Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Həzrət Zeynəbin (s.ə) mövludunun ildönümü münasibətilə ölkənin tibb müəssisələrində çalışan tibb bacıları və sanitarlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1) 

و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة اللّه فی الارضین

Əziz qardaşlar, əziz bacılar, dəyərli tibb işçilərimiz, çox xoş gəlmisiniz. Sizi həm Şəfqət İşçiləri günü, həm də Həzrət Zeynəbin (s.ə) bu günlə üst-üstə düşən mübarək mövludu münasibətilə təbrik edirəm. Bu çox mühüm bir işdir. Bu günü bilərəkdən şəfqət işçiləri üçün peşə bayramı olaraq seçmiş insanlar çox mübarək bir iş görüblər. Həqiqətən də, yerinə düşür. Həzrət Zeynəb (s.ə) nəinki təkcə İslam tarixində, bütövlükdə bəşər tarixindəki görkəmli xanımlardan biridir. Bu, həqiqətən, belədir. Həzrət Zeynəb (s.ə) güclü və sarsılmaz bir şəxsiyyət, böyük insan, ilahi keyfiyyətlərə sahib olan böyük bir bir qadın olub. Onun kimi güc və dözümlə o çətin meydanlara girib onun kimi hərəkət etmək çox az adamın işidir; istər qadın olsun, istərsə də kişi. Həzrət Zeynəbin (s.ə) mövlud gününün Şəfqət İşçilərinin Peşə bayramı kimi qeyd olunması ilə o böyük qadın xəstələrə şəfqət və yardım göstərməkdə örnək, nümunə olaraq tanınıb və bununla siz şəfqət işçiləri ictimaiyyəti ilə o əzəmətli qadın arasında xüsusi bir bağlılıq yaranıb. Bu münasibətlə mən sizi təbrik edirəm. 

İki-üç məqama toxunacağam. Birincisi, sizin işiniz, peşəniz, yəni şəfqət işçisi olmaqla bağlıdır. İkincisi, bir neçə cümlə 9 dey barədə deyəcəyəm – bildiyiniz kimi, srağagün 9 dey günü idi. Və sonda cari məsələlərə də toxunarıq. 

Şəfqət işçisi olmaqla bağlı bunu deyə bilərəm ki, mənim fikrimcə, şəfqət işçisi olmaq bir sıra əxlaqi və insani dəyərləri özündə birləşdirmək deməkdir: şəfqət və canıyananlıqdan tutmuş məsuliyyətliliyə, xəstə insanların hövsələsizliyi, xoş olmayan davranışları qarşısında səbir və təmkinə qədər. Bütün bunlar yüksək insani keyfiyyətlərdir və cəmiyyətin üzləşdiyi çətinliklər də bir qayda olaraq insanlarda bu keyfiyyətlərin olmamağından irəli gəlir. Şəfqət işçisi olmaq özündə bütün bu keyfiyyətləri birləşdirmək deməkdir; çalışqanlıqdan, öz işinə qarşı diqqətli olmaqdan, öhdəsinə verilmiş xəstəyə lazımınca qulluq etməkdən tutmuş səbrə, dözümə, hər gün insanların çəkdiyi əzab və çətinlikləri görməyə tab gətirməyə qədər. Elə peşə sahibləri var ki, onların işi yalnız həyatın gözəl və ürəkaçan mənzərələri ilə əlaqəlidir. Sizin peşəniz isə elə bir peşədir ki, işiniz daim xəstəliklə, xəstə insanlarla, ağrı-acı ilə əlaqəlidir. Siz bütün bunların qarşısında səbir edirsiniz, ürəyiniz yorulmur, əliniz işinizdən soyumur, öz işinizi can-başla yerinə yetirirsiniz. Bunlar yüksək əxlaqi keyfiyyətlərdir. Elə buna görə də mən tam səmimiyyətimlə və əminliklə deyirəm ki, şəfqət işçilərinə göstərilən ehtiram yüksək insani keyfiyyətlərə göstərilən ehtiramdır. Bizim şəfqət işçilərini uca tutub onlara dəyər verməyimiz – əlbəttə ki, mən bu məqamları dəfələrlə vurğulamışam – əslində, az rast gəlinən yüksək əxlaqi və insani keyfiyyətləri uca tutmağımız deməkdir. Bunlar yüksək əxlaqi keyfiyyətlərdir.

Diqqət yetirdinizsə, mən söylədim ki, bu keyfiyyətlər az tapılır, cəmiyyətdə onlara az-az rast gəlinir. Burada bir haşiyəyə çıxmaq istəyirəm: doğrudur, biz şəfqət işçilərini uca tutmalı, onların işinə hörmətlə yanaşmalıyıq, amma daha önəmlisi odur ki, biz az öncə şəfqət işçiləri üçün sadaladığımız keyfiyyətləri bütövlükdə cəmiyyətdə genişləndirməliyik. Bizim buna ehtiyacımız var, cəmiyyətimizin buna ehtiyacı var. Bu gün bizim cəmiyyətimizdə fərdlər arasında şəfqət və mərhəmətə ehtiyac var. Bu gün bizim cəmiyyətimiz birliyə, ictimai məsuliyyətliliyə, səbrə, tolerantlığa və sair bu kimi şeylərə ehtiyac duyur. Bu gün biz çox önəmli, qürurverici və eyni zamanda təhlükəli bir yolda irəliləməkdəyik. İran cəmiyyəti olaraq biz bir zirvəyə doğru irəliləyirik, bununsa öz şərtləri var, zirvəyə qalxan insan ehtiyatlı olmalıdır. Dümdüz asfalt yolda gedərkən ehtiyatı gözləmək bir o qədər də lazım olmaya bilər, amma zirvəyə qalxırsansa, diqqətli və ehtiyatlı olmalı, şərtlərə əməl etməlisən. Bu gün ölkəmizin, cəmiyyətimizin, xalqımızın aşağıdakı xüsusiyyətlərə ehtiyacı var: bir-birinə qarşı səbirli, dözümlü olmaq, bir-birinə kömək etmək, şəfqət və mehribanlıqla yanaşmaq. Əlbəttə ki, bu əxlaqi keyfiyyətlər müsəlman olan iranlıların elə fitrətində də var. Özünüzün də şahidi olduğunuz kimi, ölkədə baş verən müxtəlif təbii fəlakətlər zamanı camaatımız necə can-başla zərərçəkənlərin yardımına tələsir. Bəli, bunlar var, amma daha da genişləndirilməlidir. Bu sahədə rolu ola biləcək hər kəs – rəsmi qurumlar, təbliğat orqanları, media, dini tədris edən müəllimlər, hətta siyasi fəallar bu cür yüksək mənəvi keyfiyyətləri və onların daşıyıcılarını təbliğ etməlidirlər ki, bu şeylər cəmiyyətimizdə geniş yayılsın. Bir neçə gün bundan əvvəl televiziya ilə bir kişi gördüm: nə miliarder idi, nə hansısa müəssisənin rəhbəri idi, nə də aşıb-daşan qədər pulu var idi, amma çalışıb-vuruşmaqla, ondan-bundan ianə toplamaqla yüzlərlə gəlinin cehizini hazırlamağa müvəffəq olmuşdu. Anbarını göstərirdilər, mən televiziya ilə gördüm. Bəli, bunları genişləndirmək lazımdır, belə işləri, belə insanları təbliğ etmək lazımdır. Yüksək mənəvi-əxlaqi keyfiyyətlərin təbliği cəmiyyətin hər bir üzvünün borcudur və bu işi görə biləcək insanlar var. 

Mən şəfqət işçiləri ilə bağlı mühüm bir məqamı da qeyd etmək istəyirəm – cənab nazir öz nitqində çox gözəl məqamlara toxundu, çox yaxşı işlər həyata keçiriblər, gələcəkdə də bir sıra işlər görməyi düşünürlər; inşallah, o işlər hökmən lazımi intensivliklə, tədbirli bir şəkildə həyata keçirilməlidir – həmin məqam bundan ibarətdir ki, biz təkcə xəstələri qulluq edib göz-qulaq olmaları üçün şəfqət işçilərinə həvalə etməməliyik, eyni zamanda özümüz də fiziki və mənəvi cəhətdən şəfqət işçilərindən muğayat olmalıyıq. Xəstəmizi, qayğıya, qulluğa ehtiyacı olan yaxınımızı etibar etdiyimiz şəqfət işçilərinin özlərinin də qayğıya ehtiyacı var. Yorulmamalıdırlar, hövsələləri daralmamalıdır, biz onlar üçün elə bir şərait yaratmamalıyıq ki, yorulub hövsələdən çıxsınlar. Məsələn, dalbadal iki növbə işləməyə məcbur olan şəfqət işçisində daha hövsələ-filan qalmaz. Onu qınamaq da olmaz, bacarmır. Xüsusilə də tibb bacıları; ailə problemləri, övladlarının qayğıları, həyat yoldaşları – bütün bunlara yetişməlidirlər. Mən bura gəlməmişdən qabaq cənab nazirlə də bu barədə söhbət etdim. Elə etmək lazımdır ki, şəfqət işçiləri rahat və arxayın şəkildə öz işlərini görə bilsinlər. Onların ruh yüksəkliyi ilə çalışması, xəstələrə qarşı səbirli münasibəti, vaxtında onlara yardım göstərmələri, eyni zamanda öz ailə qayğıları ilə də məşğul ola bilmələri rəhbər kadrların diqqətində olmalıdır; inşallah, bu işlərin görülməsinə nail olmalıdırlar. Əlbəttə ki, bunlar çətin, zaman tələb edən işlərdir, amma Allahın köməyi ilə, hamısının həyata keçirilməsinə əzm göstərməlidirlər. Çünki ölkəmizin şəfqət işçiləri ictimaiyyəti dəyərli, önəmli bir ictimaiyyətdir. Onların problemləri ilə ciddi şəkildə maraqlanmaq, hüquqlarını təmin etmək, onlarla bağlı məsələlərə tam ədalətlə yanaşmaq lazımdır.

Cənab nazir qeyd etdi ki, şəfqət işçilərinin problemlərinə həkimlərin problemləri fonunda yanaşmaq yox, onlara ayrıca diqqət və önəm vermək lazımdır. Bu çox vacibdir. Bu istaqamətdə tədbirlər görülməlidir. Sevindirici haldır ki, hazırda bizim gələcəkdə şəfqət işçisi olmağa hazırlaşan on minlərlə tələbəmiz var. Optimal administrasiya və planlama ilə həm onların təhsil, həm ölkə üzrə balanslı bölgü əsasında işlə təmin etmə, həm də əmək haqqı məsələsinə lazımi diqqət ayırmaq olar. Bunlar ölkəmizin səhiyyə sisteminin prioritetləridir. Və əlbəttə ki, həkimlər və şəfqət işçiləri bir-birini tamamlayan amillərdir; onlar bir-birinə rəqib deyil. Həkimlər şəfqət işçilərini, şəfqət işçiləri də həkimləri tamamlayır. Hər biri müəyyən yerdə öz rolunu ifa edir.

Xəstəxanalarda şəri qaydalara riayət edilməsi məsələsi də aktual mövzulardandır. Mən xahiş edirəm, möhtərəm rəsmilərimiz bu məsələyə diqqət yetirsinlər. Bəzən xəstəxanalarda qadın cinsindən olan xəstələr özlərinə qadın xəstə baxıcılarının qulluq etməsini istəyirlər, amma onların bu istəyi təmin olunmur. Bu məsələlərə diqqətli yanaşmaq lazımdır. 

Şəfqət işçiləri ilə bağlı mənim qeyd etməyi vacib bildiyim məqamlar bunlar idi. Biz bunu istəyir, buna israr edir, bu hədəfi izləyir və bunun üçün dua edirik ki, inşallah, ölkəmizin şəfqət işçiləri ictimaiyyəti günbəgün daha da yüksək ruh və stimulla, bu gün, əlhəmdulillah, onlarda var olan məsuliyyət hissi ilə öz işlərini yerinə yetirə bilsinlər.

İki gün bundan əvvəl qeyd etdiyimiz 9 dey tarixinə gəlincə; bir xalqın keçdiyi böyük sınaqların yaddaşlarda qorunması əsas məsələlərdən biridir. Ölkələr və xalqlar öz tarixlərində müəyyən sınaqlarla üzləşir və bəzən bu sınaqlardan üzüağ çıxırlar. Bu təkcə bizim xalqımıza aid deyil, lakin inqilab dövründə və  inqilabın qələbəsindən sonra bu günə qədər xalqımız belə sınaqlarla çox üzləşib və onlardan üzüağ çıxıb. İran xalqı üçün belə parlaq günlərdən biri də 1388-ci ilin 9 dey günüdür. Yəni həmin gün xalqın iştirakı ilə keçirilən ümumxalq yürüşü düşmən tərəfindən cızılmış çox önəmli və əsaslı bir planı puç edə bildi. Srağagün ölkənin dörd bir yanında camaatımız o günü, o xalq hərəkatını qeyd etdi. O günün yaddaşlarda qorunub saxlanması çox böyük bir hərəkat, böyük bir sınaq və çox vacib bir məsələ idi.

Burada mühüm bir məqam var; sevindirici haldır ki, uzaqgörən İran xalqı bu məqama yaxşı diqqət yetirib. Bəli, xalqın müəyyən istəkləri, tələbləri var, əksər hallarda da bunlar haqlı tələblərdir. Camaatın istəkləri, tələbləri, gözləntiləri var və onlar qarşılanmadığı zaman xalq etiraz edir. Lakin xalqın tələbi bir şeydir, xalqın tələblərini bəhanə edib fitnə yaratmaq başqa bir şeydir. Bu ikinci dost işi deyil, düşmən işidir. Dost sənin maşınının yavaş getdiyini, yoxuşla üzüyuxarı qalxa bilmədiyini görəndə kömək edir, itələyir ki, maşın irəli getsin, yaxud sönübsə, işə düşsün. Dost belədir: işə qarışır, amma bu hərəkəti edir. Bəs düşmən nə edir? Düşmən maşının hərəkət etmədiyini görəndə üstəlik təkərin havasını buraxır və ya hansısa işlək hissəsini də vurub sıradan çıxarır. Düşmənin gördüyü iş budur. Və düşmənlər inqilabın əvvəlindən daim belə işlərlə məşğul olublar.

Bu ilin aban ayında da, əlbəttə ki, özünüzün də gördüyünüz kimi (bu barədə maraqlı bir məqam var, az sonra deyəcəyəm) xalqın müəyyən tələbləri var idi. Düşmən əvvəlcədən hazırladığı adamların vasitəsilə bu tələblərdən istifadə edərək dərhal meydana atılıb təxribata başladı. Camaatımızınsa sayıqlığı, gözüaçıqlığı bunda oldu ki, işlərin təxribata, müxtəlif obyektlərə od vurulmasına, infrastrukturun məhv edilməsinə hesablandığını görən kimi kənara çəkildilər. Xalqın tələbləri var idi, bu gün də var, amma insanlarımız fitnəkarlarla əlbir olmağa razı olmadı, kənara çəkilib onları meydanda tək qoydu. Bu çox önəmlidir. Fitnəkarlar xalqın arasında gizlənməyə çalışırlar, lakin xalqın sayıqlığı və gözüaçıqlığı son sözü dedi; həm bu ilin aban ayında, həm 1388-ci ildə, həm də inqilabın əvvəlindən bu günə qədər müxtəlif illərdə. Bu, xalqın gözüaçıqlığı sayəsində olub. Elə bir ay bundan əvvəl baş verən olaylar zamanı camaat fitnəkarlardan ayrılıb kənara çəkildi, iki-üç gün sonra da yenidən meydana axışdı və ölkənin müxtəlif şəhərlərində o möhtəşəm xalq nümayişləri baş tutdu. Bunlar xalqın sayıqlığının, gözüaçıqlığının nəticəsidir. 

Mənim fikrimcə, mənim hiss etdiyimə görə, xalqın tələblərindən sui-istifadə edənlər bir qayda olaraq düşmənlərin kəşfiyyat xidmətləri ilə əlaqəli şəxslərdir; əksər hallarda belə olur. Əlbəttə, ola bilsin, bir qrup adam da həyəcanlı şəkildə, emosialarının təsiri altında meydanlarda idi, amma üz-gözünü örtərək ölkənin benzin və buğda ehtiyatı anbarlarına hücum edib od vurmaq istəyənlər, şəhərdə ortaya düşüb infrastrukturu dağıdanlar – istər dövlətin infrastrukturu olsun, istər şəxsi əmlak olsun – nadir hallarda bunu yalnız həyəcandan, sırf emosialarının təsiri altında edə bilərlər. Mənim fikrimcə, onları ortalığa salıb idarə edənlər xarici kəşfiyyat xidmətləri ilə əlaqəli adamlardır. Onlar kim olduqlarını bilirlər və bunları da hazır vəziyyətdə saxlayırlar ki, bir bəhanə çıxan kimi meydana atılsınlar.

Bayaq işarə etdiyim o maraqlı məqamı da deyim: bunu təzəlikcə ölkənin yüksək vəzifəli rəsmilərindən birindən eşitmişəm. Xarici siyasətçilərdən biri ilə görüşü zamanı o siyasətçi həmin rəsmimizə deyib ki, aban ayında baş verən olayların ilk günü, yəni şənbə günü Vaşinqtonda olub. Amerikalılar – yəni ABŞ-ın, həqiqətən də, səfeh olan başçıları sevinirmişlər, İrandan gələn xəbərlərdən çox məmnun imişlər. Həmin siyasətçinin söylədiyinə görə, amerikalılar ona deyiblər ki, İranın işi bitdi. O siyasətçi isə söyləyib ki, xeyr, İran güclüdür, bu olaylarla İrana heç bir şey olmayacaq. Onlar deyiblər: “Yox, bu olay əvvəlki olaylardan fərqlidir, indi vəziyyət tam başqadır, İranın işi bitdi”. Ertəsi gün və növbəti günlərdə vəziyyət nəzarətə götürüldü axı; o siyasətçi hələ də orada imiş. Deyir, çox narahat idilər, iğtişaşlar heç bir nəticə vermədən bitdiyinə görə heç kefləri yox idi. Amerikalılar belədir; görün hazırda İraqda, Suriyada nələr edirlər? Xalq Səfərbərlik Qüvvələrindən İŞİD-in intiqamını alırlar! (2) Çünki Xalq Səfərbərlik Qüvvələri meydana çıxıb bunların yaratdığı İŞİD-i yerə vurdu, rədd elədi. Bunlar, həqiqətən də, onun intiqamını alırlar. Bir şeyi bəhanə edib İraqa hücum çəkirlər, bir qrup insanı şəhid edirlər. Təkcə mən yox, mən də, İran dövləti və İran xalqı da Amerikanı bu cinayətlərinə görə kəskin şəkildə ittiham edirik. 

Maraqlısı budur ki, Amerikanın başına belə işlər gələndə (gördüyünüz kimi, Bağdadı və elə İraqın hər yerini anti-Amerika ruhlu çıxışların həyəcanı bürüyüb) o cənab yenə də tviterdə yazır  (3) – ya tviterdə yazırlar, ya çıxış edirlər, ya da məqalə yazırlar – ki, biz bunu İrandan bilirik, bu işdə İranın əli var, biz bunun cavabını İrana verəcəyik. Əvvəla, qələt edəcəksiniz! İranla heç bir əlaqəsi yoxdur. İkincisi, məntiqiniz olsun; təəssüf ki, yoxdur. Amerikalılarda məntiq olmalıdır – hərçənd, əlbəttə ki, yoxdur – dərk etməlidirlər ki, bu regiondakı ölkələrin xalqları onlara nifrət edir. Nəyə görə amerikalılar bunu başa düşmürlər? Siz amerikalılar İraqda cinayət törətmisiniz, Əfqanıstanda cinayət törətmisiniz, adam öldürmüsünüz. Səddam gedəndən sonra ilk vaxtlar amerikalılar “Blək voter” kimi xəbis təşkilatlarının əli ilə İraqda 1000-dən çox elm adamını terror ediblər, öldürüb aradan götürüblər. İnsanların evinə hücum edib qadınların gözü qarşısında həyat yoldaşlarını, uşaqların gözü önündə atalarını yerə uzadıb çəkmə ilə sifətlərini ayaqlayıblar. Siz bu cür işlər görmüsünüz! Siz amerikalılar Əfqanıstanda toy karvanını bombardman etmisiniz; özü də bir dəfə yox, iki dəfə yox, on dəfələrlə. Yas məclislərini bombardman etmisiniz! Siz çox cinayətlər törətmisiniz, xalqlar sizə nifrət edir! Əfqanıstan xalqı, İraq xalqı, Suriya xalqı və başqaları. Mən ad çəkmək istəmirəm, elə ölkələr var, hökumətləri nələrisə nəzərə almaq məcburiyyətindədir, amma biz bilirik, məlumatımız var ki, o ölkələrin xalqı Amerikaya böyük nifrət bəsləyir. Nifrət edirlər, o nifrət də haradasa üzə vurur, bunun İranla nə əlaqəsi var? Məntiqləri yoxdur, bunu başa düşmürlər. Amerikalıların bu regiondakı siyasi və təhlükəsizlik fəaliyyətinin nifrət doğurması tamamilə təbiidir. Camaata zülm edirlər, xalqların mənafeyini talayırlar, onlara yuxarıdan aşağı baxırlar. Amerikan rəsmiləri bir ölkəyə gəlib öz hərbi bazalarına yollanırlar – böyük ehtimalla, heç ölkəyə giriş etmək üçün icazə də almırlar – sonra həmin ölkənin prezidentini öz bazalarına çağırırlar ki, gəl burada görüşək.  A kişi, bura başqasının evidir, sən kimin icazəsi ilə, hansı icazə kağızı ilə, hansı siyasi etika ilə, amerikalıların özünün olsa belə, o ölkədə yerləşən hərbi bazaya yollanıb ölkə prezidentinin sənin görüşünə gəlməyini gözləyirsən ki, gəlməyəndə də əsəbiləşəsən? Belədirlər, bu cür davranışlar nümayiş etdirirlər. Yaxşı, belə olan halda, aydındır ki, bu davranışları xalqların Amerikaya qarşı aqressiv münasibətinə, nifrətinə səbəb olacaq, bu nifrət, bu aqressiya da haralardasa özünü göstərəcək; necə ki hazırda özünü göstərir. (4)  

İslam Respublikası hansısa ölkə ilə mübarizə aparmağı, konfliktə girməyi qərara aldısa, bunu açıq-aşkar edir. Biz ölkəmizin və xalqımızın mənafeyinə həddən ziyadə bağlıyıq. Biz xalqımızın nüfuzuna həddən ziyadə bağlıyıq. Biz İran xalqının inkişaf və yüksəlişinə həddən ziyadə bağlıyıq. Bütün bunlar üçün kim təhlükə yaradarsa, biz heç nəyi nəzərə almadan onunla üz-üzə gəlib ona öz zərbəmizi endirəcəyik.  Allaha şükür edirik ki, bizim əziz xalqımız – İran xalqı şücaətli, gözüaçıq, işə hazır olan bir xalqdır. Xalqımızın kişiləri, qadınları, gəncləri, hətta gənc olmayan nümayəndələri belə, hər an meydanlarda olmağa, işə keçməyə hazırdır. İndi bəziləri deyir ki, hərbi qarşıdurma olacaq, müharibə olacaq. Xeyr, biz nə vaxtsa ölkəni müharibəyə aparmaq niyyətində deyilik, lakin əgər başqaları zorla bu ölkəyə nəyisə qəbul etdirmək fikrinə düşsələr, biz var gücümüzlə onların qarşısında duracağıq. Və biz inanırıq ki, Allah-taala bizimlədir; inanırıq ki, gələcək bizimdir. İnanırıq ki, bu ölkənin bu günü dünənindən qat-qat yaxşı olduğu kimi, gələcəyi də bu günündən qat-qat yaxşı olacaq.

Bu yolu bizim üçün açmış əziz şəhidlərimizə və onların lideri İmam Xomeyniyə Allah rəhmət etsin. Siz əzizlərimə də Allahdan sonsuz lütf və mərhəmət diləyirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Görüşün əvvəlində Səhiyyə Naziri cənab Səid Nəməki çıxış etmişdir
(2) ABŞ qırıcıları 1398-ci il dey ayının 8-də (29 dekabr 2019-cu il) Suriya sərhədində İraq Xalq Səfərbərlik Qüvvələrinin hərbçilərini bomdardman edərək bir neçə nəfəri şəhid etmiş və yaralamışlar.   
(3) Ali Məqamlı Rəhbər ABŞ prezidenti Donald Trampın tviterdə yerləşdirdiyi, İranı təhdid edən postu nəzərdə tutur  
(4) 1398-ci ilin dey ayında (dekabr 2019) ABŞ-ın İraq Xalq Səfərbərlik Qüvvələrinin hərbi bazalarını bombardman etməsinə etiraz olaraq iraqlılar bu ölkənin Bağdaddakı səfirliyinə hücum etmişlər