Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Kirman ostanının şəhidlərinə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə! (1)

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Möhtərəm cənablar, əziz qardaşlar, əvvəla, bu lazımlı və inşallah, effektiv olacaq işə – yəni şəhidlərin pak adının, uca xatirəsinin anılmasına, onlara sonsuz sevgi və ehtiramın ifadə olunmasına təşəbbüs göstərdiyinizə görə hamınıza öz təşəkkürümü bildirirəm. Dəyərli bir addım atmış, alqışlanası bir iş görmüş insanı uca tutmaq, ona diqqət və önəm vermək təkcə o şəxsi və onun gördüyü işi dəyərləndirmək demək deyil. Bunu etməklə biz həm də onun gördüyü işin davam etdirilməsinə şərait yaratmış oluruq. Bu, çox önəmlidir; hər şeydən önəmli olan budur.

Siz cihad meydanına gedən birini alqışlayıb ona sevgi və ehtiram nümayiş etdirdiyiniz zaman 3 iş görmüş olursunuz: birincisi, Allah yolunda cihad edən bu insanı uca tutursunuz, ikincisi, cihadı uca tutmuş olursunuz, üçüncüsü isə başqalarını da bu yolu davam etdirməyə təşviq etmiş olursunuz. Zorla cəlb olunduğumuz və 8 il davam etmiş Müqəddəs Müdafiə savaşında bu baş verirdi; yəni gənclər cəbhəyə gedib şəhid olur, ata-anaları, qohum-əqrəbaları, eləcə də digər insanlar onların adı ilə fəxr edirdi. Və bu, çoxlarının cihad meydanına getməsinə, bu yolun davam etdirilməsinə təkan verirdi. Müqəddəs Müdafiə dövründə döyüşçülərdən hörmətlə söz açılırdı. Bu, çoxlarının bu hərəkətə və bu meydana meyillənməsinə səbəb olurdu. Bəli, Müqəddəs Müdafiə dövründə bu baş verirdi, ondan sonra da günümüzə qədər bu işi az-çox görənlər olub. Diqqət edin: məhz bu 3-cü xüsusiyyətə, 3-cü məsələyə görə də sizin müxalifləriniz, sizin düşmənləriniz şəhidlərin xatirəsinin yaşadılmasını, şəhidlərə sevgi və ehtiram ifadə olunmasını istəmirlər. Onlar şəhidlik yolunun bağlanmasını arzu edirlər, bu cihad hərəkatına başqalarının da təşviq olunmasına qarşıdırlar. Görüblər, təcrübədən keçiriblər, biz özümüz də təcrübədən keçirmişik ki, şəhidlərin adı, şəhidlərin xatirəsi əzəmətlə yad edilidiyi zaman bugünün gəncləri Müqəddəs Müdafiə savaşını, İmam Xomeyninin dövrünü görməsələr belə, haradasa regionun o başında, minlərlə kilometr uzaqlarda düşmənlərə qarşı döyüşlərin getdiyini dərk edəndə cihad meydanına getmək həvəsi ilə alışıb-yanır, qalxıb Hələbə, Bukəmala, Zeynəbiyyəyə yollanır, döyüşməyə başlayır, şəhid də olurlar. Baxın, bu ona görədir ki, siz şəhidlərə hörmətlə yanaşırsınız. Şəhidlər uca tutulduğu üçün bu, təbii olaraq, ölkədə şəhadət eşqindən doğan, mücahidə ruhlu hərəkatı gücləndirir. 

Bir xalqın güc və iqtidarının sirri də bundadır ki, gəncləri, fəalları ürəklə, cəsarətlə meydana girsinlər, qorxmasınlar. O demək deyil ki, insanlarımız hökmən şəhid olmalıdır; yox, məqsədimiz heç də bu deyil; bu o deməkdir ki, hamımız cürbəcür çətin meydanlarda sinəmizi sipər etmək, müqavimət göstərmək gücünə sahib olmalıyıq. Mühüm olan budur; bu varsa, o xalq qalib olacaq, güclü olacaq, heç bir zaman zillət çəkməyəcək, heç kim onu özünə tabe edə bilməyəcək. Görün şəhidləri yad etmək nə qədər önəmlidir!

Bəli, bir qədər əvvəl çıxış edən dostlarımız həyata keçirilmiş işlərdən danışdılar. O işlər hamısı çox yaxşıdır, müxtəlif istiqamətlidir, gözəl seçim etmisiniz. Müxtəlif istiqamətlərdə –  elm, incəsənət, təbliğat, xidmət və sair sahələrdə işlər görmüsünüz, çox gözəl tədbirlər həyata keçirmisiniz, inşallah ki, bu işi ən yüksək səviyyədə tamamlamağa da müvəffəq olacaqsınız. Əsas odur ki, biz şəhidlərin bizə verdiyi mesajın nədən ibarət olduğuna diqqət yetirək; mühüm olan budur. 

وَیَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون

“Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayədən)

Şəhidlərin bizə ötürdüyü mesaj budur. Bu gün İran xalqının düşmənlərinin yumşaq müharibədə –  ideoloji savaşda bütün səyləri, çalışıb-vuruşmağı nə üçündür? İran xalqını ruh düşkünlüyünə uğratmaq, ümidsizləşdirmək, qorxutmaq üçün! Xalqımızı pessimist bir vəziyyətə salmaq, meydana girməkdən qorxutmaq istəyirlər. Şəhidlərin mesajı isə bunun tam əksini deyir:

اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون

– qorxu olmayacaq, qəm-qüssə görməyəcəksiniz. Şəhadət meydanında qorxu və kədər olmur.

Və bu mesaj şəhidlərin bizə şəhid olduqları ilk gün verdiyi bir mesaj deyil ki, artıq onun üzərindən 30-35 il keçdiyini, qüvvədən düşdüyünü düşünək. Xeyr, bu, şəhidlərin bizə həmişə ötürdüyü bir mesajdır; yəni ilahi dərgaha, haqqın nemətinə yaxın olan şəhidlər bu gün də bizi müjdələyərək bu mesajı bizə verirlər:

وَیَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون

Şəhidlərin mesajı budur. Biz mübarizə meydanına daxil olanda, yəni düşmənlərimizi vahiməyə salan bu addımı atanda bilməliyik ki, Allah-taala bizdən qorxu və kədəri uzaqlaşdıracaq. Eynilə Müqəddəs Müdafiədə olduğu kimi; cəbhəyə gedib bir müddət orda qalan insanlar sonradan öz yaşadıqları şəhərə, ailə mühitinə qayıtmaq istəyəndə şəhər ortamı onlara ağır gəlirdi; yəni doğrudan da, sıxılırdılar. Ora onlar üçün Cənnət kimi idi; cəbhələrdə bir mənəviyyat, ruhaniyyət atmosferi var idi, Allahın zikrinə qərq olmaq baxımından onlara xoş gələn ruhi-mənəvi bir ortam hökm sürürdü. Orada – o güllə və mərmi yağışının altında olmaq gənclərə həqiqətən ləzzət verirdi ki, bu da fədakarlığın, Allah naminə meydanda olmağın, Allah yolunda vuruşmağın özünəməxsus xüsusiyyətidir. Şəhərə gəlib burdakı qaydaları, şəhər ortamına xas olan müxtəlif münasibətləri görəndə bir qayda olaraq ürəkləri sıxılırdı, bunu bizə də deyirdilər;  doğrudan da, elə o cür idi. Ona görə ki orda bir ruhi saflıq var, mənəviyyat var, ora Cənnətdir. “اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون” – “nə qorxu, nə də qəm-qüssə görəcəklər” ayəsinin ən mükəmməl göstəricisi oradır.

Əlhəmdulillah, Kirman camaatı da bu müddət ərzində sınaqdan çox yaxşı çıxıb. Mənim Kirman ostanı, oranın camaatı, din alimləri ilə bağlı xatirələrim çoxdur. Hələ inqilabdan əvvəl – 42-43-cü illərdə biz Kirmanla əlaqələr qurub o ostana gedib-gəldiyimiz vaxtdan ora həmişə bu cür olub: doğru yolla irəliləyən, əqidəli, mömin, şərafətli, həqiqətən nəcib camaat olub; yəni camaatı ümumilikdə bu cür idi, əlhmdulillah, aralarından çox parlaq simalar da çıxdı. Din alimləri arasından da eynilə. Kirmanda gördüyümüz ruhani alimlər çox gözəl, mömin, əqidəli, nəcib insanlar idi. Kirmanlıların nəcibliyi məşhurdur. Allaha şükürlər olsun ki, bu gün də Kirman əhalisi İslam dininə, İslam İnqilabına xidmət edir. Kirmanlılar  – xüsusilə də gəncləri; özəlliklə gənclər – keçmişdə olduğu kimi, bundan sonra da ölkənin inkişafında öz öhdələrinə düşən payı yerinə yetirə bilmək üçün mümkün qədər çox çalışıb iş görməlidirlər.

Biz də dua edirik ki, Allah-taala bu böyük vəzifələri yerinə yetirməyiniz, o cümlədən şəhidlərin xatirəsinə həsr olunmuş bu konfransınızı, inşallah, ən gözəl şəkildə keçirməyiniz üçün hamınıza mənəvi dəstək olsun, uğurlar nəsib etsin. Allah sizi qorusun, inşallah!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Birgə görüşlər çərçivəsində keçirilmiş bu görüşün əvvəlində Vəli-fəqihin ostandakı nümayəndəsi və Kirmanın imam-cüməsi Höccətül-İslam Hüseyn Əlidadi Süleymani və Keşikçi Korpusun Kirman ostanındakı birləşmələrinin komandiri, keşikçi briqada generalı Qulaməli Əbuhəmzə məruzə etmişlər