Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Quran məclisindən sonra televiziya ilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

والحمدلله‌ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Bu tədbiri ərsəyə gətirib bu gün bizə Qurani-Kərimin şərif ayələrini dinləmək həzzini yaşadan əziz qardaşlarımıza çox təşəkkür edirəm. Bu gün tilavət edən möhtərəm qarelərimizin də hamısına səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Həqiqətən, ləzzət aldıq, bəhrələndik. Tədbiri yüksək səviyyədə idarə edən aparıcımıza da təşəkkürümü bildirmək istəyirəm.      

Əvvəla, mənim bu sözlərimi eşidən hər kəsi, bütün dünya müsəlmanlarını ramazan ayının hilalının görünməsi münasibətilə təbrik edirəm. Ümidvaram, Allah-taala bu ayın haqqını verməkdə yardımçımız olacaq. Ramazan ayı Quran ayıdır. Quran ayəsində də ramazan ayının adı çəkilərkən belə buyurulur:

اَلَّذیِ اُنزِلَ فیهِ القُرءان

“Quranın nazil edildiyi ay...” (“Bəqərə” surəsi, 185-ci ayə)

Bu, əziz və şərif ramazan ayının mühüm xüsusiyyətlərindən biridir.

Mən Quran haqda söhbət etmək üçün burada bəzi məqamları qeyd edib götürmüşdüm, lakin vaxtımız çox az olduğuna görə qısaca danışacağam. Quran barədə dəfələrlə bunu demişik, eşitmişik ki,  Quran həyat kitabıdır. Doğrudan da, belədir: Quran həyat kitabıdır. İnsanlar öz yaşamının qayda-qanunlarını Qurana uyğunlaşdırsalar, dünya və axirətdə xoşbəxtlik onların nəsibi olar. Bizim problemimiz odur ki, bunu etmirik. Problemimiz odur ki, yaşayışımızı Qurana uyğunlaşdırmırıq. Eynən həkimə müraciət edib özü üçün resept yazdıran, lakin o reseptə əməl etməyən biri kimi. Reseptə əməl etməyəcəksənsə, həkimə müraciət etməyin heç bir təsiri yoxdur.  Bu gün biz eynən bu vəziyyətdəyik.

Quran elm və mərifət kitabıdır, yəni insanın qəlbini və düşüncəsini doyurur – elm, mərifət öyrənmək istəyən insanlar üçün Quran bitib-tükənməyən bir qaynaqdır – lakin bunlardan əlavə, Quran həm də bir yaşam təlimatıdır. Elm, mərifət öyrətmə aspektindən başqa, Quran həm də özündə yaşayış üçün strateji göstərişləri ehtiva edir; yəni insanın yaşadığı mühiti yaxşılaşdırır, onun sağlam, təhlükəsiz və rahat həyatını təmin edir.

یَهدی بِهِ اللهُ مَنِ اتَّبَعَ رِضوانَه سُبُلَ السَّلام

“Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər”. (“Maidə” surəsi, 16-cı ayə)

Quran insanlara sağlam, təhlükəsiz, rahat həyatın yollarını göstərir. Tarix boyu insanlar zülmə, ayrı-seçkiliyə, müharibələrə, cürbəcür təhlükələrə məruz qalıblar, dəyərləri tapdalanıb. Bu gün də belədir. Bütün bunların əlacı Qurandır. Qurana əməl etsək, bu problemlər hamısı oratadan qalxar. Yəni əgər bəşər cəmiyyətləri Quranın strateji göstərişlərini yerinə yetirsələr (mən vaxtımız çərçivəsində onlardan bir neçəsini qısaca qeyd edəcəyəm) heç şübhəsiz, bütün bu problemlərdən qurtulacaqlar. Elə Quranın zahirində yaşayış üçün minlərlə təlimat var. Əmirəlmöminin buyurur:

(2) اِنَّ القُرآنَ ظاهِرُهُ اَنیقٌ وَ باطِنُهُ عَمیق

“اَنیق” – heyrətamiz, gözəl deməkdir. Quranın zahiri gözəl və heyrətamizdir. Estetika, gözəllik xiridarı olanlar üçün öz gözəlliyi və heyrətamizliyi ilə Quranın misli-bərabəri yoxdur. Quranın batini isə “عمیق” – yəni dərindir.

Mənim Quran haqda dediyim, həyat dərsi olan şeylər Quranın zahirinə aiddir, mənim və mənim kimi insanların Qurandan dərk etdikləridir. Tövhidi mükəmməl, elmi geniş olan insanların, Allahın övliyalarının Quranın batinindən, Quranın dərin ümmanından dərk etdikləri isə bunlardan çox-çox ucadır. Mənim dediyim o minlərlə yaşam təlimatı Quranın zahirindən əldə olunur. Həmin o strateji göstərişlərə gəlincə; onlardan bəziləri yaşayışın qayda-qanunlarını tənzimləyir; məsələn:

فَمِنَ النّاسِ مَن یَقولُ رَبَّنا ءاتِنا فِی الدُّنیا وَ ما لَه فِی الأخِرَةِ مِن خَلاق

“İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!" – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!” (“Bəqərə” surəsi, 200-cü ayə)

Bəzi ayələrin göstərişləri bu dünyada insan həyatının bütün qaydalarını – dostluqları, düşmənçilikləri, əlaqələri, hədəfləri, motivasiyaları müəyyən edir. Dünya nədir? Pul, qüdrət, şəhvət. Burada dünya deyilərkən bunlar nəzərdə tutulur. İnsanların dostluğu, düşmənçiliyi, qurduqları münasibətlər, bütün səyləri, hədəfləri bu şeylərə xatirdir. Allah-taala bunu inkar edir. Allah-taala yaşayış üçün bu cür qayda-qanun müəyyənləşdirilməsini inkar edir; وَ ما لَه فِی الأخِرَةِ مِن خَلاق. Belələri dünya həyatında – bu qısamüddətli müvəqqəti həyatda – müəyyən şeylər əldə edəcəklər, amma insanın əsl, gerçək həyatı olan axirət həyatında heç nələri olmayacaq, əliboş və binəsib olacaqlar.

Lakin bunun qarşılığında Quranda insan həyatı üçün başqa bir qayda-qanun tənzimləməsi var: 

وَ مِنهُم مَن یَقولُ رَبَّنا ءاتِنا فِی الدُّنیا حَسَنَةً وَ فِی الأخِرَةِ حَسَنَةً وَ قِنا عَذابَ النّار

“Bəziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəlliklər nəsib et, bizi cəhənnəm əzabından qoru!" deyirlər”. (“Bəqərə” surəsi, 201-ci ayə)

Bu, ikinci növ qayda-qanun tənzimləməsidir; yəni belə insanlar bu dünyada da hər şeyin yox, yaxşılıq, gözəl əməl və savabın arxasıncadırlar. “ءاتِنا فِی الدُّنیا” – “Bizə bu dünyada ver” deyərkən konkret olaraq nə istədiklərini demirlər. Məlumdur ki, bu dünyaları üçün nə isə istəyirlər, amma “ءاتِنا الدُّنیا حَسَنَة” – bu dünyada özləri üçün yaxşılıq və gözəllik diləyirlər. İnsanın fitrətinə, gerçək ehtiyaclarına uyğun olan şeylər istəyirlər.

وَ فِی الآخِرَةِ حَسَنَة

– onlar üçün axirətlərinin necə olacağı da maraqlıdır.

وَ قِنا عَذابَ النّار

– “Bizi cəhənnəm odundan qoru” – deyirlər. Allah-taala məhz belə insanları həyatın əsl hədəfinə çatdırır. Ayələrdən bir qrupu bu qəbildəndir, yaşayışın qayda-qanunlarını müəyyənləşdirir. Və ya misal üçün, Bəni-İsrailin ağıllı adamlarının Haruna öyüd-nəsihət verməsindən bəhs edən ayədə buyurulur:

وَ ابتَغِ فیما ءاتیکَ اللهُ الدّارَ الأخِرَةَ وَلا تَنسَ نَصیبَکَ  مِنَ الدُّنیا وَ اَحسِن کَما اَحسَنَ اللهُ اِلَیک

“Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et”. (“Qəsəs” surəsi, 77-ci ayə)

Onlar Haruna bütün var-dövlətindən əl çəkməyi yox, əlində olanlardan bir vasitə kimi istifadə etməyi məsləhət görürdülər. Dünya malı, pul, var-dövlət yüksək bəşəri, insani və mənəvi məqamlara yetişmək üçün bir vasitədir. Vasitə ola bilər. Pulun köməyi ilə siz dünyanı abadlaşdıra, insanların həyatını qurtara, ayrı-seçkiliyi aradan qaldıra, yoxsulları, zəifləri düşdükləri vəziyyətdən xilas edə bilərsiniz.

وَ ابتَغِ فیما ءاتیکَ اللهُ الدّارَ الأخِرَة

– əvvəla, ixtiyarında olanlar, var-dövlətin “ءاتیکَ اللهُ” – Allahın sənə əta etdikləri, Allahın verdikləridir. İkincisi, yolu budur ki, bu var-dövləti Allah yolunda xərcləyəsən.

وَ لا تَنسَ نَصیبَکَ مِنَ الدُّنیا

– amma sənin özünün də o maldan bir payın, nəsibin yox deyil. Bəli, sənin də payın var, öz payından da özün üçün istifadə et.

وَ اَحسِن کَما اَحسَنَ اللهُ اِلَیک

– və Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Baxın, bu, İslam dininin bizim üçün müəyyən etdiyi yaşayış qaydasıdır. O ağılsızın özünün güman etdiyinin əksinə olan qaydadır. Ağılsız və pulgir Harun deyirdi:

اِنَّما اوتیتُه عَلی عِلمٍ

“Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. (“Qəsəs” surəsi, 78-ci ayə)

Mən özüm, öz bacarığım hesabına bu var-dövləti əldə edə bilmişəm. Halbuki belə deyil, Allah-taala lazımi vasitələri hazır etməsəydi, o bu var-dövləti əldə edə bilməzdi. Odur ki Quranın bəzi ayələri bu qəbildəndir, bizim üçün yaşayışın qaydalarını müəyyənləşdirir. Belə ayələr çoxdur.

Bəzi ayələrsə ictimai münasibətlərin tənzimlənməsindən bəhs edir. Belə ayələrdəki strateji göstərişlər sosial münasibətlərə aiddir. Misal üçün: 

وَلایَغتَب بَعضُکُم بَعضًا

“Bir-birinizin qeybətini qırmayın!” (“Hucurat” surəsi, 12-ci ayə)

Qeybət etməyin – bu göstəriş sosial münasibətləri tənzimləyir. Qeybət edərkən siz özünüzün də, həmsöhbət olduğunuz insanın da qəlbini kirləndirirsiniz, mömin qardaş və ya bacınız haqda gizli olan bir həqiqəti də onun-bunun yanında üzə çıxarırsınız. Bəyənilməyən, yanlış bir iş görürsünüz. Eyni işi o da sizin barənizdə görə bilər. Bu, yaşayışı, sosial münasibətləri düzgün məcrasından çıxarır.

Yaxud digər bir ayə:

لا یَجرِمَنَّکُم شَنَئانُ قَومٍ عَلی اَلّا تَعدِلُوا

“Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin”. (“Maidə” surəsi, 8-ci ayə) 

Kiminsə əleyhinə, kiməsə düşmən olsanız belə, həmin adama qarşı insafsızlıq, zülm və ədalətsizlik etməyin. Baxın bu, çox mühüm və strateji bir göstərişdir. Bəli, siz kiməsə müxalif ola bilərsiniz, amma həmin insan haqlı olduğu məqamda bu müxalifətçiliyiniz haqqı gizlətməyinizə, yaxud onun haqqını tapdalayıb vicdansızlıq və ədalətsizlik etməyinizə səbəb olmamalıdır. Əgər müxtəlif cəmiyyətlərdə, lap elə bizim öz cəmiyyətimizdə – çox da uzağa getməyək – biz müxalif olduğumuz insanlara qarşı bu ayədə buyrulduğu kimi davransaq, yəni onlara qarşı vicdansızlıq etməsək, onlar da bizə qarşı ədalətli və vicdanlı olsalar, gör vəziyyət necə yaxşı və gözəl olar.

Və ya tutalım, digər bir ayə:

لا تَقفُ مالَیسَ لَکَ بِه عِلم

“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə)”.   (“İsra” surəsi, 36-cı ayə)

Qeyd etdik ki, Quranda buna bənzər minlərlə ayə, minlərlə göstəriş var.

لا تَقفُ مالَیسَ لَکَ بِه عِلم

– yəqin bilmədiyiniz bir şeyin arxasınca düşməyin. Əmin olmadığınız bir şeyə inanıb arxalanmayın. Bu gün dünya jurnalistikası bunun tam əksini edir; yəni yalan və şayiələr yaydıqları  mövzular haqqında heç bir şey bilmirlər, əsla məlumatlı deyillər, eləcə bilməyə-bilməyə yayım edirlər. Təəssüflər olsun ki, elə bizim öz cəmiyyətimizdə də belə şeylər var. Misal çəkdiyim ayə isə hazırda dünyada geniş yayılmış bu halın tam əksinə göstəriş verir. Bircə elə bu göstərişə əməl etsək, problemlərimizin önəmli bir hissəsi həllini tapar.

Və ya:

لا تَرکَنوِّا اِلَی الَّذینَ ظَلَموا

“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyil etməyin”.  (“Hud” surəsi, 113-cü ayə)

Zülm edənə, zalıma etimad etməyin, beləsinə tərəf meyillənməyin  )“رکون” – bir şeyə tərəf meyillənmək, əyilmək deməkdir), zalım adama inanmayın. Zalıma inanmağın nəticələrini hazırda dünyada müşahidə edirik: müsəlman dövlətləri, müsəlman toplumları dünyanın ən zalım qüvvələrinə etimad edir və bunun acı nəticələrini də görürlər.

Və ya

اَقسِطوا اِنَّ اللهَ یُحِبُّ المُقسِطین

“...insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!” (“Hucurat” surəsi, 9-cu ayə)

Ədalətli olun! Bizə həyatın bütün sahələrində, bütün işlərdə ədalətli, insaflı, vicdanlı olmaq tapşırılıb.  Və ya

لا تَخونُوا اللهَ وَ الرَّسولَ وَ تَخونوا اَمانتِکُم

“ Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin!”  (“Ənfal” surəsi, 27-ci ayə)

Əmanətə xəyanət etməyin! Əmanət təkcə sizin məndə olan pulunuz deyil. Sizin vasitənizlə mənə həvalə olunmuş vəzifə postu və məsuliyyət də əmanətdir. Mən bu əmanətlə düzgün davranmasam, ona xəyanət etmiş olaram. Baxın, bircə elə bu göstərişə əməl etsək, gör nə olar! Odur ki Quran özündə bizim üçün bu strateji və praktik göstərişləri ehtiva edir.

Və ya:

اِنَّما ذلِکُمُ الشَّیطنُ یُخَوِّفُ اَولِیاءَه

“Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir” – ayəsinin ardınca gələn ayə:

فلا تَخافوهُم وَ خافونِ اِن کُنتُم مُؤمِن

“Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!” (“Ali-İmran” surəsi, 175-ci ayə)

Gəlib dedilər ki, sizin əleyhinizə plan qururlar, qorxun; müsəlmanları belə sözlərlə qorxudurdular. Quranda isə Allah-taala buyurur ki, xeyr, onlardan qorxmayın, məndən qorxun. Uca Yaradana ibadət edin, ona etimad edin, düşmənin qarşısında möhkəm durun, o zaman düşməni geri oturda biləcəksiniz. İnsanı zalımlardan qorxudub: “Filankəslərdən qorxun, filan dövlətlərdən qorxun, filankəsləri nəzərə alın”, – deyənlər özləri şeytandır. Tarix boyu o dövlətlərdən qorxanların necə ağır və acınacaqlı sınaqlara düçar olduğunu da görmüşük. Bu gün müsəlman dövlətləri, müsəlman hökumətləri dünyanın zalım dövlətlərinin fikrini nəzərə alır, onlardan qorxur, öz gücünü görməzliyə vururlar. Nəticədə də qapazaltı olurlar. İmam Xomeyni (r) bizə o zalım və hegemon güclərdən qorxmamağı öyrətdi. Yadımdan çıxmaz, 1358-ci ildə – bizim cavanlarımız Amerikanın o casus yuvasını tutduqları zaman bəziləri İnqilabi Şuraya təzyiq edirdilər ki, deyin, qoy onları sərbəst buraxsınlar. Mən, cənab Haşimi Rəfsəncani və cənab Bənisədr – İnqilabi Şuradan biz üçümüz Quma getdik. O vaxt İmam Xomeyni Qumda idi. Getdik ki, İmamdan nə etməli olduğumuzu soruşaq. Vəziyyəti danışdıq, dedik, bu cürdür, bizə təzyiq edirlər ki,  bunları mümkün qədər tez bir zamanda buraxın, nə edək? İmam üzünü bizə tutub soruşdu: “Amerikadan qorxursunuz?” Mən dedim, yox, qorxmuruq. O zaman İmam o adamların azad edilməsini istəmədiyini dedi. Doğurdan da, elə o cür idi; yəni o vaxt kimsə Amerikadan qorxub onu nəzərə almağı qərara alsaydı, bunun ölkə üçün çox acı nəticələri olacaqdı. Belə halların şahidi olmuşuq: elə öz ölkəmizin dövlətləri, hökumətləri düşməndən qorxublar və bu qorxu onlar üçün bir sıra problemlər yaradıb. Quran deyir:

فَلا تَخـافوهُم وَ خافون

“Amma siz onlardan qorxmayın, Məndən qorxun!”

“خافون” – “Məndən qorxun”; yəni mənim müəyyən etdiyim qaydaları nəzərə alın. Allah harda “Cihad edin”, – deyə buyurubsa, cihad edin, harda: “Əl saxlayın”, – deyibsə, əl saxlayın. “Məndən qorxun” bu deməkdir.

Həmçinin

اَقِمِ الصَّلْوةَ لِذِکری

“Məni anmaq üçün namaz qıl!” (“Taha” surəsi, 14-cü ayə)

Elə ramazan ayı münasibətilə bu ayəyə də diqqət yetirək; “Məni anmaq üçün namaz qıl!” Bu da strateji göstərişlərdən biridir. Namaz anmaq, yada salmaq üçündür. Allahı anmaq üçün namazı həmişə qoruyun. Bu gün hər birimiz öz simamızda bu ayənin göstərişinə əməl edə bilsək – bunu hamımız edə bilərik; namazı diqqətlə qılaq, namazda fikrimiz ayrı yerə getməsin, namazı Uca Allahı anmaq üçün qılaq – bunun bizim ruhi-mənəvi yüksəlişimizə, sözsüz, böyük təsiri olar.

Həmçinin

یـاَیُّهَا الَّذینَ ءامَنوا توبوا اِلَی اللهِ تَوبَةً نَصوحًا

“Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin”. (“Təhrim” surəsi, 8-ci ayə)

Bu günlər tövbə günləridir, günahların bağışlanmasını diləmə günləridir, Uca Yaradana üz tutma günləridir. İnşallah, Allah-taala xalqımızın hər bir nümayəndəsinə, yer üzündəki hər bir müsəlmana ramazan ayından, dinimizdən irəli gələn vəzifələri layiqincə yerinə yetirmək üçün güc versin. Qurana əməl edə bilməyimiz üçün bizə mənəvi güc versin; Quranın bu göstərişləri, müqəddəs kitabımızın bu minlərlə strateji tapşırığı praktik tapşırıqlardır, yəni yerinə yetirilməsi mümkündür. Əlbəttə ki, dövlətlərin, ölkələrin hökumət komandalarının, cəmiyyəti idarə edənlərin öhdəsinə daha böyük məsuliyyət düşür.

Deyəsən, vaxtımız artıq sona çatıb. Elə bilirəm, indi azan olasıdır. Ona görə də bu yerdə söhbətimizi yekunlaşdırmaq məcburiyyətindəyik. Bu gün çox yaxşı bir görüş oldu. Bir daha təşkilatçılara öz təşəkkürümü bildirirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Videoformatda keçirilən bu mərasimin əvvəlində qarelərdən bir neçəsi Qurandan ayələr tilavət etmişlər 
(2) Nəhcül-bəlağə, 18-ci xütbə