Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 29 Bəhmən qiyamının ildönümündə Şərqi Azərbaycan əhalisi ilə videoformatda görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Əziz Təbriz və Azərbaycan əhalisini salamlayır, unudulmaz bir tarixi gün olan 29 bəhmən günü münasibətilə hamını təbrik edirəm. Təəssüf ki, məlum vəziyyət ucbatından builki görüşümüz bu şəkildə baş tutdu. Hər il bu hüseyniyədə keçirdiyimiz üzbəüz görüşlərimizə siz əzizlərimizin – təbrizlilərin, azərbaycanlıların emosiyaları daha da böyük coşqu qatır, biz də bu görüşlərdən həddən artıq xoşhal olub sevinirdik. Təəssüf ki, bu il belə bir imkanımız yoxdur. Hər halda, bu da həyatda üzləşdiyimiz cürbəcür hadisələrdən biridir, hər açılan günün bizə nələr gətirəcəyini bilmirik. Ümidvarıq ki, inşallah, tezliklə bu problem də ortadan qalxar.

Rəcəb ayının bərəkətlərindən bəhrələnmək lazımdır

Əzizlərim, hamınızı – Təbriz və Azərbaycan əhalisini, eləcə də bütün İran xalqını rəcəb ayının gəlişi münasibətilə təbrik edirəm. Ümidvaram, bu ayın mənəvi bərəkətlərindən hamı bəhrələnəcək. Doğrudur, hazırkı vəziyyətdə bu ayda bir yerə toplaşmaq mümkün deyil, hər zaman toplu halda icra olunan ibadətlərin feyzi bu il bizə müyəssər olmur, lakin rəcəb ayının dualarını evlərimizdə oxumağı yaddan çıxarmayaq. Çox yaxşı dualar var. Toplaşmalara müvəqqəti olaraq icazə verilməməsi bizim bu ayın bərəkətlərindən, ilahi dərgaha dua, ibadət və təvəssüldən kənar qalmağımıza səbəb olmamalıdır.

Bu gün mən əvvəlcə Təbriz və Azərbaycan əhalisinin qəhrəmanlığından bir neçə kəlmə danışmaq istəyirəm. Baxmayaraq ki, bu barədə çox söhbət etmişik, amma fikrimcə, o mövzulara təkrar-təkrar qayıtmaq lazımdır ki, əziz gənclərimiz, xüsusilə də o bölgənin gəncləri bu həqiqətlərlə daha yaxından tanış olsunlar. Bir neçə cümlə ilə 1356-cı ilin 29 bəhmən hadisəsi – o olduqca önəmli tarixi hadisə haqda və bir neçə cümlə ilə də bu gün o hadisədən götürməli olduğumuz dərs, o böyük dərsdən bəhrələnərək hazırkı zəif c¬¬əhətlərimizi necə aradan qaldırmalı olduğumuz barədə danışacağam. Qısaca olaraq seçki mövzusuna da toxunacağam.

Təbriz və Azərbaycan bölgəsinin qürurverici özəllikləri: 1. Görkəmli şəxsiyyətlər yetişdirmək

Təbrizə gəlincə; bəli, 1356-cı il 29 bəhmən hadisəsi atılmış real bir addım, qürurverici bir cihad hərəkatı idi. Bu çox önəmli bir işi idi və həqiqətən də, Təbriz camaatı üçün iftixar mənbəyi sayıla bilər. Lakin Təbriz və Azərbaycanın qürur mənbəyi ola biləcək amillər təkcə bu və buna bənzər cihad hərəkatları ilə məhdudlaşmır. Bu şəhərə, bu regiona iftixar qazandıran xüsusiyyətlərin spektri çox genişdir. Mən onlardan bir neçəsini qeyd etmək istəyirəm:

Həmin xüsusiyyətlərdən biri görkəmli xadimlər, parlaq simalar yetişdirməkdir. Azərbaycan bölgəsi, xüsusilə də Təbriz həm elmə, həm incəsənətə, həm də siyasətə parlaq simalar bəxş etmişdir. Bu region son 150 ildə (düzdür, ona qədər olan dövrü mən çox da araşdırmamışam) ölkə elmi üçün – həm din elmləri, həm də fiziki elmlər üçün  böyük fəqihlər, filsofolar, sxolast alimlər, görkəmli elm adamları yetişdirmək baxımından, həqiqətən də, öndə olmuş və xüsusilə seçilmişdir. Təbriz şairlərindən, Təbriz sənətkarlarından danışarkən həmişə mərhum Şəhriyarı (Allah ona rəhmət etsin!) nümunə gətirirlər, onun adını çəkirlər və çəkirik, mən də bu fikirdəyəm, lakin təkcə o deyil. Təbrizdə fars və ya türk dillərində şeir yazan şairlər çox olub. Həmçinin Azərbaycan keçmişdə və bu gün ölkə siyasətinə də bir sıra parlaq simalar təqdim edib. Odur ki Təbriz və Azərbaycanın mühüm özəlliklərindən biri elm və incəsənətdə parlaq simalar yetişdirmələridir və bu xüsusiyyəti qoruyub saxlamaq lazımdır.

2. Son iki əsrdə baş vermiş tarixi dəyişikliklərdə tendensiya yaratmaq xüsusiyyəti

Digər bir məqam ölkədə baş verən tarixi və siyasi dəyişikliklərdə ayrıca bir cərəyan, tendensiya yaratmaq xüsusiyyətidir. Yenə də son 150-200 ilə nəzər saldığımız zaman görürük ki, Azərbaycan özünəməxsus cərəyan yaradan bir region olmuşdur. Bir var hansısa prosesə qoşulasan, bir də var o prosesin içində özün bir dəyişiklik, bir tendensiya yaradasan, o cərəyanın yaranmasına və davam etməsinə təsir göstərə biləsən. Təbriz və Azərbaycan bu qəbildən olub; hələ mərhum Mirzə Şirazi tənbəki qadağası fətvası verdiyi dövrdən. O vaxt mərhum müctəhid Hacı Mirzə Cavad Təbrizin görkəmli din alimlərindən biri, məşhur bir müctəhid ailəsinin nümayəndəsi idi və bölgədə böyük nüfuza malik idi. Mirzə Şirazi o vaxt Samirra şəhərində idi və əgər İran şəhərlərində din alimləri – Tehranda Mirzə Aştiyani, Təbrizdə Hacı Mirzə Cavad Müctəhid və müxtəlif  bölgələrdəki bəzi digər alimlər olmasaydı, bu fətva o cür geniş yayılıb arzulandığı kimi təsir göstərməzdi. Burada Hacı Mirzə Cavad aktiv surətdə fəaliyyətə keçdi. Eynilə Məşrutə inqilabında da; bir qədər sonra bu mövzuya da toxunacağam, deyəcəyəm. Odur ki ölkədə gedən tarixi-siyasi proseslərdə bu bölgə, xüsusilə də Təbriz şəhəri və bütövlükdə Azərbaycan cərəyan yaradan bir ruhiyyəyə sahib olmuşdur.

3. Xarici hücumlar qarşısında möhkəm bir qala olmaq

Növbəti məqam budur ki, Azərbaycan xarici hücumlar qarşısında İranın möhkəm qalası olmuşdur. Yəni biz təcavüzkar qonşularımız – çar Rusiyası, keçmiş Osmanlı İmperiyası və Sovetlər İttifaqı tərəfindən həmişə hücuma məruz qalmışıq. Əgər Təbriz və Azərbaycan, onların müqaviməti, mübarizliyi, fədakarlığı olmasaydı, o təcavüz cəhdləri ölkənin mərkəzi bölgələrinə də sıçraya bilərdi.  Azərbaycan hər zaman bu həmlələrin qarşısını alaraq təcavüzkar qüvvələri geri oturdan möhkəm bir sədd, alınmaz bir qala olmuşdur.

4. İslama bağlılıq və güclü İran təəssübkeşliyi

Çox önəmli bir məqam budur ki, Təbriz və Azərbaycan bölgəsinin kimliyini xarakterizə edən 2 sabit və dəyişməz xüsusiyyət var: onlardan biri İslam dininə dərin və səmimi bağlılıq, digəri isə İranla bağlı güclü əzm və təəssübkeşlikdir. Müxtəlif dövrlərdə Azərbaycanda bu həmişə olub. İslama və İrana həddən artıq önəm veriblər, bu ikisinə qarşı həddən ziyadə güclü əzmkarlıq və təpər nümayiş etdiriblər. Bu, doğrudan da, Təbriz və Azərbaycan əhalisinin diqqət çəkən çox mühüm bir xüsusiyyətidir. Azərbaycanlılar İranın müxtəlif regionları ilə bağlı separatçılıq niyyəti güdən qüvvələrin bu bölgədə gerçəkləşdirməyə cəhd göstərdikləri məkrli planların qarşısında dəfələrlə müqavimət göstərərək ölkənin ərazi bütövlüyünü və bölünməzliyini qoruyublar.        

5. Ölkədə gedən proseslərdə nüfuzlu və effektiv simalara sahib olmaq

Digər bir məqam ayrı-ayrı şəxsiyyətlərin ictimai nüfuzu məsələsidir. Bu regionda bütövlükdə ölkədə gedən proseslərə təsir gücünə malik olan, ictimai çəkisi olan simalar çoxdur. Qeyd etdiyim kimi, tənbəki qadağası məsələsində mərhum Hacı Mirzə Cavad, Məşrutə olaylarının başlanğıcında Səttarxan və Bağırxan (Bağırxan mənim atamla eyni məhəllədən idi, atam Xiyaban məhəlləsində Bağırxanı görmüşdü) daha sonra başqa bir olayda, ruslar Təbrizə daxil olduqları zaman mərhum Siqətülislam (2) və digər böyük din alimləri müqavimət göstəriblər, mübarizə aparıblar və şəhid olublar. Daha sonra başqa bir etapda Şeyx Məhəmməd Xiyabani və Mirzə İsmayıl Növbərinin hərəkatı baş verib. Bu insanlar meydana atılaraq müəyyən işlər görüblər və sonra Xiyabani şəhid olub. İslam İnqilabında isə inqilab üçün müqəddimə rolu oynayan məsələlərdə ilk gündən, yəni hərəkatın start götürdüyü 1342-ci ildən ölkənin müxtəlif bölgələrində həbs edilmiş din alimlərindən 3-ü Təbrizin məşhur alimləri idi. Daha sonra inqilabın qələbəsi ilə nəticələnəcək günlərdə baş verən müxtəlif hadisələr zamanı mərhum Qazinin (3) və digərlərinin fəaliyyəti; ardınca inqilabi proseslərin özündə Şəhid Mədəni və Şəhid Qazinin gördüyü işlər; Müqəddəs Müdafiədə Şəhid Bakiri və başqaları. Onlarla bu cür unudulmaz, parlaq simalar var. Bu qürurverici tarixin unudulub getməsinə imkan vermək olmaz, onu qorumaq lazımdır. Azərbaycan tarixindən yan keçərək İran tarixi haqda nə isə danışmaq, heç şübhəsiz,  natamam və naqis tarixi məlumat olacaq. Azərbaycanda baş vermiş tarixi proseslər haqda isə mütəxəssislər, bu işlə maraqlanan, onu yaxşı bilən insanlar araşdırma aparıb doğru-düzgün məlumatlar ortaya qoymalıdırlar. Təbriz və Azərbaycanın özünəməxsus cəhətləri haqda bu qədər.

29 bəhmən qəhrəmanlığını yaratmaları baxımından Azərbaycan əhalisinin xüsusiyyətləri

1356-cı ilin 29 bəhməninə gəlincə; Təbrizdə baş vermiş 29 bəhmən hadisəsindən sonra İmam Xomeyni bir müraciət etmişdi.(4) Həmin müraciətdə İmam əziz Azərbaycan əhalisinin 3 xüsusiyyətini qeyd etmişdi. Bu “əziz” ifadəsi elə İmamın öz çıxışında da var; İmam özü də “əziz Azərbaycan əhalisi” deyir. İmam 3 xüsusiyyəti qeyd edir: şücaət, qeyrət və dindarlıq. Dahi İmam Xomeyni öz müraciətində Azərbaycan əhalisini bu 3 xüsusiyyətlə səciyyələndirir. Həqiqətən də, bu 3 xüsusiyyət hər hansı bir toplumu dəyərləndirmək, onun nümayəndəsi olan insanların gördüyü işlərə qiymət vermək üçün mühüm meyarlardır. Yəni ayrı-ayrılıqda şücaət də, qeyrət də, dindarlıq da çox önəmli keyfiyyətlərdir.

29 bəhməndə qiyama qalxan Təbriz əhalisi – fikrimcə, bu, diqqət yetirilməsi vacib olan çox önəmli bir məqamdır – daha əvvəl Qumda baş vermiş 19 dey hadisələrini görmüşdü. Hakim rejimin xalqla necə qəddarcasına davrandığının, insanları necə qırdığının şahidi olmuşdular. Hakim rejim də Qum hadisələrindən sonra İran xalqının gözünün odunu aldığını, daha heç kəsin cürət edib meydanlara çıxmayacağını düşünürdü. Belə bir şəraitdə Təbriz əhalisi Qumdakından da neçə qat böyük bir kütlə ilə meydanlara çıxaraq Qumda şəhid olanların vəfatının 40-cını gününü qeyd etməyə təşəbbüs göstərdi. Ardınca silsilə şəklində ölkənin müxtəlif yerlərində Qum şəhidlərinin qırxı qeyd olundu və nəhayət, proseslər o böyük xalq hərəkatı ilə sonlandı. İlk addımı atan, birinci olaraq təşəbbüs göstərənsə təbrizlilər olmuşdu. Yəni təbrizlilər özlərindən əvvəl şəhid olmuş insanların qırxını qeyd etməyə təşəbbüs göstərmişdilər. Təbriz əhalisini meydana çəkib gətirən və o böyük hadisələrin axarına başlanğıc verən onların şücaəti, imanı, qeyrəti idi. Düşünürəm ki, əgər Təbriz əhalisinin 29 bəhmən günü imza atdığı qəhrəmanlıq hərəkatı olmasaydı, Qum əhalisinin qanlı 19 dey hərəkatı təcrid olunub vaxt keçdikcə unudula bilərdi. Eynilə həmin dövrdə artıq unudulub getməkdə olan 1342-ci il 15 xordad hadisəsi kimi. Əlbəttə, İslam İnqilabından sonra bu hadisə də yaddaşlarda canlandı, daim xatırlandı, lakin inqilabdan əvvəl 1342-ci il 15 xordadda Tehran, Qum, Vəramin və digər yerlərdə nələrin baş verdiyi yavaş-yavaş camaatın yadından çıxmaqda idi. Təbrizlilər meydana axışmasaydı, ola bilsin ki, Qum əhalisinin 19 dey hərəkatı da eyni aqibətlə üzləşəcəkdi. 29 bəhmən günü camaat meydanlara çıxıb tarixi bir qəhrəmanlığa imza atmaqla qumluların qəhrəmanlığını yaddaşlarda yenidən canlandırdı, xalq hərəkatına yeni nəfəs verdi. 

O 3 xüsusiyyət: şücaət, qeyrət və dindarlıq inqilabi proseslərdə və inqilabdan sonra da özünü göstərdi. Təbrizlilər həm inqilabın əvvəllərində yad əllər ölkədə separatçılıq etməyə cəhd göstərdiyi zaman, həm də Müqəddəs Müdafiədə dərhal meydana atıldılar. “Aşura” diviziyası o dövrdə öndə gedən, şücaətli diviziyalardan biri idi. Şəhid Bakiri heç vaxt yaddaşlardan silinməyəcək, unudulmaz şəxsiyyətlərdən biridir. Onunla birlikdə olmuş yaxın dostları – əlbəttə, mən özüm də onu dəfələrlə görmüşəm – onu tanıyıb ünsiyyətdə olanlar bu insanın nuraniliyi, mənəviyyatı, saflığı haqda elə şeylər danışırlar ki, insan, doğrudan da, ona qibtə edir. Daha sonra “Müsəlman xalq” partiyasının törətdiyi fitnə zamanı təbrizlilər özləri meydanlara çıxıb bunun cavabını verdilər. Yəni o fitnəni törədənlər Təbriz və Azərbaycan əhalisi üçün nə isə etmək istədiklərini düşünürdülər, amma o fitnənin qarşısında durub mübarizə aparan da elə təbrizlilər özləri oldular. Məhz onlar imkan vermədilər. O vaxt İmam Xomeyni də elə bunu dedi. İmam söylədi ki, heç kimin müdaxiləsinə ehtiyac yoxdur, Təbriz camaatı özü onların cavabını verəcək. Həmçinin sonrakı illərdə – 1388-ci ildə baş verən iğtişaşlar zamanı təbrizlilər Tehrandan və ölkənin digər yerlərindən 1 gün öncə meydanlara çıxaraq o fitnəni neytrallaşdırdılar.                  

İslam dövlətinə qarşı düşmənçiliklərin əsas səbəbi onun imperializmin müəyyən etdiyi qaydaları rədd etməsidir

1356-cı ilin 29 bəhmən hadisəsi, onun əhəmiyyəti və miqyası barədə bu qədər. Bütün bunları qətiyyən unutmaq olmaz. Bəs gəlin görək biz bu hadisədən nə kimi dərs götürməliyik? Mənim əsas deyəcəklərim bununla bağlıdır. Bu gün bizim o hadisədən çıxarmalı olduğumuz dərs nədən ibarətdir? Bəli, İslam İnqilabı ilk gündın super-dövlətlərin düşmənçiliyi ilə üzləşib, qarşısında böyük bir cəbhə yaranıb. Super-dövlətlər deyərkən mən Amerika ilə yanaşı, o vaxtkı Sovet İttifaqını da nəzərdə tuturam. Bu iki böyük dövlət başqa min bir məsələdə bir-birinin əleyhinə olsalar da, İslam Respublikası, İslam İnqilabı və bu inqilab nəticəsində yaranmış hökumətə qarşı düşmənçilik etmək məsələsində həmrəy idilər. Avropalılar, Avropa dövlətləri, onların dediyi ilə oturub-duranlar – regionumuzun mürtəce dövlətləri və sair də eynilə. İslam İnqilabının əleyhinə bütöv bir cəbhə yarandı. Bəs o düşmənçiliyin səbəbi nə idi? Bu elə bir məqamdır ki, biz onu heç vaxt diqqətdən qaçırmamalıyıq. 

Bu düşmənçiliyin səbəbi o idi ki, İslam dövləti imperializmin müəyyən etdiyi qayda və meyarları rədd edirdi. Dünyada imperializm sistemi hökmranlıq edirdi. İmperializm sistemi nə deməkdir? Bu sistemdə dünya iki hissəyə bölünür: imperialistlər və imperiya altında yaşayanlar. İmperialist ağalıq etməli idi: siyasəti də, mədəniyyəti də, iqtisadiyyatı da. İmperiya altında yaşayan isə imperialistə boyun əymək məcburiyyətində idi. O vaxt dünya ölkələri imprialistlərə və imperiya altında yaşayanlara bölünürdü. Bu bütün dünyada oturuşmuş bir qayda idi. Dünyanı bölüşdürmüşdülər. Bir hissəsi Amerikaya, digər bir hissəsi o vaxtkı Sovet İttifaqına, bir hissəsi də o ikisinin yolu ilə gedən ikinci dərəcəli dövlətlərə aid idi. Dünya belə bir vəziyyətdə idi. İslam Respublikası, İslam dövləti və İslam İnqilabı yer üzündə bərqərar olunmuş bu sistemi rədd etdi. Bu sistem isə imperializmin şah damarı idi. İmperializm sisteminin müəyyən etdiyi qaydalar imperializmin şah damarı idi. İmperializmin varlığı bundan ibarət idi. İslam Respublikası, İslam dövləti bu sistemi rədd etdiyinə görə ona düşmən kəsildilər. Əlbəttə, əldə bəhanə etmək üçün həmişə bir səbəb tapırlar. Bir gün insan haqlarını bəhanə edirlər, bir gün dinin  qeyd-şərtsiz hakimiyyətini cürbəcür yollarla çirkin bir şeymiş kimi qələmə verirlər, bir gün nüvə məsələsini, o biri gün raket məsələsini, bir gün də regiondakı iştirakımızı problem kimi ortaya atırlar. Amma bütün bunlar bəhanədir, məsələnin əsasında duran odur ki, bu İslam dövləti dünya imperializm sisteminə ortaq olub, onların bu “imperialistlər və imperiya altında yaşayanlar” bölgüsünü qəbul etmək istəmir. İslam dövləti müqavimət göstərir; zülmün əleyhinədir, imperializmin əleyhinədir.     

Düşmənlə mübarizənin yolları: 1. İdeoloji əsas kimi milli kimliyi möhkəmləndirmək

Bu düşmənçiliyin, bu cəbhənin qarşısında bizim əziz və dözümlü xalqımız öz kimliyini möhkəmləndirməlidir. Öz şəxsiyyətini, kimliyini, bu kimliyi təsbit edən amilləri möhkəmləndirməli, öz daxili gücünü artırmalıdır. Bu, xalqımızın mütləq ehtiyacıdır. Bir xalqa, bir hərəkata güc və mahiyyət qazandıran nədir? Əvvəla, möhkəm bir ideoloji əsasa sahib olmaq. Müstəmləkəçiliyə, imperializmə, zülm və istibdada qarşı hərəkata qalxıb inqilab etmiş əksər ölkələr qısa müddət sonra – bəziləri 5, bəziləri isə 10 il sonra – bütünlüklə o yoldan geri dönüb eynilə öz sələflərinin yolunu tutmuş, eynən onlar kimi olmuşlar. Səbəbi isə bu olub ki, onlar möhkəm bir ideoloji əsasa malik olmayıblar. Bəzən xaricilərin öz çıxışlarında ideologiyaya qarşı mübarizə aparmaq məsələsinə toxunduqlarını görürsünüz; təəssüf ki, daxildə də bəziləri onları təqlid edir. Bu elə odur. İmperialistlər üçün əsl düşmən İslam dininin təlimlərindən ibarət olan həmin o əsas ideoloji bazadır. Bu baza İslam dinindən əldə edilib. İmam Xomeyninin çıxışlarında bu ideoloji baza haqda ətraflı izah verilir. İmamın çıxışlarının toplandığı çoxsaylı və çoxcildli kitablara nəzər salsanız, görərsiniz ki, İslam dininə əsaslanan bu fəlsəfi-ideoloji baza onlarda geniş surətdə öz əksini tapıb. İmamın genişhəcmli çıxışları bu sahədə zəngin bir xəzinədir. Bundan başqa əlimizdə inqilabi mütəfəkkirlərimizin – Şəhid Mütəhhəri, Şəhid Behişti və ta bu günə qədər başqalarının bir sıra dəyərli dərsləri var ki, onlar bu ideoloji bazanı Quran və digər dini mətnlərdən götürüb cəmiyyəti təmin edirlər. Əlbəttə, mən qəti surətdə inanıram ki, İslam dövlətinin ideoloji qüvvələri bu yolu bundan sonra da davam etdirməli, günbəgün bu ideologiyanı cürbəcür çalarlarla daha da zənginləşdirməli, rövnəqləndirməlidirlər. Qarşıya çıxan yeni məsələlərə yeni cavablar vermək, axtarıb-araşdıranlara, gənclərə bu cavabları təqdim etmək lazımdır.

2. Düşmənin dəyirmanına su tökməmək, iş görərkən qorxub çəkinməmək və yorulmamaq

Zəruri olan ideoloji baza barədə bu qədər. Amma sırf ideoloji bazanın mövcudluğu kifayət etmir, praktikada iş görərkən də bəzi şeylər vacibdir. İş görərkən vacib və lazımlı olan nədir? Qorxmamaq, yorulmamaq, ümidsizliyə qapılmamaq, tənbəllik etməmək, bilmədən düşmənin planlarının tərkib hissəsinə çevrilib onun dəyirmanına su tökməmək – iş görərkən vacib olan bunlardır. Və yeri gələndə fədakarlığa hazır olmaq. “Yeri gələndə” deyərkən mən onu nəzərdə tuturam ki, bəzən fədakarlıq etmək, canından keçməyə hazır olmaq lazım gəlir. O zaman, şair demişkən:

نهد جان بر کف دست و رهاند
ز ننگ تیره‌روزی کشوری را

– canından keçib ölkəni qara gündən qurtarmalısan.(5)

Canını oda atıb müxtəlif meydanlarda iş görən Şəhid Süleymani və digər əziz şəhidlərimiz kimi. Elə sizin Şəhid Bakiri kimi; o, Dəclə çayının o tayında çox önəmli, çətin, mürəkkəb bir əməliyyata getmişdi və şəhid olmazdan bir neçə dəqiqə əvvəl dostlarını çağıraraq: “Gəlin görün burada nələr var!” – demişdi. Mən onun orada nə gördüyünü bilmirəm. Qeyb dünyasından, mənəvi dünyadan, varlıq aləminin mələkut qatından ona nələrsə görünürmüş ki, Şəhid Kazimi və başqalarını (onlar özləri sonradan bunu deyirdilər) dəvət edib: “Gəlin görün nələr var!” – deyirmiş. Bu insanlar canlarından keçərək fədakarlıq ediblər. 

Bəzi məqamlarda fədakarlıq lazımdır, lakin həmişə lazım olan isə az öncə qeyd etdiklərimdir: yorulmayaq, ümidsizliyə qapılmayaq, düşmənə kömək etməyək, tənbəllik etməyək, həyatımızda bikarçılığa, heç bir işin qulpundan yapışmamağa yer olmasın.

İmam Xomeyni və xalqın İslam İnqilabında, eləcə də digər meydanlarda yorulmadan iştirakı və fədakarlığı

Əlbəttə ki, xoşbəxtlikdən, İran xalqında bütün bu xüsusiyyətlər var. İnsafla demək lazımdır ki, İran xalqı heç vaxt yorulmayıb. Bunun bariz nümunələrini Şəhid Süleymaninin möhtəşəm dəfn mərasimində, ondan sonra bu ilin 22 bəhmənində pandemiya şəraitində camaatımızın böyük şövqlə yeni bir təşəbbüs göstərərək inqilabın ildönümünü avtoyürüş formasında qeyd etməsində və digər müxtəlif hadisələrdə görmüsünüz. Təbriz əhalisinin bəhmən qiyamında da həmin xüsusiyyətlər müşahidə olunur: yəni qorxmamaq, yorulmamaq, ümidini üzməmək, meydana atılaraq fədakarlıq etmək.

22 bəhməndə Tehranda və ölkənin əksər şəhərlərində xalq etirazlarının ortaya çıxması ilə nəticələnmiş proseslərdə də vəziyyət eynilə bu cür idi; orada da, əvvəla, camaatın önündə gedən əslində İmam Xomeyni olmuşdu. İmam cəsarətli olmasaydı, qorxsaydı, pessimizmə yol versəydi, usansaydı, tənbəllik etsəydi, bu hadisə belə möhtəşəm bir miqyasda baş verməyəcəkdi. İnqilabi hərəkatın son günlərində, İslam İnqilabının qələbəsinə bir neçə gün qalmış İmam anbaan prosesləri izləyirdi. Ta o yerə qədər ki, nəhayət, hərbi rejimin hakimiyyətinə etiraz edərək camaatı küçələrə çıxardı və məsələ tamamlandı. İkincisi, xalq da qorxmadan, cəsarətlə meydanlara çıxaraq sözün əsl mənasında öz iştirakını nümayiş etdirdi.

Ölkədəki problemləri həll etməyin vacib şərti bu yolda qətiyyətli və səbatlı olmaqdır

Belə əzmlə çalışıb-vuruşsaq, Allah da bizə doğru yolu göstərəcək. Yəni bu cür fədakarcasına səy göstərəndə Allah-taala insanı yalnız və özbaşına buraxmır:

وَالَّذینَ جٰهَدوا فینا لَنَهدِیَنَّهُم سُبُلَنا

“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq”.  (“Ənkəbut” surəsi, 69-cu ayədən)

Bəndələr səy göstərib çalışıb-vuruşanda Allah-taala da öz hidayətini onlara nəsib edəcək. İlahi hidayətdən əlavə, işlərində uğur və inkişaf da olacaq. Quran buyurur:

وَاَن لَوِ استَقاموا عَلَی الطَّریقَةِ لَاَسقَینٰهُم ماٰءً غَدَقًا

“Əgər onlar doğru yolda səbatlı olsalar, Biz onları bol və saf su ilə sirab edərik...” (“Cinn” surəsi, 16-cı ayə)

“ماء غدق” – bol və göz yaşı kimi tərtəmiz su ilə doyurmaq, sirab etmək deməkdir. Təfsirçilərin fikrincə, bu ifadə ilə həyatın bütün çətinliklərinin həll edilməsi nəzərdə tutulur. Bu yolda qətiyyətli və səbatlı olsanız (səbatlı olmaq doğru yoldan sapmamaq deməkdir), düzgün hərəkət etsəniz, doğru yoldan çıxmasanız, heç şübhəsiz, həyatınızdakı çətinliklər öz həllini tapacaq, problem və qayğılarınız, zəif cəhətləriniz aradan qalxacaq. Biz bu məqama həmişə diqqət yetirməliyik. İran xalqının bu günə qədər qət etdiyi yol çox əhəmiyyətlidir. Biz bu əhəmiyyəti dərk etməliyik.

İslam İnqilabının İrana qazandırdığı nailiyyətlər

İslam İnqilabı ölkəmizə, həqiqətən də, nəhəng və heyrətamiz nailiyyətlər qazandırıb. Əlbəttə, biz bu nailiyyətlərin ictimaiyyətə çatdırılması istiqamətində az işləmişik. Televiziya vasitəsilə edilən çıxışlarda, yaxud ictimaiyyətlə görüşlərdə nələrsə qeyd olunub, lakin inqilabın nailiyyətlərini camaata bundan daha geniş surətdə çatdırmaq olar. Doğrudan da, İslam İnqilabı sosial həyatın ən önəmli sferalarında bizə böyük və heyrətamiz uğurlar qazandırıb. Mən onlardan bir neçəsinə toxunmaq istərdim.

1. Ölkənin elmi inkişafı

Biri budur ki, İslam İnqilabı İranı elmi inkişaf cəhətdən dünya ölkələri arasında ən arxa sıralarda duran, geridəqalmış bir ölkə imicindən çıxararaq azad, suveren, nüfuzlu, müasir həyatın önəmli sahələrində diqqətəlayiq elmi uğurlar qazanmış bir ölkəyə çevirdi (ona qədər İran elmi cəhətdən geridə qalmış, siyasi cəhətdən böyük dövlətlərin siyasətindən asılı olan, iqtisadiyyatı böyük dövlətlərdən asılı və bütünlüklə onların ixtiyarında olan bir ölkə idi; yəni iqtisadiyyatımız mərhələlərlə Amerika və İngiltərə kimi böyük dövlətlərin ixtiyarında olmuşdu). Bu gün isə İran çox mühüm sahələrdə dünya üzrə ilk beşlikdə, ilk altılıqda, maksimum ilk onluqda yer alır. Özü də o sahələr olduqca önəmli sahələrdir. Ölkəmiz həmin sferalarda inkişaf edərək suveren, azad, nüfuzlu bir ölkəyə çevrilib. İslam İnqilabının gördüyü ən önəmli işlərdən biri budur.

2. İran xalqının yüksək ruhlu və başıuca bir xalqa çevrilməsi

İslam İnqilabının ikinci nailiyyəti budur ki, İran xalqını heç bir hədəfi olmayan, başqalarına əyilən və onların yolu ilə gedən bir xalq vəziyyətindən çıxararaq dünyada onu dinamik, yüksək ruhlu, öz hədəfi olan, başıuca, hörmətli bir xalqa çevirib. İnqilabdan əvvəl belə deyildi. Camaat başını aşağı salıb öz gündəlik həyat qayğıları ilə məşğul idi. İnsanlarımızın ali bir hədəfi, qarşıya məqsəd qoyduqları böyük bir iş, dünyada gedən proseslərə geniş baxışı əsla yox idi. Məhdud sayda xüsusi adamlarda, ölkə üzrə kiçik bir qrupda, ola  bilsin ki, bu vardı, lakin bütövlükdə ictimaiyyət bu cür deyildi. Bu gün isə xalqımız sevincli, başıuca bir xalqdır,  bir bu qədər dinamik gənci var. Mən söhbətlərimdən birində  (6) demişdim ki, bu gün ölkəmizdə elmlə məşğul olan gəncləri özündə birləşdirən minlərlə müəssisə var. Cürbəcür çoxsaylı təşkilatlar elmlə məşğuldur, texnoloji, sosioloji araşdırmalar aparır. Nümunə olaraq, az öncə möhtərəm imam-cümənin də qeyd etdiyi kimi, gənc alimlərin koronavirusla mübarizə sahəsində apardığı elmi araşdırmaları, həmçinin “Mömincəsinə yardım” aksiyasına qoşularaq ehtiyaclı insanlara dəstək olan gənclərimizi göstərmək olar. Gənclər meydana atılaraq iş görür. Keçmişdə belə şeylər qətiyyən olmayıb. Xalq dəyişib, xalq boynubükük vəziyyətdən çıxaraq sevincli və optimist olub. Bu da inqilabın ikinci uğuru.

3. Ölkədə diktaturanın xalq hakimiyyəti ilə əvəz olunması

Üçüncü və çox önəmli məqam budur ki, İslam İnqilabı nəticəsində ölkəmizdə fərdi hakimiyyət, monarxiya hökuməti xalq hakimiyyəti və respublika quruluşu ilə əvəzləndi. Bu gün İran xalqının müqəddəratı öz əlindədir. Seçim edən xalq özüdür. Ola bilsin, yaxşı seçim edər, ola bilsin, pis seçim edər, amma xalq özü seçir. Bu çox əhəmiyyətlidir. O vaxt bu haqda heç söhbət belə gedə bilməzdi, ölkədə diktatura hökm sürürdü, hər şey öz əllərində idi. Məhəmmədrza ilə dost olmuş məşhur amerikalılardan biri deyir ki, İrana getdim, Məhəmmədrzaya: “Filan baş nazir dəyərsiz adamdır”– dedim, dedi ki, sizin işiniz olmasın, bütün işləri mən özüm görürəm! Doğrudan da, belə idi. Bütün işlərin kələfi bir nəfərin əlində idi, o qərar verir, o addım atırdı. Xalqı qətiyyən adam yerinə qoyan yox idi. Hələ xalq bir yana qalsın, heç dövlət adamlarını da adam yerinə qoymurdular. Bu da inqilabın digər bir uğuru.

4. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri

İnqilabın ölkəyə göstərdiyi quruculuq xidmətləri də çox önəmlidir. Mən məəttəl qalıram! Cürbəcür sözlər danışanlar necə olur ki, bu şeyləri görmürlər? Əsas infrastruktur sahələrinin yaradılması istiqamətində xalqa göstərilən xidmətlər çox mühüm bir hadisədir. Ölkəmizdə bir bu qədər əsas infrastrukturlar qurulub: yol, bənd, işıq, su, elektrik verilişi, sənayenin inkişaf etdirilməsi, kənd təsərrüfatında aparılan yenidənqurma işləri, universitetlərin sayının heyrətamiz artımı. Hər kiçik şəhərdə bir universitet var. Bu qədər universitet, bu qədər tələbə! Təsəvvür edin, o dövrdə 150 min tələbə var idisə, birdən-birə bu rəqəm 10-15 milyona çatıb. Bu gün müxtəlif universitetlərimizdə o dövrdə olduğundan 30-40 dəfə artıq tələbə və məzun var. Bunlar mühüm infrastruktur tədbirləridir, çox böyük, nümunəvi işlərdir. Və bu işləri İslam İnqilabı həyata keçirib. İnqilabi olmayan, adi bir hökumət bunu edə bilməzdi.

5. Ölkənin hərbi gücünün və müdafiə imkanlarının artırılması

Bura qədər sadaladıqlarımdan əlavə, inqilabın xidmətləri sırasında ölkənin hərbi gücünün və müdafiə imkanlarının artırılması da var. II Dünya müharibəsində ölkəmiz barmaqla sayılacaq qədər az ingilis və qeyri-ingilis dövlətin hərbi hücumu qarşısında cəmi bir neçə saat tab gətirə bilmişdi. 8 il davam edən Müqəddəs Müdafiədə isə dünyanın bütün gücləri, yəni Amerika, keçmiş Sovett İttifaqı, Fransa, İngiltərə, Almaniya və başqaları Səddamın adı altında İrana qarşı vuruşdular, üstəlik regionumuzun mürtəce dövlətləri də onlara maliyyə dəstəyi verdilər (yəni sözün əsl mənasında beynəlxalq bir savaş idi), amma 8 il sonra heç bir qələt edə bilmədilər, bizim hərbçilərimizin və xalq qüvvələrimizin səyi ilə sərhədlərimizdən kənara qovuldular. Bu, balaca bir şey deyil. Özü də belə bir möhtəşəm hərəkat inqilabın əvvəllərində, ilk onilliyində baş verdi. Bu gün, əlhəmdulillah, silahlı qüvvələrimiz qat-qat yaxşı vəziyyətdədir. Yəni o zaman olduğundan 10 yox, 10 dəfələrlə yüksək səviyyədədir. Şükürlər olsun ki, bu gün ölkəmiz müdafiə imkanları baxımından böyük bir regional güc, beynəlxalq miqyasda isə ciddi bir fiqurdur.

Amerika, İsrail və bəzi Avropa ölkələrinin İran əleyhinə günbəgün daha da artırdığı cürbəcür məkrli planların səbəbi də elə budur ki, ölkəmizin, inqilabımızın durmadan irəliləməkdə, inkişaf etməkdə olduğunu görürlər. Buna görə də hər gün yeni bir plan qururlar. Əlbəttə ki, inşallah, İran xalqının və ölkə rəsmilərimizin gücü sayəsində bütün bu planlar neytrallaşdırılacaq.

Bəzi sahələrdə gerilik olduğunu etiraf etmək, nöqsanların aradan qaldırılması üçün inqilabi prinsiplər əsasında fəaliyyət göstərmək lazımdır

Bəli, bütün bunlar İslam İnqilabının nailiyyətləridir və heç də kiçik sayıla bilməz. Biz bu nailiyyətlər haqda bilməliyik. Əlbəttə, biz heç vaxt bunu gizlətməmişik, indi də gizlətmirik ki, müəyyən sahələrdə geridə olduğumuz məqamlar da var. Belə məqamlar heç bir vəchlə qəbul edilə bilməz. Bu çatışmazlıqların təqsiri də özümüzdədir, təqsirkar biz rəsmilər özümüzük. Düzdür, müəyyən məsələlərdə camaatın da rolu ola bilər. Bu gerilik və çatışmazlıqlar aradan qaldırılmalıdır. Bunların səbəbi bizim inqilabi prinsiplər əsasında davranmamağımızdır. Harada ki biz əsl inqilabçı kimi hərəkət etmişik, o yerdə geriliyimiz olmayıb. Harada inqilabi prinsiplərə səhlənkar yanaşaraq inqilabçıya uyğun olmayan tərzdə davranıb passivlik, diqqətsizlik etmişiksə, o yerdə geriləmə yaranıb. Bu baxımdan birinci yerdə yoxsul və aztəminatlı təbəqənin sosial rifahı məsələsi gəlir. Bu sahədə biz geriyik, cəmiyyətimizdə təbəqələşmə var. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, hazırda bu sahədə ölkədə mövcud olan vəziyyət inqilabdan öncəki ilə müqayisədə qat-qat yaxşıdır. Elə güman etmək lazım deyil ki, inqilabdan əvvəl də vəziyyət elə bugünkü kimi olub. Xeyr, əsla belə deyil. 

O vaxtlar mən fəaliyyət göstərirdim, olduğumuz yerdə, Məşhəddə ictimaiyyətin müxtəlif təbəqələri ilə, yoxsul insanlarla görüşürdüm. Başqa yerlərdən də xəbərsiz deyildik. Vəziyyət indikindən çox-çox fərqlənirdi, çox pis idi. Bu gün biz bu baxımdan da inkişafa nail olmuşuq, intəhası bu gün əldə etdiyimiz səviyyə İslam İnqilabının şəninə uyğun deyil. Biz bu gün olduğumuzdan xeyli öndə olmalı idik. Cəmiyyətimizdəki təbəqələşmə aradan qalxmalı, ölkəmizdə sözün həqiqi mənasında iqtisadi ədalət bərqərar edilməlidir. Bu bizim işimizdir, bu bizim vəzifəmizdir, biz bu vəzifəni yerinə yetirməliyik. İnqilabdan əvvəl ölkəmizin 35 milyon əhalisi var idi, bu gün isə 85 milyondur. O vaxt neft gəlirlərindən bugünkündən bir neçə dəfə çox istifadə edirdik – nefti satıb pulunu xərcləyirdik – indi isə üzərimizə qoyulmuş sanksiyalardan əlavə, heç bir zaman o qədər neft də satmamışıq (hamının bildiyi kimi, inqilabdan əvvəl 6 milyon barrel neft satılırdı) eyni zamanda, Allaha şükürlər olsun ki, müəyyən işlər də görülüb. Lakin görülən işlər yenə də çox azdır.

Nöqsanların şişirdilməsi düşmənin xalqı ruhdan salmaq üçün apardığı psixoloji savaşdır

Bir şeyə diqqət yetirin: düşmən bizim uğursuzluqlarımızın, nöqsanlarımızın üzərində təbliğat qurur, psixoloji savaş aparır, onları önə çəkib vurğulayır. Düşmən uğursuzluqlarımızı həqiqətdə olduğundan qat-qat böyük göstərir. Əlbəttə ki, uğurlarımızı, yolunda gedən işlərimizi qətiyyən göstərmir, onlara heç toxunmur da, əksinə, nailiyyətləri qəsdən gizlədir. Bunu ona görə edir ki, bizim gənclərimiz ruhdan düşsünlər, xalqımız gələcəyə ümidini itirsin. Bu məqama diqqət yetirmək lazımdır. Bəli, sözsüz ki, düşmən yalan danışmaqdan da çəkinmir. Bəzi şeyləri şişirdirlər, bəzi hallarda da yalan danışırlar. Bizim öz içimizdəki bəzi qüvvələr də anlamadan onların dediyini təkrarlayır (ola bilsin ki, bəziləri bunu qəsdən edirlər, amma əksəriyyət anlamır, dərk etmir). Yolunda getməyən bəzi işlərimiz, nöqsanlarımız var və onları aradan qaldırmaq lazımdır.

Nöqsanlara və korrupsiyaya qarşı xalqın həssaslığını artırmağın vacibliyi

İnqilabın əvvəlləri ilə müqayisədə bu gün camaatımız da nöqsanlara qarşı daha həssasdır. Bu gün xalqımız korrupsiya, təbəqələşmə kimi problemlərə inqilabın əvvəllərində olduğundan daha həssas yanaşır. Bu, pis bir şey deyil, çox yaxşıdır. Bu onu göstərir ki, camaat inqilabi ideyalarla tanışdır, onları dəstəkləyir, elə buna görə də etiraz edir. İnsanlarımız korrupsiyaya etiraz edir və korrupsiya hallarına qarşı mübarizə olan yerdə dərhal buna diqqət və maraq göstərir, isti yanaşırlar. Aztəminatlı insanlara yardım, ədalətin yaradılması və bərqərar edilməsi istiqamətində bir iş aparıldığını görən kimi öz dəstəyini nümayiş etdirirlər. Bu çox önəmlidir və xalqın bu məsələlərə meyilləndiyini göstərir. Bu cəhəti daha da gücləncirmək lazımdır.

Nöqsan və uğursuzluqları nailiyyətlərlə kompensasiya etmək lazımdır

Nöqsan və uğursuzluqları nailiyyətlərlə kompensasiya etmək bizim vəzifəmizdir. Baxın, bu, mühüm bir məqamdır. Bizim müəyyən nailiyyətlərimiz var və o nailiyyətlərdən biri də elə həvəsli, təşəbbüskar gənclərimiz, işləməyə hazır olan insan potensialımızdır. Bu da bizim nailiyyətlərimizdən biridir. Biz nailiyyətlərimizin köməyi ilə uğursuzluqlarımızın yerini doldurmalıyıq. Düşmən bunun əksini deyir. Düşmən uğursuzluqları önə çəkir, nöqsanları gözə soxur, “yalnız çatışmazlıqları görün, nailiyyətləri yaddan çıxarın,  inqilabın yolunu buraxın” deyir. Düşmənin dediyi budur. Biz isə əksinə, deyirik ki, qazandığımız nailiyyətlərin köməyi ilə nöqsan və uğursuzluqlarımızı aradan qaldırmalı, çoxsaylı uğurlarımızı görməli və inşallah, nöqsanlarımızı aradan qaldırmaq üçün onlardan bəhrələnməli, istifadə etməliyik.

Xoşbəxtlikdən, camaatımızda hələ də inqilabi əhval-ruhiyyə, o canlanma var. Az öncə qeyd etdiyim kimi, şəhidimizi o cür möhtəşəm və həqiqətən də, misilsiz bir şəkildə son mənzilə yola saldıq. Ölkələrin tarixində belə bir şey olmamışdı, bir şəhidin ölkənin hər yerindən milyonların iştirakı ilə, bu cür möhtəşəm surətdə dəfn olunmasına rast gəlinməmişdi. Həmçinin sonrakı hadisələr, bu ilin 22 bəhməni; builki 22 bəhmən, əlhəmdulillah, özündə xalqımızın yüksək inqilabi əhval-ruhiyyəsini əks etdirirdi. Odur ki gələcəyi qurmaq, yolumuzdakı əngəlləri ortadan qaldırmaq üçün keçmişdən bəhrələnməliyik.

Ölkənin zamanla yığılıb qalmış problemlərinin əlacı yüksək seçici fəallığı ilə keçən seçkilərdə və ən layiqli namizədin seçilməsindədir

Seçki barədə də bir cümlə deyim. Ölkəmizdə seçkilər çox böyük bir fürsətdir, bu fürsəti əldən qaçırmaq olmaz. Əlbəttə, İslam Respublikasına müxalif qüvvələr İslam Respublikasının bu fürsətdən yararlanmasını istəmirlər. Seçkidə aşağıdakı xüsusiyyətlər var: bu, xalq üçün böyük bir imkan, ölkənin tərəqqisi üçün böyük bir potensialdır. Seçkilər xalqın inqilabi əhval-ruhiyyəsini özündə əks etdirir. Xalqın seçkidə iştirak edib öz yüksək inqilabi əhval-ruhiyyəsini nümayiş etdirməsi ölkənin təhlükəsizliyini təmin edir, düşməni geri oturdur, onun ölkəyə qarşı tamahını azaldır. Seçkilər xalq tərəfindən nə qədər böyük həvəs və maraqla qarşılansa, nə qədər yüksək seçici fəallığı şəraitində keçsə, ölkə və elə xalqın özü üçün müsbət təsirləri bir o qədər çox olar. Dediyim kimi, düşmən bunu istəmir, ona görə də hər dəfə ölkədə seçkilər yaxınlaşanda onlar camaatı seçkidən soyutmaq üçün fəaliyyətə keçib gah deyirlər ki, azadlıq yoxdur, gah deyirlər, filankəs müdaxilə edir, gah deyirlər, idarə olunur və sair və ilaxır (Bu bütün dövrlərdə belə olub. İndiyə qədər 40-a yaxın seçki keçirmişik). Bunu düşmən edir, lakin həqiqət budur ki, seçkilər ölkə üçün bir qürur mənbəyi, gözəl bir fürsət, imkan, yatırımdır. Seçkilər yüksək seçici fəallığı ilə keçsə, heç şübhəsiz, bunun ölkənin gələcəyinə böyük köməyi olacaq. Əlbəttə ki, əgər bu seçici fəallığı düzgün bir seçimlə də müşayiət olunsa, xalq həqiqətən effektiv, imanlı, stimullu, işə marağı olan bir namizədi seçsə, bu, Quran təbiri ilə desək, nur üstünə nur olar, ölkənin gələcəyi zəmanətə alınar. Seçkiyə qədər hələ bir neçə ay vaxtımız var, ömür vəfa etsə, gələcək aylarda seçkilər barədə mənim deyiləsi sözlərim hələ çoxdur. Bu gün isə elə bu bir cümləni demək istəyirəm ki, ölkənin çoxdan bəri yığılıb qalmış dərdlərinin əlacı seçkilərin yüksək seçici fəallığı şəraitində keçməsində, xalqın seçkidə hamılıqla iştirakında və bundan başqa, prezident seçkiləri nəticəsində ən yaxşı, ən layiqli namizədin seçilməsindədir.

İş qarşılığında iş – İslam Respublikasının nüvə anlaşması ilə bağlı qərarı budur

Və son olaraq nüvə anlaşmasına – Birgə Kompleks Tədbirlər Planına toxunmaq istəyirəm. Bu barədə mən əvvəllər də, bu yaxınlarda da danışmışam, özü də kifayət qədər çox danışmışam, İslam Respublikasının BKTP ilə bağlı siyasətlərini, şübhəsiz, açıqlamışıq. Müəyyən fikirlər səsləndirilir, vədlər verilir. Bu gün mən bircə kəlmə demək istəyirəm: biz yaxşı sözləri, vədləri çox eşitmişik, amma əməldə o sözlərə, o vədlərə əməl olunmayıb, onların əksi olub. Sözlərin, vədlərin heç bir xeyri yoxdur. Bu dəfə biz yalnız və yalnız iş, əməl görmək istəyirik. Qarşı tərəf addım atsın, iş göstərsin, biz də iş görəcəyik. Bu dəfə İslam Respublikası sözlə, “o işi görəcəyik, bu işi görəcəyik” kimi vədlərlə qane olmayacaq. Daha əvvəlki kimi olmayacaq.

Pərvərdigara! Muhəmməd və Ali-Muhəmməd xatirinə, Təbriz və Azərbaycan əhalisinə – Şərqi Azərbaycanın, Qərbi Azərbaycanın, Ərdəbilin əhalisinə – bütövlükdə İran xalqına öz lütf, rəhmət və bərəkətini nəsib et. Pərvərdigara! Muhəmməd və Ali-Muhəmməd xatirinə, bu yolu bizim üzümüzə açmış dahi liderimiz İmam Xomeyninin pak ruhunu məhşərə övliyalarınla birgə gətir. Pərvərdigara! Əziz şəhidlərimizin pak ruhlarını bizdən razı et. Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda!) müqəddəs vucudunu bizdən razı et, o həzrətin dualarını halımıza şamil et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

 (1) Videobağlantı formatında keçən bu görüşün əvvəlində Vəli-fəqihin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi, Təbrizin imam-cüməsi Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Ali-Haşim çıxış etmişdir. 
 (2) Mirzə Əli Siqətülislam Təbrizi 
 (3) Şəhid Ayətullah Seyid Məhəmmədəli Qazi Təbatəbayi 
 (4) “Səhifeyi-İmam”, c.3, səh.353, Azərbaycan əhalisinə müraciət (08.12.1356) 
 (5) Mehrdad Avesta
 (6) Gənc alimlərlə görüş (26.07.1396)