Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin seçki ərəfəsində televiziya vasitəsilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین
اللهمّ صلّ علی علیّ بن موسی الرّضا المرتضی ولیّک عدد ما فی علمک صلاة دائمة بدوام ملکک و سلطانک

Mübarək Kəramət həftəsi və Həzrət Əli İbn Musa Rzanın (ə) mövludu münasibətilə əziz xalqımızı, o həzrətin ziyarətinin həsrətini çəkən hər kəsi təbrik edirəm. Təəssüf ki, artıq bir müddətdir hamımız bu böyük feyzdən məhrum olmuşuq. Ümidvarıq, Allah-taala o həzrətin dua və şəfaətinin bərəkəti sayəsində xalqımıza olan lütf və mərhəmətini günbəgün daha da artıracaq, İran xalqının o müqəddəs məqbərəyə yaxınlığının bərəkətləri günbəgün daha da artacaq, inşallah.

Xalqın seçki ilə bağlı vəzifəsi seçkidə iştirak etmək və bu iştirakın lazımi formada olmasıdır.

Bu gün mən sırf seçki barədə danışacağam. 48 saatdan da az bir vaxt sonra ölkəmizdə taleyüklü bir hadisə baş verəcək – ölkədə növbəti prezident seçkiləri, habelə yerli şuralara seçkilər keçiriləcək. Bundan sonrakı müəyyən bir etapda bütün sahələrdə – iqtisadiyyatda, mədəniyyətdə, səhiyyədə, təhlükəsizlik sferasında və sairdə ölkənin müqəddəratı mütləq surətdə siz İran xalqının, inşallah, cümə günü atacağınız addımdan asılıdır. Yəni siz öz iştirakınızla, verəcəyiniz səslərlə, əslində, bütün önəmli məsələlərdə ölkənin müqəddəratını təyin edəcəksiniz.

Cümə günü xalqımızın görəcəyi ən böyük iş, əvvəla, seçkidə iştirak etməyin özü, ikinci növbədə isə hansı formada, necə iştirak etməkdir. Ümidvaram, Allah-taala bu meydanda özümüzü ən yüksək səviyyədə göstərə bilməyimiz üçün hamımızın, bütün İran xalqının qəlbini düzgün istiqamətə yönəldəcək.

Xalqın seçkidə iştirakının faydaları və düşmənin məhz bu amillə düşmənçilik etməsinin dəlili

Son çıxışlarımdan birində (1) mən İran xalqına müraciətlə demişdim ki, xalqın İslam Respublikasında iştirakının fundamental nəzəriyyəyə əsaslanan, güclü bir ideoloji əsası var. Bu sırf siyasi bir məsələ deyil. Əlbəttə, xalqın iştirakının siyasi faydaları daha çoxdur, lakin bundan əlavə və daha əhəmiyyətli olanı xalqın İslam Respublikasındakı iştirakının fəlsəfəsinin özüdür. Yəni cümhuriyyət və islamiyyət İslam Respublikasının 2 eyni dərəcədə əhəmiyyətli hissəsini təşkil edir və cümhuriyyət olmasa, İslam Respublikası reallaşmaz. Əlbəttə, bunun siyasi cəhətdən də bir sıra faydaları, bərəkəti var, onlardan bəzilərinə az sonra toxunacağam. Məhz elə buna görə də dünyanın şeytani güc mərkəzləri, İslam Respublikasının əleyhinə və ona düşmən olanlar özəlliklə seçkilərin də əleyhinə iş aparır. Geridə qalan onilliklər ərzində həmişə bu cür olub, onların media vasitələri, siyasi rıçaqları ölkəmizdə ictimai rəyi seçkinin əleyhinə yönəltməyə çalışıblar, İranda möhtəşəm seçkilərin müşahidə olunmasına imkan verməmək üçün əllərinə fürsət düşən kimi seçkiyə müdaxilə ediblər. Əlbəttə, onlara göz dağı olaraq, bu illər ərzində bütün seçkilər vaxtlı-vaxtında baş tutub. Nə təxirə salınıb, nə də bir gün belə olsa irəli çəkilib. Xalqımız vaxtlı-vaxtında seçki məntəqələrində, səsvermə qutularının önündə öz yerini tutaraq səs verib. Əlbəttə, onların qara piarı mövcud olub. Həmişə seçkidən hələ bir müddət öncə bu təbliğata başlayıblar, seçkidən sonraya qədər də davam etdiriblər. Dünyanın heç bir yerində elə bir ölkə tapa bilməzsiniz ki, orada keçirilən seçkilər düşmənlərin hücumuna bu qədər məruz qalsın. Elə ölkəmizdə birigün – cümə günü baş tutacaq seçkilər də eynilə. Artıq bir neçə aydır ki, Amerika və İngiltərə mediası, onların bayrağı altında işləyən muzdur medialar bu seçkiləri sual altına salmaq, xalqın seçkidə iştirakını zəiflətmək, İslam Respublikasının keçirdiyi seçkilərə hansısa yolla qara yaxmaq üçün dəridən-qabıqdan çıxır, bu mövzu ətrafında cürbəcür sözlər danışırlar.

Düşmənin İrandakı seçkilərin əleyhinə iş aparmaqda məqsədi xalqı dövlətdən uzaqlaşdırmaqdır
Onların məqsədi isə İslam Respublikasında seçkilərin arzuolunan səviyyədə baş tutmasına əngəl olmaqdır. Bu nə deməkdir? Bu, xalqın dövlətdən uzaqlaşmasıdır. Çünki xalq seçkilərdə iştirak etmirsə, təbii ki, İslam Respublikası quruluşundan uzaqlaşmış olur. Hədəfləri budur. Əlbəttə, xalq onlara qulaq asmadı. Bu günlər mətbuatda, yaxud internet mediada onların dediklərini təkrarlayan müəyyən qrup insanlar heç, onlarla işimiz yoxdur, amma təcrübə, bilavasitə xalqın davranışları onu göstərir ki, bu günə qədər camaatımız düşmənin istədiyinin əksini edib; həm seçkilərdə, həm də müxtəlif ümumxalq yürüşlərində və digər məsələlərdə. İnşallah, Allahın köməyi ilə bu dəfə də elə olacaq. Xalqımız seçkidə iştirak edərək İslam Respublikasına nüfuz qazandıracaq. 

Bir məqamı da qeyd edim, bu bir həqiqətdir: siyasət aləmində – İslam Respublikasının, ölkəmizin yürütdüyü siyasətlərdə, həmçinin müxtəlif siyasi xarakterli olaylarda elə reallıqlar var ki, onlara siyasi təmayüllərdən, siyasi çəkişmələrdən daha yüksəkdən baxmaq lazımdır. Misal üçün, əziz və böyük şəhidimiz Qasim Süleymaninin cənazəsinin son mənzilə yola salınması. Bu, böyük bir hadisə idi. Orada hansısa siyasi təmayüldən söhbət belə gedə bilməzdi, hamı iştirak etdi. Seçki də bu qəbildəndir. Seçkidə də siyasi təmayüldən söhbət belə gedə bilməz, hamı iştirak etməlidir. Çünki ölkənin ictimai quruluşunun bu iştiraka ehtiyacı var, xalqın seçkidə iştirakı bu quruluşa təsir göstərir. O təsirlərdən bəzilərini söhbət əsnasında qeyd edəcəyəm.

Seçkidə iştirak saleh əməlin nümunələrindən biridir

Mən xalqın seçkidə iştirakının əhəmiyyəti ilə bağlı bir neçə məqamı qeyd edəcəyəm, lakin əvvəlcə mübarək “Bəraət” surəsinin 120-ci ayəsindən bir hissəni yada salmaq istəyirəm:

وَلایَطَئونَ مَوطِئًا یَغیظُ الکُفّارَ وَ لا یَنالونَ مِن عَدُوٍّ نَیلًا اِلّا کُتِبَ لَهُم بِهٖ عَمَلٌ صٰلِح

“Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, onlar kafirlərin qəzəbinə səbəb olan elə bir yerə ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun!”

Ayədən oxuduğum bu iki fraqmentin qısaca məzmunu budur ki, sizin hər hansı bir addımınız düşməni qəzəbləndirərsə, o iş Allah dərgahında saleh bir əməldir. Gördüyünüz kimi, bu gün dinin, İslamın, İranın düşmənləri sizin keçirəcəyiniz seçkilərin  kəskin surətdə əleyhinədirlər. Ona görə də seçkidə iştirak etmək saleh əməldir. Əməlisaleh olmaq istəyən,

اِلَّا الَّذینَ ءامَنوا وَ عَمِلُوا الصّالِحٰت

“İman gətirib yaxşı işlər görənlərdən savayı”

– yaxşı işlərə can atan hər kəs bilsin ki, seçkiyə qatılmaq onun tərəfindən yerinə yetiriləcək saleh bir əməldir.

Xalqın iştirakı ölkənin və dövlətin iqtidarının artmasına təsir göstərir

Mənim nəzərdə tutduğum məqamlara gəlincə; bir neçə məqama toxunacağam, onlardan ən önəmlisi isə budur ki, seçkilər xalqın meydanda varlığını nümayiş etdirir. Xalqın meydanda varlığı nə deməkdir? O deməkdir ki, İslam Respublikası quruluşunun arxasında xalq durub. Bu amil İran İslam Respublikası quruluşunun, ölkəmizin iqtidarına misilsiz təsirə malikdir. Yəni heç bir şey, heç bir iqtidar amili ölkənin qüdrətini xalqın iştirakı qədər artıra bilməz. Bəli, biz siyasətin, iqtisadiyyatın, müdafiə imkanlarının ölkəyə güc və iqtidar qazandırdığını, bu iqtidarı artırdığını qəbul edirik, lakin bunlardan heç biri xalqın iştirakı qədər ola bilməz. Xalqın iştirakı İslam Respublikası quruluşunu sözün əsl mənasında qüdrətli edir. Seçkilər barədə səfsətə qarışıq fikirlər səsləndirənlər də (özünüz görürsünüz, təəssüflər olsun ki, bəziləri qəzetlərdə və virtual məkanda müəyyən bəyanatlarla çıxış edir, xalqı seçkidə iştirakdan soyutmaq üçün səfsətə qarışıq sözlər danışırlar) əslində, dövləti zəiflətmək məqsədi güdürlər. Açıq-açığına İrandakı seçkilərin əleyhinə çıxış edən xarici düşmənlərin də hədəfi eynidir. Onlar bilirlər ki, xalqın iştirakı zəifləsə, ölkə zəifləsə, burada asayiş və təhlükəsizliyi poza biləcəklər, terrorizmə rəvac verə biləcəklər, ölkədə terroristlər at oynadacaq. Bu o zaman olar ki, ölkə zəifləyə, hökumətin dayağı olaraq xalqın iştirakı arxa plana keçə. Əlbəttə, bunu açıq-aşkar demirlər, amma səsləndirdikləri fikirlərin kənar-bucağından tam şəkildə anlamaq olur ki, məhz bu məqsədi güdürlər. İstədikləri budur ki, xalqın iştirakı olmasın, dövlət zəifləsin, ölkəni qarışdırsınlar, ölkəyə müdaxilə edə bilsinlər, buranı öz muzdurları üçün meydana çevirsinlər. Bunu görmək olur.

Xalqın iştirakı ilə düşmənin təzyiqləri tərs mütənasibdir

Digər bir məqam budur ki, əgər bizdə xalqın iştirakı zəifləsə, o tərəfdən düşmənin təzyiqlərinin artdığını müşahidə edəcəyik. Yəni bu iki şey bir-biri ilə, sözün əsl mənasında, tərs mütənasibdir. Əgər ölkəmizdə xalqın ictimai-siyasi meydanlarda iştirakı getdikcə zəifləsə, o tərəfdən getdikcə düşmənin təzyiqlərinin artdığını görəcəyik. Əgər biz düşmənin təzyiqlərinin – iqtisadi təzyiqlər, sanksiyalar və digər bu qəbildən olan təzyiqlərinin aradan qalxmasını, yaxud azalmasını istəyiriksə, bunun yolu ölkədə xalqın iştirakını artırmaq, dövlətin xalqa arxalandığını düşmənlərə görk etməkdir.

Xalqın iştirak səviyyəsi və seçicilərin səs çoxluğu yeni seçiləcək prezidenti güclü edir

Daha bir önəmli məqam budur ki, cümə günü seçiləcək prezident yüksək səs çoxluğu qazansa, möhkəm dayağa sahib olacaq, güclü, qüdrətli bir ölkə başçısı olacaq və böyük işlər görə biləcək. Allaha şükürlər olsun ki, ölkəmiz yüksək potensiala sahibdir (çıxışımın sonunda mən bu barədə bir-iki cümlə deyəcəyəm) ölkəmizin kifayət qədər geniş imkanları var. Bu imkanlardan istifadə etmək üçün güclü, fəal, yorulmaq bilməyən, çalışqan, qüdrətli insanlara ehtiyac var. Ölkə başçısı bu qüdrəti – şəxsi keyfiyyətlərindən əlavə – daha çox xalqın ona dayaq olması sayəsində əldə edir.  Xalqın iştirakı arzuolunan səviyyədə olsa və inşallah, yeni prezident yüksək faizli səs çoxluğu ilə seçilsə, bu onun xalqdan güc alaraq mövcud imkanlardan düzgün istifadə etməsinə səbəb olacaq.

Müxtəlif dövrlərdə ölkədə baş tutan seçkilər şəffaf olub 

Növbəti bir məqam isə seçkinin şəffaflığı məsələsidir.  Mən bundan əvvəl də demişəm, indi də bir daha vurğulayıram ki, xoşbəxtlikdən, indiyə qədər uzun illər boyu ölkəmizdə baş tutmuş seçkilər tam sağlam və şəffaf  şəraitdə keçib. Bəziləri buna etirazını bildirə bilər. Bəli, haradasa müəyyən qanun pozuntuları müşahidə olunmuş ola bilər, lakin ümumilikdə seçkilər şəffaf olub. Bunun aydın və güclü sübutlarından biri odur ki, bu illər ərzində ölkədə tamamilə fərqli siyasi meyil və görüşlərə malik olan prezidentlər iş başına gəlib. Bu, ölkədə keçirilmiş seçkilərin sağlam və şəffaf mühitdə baş tutduğunun göstəricisidir. Yəni seçkilər xüsusi olaraq hansısa siyasi ideyaya, yaxud siyasi tendensiyaya tabe olmayıb. Xeyr, hər şey qanuna uyğun şəkildə olub. Müxtəlif dövrlərdə növbə ilə bir-birindən tam fərqi siyasi təmayüllərə sahib olan simalar prezident seçilib. Odur ki ölkəmizdə keçirilən seçkilər sağlam və şəffafdır.

Debatlarda namizədlər arasında rəqabət mövcuddur

Bir də, deyirlər ki, rəqabət yoxdur. Xeyr, əlhəmdulillah, rəqabət də var. Debatları gördünüz (bu barədə mənim deyiləsi sözlərim var, inşallah, ölməsək, sağ qalsaq, seçkidən sonra deyəcəyəm) özünüz şahidi oldunuz ki, debatlarda möhtərəm namizədlər tamamilə azad rəqabət mühitində olduqlarını göstərdilər.  Yəni namizədlər fikirləri və çıxışları ilə qarşı-qarşıya dururdu, hərəsinin də öz tərəfdarları var. Bu da ölkəmizdə keçirilən seçkilərin danılmaz həqiqətlərindən biridir.

Əlbəttə, düşmənlər həmişə, inqilabın əvvəlindən bu günə qədər, İslam Respublikasına keçilməsi ilə bağlı referendum 98 faizdən də bir qədər artıq səs çoxluğu ilə İslam Respublikasının lehinə nəticələndiyi vaxtdan bəri xalqımızın verdiyi səslərə şübhə ilə yanaşıblar. Ölkəmizdə baş tutan bütün seçkiləri sual altına salırlar. Düşməndən bizim seçkilərimizin şəffaf keçdiyini etiraf etməsini heç gözləmək də olmaz. Qəribə burasıdır ki, 21-ci əsrin ortasında qəbilə hökuməti ilə idarə olunan, yəni hansısa bir qəbilənin hakimiyyəti altında yaşayan bəzi ölkələr də öz telekanallarında 24 saat yayım edib ölkəmizdə keçirilən seçkilərin əleyhinə danışır, İrandakı seçkilərin demokratik olmadığını deyirlər! Halbuki həmin ölkələrdə seçkinin ümumiyyətlə izi-tozu yoxdur, onların əhalisi ümumiyyətlə seçki qutusunun nə olduğunu bilmir. Seçki qutusu ilə meyvə qutusunun belə fərqini bilmirlər! Bu da günümüzün qəribə və maraqlı məsələlərindən biridir.

Cəmiyyətin aztəminatlı təbəqəsi giley-güzarında haqlıdır, lakin seçkidə iştirak etməmək qərarı yanlış bir qərardır

Fikrimcə, diqqət çəkən digər bir məqam budur ki, seçkidə iştirak etməkdə tərəddüd edən, yəni seçkiyə tərəddüdlə, soyuq yanaşan insanlardan bəziləri cəmiyyətin aztəminatlı təbəqəsindəndirlər; cəmiyyətdəki kasıb insanlardır. Bu barədə məndə məlumat var, keçirilən rəy sorğularından bilirik. Bəzi aztəminatlı, kasıb insanlarımız var ki, onların haqlı istəkləri, gözləntiləri var və bu günə qədər o istək və gözləntilərin reallaşmamağından haqlı olaraq gileylidirlər. Dolanışıq məsələsi, evsizlik, işsizlik kimi problemlər. Həqiqətən də,  ölkə rəsmiləri bu problemlərin həlli üçün çalışmalıdır və indiyə qədər də çalışmalı idilər. Bu insanlar gileylidirlər və əlləri, ürəkləri seçkiyə getmir. Deyirlər ki, indiyə qədər getmişik, nə xeyri olub? Fikrimcə, onların gileyi haqlıdır, lakin verdikləri qərar doğru və yerində deyil. Bəli, narazı qalmaqda, giley-güzar etməkdə haqlıdırlar, bu günə qədər narazılıqlarına baxılmalı idi, yeni yaradılacaq hökumət də öz fəaliyyət proqramlarında bu təbəqənin problemlərinin aradan qaldırılmasını hökmən ən öndə gələn məsələlər sırasına daxil etməlidir. Lakin məsələ burasındadır ki, seçkiyə getməməklə, seçki qutusundan küsməklə problem həll olunmur. Bu problemlər həllini tapacaqsa, yalnız bu yolla həllini tapacaq ki, insanlarımız, hamımız seçki məntəqələrinə gedib səsvermədə iştirak edək və bu problemləri həll edə biləcəyinə inandığımız insana səs verək. Problemi yalnız bu cür həll etmək mümkündür. Yoxsa gileyliyik deyə səsverməyə getməmək – məncə, bu, doğru deyil. Bu da önəmli bir məqamdır. Odur ki mən narazılığı, giley-güzarı qəbul edirəm, amma bu giley-güzar ucbatından seçkidə iştirak etməməyi qəbul etmirəm. Yeni yaradılacaq hökumət kabineti də hökmən bu sahədə öhdəsinə düşən lazımi işləri görməlidir.

Gənclər vətəndaşlarımızı seçkidə iştiraka həvəsləndirmək üçün işə qoşulub fəaliyyət göstərməlidirlər

Gənclərlə bağlı bir məqamı qeyd etmək istərdim. Mənim gənclərə inamım böyükdür, inanıram ki, gənclər ölkənin bütün önəmli məsələlərində öndə gedir, avanqarddırlar. Müxtəlif proseslərdə həm özləri öndə durur, irəlidə gedirlər, həm də başqalarını öz arxalarınca ön sıralarda irəli aparırlar. Seçkilərdə də belə olmalıdır. Mənim gənclərimizdən – ölkəmizin əziz gənclərindən gözləntim budur ki, bacardıqları qədər camaatımızı seçki məntəqələrinə getməyə, seçkidə iştiraka həvəsləndirsinlər, bu sahədə fəaliyyətə qoşulsunlar. Xüsusilə də səsvermə yaşına yenicə çatan vətəndaşlarımızı. Belə ki seçkidə iştirak üçün müəyyən edilmiş yaş həddinə yeni qədəm qoyan vətəndaşlarımız kifayət qədər çoxdur. Hər prezident seçkilərində seçicilərin böyük bir qismini məhz ilk dəfə səsvermədə iştirak edəcək insanlarımız təşkil edir. Onlar üçün səsvermədə iştirak etmək, əslində, şəriətlə siyasi məsuliyyətini yerinə yetirmə bayramıdır. Əslində, onlar bununla şəriətlə öhdələrinə düşən bir vəzifəni yerinə yetirməyin sevincinə qədəm basmış olurlar.

Xalqın cürbəcür imkanlara sahib olmasına rəğmən cəmiyyətə ruh düşkünlüyü aşılamaqdan çəkinmək lazımdır

Və son olaraq bunu da deyib söhbətimi yekunlaşdırmaq istəyirəm ki, mən bəzilərinin yanlış təhlillərlə camaatı ruh düşkünlüyünə, ümidsizliyə kökləmək istədiyini müşahidə edirəm. Düşmənə gəlincə, düşməndən bundan başqa bir hərəkət gözləmək də olmaz, amma təəssüflər olsun ki, ölkə daxilində də bəzi qüvvələr bədbin ruhla, zəif təhlillərlə, sözün həqiqi mənasında zəif təhlillərlə, əslində, xalqı ruhdan salmaq, ümidini üzmək məqsədi daşıyan fikirlər səsləndirirlər. Yaxud məqsədləri bu olmasa belə, faktiki olaraq camaatı ruhdan salırlar. Mən deyirəm ki, bu, yanlışdır. Ölkəmizdə ruh düşkünlüyünə və ümidsizliyə qəti surətdə yer yoxdur. Xalqımız qüdrətli, iradəli bir xalqdır, ölkəmizin dayaqları güclüdür. Biz qüdrətli bir ölkəyik. Mən “İkinci addım” bəyanatında da qeyd etmişəm, müxtəlif çıxışlarımda da izah etmişəm. Biz böyük bir xalqıq, qüdrətli bir ölkəyik, saysız-hesabsız imkanlara sahibik və bu imkanlardan düşmənin də xəbəri var. Hamısı bilirlər.

İran xalqı və İran gənclərinin bacarığına nümunələr

Xalqımız müxtəlif sahələrdə harada əzmlə işə qoşulubsa, böyük işlər görməyi bacarıb. İslam İnqilabının özü, İslam Respublikasının təşkil olunması, Müqəddəs Müdafiə ilə bağlı məsələlər hamısı bu qəbildəndir. Sonuncu məsələ, sonuncu nümunə isə bu koronavirus əleyhinə vaksin məsələsidir. Bizim gənclərimiz xaricilərin qıymaz əllərinin bizə vaksin satmasını gözləmədilər. Özünüz də gördünüz, rəsmilər bildirdilər ki, qlobal mərkəzlərdən birindən vaksin alıblar, pulunu da veriblər, amma onlar vaksini vermirlər. Yəni dünya bu cürdür. Gənclərimiz isə oturub bunu gözləmədilər, elə ilk günlərdən işə başladılar. Vaksin istehsalı sahəsində önəmli metodlardan istifadə edərək sonda vaksin istehsalına nail oldular. Dünən-srağagün elan olundu, mənim özümə də yazılı surətdə məlumat verdilər ki, yerli vaksin ərsəyə gətirilib. Və biz dünyada koronavirus əleyhinə vaksin istehsal edən, bu sahədə lazımi infrastruktura malik olan 5-6 ölkədən birinə çevrildik. Mənə söylədilər ki, ayda 50, ya 30 milyon – nə isə belə bir şey idi, indi dəqiq yadıma gəlmir – vaksin istehsal edib əhaliyə paylamaq iqtidarındadırlar. Hələ bu təkcə bir vaksindir, bu günlərdə buraxılıb və bu miqdarda istehsal oluna biləcəyini elan ediblər. Ölkəmizdəki digər çoxsaylı mərkəzlərdə də digər vaksinlər istehsal olunur, inşallah, bir-birinin ardınca onlar da gələcək. Bu, xalqın bacarığını göstərir.

Bundan əvvəl də belə idi. Bundan bir neçə il əvvəl bizə ehtiyacımız olan radiodərman preparatlarının istehsalı üçün 20 faiz zənginləşdirilmiş uran lazım oldu. Hey vəd verdilər, gah “verərik”, gah “vermərik” dedilər, axırda da vermədilər. Qısa müddətdə, bir neçə ay ərzində bizim öz gənclərimiz qollarını çırmayıb işə girişdilər və xaricilərə ehtiyac olmadan 20 faiz zənginləşdirilmiş uranı əldə etməyə nail oldular. İndi də hay-küy salıblar ki, nəyə görə siz 20 faizlik uran əldə etdiniz. Hazırda ölkəmizdə digər müxtəlif istifadə təyinatları üçün 60 faizə qədər zənginləşdirilmiş uran da istehsal edirlər. Əlbəttə ki, bizim nəzərdə tutduğumuz bütün istifadə təyinatları sülhməramlıdır.

Müdafiə imkanları sahəsində də eynilə; mən dəfələrlə demişəm, bizim bəzi hərbi texnologiyalara ehtiyacımız var idi, onlarsa həmin texnologiyaları bizə satmaq istəmirdilər. Gənclərimiz özləri işə girişdilər və bu gün ölkəmizdə xaricdən gətirmək istədiklərimizdən də daha yaxşı, daha effektli olan hərbi texnologiyalar istehsal edilir. Belə bacarıqlı, belə əzmkar, bu cür güclü xarakterə sahib olduğu halda, bu xalqı məyus etmək mümkün deyil. Boşuna əlləşib-vuruşurlar. Və düşünürəm ki, ölkədə pessimist atmosfer yaratmaq məqsədilə yersiz təhlillər edənlər səhvə yol verirlər. Əlhəmdulillah, bu xalq kifayət qədər güclü və bacarıqlıdır.

Seçki komissiyasının rəsmilərinə tövsiyələr: 1. Seçicilərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirlər görülməlidir.

Seçki ilə bağlı deyəcəklərim, demək olar, yekunlaşdı. Yalnız seçki komissiyasının rəsmilərinə, əlbəttə, işlərində uğurlar arzu etməklə yanaşı, tapşırmaq istəyirəm ki, əvvəla, seçki məntəqələrinə gələn seçicilərin təhlükəsizliyinin qorunması məsələsini hökmən diqqətdə saxlayıb bütün lazımi tədbirləri görsünlər. İnsanlar seçkiyə qatılmaq istəyirlər, elə etmək lazımdır ki, əhalinin seçki məntəqələrində iştirakı cəmiyyətin asayiş və təhlükəsizliyinə heç bir vəchlə ziyan vurmasın. Bunun üçün isə lazımi tədbirlər həyata keçirilməlidir. Əlbəttə, rəsmilər bu istiqamətdə işlədiklərini elan ediblər. Mən də bir daha vurğulamaq istəyirəm ki, hökmən zəruri tədbirlər görülsün.

2. Ölkənin bütün bölgələrində seçki bülletenlərinin çatışmazlığı problemi həll edilməlidir.

İkincisi, seçki bülletenlərinin çatışmazlığı məsələsi. Seçkilərdə biz dəfələrlə belə bir problemlə üzləşmişik, daim bizə yerlərdən şikayətlər gəlib ki, seçki bülleteni yoxdur, yaxud saat 7-8-də səsvermə başlayıb, seçki bülletenləri isə hələ gəlib çıxmayıb. Bu problemi aradan qaldırsınlar. Hansısa məntəqənin bülletensiz qalmasına, bülletenlərin gec çatmasına, heç çatmamasına, yaxud çatışmazlığına imkan verməsinlər.

3. Ölkədən xaricdə səsvermədə yaranan problemlər aradan qaldırılmalıdır.

Üçüncüsü, mənə çatan məlumata görə, ölkədən xaricdə bəzi ölkələrdə – və görünür, əksər ölkələrdə – səsvermənin təşkili üçün zəruri tədbirlər arzuolunan səviyyədə görülmür. Belə deyirlər. Mən Daxili İşlər Nazirliyindən və Xarici İşlər Nazirliyindən  ciddi surətdə tələb və xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar və seçkiyə az vaxt qaldığı üçün həmin ölkələrdə səsvermədə iştirak etmək istəyən iranlıların çətinliklə üzləşməsinə imkan verməsinlər. Bu da növbəti bir məqam.

4. Qanun pozuntuları ilə mübarizə aparılmalıdır.

Və dördüncüsü, istənilən qanun pozuntusu ilə mübarizə aparsınlar.  Mənim deyəcəklərim bu qədər.

Allah-taaladan istəyim budur ki, qəlblərimizi hidayət etsin. Pərvərdigara! Qəlblər sənin ixtiyarında, sənin əlindədir. Hamımızın qəlbini bu ölkənin və bu xalqın xeyrinə olan işlərə yönəlt.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

(1)  Ali Məqamlı Rəhbərin İmam Xomeyninin vəfatının 32-ci ildönümü ilə bağlı televiziya vasitəsilə etdiyi çıxış (14.03.1400-cü il)