Ali Məqamlı Rəhbərin informasiya bloku

Aliməqamlı Rəhbərin şairlər, ədəbiyyat və incəsənət adamları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1)

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Müasir dövrün poeziyası ilə bağlı əvvəllər malik olduğum təsəvvür – keçən il də bunu qeyd etdim (2) – bu gün daha da aydınlaşdı, sabitləşdi, möhkəmləndi. Allaha həmd olsun ki, ölkəmizdə şeir inkişaf etməkdədir, zirvəyə yüksəlməkdədir; təkcə kəmiyyət baxımından deyil, sözün həqiqi mənasında belədir. Bunu dəyərləndirmək, davam etdirmək lazımdır.

Mən bir neçə məsələyə toxunacağam. Məsələlərdən biri budur ki, şeir media vasitəsidir; müasir dünyadakı problemlər, münaqişələr media problemləridir. Düşmənin geri oturdulmasında raket, PUA-lar, təyyarə, döyüş təchizatları və bu kimi vasitələrdən daha çox media vasitələri təsir göstərir; qəlbləri, düşüncələri daha çox media vasitələri təsir altına salır. Bir sözlə, müharibə media müharibəsidir. Daha güclü media vasitəsinə malik olan hər kəs qarşıya qoyduğu məqsədlərdə – hər hansı məqsəd olursa olsun – daha müvəffəq olacaq, uğur qazanacaq. Bəs bu cəhətdən şeirin, şairlərin məsuliyyəti, vəzifəsi bəlli oldu, bilindi.

Biz iranlıların poetik irsi dünyada nadirdir. “Misilsizdir” deməməyimin səbəbi budur ki, mənim çox mədəniyyətlərdən və bu kimi məsələlərdən xəbərim yoxdur. Bildiyim qədər poetik miras baxımından şeir irsimizin misli yoxdur. Əlbəttə, ərəb poeziyası bu məsələdə istisnadır; ərəb poeziyası da çox yüksəkdə, zirvədədir. Odur ki, bu ədəbi-poetik mirasımızla poetik media silahımız daha güclü, qüdrətli, effektiv və təsirlidir.

Növbəti məsələ budur ki, bu təsirin, nüfuzetmənin də şərti var. Şərti budur ki, şeir sözün həqiqi mənasında sənət əsəri olmalı, sənətkarlıqla yaradılmalıdır. Elə şeirlərimiz var ki, təkcə adı şeirdir. Özlərində sənət mahiyyəti ya yoxdur, ya da çox azdır; bunlar effektiv deyil. Şeir sənət əsəri olmalıdır. Fars poeziyasına diqqət edin, baxın, əslində bədii poeziyamızın zirvəsində olan Hafizin şeirlərinin Göteyə (3), İqbala (4), fars dilini bilməyənlərə təsir etdiyini görmək olar. Diqqət edin, İqbal farsca bilməyib; farsca divanı olan məşhur İqbal heç vaxt farsca oxumayıb və onun ailəsi də fars dilini bilməyib. Hafizin şeiri və bu kimi vasitələrlə o, fars dili ilə tanış olub və farsca müfəssəl bir şeirlər divanı yazmağa müvəffəq olub. Bu, şeirin təsiridir, gücüdür. Bədii şeir belə təsir göstərir, belə təsir qoyur. Bu cəhətdən Göte və sizin çox yaxşı tanıdığınız digərlərini də misal göstərmək olar.

Yaxşı, indi şeirin bədii olmasını istəyiriksə, daha çox nəyə əsaslanmalıyıq? Məlum məsələdir ki, cisim, ruh, söz və məzmuna əsaslanmalıyıq. Güclü olmayan, mənalı olmayan sözlərdən istifadə edərək bədii əsər yaratmaq olmaz. Hərdən qəzetlərdə elə şeirlər oxuyuram ki, əgər adam o şeir parçasını – tutaq ki, qəzəl və ya başqa bir şeir formasıdır – bütöv oxusa, axırda, həqiqətən, hirslənər, əsəbləşər. Yəni belə şeirin təsiri ancaq adamın əsəbləşməsi, ovqatının təlx olması olur; belə şeirlərin heç bir bədii yönü yoxdur.

Daha sonra şeirin məzmunu məsələsinə toxunmaq istərdim. Məzmun da həm mövzudan, həm də mövzunun ifadə keyfiyyətindən qaynaqlanır. Əgər siz şeirdə bir mövzunu gətirsəniz, amma bunu bədii və effektiv formada çatdırmasanız, şeiri yüksəltməzsiniz. Baxın, Saib və ya Kəlim kimi hind üslubunda yazmış şairlərin şeirlərində olan mövzuların çoxu başqalarının şeirlərində də var. Amma bunların keyfiyyəti elədir ki, şeirin dərəcəsini yüksəldir. Buna görə də həm məzmun, həm də möhkəm, güclü söz – bu iki ünsür – lazımdır.

Başqa bir məsələ mesajla bağlıdır. Yaxşı, indi biz məzmunu da seçdik, onun üçün yaxşı sözləri də. Bəs, auditoriyamıza hansı mesajı vermək istəyirik? İndi fərz edin, bəzilərinin mesajı tarix boyu, uzun illər şairlərin çoxunun etdiyi kimi mövcud vəziyyətdən şikayətlənməkdən ibarətdir. Yəni siz az sayda şair taparsınız ki, yaşadığı dövrdən şikayətlənməmiş, gileylənməmiş olsun. İndi bəzisi daha kəskin, bəzisi də bir qədər az gileylənib. Amma bu, auditoriya üçün məqbul, faydası ola biləcək bir mesaj deyil. Bəli, indi bunların bəzisi bir qədər tarixi əks etdirir – elə o qədər, ondan artığını da yox – lakin nəzərdə tutulan və yaxşı hesab edilə biləcək mesaj – din mesajıdır, əxlaq mesajıdır, mədəniyyət mesajıdır, biz iranlılar üçün irançılıq mesajıdır. Bizim çox mesajımız var, deməyə çox sözümüz var. Bizim saysız-hesabsız mədəni mesajlarımız var; dini maarifimiz, əxlaqi maarifimiz, iranlı maarifimiz, İran xaqlının cəsur müqaviməti – bunlar ötürülə bilən fenomenlərdir; bunları şeirdə gətirməliyik.

İndi İran xalqının etimadının mənbələrindən biri – Amerika, sionistlər və bunlar kimiləri ilə təmsil olunan dünyada – zülmə, zorakılığa, hegemonluğa qarşı cəsarətli, şücaətli mövqeyidir, müqavimətidir. İran xalqı öz mövqeiyini açıq şəkildə, şəffaf şəkildə, tərəddüd etmədən bəyan edir. Bu məsələ çox mühümdür. Bu, dünyada çox arzuolunandır. Ölkəmizin siyasi nümayəndələri, məsələn, prezidentlər və digər məsul şəxslər başqa ölkələrdə səfərdə olarkən hökumət nümayəndələri ilə görüşərkən yox, camaatla məscidlərdə və cəmiyyətin olduğu yerlərdə bu sözləri deyəndə, insanlar həyəcanlanır.

Mən özüm Pakistanda (5) neçə min nəfərin qarşısında çıxış etdim, prezidentləri də oturmuşdu. Bu görüş, həqiqətən, döyünən, atan nəbz kimi idi. Bu, İran xalqının qətiyyəti və müqavimətindən bəhs edən mövzuya görə idi. Digərlərində də eşitdiyimiz və bildiyimiz qədərilə belə olub. Buna görə də bunlar ötürülməlidir. Bizim mesajımız budur: dirəniş, müqavimət mesajı, mədəniyyət mesajı, İslam mesajı.

Bizim hər il təşkil etdiyimiz bu görüş çox yaxşıdır, bərəkətli görüşdür. Bu məclislərdə hörmətli şəxsiyyətlər olub və məclisimizi şərəfləndiriblər. Cənablar adlarını qeyd etdilər. Dəfələrlə bu məclislərimizə gəlir, iştirak edir, şeir oxuyurlar. Məclis çox yaxşı məclisdir. Mən düşünürəm ki, bu məclis formal və estetik səciyyə daşımamalıdır. Biz indi demək istəmirik ki, İslam Respublikasında, məsələn, belə bir səviyyədə təşkil edilən bir şeir məclisi var. Məsələ bu deyil. Bu məclisin davam etməsini istəyirik, yəni bu məclis şeir sahəsi ilə bağlı məqsədlərin həyata keçməsinə kömək etməli, poeziya dərnəkləri, şeir məclisləri təşkil edilməlidir. Qoy, bu məclisdə bu və ya digər şəkildə qaldırılan məsələlər – həm sizin öz şeirlərinizdə irəli sürdüyünüz, həm də mənim öz çıxışımda irəli sürdüyüm məsələlər – davam etsin.

Mən çox yaxşı olan bir neçə tövsiyə, ipucu qeyd etmişəm; biri tərcümə məsələsidir. Biz tərcümə məsələsində zəifik. Bəzi görkəmli ərəb şairləri İranda tanınır; onları hamı tanıyır. Çünki şeirləri fars dilinə tərcümə edilib. Biz ərəb ölkələrində, qeyri-ərəb ölkələrində öz şairlərimizin əsərlərini görmürük. İndi mümkündür ki, mənim xəbərim yoxdur. Amma mənim bildiyim qədər heç bir əsər yoxdur. Niyə? Yaxşı, bu şeir, çox gözəl şeirdir. Bu, dünya ictimaiyyətinə təqdim edilməlidir. Şairin dili ilə desək:

Xalis, amma xəlvətdə xam qalan
Badəyə gəlmirsə, nə faydası var? (6)

Bu şeirdən, sizin bu bəyanınızdan istifadə edilməlidir; bundan dünya istifadə etməlidir, düşüncələr istifadə etməlidir. Buna görə də biz bir şeir tərcüməsi hərəkatı yaratmalıyıq.

Şeir tərcüməsi nəsr tərcüməsindən fərqlidir. Çünki bilirsiniz ki, şeir adətən şeirlə tərcümə olunmur, nəsrlə tərcümə olunur. Bəzən Mövləvinin şeirlərini ərəb dilinə tərcümə etməyə çalışıblar, amma bacarmayıblar. Məndə “Məsnəvi”nin ərəb dilində bir tərcüməsi var, arada ona baxıram. Əbdül-əziz Cəvahirül-kəlam – məşhur Cəvahirinin böyük qardaşıdır (7). İraqın böyük və tanınmış şairidir, İranda yaşayırdı. Mənim yanımda da olub, onu görmüşəm. “Məsnəvi”ni tərcümə edib. İnsafla demək lazımdır ki, yaxşı da şairdir, amma tərcümə edə bilməyib, bacarmayıb. Şeiri şeirlə tərcümə etmək çox çətin bir işdir. Hicri XIII əsrin alimlərindən olan mərhum Seyid Mehdi Bəhrül-ülum mərcəyi-təqlid olduqdan sonra Nəcəfdən Kərbəlaya piyada səfər edib. Nəcəf alimləri bəzən bunu edirdilər, Nəcəfdən Kərbəlaya piyada gedirdilər. O da mərcəyi-təqlid olduqdan sonra bir qrup yaxınları ilə Kərbəlaya piyada səfər edib. O özü şeir, zövq əhli idi, şair olub – ərəb və fars dilində şeir yazıb – özü ilə səfərdə bir neçə şairi də aparıb. Bu özü də diqqətçəkən bir məqamdır ki, bir mərcəyi-təqlid Nəcəf-Kərbəla səfərində şair yoldaşı olmadan hərəkət etməzdi. Onu üç-dörd şair müşayiət edib. Bir dayanacağa çatıblar. O, artıq yorulmuşdu, gedə bilmirdi. Digərləri isə getmək istəyirdilər. O, Talib Amulinin bu beytini oxuyub:

Zəiflikdən hara yetişdimsə, vətən oldu
O qədər göz yaşı axıtdım ki, haradan keçdimsə, çəmən oldu.

Ərəb şairləri bu şeirin nə məna daşıdığını soruşublar. O da izah verib və sonra təklif edib ki, bunu öz dilinizə çevirin (8). Onlar Talib Amulinin həmin beytini ərəbcəyə tərcümə ediblər (bu, tərcümə kitablarda var), həmin beyti şeir formasında deyiblər. Özü də həmin ərəb şairləri ərəb ədəbiyyatının birinci dərəcəli şairləri olublar. Ancaq adam baxanda görür ki, onların şeiri ilə Talib Amulinin şeiri arasında çox böyük məsafə var. Mərhum Seyid Mehdi Bəhrül-ülum özü də şeir deyib; bu kitablarda onun şeirləri var. Şeiri şeirlə tərcümə etmək olmur, şeiri nəsrlə – poetik nəsrlə, bədii nəsrlə, ədəbi nəsrlə, güclü nəsrlə tərcümə etmək lazımdır. Bu işi kim görə bilər? Bu işi hər iki dili mükəmməl bilən adam görə bilər. Məncə, tərcümə olunan şeir, əsər və bu kimi şeylər tərcüməçinin ana dilində olmalıdır. Bu mühüm bir işdir, mühüm bir vəzifədir. Bu həm də hökumətin işidir, vəzifəsidir. Yəni bu iş sadə insanların işi deyil; çətin bir işdir. Buna görə də bir tövsiyə də tərcümə ilə bağlıdır.

Başqa bir tövsiyə isə şeirin dərslik kitablarına daxil edilməsidir. Bu, Təhsil və Təlim-Tərbiyə Nazirliyinə aid məsələdir. Qoy, şeiri dərsliklərə salsınlar. Əlbəttə, bu var, amma daha çox olmalıdır. Uşaq uşaqlıqdan yeniyetmə və gənclik dövrünə qədər şeirlə ünsiyyətdə olsun. Şeir bizim sivilizasiyamızın, mədəniyyətimizin, maarifimizin mühüm bir hissəsidir. Maarifimizin çox hissəsi şeirlə ifadə olunub.

Qeyd edilməli olan başqa bir məsələ isə xalqın ədəbi hafizəsini hərəkətə gətirməkdir; xalqın, gənclərin zehnini yaradıcı etməkdir. Xalqımızın ədəbi hafizəsi zəifdir. Yəni münasib yerlərdə xatırlamalı olduqları şeirləri xatırlamırlar; bu o deməkdir ki, bilmirlər. Bəzən şeirlər deyirlər, səhv deyirlər. Bəzən televizorda da eşidirik. Televizorun qarşısında əyləşəndə aparıcı şeiri səhv oxuyur və adam əsəbləşir. Yaşlı bir musiqiçi var idi. Mənə deyirdi ki, bunlar bir alətdə xaric ifa edəndə sanki adamın qulağına mismar çalınır; adam narahat olur. İndi doğrudan da, bir şeiri səhv oxuyanda, bəzi vaxtlar belə olur, sanki adamın qulağına mismar çalınır. Bu, xalqın ədəbi hafizəsinin zəif olduğunu göstərir. Bunun çıxış yolu var. Çıxış yolunu tapmaq lazımdır. Elə etmək lazımdır ki, insanlar şeirlə ünsiyyətdə olsunlar, şeirlə tanış olsunlar.

Mənim əziz şairlərə, xüsusilə gənclərə tövsiyələrimdən biri budur ki, şeirlərdə olan poetik əsərləri və məqamları öyrənsinlər. Misal üçün, siz yəqin ki, Hafizi, Şahnaməni, ya Nizaminin “Xəmsə”sini oxuyursunuz; mütləq oxuyursunuz. Əgər oxuyurusunuzsa, təkcə bunlar deyil; bizim başqa şairlərimiz də var ki, həqiqətən, çox yüksək məzmunlu şeirlər yazıblar. Hind üslubunda, realist üslubda yazılmış şeirlər, həqiqətən də bəzən zirvədədir. İnsan şeirin gözəlliyinə heyran qalır. Yəni bu şeirin nə qədər gözəl, dolğun, bəlağətli və mənalı olmasına insan sözün əsil mənasında heyrətlənir. Bunları oxuyun: Gördükləri işləri, yaratdıqları sənət əsərlərini, bəzilərinin qeyd etdiyi tarixi həqiqətləri (9). Həqiqətən də insan təəccüblənir. Qumun qədim həyətinin (səhninin) ərazisinin – yəni Qumun köhnə və kiçik həyətinin – ətraflarında bir kitabə var. Adı “Möcüzə kitabəsi”dir (10). Bu qəsidənin hər beyti bu kompleksin tikintisinin tarixidir (11). Hər beyti tarixi faktdır. Başqa detallar da var ki, mən indi xatırlamıram, keçmişə aiddir. Məsələn, iki beyti yanaşı qoyduqda bir cür olur, üç beyti bir yerə qoyduqda başqa cür olur. Bunlar çox mühümdür. Şeir də çox möhkəm şeirdir, yüngül, zəif şeir deyil, çox yaxşı şeirdir. Qumun iki həyəti (səhni) var. Siz indi Qumun qədim həyətinə (səhninə) – kiçik həyətə və ya qızıl eyvanı və qızıl günbəzi olan qədim həyətə – getsəniz, eyvanın yuxarısında yazılmış kitabə həmin qəsidədir. Adına da “Möcüzə qəsidəsi” deyilir. Yəni, həqiqətən, möcüzə kimi qalır. Bizim gənc şairlər bunlara baxsınlar. Bu, şairin söz və məna qüdrətini nümayiş etdirir. Yəni tövsiyəmiz bu deyil ki, mütləq gedin, misal üçün tarixi faktı yazın. Yox, gedin diqqət yetirin ki, belə güclü ifadələri və belə mətin məzmunu məhdud çərçivədə yaradıb, ərsəyə gətirən bu şair nə qədər qüdrətlidir. Bu, çox mühümdür. Bu da demək istədiyim məsələlərdən biridir.

Bir məsələ də fars dilini qorumaqla bağlıdır. Məncə, fars dili tamamilə məzlum vəziyyətə qalıb. İndi son günlərdə müəyyən işlər görülməkdədir. Bəziləri yığıncaqlarda müəyyən işlər görməyə başlayıblar. Amma bizim bundan daha çox fars dilini gücləndirməyə ehtiyacımız var. Fars dili cazibəsi olan bir dildir, genişlənə bilən dillərdəndir. Çünki dilin zəngin söz və söz birləşmələri var ki, hər hansı mənanı ifadə etməkdə çətinlik yaranmır. Dəqiq elmi mənanı, dəqiq ruhi və mənəvi mənanı, istənilən dəqiq və incə məfhumu fars dilində ifadə etmək olar. Bəzi dillərdə, həqiqətən, bunu çatdırmaq, ifadə etmək olmur, amma fars dilində ifadə etmək olur. Bəzi sözlər, ifadələr qətiyyən dəyişdirilə bilməz. Mən bir dəfə dedim:

Şadam ki, rəqiblərdən ətəyini çəkə-çəkə keçdin,
De ki, bizim bir ovuc torpağımız da küləyə sovrulsun (12).

Bəs “ətəyini çəkə-çəkə keçmək” sözünü ərəb dilində necə mənalandırarıq? “Ətəyini çəkə-çəkə keçmək” ifadəsini tərcümə etmək istəyirik, necə tərcümə etmək olar? Tərcümə etmək olmaz. Ümumiyyətlə, tərcümə edilə bilməz. Amma bu şair mühüm bir incə məfhumu “ətəyini çəkə-çəkə” ifadəsi ilə bu şeirdə verib. Yəni fars dilində belə şeylər var. Biz fars dilini unutmaqdayıq. İndi də təəssüflər olsun ki, yad dillərin də axını, hücumları çoxalıb. Avropa dilləri, qərb dilləri, xüsusilə ingilis dilinin hücumu artıb, ağına-bozuna baxmadan onu istifadə edirlər. Mənim nəzərimcə, bunun əksi baş verməlidir. Farsca ekvivalentlər artırılmalıdır. Biz helikopteri “balgərd” (fırlanan qanad) kimi tərcümə etdik, həm helikopterdən gözəldir, həm asandır, həm farscadır, həm də mənanı ifadə edir. Əlbəttə, əfqanlar bunu “çərxbal” kimi veriblər ki, bu, düz deyil. “Balgərd” sözü “çərxbal”dan yaxşıdır. Biz bu cür işləri çox edirik.

Bir neçə nəfər bu gecəki görüş üçün mənə yazılar göndərmişdilər. Mən cənab Feyzin (13) yazısında bir söz gördüm, çox xoşuma gəldi: “Rayane sepehr”. Bilmirəm bunu kim yaradıb, ancaq qəşəngdir. “Virtual məkan” sözünün əvəzinə “rayane sepehr” deyilib. Bu nümunələr çox-çoxdur. Sizə qəribə də gəlməsin. İnsan bir qədər adət etdikdən sonra görür ki, çox qəşəngdir. Hesab edirəm ki, bu iş yerinə yetirilməlidir və ümidvaram ki, dostlar bunu davam etdirməlidirlər, yəni fars dilində olan qərb mənşəli sözlərin həcminin bundan çox olmasına imkan verməməlidirlər. Bundan bir qədər də azaltmalı və fars dilinə bir xalislik gətirməlidirlər ki, xalis bir fars dili olsun, inşallah.

Hər halda, bu gecə gözəl bir gecə idi. Ümidvarıq, inşallah, bütün dostlar müvəffəq olacaqlar. Şeirlərini dinləməyə imkanımız olmayanların isə şeirlərindən sonralar istifadə edə biləcəyik, inşallah.

_______________________

(1) Bu görüşün əvvəlində bir qrup şair öz şeirlərini oxudu.
(2) Şairlər və fars ədəbiyyatının ustadlarından bir qrupu ilə görüşün bəyanatı (16.02.1402)
(3) XVIII-XIX əsrin alman yazıçısı və şairi
(4) Məhəmməd İqbal Lahuri (XX əsrin pakistanlı filosofu və fars dilində yazmış şair)
(5) 1364-cü ilin dey ayında Pakistan dövlətinə səfər
(6) Saib Təbrizi, Şeirlər divanı “ز خلوت برنمی‌آیی چه حاصل / به چشمِ تر نمی‌آیی چه حاصل” məzmunlu qəzəlindən
(7) Məhəmmədmehdi Cəvahiri
(8) Orijinal mətndə işlənmiş “iqtirah” sözünün mənası şairlik təbini sınamağa deyilir.
(9) Adətən, bir şeirin bir hissəsini təşkil edən söz, cümlə və ya ifadə əbcəd hesabı ilə mühüm bir tarixi hadisəni göstərir.
(10) “Natiq” təxəllüslü Mirzə Məhəmməd Sadiq Kaşi
(11) Mənbələrdə 62 beyt gəlib. İştirakçılardan biri: 256 beyt
(12) Həzin Lahici, Şeirlər divanı “ی وای بر اسیری کز یاد رفته باشد / در دام مانده باشد، صیّاد رفته باشد” məzmunlu qəzəldən
(13) Cənab Nasir Feyz