Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ağacəkmə günü ilə əlaqədar təşkil olunan aksiyada iştirak etdikdən sonra etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Ağacəkmə günü həm baharın müjdəçisidir, həm də ölkədə bitki örtüyünün əhəmiyyətini bizə xatırladır.  Əsas odur ki, ölkənin ümumi mədəniyyətində ağaclar, bitkilər, bitki örtüyü, meşə və otlaqlar məsələsi öz həqiqi mövqeyini tutsun. Bu gün biz ölkənin hər yerində meşələrə, otlaqlara, bitki örtüyünə göstərilən etinasız yanaşma, düzgün diqqətin olmaması ucbatından ziyanlar çəkirik və əgər ümumi mədəniyyətimizdə bitki örtüyünün, ağacların, yaşıllığın qorunması öz layiqli yerini tutsa, zənnimcə, bu, ölkəmiz üçün daha xeyirli olar.

Bizim bu ağac əkməyimiz – tutalım, bu gün burada iki dənə meyvə ağacı əkdik – simvolik məna daşıyır. Bizim istədiyimiz budur ki, ağac əkimi, ağacların qorunması, ağacların, yaşıllığın, bitki örtüyünün qorunmasına önəm verilməsi ölkəmizdə ictimai mədəniyyət, ümumi vərdiş forması alsın.

Bəzən eşidirik ki, ağacların sıx şəkildə bitdiyi ərazilərdə bina tikmək məqsədilə həmin ağacları kütləvi surətdə məhv edirlər. Rəsmi qurumlar belə hallarla ciddi surətdə mübarizə aparmalıdır. Həmçinin ölkənin bəzi bölgələrində zərərli ağacların əkilməsinə də diqqətsiz yanaşıldığı barədə eşidirik. Bu məsələyə çox önəm vermək lazımdır. Bizə məlumatlar çatır ki, ölkənin bəzi yerlərində səhralaşmanın yayılmasının qarşısını almaq üçün uyğun olmayan, zərərli ağaclar əkilir. Aidiyyətli qurumlar bu kimi halların baş verməməsinə son dərəcə diqqətli yanaşmalı, əksinə, meşə və otlaqların qorunması üçün isə ciddi səylər göstərməlidirlər. Rəsmi qurumlar, o cümlədən məhkəmələr də daxil olmaqla nəzarət strukturları meşələrin məhv edilməsinə qarşı mübarizədə bütün qüvvələrini ortaya qoymalıdır.

Ümidvaram ki, ağaclara, yaşıllığa qayğı, diqqət və hörmət psixologiyasının yayğınlaşması nəticəsində ölkəmiz və xalqımız bu sarıdan daha çox xeyir görəcək, Allah-taala da insanlarımızın bu yanaşmasına bərəkət verəcək, ölkə üçün bitki örtüyünün, yaşıllığın bərəkəti daha bol olacaq, inşallah.

Allahın salamı və rəhməti nəsibiniz olsun.