Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ağacəkmə günü ərəfəsində aksiyaya qoşularaq iki ting əkdikdən sonra etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و صلّی الله علی نبیّه و آله الطّاهرین

Allaha şükürlər edirik ki, bizə də Ağacəkmə günü ərəfəsində ölkədə bu bərəkətli aksiyanı keçirənlərə qatılaraq bir ağac əkməyi nəsib etdi. Ətraf mühitlə bağlı məsələlər haqda mən də, başqaları da çox danışmışıq. Bu gün isə ölkənin aktual bir problemi, yəni ölkədə epidemiya halını almış xəstəlik barədə bir neçə cümlə demək istəyirəm.

Bundan əvvəl mən həkimlərimizə, şəfqət işçilərimizə və ölkəmizin bütün səhiyyə müəssisələrinin kollektivlərinə öz səmimi təşəkkürümü bildirmişdim. Bu əziz insanlarımızın hamısına bir daha öz minnətdarlığımı bildirməyi lazım bilirəm. Həqiqətən də, bu günlər ərzində bizim üçün ibrət dərsi, nümunə olan faktların şahidi olduq. Əlhəmdulillah, bütün bunlar ölkəmizin səhiyyə işçilərinin nə qədər məsuliyyətli olduğunu, öz dini və insani borcunu nə qədər gözəl dərk etdiklərini göstərir. Həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri hazırda, həqiqətən də, Allah yolunda cihad etməkdədirlər. Onların bu gün gördüyü bu iş, doğrudan da, Allah yolunda cihaddır və çox yüksək mənəvi dəyərə malikdir. O əzizlərimizin ailə üzvlərinə – həyat yoldaşlarına, övladlarına, ata-analarına da təşəkkür etməyi lazım bilirəm. Bəziləri sutkalarla gedib evlərinə baş çəkmirlər, işdə olurlar, demək olar, gecə-gündüz işləyirlər, ailələri də buna dözür, səbirlə yanaşır. Mən onların ailələrinə də dərin təşəkkürümü bildirirəm.

İstər xəstəxanada müalicə alan, istərsə də öz evlərində karantində olan vətəndaşlarımızın da hamısı üçün dua edib Allahdan şəfa diləyirəm. Vəfat edənlərə Allah rəhmət etsin. Onların yaxınlarına başsağlığı verir, səbir və təmkin diləyirəm.

Əziz xalqımızdan bir neçə istəyim var; biri budur ki, rəsmi qurumların tövsiyə və göstərişlərinə ciddi yanaşıb əməl etsinlər. Səhiyyə qurumlarının, mütəxəssislərin bu xəstəliyin qarşısının alınması, gigiyena qaydalarına riayət olunması, əllərin və üzün, yaşayış yerlərinin təmiz saxlanması, çirklənmədən qorunması ilə bağlı göstərişlərinə əməl etmək lazımdır. Şübhəsiz ki, cəmiyyətin sağlamlığına, bu xəstəliyin yayılmamasına yardım edəcək hər bir şey dini nöqteyi-nəzərdən gözəl bir əməldir, savabdır. Və əksinə  – bu xəstəliyin yayılmasına rəvac verəcək istənilən addım günahdır. Allah-taala özümüzün və başqalarının, ətrafdakı insanların sağlamlığına  məsuliyyətlə yanaşmağı bizim üçün şəri vəzifə bilib. Odur ki mənim birinci tövsiyəm də elə bundan ibarətdir: rəsmilərin müəyyən etdiyi qaydalara tam şəkildə riayət etməyi özümüzün vacib dini vəzifəmiz bilək, lazımlı bilək və onlara əməl edək.

Növbəti və çox önəmli olan bir tövsiyəm isə Allah-taalaya qarşı diqqət və təvəssülü artırmaq, Yaradandan bu bəladan qurtuluş üçün yardım diləməklə bağlıdır. Bu, çox lazımlı bir işdir. Bu barədə Qurani-Kərim də bizə göstəriş verərək buyurur:

قُل ما یَعبَؤُا بِکُم رَبّی لَولا دُعاٰؤُکُم

“Əgər dualarınız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (“Furqan” surəsi, 77-ci ayə)

Və ya başqa bir yerdə:

وَ اَنیبوا اِلی رَبِّکُم وَ اَسلِموا لَه

“(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun”. (“Zumər” surəsi, 54-cü ayə)

Digər bir yerdə:

وَ اذکُر رَبَّکَ فی نَفسِکَ تَضَرُّعًا وَخیفَة

“Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (“Əraf” surəsi, 205-ci ayə)

Quranın bir sıra ayələri var ki, bizə müxtəlif hadisələr qarşısında Yaradana təvəssül etməyi, əllərimizi göyə qaldırıb Allahdan kömək istəməyi əmr edir; fərqi yoxdur, istər bunlar bu qəbildən olan təbii hadisələr olsun, istərsə də ölkənin, xalqın və şəxsən özümüzün üzləşdiyimiz digər cürbəcür hadisələr. İndi bəzən deyirlər ki, məsələn, filan duanı oxumaq, yaxud filan əməli yerinə yetirmək lazımdır. Mənim bu barədə xüsusi bir tövsiyəm yoxdur. Dua o deməkdir ki, Allah-taala ilə danışaq, Allahdan istəyək. Mənim özəlliklə bizim saf qəlbli gənclərimizə, mömin, təqvalı, pərhizkar insanlarımıza ümidim çoxdur, inanıram ki, onlar öz duaları ilə böyük bəlaları dəf edə bilərlər. Mənə görə, bu, o qədər də böyük bir bəla deyil, bundan da böyük bəlalar olub, bu gün də var. Elə öz ölkəmizdə də başımıza gəldiyi olub. Dua və təvəssüllə, məsum imamlardan (ə), əziz İslam peyğəmbərindən (s) şəfaət, vasitəçilik və kömək istəyib o böyük şəxsiyyətlərə mənəvi bağlılıq axtarmaqla bir sıra problemləri ortadan qaldıra bilərik. Mənim növbəti tövsiyəm də budur. Konkret olaraq hansısa duanı tövsiyə etmək lazım olsa, mən “Səhifeyi-Səccadiyyə”dəki 7-ci duanı oxumağı məsləhət görərdim. Bu dua “Məfatih” kitabında da var:

یَا مَن‌ تُحَلُّ بِهِ‌ عُقَدُ الْمَکَارِهِ وَ یَا مَنْ یُفثَأُ بِهِ حَدُّ الشَّدَائِد

Bu çox yaxşı bir duadır, gözəl məzmunu var. Mənasına diqqət yetirərək bu duanı oxusunlar və Allah-taalaya bu gözəl kəlmə və ifadələrlə dua etsinlər. Bu da bir məqam.

Növbəti məqam: mən bütün dövlət strukturlarından xahiş və tələb edirəm ki, tam məsuliyyətləri ilə bu məsələdə ön sırada olan Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edib onlar üçün hər cür imkan və şərait yaratsınlar. Əlbəttə, biz silahlı qüvvələrdən və Baş İdarəmizlə əlaqəli olan bütün strukturlardan da xahiş etmişik ki, bu sahədə bütün imkanlarını vətəndaşlara təqdim etsinlər. Bu hadisə təkcə bizim ölkədə baş verməyib; eşitmisiniz, bilirsiniz ki, bu gün dünya ölkələrinin əksəriyyətində bu xəstəlik var. Əlbəttə, fərq burasındadır ki, bir çox ölkələr məlumatları gizlədir, demirlər. Bizim rəsmilərimiz ilk gündən mediaya şəffaf surətdə informasiya ötürdülər, ictimaiyyəti məlumatlandırdılar, çox yaxşı da elədilər. Bəzi ölkələr demirlər, amma bilirik, məlumatımız var ki, müəyyən yerlərdə bu epidemiya bizim ölkədə olduğundan da kəskin və əhatəli bir şəkildə özünü göstərir. Biz başqa ölkələrdə bu xəstəlikdən əziyyət çəkən insanlar üçün də Allahdan kömək və şəfa diləyirik.

Və son olaraq qeyd etmək istəyirəm ki, bu, keçici bir haldır, fövqəladə bir məsələ deyil. Belə hadisələr olur. Əlbəttə, mən problemi önəmsizmiş kimi təqdim etmək istəmirəm, amma gəlin məsələni çox da şişirtməyək. Bu bir hadisədir, baş verib, bir müddət – inşallah ki, bu, uzun bir müddət olmaz – ölkəmizdə davam edəcək, sonra da qurtarıb çıxıb gedəcək. Bizim bu sahədə əldə edəcəyimiz təcrübə, vətəndaşlarımızın, hökumət qurumlarının fəaliyyəti, belə deyək, bu sahədə həyata keçirilən ümumxalq mübarisəzi bizim üçün bir nailiyyət ola bilər. Bu nailiyyəti qazana bilsək, bəla bizim üçün nemətə, təhlükə fürsətə çevrilər. Sevindirici haldır ki, eşitdiyimə görə, xalq arasında da bu məsələ ilə bağlı bir yardımlaşma, qarşılıqlı sevgi və mehribanlıq müşahidə olunur. Tutalım, hansısa mağaza sahibi mağazasından çöldə bir su kranı, yuyucu vasitələr qoyub ki, yoldan ötənlər istəsələr, gəlib əllərinə bir sabun çəksinlər; misal üçün. Bunlar çox önəmlidir. Və ya hansısa tibb bacısı öz işinin başında olmaq üçün toyunu təxirə salıb. Yaxud bəzi insanlar ümumiyyətlə maliyyə cəhətdən dəstək olur. Bunlar çox yaxşı işlərdir. Bu, əslində, vətəndaşlarımızın və dövlət qurumlarımızın birgə həyata keçirdiyi bir ümumxalq mübarizəsidir. Ümidvarıq, bizim üçün gözəl bir nailiyyət olacaq və inşallah, çox yaxınlarda xalqımız tam şəkildə sağlam günlərə qovuşacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.