Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin minlərlə məktəbli və tələbə ilə görüşündəki çıxışı

Rəhman və rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox-çox pakizə və pak, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Siz əzizlərin, siz gənclər və yeniyetmələrin bu məclisi çox bərəkətli, şövq dolu, mənalı bir məclis idi. Proqram icra edən şəxslərə, məruzə ilə çıxış edənlərə, ilahilər oxuyanlara, Quran qiraət edənlərə və hörmətli aparıcıya öz təşəkkürümü bildirirəm.

13 aban tarixində baş verən üç hadisədən ikisində amerikalılar İran xalqına zərbə vurublar, bir hadisədə isə İran xalqı amerikalılara zərbə vurubdur. Amerikanın İran xalqına vurduğu o iki zərbədən biri 13 aban 1343-cü ildə İmamın sürgün edilməsi idi. İmamın sürgün edilməsinin səbəbi onun “kapitulyasiya” qanununa qarşı çıxması oldu. “Kapitulyasiya” siyasi bir termindir, mənası isə bir ölkənin dövlət qulluqçularının başqa bir ölkədə toxunulmazlığının təmin olunması deməkdir. Yəni İranda xain Pəhləvi dövləti tərəfindən qəbul edilən qanun bu idi ki, Amerikanın dövlət qulluqçularının İranda toxunulmazlığı olmalıdır. Belə ki, işlətdikləri cinayətdən asılı olmayaraq, onlar İran məhkəmələrində mühakimə olunmamalıdırlar. Bu, kapitulyasiya qanunu idi. Bu qanun ən təhqiredici qanunlardan biri idi.

Fərz edin ki, bir amerikalı şəxs sərxoş vəziyyətdə avtomobil idarə edərkən vurub on nəfəri öldürür, amma İran məhkəmələrinin onu mühakimə etməyə haqqı yoxdur. Bu şəxs Amerikaya göndərilməli və orada mühakimə olunmalıdır. Bu qanun Pəhləvi dövlətində qəbul olundu. Bu qanuna qarşı yalnız bir etiraz səsi – qəti bir etiraz səsi ucaldı və o da böyük İmamın səsi idi. İmam ayağa qalxdı, çıxış etdi və “Biz bu qanuna boyun əyməyəcəyik” – dedi. (2) Onun etirazının nəticəsi də bu oldu ki, 13 aban tarixində onu həbs edib, İrandan sürgün etdilər. Deməli, bu iş amerikalıların işi idi. Yəni bizə zərbəni amerikalılar vurdular.

İkinci zərbə isə tələbələrin qətli-amı idi. İran xalqının inqilabi hərəkatının kulminasiya günlərində – belə ki, bu inqilab təkcə Pəhləvi rejiminin əleyhinə deyildi, əksinə, həm Pəhləvi rejiminin, həm də Amerikanın əleyhinə idi – tağut rejimin polisi, şahın polisləri tələbələri elə bu (Tehran) universitetinin qarşısında qətli-am etdilər, onları güllə-baran etdilər, çoxsayda tələbənin qanını axıdıb qətlə yetirdilər. Bu hadisə də 13 aban tarixində baş vermişdir. Bu iki hadisə amerikalıların bizə vurduğu, İran xalqına vurduğu zərbələr idi.

İslam İnqilabının qələbəsindən on ay sonra 13 aban 1358-ci ildə tələbələr Amerika səfirliyinə daxil olub oranı ələ keçirdilər, səfirliyin gizlin sənədlərini ifşa etdilər. Amerikanın abır-heysiyyəti getdi. Bu isə bizim, İran xalqının Amerikaya zərbəsi oldu. Üç hadisə bunlar idi.

Mənim demək istədiyim söz isə budur ki, siz bugünkü gənclər müxtəlif hadisələri təhlil etməlisiniz və sırf emosiyalar kifayət etmir. Mən bu sözdə nəyi nəzərdə tutduğumu izah edəcəyəm. Sizin İslam İnqilabı, Müqəddəs Müdafiə və səkkiz illik müharibə, altmışıncı illərdə baş verən müxtəlif hadisələr, yetmişinci illərdə baş verən parçalanmalar, səksəninci və doxsanıncı illərdə baş verən müxtəlif hadisələr barəsində təhlilləriniz olmalıdır. Yəni hadisənin nədən ibarət olduğunu, haradan başlandığını, hadisənin arxasında kimlərin dayandığını və nə ilə nəticələndiyini bilin və ayırd edin. Bunlar təhlil deməkdir.

Mən bir məsələni açıqlamaq istəyirəm. Bu məsələ bizim Amerikanın qarşısında dayanmağımızın səbəbidir. Bir saat olar ki, siz ard-arda Amerikanın əleyhinə şüarlar səsləndirirsiniz. Buna şübhə yoxdur. Amma görəsən, məsələnin mahiyyəti nədir? Bizim Amerika ilə olan problemimiz nədir? Amerikalılar İran xalqı ilə olan düşmənçiliklərini səfirlik məsələsi ilə əlaqələndirirlər. Diqqət yetirin, mənim açıqlamaq istədiyim məsələ görülməkdə olan və görüləcək işlər barəsindəki məlumata və diqqətə əsaslanır. İstəyirəm ki, siz əziz gənclər də diqqətli olasınız. Bəziləri onların sözünü təkrar edirlər. Nə edirlər? Deyirlər ki, Amerikanın İrana qarşı embarqo qoymasının, İrana pislik etməsinin, İranda iğtişaşlar və problemlər yaratmasının, bir sözlə, Amerikanın İranla düşmənçiliyinin səbəbi sizin tələbələrinizin Amerika səfirliyini ələ keçirməsidir. Bu sözü həm amerikalılar, həm də onların ölkə daxilindəki ardıcılları deyirlər. Mənim prezident olduğum dönəmdə də Nyu-Yorkda o vaxtın tanınmış bir amerikalı müxbiri məndən müsahibə aldı. Onun ilk sözü bu oldu ki, bizim sizinlə olan ixtilafımızın səbəbi sizin bizim səfirliyimizə daxil olub, oranı ələ keçirməyinizdir. Onlar bu düşüncəni formalaşdırmaq istəyirlər. Halbuki bu, böyük bir yalandır. Məsələ belə deyildir. Səfirlik hadisəsindən iyirmi altı il əvvəl 28 mordad çevrilişi baş verdi. Həmin vaxt kimsə səfirliyə daxil olmamışdı ki! H.ş.1332-ci ildə amerikalılar İranda Amerikaya bağlı olmayan müstəqil milli bir dövləti cinayətkarcasına və zalımcasına devirdilər. Bu, amerikalıların düşmənçiliyidir. Deməli, Amerikanın İslam Respublikası, İran xalqı və İslami İran ilə düşmənçiliyinin səfirlik məsələsinə aidiyyatı yoxdur.

Səfirlikdən ələ keçirilən sənədlər – bildiyiniz kimi, tələbələr gedib sənədləri gətirdilər və bu sənədlərin böyük əksəriyyətini amerikalılar kağız doğrayan aparatdan keçirmişdilər, amma tələbələr böyük hövsələ ilə oturub bu kağızları bir-birinə birləşdirdilər, indi isə bu qeydlər yetmiş-səksən cild kitab şəklindədir – göstərdi ki, İnqilabın qələbəsindən sonrakı elə ilk günlərdən etibarən Amerika səfirliyi İran əleyhinə təxribat və casusluq mərkəzi olmuşdur. Hətta Amerika səfirliyində İnqilab əleyhinə çevriliş planı hazırlanırdı, ölkədə daxili müharibə planı hazırlanırdı. Onlar sərhəd bölgələrində daxili müharibə yaratmağa çalışırdılar. Yeni inqilabi dövlətə necə nüfuz etmək üçün plan hazırlanırdı. Ölkə daxilindəki inqilab əleyhinə olan mediaları idarə edirdilər, onlara yol göstərirdilər ki, bunu yazın, bunu deyin, bunu saxtalaşdırın, bu şayiəni yayın. Onlar iqtisadi blokada üçün də plan hazırlayırdılar. Yəni səfirlik İnqilabın başladığı ilk günlərdən etibarən ölkə və İnqilab əleyhinə təxribat yuvası olmuşdur. Odur ki, Amerikanın bizimlə düşmənçiliyinin casusluq yuvasının ələ keçirilməsi ilə heç bir əlaqəsi yoxdur. Bu hadisədən illər öncə onlar İnqilab əleyhinə fəaliyyətə başlamışlar.

Beləliklə, məsələ amerikalıların ictimaiyyətə göstərdikləri kimi deyildir. Məsələ müəyyən bir qrupun sadəlövhlük üzündən, yaxud da müxtəlif səbəblərə və məqsədlərə görə ölkə daxilində yaydıqları kimi deyildir. Belə ki, onlar deyirlər: “Amerika kimi bir qüdrətin İslam Respublikasının əleyhinə bu qədər fəaliyyət göstərməsinin səbəbi sizin filan vaxt onların səfirliyini ələ keçirməyinizdir!” Xeyr, məsələ belə deyildir. Bəs görəsən, məsələ nədir? Məsələni kökündən və daha dərindən başa düşmək üçün bir qədər əvvələ qayıdaq. Mən istəyirəm ki, siz gənclər və yeniyetmələr bu məsələ üzərində diqqət və düşüncə ilə işləyəsiniz, çünki sabah sizə aiddir, ölkənin inkişafının biləkləri sizlərsiniz, ölkə sizindir və siz irəliyə getməlisiniz. Məsələləri bir qədər dərindən araşdıraq.

Qərblilərin İrana nüfuzu ingilislərdən başlayıbdır, əvvəlcə onlar İrana ayaq açdılar. Miladi 1800-cü illərdə Qacarların hakimiyyəti dövründə ingilislər İrana nüfuz etdilər və getdikcə nüfuzlarını genişləndirməyə başladılar. İngilislərin hədəfi Hindistanda gördükləri işi İranda da görmək idi.

Bildiyiniz kimi, Hindistan 150 il İngiltərənin əlində olub. İngilislər Hindistanın sərvətini sovurdular. İngilislərin sərvətinin əsas hissəsi Hindistanın istismarından əldə etdikləridir. Bu hadisənin də hekayəsi genişdir. Onlar bu işi İranda da görmək istəyirdilər. Yəni əvvəlcə kiçik bir yerdən işə başlamaq, getdikcə işi genişləndirmək və ölkənin iqtisadi mənbələrini ələ keçirmək istəyirdilər. Ölkənin iqtisadiyyatını öz əllərinə keçirdikdən sonra ölkənin siyasətini idarə etmək onlar üçün asan olacaqdı. Eynilə Hindistanda gördükləri işi burada görmək istəyirdilər. Onlar Hindistanda əvvəlcə Şərqi Hind Kompaniyasını yaratdılar, bir qədər irəlilədikdən sonra Hindistanın hökumətini ələ keçirdilər. Beləliklə də, Hindistan İngiltərə imperiyasının bir parçası oldu. Təxminən 150 il vəziyyət belə davam etdi. Onlar İranda da bu işi görmək istəyirdilər. Gördükləri ilk işlərdən biri tütünün manapoliyası oldu. Demək olar ki, “tütün hərəkatı” adını hamınız eşitmisiniz. Tütünün manapoliyası bu demək idi ki, ölkədə tütünün əkini və alğı-satqısı ingilislərin ixtiyarında olacaqdı. O dövrün, yəni Nasirüddin şahın  hakimiyyət orqanları bu işin mənasını başa düşmədilər və bunu qəbul etdilər. Şiənin mərcəyi-təqlidi Mirza Şirazi Samirrada bu məsələnin arxasında hansı hədəfin yatdığını başa düşdü. Bir fətva ilə bu müqaviləni pozdu və aradan apardı. Bu, onların birinci işi idi. Bu iş baş tutmadı. Biri-digərinin ardınca bu qəbildən olan müqavilələr bağladılar və onlar arasında ən əhəmiyyətli müqavilələrdən biri “Vüsuqud-dövlət” adı ilə tanınan müqavilə idi. Miladi 1919-cu ildə, yəni hicri-şəmsi 1299-cu ildə ingilislər İranın o dövrünün baş nazirinə (3) böyük rüşvət verdilər və bu müqaviləni bağladılar. “Vüsuqud-dövlət” müqaviləsi ölkənin iqtisadiyyatını, siyasətini, ordusunu, hakimiyyətini, bir sözlə, İranın hər şeyini ingilislərin ixtiyarına buraxırdı. Bu müqavilə də bağlandı. Amma Şəhid Müdərris o dövrün Milli Şura Məclisində təkcanına bu müqavilənin qarşısında dayandı. Onların hədəfini ifşa etdi və işin nəticəyə çatmasına mane oldu. Bu müqavilə də pozuldu. Başqa müqavilələr də bağlandı, o cümlədən “Royter müqaviləsi” və s. Bu müqavilələrin əksəriyyəti din alimləri vasitəsilə pozuldu, qarşısı alındı və aradan getdi.

İngilislər də sonralar din alimlərindən öz intiqamlarını aldılar. İngiltərə dövləti gördü ki, bu şəkildə iş görə bilməyəcəklər və Hindistanda həyata keçirdikləri planı İranda həyata keçirə bilməyəcəklər. Onlar bir həll yolu tapdılar. Diqqət edin, həmin həll yolu bu idi: Onlar qərara gəldilər ki, İranda qəddar və yüz faiz onlara tabe olan bir diktator hakimiyyət qursunlar. Bununla da onların heç bir təlaşı qalmasın və istədikləri hər bir işi həmin hakimiyyətin əli ilə İranda həyata keçirsinlər.

Onlar Rzaxan Qazaxı tapdılar. Onu tanıyırdılar, onun üzərində dayandılar. Rzaxan ingilislərin ehtiyac duyduğu şəxs idi. O, olduqca rəhimsiz, çox aqressiv, hörmət saxlamayan, savadsız, dini maarifdən xəbərsiz, lotu, təqvasız, imansız bir şəxs idi. İngilislər belə bir adamı axtarıb tapdılar. Qacar şahının zəif nöqtəsindən – belə ki, onun zəif nöqtəsi Əhməd şah idi – istifadə etdilər, Rzaxan və başqa bir şəxs (seyid Ziya Təbatəbai) vasitəsilə İranda hakimiyyət çevrilişi etdilər. (Seyid Ziya Təbatəbaini də sonradan kənarlaşdırdılar.) Rzaxanı əvvəlcə hərbi qüvvələrin baş komandanı etdilər, sonra baş nazir etdilər, sonra da İran şahı etdilər. Beləliklə də, ingilislərin istəyi İranda gerçəkləşdi.

Rzaxanın əli ilə gördükləri ilk iş ruhaniliyi əzmək və xalqı qorxutmaq oldu. Onlar xalqı vəhşətə saldılar. Ata-analarımız, böyüklərimiz bizə danışırlar ki, Rzaxanın dövründə kimsənin nəfəs almağa cürəti çatmırdı. Xəlvət məkanda belə, kimsənin Rzaxanı tənqid etməyə cürəti yox idi. Yalnız iki-üç ailə üzvünün olduğu bir otaqda belə, kimsə Rzaxandan danışmağa cürət etmirdi. Rzaxan xalqı bu dərəcədə qorxutdu. Din alimlərini cəmiyyətdən təcrid edib evlərində həbs etdi, onların əmmaməsini başlarından götürdü, dini elmlər hövzələrini bağladı, dinin hökmlərinə, o cümlədən hicaba qarşı çıxdı. Rzaxan ingilislərin İranda görmək istədikləri işi həyata keçirdi, yəni iqtisadi mənbələrin ingilislərin əlinə keçməsini təmin etdi. İngilislər nə istədilərsə, yerinə yetirdi. Əlbəttə, mən burada qeyd edim ki, bir qrup qərb meyilli və ya qərbə bağlı ziyalılar – çünki onların hamısı qərbə bağlı deyildi, bir qrupu qərbə bağlı olmasa da, qərbə meyilli idi, qərbə heyran idi – Rzaxanın hakimiyyətinə bəzək vurmaqda rol oynadılar. Onlar da Allah qarşısında cavabdehdirlər. O ziyalılar da – burada onların adını çəkmək istəmirəm – İran xalqına qarşı cinayətlərdə Rzaxanın şərikidirlər. Bu məsələ də var.

Bir sözlə, Rzaxan İranda İngiltərənin əlaltısı oldu. Bu dönəmdə İkinci Dünya Müharibəsi başlandı. İkinci Dünya Müharibəsində Rzaxan öz təbiətinə uyğun olaraq almanlara meyl göstərdi. Hitlerin davranışlarını sevirdi, almanlara bir növ rəğbət bəsləyirdi. İngilislər bunu başa düşdülər və Rzaxanın daha işə yaramadığını düşündülər. Odur ki, hicri-şəmsi 1320-ci ildə Rzaxanı kənarlaşdırdılar. Onu özləri hakimiyyətə gətirmişdilər, özləri də hakimiyyətdən kənarlaşdırdılar. Onu kənarlaşdırıb, oğlunu müəyyən şərtlər daxilində onun yerinə gətirdilər. Ona: “Bu işi gör, belə et, belə davran!” – deyə diktə edirdilər, o da: “Gözüm üstə” – deyirdi. Hətta ona göstəriş verirdilər ki, filan radionu dinləməyəcəksən, o da “baş üstə” deyirdi. Bu həddədək ona göstəriş verirdilər. Buradək ingilislərin hakimiyyəti oldu.

Hicri-şəmsi 20-ci onillikdən etibarən ingilislərin qüdrəti tənəzzül etməyə başladı. İnsanlar mübarizə apardılar, Hindistan azad oldu, Afrika qitəsinin bəzi ölkələri və başqa ölkələr azad oldu. İngiltərə zəiflədi. İngiltərənin zəifləməsi Amerikanın meydanın ortasına gəlməsinə səbəb oldu. Hicri-şəmsi 20-ci onilliyin ortalarında Amerika İrana ayaq basdı. İlk öncə gülərüzlə və mülayimliklə “Trumenin dördüncü prinsipi” (4) və bir çox başqa iddiaları əsas tutaraq – belə ki, bu barədə söhbət genişdir – gəldi. Hətta ümumi diqqəti özünə çəkməkdən ötrü bəzi hallarda ingilislərin əleyhdarlarının səsinə səs verdi, onlara dəstək oldu. Təəssüflər olsun ki, amerikalılar ingilislərə bağlı olmayan bəzi siyasətçiləri özlərinə bağlaya bildi, özlərini onlara sevdirə bildi. Amerika İrana bu şəkildə daxil oldu. Əvvəlcə mülayimliklə daxil oldu və üzdə istismarçılıq niyyəti olmadığını göstərdi. Bu minvalla davam etdi, o vaxtadək ki, iş başına milli bir dövlət, yəni Müsəddiqin dövləti gəldi. Təsadüfən Müsəddiq dayaz düşüncəsi, ya səhlənkarlığı, ya da sadəlövhlüyü üzündən – hansı birini istəyirsiniz, deyin – Amerikaya qarşı nikbin idi. Müsəddiq ingilislərə qarşı idi və amerikalıların köməyinə ümid bəsləyirdi. Baxın, yadın köməyinə ürək bağlamağın sonu budur! Bu dövlət iş başına gəldikdə və bu dövlətin Amerikaya bağlı olmadığı və ola bilməyəcəyi məlum olduqda, amerikalılar 28 mordad çevrilişini yaratdılar və dövlət çevrilişi edib İranda çoxsayda faciələr törətdilər. 

Amerikalıların maskası qalxdıqdan və İran ilə mehriban, dost bir ölkə olmadığı məlum olduqdan sonra isə əllərindən gələni əsirgəmədilər. Amerikalılar ölkənin müqəddəratını ələ aldılar, siyasi və iqtisadi baxımdan ölkəni tam şəkildə özlərinə tabe etdilər, sionist rejimin ayağını İrana açdılar. Bəli, bu işi amerikalılar etdilər. Amerikalılar sionist rejimin ayağını İrana açdılar. Savakı amerikalılar yaratdılar. Savak xalqa qarşı, etirazçılara və müxaliflərə qarşı tam bir mənada qəddarlığın mərkəzi idi, ən xırda bir etirazı qəddarlıqla yatırırdı. Bunlar amerikalıların İrana hakim olduqları dövrdə baş vermişdir. 30-cu və 40-cı onilliklərin hadisələridir. Onlar on minlərlə hərbiçini İranın daxilinə gətizdirib, hərbiçilərin idarə edilməsinin ağır xərclərini İran xalqının kürəyinə yüklədilər. Silahlar onların ixtiyarında idi, silahların alınması onların ixtiyarında idi. Belə ki, silah kimdən alınmalıdır, hansı qiymətə alınmalıdır, pulu hansı şəkildə ödənilməlidir, necə təhvil alınmalıdır – bütün bunların hamısı amerikalıların ixtiyarında idi. Əxlaqsızlığın yayılması planlı şəkildə həyata keçirilirdi. Yəni 30-cu və 40-cı onilliklərdə – belə ki, 40-cı onilliyin sonlarında və 50-ci onillliyin əvvəllərində bu gedişat özünün kulminasiya həddinə çatmışdı – İranda  gəncləri əxlaqsızlığa sürükləmək üçün fəsad və pozğunluq amerikalıların dəqiq planı üzrə yayılırdı. Məlum məsələdir ki, əxlaqsızlığa sürüklənən gəncin dayanış və müqavimət göstərmək gücü olmayacaqdır. Onlar İran gəncini keyfiyyətsiz fərdə çevirmək istəyirdilər. Elmdə geridə qalma, texnologiyada geridə qalma, əxlaqsızlığın geniş şəkil alması, qorxunc bir şəkildə ictimai təbəqələşmə və s. amerikalıların İrana hakim olduqları, İrana nüfuz etdikləri dönəmdə baş verdi.

Bu düşmənçilikləri davam etdirdilər. İnqilab hərəkatı şiddətləndikdə, təhlükə hiss edib daha da çox təzyiq göstərməyə başladılar. Hətta İnqilabın qələbəsinə bir həftə qalmış Amerikanın tanınmış generalı Hayser Tehrana gəldi ki, əgər mümkün olarsa, dövlət çevrilişi yaratsın və yüz minlərlə, bəlkə də milyonlarla insanı qətlə yetirsinlər. Onların məqsədi bu idi. Hayser bu işi görmək istəyirdi. Əlbəttə, İnqilab elə bir nöqtəyə çatmışdı ki, onların tədbirləri daha faydasız idi. İmam kimi qətiyyətli bir insan onların qarşısında dayanmışdı. Onlar çevriliş etmək istədilər, bunun üçün hərbi hakimiyyət elan etdilər. İmam isə xalqa: “Küçələrə çıxın!” – deyə göstəriş verdi və onların hərbi hakimiyyət planını pozdu. Buna görə də, onlar məğlub oldular. Hayser də bir nəticə əldə edə bilmədiyini görüb, İrandan getdi. Əlbəttə, əgər dörd-beş gün çox İranda qalsaydı, böyük ehtimal ki, İnqilabdan sonra edam edilən ilk şəxslərdən olardı. Bəxti gətirdi ki, tez getdi.

Amerika və İran arasındakı problem budur. Sizin dediyiniz “Ölüm olsun Amerikaya!” şüarı, sırf bir şüar deyildir, bu, bir hərəkət yoludur. Səbəbi də bu dediklərimdir. Amerikalılar uzun illər, yəni 20-ci onilliyin ortalarından etibarən İnqilab qələbə çalanadək – 50-ci onilliyin axırlarınadək – təxminən otuz il ərzində İranda bacardıqları hər işi İran xalqının əleyhinə gördülər. Bacardıqları hər bir şəkildə bizə zərbə vurdular. Sərvət, iqtisadiyyat, siyasət, elm, əxlaq baxımından bizə zərbələr vurdular. İnqilab belə bir şəraitdə qələbə çaldı. İnqilab belə bir çirkin və təxribatçı hakimiyyət ilə üz-üzə idi. Amma Allahın köməkliyi, İran xalqının əzmi və böyük İmamın rəhbərliyi sayəsində İnqilab qələbə çaldı.

İndi isə amerikalılar Hayserin İranda görmək istədiyi işi Qəzzada görürlər. Məsələ, eyni məsələdir. Fələstində həmin iş görülür. İşğal olunan və zülmə məruz qalan Fələstinə hakim olan sionistlər Amerikanın himayəsinə arxalanırlar. Əgər Amerikanın himayəsi olmasaydı, əgər Amerikanın silah dəstəyi olmasaydı, çirkin, qondarma və saxta sionist dövləti elə ilk həftədə məhv olardı, devrilərdi. Amerikalılar onların arxasında dayanırlar. Bu gün Qəzzada o hadisələr baş verir ki, əgər onlar bacarsaydılar, İranda da həmin hadisələri törədərdilər. Sionistlərin amerikalıların dəstəyi ilə, əslində, amerikalıların əli ilə Qəzzada törətdikləri faciə bənzəri görünməyən bir faciədir. Üç həftə ərzində dörd minə yaxın uşağı qətlə yetiriblər! Tarixin hansı dönəmində belə bir hadisə baş verib? İslam ümməti hadisənin mahiyyətini başa düşməlidir, meydanı tanımalıdır. Meydan Qəzza və İsrail meydanı deyildir, haqq və batil meydanıdır. Meydan hegemonluq və iman meydanıdır. Bir tərəfdə iman qüdrəti dayanır, bir tərəfdə hegemon qüdrət dayanır. Hegemon qüdrət hərbi güc, bombardman, faciə və cinayət ilə işini irəli aparır. Amma iman qüdrəti bunların hamısına Allahın köməkliyi ilə qələbə çalacaqdır.

Fələstin xalqının, xüsusilə də Qəzza əhalisinin çəkdiyi müsibətlərə görə bizim ürəyimiz qan ağlayır. Amma diqqətlə baxdıqda görürük ki, meydanın qalibi Qəzza əhalisidir, Fələstin xalqıdır. Onlar böyük işlər görə bildilər. Əvvəla, Qəzza əhalisi öz səbirləri, dayanışları və təslim olmamaqları ilə Amerikanın, Fransanın, İngiltərənin və bunlar kimilərinin üzündən saxta “insan haqları” maskasını endirdi, onları rüsvay etdi. Qəzza əhalisi səbirli olmaqla bəşər vicdanını yerindən oynatdı. İndi görürsünüz ki, dünyada nələr baş verir. Elə qərb ölkələrində – İngiltərədə, Fransada, İtaliyada, Amerikanın müxtəlif əyalətlərində – insanlar kütləvi şəkildə etiraz aksiyalarına çıxır və İsrailin, bir çox hallarda Amerikanın əleyhinə şüarlar səsləndirirlər. Onların abır-heysiyyəti getdi. Onların çıxış yolu yoxdur, etdiklərini heç cür əsaslandıra bilməzlər. Elə buna görə də görürsünüz ki, bir səfeh çıxıb deyir: “İngiltərədə etiraz aksiyasını İran təşkil edib”. Yəqin, Londonun bəsiciləri bu işi görüblər, Parisin bəsiciləri bu işi görüblər! (5) Bu gün qərb siyasətçilərinin və qərb mediasının sözün əsl mənasında həyasızlıqlarından biri budur ki, Fələstin mübarizəçilərini “terrorist” adlandırırlar. Öz evini müdafiə edən şəxs terroristdir? Öz yurdunu qoruyan şəxs terroristdir? İkinci Dünya Müharibəsində almanlar Parisi ələ keçirəndə və parislilər almanlarla mübarizə aparanda, fransalı mübarizəçilər terrorist idilər? Həyasızlar! Qəzza əhalisi və fələstinli mübarizəçilər dünya yalançılarını rüsvay etdilər.

“Tufanul-əqsa” əməliyyatının (6) mühüm nəticələrindən biri bu oldu ki, kiçik bir dəstənin – məlum məsələdir ki, fələstinlilər onlarla müqayisədə sayca azdırlar – çox az bir təchizatla, amma iman və əzmkarlıq gücünə düşmənin illərcə cinayətkarlıqla əldə etdiklərini bir neçə saat ərzində necə bir tüstü kimi havaya uçura biləcəyini göstərdi, necə dünyanın hegemon qüdrətlərini alçalda biləcəyini göstərdi. Fələstinlilər öz əməlləri, şücaətləri, addımları və bu gün də öz səbirləri ilə həm qəsbkar rejimi, həm onları himayə edənləri alçaltdılar. Bu, böyük bir dərsdir. Əlbəttə, bu cinayətlər bəşəriyyəti silkələdi, hamını silkələdi.

Bunu mən bir neçə gün öncə də dedim (7), indi də təkrar edirəm ki, İslam dünyasından daha çox təvəqqe gözlənilir. Müsəlman ölkələr bilməlidirlər ki, əgər onlar bu gün Fələstinə kömək etməsələr – hər kəs bacardığı hər hansı bir şəkildə köməklik göstərməsə – Fələstinin düşmənini, əslində, İslamın və insanlığın düşmənini gücləndiriblər. Sabah bu təhlükə onları da hədələyəcəkdir. Müsəlman ölkələri ilk öncə bu məsələnin üzərində təkidlə dayanmalıdırlar ki, Qəzzada baş verən cinayətlər dərhal dayandırılmalıdır.  Bu bombardmanlar dərhal dayandırılmalıdır. Sionist rejimə neft və ərzağın idxalı yollarını bağlamalıdırlar. Müsəlman ölkələri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidir. Törədilən bu cinayətləri və faciələri dünya ictimaiyyətində tərəddüd etmədən, dilləri topuq vurmadan uca səslə məhkum etməlidirlər. Elə olmasın ki, islam və ya ərəb ictimaiyyətində danışan o bir neçə nəfər də ikibaşlı danışsınlar, yaxud dilləri topuq vuraraq danışsınlar. Nə baş verdiyi tam aydındır. Sionist rejimi məhkum olunmalıdır. Bütün İslam dünyası sionist rejiminin əleyhinə birləşməlidir.

Söz yox ki, sionist rejiminə dəyən zərbə bərpa olunan bir zərbə deyildir. Bunu mən əvvəldə də demişəm, indi də üzərində dayanıram və təkrar edirəm. Zaman ötdükcə sionist rejimin əlaltılarının sözlərindən də aydın olur ki, onlara dəyən zərbə bərpa olunan bir zərbə deyildir. Bu zərbəni bərpa edə bilməyəcəklər. Sionist rejimi indi çaşbaş qalıbdır, başını itiribdir, öz millətinə də yalan deyir. Fələstinlilərin əllərində olan əsirləri barəsində nigarançılıq bildirmələri də yalandır. Çünki bu bombardmanlarda onların da əsirləri ölə bilərlər. Yəni onlar öz millətinə də yalan deyirlər və bu yalanı çarəsizlikdən danışırlar. Hazırda sionist rejimi başını itiribdir, çarəsiz qalıbdır, nə edəcəyini bilmir və gördüyü hər iş çarəsizlikdən irəli gəlir. Onlar nə ediklərini bilmirlər. Əgər Amerikanın köməyi olmasaydı və indi də davam etməsəydi, heç şübhəsiz, sionist rejimi bir neçə gün ərzində iflic olacaqdı. 

İslam dünyası bunu unutmamalıdır ki, bu mühüm və həlledici hadisədə İslamın, bir müsəlman millətin və zülmə məruz qalan Fələstinin qarşısında dayanan Amerikadır, Fransadır, İngiltərədir. Bunu İslam dünyası unutmamalıdır, bunu başa düşməlidir. Öz hesablamalarında və təhlillərində unutmamalıdır ki, zülmə məruz qalan bu insanlara və xalqa kim təzyiq göstərir. Bu, təkcə sionist rejimin işi deyildir.

Əlbəttə, bizim heç şübhəmiz yoxdur ki, Allahın vədəsi haqdır və Allahın vədəsinə yəqinliyi olmayanlar (8) neqativlik yaratmaqla sizi süstləşdirməsinlər. İnşallah, son və çox da uzaq olmayan qələbə Fələstin xalqınındır və Fələstinindir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.



(1) Görüşün əvvəlində məktəbli və tələbələrdən üç nəfər ölkəyə və Qəzza hadisəsinə aid bəzi məsələlər barəsində danışdılar. 
(2) Müraciət edin: “Səhifeyi-İmam”, c.1, səh. 415, Camaatla görüşündəki çıxışı, 4/8/1343
(3) Mirza Həsənxan Vüsuqud-dövlət
(4) “Trumenin dördüncü prinsipi” dedikdə, Amerikanın prezidenti Harri Trumenin çıxışındakı dördüncü bənd nəzərdə tutulur. Belə ki, o, 1949-cu ildə öz çıxışında belə dedi: “Yoxsul ölkələrə yardım göstərmək zəngin ölkələrin üzərinə düşən əxlaqi vəzifədir”.
(5) İştirakçıların gülüşü
(6) Fələstin Müqavimətinin dəstələri h.ş. 1402-ci il 15 mehr şənbə günü “Tufanul-əqsa” adlı geniş əməliyyata başladılar. Əməliyyatın ilk saatlarında sionistlərdən çoxsayda insan öldürüldü və yaralandı, həmçinin əsir götürüldü.
(7) Lorestan bölgəsinin şəhidlərinin anım mərasiminin təşkilatçıları ilə görüşündəki çıxışı (3/8/1402)
(8) “Rum” surəsi, 60-cı ayədən