamı düzgün dəyərləndirə bildiyiniz üçün sizin işinizə o cür bərəkət verdi. Hakim rejimin yol verdiyi səhv xalq arasında həyəcan yaratmışdı, Qum olayı baş vermişdi, orada da başqa bir səhv edib Qum əhalisindən bir qrup adamı şəhid etmişdilər; zəmin hazır idi. Zəminin mövcud olması özünü hansı formada büruzə verməli idi? Ən yaxşı əlamətdar hadisə şəhidlərin vəfatının 40-cı günü idi. Təbriz camaatı da bunu dərk etdi; şəhidlərin 40-ı xalq hərəkatının, qiyamın, inqilabın təzahürü oldu. Məqamı düzgün dəyərləndirdilər, məqamdan ən yaxşı formada istifadə etdilər. Buna görə Allah da gördükləri işə bərəkət verdi. Bu, ibrət dərsidir. 

Mənim əzizlərim! Bu gün İran İslam Respublikası ən yaxşı fürsətlərə malikdir. Bu gün iş görmək, hərəkət etmək üçün gözəl fürsət var. Dövlətimiz, xalqımız, rəsmilərimiz – hər biri öz növbəsində və öz sferasında iş görə bilər. Bugünün gənci hərəkət etməli, fürsətdən istifadə etməlidir. Bu gün biz uyğun mövqeyə malikik: böyük ölkəmiz var, əhalimiz çoxdur, bir bu qədər resurlarımız var; mən “İkinci addım” bəyannaməsində onlardan bir qismini qısaca qeyd etmişəm. Ölkəmizin resursları sənəd üzərində göstəriləndən, bizim bu haqda yazdıqlarımızdan, danışdıqlarımızdan qat-qat çoxdur. Ölkənin hər yeri, o cümlədən sizin Azərbaycanınız, Təbriziniz – bayaq cənab imam-cümə də çox doğru olaraq vurğuladı – iqtisadi, elmi, sosial, sənətkarlıq və həyatın digər sferalarına aid olan cürbəcür imkanların bir ümmanıdır; resursların ümmanıdır; bu resurslar aşkara çıxarılmalı və onlardan istifadə olunmalıdır. Bunu kim etməlidir? Biz rəsmilər; bu iş bizim öhdəmizə düşür. Əlbəttə ki, mən “biz rəsmilər” deyirəm, o demək deyil ki, bununla gənclərin boynundan məsuliyyət götürülür. Mən bundan öncə gənclərin öhdəsinə düşən vəzifə və məsuliyyət haqda danışarkən dəfələrlə “sərbəst atış” ifadəsini işlətmişəm; (4) bu ifadənin mənası odur ki, bütün gənclər, müxtəlif sferalarda təmsil olunan mömin kollektivlər əllərindən gələn, ölkənin qanunvericiliyinə və mənafeyinə uyğun olan hər bir işi həyata keçirməli və oturub kimisə gözləməməlidirlər. (5)

Bəli, dedik ki, ölkədə imkan və potensial var; düşmənimiz də bu gün zəifdir. Baxın, biz sadəlövhlük etmək istəmirik; mən özüm dəfələrlə Sədinin bu misralarını misal gətirmişəm ki,

دشمن نتوان ضعیف و بیچاره شمرد

– düşməni zəif və biçarə hesab etmək olmaz. Yəni o demək deyil ki, bizim düşmənin güclü cəhətlərindən xəbərimiz yoxdur, lakin doğru-düzgün baxanda görürük ki, düşmən çətin və çıxılmaz bir vəziyyətdədir. İslam Respublikası quruluşunun təcavüzkar Amerika rejiminin timsalında əsl düşməni olan imperializm bu gün çıxılmaz vəziyyətdədir; həm daxili, həm də xarici problemlərinin məngənəsində qalıb. Ölkənin başında duranlar arasında gedən qarşıdurmaların ucbatından çıxılmaz vəziyyətdədir. Müxtəlif olaylar üstündə bir-biri ilə konfliktdədirlər; xəbərlərdə görürsünüz. Dövlətin öz xalqına və xarici ölkələrə olan heyrətamiz dərəcədə böyük məbləğdə borcu ucbatından çıxılmaz vəziyyətdədir. Yəni bunlar 1.5 trilyon dollar məbləğində dövlət borcunun əlində aciz qalıblar; daxildəki sosial problemlərin əlində aciz qalıblar. Özlərinin təqdim etdiyi informasiyaya əsasən – bunlar bizim özümüzdən dediyimiz fikirlər deyil, onların özlərindən götürdüyümüz məlumatlardır; mətbuatlarında, bəzi sənədlərində əksini tapır, biz də tanış oluruq – gəncləri depresiyadadır, intihar edirlər. ABŞ-da qətllərin statistikası dünyanın hər yerindən yüksəkdir. Hər gün Amerikada çoxlu sayda qətllər törədilir; insanlar bir-birinin, o cümlədən polisin əli ilə qətlə yetirilirlər. Narkomaniya; Amerikada hər il narkotik vasitələrə 100 milyard dollar pul xərclənir. Amerika hökuməti ölkədə narkotiklərlə mübarizəyə 50 milyard dollar xərcləyir – özlərinin verdiyi statistikaya görə – heç bir nəticəsi də yoxdur, narkotiklər günbəgün daha geniş yayılmaqdadır. Çıxılmaz vəziyyətdədirlər. 

Onların Suriyada, Əfqanıstanda, İraqda nə vəziyyətə düşdüyünə baxın. Bütün bu problemlər onları hiddətləndirir, onda da, gördüyünüz kimi, o ağıldankəm, yaxud da doğrudan da, “bir nömrəli axmaq” olan dövlət rəsmiləri – mən bunu çıxışlarımdan birində də demişdim (6) – əsəbləşərək İran xalqının əleyhinə ağızlarına gələni danışmağa başlayırlar. Özlərini oda-közə vurub “Varşava konfransı” (7) təşkil edirlər, yenə də bir xeyri olmur. Müttəfiqləri olan ölkələri, muzdurlarını, qorxaq və zəif dövlətləri İran İslam Respublikası əleyhinə qərarlar qəbul etmək üçün Varşavaya dəvət edirlər, yenə də bir nəticə vermir. Bütün bunlar düşmənin zəif olduğunu göstərir. Odur ki düşmən zəifdir. Düşmən zəif olduğu zaman çox hay-küy qaldırır. Onun bu hay-küyü bizim rəsmilərimizin əlini işdən soyutmamalı, gənclərimizi çaşqınlığa salaraq: “Görəsən, necə olacaq?” – deyə düşündürməməlidir. Xeyr, hələ bu inqilab körpə, zəif bir fidan olduğu zaman onlar onu qoparıb atmaq üçün əlbir oldular, amma bacarmadılar. Bu gün artıq həmin körpə fidan bu köklü-köməcli, nəhəng və pak ağaca çevrilib; heç bir qələt edə bilməzlər. Həzrət Zeynəbin (s.ə) Yəzidə buyurduğu kimi:

  (8) کِد کَیدَکَ وَ اسعَ‌ سَعیَکَ ...‌ فَوَاللهِ لا تَمحو ذِکرَنا

– Nə qələt edə bilirsən, et, amma bil ki, heç bir qələt edə bilməyəcəksən! Əlbəttə, zahirən müsəlman olan bir sıra dövlət başçıları bu olayların fonunda nüfuzunu itirdi. Varşavada və buna bənzər yerlərdə İsrail rejimi ilə bir masa arxasına oturub İslamın, müsəlmanların, İslam Respublikasının əleyhinə sionistlər və amerikalılarla müttəfiq olanların heç öz xalqı arasında da hörməti yoxdur. İstər Fars Körfəzi regionundakı bəzi ərəb ölkələrinin başçıları olsun, istərsə də bəzi digərləri – öz xalqlarının arasında da nüfuz sahibi deyillər. Bunlar belədirlər.

Mənim dediyim budur: bu gün biz 40 yaşımızı qeyd edirik və irəli getmək üçün lazım olan güc, hazırlıq və yüksək ruh bizdə artıqlaması ilə var; imkanlarımız var, potensialımız var, mövcud bütün problemlərin aradan qaldırılması mümkündür. Bahalaşmanı da, riyalın məzənnəsinin enməsini də, daxili istehsalla bağlı problemləri də yoluna qoymaq olar; bu çətinliklərin hamısını aradan qaldırmaq mümkündür. Bir qədər səbir, tədbirlilik, birlik və əməkdaşlıq, işdə ciddiyyət və sair bu kimi şeylər lazımdır. Bizim imkanlarımız çox yaxşı səviyyədə, düşmənimiz zəif və inşallah ki, getdikcə daha da zəifləməkdədir. Bu fürsətdən istifadə etmək lazımdır; necə ki 1356-cı ilin 29 bəhmənində siz təbrizlilər də fürsətdən istifadə edib öz zərbənizi endirdiniz, işinizi gördünüz, addımınızı qətiyyətlə atdınız.

Mən siz gənclərə demək istəyirəm ki, özünüzü fiziki, mənəvi-psixoloji və elmi cəhətdən, administrativ bacarıqlar baxımından hazırlayın; belə ki gələcək siz gənclərindir, bu ölkənin sabahı siz gənclərə addir. Ölkə gənclərin əli ilə idarə olunmalıdır. Yaşlılarla məsləhətləşib onların təcrübəsindən istifadə etmək lazımdır, amma ölkəni irəli aparan lokomotiv gənclərdir. Gənclər özlərini hazırlamalıdırlar – qeyd etdiyim kimi, həm fiziki, həm mənəvi-psixoloji, həm əxlaqi, həm elmi baxımdan, həm təhsil almaq baxımından, həm də administrativ, təşkilati bacarıqlar baxımından – bu ölkənin gələcəyi sizindir, sabah siz onu idarə etməyi bacarmalısınız. Siz bu ölkəni zirvəyə çatdıra bilərsiniz.(9) İnşallah, Allah sizi qorusun, sizə mənəvi güc versin ki, bu hazırlığı əməli işlər mərhələsində sabitqədəmliklə nümayiş etdirəsiniz; sabitqədəm olmaq çox önəmlidir. Mənim siz gənclərə tövsiyəm bundan ibarətdir.

Ölkənin rəsmilərinə isə tövsiyəm budur ki, düşməni düzgün tanıyın, düşmənin hiyləsinə aldanmayın. Düşmən müxtəlif yollara əl atır: gah dişini qıcayır, gah yumruğunu göstərir, gah da adamın üzünə gülümsəyir. Amma bunların hamısı eyni məna daşıyır; düşmənin təbəssümü də eynən dişini qıcaması kimidir. Fərqi yoxdur, hər ikisini düşmənçiliyindən edir.

 قَد بَدَتِ البَغضاءُ مِن أَفواهِهِم وَ ما تُخفی صُدورُهُم أَکبَرُ

“Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, 118-ci ayədən)

Onların öz murdar qəlblərində İslama, müsəlmanlara, xüsusilə də İslam Respublikasına qarşı bəslədikləri kin və nifrət dildə bəlli etdiklərindən qat-qat böyükdür. Rəsmilərimiz düşmənə aldanmasınlar, onun hiyləsini qəbul etməsinlər. Özünüzün də gördüyünüz kimi, bu gün qərblilər sözün əsl mənasında hiyləgərlik edirlər. Amerikaya gəlincə, onların daha işi hiyləgərlikdən keçib, tamamilə açıq-aşkar formada bizə qarşı mübarizə aparırlar, avropalılar isə hələ də hiyləgərlik etməyə davam edirlər. Mən rəsmilərin konkret nə etməli olduqlarını demirəm; oturub fikirləşsinlər, amma diqqətli olsunlar ki, düşmənin hiyləsinə, içi puç sözlərinə aldanmasınlar, ölkə üçün nə isə etmək ümidi ilə özlərini və xalqı problemə düçar etməsinlər. Həm aldanmasınlar, həm də düşməndən qorxmasınlar; bilsinlər ki, Allah-taala ən böyük qüdrət sahibidir, onun dininə yardım edən bir xalqdan öz dəstək, yardım və himayəsini əsirgəməyəcək və bu xalq, inşallah, bu işin öhdəsindən gələcək.

Bizim əziz şəhidlərimizin boynumuzda haqqı böyükdür, şəhidlərin xatirəsini həmişə yaşadın. Bayaq möhtərəm imam-cüməniz şəhid ailələri ilə, şəhidlərin yadigarları ilə əlaqə saxladıqlarını, şəhidlərin adını və xatirəsini daim uca tutduqlarını qeyd etdi. Bu, çox yaxşı və əsas önəm daşıyan işlərdən biridir. Şəhidlərin adını, şəhid ailələrinin, şəhidlərin nüfuzunu günbəgün daha da yüksəltmək lazımdır. Bunlar bizim tutduğumuz yolun meyarlarıdır və sevindirici haldır ki, gənclərimiz həmişə buna hazırdırlar; bu günə qədər hazır olublar, bu gün də hazırdırlar. Dahi liderimiz İmam Xomeyniyə və əziz şəhidlərimizə Allah rəhmət etsin.

Və sizə deyim ki, inşallah, siz əziz gənclərimiz bu gün mənim dediyim və indiyə qədər də dönə-dönə vurğulamış olduğum şeylərin, Allahın köməyi ilə, öz həyatınızda tam olaraq reallaşdığı günün şahidi olacaqsınız. Allah sizin hamınızı qorusun! (10) Uğurlarınız bol olsun, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________________

(1) Görüşün əvvəlində Vəli-fəqihin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi və Təbrizin imam-cüməsi Höccətül-İslam Seyid Məhəmmədəli Ali-Haşim çıxış etmişdir 
(2) İran xalqına ünvanlanmış “İnqilabın ikinci addımı” bəyannaməsi (22.11.1397)
(3)  Mənaqibi-Ali-Əbitalib, c. 3, səh. 181
(4) O cümlədən ölkə universitetlərinin tələbələri və tələbə təşkilatlarının nümayəndələri ilə görüş (17.03.1396) 
(5) Ali Məqamlı Rəhbər iştirakçıların fars dilində səsləndirdikləri: “Biz hamımız sənin əsgərinik, Xamenei! Əmrini gözləyirik, Xamenei!” şüarına cavab olaraq Azərbaycan dilində deyir: “Bunu bilirəm, bunu bundan əvvəl də demisiniz, bilirəm”. Ardınca fars dilində deyir: “İnşallah, Allah xeyrinizi versin, Allah sizi qorusun”. 
(6) Qum əhalisi ilə görüş (19.10.1397)
(7) Amerikanın dəvəti ilə cari ilin 24-25 bəhmən tarixində Polşanın Varşava şəhərində keçirilən “Orta Şərqdə sülh və təhlükəsizlik” konfransı
 (8) Luhuf, səh.158
(9) İştirakçılar: “Ey azad Rəhbər, hazırıq, hazır!” şüarını səsləndirir 
(10) Ali Məqamlı Rəhbər iştirakçılardan birinin: “Ağa, Azərbaycana da gəlin” təklifinə cavab olaraq deyir: “Ürəyimiz ordadır; cismimiz gəlməsə də, ürəyimiz həmişə ordadır”.