Birinci xütbə (1)
بسم الله الرّحمن الرّحیم
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علیٰ سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علیٰ آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین. اللهمّ انّی احمدک و استعینک و استغفرک و اتوکّل علیک. و السّلام علیٰ ائمّة المسلمین و حماة المستضعفین و هداة المؤمنین. قال الله تعالیٰ: وَ المُؤمِنونَ وَ المُؤمِناتُ بَعضُهُم اَولِیاءُ بَعضٍ یَامُرونَ بِالمَعروفِ وَ یَنهَونَ عَنِ المُنکَرِ وَ یُقیمونَ الصَّلوةَ وَ یُؤتونَ الزَّکوةَ وَ یُطیعونَ اللهَ وَ رَسولَهُ اُولئِکَ سَیَرحَمُهُمُ اللهُ اِنَّ اللهَ عَزیزٌ حَکیمٌ
Rəhman və Rəhim Allahın adı ilə.
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (2)
Bütün əziz qardaş və bacıları, eləcə də özümü İlahi təqvaya riayət etməyə çağırıram. Danışığımızda, əməllərimizdə İlahi həddi aşmamağa diqqət etməliyik. İlahi təqvanın mənası budur.
Oxuduğum ayədə möminlərin bir-biri ilə sıx əlaqədə olması məsələsi öz əksini tapmışdır. Quran ifadəsində bu əlaqəyə, bu bağlılığa “vilayət” deyilir, yəni möminlərin bir-birinin üzərində olan vilayəti. Bu ifadə Quranın bir neçə ayəsində qeyd olunub. Bu ayədə isə İlahi rəhəmətin nəticəsi olaraq təqdim edilir: “Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir”. Başqa sözlə desək, siz müsəlmanlar bir-biriniz ilə əlaqədə, ünsiyyətdə olsanız, bir-birinizə kömək etsəniz, həmrəy olsanız, Allah-Taalanın rəhməti sizə şamil olacaqdır. Ardınca isə buyurur: “Həqiqətən, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” Yəni bu mübarək ayəni İlahi qüvvət və hikmət ilə sonlandırır. Yəqin ki, bu da İlahi rəhmətin bu məqamda Allah-Taalanın izzəti və hikməti ilə mütənasib olduğuna görədir. Çünki Allahın rəhməti Onun tərəfindən nazil olan müxtəlif fəzilətlərlə bəndələrə şamil olur. Bütün nemətlər, lütflər, həyatın bütün hadisələri İlahi rəhmətdir. Amma bu mübarək ayədəki bu rəhmət Allahın “izzət” və “hikmət” sifəti ilə mütənasibdir. Yəni İlahi izzət Allah-Taalanın qüdrətinin bütün varlıq aləminə hakim kəsilməsidir. İlahi hikmət isə bütün yaradılış qanunlarının möhkəmliyi və sabitliyi deməkdir. Bu ayədə “müsəlmanlar bir-biri ilə həmrəy, birlik olsalar” deməklə, Allah-Taala diqqəti “İlahi izzət və hikmət onların arxasında olacaq” ifadəsinə cəlb etmək istəyib, yəni müsəlmanlar Allahın sonsuz qüdrətindən, İlahi qanunlardan faydalana biləcəklər.
Yaxşı, bu “vilayət” nə deməkdir? Bu, müsəlmanların bir-biri ilə həmrəyliyi və vəhdəti deməkdir. Bu isə müsəlmanlar üçün Qurana əsaslanan bir siyasətdir. Quran siyasəti öz aralarında həmrəy olan müsəlman xalqlara, qruplara belə bir vəd verir ki, siz həmrəy olsanız, Allah-Taalanın izzəti sizə şamil olacaq. Yəni bütün maneələri aradan qaldıracaqsınız, bütün düşmənlərə qalib gələcəksiniz. İlahi hikmət sizin arxanızdadır. Başqa sözlə, bütün yaradılış qanunları sizin irəliləyişinizə yönələcək. Bu, Quranın məntiqi və siyasətidir.
Bu siyasətin əksi İslam düşmənlərinin siyasətidir; yəni imperialistlər və təcavüzkarların siyasətidir. Onların siyasəti “parçala və hökm sür”dən ibarətdir. Fəaliyyətlərinin əsasında təfriqə salmaq durur. Bu təfriqə salmaq siyasətini İslam ölkələrində bu günə kimi müxtəlif məkirli planlarla həyata keçirmişlər və hələ də təslim olmur, müsəlman xalqlarının bir-birindən soyumasına, uzaqlaşmasına bais olurlar. Amma artıq bu gün xalqlar oyanıblar. Bu gün İslam ümmətinin İslam və müsəlman düşmənlərinin bu məkirli planlarına qalib gələ biləcəyi gündür.
Mən deyirəm ki, İran xalqının düşməni elə Fələstin xalqının, Livan xalqının, İraq xalqının, Misir xalqının, Suriya xalqının, Yəmən xalqının da düşmənidir. Düşmən birdir, düşmənin müxtəlif ölkələrdə metodları, üsulları fərqlidir. Düşmənlərimiz bir yerdə psixoloji müharibə ilə, bir yerdə iqtisadi təzyiqlə, başqa yerdə iki tonluq bombalarla, başqa bir yerdə silahla, digər bir yerdə təbəssümlə bu siyasəti həyata keçirirlər. Əmr mərkəzi isə tək bir yerə məxsusdur; əmrlərini bir yerdən alırlar. Müsəlman toplumlarına və müsəlman xalqlarına hücum əmrini tək bir yerdən alırlar. Bu siyasət bir ölkədə uğur qazandığı zaman, yəni onlar hansısa bir ölkəyə hakim kəsildikdən, o ölkədən arxayın olduqdan sonra başqa bir ölkəyə üz tuturlar. Xalqlar buna imkan verməməlidirlər.
Düşmənin iflicedici mühasirəsinə düşmək istəməyən hər bir xalq əvvəldən gözünü açmalı, ayıq olmalıdır. Düşmənin başqa bir xalqın sorağına getdiyini gördükdə, onun həmin yerdə uğur qazanmaması üçün zülmə məruz qalmış xalqın dərdinə şərik olmalı, ona kömək etməli və onunla birgə iş görməlidir. Əgər düşmən həmin yerdə müvəffəqiyyət qazansa, mütləq başqa bir yerə üz tutacaq. Biz müsəlmanlar uzun illər bu həqiqətə etinasız yanaşdığımıza görə bu işin ziyanını çəkmişik. Bu gün isə artıq laqeyd qalmamalıyıq, bu gün diqqətli olmalıyıq. Biz Əfqanıstandan Yəmənə, İrandan Qəzza və Livana kimi, bütün İslam ölkələrinin və xalqlarının müdafiə kəmərini, azadlıq sevərlik və izzət kəmərini möhkəm bağlamalıyıq. Bu, bu gün mənim demək istədiyim birinci məqam idi.
Bugünkü müraciətim daha çox problem içində olan Livanlı və Fələstinli qardaşlara ünvanlanacaq. Növbəti xütbəmdə onlara müraciət edəcəyəm. İkinci məqam isə budur ki, İslamın müdafiə məsələlərinə aid olan hökmlər bizim vəzifəmizi müəyyənləşdirmişdir. Həm İslamın müdafiə hökmləri, həm dövlət konstitusiyamız, həm də beynəlxalq qanunlar vəzifəmizi müəyyənləşdirmişdir. Həmin o qanunların tərtibində bizim heç bir rolumuz olmayıb, hətta həmin qanunlarda belə – az sonra mənim deyəcəyim mövzu öz əksini tapıb və güclü məntiqə malikdir – hər bir xalqın təcavüzkar qarşısında öz torpağını, evini, ölkəsini, mənafeyini müdafiə etmək hüququ var. Bu o deməkdir ki, Fələstin xalqının onun torpağını işğal edən, evini zəbt edən, tarlasını dağıdan, həyatını məhv edən düşmənin qarşısında dayanmaq haqqı var. Fələstin xalqının belə bir hüququ var. Bu, bu gün beynəlxalq hüquqi prinsiplərin təsdiqlədiyi güclü məntiqdir.
Fələstin kimə məxsusdur? Fələstin xalqı kimdir? Bu işğalçılar haradan gəliblər? Fələstin xalqının onlara qarşı dirəniş haqqı var. Qəsbkar sionist rejimin qarşısında sinəsini sipər etdiyinə görə hansısa bir məhkəmənin, qurumun, beynəlxalq təşkilatın Fələstin xalqına etiraz etməyə hüququ yoxdur. Heç bir haqqı yoxdur. Fələstin xalqına kömək edənlər də öz öhdəliklərini yerinə yetirirlər. İstənilən beynəlxalq qanuna əsasən Qəzzanı müdafiə etdiyinə görə, Fələstin millətinin hərəkatını dəstəklədiyinə görə kimsə Livan xalqına, Livan Hizbullahına qarşı çıxa bilməz. Bu, onların vəzifəsidir, bunu mütləq etməlidirlər. Bundan əlavə, bu, həm İslamın hökmüdür, həm rassional qanundur, həm də beynəlxalq hüquqi prinsiplərə əsaslanan məntiqdir. Fələstinlilər öz torpaqlarını müdafiə edirlər. Onların bu müdafiəsi də qanunidir, onlara kömək də qanunidir.
Odur ki, bu hücumlar və keçən il təxminən bu vaxtlarda baş verən “Əqsa tufanı” (3), düzgün, məntiqi qanunlara əsaslanan və beynəlxalq prinsiplərə uyğun olan bir addım idi və haqq da fələstinlilərlədir. Livanlıların Fələstin xalqını ciddi-cəhdlə müdafiə etməsi də bu hökmə görədir; qanunidir, məntiqidir, şəriətə uyğundur. Və kimsə “Niyə bu müdafiəyə qalxmısınız” deyə, onlara irad tuta bilməz, onları tənqid edə bilməz. Silahlı Qüvvələrimizin bir neçə gün bundan əvvəlki parlaq təşəbbüsü də tamamilə qanuni və şəriətə uyğun idi. (4) Silahlı Qüvvələrimizin gördüyü iş təcavüzkar sionist rejimin törətdiyi dəhşətli cinayətlərə qarşı kiçik cəza idi; Amerikanın bölgədəki qaniçən, canavar xislətli və quduz iti olan qəsbkar sionist rejimə verilən cəza idi. Bu sahədə İslam Respublikasının üzərinə hansı vəzifə düşərsə, onu tam qüdrətlə, sarsılmaz iradə və qətiyyətlə həyata keçirəcək. Bu vəzifənin icrasında nə yubanacağıq, nə də tələsəcəyik. Yubanmayacağıq, səhlənkarlığa yol verməyəcəyik və tələsməyəcəyik. Hərbi və siyasi sahədə qərarlar qəbul edən rəsmilərimiz nəyi məntiqli, rassional və düzgün bilsələr, o da doğru zamanda həyata keçiriləcək. Necə ki, keçirildi və lazım gələrsə, gələcəkdə yenə də həyata keçiriləcək.
İkinci xütbədə Livan məsələsinə toxunacağam və bu xütbə ilə regiondakı ərəb qardaşlarımıza müraciət edəcəyəm. Ona görə də xütbəni ərəbcə oxuyacağam.
“And olsun axşam çağına! Həqiqətən, insan ziyan içindədir. Ancaq iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır”. (5)
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
İkinci xütbə
Bu xütbə ilə bütün İslam dünyasına, xüsusilə əziz Livan və Fələstin xalqına müraciət edirəm. Əziz Seyidimizin şəhadəti hamımızı dərin kədərə boğub; biz matəmdəyik. Bu, çox böyük bir itkidir və həqiqətən də bizə dərd üz verib, matəm üz verib. Təbii ki, bizim matəmimiz sarsıntı, kədər və ümidsizlik mənasında deyil. Bu matəm Seyiduş-şühəda Hüseyn ibn Əliyə (ə) saxlanılan matəm kimidir; bu matəm diriltmək, dərs vermək, stimul və ümid yaratmaq xüsusiyyətinə malikdir.
Seyid Həsən Nəsrullah fiziki olaraq aramızdan getdi, amma onun həqiqi şəxsiyyəti, ruhu, yolu və onun çağırışı həmişə aramızdadır və həmişə də olacaq. O, zalım və quldur əhrimənlərin qarşısında müqavimətin yüksəklərdə dalğalanan bayrağı idi. O, məzlumların danışan dili, cəsur müdafiəçisi idi. O, igidlərin, haqqsevərlərin ruhlandırıcısı və cəsarət qaynağı idi. Onun sevgisinin, nüfuz və təsir gücünün əhatəsi Livan, İran və ərəb ölkələrinin hüdudlarını aşmışdı və onun şəhadəti ilə bu təsir gücü daha da artacaq.
Seyid Həsən Nəsrullahın həyatda ikən vəfalı Livan xalqına həm dildə, həm də əməldə verdiyi mesaj bundan ibarət idi: İmam Musa Sədr, Seyid Abbas Musəvi və bu kimi görkəmli şəxsləri itirməklə ümidsizliyə qapılmayın, mübarizə yolunda zərrə qədər də olsa tərəddüd etməyin. Güc və bacarığınızı, birliyinizi ikiqat artırın. İmanınızı gücləndirməklə, təvəkkül etməklə təcavüzkar və qəsbkar düşmənə müqavimət göstərin və onları nakam qoyun.
Mənim əzizlərim! Ey vəfalı Livan xalqı! Ey Hizbullah və Əməlin hərarətli gəncləri! Övladlarım! Bu gün də şəhid Seyidimizin öz xalqından, müqavimət cəbhəsindən və bütün İslam ümmətindən istəyi, gözləntisi elə budur.
“Hizbullah”, “Həmas”, İslami cihad və Allah yolunun digər mücahidlərinin möhkəm təşkilatlarına ciddi ziyan vura blmədiyi üçün mənfur düşmən terroru, dağıntını, bombardmanı, dinc əhalini qətlə yetirməyi və silahsız insanlara dağ çəkməyi öz qələbəsi kimi göstərməyə çalışır. Bu nə ilə nəticələnəcək? Bu, qəzəb və hiddətin daha da kəskinləşməsinə, xalqın motivasiyasının daha da artmasına, igidlərin, ordu komandirlərinin, liderlərin, fədailərin daha da ucalmasına, yüksəlməsinə, qaniçən canavarın mühasirə dairəsinin daha da daralmasına və sonda rüsvayçı, utandırıcı varlığının tarixdən silinməsinə, məhvinə səbəb olacaq.
Əzizlərim! Müsibət görmüş kədərli qəlblər Allahı zikr etməklə, Ondan yardım diləməklə rahatlıq tapır. Dağıntılar aradan qaldırılacaq, sizin göstərdiyiniz səbir və dözümünüz isə ardınca izzət və ucalıq gətirəcək.
Əziz Seyidimiz çox çətin bir mübarizəyə 30 il müddətində başçılıq etdi. O, Hizbullahı addım-addım irəliyə apardı:
“... onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (6)
Hizbullah Seyidin tədbirli rəhbərliyi ilə mərhələli şəkildə səbirlə, məntiqlə, necə lazımsa inkişaf etdi və ayrı-ayrı vaxtlarda sionist rejimini geri oturdaraq öz üstünlüyünü düşmənə göstərdi: “Allahın izni ilə hər an öz meyvəsini (bəhrəsini) verir”. (7)
Hizbullah həqiqətən də “pak ağacdır”. Hizbullah və onun qəhrəman, şəhid lideri Livanın tarixi məziyyətlərinin və kimliyinin cövhəridir.
Biz iranlılar uzaq keçmişdən bəri livanlılar və onların üstünlükləri ilə tanışıq. Hicri qəməri tarixi ilə 8-ci və 10-11-ci əsrlərdə Sərbədarlar və Səfəvilərin hakimiyyəti dövründə Məhəmməd ibn Məkki Amuli, Əli ibn Əbdulal Kərəki, şəhid Zeynuddin Amuli, Hüseyn ibn Əbdussəməd Amuli və Şeyx Bəhai adı ilə tanınan oğlu Məhəmməd Bəhauddin və s. böyük din və elm xadimləri öz zəngin elmləri ilə İrana xeyir veriblər.
Yaralı və qanlar içərisindəki Livana borcumuzu ödəmək bizim və bütün müsəlmanların vəzifəsidir. Hizbullah və şəhid Seyidimiz Qəzzanın müdafiəsi və “Məscidul Əqsa” uğrunda cihada qalxmaqla təcavüzkar və amansız sionist rejimə zərbələr endirərək, bütün regiona və İslam dünyasına həyati xidmət göstərdi. Amerika və ortaqlarının qəsbkar rejimin təhlükəsizliyini qoruyub saxlama cəhdləri, əslində bu məntəqənin bütün resuslarını ələ keçirmək və ondan böyük qlobal münaqişələrdə istifadə etmək üçün rejimi əllərində alətə çevirən təhlükəli siyasətin üzərini örtən pərdədir. Onların siyasəti rejimi regiondan qərb dünyasına enerji ixracında, Qərbdən də regiona məhsul və texnologiya idxalında bir mərkəzə, bazaya çevirməkdən ibarətdir. Bunun mənası təcavüzkar rejimin varlığına zamin olmaq və bütün regionu da ondan asılı vəziyyətə salmaq deməkdir. Sionist rejimin mücahidlərə qarşı qəddar və amansız rəftarı onların belə bir vəziyyətə olan düşkünlüyündən irəli gəlir. Bu fakt bizə başa salır ki, hər hansısa şəxs və ya qrup tərəfindən sionist rejiminə vurulan hər bir zərbə bütün regiona və hətta bütün bəşəriyyətə xidmətdir.
Heç şübhəsiz, sionistlərin və Amerikanın bu yuxusu xam xəyaldır. Sionist rejimi "xəbis bir ağaca bənzəyir ki, yerdən qopardılıb", Allah-Taalanın haqq sözünə əsasən, "ayaq üstə qala bilməz". (8) Bu mənfur rejim köksüzdür, qondarma və davamsızdır. Özünü sırf Amerikanın dəstəyi sayəsində çox çətinliklə ayaqda saxlayıbdır. Bu da Allahın izni ilə uzun sürməyəcək!
Bu iddianın aşkar dəlillərindən biri odur ki, artıq son bir ildə Qəzza və Livanda neçə milyard dollar xərcləyən düşmən, Amerika və bir neçə Qərb dövlətinin hərtərəfli yardımlarına baxmayaraq, mühasirədə olan və xaricdən gələn istənilən köməkdən məhrum olunmuş bir neçə min “Fisəbilillah” mücahid igidlərin qarşısında məğlubiyyətə uğrayıb. Tək bacardığı yaşayış evlərinin, məktəblərin, xəstəxanaların və sivil insanların toplaşdığı yerləri bombalamaqdır! Artıq bu gün cinayətkar sionist dəstə özü də yavaş-yavaş bu qənaətə gəlib ki, nə Həmasa və nə də Hizbullaha heç vaxt qalib gələ bilməyəcəklər.
Ey Livan və Fələstinin müqavimətli xalqı! Ey cəsarətli mübarizlər! Ey dözümlü və qədrbilən xalq! Bu şəhadətlər, axıdılmış bu qanlar sizin hərəkatınızı sarsıtmayacaq, əksinə, daha da möhkəmləndirəcək. Bizim İran İslam Respublikamızda h.ş 1360-cı ilin (red: 1981-ci il) üç yay ayı boyunca onlarla görkəmli şəxsiyyətimiz terrorun qurbanı oldu. Onlar Seyid Məhəmməd Beheşti, prezident Rəcai, Baş Nazir Bahonər kimi böyük şəxsiyyətlər idi, Ayətullah Mədəni, Quddusi, Haşiminejad kimi din alimləri idilər. Onların hər biri ölkə səviyyəsində inqilabın sütunlarından biri hesab olunurdu və itkiləri heç də asan olmadı. Bununla belə İnqilabın istiqaməti dəyişmədi, yolundan geri çəkilmədi, əksinə, daha da sürətləndi.
Bu gün də regionda müqavimət bu şəhadətlərlə geri çəkilməyəcək; müqavimət qələbə çalacaqdır! Qəzzadakı Müqavimət dünyanı heyrətə gətirdi; İslama izzət bəxş etdi. Qəzzada İslam bütün pisliklərə, çirkinliklərə sinəsini sipər edib. Elə bir azad insan yoxdur ki, bu dirənişi alqışlayıb, amansız və qaniçən düşmənə lənət yağdırmasın.
“Əqsa tufanı”, Qəzza və Livanın bir illik müqaviməti təcavüzkar sionist rejimini elə bir nöqtəyə gətirib çatdırıb ki, onun birinci dərəcəli nigarançılığı öz varlığını qorumaqdan ibarətdir; yəni özünün məşum doğumunun ilk illərindəki eyni nigarançılığı yenidən keçirir. Bu o deməkdir ki, Fələstin və Livanın mübariz igidlərinin müqaviməti sionist rejimini 70 il geriyə qaytara bilib.
Regiondakı müharibə, münaqişə, təhlükə və geriliyin ən əsas səbəbkarı “sionist rejimin varlığı”, habelə sülh və əmin-amanlıq iddiasını edən dövlətlərin mövcudluğudur. Bölgənin ən başlıca problemi “yadellilərin müdaxiləsi”dir. Regionun öz dövlətləri sülh və asayişi burada bərqərar etməyə qadirdirlər. Bu böyük və xilaskar hədəf üçün isə “xalqlar”ın və “dövlətlər”in səy və mübarizəsi lazımdır. Allah-Taala bu yolun yolçuları ilədir. “Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” (9)
Allahın salamı olsun şəhid lider Nəsrullaha, qəhrəman şəhid Həniyəyə və qürur mənbəyi olan komandir general Qasim Süleymaniyə. (10)
"Rəhman və Rəhim Allahın adı ilə. Allahın köməyi və zəfər gəldiyi zaman. İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman. Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!" (11)
_____________________
(1) Cümə namazı Tehran namazgahında qılınmışdır.
(2) “Tövbə” surəsi, 71-ci ayə
(3) 15.07.1402-ci il (red: 07.10.2023) şənbə günü Fələstin müqavimət qrupları “Əqsa tufanı” adlı geniş miqyaslı əməliyyata başlamış və bu əməliyyatın ilk saatlarından etibarən çoxlu sayda sionist öldürmüş, yaralamış və əsir götürmüşdülər.
(4) Mehr ayının 10-da (red: 2 oktyabr) İsmail Həniyə, Seyid Həsən Nəsrullah və general-mayor Abbas Nilfruşanın şəhadətinə, həmçinin rejimin Qəzza və Beyrut ətrafına vəhşicəsinə edilən hücumlarına cavab olaraq həyata keçirilən “Sadiq 2” əməliyyatında sionist rejimin işğal olunmuş ərazilərdəki təhlükəsizlik və hərbi bazalarına çox saylı raketlərlə hücum olunmuşdur.
(5) “Əsr” surəsi
(6) “Fəth” surəsi, 29-cu ayədən
(7) “İbrahim” surəsi, 25-ci ayədən
(8) “İbrahim” surəsi, 26-cı ayədən
(9) “Həcc” surəsi, 39-cu ayədən
(10) “Tehranın cümə namazında qardaşım, əzizim və iftixarım, İslam dünyasının sevimli siması, bölgə xalqlarının danışan dili, Livanın parlayan cəvahiri cənab Seyid Həsən Nəsrullahın (Allah ondan razı olsun) xatirəsinin əziz tutulmasını lazım bildim”.
(11) “Nəsr” surəsi