Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Tehranda qılınan cümə namazında söylədiyi xütbələr


Birinci xütbə 

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله‌ ربّ العالمین نحمده و نستعینه و نستغفره و نتوکّل علیه و نصلّی و نسلّم علی حبیبه و نجیبه و خیرته فی خلقه حافظ سرّه و مبلّغ رسالاته بشیر نعمته و نذیر نقمته سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّةالله‌ فی الارضین و صلّ الله علی ائمّة المؤمنین و هداة المستضعفین و حماة المؤمنین

Əziz qardaşlar, hamınızı, eləcə də özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allahın köməyini istəyiriksə, Allahın köməyi təqvadadır. Allahın bizə mənəvi güc verməsini, bizi doğru yola istiqamətləndirməsini istəyiriksə, bunlar da təqvadadır. Şəxsi və ictimai problemlərimizdən qurtuluş, rahatlıq diləyiriksə, bu da təqvadadır. Hamımız ilahi təqvanı öz işimizin, fəaliyyətimizin meyarına çevirməyə çalışmalıyıq. Cümə namazında əsas, önəmli olan məsələ insanlara ilahi təqvanı tövsiyə etməkdir. Mənim özümün bu tövsiyəyə sizdən də çox ehtiyacım var. Ümidvarıq ki, Allah-taala ilahi təqvaya mənəvi tutumumuz yetdiyi qədər riayət edə bilməyimiz üçün hər birimizə mənəvi güc verəcək.

“İbrahim” surəsində çox mənalı, dolğun məzmunlu bir ayə var; Quranın bütün digər ayələri kimi. Bu gün mən həmin ayə və ondan sonrakı ayələr ətrafında söhbət edəcəyəm. Quran buyurur:

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ

“Biz Musaya: "Tayfanı (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini xatırlat”. (“İbrahim” surəsi, 5-ci ayə)

Allah-taala Həzrət Musaya tövsiyə edir, tapşırır ki, “ذَکِّرهُم بِاَیّامِ ‌الله” – Allahın günlərini tayfana xatırlat. Bu cümlənin mənası ilə bağlı iki ehtimal olsa da, hər ikisi bizim nəzərdə tutduğumuz mənaya uyğundur. Birinci ehtimal budur ki, “əyyamullah”ı – yəni Allahın günlərini onlara xatırlat. İkinci ehtimal da budur ki, “əyyamullah” – Allahın günləri vasitəsilə onlara Yaradanı, dini, qiyaməti xatırlat. Allahın günlərinin əhəmiyyəti buradan məlum olur: Allahın əzəmətli peyğəmbəri Həzrət Musaya bu günləri insanlara xatırlatmaq tapşırılır. Ardınca buyurur:

اِنَّ فی ذّْلِکَ لَأیّْتٍ لِکُلِّ ‌صَبّارٍشَکور

“ Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!" (“İbrahim” surəsi, 5-ci ayədən)
“Əyyamullah” Allahın nişanəsidir, dəlildir. Kimlər üçün? Bu iki xüsusiyyətin daşıyıcıları üçün: “صَبّار” – çox səbirli olanlar və “شَکور” – şükür edənlər. “صَبّار” – səbri həddən artıq böyük olanlar, təpədən dırnağa səbir və dözüm olanlar, “شَکور” isə Allahın nemətlərini tanıyan və bu nemətlərə görə şükür edənlərdir. Şükür etmək haqda az sonra danışacağam. Bunun ardınca sonrakı ayədə buyurulur ki, Həzrət Musa bu tapşırığa əməl edir:

وَ اِذ قالَ موسیّْ لِقَومِهِ اذکُروا نِعمَةَ اللهِ عَلَیکُم اِذ اَنجیّْکُم مِن ءالِ فِرعَونَ

“... bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, çünki O sizi Firon əhlinin əlindən qurtardı”. (“İbrahim” surəsi, 6-cı ayədən) 

Musa onlara Fironun, onun adamlarının, başlarına ağalıq edən zülmkar gücün əlindən xilas olmalarını xatırladır. Bu, Allahın günlərindəndir, “əyyamullah”ın nümunələrindəndir;

اِذ اَنجیّْکُم مِن ءالِ فِرعَونَ

– “yadınıza salın ki, Allah sizi Firon əhlinin əlindən qurtardı”. Deməli, belə bir gün Allahın günlərindən biri sayılır; insanların, cəmiyyətlərin, xalqların zalım güclərin əlindən qurtulduğu bir gün Allahın günlərindən biridir. Ardınca Allah-taalanın hamıya müraciəti, yüksək səslənən nidası gəlir:

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ

 “تأذّن” – hündürdən səslənmək, yüksək səslə müraciət etmək deməkdir. Allah-taala hər kəsə yüksək səslə elan edir ki,

لَئِن شَکَـرتُم لَاَزیدَنَّکُم

– əgər şükür etsəniz, biz sizə verdiyimiz neməti günbəgün daha da artıracağıq, daha da çoxaldacağıq.

وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

– yox əgər nemətə qarşı küfr etsəniz, şükür etmək vəzifəsini yerinə yetirməsəniz, Allahın göndərdiyi əzabla, saysız-hesabsız çətinliklərlə üzləşəcəksiniz. Daha sonra növbəti ayədə bütün bu deyilənlərdən alınan nəticəni qeyd edərək buyurur:

وَقَالَ مُوسَىٰ إِنْ تَكْفُرُوا أَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ

“Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac deyil. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tərifə (şükrə) layiqdir!” (“İbrahim” surəsi, 8-ci ayədən)

– yəni bizim “nemətlərə şükür edin”, “ilahi nemətlərdən muğayat olun”, “Allahın nemətlərini yaddan çıxarmayın” deməyimiz də elə sizin özünüz üçündür; yoxsa Allah ehtiyacsızdır.

Bəli, “əyyamullah” – Allahın günləri çox əhəmiyyətlidir. Mən Allahın günləri barədə danışmaq istəyirəm. Kimlər üçün? Quranda buyurulduğu kimi, çox səbirli olan və şükür edən insanlar üçün. Onlar çox səbirli olanlardır, çünki təpədən dırnağa səbir və dözümdürlər, xırda bir səbəbdən meydanı tərk etmirlər, sona qədər mətanətlə dururlar. Şükür edənlərdir, çünki əvvəla, neməti tanıyırlar, nemətin gizli və aşkar miqyasını görürlər, ikincisi, nemətin qədrini bilirlər, yəni nemətin qiymətini, dəyərini, çəkisini bilirlər, üçüncüsü isə, buna əsasən öhdələrinə düşən məsuliyyəti hiss edirlər, Allahın verdiyi nemətə görə özlərini məsuliyyətli bilirlər. Belə bir xalq, belə bir cəmiyyət, belə bir qövm səbirsiz deyil, məsuliyyətsiz deyil. Bunlar “İbrahim” surəsinin ayələridir, Məkkədə nazil olmuş ayələrdir, yəni müsəlmanların küfr qarşısında mübarizə, müqavimət və mətanətinin zirvəyə çatdığı bir vaxtda nazil ediliblər. Bu ayələr müsəlmanları müjdələyir, insanlara söyləyir ki, Allah-taalanın öz günləri var, o günləri sizə nəsib edəcək. Siz də Allahın günlərinə görə şükür etməlisiniz. Əgər düzgün reaksiya göstərib Allahın verdiklərinə şükür etsəniz, Allah-taala gələcəkdə sizə daha böyük qələbələr nəsib edəcək. Bu gün birinci xütbəmizin mövzusu bu şərif ayədə toxunulan bir neçə məqamla bağlıdır. 

Son iki həftəmiz olaylarla dolu, müstəsna həftələr oldu. Bu iki həftədə İran xalqı acılı-şirinli olaylar yaşadı, ibrətverici hadisələrə şahid oldu. “یوم‌الله” – Allahın günü nə deməkdir? Bu elə bir gündür ki, insan həmin gün baş verən hadisələrdə Allahın qüdrətli əlini müşahidə edir. İranda on milyonlarla, İraqda və bəzi digər ölkələrdə yüz minlərlə insanın Qüds Korpusunun komandanının tökülən qanını müdafiə etmək üçün küçələrə çıxıb dünyada ən böyük izdihamı yaratdığı bir gün Allahın günüdür. Baş verənlər Allahın qüdrətli əlindən savayı heç bir başqa amilin işi ola bilməz. İslam İnqilabı Keşikçiləri Korpusunun atdığı raketlərin ABŞ bazasını darmadağın etdiyi gün də Allahın günlərindən biridir. (1) İran xalqı olaraq biz son günlərdə, son iki həftədə Allahın günlərindən olan iki belə günün şahidi olduq. Bunlar adi günlər deyil, tarixin dönüş nöqtələridir, tarixin yazıldığı günlərdir. Bir xalqın, bir qüvvənin dünyaya meydan oxuyan zalım və imperialist bir dövlətə bu cür sillə vurmağa qadir olması, öz ruhunda bu gücü tapması Allahın qüdrətli əlinin nişanəsidir. Deməli, həmin gün də Allahın günlərindən biridir. Günlər başa çatır, amma xalqların həyatında onların təsiri qalır. Bu günlərin xalqların ruhuna, xislətinə, yoluna göstərdiyi təsir qalıcı və bəzən də əbədi olur. 

Mənim fikrimcə, İran cəmiyyəti çox səbirli və şükür edən bir cəmiyyətdir. Xalqımız dözümlü və şükrü bol bir xalqdır. Bütün bu illər boyu İran xalqı ilahi lütfün qarşılığında daim şükür edib. Biz səbirli və şükür edən bir xalq olaraq bu ayələrdən dərs götürməliyik. Dedik ki, birinci məsələ bu təzahürün maddi və mənəvi miqyasını bilməkdir. İslam İnqilabının qələbəsindən 41 il sonra bu misilsiz dərəcədə nəhəng izdihamı meydanlara hansı qüdrətli əl çəkib gətirdi? O sevgini, o həyəcanı, o göz yaşlarını kim yaratdı? Allahın qüdrətli əlindən başqa hansı amil belə bir möcüzəni yaratmağa qadirdir? Bu hadisələrdə Yaradanın qüdrətli əlini görə bilməyib bu məsələləri maddi aspektdən təhlil edənlər geri qalıblar. Allahın qüdrətli əlini görmək lazımdır. Bu hadisənin olduqca mühüm və mənəvi aspekti budur ki, bu işi görən məhz Allah-taaladır. Uca Yaradan bir xalqı bu cür hərəkətə gətirdiyi zaman hiss etmək lazımdır ki, Allah həmin xalqın qələbəsini istəyir. Bu onu göstərir ki, həmin xalqın o yolda, o xətt üzrə hərəkət edib qalib olması Allahın qəti istəyidir. Bu həm də o xalqın batinini, mənəviyyatını da nümayiş etdirir. Bu eşq, bu sədaqət, bu mətanət, İmam Xomeyninin xəttinə bir daha təsdiq olunan bu bağlılıq! Camaatımız meydanlarda olması ilə İmam Xomeyninin xəttinə bağlı və sadiq olduğunu bir daha təsdiqlədi, bir daha bu xəttə beyət etdi. Bu çox əzəmətli bir beyət idi. Özü də İmamın vəfatından 30 il sonra! Xalq İmama o şəkildə beyət etdi. İmam Xomeyni xalqın qəlbində bu cür yaşayır! Bəs nə oldu ki, sionizmin media imperatorluğunun bütün səylərindən sonra Allah-taala vəziyyəti onların istədiyinin tam əksinə dəyişdi? Halbuki o hadisədən bir neçə gün əvvəl və sonra sionizmin media imperatorluğu bütün dünyada bizim əziz və böyük komandanımızı terrorçuluqda ittiham etməyə çalışırdı; ABŞ prezidentinin özü də, Xarici İşlər Naziri də bunu demişdilər, sionist media orqanları bütün dünyada: “Terrorçu, terrorçu”, – deyə təkrar edirdilər. Təkcə burada – İranda yox, müxtəlif ölkələrdə insanlar bu böyük şəhidin ruhuna rəhmət oxudular, Amerika və İsrailin bayrağına od vurub yandırdılar. Məgər bunda Allahın əlini açıq-aydın müşahidə etmək olmurmu?! Peyğəmbərin (s) son dərəcə çətin bir vəziyyətdə, Sur mağarasında, tamamilə tək, kimsəsiz olduqları zaman öz yol yoldaşına dediyi: 

لا تَحزَن اِنَّ اللهَ مَعَنا

 – “Kədərlənmə, Allah bizimlədir” sözləri bunu göstərmirmi?! (2) Və ya Həzrət Musanın qorxmuş halda olan,

اِنّا لَمُدرَکون

– “indicə Fironun qüvvələri çatıb işimizi birdəfəlik bitirəcək” (3) – deyən Bəni-İsrailə söylədiyi:

کـَلّاِّ اِنَّ مَعِیَ رَبّی سَیَهدین

– “Xeyr, Rəbbim mənimlədir. O, mütləq, mənə yol göstərəcəkdir!" (4) sözləri. Məgər burada biz də Rəbbimizin bizimlə olduğunu görmürükmü?! İran xalqı hiss edə bilmirmi ki,

اِنَّ اللهَ مَعَنا

– “Allah bizimlədir!”? (5)  

Allah-taala öz qüdrətli əllərini bu ölkədə, bu toplumda, bu xalqın arasında işə salıb. Bu böyük şəhadətin özü də – şəhidin nəşinin xalq tərəfindən o cür möhtəşəm surətdə son mənzilə yola salınması baxımından – ilahi qüdrətin nişanələrindən biridir. Bu şəhadət Amerika dövlətini, həyasız Amerika administrasiyasını rüsvay etdi. Onlar terrorla mübarizənin ən görkəmli, ən güclü komandanlarından birini terror etdilər; Şəhid Süleymani sözün əsl mənasında bu regionda terrorla mübarizənin ən güclü komandanlarındandır, elə bu adla da tanınıb. Onun gördüyü işləri başqa hansı komandan görə bilər və görməyə qadir idi? Şəhid Süleymani 360ₒ düşmən blokadasında olan bir bölgəyə helikopterlə eniş etmişdi. O bölgədə yaxşı, mübariz gənclər çox idi, amma tək idilər, başlarında komandirləri yox idi. O gənclər Hacı Qasim Süleymanini görəndə canlanmış, yeni ruh, stimul tapmış, blokadanı qıraraq düşməni qaçıb gizlənməyə məcbur etmişdilər. Bunu başqa kim edə bilərdi? Onlar bütün regionda terrora qarşı mübarizənin ən güclü və şanlı komandanını terror etdilər. Özü də onunla döyüş meydanında üz-üzə gəlmədilər. Amerika dövləti onu xaincəsinə, alçaqcasına terror etdi, özləri də bunu etiraf etdilər. Tutduğu bu iş Amerika üçün üz qarası oldu. Bu hadisəyə qədər bu regionda belə işlər yalnız İsraildən baş vermişdi: ayrı-ayrı insanları terror etmişdilər, HƏMAS-ın başçısını terror etmişdilər, “Biz etmişik”, – demişdilər, Cihad Təşkilatının başçısını terror etmişdilər, “Biz etmişik”, demişdilər. Terror edir və bunu boyunlarına alırdılar. Amerikalılar çox adamlar öldürüblər; İraqda, Əfqanıstanda, başqa yerlərdə bacardıqları qədər insan öldürüblər, terror ediblər, amma bu vaxta qədər kimisə terror etdiklərini etiraf etməmişdilər. Burada isə özləri etiraf edib dedilər ki, biz terror etmişik. Burada ABŞ prezidenti özü öz dili ilə etiraf etdi. Allah öz əməlini öz dili ilə etiraf edənlərin boynunun ardından vuracaq. Terrorçu olduqlarını özləri etiraf etdilər, dedilər ki, biz terror etmişik. Bundan da böyük rüsvayçılıq ola bilərmi?! Keşikçi Korpusun onlara qüdrətlə verdiyi cavab da düşündürücüdür. O əziz insanın şəhadəti və Allahın günlərindən olan o dəfn günü olayın bir tərəfidirsə, digər tərəfi də Keşikçi Korpusun bu terror hadisəsinə qüdrətlə verdiyi reaksiyadır və haqqında dərindən düşünməyə layiqdir. Bu, Amerikaya vurulan bir zərbə idi. Əlbəttə, hərbi zərbə idi, effektiv bir hərbi zərbə idi, amma onun hərbi xarakterli olmağından çox, dünyada super-güc sayılan Amerikanın heysiyyətinə, heybətinə göstərdiyi təsir daha önəmli və daha üstün idi. (6) Amerika illərdir ki, Suriyada, İraqda, Livanda, Əfqanıstanda zərbələr alır, müqavimətin güclü zərbələri ilə üzləşir, amma bu zərbə onların hamısından daha üstün idi. Bu, Amerikanın heysiyyətinə, imicinə vurulan bir zərbə idi. Bu zərbəni heç nə ilə kompensasiya etmək mümkün deyil. İndi onlar elan edirlər ki, İrana qarşı tətbiq etdikləri sanksiyaları artıracaqlar, amma bu, Amerikanın itirilmiş nüfuzunu geri qaytara bilməz. Bu qüdrətli cavab belə bir xüsusiyyətə malik idi. Bu da saf niyyətlə edilən cihadın qarşılığı olaraq ilahi yardımın təzahürlərindən biridir. 

Mənim əzizlərim, namaz qılan qardaş və bacılar! İxlasın, saf niyyətin bərəkəti var. Harada ixlas varsa, Allah-taala o yerdə saf niyyətli bəndələrinin ixlasına bərəkət verir, gördükləri iş bərəkətli olur, inkişaf edir, çiçəklənir, təsirindən hər kəsə pay düşür, bərəkətli nəticələri insanlar arasında qalıcı olur. Bu, ixlasdan qaynaqlanır. O ixlasın nəticəsi isə elə xalqın sevgi və sədaqəti, tökdüyü göz yaşları, dərdli sinələrdən qopan ahlar, xalqın iştirakı və inqilabi ruhiyyəsinin yenilənməsidir. Amma biz bu hadisələrin tariximizdəki yerini müəyyən etmək, onların həqiqi qiymətini vermək və qədrini bilmək istəyiriksə, bunu yalnız o zaman edə bilərik ki, əziz şəhidlərimiz Hacı Qasim Süleymaniyə və Əbu Mehdiyə yalnız bir fərd kimi yox, bir məktəb kimi baxaq. Biz şəhid olmuş əziz komandirimizə öyrədici bir məktəb, bir yol gözü ilə baxsaq, o zaman bu hadisənin əhəmiyyəti bizə aydınlaşar. Bu hadisənin qədir-qiyməti bizə məlum olar. Biz Qüds Korpusunu sırf bir administrativ qurum olaraq yox, böyük və işıqlı bəşəri amallara sahib olan bir humanitar qurum olaraq görməliyik. O zaman o insan izdihamı, xalqın təzim və ehtiramı, şəhid olmuş komandiri o cür yüksək tutması bizim üçün tam başqa məna kəsb edər. Əlbəttə ki, Ordu və Keşikçi Korpusdan tutmuş Bəsic Qüvvvələrinə qədər bizim bütün silahlı qüvvələrimizin ideoloji bazasında ilahi hədəflər durur; heç şübhəsiz. Bu gün ölkəmizdə məsələ bundan ibarətdir. Bizim bütün silahlı qüvvələrimizin ideoloji bazası ülvi ilahi hədəflərdən ibarətdir. Qüds Korpusu hər yerdə hər kəsə geniş ürəklə yanaşan bir strukturdur. Onlar sərhədsiz döyüşçülərdir; sərhədsiz döyüşçülər. Harada ehtiyac olarsa, o döyüşçülər o yerdə hazır olurlar. Onlar zülmə məruz qalanların heysiyyətini qoruyur, sinələrini sipər edərək müqəddəs ziyarətgahların keşiyində dururlar. Biz Qüds Korpusuna bu gözlə baxsaq, o zaman bilərik ki, onlar – canları, var gücləri ilə, əlləri çatdığı qədər başqa xalqlara kömək edən, regiondakı zəif və məzlumların yardımına tələsən o döyüşçülər müharibə, terror və təxribatın kölgəsini elə öz ölkəmizdən də dəf edib uzaqlaşdırırlar. Əziz vətənimizin təhlükəsizliyinin önəmli bir hissəsi şəhid komandirimizin komandanlığı altında illərlə çalışıb xidmət etmiş mömin gənclərin zəhmətinin məhsuludur. Onlar təhlükəsizlik gətirən qüvvələrdir, ölkəmizə də təhlükəsizlik gətirirlər. Bəli, Fələstinin, Qəzzanın və onların varlığına ehtiyac duyan digər bölgələrin köməyinə çatırlar, amma elə öz ölkəmizə də təhlükəsizlik qazandırırlar. Amerikanın silahlandırdığı o düşmən İraq və ya Suriya üçün hazırlanmamışdı. Son hədəf İran idi; bizim əziz İranımız. İŞİD-i təkcə İraqda ağalığı ələ keçirməsi üçün yaratmamışdılar. Əsas və son hədəf İran idi. Onlar bu yolla bizim təhlükəsizliyimizi, bizim sərhədlərimizi pozmaq, bizim şəhərlərimizin, bizim ailələrimizin asayişini yox etmək istəyirdilər. İŞİD məhz o mömin gənclərin əli ilə durduruldu; onlar getdilər və çalışıb o böyük işi həyata keçirdilər. 

Yalana uyub bir vaxtlar: “Nə Qəzza, nə Livan!” – deyə qışqıranlar nəinki İran üçün canlarını fəda etmədilər, hətta ölkəmizin uğrunda rahatlıqlarından, mənafelərindən belə keçməyə hazır olmadılar. Canını fəda edənlər yenə də Şəhid Süleymanilər oldu. Ölkənin müdafiəsinə qalxmaq lazım olanda ölümü gözə alıb döyüş meydanına yollanan və ölkəni – İranı müdafiə edən də məhz onlar idi. Ölkənin, xalqın təhlükəsizliyini qoruduqlarını yalnız onlar iddia edə bilərlər. Məhz onların ixlas və fədakarlığı sayəsində hər zaman bu cür olub. Bu baxışla, bu yanaşma ilə biz İran xalqının kimliyini, xalqımızın mənəviyyatını və batinini aşkara çıxara bilərik. Tehranda, Qumda, Xuzistanda, Kirmanda və digər şəhərlərdə küçələrə axışıb əziz şəhidin cənazəsini müşayiət edən milyonlarla insana – bu böyük sınaqda, həqiqətən də, xalqımızın on milyonlarla nümayəndəsi iştirak etdi – onları uzaqdan seyr edib göz yaşı axıdanlara, müxtəlif şəhərlərdə uzaqdan yas tutanlara baxanda o insanların içini bilmək, batininin həqiqətini dərk etmək olur. Bu baxımdan hansı siyasi partiya və ya cinaha, hansı ictimaiyyətə, hansı etnik qrupa, hansı coğrafi bölgəyə aid olmalarından asılı olmayaraq xalqımızın bütün nümayəndələri eynidirlər: İslam İnqilabını, İslam dininin hakimiyyətini dəstəkləyirlər, zülmə qarşı çıxmağın, imperialist, istismarçı dövlətlərin bütün tamahkar tələblərinə “Yox!” deməyin tərəfdarıdırlar. 

İran xalqı cihad kursunu şücaətlə müdafiə etdiyini, müqavimətin simvollarının aşiqi olduğunu, təslimçiliyin yox, mübarizliyin tərəfdarı olduğunu nümayiş etdirib. Bizim böyük xalqımızı insanlara, xarici, yaxud da elə daxili ictimaiyyətə başqa cür təqdim etmək istəyənlər xalqa qarşı saf niyyətli deyillər. Bizim xalqımız budur: bu xalq müqavimətin, düşmənlərin hegemonluğuna qarşı mübarizənin tərəfdarıdır. Yalandan və alçaqcasına: “Biz İran xalqının yanındayıq!” – deyən o amerikalı təlxəklər görsünlər ki, İran xalqı kimdir. İran xalqı şanlı şəhidimizin şəklini təhqir edən o bir neçə yüz nəfərdir, ya küçələrdə nəhəng izdihamla varlığını nümayiş etdirən milyonlarla insan?! (7) Məşum ABŞ dövlətinin rəsmiləri İran xalqının yanında olduqlarını daim deyirlər. Yalan deyirsiniz! Siz İran xalqının yanında olsanız belə, öz zəhərli xəncərinizi onun sinəsinə saplamaq niyyəti ilə yanındasınız. Əlbəttə, indiyə qədər bunu edə bilməmisiniz, bundan sonra da əsla heç bir qələt edə bilməyəcəksiniz! (8) İran xalqı bu hadisədə özünü göstərdi, öz kimliyini, əqidəsini, ideoloji əsaslarını göstərdi. İran xalqı öz səmimi hislərini nümayiş etdirdi. Amerika hərbi bazasının altını üstünə çevirən o raketlərin yanacağı əslində ölkənin dörd bir yanında xalqın sinəsindən qopan “İntiqam!” fəryadı idi.(9)  

Allahın günlərinin əhəmiyyətindən danışarkən bir məqamı da qeyd etmək lazımdır ki, Allah-taala Həzrət Musaya buyurur:

وَذَکِّرهُم بِاَیّامِ ‌الله

“Onlara Allahın günlərini xatırlat”.

– yəni Allahın günləri camaatın xatirəsində əbədi qalmalıdır. Son günlər yaşanan və mahiyyətcə Allaha aid olan o həssas günləri unutdurmağa, Allahın o böyük gününü arxa plana keçirə bilmək üçün tamamilə başqa məsələləri gündəmə gətirməyə çalışan qüvvələr var. Belə cəhdlərdən biri də son dərəcə təəssüfləndirici bir olay olan sərnişin təyyarəsinin düşməsi idi. Bəli, təyyarənin düşməsi acı və kədərli bir hadisə idi; bu hadisə hamımızın ürəyini sözün əsl mənasında yandırdı. Əziz gənclərimizi, gözəl insanlarımızı, həmçinin digər ölkələrdən burada qonaq olan insanları itirməyimiz son dərəcə kədərli bir hadisə idi. Buna əsla şübhə yoxdur, lakin bir qrup adam ABŞ telekanallarının və İngiltərə radiosunun istiqamətləndirməsi ilə bu hadisəni elə qələmə verməyə çalışdı ki, o iki əziz şəhidimizin şəhadəti ilə bağlı yaşananlar unudulsun. Elə etmək istədilər ki – onların düşüncəsinə görə – camaat Allahın o günlərini yaddan çıxarsın. Özü də bunu edən elə adamlar idi ki, milli mənafe ilə, ölkənin mənafeyi ilə onlar arasında heç bir bağlılıq tapmaq mümkün deyil. Doğrudan da, qəribədir. Düzdür, bəzi adamlar var ki, gəncdirlər, emosional davranırlar, aldanırlar, amma bir qrup adam da var ki, heç gənc də deyillər. Baxıb görürsən ki, bunlar milli mənafeyi dərk etməyə və qorumağa qətiyyən hazır deyillər. Dillərində və əməllərində yalnız düşmənin istədikləridir, düşmən dəyirmanına su tökürlər. Mən demək istəyirəm ki, təyyarənin düşməsi olayı bizi nə qədər kədərləndirdisə, düşmənimizi bir o qədər sevindirdi. Düşmənimiz Keşikçi Korpusu, ölkəmizin silahlı qüvvələrini, İslam Respubikasını sual altına salmaq üçün əlinə bəhanə keçdiyinə görə məmnun oldu. O böyük hadisəni arxa plana keçirə bilmək üçün bunu etmək istəyirdilər, amma yanıldılar.

وَ مَکَروا وَ مَکَرَ اللهُ وَ اللهُ خَیرُ الماکِرین

“Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)”. (“Ali-İmran” surəsi, 54-cü ayə)
Onlar məkr etdilər, amma bilmədilər ki, Allahın qüdrətinin qarşısında onların məkri heç nədir, bunu edə bilməyəcəklər. Allahın günlərindən olan o iki böyük gün – şəhid komandanın cənazəsinin dəfni və ABŞ hərbi bazasının darmadağın edilməsi bu xalqın yaddaşından silinməyəcək, inşallah, günü-gündən daha da canlanacaq.

Bu məqamda mən o faciəli hadisədə həlak olmuş insanların yaxınlarına onlarla həmdərd olduğumu bir daha səmimi-qəlbdən ifadə etmək istəyirəm – biz onların kədərinə şərikik – və qəlbləri qəm-kədərlə dolu olduğuna baxmayaraq, düşmənin məkrli planları və vəsvəsələri qarşısında mətin dayanan, düşmənin arzuladığının əksinə mövqe tutub danışan ata-analara və digər yaslı ailə üzvlərinə öz təşəkkürümü bidirirəm. Həmin təyyarədə həlak olmuş əzizlərimizdən birinin anası mənə məktub yazmışdı, “Biz İslam Respublikasının arxasındayıq, sizin məqsəd və məramınızı dəstəkləyirik”, – deyirdi. Baxın, bunu demək üçün şücaət lazımdır, gözüaçıq olmaq, prosesləri dərk etmək lazımdır. Bu cür şəxsiyyətlərin qarşısında insan, həqiqətən də, dərin ehtiram hissi duyaraq təzim edir.

Bunu da qeyd edim ki, o böyük hadisələri arxa plana keçirmək cəhdlərindən biri də o 3 Avropa ölkəsinin atdığı addımdır; xəbis İngiltərə dövləti, Fransa və Almaniya. İranı hədələdilər ki, nüvə məsələsini yenidən Təhlükəsizlik Şurasına çıxaracaqlar. Əlbəttə, sevindirici haldır ki, ölkəmizin rəsmiləri onların cavabını qətiyyətlə verdilər; onlara qətiyyətli cavab verildi. Bu 3 ölkə məcburən cəlb olunduğumuz müharibədə Səddam Hüseynə əllərindən gəldiyi qədər kömək edən ölkələrdir. Almaniya bizim şəhər və cəbhələrimizi vurması üçün Səddam Hüseyni kimyəvi silah və maddələrlə təmin edirdi. Veteranlarımız hələ də bunun əziyyətini çəkir. Fransa bizim neft gəmilərimizi vurması üçün Səddam Hüseynə “Super Etendar” tipli döyüş helikopterləri verirdi. O dövlətlərin keçmişi budur. İngiltərə bütün varlığı ilə bizim düşmənlərimizə, Səddama xidmət edirdi. Bunlar belədir, bunların keçmişi budur, bu gün də belə hərəkət edirlər. Bunlara bu gözlə baxmaq lazımdır. Mən əvvəldən də demişdim, Amerika nüvə razılaşmasından çıxandan sonra o 3 dövlət boş-boş danışanda da dedim ki, mən bunlara inanmıram, bunlar heç bir iş görməyəcəklər, Amerikaya işləyəcəklər. Aradan 1 ilə yaxın vaxt keçir və bu gün tamamilə aydın olub ki, bunlar sözün həqiqi mənasında Amerikanın sözü ilə oturub-dururlar. O həqir dövlətlər yalnız Amerikanın dediyini edirlər. Sonra da İran xalqını diz çökdürəcəklərini gözləyirlər. Heç sizdən böyük olan, sizin önünüzdə duran, sizi idarə edən Amerika İran xalqını diz çökdürə bilmədi, siz bunu edə bilməyəcək qədər cılızsınız. (10) Bunlar danışıqlara da gedəndə işlərində, mütləq, hiylə və yalan olur. Danışıqlar masasının arxasına oturan o centlmenlər elə Bağdad aeroportunda terror törədənlərdir. O terrorçular elə bunlardır, heç bir fərqləri yoxdur, bircə əyinlərindəki geyim fərqlidir. Bu, məxmər əlçək içərisində uzadılan polad əldir, örtüyü yumşaq olsa da, içi, batini eynidir, heç bir fərqi yoxdur. Bunlar inanılası adamlar deyil.

Bəli, dedik ki, İran xalqı bu hadisələrin mahiyyətini dərk edir, onların qədir-qiymətini bilir. Yaxşı, bəs bundan sonra nə etməliyik? Mən bir kəlmə ilə belə demək istəyirəm: əziz İran xalqı bütün əzmini güclü olmağa yönəltməlidir. (11) İran xalqının qarşısında duran yeganə yol güclü olmaqdır. Güclü olmağa çalışmalıyıq. Biz heç danışıqlara getməkdən də çəkinmirik – əlbəttə ki, Amerika ilə yox, başqaları ilə – amma danışıqlara gedərkən zəif mövqedən yox, güclü, qüdrətli mövqedən çıxış etməliyik. Biz, əlhəmdulillah, qüdrətliyik, Allahın köməyi ilə, daha da qüdrətli olacağıq. Əlbəttə ki, qüdrət təkcə hərbi qüdrət deyil; güc hərbi güc deyil; ölkəmizin iqtisadiyyatı güclü olmalıdır, neftdən asılılığa son qoyulmalıdır, iqtisadiyyatımızın neftdən asılılığından qurtulmalıyıq. Elm və texnologiyada sıçrayışlı inkişaf davam etdirilməlidir. Bütün bunların dayağı isə əziz xalqımızın fəal iştirakıdır. İran xalqı və ölkəmizin rəsmiləri bütün səylərini ölkənin və xalqın güclənməsinə yönəltməli, bir olmalı, fəal olmalı, tənbəllikdən çəkinərək səbir və dözümlə gərgin işləməlidirlər. Bu olsa, Allahın köməyi ilə, Allahın lütfü sayəsində İran xalqı elə bir vəziyyətə gələcək ki, düşmənlər hətta onu təhdid etməyə belə özlərində cürət tapmayacaqlar. (12)

بِسمِ اللهِ الرَّحمّْنِ الرَّحیمِ * وَ العَـصرِ * اِنَّ ‌الاِنسانَ‌ لَفی‌ خُسرٍ* اِلَّا الَّذینَءامَنوا وَعَمِلُوا الصّالِحّْتِ‌‌ وَتَواصَوا بِالحَقِّ ‌وَتَواصَوابِالصَّبرِ

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

And olsun axşam çağına ki, * insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. * Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)” (“Əsr” surəsi)

İkinci xütbə

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله‌ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و آله الطّاهرین سیّما علیّ امیرالمؤمنین و حبیبته الزّهراء المرضیّة و الحسن و الحسین سیّدی شباب اهل الجنّة و علیّ ‌بن ‌الحسین زین العابدین و محمّد بن‌ علیّ الباقر و جعفر بن‌ محمّد الصّادق و موسیٰ ‌بن ‌جعفر الکاظم و علیّ ‌بن‌ موسیٰ الرّضا و محمّد بن ‌علیّ الجواد و علیّ ‌بن ‌محمّد الهادی و الحسن ‌بن ‌علیّ الزکیّ العسکری و الحجّة بن الحسن القائم المهدی صلوات‌ الله علیهم اجمعین. اوصیکم عباد الله‌ بتقوی الله‌

Bir daha bütün qardaş və bacılarıma təqvalı olmağı tövsiyə edirəm. Danışığımızda, hərəkətimizdə, davranışımızda, ətrafdakılarla ünsiyyətdə olarkən, xarakterimizi üzə çıxararkən – bütün bunlarda ilahi təqvanı, Allahın razılığını nəzərə alaq. Mən qısaca olaraq iki məqama toxunmaq istəyirəm, ardınca ərəb qardaşlarımıza da müraciət edərək bəzi məsələləri qeyd edəcəyəm. Qısaca toxunacağım iki məqamdan biri sərnişin təyyarəsinin vurulması ilə bağlıdır. Həlak olanların ailə üzvlərinə bir daha başsağlığı verir, onların dərdinə şərik olduğumuzu bildiririk. Bu hadisədə qaranlıq qalan məqamlar var. Keşikçi Korpusun komandanlarına təşəkkürümüzü bildiririk ki, açıqlama verdilər, camaata müəyyən məsələləri izah etdilər, lakin baş vermiş hadisə araşdırılmalı və analoji hadisələrin qarşısı ciddi surətdə alınmalıdır. Hadisəni araşdırmaq önəmlidir, amma ondan daha önəmlisi bu tip hadisələrin təkrarlanmasının qarşısını almaqdır.

Toxunacağım ikinci məqam seçkilərlə bağlıdır. İnşallah, mən seçkilər barədə ətraflı danışacağam, bu gün isə yalnız bunları demək istəyirəm: əziz qardaşlar, əziz bacılar, əziz İran xalqı! İran xalqının iştirakı onun iqtidarının ən önəmli amilidir, bu iştiraka isə müxtəlif yerlərdə tələb yarana bilər. O yerlərdən ən önəmlilərindən biri seçkilərdir. İran xalqının seçkilərdə iştirakı ölkəni sığortalayır, düşmənləri məyus edir. Düşmən əlindən gəldiyi qədər, min bir hiylə ilə xalqın seçkilərdə fəal iştirakına əngəl olmağa çalışır. Mən isə deyirəm: xalqımız seçkidə böyük həvəs və ruh yüksəkliyi ilə, fəal iştirak etməlidir. Mənim seçki ilə bağlı qeyd etmək istədiyim digər müxtəlif məsələlər də var ki, inşallah, ölməyib sağ qalsaq, gələcək görüşlərimizdə onlara da toxunmaq fikrindəyəm. Bu gün isə yalnız seçki məsələsinin bu əsas tərəfini qeyd etmək istəyirdim. Diqqətli və ehtiyatlı olun ki, düşmən bu məsələdə öz istəyini – seçkiləri ölgünləşdirmək, əhalinin seçki fəallığını aşağı salmaq planını reallaşdıra bilməsin.

Ərəbcə xütbə

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمد لله ربّ العالمین وصلّی الله علی محمّد وآله الطّاهرین وصحبه المنتجبین

Regionumuzun tarixindəki bu həssas dönəmdə siz ərəb qardaşlarıma qısa bir müraciət etmək istəyirəm. Bu günlərdə İranın böyük və şücaətli bir komandanı, eləcə də İraqın fədakar və ixlaslı bir mücahidi Amerikanın muzdlu hərbçilərinin əli və terrorçu ABŞ prezidentinin göstərişi ilə şəhid edilmişlər. Bu cinayət üzbəüz meydanda yox, tamamilə qorxaqcasına törədilib. Şəhid komandan Süleymani ən təhlükəli meydanlarda ön sıralarda örnək olası bir şücaətlə döyüşən bir insan idi. O, Suriya və İraqda İŞİD və ona bənzər terrorçu ünsürlərin məğlub edilməsində ən güclü faktorlardan biri idi. General Süleymani ilə meydanda üzbəüz gəlməyə cürət etməyən amerikalılar İraq hökumətinin dəvəti ilə Bağdad aeroportunda olduğu zaman ona qorxaqcasına, təyyarə ilə hücum edərək onun və yoldaşlarının pak qanını tökdülər. Və bu birinci dəfə deyil ki, İran və İraq övladlarının Allah yolunda qanı birgə axıdılır.

İranın Keşikçi Korpusu yubanmadan cavab zərbəsi endirərək öz raketləri ilə ABŞ hərbi bazasını darmadağın etməklə o zülmkar və imperialist dövlətin nüfuz və ehtişamını ayaqlar altına saldı. Onun əsl cəzası isə regiondan kənarlaşdırılmasıdır. İran xalqı o iki böyük mücahidin nəşini on milyonların iştirak etdiyi misilsiz izdihamla son mənzilə yola saldı. İraq xalqı da müxtəlif şəhərlərdə onları sonsuz ehtiramla müşayiət etdi, bir neçə digər ölkədə də insanlar həyəcanlı izdihamlarla bizimlə həmdərd olduqlarını ifadə etdilər.

İran və İraq xalqlarını bir-birinə qarşı kökləmək üçün qərəzli cəhdlər oldu, çoxlu pullar xərcləndi, məsuliyyətini dərk etməyən adamlardan istifadə etdilər, İranda İraq xalqı əleyhinə, İraqda da İran xalqı əleyhinə məkrli təbliğat aparıldı. Lakin bu böyük şəhadət bütün bu şeytani təbliğatları və iblisanə vəsvəsələri puç etdi.

Mənim sizə demək istədiyim budur ki, İslam dininin, mənim və sizin qüdrətimiz çürük kapitalist güclərin zahiri qüdrət və heybətinə qalib gələ bilər. Qərb dövlətləri elm və texnologiyaya arxalanaraq silah və yalan təbliğat gücünə, məkrli siyasətlərlə bu regionun ölkələrini işğal etməyi bacarıblar. Xalq hərəkatı nəticəsində hansısa ölkədən çıxmağa məcbur olduqları zaman isə hiyləgər planlarından, media vasitəsilə təsir göstərməkdən, siyasi və iqtisadi ağalıqdan bacardıqları qədər əl çəkməyiblər. Qərbi Asiya ölkələrinin tam ortasında ödürücü xərçəng şişi kimi İsrail rejimini yerləşdirməklə region ölkələri üçün daimi bir təhlükə yaradıblar. İranda İslam İnqilabı qələbə qazandıqdan sonra qəsbkar İsrail rejiminə ağır siyasi və hərbi zərbələr endirildi və bunun ardınca İraq və Suriyadan tutmuş Qəzza və Livana, Yəməndən Əfqanıstana qədər başda Amerika olmaqla imperializmin zəncirvari məğlubiyyətləri gəldi. Düşmən mediası İranı proksimüharibələr törətməkdə ittiham edir. Bu, böyük bir yalandır. Region xalqları artıq oyanıb. İranın Amerikanın xəbis davranışları qarşısında uzun müddət müqavimət göstərə bilməsi regionun ümumi atmosferinə və xalqların ruhiyyəsinə öz təsirini göstərib. Bu regionun alın yazısında Amerika imperializmindən qurtulmaq və Fələstinin yadelli sionistlərdən xilas olması var!

Xalqlar əzm və iradə nümayiş etdirərək bu məqsədə daha tez çatmalıdırlar. İslam dünyası konflikt törədən amilləri aradan götürməlidir. Din alimlərinin birliyi modern islami həyat tərzi üçün İslam dininə müvafiq həll yollarını ortaya çıxarır. Universitetlərimizin əməkdaşlığı elm və texnologiyanı inkişaf etdirib. Bu inkişaf yeni sivilizasiyanın bazasını yaradacaq. Media orqanlarımızın koordinasiyalı fəaliyyəti ümumi mədəniyyəti kökündən islah edəcək. Silahlı qüvvələrimiz arasında əlaqələrin qurulması müharibə və təcavüzü bütün regiondan uzaqlaşdıracaq. Bazarlarımızın əlaqələndirilməsi ölkələrimizin iqtisadiyyatını talançı xarici şirkətlərin ağalığından qurtaracaq.

Xalqlarımızın gediş-gəlişi, qarşılıqlı səfərləri bizə həmrəyliyi, vəhdəti və dostluğu töhfə verəcək. Sizin və bizim düşmənlərimiz öz iqtisadiyyatlarını bizim ölkələrimizin resursları, öz nüfuzlarını bizim xalqlarımızın zəlaləti və öz başçılıqlarını bizim aramızdakı konfliktlər hesabına təmin etmək istəyirlər. Onlar bizi bizim öz əllərimizlə məhv etmək niyyətindədirlər. Amerika istəyir ki, Fələstin amansız və cinayətkar sionistlərin qarşısında müdafiəsiz vəziyyətdə, Suriya və Livan ondan asılı olan muzdur dövlətlərin işğalı altında, İraq və onun neft sərvətləri isə büsbütün ona aid olsun. Bu məşum məqsədlərinə çatmaq naminə Amerika ən böyük zülmlərdən və şər əməllərdən çəkinmir. Suriyanın bir neçə ildir ki, üz-üzə qaldığı çətin sınaq, Livanda ard-arda baş verən fitnələr, İraqda müntəzəm olaraq törədilən provakasiya və təxribatlar buna nümunədir.

Xalq Səfərbərlik Qüvvələrinin komandanı Şəhid Əbu Mehdinin və Keşikçi Korpusun şanlı komandanı Şəhid Süleymaninin açıq-açığına terror edilmələri İraqda törədilən fitnəkarlıqların misli görünməmiş nümunəsidir. Onlar İraqla bağlı çirkin hədəflərini vətəndaş müharibələri, daxili konfliktlər yaratmaq və nəticədə İraqı bölmək, mömin, mübariz və mücahid qüvvələri sıradan çıxarmaq yolu ilə təmin etmək niyyətindədirlər. Onların həyasızlığının bariz nümunəsi budur ki, daim özlərini demokratiyanın himayədarı kimi qələmə verən amerikalılar İraq parlamenti İraqdan çıxmaları barədə qərar qəbul etdikdən sonra formallığı bir kənara qoyub: “Biz İraqa buradan getmək üçün gəlməmişik və burada qalacağıq” – dedilər.

İslam dünyası yeni bir səhifə açmalıdır. Sayıq gənclər və mömin qəlblər xalqlarda özünəinamı oyatmalıdırlar. Və qoy hamı bilsin ki, xalqların qurtuluşu tədbirli və mətin olmaqda, düşməndən qorxmamaqdadır. Allah-taala müsəlman xalqlara öz rəhmət və köməyini nəsib etsin. 

بِسمِ اللهِ الرَّحمّْنِ الرَّحیمِ * اِنّاِّ اَعطَینّْکَ الکَوثَرَ * فَصَلِّ لِ‌رَبِّکَ وَ انحَر * اِنَّ شانِئَکَ هُوَ الاَبتَرُ.

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! * Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! * (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)” (“Kövsər” surəsi)

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________

(1) İştirakçılar təkbir deyirlər 
(2) “Tövbə” surəsi, 40-cı ayə
(3) “Şuəra” surəsi, 61-ci ayə
(4) “Şuəra” surəsi, 62-ci ayə
(5) “Tövbə” surəsi, 40-cı ayə
(6) İştirakçılar təkbir deyirlər
(7) İştirakçılar təkbir deyirlər
(8) İştirakçılar təkbir deyirlər
(9) İştirakçılar təkbir deyirlər
(10) İştirakçılar təkbir deyirlər
(11) İştirakçılar təkbir deyirlər
(12) İştirakçılar təkbir deyirlər