Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə savaşının veteranlarına həsr olunmuş tədbirə video-bağlantısı zamanı etdiyi çıxış (Müqəddəs Müdafiənin başlamasının 40-cı ildönümü ilə əlaqədar)

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین
السّلام علیک یا اباعبدالله و علی الارواح الّتی حلّت بفنائک علیک منّی سلام الله ابداً ما بقیت و بقی اللیل و النّهار و لا جعله الله آخر العهد منّی لزیارتک السّلام علی الحسین و علی علیّ بن الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین

Müqəddəs Müdafiədə iştirak etmiş döyüşçü və veteranlara hörmət etmək milli vəzifələrimizdən biridir

Müqəddəs Müdafiənin başlamasının 40-cı ildönümü ilə əlaqədar olaraq, bugünkü gün “Müqəddəs Müdafiədə iştirak etmiş öncül döyüşçü və veteranlara sonsuz ehtiram günü” elan edilib. Çox düzgün və yerində atılmış bir addımdır. Bu hörmət, bu sonsuz ehtiram İslam dininin bizə təkidlə etdiyi tövsiyə olmaqdan əlavə, həm də bizim mütləq milli vəzifələrimizdən biridir. Bu gün yad etdiyimiz veteranlar kimdir? Onlar öz canından, rahatlığından, ailə həyatından, ata-anasından, həyat yoldaşından, övladlarından, gələcəyindən keçib ölümü gözə alaraq düşmənlə mübarizə meydanına yollananlardır. O düşmən ki, onun qarşısında İslam dinini və öz ölkəsini müdafiə etməli olduqlarına əmin idilər. O insanlar İslamı, inqilabı, xalqın namus və heysiyyətini müdafiə etdilər. Bəziləri Haqqın dərgahına qovuşdular, bəziləri isə qalıb işi sona çatdırdılar.

فَمِنهُم مَن قَضیٰ نَحبَه وَ مِنهُم مَن یَنتَظِر

“Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir”.  (“Əhzab” surəsi, 23-cü ayə)

Bu gün ölkənin hər yanından ora toplaşmış müharibə veteranları da bu işi sona çatdırmağın uğur və şərəfinə nail olmuş insanlardır.

Müqəddəs Müdafiə nə üçün və necə baş verdi? 

Biz müharibə iştirakçılarının əhəmiyyət və əzəmətini özümüz üçün yalnız o zaman müəyyən edə bilərik ki, onların nə qədər böyük bir iş gördüyü bizə aydın ola, o meydanın nə qədər əzəməti bir meydan olduğunu özlüyümüzdə müəyyən edək. Yalnız o zaman o meydana yollanıb iş görənlərin nə qədər dəyərli olduğu bizə aydın olar. O meydanın əzəmətini şərh etmək Müqəddəs Müdafiənin tərifini vermək deməkdir. Bu gün mən bir neçə cümlə ilə qısaca olaraq Müqəddəs Müdafiənin nə üçün və necə baş verdiyini açıqlamaq istəyirəm. Əlbəttə, bu məsələləri dəfələrlə mən də, başqaları da demişik, lakin yenə də təkrar etməliyik. Həqiqəti dönə-dönə, min dəfələrlə təkrar edib demək lazımdır. Təhrif ciddi bir məsələ və böyük bir təhlükədir və bu gün o həqiqətləri təhrif etməyə çalışan əllər var.

1. Müharibəni körükləyənlərin məqsədi İslam dövlətində qarışıqlıq salmaq idi; 2. Səddam əsl oyunçuların önə verdiyi bir fiqur idi.

Əvvəla, bu müharibəni körükləyənlərin, İran xalqını bu məcburi savaşa təhrik edənlərin məqsədi İslam dövlətində qarışıqlıq salmaq, İslam İnqilabını pozmaq idi. Onların əsas və son hədəfi bu idi. İkincisi, bizim qarşımızda duran, əslində, Səddam və “Bəəs” rejimi deyildi. Bunlar sadəcə əsl oyunçuların önə verdiyi fiqurlar, alətlər idi. Səddamın xəstə psixologiyasından, şan-şöhrət düşkünlüyündən istifadə edərək onu irəli vermişdilər, o da ortaya düşmüşdü. Onun arxasında duran əsl fiqurantlarsa başqaları idi. Bunlar əsasən böyük dövlətlər idi və onlardan bəziləri, misal üçün, Amerika İslam İnqilabından ciddi zərbə almışdı. Bəziləri isə, baxmayaraq ki, Amerika kimi İrandan qovulmamışdılar  və əllərindən elə də böyük gəlirlər çıxmamışdı, amma yenə də bu həssas regionda dinə, İslama, bəlli xüsusiyyətlərə əsaslanan yeni bir faktorun, yeni bir kimliyin ortaya çıxmasından nigaran idilər, bunu istəmirdilər, elə ona görə də İslam Respublikasına qarşı çıxmışdılar. Təkcə Amerika deyildi, o vaxtkı Sovet İttifaqı da var idi, 

NATO və Qərbi Avropa dövlətləri də var idi. O meydanda biz hətta Şərqi Avropa ölkələrini də qarşımızda görürdük. Sonradan üzə çıxmış sənədlər sübut etdi ki, Amerika hələ müharibə başlamamışdan əvvəl Səddamla razılaşmalar əldə edibmiş. Müharibə boyunca Səddama, “Bəəs” rejiminə ardıcıl olaraq silah, eləcə də olduqca dəyərli kəşfiyyat məlumatları ötürürmüşlər; bir azdan bu məsələyə yenə qayıdacağam. Bizim gözümüzün önündə ardı-arası kəsilmədən silah-sursat karvanları gedirdi. Gəmilər Birləşmiş Ərəb Əmirliklərinin limanlarına yan alır, dayanmadan hər gün Səudiyyədən Küveytə, İraqa silah və hərbi texnika daşıyıb Səddam Hüseyn qüvvələrinə təhvil verirdilər. Bizim düşmənimiz, qarşımızda duran cəbhə bu idi.

3. Silahlı qüvvələrimizin, hərbi təchizatın zəifliyi

Ölkəmizin daxilində də düşməni bu hərbi hücuma cürətləndirəcək bir vəziyyət var idi. Ölkədəki vəziyyət, silahlı qüvvələrin vəziyyəti heç də ürəkaçan deyildi. Müharibədə isə ilk növbədə silahlı qüvvələrə ümid bəslənir. Şah diktaturasının qırmancı altından yenicə çıxmış ordu hələ təzə-təzə özünü toparlamaqda, inqilabda iştirakını nümayiş etdirməkdə idi. Əlbəttə ki, ordu komandanlarının əksəriyyəti çox yaxşı kadrlar idi, amma silahlı qüvvələrdə mühüm postlar tutan Şəhid Fəllahi (1) və ya mərhum Zəhirnejad (2) kimi simalar ordu kimi böyük bir qurumu idarə etməyə hazır deyildilər. Əslində, onlar bu işdə təzə idilər. Keşikçi Korpus da 1 ildən bir az çox idi ki, təşkil olunmuşdu. 1359-cu il şəhrivər ayının axırlarında Keşikçi Korpusun yaradılmasından cəmi 1 il və bir neçə ay vaxt ötürdü; yenicə formalaşdırılmışdı. Silahlı qüvvələrimiz belə bir vəziyyətdə idi.

Hərbi texnika və silah-sursat baxımından da kəskin çatışmazlıq yaşayırdıq; gəlin bunu da unutmayaq. Əvvəla, hərbi texnikamız az idi, çatışmırdı, iş başında duran insanlar o texnikanın böyük bir hissəsi ilə heç tanış deyildilər, bir hissəsi də elə düşmən hücuma başlayan kimi əlimizdən çıxmışdı. Nəticədə bizim imkanlarımız həddən artıq məhdud bir vəziyyətə gəlmişdi. Müharibə başlanandan bir neçə ay sonra mən hərbi birləşmələrimizi gəzdiyim zaman görürdüm ki, məsələn, ordunun zirehli briqadasında 150 ədəd tank olmalıdırsa, haradasa 40 ədəd tank var. Yəni imkanlarımız belə bir səviyyədə idi. Qalan texnika və silah-sursatımız da eynilə. Keşikçi Korpusun ümumiyyətlə heç nəyi yox idi. Yalnız tüfəngləri, yüngül qumbaraları və sairi var idi. Hərbi imkanlarımız, demək olar ki, yox səviyyəsində idi. Bütün bunlar da düşməni təşviq edirdi. Düşmən bunları bilir, dərk edir və hücuma həvəslənirdi.

4. İmam Xomeyninin liderlik və komandanlığının olduqca həssas və heyrətamiz rolu oldu

Bəli, məcburi savaş, bizim Müqəddəs Müdafiəmiz belə bir şəraitdə başladı. Məhz bu məqamda İmam Xomeyninin bir lider və Ali Baş Komandan kimi nə dərəcədə həssas və heyrətamiz rola malik olduğu aydın olur. İmam belə bir şəraitdə müharibənin başlamasını və daha sonra bu hərəkatın davam etdirilməsini kontrol altına alıb, prosesləri öz möhkəm iradəsi ilə idarə edərək uğur qazanmağı bacardı. Bəziləri qəbul etmirlər, təəccüblənirlər ki, səksən neçə yaşlı bir ruhani müharibə vəziyyətində silahlı qüvvələri necə idarə edə bilər? Elə bilirlər ki, İmamın müharibədə komandanlığı elə gedib ön xətdə taktiki qərargahlarda oturub hərbi birləşmələri yerbəyer etməkdən ibarət olub. Amma məsələ bu deyildi, İmamın məsələsində bir neçə önəmli məqam var idi: əvvəla, önəmlisi və eləcə də İmamın gördüyü işin böyüklüyü bunda idi ki, o, başlanğıcdan bu qarşıdurma meydanının nə qədər irihəcmli olduğunu, bu müharibənin nə demək olduğunu anlamışdı. Bizim çoxumuz bilmirdik, anlamırdıq. İki qonşu ölkə çox vaxt bir-biri ilə hərbi konfliktə girə bilər. Bunun bir o qədər də əhəmiyyəti yoxdur. İmam isə elə əvvəldən başa düşmüşdü ki, bu, iki qonşu ölkə arasında gedən adi bir müharibə deyil. İmam düşməni tanımış, bu müharibədə əsl düşmənin kim olduğunu, Səddamın sadəcə bir vasitə olduğunu müəyyən etmişdi. İmam müharibə barədə, Müqəddəs Müdafiə barədə dönə-dönə çıxışlar edirdi. Misal üçün, o, müharibə barədə etdiyi çıxışlardan birində qeyd etmişdi ki, “Amerika Sovetlərdən betər, Sovetlər Amerikadan betər, İngiltərə ikisindən də betərdir”. Yəni İmam bu oyunun arxasında əslində kimlərin durduğunu, bu müharibənin əsl fiqurantlarının kim olduğunu müəyyən etmişdi və sözünü onlara deyirdi.       

İkincisi, İmam o məqamda çox mühüm və həyat əhəmiyyətli bir məsələni də müəyyən etmişdi. O müəyyən etmişdi ki, bu problemi yalnız İran xalqı həll edə bilər, bu təkcə silahlı qüvvələrin qarşısında duran bir məsələ deyil. Sonradan silahlı qüvvələrin vəziyyəti düzəlsə də, bu, İran xalqının işidir, xalq meydana girməlidir. İran xalqı İslam İnqilabını qələbəyə qədər çatdırdığı kimi, müharibəni də məhz xalq qələbə ilə sonlandırmalıdır. İmam bunu özü üçün müəyyən edərək, gəldiyi bu nəticə əsasında davrandı və o möhtəşəm xalq hərəkatını ərsəyə gətirdi; az sonra bu məqama da toxunacağam. Bundan başqa, İmamın şəxsiyyəti, İmamın mənəvi nüfuzu, danışığındakı səmimiyyət və doğruculluq; İmam danışdığı zaman onun nə qədər səmimi, doğrucul olduğu hamı üçün aydın idi, hər kəs onun həqiqəti dediyini anlayırdı. Onun o uzaqgörənliyi; İmam hər bir şeyin dərinliyini görməyi bacarırdı. Məsəl var, deyirlər, cavanın aynada gördüyünü qoca çiy kərpicdə görər. İmam bax bu atalar misalının real nümunəsi idi. Bəzən biz hökumət rəsmiləri hansısa hərbi məsələ ilə bağlı ona müraciət edirdik. İmam həmin mövzuda elə məqamları qeyd edirdi ki, insan onun bu dərin diqqətinə, uzaqgörənliyinə təəccüblənməyə bilmirdi.

Və İmamın o misilsiz, qeyri-adi qətiyyəti; İmam sözün əsl mənasında mümkünsüz görünən işlərə təşəbbüs göstərirdi; məsələn, İmam tam qətiyyətlə: “Abadan blokadadan çıxarılmalıdır”, – demişdi. Abadan blokadaya düşəndə mən Əhvazda idim. O blokadanın qırılması əsla mümkün bir iş kimi görünmürdü, amma İmam qətiyyətlə bu barədə əmr verdi. Və ya əmr etmişdi ki, “Xürrəmşəhr azad edilsin”; ondan əvvəl:  “Susəngerd azad edilməlidir”, – demişdi. Yəni İmam eşidənlər üçün qeyri-mümkün görünən işlərin həyata keçirilməli olduğunu qətiyyətlə dilə gətirirdi. İmamın rəhbərliyi, İmamın liderliyi, İmamın komandanlığı bu idi. Təəssüflər olsun ki, bu gün müharibə haqqında danışarkən, yaxud yazarkən İmamın rolunu diqqətdən qaçırırlar.

İmamın bu olaya münasibəti ilə bağlı başqa bir məqamı qeyd edim. İmam müharibənin müxtəlif situasiyalarında uyğun mövqe seçərək o situasiya ilə bağlı əsas məqamı qeyd edirdi. Tutalım, cəbhədə hansısa hadisə baş verirdi, camaat ruh düşkünlüyü yaşayırdı,  insanların ruhiyyəsini yüksəltmək lazım olurdu. O zaman İmam insanlara ruh verməyə, düşməni alçaltmağa çalışırdı. İmamın dediyi: “Bir oğru gəlib, bir daş atıb qaçıb” (3) cümləsinin mənası bu idi ki, bizim cəbhəyə yollanan döyüşçülərimiz qarşılarından qaçan düşməni təqib edirlər. Bu, xalqın ruhiyyəsini yüksəltmək idi. Bəzən isə döyüşçülərin qürrələnməsinə mane olmaq tələb olunurdu. Tutalım, cəngavərlərimiz 1 ay davam etmiş fövqəladə səylərdən, əzab-əziyyətdən sonra Xürrəmşəhri fəth etməyi bacarmışdılar. Xürrəmşəhrin düşməndən geri alınması Ordu, Keşikçi Korpus və Bəsicin əldə etdikləri böyük və heyrətamiz bir nailiyyət idi. Bu nailiyyət döyüşçülərimizdə bir qürrələnmə, öyünmə hissi yarada bilər, bu isə bütün sahələrdə çalışan rəhbər kadrların fəaliyyəti üçün çox ziyanlı ola bilərdi. Bu məqamda İmam buyurmuşdu: “Xürrəmşəhri azad edən Allah-taala oldu”; yəni biz sadəcə vasitəçiyik. İmam məsələni Allahın iradə və qüdrəti ilə əlaqələndirmişdi. O məqamda lazım olan bu idi. Tutalım, hansısa məqamda döyüşçülər bir çətinliklə üzləşirdilər, onlara ürək-dirək vermək, mehriban münasibət göstərmək lazım olurdu. O zaman İmam: “Döyüşçülərimizin vuran qollarından öpürəm”, – deyirdi. Yəni İmam həmişə diqqətli idi; o böyük insan mehriban bir ata, işini yaxşı bilən, rəhbərlik etdiyi sahəyə hərtərəfli bələd olan güclü bir idarəçi kimi lazım olan anda lazımi qərarı verirdi. İmamın bu əvəzsiz rolu bizim araşdırmalarımızda, müharibə mövzusunda görülən işlərdə mütləq işıqlandırılmalıdır.

Təhrif və şübhələrin qarşısını almaq üçün Müqəddəs Müdafiə ilə bağlı bir neçə məqam:

Odur ki Məcburi Savaşın hansı səbəbdən ortaya çıxdığını və mahiyyətini bir neçə cümlə ilə qısaca bu şəkildə şərh etmək mümkündür. Lakin mən Müqəddəs Müdafiə ilə bağlı bir neçə məqamı xüsusi qeyd etmək istəyirəm. Əlbəttə, deyəcəklərimin əksəriyyəti dəfələrlə qeyd olunub, təkrarlanıb, lakin yenə də təkrar etməkdə fayda var. Çünki az öncə də qeyd etdiyim kimi, təhrifçi əllər şübhə toxumu səpmək üçün daim çalışırlar.

1. İslam Respublikasının qələbəsi və düşmənin məğlubiyyəti

Birinci məqam budur ki, düşmənin müharibəyə başlamaqda məqsədi İslam Respublikasını, İslam dövlətini süquta uğradaraq ölkədə hakimiyyətə zəif, zəlil və asılı bir hökuməti gətirməklə burada öz ağalığını bərqərar etmək idi. Amma düşmən məğlub oldu. Yəni bu çox önəmli və əsas bir məqamdır; bəzən İranın müharibədə qalib olub-olmadığı ilə bağlı şübhələr səsləndirilir. O şübhələrin cavabı belədir: İslam Respublikasının Məcburi Savaşda qalib olduğu gün kimi aydındır! O dövr üçün yer üzündəki bütün güclü dövlətlər bir ölkənin üstünə tökülüşüb oradakı hökuməti devirməyə, o ölkədə öz ağalıqlarını təmin etməyə, ərazisini bölüşdürməyə çalışa (ölkənin qərb və cənub-qərb ərazilərindən bir qismini qoparıb ayırmaq istəyirdilər), 8 il bütün güclərini sərf edərək əllərindən gələni edələr, axırda da heç bir qələt edə bilməyələr – bundan da böyük qələbə ola bilərmi?! Bu, qələbə deyilmi?! İran xalqı o savaşda çox parlaq bir qələbə qazandı.

Əvvəla, ölkəmizin torpaqlarından bir qarışını da qoparıb ala bilmədilər. İkincisi, İslam dövləti və İslam İnqilabını bir addım belə olsa geri çəkilməyə vadar edə bilmədilər. Müharibədən, o 8 ildən sonra İslam dövləti əvvəlkindən də güclü və bacarıqlı oldu, optimizmi, ruh yüksəkliyi daha da artdı. Bunlar baş vermiş böyük qələbələr idi. Ona qədər son 1-2 əsrdə şah diktaturaları dövründə baş vermiş müharibələrdə İran həmişə məğlub olmuşdu. İstər Qacarlar, istərsə də Pəhləvilər dövründə; hətta İranın özünü bitərəf elan etdiyi müharibələrdə də. İran həm 1-ci, həm də 2-ci dünya müharibələrində bitərəfliyini elan etmişdi, buna baxmayaraq, hər iki savaşda ölkəmiz işğal olunmuşdu. Birincisi Qacarlar, ikincisi isə Pəhləvilər dövrünə təsadüf edirdi. II Dünya Müharibəsində Amerika və Sovet İttifaqının hərbçiləri elə Tehran şəhərində küçələrdə parad keçirirdilər, camaatın gözü önündə fəsad törədirdilər. Ölkənin şimal və cənubunda müəyyən ərazilər onların ağalığı altına keçmişdi, burada birbaşa iştirak edirdilər. 3 ölkənin başçıları İran rəsmilərini – o dəyərsiz şahları və onların ətrafındakı nadan, bacarıqsız əyanlarını məlumatlandırmadan, icazəsiz, vizasız gəlib İranda iclas keçirmişdilər (4), İran şahı Məhəmmədrza gedib o iclasa daxil olanda isə onu alçaltmışdılar. Yəni şah onların üçünün oturduğu iclas otağına daxil olanda o ikisi – Çörçil (5) və Ruzvelt  (6) heç ayağa da qalxmamışdılar. Bir stul qoymuşdular, elə orada da oturmuşdu. Təkcə Stalin ayağa qalxmışdı. Sonralar kommunistlər öz memuarlarında yazırdılar ki, Stalin (7) Çörçil və Ruzveltin yerlərindən tərpənmədiklərini görəndə şahı özünə tərəf çəkmək üçün qəsdən ayağa qalxmış imiş. Ölkə belə bir vəziyyətdə idi; yəni düşmən rahatlıqla gəlib-gedirdi. Rusiya ilə müharibələrdə Qafqaz əldən getdi (8). İngilislərin Buşəhrdə, cənubda, Fars Körfəzində törətdiyi şər əməllər nəticəsində bizə saysız-hesabsız zərbələr dəydi. Bu müharibələr hamısı bizim üçün eyni cür nəticələnmişdi, yəni qələbə olmamışdı. İslam Respublikasının dövründə isə İslam dövləti qüdrətli dünya ölkələrinin, yəni Şərq, Qərb, Avropa, Amerika, Sovet İttifaqı, mürtəce dövlətlərin – hər kəsin qarşısında duraraq onlara qalib gəlməyi bacardı. Bu birinci məqam olduqca önəmlidir və bizim milli kimliyimizin bir hissəsini təşkil edir. Bəzən çox doğru olaraq qeyd edirlər ki, “Müqəddəs Müdafiə bizim milli kimliyimizin bir hissəsidir”. Bu ona görə belədir ki, Müqəddəs Müdafiə qələbəyə nail olmağı bacarmış İran xalqının ali və şanlı kimliyinin təzahürü idi.

2. Müqəddəs Müdafiə İran xalqının tarixindəki ən rasional hadisələrdən biridir

İkinci məqam: Müqəddəs Müdafiə İran xalqının tarixindəki ən rasional hadisələrdən biridir. Bəziləri hansısa bölgədə yol verilmiş bir səhvə, yaxud bir qrup adamın hansısa yanlış hərəkətinə istinad edərək bütövlükdə Müqəddəs Müdafiədə tədbirli davranılmadığını iddia edirlər. Əsla belə deyil! Müqəddəs Müdafiə əvvəldən axıra qədər tədbirli və rasional bir hərəkat olmuşdur. Hələ müharibənin başlanğıcında edilən çıxışlardan – istər İmam Xomeyninin, istərsə də başqalarının çıxışlarından aydın görünür ki, ölkəmiz bu işə ağılla addım atmışdır. Ondan sonra isə Ordu ilə Keşikçi Korpusun fəaliyyəti, əməkdaşlığı; baxın, bu çox əhəmiyyətli bir məsələdir. O zaman ordu ölkədə artıq oturuşmuş, ənənəvi bir qurum, Keşikçi Korpus isə yenicə yaranmış bir inqilabi struktur idi. Və bu ikisi əməkdaşlıq etməli idi. Bu, asan bir məsələ deyildi, amma alındı. Əlbəttə, Bəni-Sədr qaçandan sonra bu proses daha yaxşı və mükəmməl surətdə getdi, amma ondan əvvəl də var idi. Mən özüm şahidi olmuşdum ki, “Əbuzər” hərbi qarnizonunun qərargah rəisini Şəhid Piçək əvəz edirdi; o zabitin adını xatırlamıram, orada hərbi qarnizonun komandanı idi, özü olmayanda isə onu Keşikçi Korpusdan olan Şəhid Piçək əvəz edirdi; çiyin-çiyinə işləyir, yaşayırdılar. Qərb regionunda “Əbuzər” qarnizonu həssas bir nöqtə idi, onlar cəbhənin böyük bir hissəsini idarə edirdilər. Sonradan yeni proseslər cərəyan etdi, Bəni-Sədr qaçdı və orduya komandanlığı İmam Xomeyni özü öhdəsinə götürdü. O zaman artıq ordu ilə Keşikçi Korpus açıq-aşkar əməkdaşlıq etməyə başladı; “İmam Rza” əməliyyatında, Abadanın mühasirəsinin yarılmasında, “Fəthül-mubin”, “Beytül-müqəddəs, “Xeybər”, “Bədr” və digər bir sıra əməliyyatlarda. Bu çox böyük bir iş idi. Bundan daha müdrik və hərtərəfli düşünülmüş bir iş ola bilərmi?! Daha sonra, yenilikçi və cəsarətli taktikaların seçilməsi; o taktikalar, həqiqətən də, fövqəladə idi. Tutalım, “Fəthül-mubin” əməliyyatında işlənmiş taktikalar. Yəni İslam Respublikasının qüvvələri şücaətlə düşmən cəbhəsinin arxasına sızmağa, arxadan düşməni əzərək məğlub etməyə müvəffəq olmuşdular. O taktikalar, heç şübhəsiz, yenilikçi taktikalar idi. “Beytül-müqəddəs” əməliyyatında növbənöv yeni taktikalar işlənmiş, böyük işlər həyata keçirilmişdi. “Vəlfəcr – 8” əməliyyatında havadan müdafiə zamanı bir neçə gün ərzində Şəhid Səttari fövqəladə təşəbbüslər göstərmişdi. Ərvəndin keçilməsi uğrunda aparılan əməliyyat zamanı böyük bir iş görüldü. Bunlar hamısı çox möhtəşəm, düşünülmüş, tədbirli işlər idi. Çox az ölkələrin silahlı qüvvələri bu cür düşünülmüş şəkildə, mənəvi güc və tədbirliliklə hərbi işi irəli aparmağı bacarır. Hətta sonda o şərtlər daxilində İmamın “bir qədəh zəhər içməyə” bərabər tutduğu o qətnamənin qəbul edilməsi də hərtərəfli düşünülmüş bir addım idi. O etapda ağıl və tədbir bunu tələb edirdi, bu addımı atmaq vacib idi. Əks təqdirdə İmam Xomeyni o qətnaməni qəbul etməzdi. Biz hadisələrin yaxından şahidi idik, hansı proseslərin getdiyini yaxşı bilirdik. Çox ağıllı bir addım idi. Odur ki Müqəddəs Müdafiə başdan-sona ağıllı, tədbirli bir təzahür, İran xalqının ən rasional hərəkatlarından biri idi.  Bu mövzuda qəsdən yol verilən təhriflərə qarşı diqqətli olmaq lazımdır.

3. Müqəddəs Müdafiədə xalqın yeni bir iştirak modeli yarandı, istedadlar üzə çıxdı

3-cü məqam: Müqəddəs Müdafiədə xalqın yeni bir iştirak modeli yarandı. Xalqımız o savaşda heyrətamiz bir şəkildə iştirak etdi və o iştirak əsasında yeni-yeni istedadlar üzə çıxdı. Mən bunlardan hər biri haqda qısaca danışmaq istəyirəm.

Əvvəla, kimliyindən, sosial mövqeyindən asılı olmayaraq, İran xalqının bütün nümayəndələri, bu meydanda iştirak etmək istəyində olan hər kəs bu canlı, effektiv, könüllü və coşqulu şəbəkədə özünə bir yer tapdı. Tutalım, doğum haqqında şəhadətnaməsində əllə düzəliş etməklə özünü cəbhəyə çatdırmağa müvəffəq olmuş 13-14 yaşlı bir döyüşçünün də öz yeri var idi; yəni öz yerini tapa bilmişdi, işsiz qalmamışdı; su daşımışdı, xəbər aparıb-gətirmişdi və sair. Cəbhəyə yollanmış 70 yaşlı ahıl kişi də həmçinin; o da özünə iş tapa bilmişdi. 70 yaşlı kişidən cəbhədə nə gözləmək mümkün olduğu artıq müəyyənləşmişdi, məlum idi. Heç kəs bikar qalmamışdı: nə o 14 yaşlı yeniyetmə, nə də o 70 yaşlı qoca. Və ya misal üçün, bu işdə iştirak etmək istəyən 8,9,10 yaşlı məktəbli bir qız da öz yerini tapırdı: götürüb, tanımadığı döyüşçü qardaşına bir məktub yazır, onu camaatın cəbhəyə göndərdiyi yardım və hədiyyə qutularının içinə qoyurdu. Dəfələrlə belə olub ki, səngərdə camaatdan gələn qida bağlamalarını açan döyüşçülər onun içərisində məktəblilərin yazdığı məktubları tapıb oxuyublar: “Döyüşçü qardaşım! Yorulmayasan! Mən sənin üçün dua edirəm...” və sair, və sair. Yəni o işdə azyaşlı bir məktəbli qız da iştirak edə bilirdi. Hansısa bir xanım da öz tikiş maşını, kulinariya avadanlıqları, hazırladığı mürəbbə və turşular, bişirdiyi çörəklərlə, paltar yumaqla arxa cəbhədə öz köməyini göstərə bilirdi. Əhvazda olarkən mən bir yerdə bir dəstə qadının yığışaraq əsgərlərin çirkli paltarlarını yuduğunu görmüşdüm. Yəni Müqəddəs Müdafiədə hər kəs öz yerini tapıb bir işlə məşğul ola bilirdi. Cərrahlar konkret olaraq orada iştirak edə bilirdilər və iştirak edirdilər də; biz görürdük. Xırda tacirlər, məscid ruhaniləri, zavodlardakı fəhlələr, şairlər, dini nəğmə ifa edənlər, sürücülər, sahibkarlar, dəmirçilər, kəndlərdə əkinçiliklə məşğul olanlar, idarələrdə çalışan işçilər – ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri bu nəhəng sosial şəbəkədə öz yerini tapıb iştirak edə bilirdi. Bu, yeni bir model idi. O vaxta qədər dünyada belə bir şeyə rast gəlinməmişdi. Biz bunu heç yerdə oxumamış, eşitməmişdik. Bir çox müharibələr haqda kitablar yazılıb, filmlər çəkilib, biz də bu barədə çox oxumuşuq, amma belə bir möhtəşəm ümumxalq səfərbərliyinə əsla rast gəlməmişik. Bu, yeni bir model idi. Bu modeldə hamı əməkdaşlıq etməyi, gücünü birləşdirib yardım göstərməyi bacarmışdı. 

Bu kollektiv hərəkatda necə gözlənilməz istedadlar üzə çıxdı!  Tutalım, ölkənin hansısa regionundakı bir kənddən – misal üçün, Kirmanın bir kəndindən – bir gənc şəhərə gəlib könüllü dəstələrə qoşuldu və sonra, məsələn, Hacı Qasim Süleymani oldu. Yəni bu belə bir əzəmətli hərəkat idi. Heç vaxt əlinə tüfəng almamış bir universitet tələbəsi könüllü olaraq cəbhənin ən qaynar nöqtələrinə yollanır və cəmi il yarım ərzində yüksək səviyyəli hərbi qərargahın aparıcı üzvlərindən birinə çevrilirdi. Tutalım, hansısa qəzetdə jurnalistika fəaliyyəti ilə məşğul olan bir gənc cəbhəyə yollanaraq qısa müddət sonra, məsələn, Şəhid Həsən Baqiri olurdu, müharibədə dahi kəşfiyyatçıya çevrilirdi. Belə heyrətamiz faktlar çox oldu, bu cür parlaq istedadlar üzə çıxdı. Müharibənin böyük şəhidləri, unudulmaz simaları hamısı bu qəbildən idi.  Mənim gördüyüm bəzi gənc zabitlər var idi (misal üçün, Şəhid Səyyad; mən inqilabın əvvəllərindən onu tanıyırdım, görürdüm; məncə, o vaxt o hələ gənc bir zabit idi; ya baş leytenant, ya da kapitan idi;  bizim yanımıza gəlib-gedirdi) sonradan onlar çox təcrübəli və bacarıqlı komandirlərə çevrildilər, ordunun quru qoşunlarını uzun müddət yüksək səviyyədə yönləndirərək inkişaf etdirdilər, ən böyük işlərdə iştirak etdilər. Şəhid Babayi və digərləri bu qəbildəndir. Xalqın təşəbbüs və iştirakının bu yeni modeli həmişə aktual ola bilər. Biz bu gün də bunu bacararıq. Əzm nümayiş etdirsək, xalqa və məsələlərə düzgün nöqteyi-nəzərdən yanaşsaq, bu modeldən istifadə edə bilərik. Əlbəttə, müharibədə vəziyyət başqadır, iqtisadiyyat sferasında bir başqa. Mütəxəssislərimiz, düşünən beyinlərimiz bu modelə milli iqtidarın bir aləti kimi yanaşaraq onun reallaşmasına səy göstərə bilərlər.  O vaxt bu modeldə arxa cəbhə ön cəbhə qədər əhəmiyyətli rol kəsb edirdi. Hər kəs əlinə tüfəng götürüb döyüşə bilməz ki! Meyillər, istəklər, bacarıqlar müxtəlifdir. Bəziləri öz rolunu arxa cəbhədə oynaya bilir və oynadılar da: maddi dəstək göstərdilər, ərzaq yardımları çatdırdılar – hansı ki bu çox önəmli və lazımlı idi – yaralılara əllərindən gələn köməyi etdilər, şəhidləri möhtəşəm surətdə son mənzilə yola saldılar. Mən dəfələrlə demişəm, əgər cəmiyyətdə şəhidlərə belə yüksək ehtiram nümayiş olunmasaydı, qəlblərdə şəhidlik şövqü bu cür alovlanmazdı. Hansısa şəhərə şəhid cənazəsi gətirildikdə – bir və ya bir neçə şəhid – oranın əhalisi onu hədsiz emosionallıqla qarşılayır, hamılıqla iştirak edərək onu son mənzilə qədər yola salırdı. Bunun özü çox mühüm və təsirli hadisələrdən biri idi. Aparılan mədəni-təbliğat işləri: şeirlərdən, şüarlardan tutmuş düşmənin mənəvi-psixoloji hücumlarının dəf edilməsinə (düşmən daim bununla məşğul olurdu, bizim şəhərlərimizdə, kəndlərimizdə isə daim bu hücumları dəf etməklə məşğul olan insanlar tapılırdı), məcburi köçkünlərə camaat tərəfindən sığınacaq verilməsinə, Dezful kimi bəzi şəhərlərimizdə əhalinin düşmən bombardmanı altında yaşamağa davam edərək öz yurd-yuvasını tərk etməməsinə qədər; arxa cəbhədəki qürurverici məqamlardan biri də bəzi şəhərlərdə əhalinin öz yaşadığı yeri tərk etməməsi idi; istər Xuzistanda, istər Kürdüstanda, istərsə də digər yerlərdə. Bəzi şəhərlər düşmənin ardıcıl və şiddətli hücumlarına məruz qaldığına baxmayaraq, insanlar öz evlərini əsla tərk etmədilər. 

4. Müqəddəs Müdafiədə ən yüksək mənəvi-əxlaqi keyfiyyətlər üzə çıxdı, mənəviyyatın zirvəsi yaşandı

4-cü məqam: Müqəddəs Müdafiədə ən ali əxlaqi keyfiyyətlər üzə çıxdı; insanlarımızda həm ən yüksək əxlaqi keyfiyyətlər, həm də ruhi-mənəvi yüksəliş müşahidə olundu. Bunun misli-bərabərinə rast gəlmək, doğrudan da, mümkün deyil. Düzdür, tək-tük hallarda hər yerdə olur, amma Müqəddəs Müdafiə cəbhələrindən kənarda sayca bu qədər çox insanda bu qədər yüksək əxlaqi keyfiyyətlərin müşahidə olunmasına şəxsən mən nə rast gəlmişəm, nə də belə bir şey haqda eşitmişəm. Müqəddəs Müdafiədə həm yüksək əxlaqi keyfiyyətlər özünü göstərirdi, həm mənəvi yüksəliş var idi, həm də güclü dini ruhiyyə və sair müşahidə olunurdu. Qələmə alınmış bioqrafiyalar, döyüşçülərdən qalmış vəsiyyətnamələr, bəzi döyüşçülər haqda dilə gətirilən xatirələr bütün bu xüsusiyyətləri özündə açıq-aydın əks etdirir.  Sədaqət, saflıq, səmimiyyət kimi əxlaqi keyfiyyətlər. Cəbhə bölgəsində ümumiyyətlə sədaqət və səmimiyyət atmosferi hökm sürürdü, hamı bir-biri ilə səmimi idi. İxlas, Allah yolunda çalışıb-vuruşmaq; o meydanda kimlərsə həm özündə ixlası məşq etdirir, həm də Allah naminə qəlbində olan ixlasını əməldə nümayiş etdirirdi.  Təvazökarlıq, başqalarına xidmət; memuarlarda bu barədə dəfələrlə oxumaq olar; misal üçün, əsgərlər gecəni çadırda yatıblar, səhər oyananda hamısı görüblər ki, çəkmələri mazlanıb. Kim mazlayıb? Məlum deyil. Araşdırandan sonra məlum olub ki, taqım və ya bölük komandiri gecə ilə gəlib hamısının çəkməsini mazlayıb, yaxud yuyulmaq üçün ayırdıqları paltarlarını yuyub və ya ayaqyolunu təmizləyib. Bunlar heyrətamiz faktlardır; bu təvazökarlıq, bu xidmət, başqalarına xidmətə can atma psixologiyası, fədakarlıq, canından keçmək. Və bütün bunlardan sonra  o mənəvi hallar, gecəyarı tökülən göz yaşları, sübh tezdən namaza oyanmalar, o tövhid eşqi və coşqusu, dünyanın bər-bəzəyinə o etinasızlıq və bəzi hallarda qeyb aləmi ilə qurulan o bağlantılar. O əzizlərimizdən, o arif gənclərdən bəziləri (onlar sözün əsl mənasında arif idilər; vüsal məqamına çatmış ariflər idi) cəbhədə o yerə çatmışdılar ki, gələcəyi görür, gələcəkdən xəbər verir, özlərinin, dostlarının şəhadətini, baş verə biləcək hadisələri öncədən deyirdilər. Bütün bunlar döyüşçülər haqda yazılmış bioqrafiyalarda öz əksini tapıb və çox önəmlidir. 

Əlbəttə, burası dəqiqdir ki, bundan əvvəl qeyd etdiyim məqamlardan daha çox, məhz bu məqam İslamın bərəkəti ilə əlaqəlidir. Əlbəttə, digər məqamların bu cür parlaq surətdə önə keçməsi də dini inancın bərəkəti sayəsində idi, lakin özəlliklə bu məqam qəlbini bütünlüklə Allah-taalaya təslim etməklə, İslam dini ilə, dini inancla bağlı idi. İnsan bu dərin imanın təsirinə, həqiqətən də, heyran qalır. Və ya şəhid analarının ruhiyyəsi. Doğrudur, biz analıq hislərini əsla dərk edə bilmərik, bir ananın hislərini onun özündən başqa heç kəs dərk edə bilməz. O ana öz gənc övladını cəbhəyə yola salır, övladı gəlib ona müharibəyə getmək istədiyini deyəndə: “İndi ki dinimiz naminə getmək istəyirsən, get”, – söyləyir; İslam uğrunda get. Daha sonra övladının nəşi gətiriləndə o ana gənc oğlunu Allah yolunda verdiyinə sevinir, “Cavanımı Allah yolunda verdim”, – deyir. Əlhəmdulillah, şəhid ailələri, şəhid valideynləri ilə yaxından görüşüb söhbət etmək mənə çox nəsib olub; dəfələrlə. Görürsən ki, şəhid anaları bir çox hallarda, həqiqətən də,

لا تعدّ و لا تحصی

– Allahın saysız-hesabsız nemətlərindəndir. Onlarda necə ruhiyyə, necə bir mənəvi hal, necə fədakarlıq var! Müqəddəs Müdafiə salnaməsinin parlaq fraqmentlərindən biri olan bu fədakarlıq yalnız İslamın bərəkəti ilə mümkün ola bilərdi. Bu da bir məqam.

5. Müqəddəs Müdafiənin ölkəyə qazandırdığı sərmayələr

5-ci məqam: Müqəddəs Müdafiə ölkə üçün bir sıra dəyərli sərmayələr yaratdı. Müqəddəs Müdafiənin gətirdiyi qazanc çox böyükdür. Əvvəla, ölkənin bugünkü təhlükəsizliyi Müqəddəs Müdafiənin nəticəsidir; yəni Müqəddəs Müdafiə bu ölkəyə təcavüzün təcavüzkara çox baha başa gələcəyini göstərdi. Bu, Müqəddəs Müdafiənin bərəkəti ilə sübut olundu. Bu, bir ölkəyə təhlükəsizlik qazandırır. Bir xalq özünü müdafiə etmək əzmində və gücündə olduğunu göstərir, təcavüzkara əzici cavab verirsə, istənilən təcavüzkar qüvvə həmin ölkəyə və xalqa hücum etməmişdən əvvəl dayanıb yaxşıca düşünməyə məcbur olur və əgər ağılla iş görmək istəyirsə, bu hücumun ona sərf etmədiyini, baha başa gələcəyini dərk etməkdən başqa yolu qalmır. Ölkəmizin bugünkü təhlükəsizliyi Müqəddəs Müdafiə ilə bağlıdır.

İkincisi, Müqəddəs Müdafiə xalqımıza özünəinam bəxş etdi. Bu gün camaatımızın böyük əksəriyyətində elm, quruculuq və sair bu kimi meydanlarda sevinc hissi ilə müşahidə etdiyimiz bu özünəinam əsasən Müqəddəs Müdafiənin məhsuludur. Yəni təsəvvür edin: iyirmi neçə yaşlı bir gənc tam qüdrət və özünəinamla bir qrup adamı, bir ordunu arxasınca salıb gedir və düşmənə qətiyyətli zərbə vurur. Bu, xalqa da özünəinam, özünəgüvən hissi verir. Və Müqəddəs Müdafiə sübut etdi ki, İran xalqı məcburən cəlb olunduğu bu savaş kimi təhlükələrdən də başıucalıqla çıxmağı bacarır.

Elmi-texnoloji innovasiyalara doğru bu irəliləyişi də biz Müqəddəs Müdafiədə əldə etdik. Müqəddəs Müdafiədə bir çox şeylərə ehtiyacımız var idi, bir sıra zəruri imkanlar əlimizdə yox idi, buna görə də mömin, fədakar kadrlarımız özləri o şeyləri istehsal etmək barədə düşünməyə başladılar. Məsələn, Şəhid Həsən Müqəddəm o vaxt müəyyən formada raket istehsalı işinə başlamışdı. O və digərləri bizi ərsəyə gətirdikləri məhsullara baxış keçirməyə dəvət etmişdilər. Getdik, gördük ki, bəli, bunlar artıq bu işə start veriblər. Bizim raketə ehtiyacımız var idi, raketi də bizə vermirdilər. Düşməninsə raketi var idi, bizi raketlə vururdu. Bu bizi – yəni bizim istedadlı kadrlarımızı dərhal işə keçmək barədə düşünməyə vadar etdi. Və onlar bu işi gördülər, bu günə qədər də, gördüyümüz kimi, öhdəsindən ən yüksək səviyyədə gəldilər, ən yaxşısını istehsal etdilər. Odur ki bu da elmi-texnoloji innovasiyalara doğru hərəkat.

Zahirən qeyri-mümkün görünən işlərə girişmək – bu da Müqəddəs Müdafiənin bizə öyrətdiyi şeylərdən biridir. Müqəddəs Müdafiə bizə bu sərmayəni də qazandırdı: biz bildik ki, bəzi işlər zahirən qeyri-mümkün görünsə də, əslində, əgər əzm göstərsək, reallaşması mümkündür. Bunu biz Müqəddəs Müdafiədə öyrəndik, bu da bizim sərmayələrimizdən biridir.

Və bütün bunlardan başqa, Müqəddəs Müdafiə bizim insan kapitalımızı da yüksəltdi. Sevindirici haldır ki, 8 il davam etmiş Müqəddəs Müdafiədə iştirak etmiş insanlar arasından bir çoxları sonralar – yəni dünən, bu gün və inşallah, sabah – ölkədə cürbəcür sferalarda xalqa xidmət etdilər və etməkdədirlər. Nümunə olaraq hamımızın əzizi Şəhid Süleymanini misal çəkmək olar. O, regionda beynəlxalq diplomatiya və sair sferalarda heyrətamiz fəaliyyət göstərmişdir. Yəni mömin dost və qardaşlarımızın, əziz İran xalqının hələ Şəhid Süleymaninin fəaliyyət sferasının nə qədər geniş olduğu, gördüyü işlərin əhəmiyyəti barədə kifayət qədər məlumatı yoxdur. Hansısa cəbhədə iştirak etdiyini, başqa nələrisə bilirlər, lakin onun gördüyü işin detalları bu danışılanlardan daha çoxdur. Yəqin ki, inşallah, gələcəkdə o detallar hamısı üzə çıxacaq. Bu, Müqəddəs Müdafiə nəticəsində üzə çıxan insan kapitalı idi. Yəni Qasim Süleymani kimi şəxsiyyətlərin bünövrəsi müharibədə, Müqəddə Müdafiədə qoyuldu. Bu da bir məqam.

6. Bər-bəzəkli Qərb sivilizasiyasının əsl mahiyyəti və reallığı aşkara çıxdı

Müqəddəs Müdafiənin digər bir cəhəti budur ki, o bizi bər-bəzəkli, süsləndirilmiş Qərb sivilizasiyasının əsl mahiyyəti və reallığı ilə tanış etdi. Əlbəttə, İran xalqı ondan əvvəl qərblilərdən – ingilislərdən bir cür, amerikanlardan bir başqa cür – zərbə aldığına görə müəyyən qədər onları tanıyırdı, amma onların iç üzünü Müqəddəs Müdafiədə gördüyü qədər görməmişdi.

Keçmişdə İran xalqının Qərb dövlətlərinin düşmənçiliyinə, xəyanətinə şahidlik etdiyi epizodlar çox olmuşdu. Məsələn, I və II Dünya müharibələrindən sonra ölkənin bir sıra ərazilərinin işğal edilməsi, ingilislərin cənubda – Buşəhrdə, Fars Körfəzində etdiyi şeytanlıqlar, İranın bəzi digər güclərlə apardığı müharibələr zamanı, həmçinin Əfqanıstan məsələsində sərgilədikləri davranışlar. Qərb dövlətlərinin xəyanətkarlığını görmüşdülər, amma Müqəddəs Müdafiədə olduğu qədər yox. Müqəddəs Müdafiə müddətində qərblilərdən gördüklərimiz o vaxta qədər uzun illər boyu şahidi olduqlarımızdan çox olmasa belə, heç az da deyildi; ona bərabər, yaxud ondan çox idi. Qərb hər iki üzü ilə bizim əleyhimizə idi; yəni təkcə kapitalist Qərbi yox, eynilə kommunist Qərbi də. Kommunizm də Qərbin ortaya çıxardığı bir məhsuldur. Hər iki üzü ilə bizə qarşı idi! Yəni müharibə dövründə İngiltərə bizim əleyhimizə iş apardı, Fransa və Almaniya ciddi surətdə fəaliyyət göstərdi, Şərq blokuna aid olan Yuqoslaviya bizə qarşı çıxdı, Sovet İttifaqı da ki, məlum məsələdir. Yəni bütün Qərb dövlətləri bizi ən cüzi imkanlardan belə məhrum etmişdilər; həqiqətən də, belə idi, xaricdən bizə heç nə verilmirdi; hətta yüngül silahlar, primitiv silah-sursat belə. Qarşı tərəfə isə hər şey verirdilər. Düşmənə şəhərlərimizi bombardman etmək üçün “Miraj” qırıcılarından tutmuş gəmiləri vurmaq üçün olan “Super etendard” qırıcılarına, qüvvələrimizin dislokasiyası və hərəkət istiqaməti barədə peyk vasitəsilə əldə olunan məlumatlara, maliyyə vəsaiti, tank, kimyəvi silah və sairə qədər – hər şey verirdilər. Səddama hətta kimyəvi silah da vermişdilər, o da bu silahdan həm bizim xalqımıza, həm də öz xalqına qarşı istifadə etmişdi. Səddam İraqın Hələbçəsində, bizim ölkəmizinsə bir sıra regionlarında kimyəvi silah işlətmişdi. Qərb, Avropa Səddama münasibətində özünün bütün humanizm və insan haqları iddialarını ayaq altına atıb tapdaladı. Antibəşəri, korrupsioner və diktator Səddam hökumətini himayə etməklə özünün bütün iddialarını təkzib etdi. Və Qərbi bu cür dərindən tanımaq bizim üçün çox dəyərli bir faktdır. Yəni biz, həqiqətən də, dərk etməli, bilməliyik ki, qərblilər budur. Və biz məhz bu tanıma əsasında düşünüb qərar qəbul etməli və addım atmalıyıq.

7. İran xalqının imkan və potensialı dünya üçün aşkara çıxdı

Son olaraq qeyd etmək istəyirəm ki, Müqəddəs Müdafiədə daha bir böyük olay baş verdi: bu savaş İran xalqının imkan və potensialını bütün dünya üçün aşkara çıxardı; yəni bir media rolunu oynadı. Dünya mediası bütünlüklə bizə qarşı idi, İslam İnqilabının əleyhinə idi. Əlbəttə, bu gün də belədir, o vaxt da belə idi. İnqilabın əvvəllərində rəsmi dünya mediası ya yalan danışırdı, ya müsbət məqamları gizlədirdi, ya da şəxsən İmam Xomeynidən tutmuş İslam Respublikasının, İslam dövlətinin digər rəsmilərinə, xalqa, məhkəmə hakimiyyətinə, silahlı qüvvələrə qədər – hər kəsə, hər kəsə böhtan atırdı. Daim bunların əleyhinə işləyir, İran xalqını dünya ictimaiyyətinin gözündə arzuolunmaz bir xalq kimi qələmə verməyə çalışırdılar. Müqəddəs Müdafiə İran xalqının həqiqətlərini nümayiş etdirmək üçün professional bir mediaya, güclü bir rupora çevrildi. Bu savaş İran xalqına nüfuz qazandırdı, onun şücaətini, müqavimətini bütün dünyaya göstərdi. Bu, həqiqətən də, heyrətamiz və önəmli bir olay idi. Bizim milli həmrəyliyimizi, arxa cəbhəmizin güclü dəstəyini dünyaya nümayiş etdirdi, hamı bunları gördü, düşmənin yalanları büsbütün üzə çıxdı. Müqəddəs Müdafiə ilə bağlı qeyd etmək istədiyim bir neçə məqam bunlar idi.

Müqavimət və dözümlülük nəticəsində qorxu və kədər yox oldu

Mənim bu sadaladıqlarım Müqəddəs Müdafiənin reallıqlarından çox az, kiçik bir qismidir. Mən onların çox az hissəsini təsvir edə bildim. Müqəddəs Müdafiə nəhəng bir tablodur. Mən və başqaları danışarkən yalnız onun kənar-bucağından hansısa fraqmentləri təsvir edə bilirik. Biz Müqəddəs Müdafiəyə çox şey borcluyuq. Müharibə, təbii olaraq, çox ağır, aqressiv bir təzahürdür, lakin 8 il davam etmiş bu ağır və aqressiv təzahürün bizim üçün bərəkətli nəticələri oldu. Həmin nəticələrdən bir neçəsini mən az öncə sadaladım, lakin onlar daha çoxdur. Yəni biz müharibədən müjdə əldə etdik, inkişaf əldə etdik, yenilənmə əldə etdik. Bütün ağırlığına, yaratdığı çətinlik və problemlərə, müəyyən qədər bizə vurduğu ziyana baxmayaraq, bu müharibənin bizim üçün qazancı da oldu. Bu, həqiqətən, belədir.

Və müharibənin bizə verdiyi mesajlar büsbütün müjdə ilə, şadlıqla doludur. Baxın, Quran şəhidlər barədə belə buyurur:

وَیَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون

“Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayə)

Şadlıq edirlər, arxalarınca gələnlərə müjdə verirlər. Nəyi müjdə verirlər? Müjdə verirlər ki, onları iki böyük bəla gözləməməlidir və gözləməyəcək də. Yəni iki böyük bəlanın onlardan yan keçəcəyini müjdə verirlər: qorxu və kədər. Quran şəhidlərdən qorxunu da, kədəri də inkar edir. Məncə, əgər biz cəmiyyətimizdə ruh yüksəkliyi, ümid, sevinc, canlılıq, gənc nəsillərimizdə dinamiklik istəyiriksə, Quranın mələkut aləmi ilə bağlı bu bəyanatına inanmalıyıq. Bu “یَستَبشِرونَ” – “şadlıq edib müjdələmək” çox önəmlidir. Qorxu və kədər bir xalq, bir toplum, bir insan üçün iki böyük bəladır. Qorxu və kədər iki böyük bəladır və bu iki bəla Quranın müjdəsi ilə aradan qalxır. Həmçinin bu bəlalar müqavimət göstərdiyimiz zaman da bizdən dəf olur. Bu da Quran ayəsində öz əksini tapır:

اِنَّ الَّذینَ قالوا رَبُّنَ‌ا اللهُ ثُمَّ استَقاموا تَتَنَزَّلُ عَلَیهِمُ المَل‌ئِکَةُ اَلّا تَخافوا وَلا تَحزَنوا

“Şübhəsiz: "Rəbbimiz Allahdır!" – deyən, sonra da sözünün üstündə durub müqavimət göstərən kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət” surəsi, 30-cu ayə)

Müqavimət də bu cürdür. Əgər qorxu və kədərin sizə yaxın gəlməsini istəmirsinizsə, işinizdə mətin olun, müqavimət göstərin. O zaman nə qorxunuz olacaq, nə də kədəriniz. Bunları Quran bizə bəyan edir.

Təhrifçi əllərə qarşı mübarizə aparmaq üçün Müqəddəs Müdafiə tarixinin öyrənilməsini daha da gücləndirməliyik

Etiraf etməliyik ki, biz Müqəddəs Müdafiə ilə bağlı səhlənkarlıq etmişik. Əlbəttə, əzizimiz, Silahlı Qüvvələrin Baş Qərargah Rəisi, general-mayor Məhəmməd Baqirinin bayaq sadaladığı işlər çox yaxşı və dəyərli işlərdir. Lakin bunlar azdır, biz daha çox iş görməliyik. Baxın, biz zaman baxımından Müqəddəs Müdafiədən uzaqlaşdıqca, Müqəddəs Müdafiə haqda daha çox öyrənməliyik. Nəyə görə? Çünki təhrif təhlükəsi var, təhrifçi əllər pusqudadır. Bax siz – bu gün burada iştirak edənlər döyüşçüsünüz, nələrsə danışırsınız, müdafiə edirsiniz, amma 20, 30 il sonra bu gün burada toplaşanların çoxu artıq həyatda olmayacaq. O zaman təhrifçi əllər tariximizin bu parlaq səhifəsinə xələl gətirə bilər. Odur ki iş görməliyik, Müqəddəs Müdafiə haqda daha çox öyrənməliyik, Müqəddəs Müdafiə mövzusunda olan ədəbiyyatı gücləndirməliyik.

Müqəddəs Müdafiə mövzusunda olan ədəbiyyat isə digər ədəbi janr və mövzulardan fərqli bir ədəbiyyat deyil. Yəni belə deyil ki, bizim qəhrəmanlıq mövzusunda, məhəbbət mövzusunda, ictimai mövzuda, detektiv janrında ədəbiyyatımız var, Müqəddəs Müdafiə  də bu ədəbi mövzulardan biridir. Xeyr, Müqəddəs Müdafiə bir qaynaqdır, bir mənbədir, ondan cürbəcür ədəbi mövzular əldə edib yararlanmaq olar. O, çağlayıb daşan bir bulağa bənzəyir, ondan bir çox müxtəlif sözlər, fikirlər götürüb yaratmaq olar. Müqəddəs Müdafiədən tarixi, sosial, siyasi, eyni zamanda ailə, sevgi münasibətləri zəminində ən ali ideyalar yaratmaq olar. Mühüm olan məqam mətn yaratmaqdır, biz material yaratmalıyıq. Yaxşı və qürurverici bir material yarada bilsək, o zaman onun əsasında filmlər, tamaşalar, şeirlər də yaranar. Məsələn, eşitdiyimə görə, bizim dindar şairlərimizdən biri Şəhid Xoşləfzin  (9) o kitabı əsasında 10 qəzəl yaradıb. Lap yaxşı, dindar şairlərimiz bu işə başalsalar, Müqəddəs Müdafiə barədə yazılmış kitabların materialları əsasında onlarla şeir divanı ərsəyə gələr. Şeir böyük bir sənətdir; eynilə kino da, kinofilmlər də. Dünyada da bu cürdür. Dünya kinosunun ən gözəl inciləri qürurverici tarixi materiallar, romanlar əsasında yaradılıb. Biz də bunu etməliyik, bu qürurverici tarixi materialı toplayıb hazırlamalı və onun əsasında filmlər çəkməli, teatr tamaşaları qoymalıyıq. Odur ki bu çox önəmli bir işdir. Eşitdiyimə görə, ölkəmizdə xarici yazıçıların, misal üçün, Viktor Hüqonun, Çarlz Dikkensin əsərləri tamaşaya qoyulur. Çox yaxşı, elə edək ki, bizim ədəbi əsərlərimiz də dünyanın başqa yerlərində – əvvəlcə buranın özündə, daha sonra başqa yerlərdə – səhnə əsərləri, kinofilmlər olaraq nümayişə çıxsın. Yəni fikrimizi, əzmimizi möhtəşəm, qürurverici ədəbi mətnlərin yaradılmasına yönəltməliyik.

Anım mərasimlərinin keçirilməsinin, Müqəddəs Müdafiənin parlaq simalarının tanıdılmasının əhəmiyyəti

Daha bir mühüm məqam anım tədbirləridir. Anım tədbirləri mühüm bir mövzudur, böyük bir işdir. Bu tədbirlər nəsillərin bir-birindən uzaqlaşmasına imkan vermir, gənc nəsillərin Müqəddəs Müdafiə ilə tanış olmasına səbəb olur. Bunun özü, məsələn, Şəhid Hücəci, yaxud müqəddəs ziyarətgahların müdafiəsi uğrunda həlak olmuş digər əziz şəhidlərimiz kimi şəxsiyyətlərin yetişməsində böyük təsirə malikdir. Əlbəttə ki, bu da Müqəddəs Müdafiənin bərəkətli nəticələrindəndir.

Digər olduqca zəruri işlərdən biri də şəxsiyyətlərin uca tutulması və cəmiyyətə tanıdılmasıdır. Əlbəttə, bəzi şəxsiyyətlər çox məşhurdur – ordudan, Keşikçi Korpusdan, polis qüvvələrindən olanlar, həmçinin bu qüvvələrə daxil olmasalar belə, bəsic sıralarından olan mübariz simalar – amma çoxları tanınmır. Qələmə alınan bioqrafiyaların xeyli hissəsində əsla məşhur olmayan simaları görmək olur. Belələri çoxdur, amma onlar çox böyük işlər görüblər, mühüm məsələlərə imza atıblar. Hər kəs üçün ayrı-ayrılıqda anım tədbiri təşkil etmək, haqqında araşdırma aparmaq, söhbət etmək, həyatının xırdalıqları barədə danışmaq lazımdır. Əlbəttə, az öncə qeyd etdiyim kimi, müqəddəs ziyarətgahların müdafiəsinə qalxan insanlar dövrümüzün olduqca mühüm, heyrətamiz mövzusudur. Suriyadan, Livandan, İraqdan, İrandan, Əfqanıstandan olan hərbçilər vahid cəbhədə, çiyin-çiyinə, bir hədəf uğrunda vuruşur. Bu, heyrətamiz bir faktdır, dövrümüzün böyük təzahürlərindən biridir və əlbəttə ki, Müqəddəs Müdafiənin bərəkətlərindəndir.

Koronavirus məsələsində öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik

Mənim demək istədiklərim bunlar idi. Koronavirus barədə də bir kəlmə deyim. Bu virusa səhlənkar yanaşmayın; gündə 150 soydaşımızı itiririk. Bu, xırda bir məsələdirmi? Bəziləri bu olayı düzgün dəyərləndirmir. Elə bilin ki, hər 2 gündən bir 300 nəfərlik bir sərnişin təyyarəsi qəzaya uğrayır və içərisindəki hər kəs həlak olur. Bu, balaca bir məsələdir? Hər gün 150, 160, 170 vətəndaşımızı itirməyimiz nə deməkdir?! Əlacı da öz əlimizdədir. Gördüyünüz kimi, rəsmilər, həqiqətən də, fədakarcasına çalışırlar. Həkimindən, tibb bacısından tutmuş rəhbər kadrlara və digərlərinə qədər – hər kəs daim çalışır, işləyir. Biz də əhali olaraq öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik. Sosial məsafənin gözlənməsi, maska taxılması, verilən bütün o göstərişlər, əllərin yuyulması – bunlar hamısı əməl edilməsi vacib olan məsələlərdir.

Hazırda Ərbəin mövzusu aktualdır. Bəli, İmam Hüseyn (ə) aşiqləri var, Ərbəinə vurğun olanlarımız var. Məlum məsələdir, hamımız beləyik. Hələ sizin çoxunuz özünüz gedib iştirak etmisiniz, mənsə həmişə arzulasam da, bundan məhrum qalmışam; şair demişkən:

گر چه دوریم به یاد تو سخن میگوییم

– Səndən uzaq olsaq da, daim səni xatırlayıb, səndən danışırıq (10).

Amma nə qədər arzusunda olsaq da, hələlik Ərbəin yürüşünə getməyimiz Koronavirusa Qarşı Milli Mübarizə Qərargahının rəsmilərinin tövsiyə və göstərişlərindən asılıdır. Əgər “yox” desələr – necə ki indiyə qədər belə deyiblər – hamımız bu qərara tabe olmalıyıq. Qərargah məsləhət görmədiyi halda, qalxıb gedib sərhədin kənarında imama sevgi və bağlılığımızı ifadə etməyimiz düzgün bir davranış deyil. Gəlin o həzrətə sevgi və bağlılığımızı öz evimizdən ifadə edək. Ərbəin günü oxunması tövsiyə olunan 2-3 mühüm ziyarət duası var. Qoy Ərbəin günü bütün insanlarımız öz evlərində oturub “Ərbəin” ziyarətnaməsini bütün diqqətini yönəldərək, ürəkdən oxusunlar, İmam Hüseynin qarşısında kədərli olduqlarını ifadə etsinlər və desinlər ki, “Ey Seyyidüş-şühəda, biz gəlmək istəyirdik, amma belə oldu, vəziyyət bu cürdür”. Belə etsinlər ki, bəlkə o həzrət halımıza bir nəzər sala, bir yardım edə.

Ümidvaram, inşallah, Allah-taala İran xalqının taleyinə onun üçün hər cəhətdən xeyirli və məsləhətli olanı yazacaq, zəhmət çəkib səy göstərmiş döyüşçülərimizin əməllərinin əcrini verəcək, şəhidlərimizin məqamını daha da ucaldacaq. Ümidvaram ki, inşallah, Uca Yaradan İran xalqının bu hərəkatının başlanğıc halqası olmuş və bu gün də olmaqda davam edən İmam Xomeynini – İmam Xomeyni bu gün də bizə bələdçilik etməyə davam edir – Məhşərə özünün ən sevimli bəndələri, övliyaları ilə birgə gətirəcək, onun əcrini verəcək, həyatını o cür dəyərli şəkildə keçirdiyinə görə ona layiqli savab nəsib edəcək. Və ümidvaram, Allah-taala siz əziz qardaşlarıma, silahlı qüvvələrimizin, hökumətimizin, müxtəlif sferaların rəsmilərinə, inşallah, öhdəmizə düşən vəzifələri yerinə yetirməkdə yardımçı olacaq, hamımızı doğru yola istiqamətləndirəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________

 (1) Şəhid briqada generalı Vəliullah Fəllahi. Müqəddəs Müdafiə dövründə İİR Ordusunun Müştərək Qərargahının rəisi 
 (2) General-mayor Qasıməli Zəhirnejad. Müqəddəs Müdafiə dövründə İİR Ordusunun Quru Qoşunlarının komandanı 
 (3) Səhifeyi-İmam, c.13, səh.221. Yeni dərs ilinin başlaması münasiətilə radio və televiziya vasitəsilə müraciət (31.06.1359)
 (4) Amerika, İngiltərə və keçmiş Sovet İttifaqının başçıları 1322-ci il azər ayının 6-dan 9-na qədər Tehrandakı Sovet səfirliyində Tehran Konfransına toplaşmışlar.   
 (5) İngiltərənin o vaxtkı baş naziri Uinston Çörçil 
 (6) ABŞ-ın o vaxtkı prezidenti Franklin Ruzvelt 
 (7) Sovet İttifaqının baş katibi İosif Stalin 
 (8) Gülüstan müqaviləsi nəzərdə tutulur
 (9) «Günəş itən zaman” kitabı nəzərdə tutulur 
 (10) Hafizin beytidir