Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin şagird və tələbələrlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبینا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Əziz gənclər, bu xalqın əziz və sevimli balaları, enerji dolu, qəlbi işləməyə, çalışmağa təşnə olan yeni nəslinin nümayəndələri, çox xoş gəlmisiniz! Allaha şükürlər olsun ki, bu gün ölkəmizin gənc nəslində bu xüsusiyyətlər var: güc və imkanları aşıb-daşır, stimul doludurlar, öhdələrinə vəzifə düşdüyünü hiss etdikləri istənilən işi görməyə hazırdırlar. Ölkəmizdə yetişən gənc nəslin böyük əksəriyyətində bu cəhətləri müşahidə etmək mümkündür. Bu, çox böyük bir ehtiyatdır, çox dəyərlidir; ölkədə bu qədər əmək potensialına sahib olan nəhəng bir gənc ictimaiyyətin – milyonlarla gəncin varlığı böyük bir nemətdir.

Mən elə bu məqamda həmişə dönə-dönə təkrarladığım (1) bir məsələni bir daha vurğulamaq istəyirəm: İran xalqını bu nemətdən – gənclərin nəhəng say çoxluğundan məhrum etməyə çalışan məqsədli bir siyasət mövcuddur. Bu gün əhalinin artım səviyyəsində müşahidə olunan azalmanın 10-15 ildən sonra nəticəsi bu olacaq ki, artıq ölkədə bu qədər gənc nəsil görə bilməyəcəksiniz. Məhz buna görə mən bu problemi bu qədər qabardır, dönə-dönə vurğulayır, xəbərdarlıq edirəm. Bəzi təhlükəli addımlar var ki, onların nəticəsi 10 il, 20 il sonra üzə çıxacaq. Artıq onda nə isə etmək də mümkün olmayacaq. Əlbəttə ki, möhtərəm rəsmilərimiz mənə bu işlə ciddi surətdə məşğul olacaqları, problemləri aradan qaldıracaqları barədə söz veriblər, inşallah, bunu etməlidirlər, edəcəklər də. Mövzunu biz də diqqətdə saxlayacağıq.

Hər halda gənclərin varlığı, siz əzizlərin varlığınız ölkə üçün bir nemətdir. Doğru yolda – sirati-müstəqimdə qalmağa çalışın, özünüzü bu yolda qoruyub saxlayın. Bu ölkənin sizə ehtiyacı var; sözün əsl mənasında ehtiyacı var. Bu ölkəni siz qurmalı, siz irəli aparmalısınız. Bu işləri gənc nəsil görməlidir. Əlbəttə ki, cılız maddi məsələlərin dərdində, narkotik vasitələrə və sairə aludə olan gənclərdən bir o qədər də gözləntimiz yoxdur. Gələcəyin qurucuları stimul dolu, öz məsuliyyətini hiss edən gənclər, yəni sizlər, ölkənin dindar gəncləri olacaqsınız.

Bu gün mən əvvəlcə Amerika ilə bağlı bir məsələni qeyd edəcəyəm – belə ki bugünkü görüşümüz Amerika ilə əlaqəli bir olayla əlamətdardır – sonra da əgər vaxtımız qalsa, inşallah, bir qədər ölkəmizdə gedən daxili proseslər barədə danışacağam.

Amerika barədə bunu deyim ki, bu ölkə 1343-cü ildə İranda onun əlaltısı olan hakim rejim əziz liderimiz İmam Xomeynini sürgün etdiyi vaxtdan 1398-ci ilin aban ayına – yəni bu günümüzə qədər əsla dəyişməyib. Amerika elə həmin Amerikadır; o vaxtkı yırtıcı simasını hələ də qoruyub saxlayır. O vaxtkı qlobal, beynəlxalq diktatorluq xisləti Amerikada bu gün də var. O zaman da Amerika beynəlxalq miqyaslı bir diktator idi, dünyanın müxtəlif regionlarında jandarmları var idi – bu regiondakı jandarmı, muzdlusu Məhəmmədrza Pəhləvi idi, digər regionlarda da başqa jandarmları var idi – bu gün də eyni diktatura davam edir. Əlbəttə ki, daha yeni metod və vasitələrlə. Həmin yırtıcılıq, həmin beynəlxalq diktatorluq, həmin şər xislət, həmin həddini bilməzlik; heç bir hədd və çərçivə bilmirlər; Amerika elə həmin Amerikadır. Doğrudur, bu gün Amerika daha zəifdir; 1343-cü ildə olduğundan zəifdir, lakin eyni zamanda həm daha da vəhşiləşib, həm də daha da həyasızlaşıb. Amerika budur.

Amerika İranla düşmənçilik edir. İran-Amerika əlaqələrinin tarixi boyu Amerika həmişə İranla düşmənçilik edib. Hətta şah diktaturası dövründə də. İslam İnqilabından əvvəl Amerikanın İranla düşmənçiliyi bundan ibarət idi ki, 1332-ci ildə milli bir hökuməti qiyamla devirdi. Amerikalı bir məmur bir çamadan dolusu dollarla Tehrana gəldi, gedib İngiltərə səfirliyində gizləndi, oradan pul paylamağa, dollar verməyə başladılar, adamlar tutdular, qiyam təşkil edib milli hökuməti devirdilər. Əlbəttə, o hökumətin də təqsiri var idi – təqsiri də bu idi ki, Amerikaya çox inanmışdı – amma yenə də amerikalılar bunu etdilər və ölkədə özlərindən asılı, korrupsioner bir hökumət qurdular. Daha bundan o yana düşmənçilik ola bilməz. Silahlı qüvvələrimizin, neftimizin, ölkəmizin siyasətlərinin, mədəniyyətinin üzərində ağalıq etməyə başladılar; tam surətdə ağalıq. 28 mordad qiyamının baş verdiyi 1332-ci ildən İslam İnqilabına, yəni 1357-ci ilə qədər bu hal davam etdi. Bu onların inqilabdan əvvəl ölkəmizə və xalqımıza qarşı etdiyi düşmənçilik. İnqilabdan sonra da bu günə qədər hansı əməlləri törətdikləri məlumdur: təhdid ediblər, sanksiya tətbiq ediblər, bəyanatlarında bizi pisləyiblər, cürbəcür problemlər yaradıblar, ya da içimizə nüfuz etməyə çalışıblar. Onlar daim İrana və iranlılara pislik etməyə çalışıblar. 

Bəziləri tarixi təhrif edirlər; bunu amerikalılar özləri də edirlər; mən ölkə başçısı olduğum illərdə BMT-də səfərdə olarkən Amerikanın o dövrdə məşhur müxbirlərindən biri BMT-də məndən müsahibə götürdü və İranla Amerika arasında konfliktin səfirlik olayından – casus yuvası məsələsindən sonra başladığını qeyd etdi. O söylədi ki, bəli, sizin gəncləriniz səfirliyi tutduqdan sonra İranla Amerika arasında konflikt yarandı. Bu, tarixin təhrif olunmasıdır. Əslində məsələ belə deyil. İran xalqı ilə Amerika arasında konflikt 28 mordaddan, hətta ondan da əvvəl başlayıb, 1332-ci il mordad ayının 28-də isə pik həddə çatıb. Namərdlik edən, xəbislik edən, qiyamla İran xalqını korrupsioner hökumətin hakimiyyətinə düçar edən onlar olub. Zarafat deyil; uzun illər boyu bu ölkə Amerikadan asılı bir rejimin təzyiqləri altında çapalayıb. Deməli, bütün əzab-əziyyətlər 1332-ci il 28 mordaddan başlanğıc götürüb; o vaxtdan. Əlbəttə, ondan əvvəl – bizim yeniyetmə olduğumuz dövrlərdə də bəzi planlar var idi; Trümenin (2) planları. Mənim müəyyən qədər yadımdadır. O planlar üzdə dostcasına, mahiyyətcə isə düşmənçi xarakter daşıyırdı. 28 mordad hadisəsində isə artıq hər şey açıq-aydın idi. Amerikalılar ortalığa çıxıb müstəqil bir ölkədə xalqın dəstəklədiyi, onların özlərinə də etimad göstərmiş bir milli hökumətə qarşı (Müsəddiq amerikalılara inanmışdı, bu inamının zərbəsini də aldı) qiyam təşkil etdilər, xəbis, zalım, qəddar bir rejimi iş başına gətirdilər. Məhz o vaxt İran xalqı Amerikaya qarşı içdən və həqiqi mövqe seçdi. Baxın, 1342-ci ildə –  yəni 28 mordad qiyamından 10 il sonra, xalq dini-inqilabi mübarizə hərəkatına başladığı dövrdə dahi liderimiz İmam Xomeyni demişdi ki, İran xalqı dünyada ABŞ prezidentinə nifrət etdiyi qədər heç kimə nifrət etmir. Yəni 1342-ci ildə İmam Xomeyni öz xalqını yaxşı tanıyırdı. Vəziyyət bu cür idi. 

İslam İnqilabı əsasən Amerikaya qarşı yönəlmişdi. Əziz gənclər, siz bunu bilin! 1357-ci ildə İmam Xomeyninin rəhbərliyi və xalqın ümumi iştirakı ilə baş tutan, korrupsioner monarxiya rejimini devirərək İslam Respublikasını hakimiyyətə gətirən bu İslam İnqilabı əsasən Amerikaya qarşı idi. Xalqın, küçələrdə özünü təhlükəyə atıb dəstə-dəstə irəliləyən camaatın səsləndirdiyi şüarlar Amerikanın əleyhinə idi. Amerika da bu müddət ərzində, yəni 1357-ci ildən bu günə qədər 41 il ərzində İran xalqına qarşı bildiyi hər cür düşmənçiliyi edib. Xalqımızın əleyhinə əlindən gələn, ağlı kəsən hər işi görüb. Qiyamdan, provakasiyadan tutmuş separatçılığa, blokadaya qədər hər şey edib. Özünüz də görürsünüz. Allaha şükür, bugünkü gənclərimiz sayıqdır. Biz cavan olduğumuz vaxt gənclər siyasi vəziyyəti, prosesləri bugünkü kimi dərk etmir, bilmirdilər. Siz isə özünüz də görürsünüz ki, amerikalılar bu müddət ərzində xüsusilə inqilabdan doğmuş qurum və institutların, eləcə də İslam dövlətinin özünün əleyhinə əllərindən gələni ediblər. İnqilab nəticəsində yaranmış İslam Respublikasının özünə qarşı bacardıqları formada düşmənçilik ediblər. Əlbəttə, bu tərəfdən biz də bikar durmamışıq; biz də Amerikaya qarşı bacardığımızı etmişik, bir çox hallarda da qarşı tərəfi rinqin küncünə sıxışdırmağı bacarmışıq. Qarşı tərəf  öz müdafiəsini düzgün qura bilməyib. Bu da gün kimi aydındır, bütün dünya bunu bilir.

Lakin Amerikanın məkrli planları qarşısında İslam Respublikasının o ölkəyə verdiyi ən mühüm cavab bu olub ki – istərdim, siz gənclər bu məqama diqqət yetirəsiniz – Amerikanın yenidən ölkəyə siyasi cəhətdən nüfuz etməsinin yolunu bağlayıb. İslam Respublikası Amerikanın ölkəyə yenidən daxil olmasının, aparıcı strukturlara nüfuz etməsinin yolunu kəsib. Mənim Amerika ilə danışıqları qadağan edib israrla: “Danışıqlara getmək lazım deyil”, – deməyim Amerikanın qarşısını almağın, onu bu ölkəyə gətirən yolları kəsməyin vasitə və metodlarından biridir. Əlbəttə, amerikalılar üçün çox çətindir. Oturub söhbət etmək üçün müxtəlif ölkələrin prezidentlərinə, rəsmilərinə minnət qoyan təkəbbürlü və imperialist Amerika illərdir ki, İİR rəsmiləri ilə danışıqlar aparmaq üçün israr edir və rədd cavabı alır. Bu, Amerika üçün çox ağırdır. Bu o deməkdir ki, yer üzündə Amerikanın qəsbkar qüdrətini, tağut gücünü, beynəlxalq diktaturasını qəbul etməyən, ona tabe olmaq istəməyən bir xalq və hökumət mövcuddur. Bizim danışıqları qadağan etməyimiz sırf emosionallıqdan irəli gələn bir məsələ deyil, bunun arxasında möhkəm bir məntiq var. İslam Respublikasının Amerika ilə siyasi danışıqlar masasına əyləşməməyi düşmənin ölkəyə nüfuz etməsinin yolunu kəsir, dünyaya İslam Respublikasının iqtidar və ehtişamını nümayiş etdirir, qarşı tərəfin uydurma, mahiyyətsiz təntənəsini dünya ictimaiyyətinin gözündə puça çıxarır.

Bəziləri elə bilirlər ki, Amerika ilə danışıqlara getməklə ölkənin problemləri həll olunacaq. Bu çox böyük bir səhvdir. Belə fikirləşənlər yüzdə-yüz səhvə yol verirlər. Qarşı tərəf İranın onların təklifini qəbul edib danışıqlar masasına oturmağını İslam Respublikasını diz çökdürmək kimi başa düşür. Demək istəyirlər ki, iqtisadi təzyiqlərlə, şiddətli sanksiyalarla nəhayət İslam Respublikasını diz çökdürüb bizimlə danışıqlar masasına gətirtməyi bacardıq. Onlar dünya ictimaiyyətinə bunu aşılamaq istəyirlər. Sübut etmək istəyirlər ki, “maksimum təzyiq” siyasəti düzgün və effektiv bir siyasətdir, bu siyasət sonda İslam Respublikasını danışıqlar masasına oturmağa vadar etdi. Ondan sonra da bizə heç bir imtiyaz-filan verməyəcəklər; bunu sizə mən deyirəm. Əgər İslam Respublikasının rəsmiləri sadəlövhlük edib Amerika rəsmiləri ilə danışıqlara getsəydilər, qətiyyən heç nə əldə etməyəcəkdilər. Nə sanksiyalar azalacaqdı, nə də təzyiqlər. Hələ danışıqlar prosesində onlar yeni tələblər də ortaya atacaqdılar: “raketləriniz bu cür olsun”, “raketiniz olmasın”, “raketiniz 100-150 kilometrdən uzağa vurmasın” və sair və ilaxır. Allahın köməyi ilə, bu gün bizim gənclərimiz 2000 km uzaqda olan hədəfləri dəqiq vura bilən raketlər istehsal edirlər. 2000 km uzağa uçan raket başlıqlarını cəmi 1 metr xəta ilə istədikləri yerə ata bilirlər. Bəli, bunlar hamısı amerikalılara ağır gəlir. Onlar deyəcəklər ki, bu raketləri məhv etməlisiniz, raketləriniz 150 km-dən o yana vurmamalıdır.  Bu söhbətləri ortaya atacaqlar. Qəbul etsəniz, atanız yanacaq, qəbul etməsəniz, köhnə hamam, köhnə tas olacaq, təzədən başlayıb bu gün dediklərini deyəcəklər. Qarşı tərəf sizə heç bir imtiyaz verməyəcək.    

Kubanın, Koreyanın təcrübəsi gözləriniz önündədir. Şimali Koreyanın rəsmiləri ilə, danışıqlar bir yana dursun, bir-biri üçün əldən-ayaqdan getdilər. Bu dedi, onun üçün ölərəm, o dedi, bunun üçün ölərəm.  (3) Axırı nə oldu? Sanksiyaları zərrə qədər də azaltmadılar. Bunlar belədir. İmtiyaz verməyəcəklər, sizi öz mövqeyinizdən geri çəkilməyə məcbur edib dünyaya göstərəcəklər ki, baxın, biz İranı diz çökdürdük, maksimum təzyiq siyasətimiz uğurlu oldu. Sizsə heç bir şey əldə edə bilməyəcəksiniz; danışıqlar budur. Hansısa dövlətlər də – misal üçün, Fransa – vasitəçi kimi ortaya düşüb israr edəcək, telefon danışıqları, məktublaşmalar, get-gəllər, Nyu-Yorkda çoxsaylı görüşlər və sair təşkil edəcəklər ki, “hökmən görüşməlisiniz”. Fransa prezidenti (4) demişdi ki, bircə dəfə görüşsəniz, bütün problemlər həllini tapacaq. Adam, doğrudan da, təəccüblənir; ya gərək deyəsən ki, onlar çox safdırlar, ya da bir-biri ilə əlbirdirlər. Bu ikisindən biridir. Görüşlərlə, danışıqlarla heç bir problem həll olunmayacaq. Heç bir problem! Mən dəqiq bilirdim ki, bu reallaşmayacaq, amma hamıya aydın olsun deyə razılaşdım, dedim, yaxşı, sözümüz yoxdur, qoy bunlar nüvə razılaşmasından çıxmaqla etdikləri səhvdən geri dönsünlər, bütün sanksiyaları götürsünlər və yenidən razılaşmaya qoşulsunlar. Mən bilirdim ki, bu olmayacaq, olmadı da, qəbul etmədilər. Heç bir mərəzləri yoxdursa, düzünü deyirlərsə, bunu qəbul edərdilər. Yox, onlar heç bir problemi aradan qaldırmaq niyyətində deyillər. Onların fikri yeni tələblər irəli sürməkdir ki, o tələbləri də İran tərəfi əsla qəbul etməyəcək. Məlumdur, hər şey gün kimi aydındır. Deyəcəklər ki, regionda fəal olmayın, müqavimətə dəstək verməyin, filan-filan ölkələrdə iştirakınız olmasın, raketiniz olmasın. Diktə edəcəkləri bu kimi tələblərdən yavaş-yavaş başqa şeylərə keçəcəklər. Deyəcəklər, hicab məsələsini qabartmayın, dini qanunların üzərində bu qədər durmayın. Belə sözləri ortaya atacaqlar, onların tələbləri qurtarmaq bilməyəcək ki! Mən bir neçə il əvvəl elə bu hüseyniyədə o vaxtkı rəsmilərə demişdim. Demişdim, siz mənə deyin, bilim ki, Amerikanın tələbləri hansı nöqtədə dayanacaq, hansı nöqtədə bunlar daha yeni bir tələb irəli sürməyəcəklər. Onların öz tələblərini dayandıracağı bir hədd yoxdur. Onlar bu ölkədə İslam İnqilabından əvvəlki vəziyyəti yaratmaq niyyətindədirlər. Bu inqilab Amerikanın əleyhinə idi; onlar həmin vəziyyəti geri qaytarmaq istəyirlər; lakin inqilab bütün bu niyyətlərdən daha güclüdür, İslam Respublikası bu niyyətlərdən daha qətiyyətlidir, İslam Respublikasına hakim olan əzm və iradə, Allahın dəstəyi sayəsində, polad kimi möhkəmdir və Amerikanın belə hiylələrlə bu ölkəyə yenidən geri dönməsinə imkan verməyəcək. Yaxşı, hələlik bu qədəri Amerikaya bəsdir. (5)    

Keçək daxili məsələlərə. Daxili məsələlərlə bağlı mən, həqiqətən də, işləməyə böyük həvəsi olan möhtərəm dövlət rəsmilərimizin və nazirlərin də diqqətini çəkəcək bir cümlə demək istəyirəm. Əlbəttə ki, ölkə daxilində bizim çoxsaylı problemlərimiz var. İqtisadiyyat sahəsində, mədəniyyət sahəsində, elmi tədqiqatlar sahəsində, sosial sferada müxtəlif problemlərimiz var, amma mən bir məsələni vurğulamaq istəyirəm. Mən bu mövzunu ilin ilk günü İran xalqına təbrik mesajımda da ilin şüarı olaraq qeyd etmişəm: istehsalın rövnəqləndirilməsi məsələsi. Artıq 8 ay keçib. Əlbəttə, sizə deyim ki, bu 8 ayda yaxşı işlər də görülüb. Yaxşı işlər görülüb, amma elə sahələr də var ki, orada hələ bir sıra işlərin görülməsinə ehtiyac var. Mən ilin əvvəlində İran xalqına söylədim ki, ölkənin iqtisadi problemlərinin açarı istehsaldadır. Mən iqtisadçı deyiləm, amma bütün iqtisadçı ekspertlər yekdilliklə bunu deyirlər, bu fikirdədirlər. Mən ilin şüarını elan etdikdən sonra da qəzetlərdə, internet saytlarında çıxış edən iqtisadçı mütəxəssislər bu fikri təsdiqləyərək bildirdilər ki, ölkənin iqtisadi problemlərinin həlli istehsalın inkişafından asılıdır. İstehsalın rövnəqlənməsi məşğulluğu artıracaq, böyük problemlərdən biri olan gənclərin işsizliyi problemi aradan qalxacaq, milli sərvət yaranacaq, əhalinin ümumi rifahı təmin olunacaq. Hətta elmi inkişaf üçün də yol açılacaq. İstehsal inkişaf etdiyi zaman zavodlar, sənaye və kənd təsərrüfatı müəssisələri elmi metodlara ehtiyac hiss edəcək, bunun təbii nəticəsi olaraq universitetlər və elmi tədqiqat mərkəzləri fəal işə keçəcək, nəticədə elm də inkişaf edəcək. Yəni ölkənin iqtisadi problemlərinin açarı, bizim bu ilin şüarı olaraq elan etdiyimiz kimi, istehsalın rövnəqlənməsindədir. Mən demək istəyirəm ki, ölkəmizin iqtisadiyyatında problemlər var, bahalıq, inflyasiya, milli valyutanın dəyərinin aşağı düşməsi – bütün bunlar camaatı sıxır. Əgər bu problemləri ortadan qaldırmaq istəyiriksə, bunun yeganə yolu milli istehsal məsələsi ilə ciddi məşğul olmaqdır.

Çox hörmətli nazirlərimizdən biri – Sənaye Naziri – yaxşı bir söz dedi, onun o sözü məni çox sevindirdi. O mənə söz verərək dedi ki, nazirlik olaraq haradasa hansısa sənaye obyektinin problemlərlə üzləşdiyinə görə işini dayandırmaq istədiyini eşitsələr, o müəssisəni axtarıb tapacaq və buraxılmasına imkan verməyəcəklər. Çox yaxşı, amma bu sadəcə verilən sözdür, bu sözün üstündə durub onu yerinə yetirmək lazımdır. Bunu edə bilsələr, çox, çox yaxşı olar. İndi bu, sənaye sahəsidir, digər müxtəlif sferaların rəsmiləri də belə işləməlidirlər. Başqa yol yoxdur.

Ölkənin problemlərini həll etmək üçün oturub başqalarını, xariciləri gözləmək lazım deyil. Əksinə, bu gözləntilər ölkə iqtisadiyyatının inkişafına zərbə vurur. Bir müddət nüvə razılaşmasını gözləyək; bir müddət gözləyək ki, görəsən, Amerika prezidenti, təəssüf ki, nüvə razılaşmasında müəyyən olunmuş o 3+3 aylıq möhləti – “veyver”  (6) – uzadacaq, ya yox; yəni Amerika prezidentinin “veyver”i uzadılacaq, ya yox; bir müddət avara olub gözləyək ki, görəsən, fransızların, Fransa prezidentinin planı nə olacaq. Gözləmə mövqeyində qaldığımız bütün bu vaxt ərzində iqtisadi investorlar heç bir işə sərmayə yatırmır, hansı addımı atmalı olduqlarını bilmirlər, fəal iqtisadi subyektlər nə edəcəklərini bilmirlər. Bu gözləmənin özü ölkəni durğunluq və geriliyə sürükləyir. Biz nə qədər gözləməliyik? Buraxın getsin; mən demirəm ki, əlaqələri kəsin; xeyr, əlaqələr qalsın, kiminsə iş görmək imkanı varsa, işini görsün, intəhası ümidinizi onlara yox, ölkənin daxilinə bağlayın. Daxildə imkan və potensial kifayət qədər çoxdur. Bir müddət əvvəl ostanlardan birinin başçısı mənə söylədi ki, rəhbərlik etdiyi ostanda bir neçə ay ərzində 90 trilyon tümənlik müqavilə imzalayıb. Təsəvvür edirsiniz, 90 trilyon tümən nə deməkdir?! Bütövlükdə ölkə büdcəsinin ¼ hissəsi. Və bunu bir ostandar deyir. Bəli, bizim belə bir potensialımız var. İndi o 90 trilyon tümənlik müqavilələrdən yarısı, hətta 2/3-si reallaşmasa belə, məgər 30 trilyon tümən azdır? Bu hələ yalnız bir ostandadır. Məşğul olun, araşdırın.  Ölkədə mövcud olan potensialı üzə çıxarıb ondan istifadə etmək lazımdır.

İstehsalı rövnəqləndirək deyirik; istehsalı rövnəqləndirməyin yollarından biri ölkə daxilində istehsal olunan məhsulların xarici analoqlarının ölkəyə idxalının qarşısını almaqdır. Nəyə görə bunu etmirlər? Mən bu sualı möhtərəm rəsmilərimizə ciddi surətdə ünvanlayıram. İmkan verməyin. Müəyyən adamlar var ki, idxalla nəfəs alırlar, yaşayışları, əldə etdikləri göydəndüşmə sərvət, imkanları idxaldan asılıdır, ona görə də lüzumsuz, artıq idxalın qarşısının alınmasına imkan vermirlər. Onlar vacibdir, ya o işsiz qalan gənclər?! Ölkədə gənclərin işsizlik problemi ilə üzləşməsinin səbəbkarı lüzumsuz məhsulları ölkəyə idxal etməklə milli istehsala zərbə vuran şəxslərdir. Bunun qəti əlacı budur ki, biz istər hökumətdə, istərsə də parlamentdə təmsil olunan möhtərəm rəsmilərimizə elan olunmuş siyasətlər əsasında düzgün fəaliyyət proqramları quraq, işlənib hazırlanmış proqramları həyata keçirək. Ölkəni problemlərdən çəkib çıxarmağın yolu budur.

Və söhbətimizin axırında mən sizə bunu demək istəyirəm ki, imkanlarımız çoxdur, ölkəmiz çox geniş potensiala sahibdir. Allahın köməyi ilə və bu imkanları görmək istəməyənlərə göz dağı olaraq, biz bütün problemlərdən qurtulacağıq. Allah sizi ölkəmiz üçün qorusun! İnşallah, Allah-taala ölkənin bütün canıyanan rəsmilərinə mənəvi dəstək olsun ki, öhdələrinə düşən vəzifələri ən yüksək səviyyədə yerinə yetirə bilsinlər.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) O cümlədən Ali Məqamlı Rəhbərin müqəddəs Məşhəd ziyarətgahında zəvvarlar və ətrafda yaşayan əhali ilə görüşü zamanı etdiyi çıxışda (01.01.1397)
(2) ABŞ-ın keçmiş prezidentlərindən olan Herri Trümen
(3) Görüş iştirakçıları gülürlər
(4) Emmanuel Makron 
(5) Görüş iştirakçıları gülürlər 
(6) Sanksiyalarla bağlı yol verilən güzəşt və istisnalar