Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Fars ostanının 15 min şəhidinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّدو علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Çox xoş gəlmisiniz, əziz qardaş və bacılar. Hörmətli imam-cümənin bu qısa və yığcam çıxışına görə, həmçinin bu generalımızın çox gözəl və dolğun nitqinə görə onlara öz təşəkkürümü bildirirəm. 

Sevimli vətənimizin daim diqqət mərkəzində saxlamalı olduğu özünəməxsus mədəni üstünlüklərindən biri də dini, qəhrəmanlığı və incəsənəti birlikdə sintez edə bilməsidir. Dünyanın əksər yerlərində din – əgər varsa – ayrılıqda öz yolunu gedir, incəsənət öz yolu ilə irəliləyir, qəhrəmanlıq da – əgər haralardasa varsa – özü üçündür. İran İslam Respublikasında bu üç amilin sintezi maraqlı və cəlbedici bir fenomendir, nə bu günə və nə də dünənə aid deyil, əsasını İslam dinindən götürmüşdür. Qurani-Kərim bu barədə belə buyurur: 

وَ الَّذینَ آمَنوا اَشَدُّ حُبًّا لِلَّه

“... halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir”. (2)

یُحِبُّهُم وَ یُحِبّونَه

“Allah onları, onlar da Allahı sevərlər”. (3)

فَلیُقاتِل فی سَبیلِ اللَه

“... Allah yolunda vuruşsunlar”. (4)

Və ayənin davamında buyurur: 

اَلَّذینَ آمَنوا یُقاتِلونَ فی سَبیلِ اللَهِ وَ الَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوت

“Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə...”. (5)

Həmçinin bu ayədə: 

اَشِدّاءُ عَلَی الکُفّار

“Onunla (peyğəmbərlə) birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərtdilər”. (6)

Eləcə də bu ayədə: 

رُحَماءُ بَینَهُم

“... bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (7)

Yəni Qurani-Kərimin özündə də din, İlahi ayinlər, böyük qəhrəmanlıq salnamələri və incəsənətin sintezi mövcuddur; Qurani-Kərim məhəbbət, eşq və s. mövzulara toxunmaqla, onları oxucular üçün təsvir eməklə yanaşı, özü də bir sənət əsəridir; həm də olduqca böyük bir əsərdir. Bütün bunlar tarixi keçmişimizdə mövcuddur.

Mübaliğə olmazsa, deyərdim ki, bəlkə də ölkəmizdə bu üç faktorun sintezinin aydın şəkildə göründüyü ən yaxşı yer Fars ostanı və Şiraz şəhəridir. Bu sözü deyən kim olursa olsun – ya mən, ya bir başqası – insafla desək, düz söz deyib. Şiraz bu üç faktorun inteqrasiyasını göstərən yerdir. Cənab Əhməd Musanın (ə) və bu ostanın, bu şəhərin digər şəhid imamzadələrinin dövründən sonrakı dövrlərə, bu günümüzə, hətta bir neçə gün bundan əvvəl şəhid olan Kərbasi xanıma (8) qədər bu üç faktor həmişə birlikdə olmuşdur. 

Ölkənin ən məhşur və ən sevilən şairi, yəni Hafiz Şirazi Quran hafizi idi: 

قرآن ز بر بخواند با چارده روایت

“... Quranı əzbər oxusan on dörd rəvayətdə”. (9) Bu İlahi aşiq, şirin sözlü qəzəl şairi Quranı 14 fərqli rəvayətlə əzbər bilirdi. Quranı fərqli qiraətlərlə oxuyan qarelər arasında çox az qarelər var ki, tarixin yeddi tanınmış qaresinin qiraətini – belə ki, hər qiraətin də iki ravisi var idi və bu, ümumilikdə on dörd rəvayət edir – mükəmməl şəkildə bilsinlər. Ardınca deyir:

هر چه دارم همه از دولت قرآن دارم

“... hər nə etdim hamısını Quranın dövlətindən etdim”. (10) Yəni şeri də, hünəri də, mərifəti də, irfanı da, rindiliyi (İlahi aşiqliyi) də Qurandan almışdır; sahib olduğu hər şey Qurani mənbədəndir. Din və incəsənətin bir-birinə bu şəkildə qarışmasından, birləşməsindən daha gözəl bir sintez? Eyni zamanda bunların yanında qəhrəmanlıq mövzusu da yer alır. Əhməd Musadan tutmuş Abbas Douran (11) və digər məşhur şəhidlərə kimi, şəhid Mortəza Cavid, şəhid Şirəli Soltani və elə xanım Məsumə Kərbasi və ya hörmətli generalımızın adlarını çəkdiyi ostanın digər böyük şəhidləri olsun; on beş min şəhid, on beş min örnək, müxtəlif meydanların on beş min şəhidi.

Avropa istismarçılığına qarşı ilk silahlı döyüşü başlayan və portuqalları Hürmüz boğazından qovmağı bacaran Fars hakimi İmamqulu Xan olmuşdur. Dövlətçilik tariximizdə ilk yumşaq müharibəni aparan Mirzə Şirazi olmuşdur; “Tənbəki üsyanı” yumşaq müharibə idi. O, ən böyük müharibəyə – özü də elə bir müharibəyə – İngiltərənin ölkə üzərindəki iqtisadi ağalığına son qoymuşdur. Sonralar bu işi Hindistanda Qandi də həyata keçirdi, amma Mirzə Şirazidən düz 30 il sonra. Yəni demək istəyirəm ki, bu misilsiz yumşaq müharibənin təşəbbüskarı Mirzə Şirazi olmuşdur. İraqda İngiltərə hökumətinə qarşı ən güclü müqavimət dəstəsinə Mirzə Məhəmməd Təqi Şirazi başçılıq edirdi. İslam hökumətinin ilk sikkəsini Şiraz, Cəhrom və Larda mərhum Seyid Əbdülhüseyn Lari döydürmüşdü; sikkə döydürmüş və ilk İslam hökumətini qurmuşdu. Düzdür, bu hökumət uzun sürməmişdi və o, bu işi davam etdirə bilməmişdi, amma hər hada bu məqsədlə addım atmış, təşəbbüs göstərmişdi. Bunlar böyük iftixara layiq hadisələrdir. Dönüb öz zamanımıza baxdıqda şəhid Dəstğeyb kimi alim, arif və seyr-süluk əhli olan birini görə bilərik. Şəhid Dəstğeyb həqiqətən də, mənəviyyatın, ruhaniliyin, əxlaqın, cihadın təzahürü idi. 1341-42-ci illərdə bu mübarizənin yeni başladığı vaxtlarda biz Qumda idik. O vaxtlar mərhum Dəstğeybin audio kasetlərini Şirazdan Quma gətirərdilər və biz də qulaq asardıq. Mərhum hacı Şeyx Bəhaəddin Məhəllati və Şirazın digər din alimləri məclislər təşkil edirdilər. Dəstənin xətibi də mərhum Dəstğeyb idi və deyəsən, Şirazın mərkəzi (cami) məscidində toplaşardılar və o da orada çıxış edirdi. Bu məclis o şəhid olana kimi davam etmişdi. Yəni demək istəyirəm ki, bu diyarın, bu bölgənin istənilən sahədə şəhidləri var və şəhidləri bütün sahələrdə, bütün meydanlarda özlərini göstərmiş, seçilmişlər. Bunlar Şirazın, Farsın kimlik vəsiqələridir.

Şirazda “Şiraz İncəsənət Festivalı” kimi çirkin tədbirlər təşkil etməklə buranı Əhli-beyt hərəmi olmaqdan, din və iman mərkəzi olmaqdan çıxarıb, fəsad yuvasına çevirə biləcəklərini xəyal edənlər qələt ediblər; sözün həqiqi mənasında böyük qələt ediblər! Şirazın böyük ruhanisi, yəni məncə, dünya fəlsəfəsinin görkəmli simalarından biri olan Molla Sədradan (Allah ondan razı olsun) qalmış bir neçə şeirin bir beytində belə deyilir:

در معرکه‌ی دو کَون، فتح از عشق است
هر چند سپاه او شهیدند همه

“İki aləmin davasında zəfər eşqindir, hərçənd ordusunda hər kəs şəhid olsa da”. (13)

Bu beyt bir ruhani filosofa aiddir. Yəni bu ruhiyə, din, incəsənət və qəhrəmanlığın bu cür gözəl tərkibi bax beləcə, bu şəkildə davam edir. Mərhum Dəstğeyb də həm mərifət, həm şeir, həm də mənəviyyat insanı idi; biz onu yaxından tanıyırdıq. Digərləri də eləcə; bunlar çox əhəmiyyətli məsələlərdir.

Sizin təşkil etdiyiniz bu konqres bütün bunları ölkəyə göstərməli, bunları ölkədə daimiləşdirməlidir. Siz göstərməlisiniz ki, mədəni, bilikli və mütərəqqi bir xalq üçün mühüm olan dindarlıq, qəhrəmanlıq və yaradıcılıqdır; bu üçü birlikdə olmalıdır. İncəsənət dinə xidmət göstərməli, din qəhrəmanlıqla yanaşı olmalı, qəhrəmanlıq isə xalqın inkişafı istiqamətində irəliləməlidir; mühüm olan bunlardır. Təşkil etdiyiniz konqresdən bu nəticə əldə edilməlidir. İndi siz bunları ya kitab, ya şeir, ya sürud (dini nəğmələr), ya da film vasitəsi ilə edirsiniz. Hər halda bu işin verdiyi nəticə bu olmalıdır; bunu mütləq göstərməlisiniz. Xalqımızın ehtiyac duyduğu da elə budur. Pəhləvi dövründə o qələtləri eləmiş insanlar kimi, bu gün də incəsənəti mənəviyyatdan, qəhrəmanlıqdan qoparmaq, ayırmaq və bəzən də bunları bir-birindən fərqli cəhətlərə yönəltmək istəyənlər var. Bu gün də əziz vətənimizdə, sərhədlərimiz daxilində həmin sistemin tör-töküntülərindən, qalıqlarından vardır. Odur ki, bu üç faktoru birlikdə işlətməlisiniz.

Burada özüm üçün qeydə aldığım, həmişə israrla etdiyim tövsiyələrimdən biri budur: konqresin qoyduğu təsiri izləyin. Axı siz bu işinizlə təsir qoymaq istəyirsiniz. Elə isə izləyin, görün, bir il ərzində bu qədər zəhmətlə, əziyyətlə hazırladığınız bu konqres ictimai düşüncəyə, sizin gənclərin davranışına hansı təsiri bağışlayır. Gənclərin dinində, məscidlə əlaqələrində, intellektual səylərində, düşüncələrində, mütaliələrində, hadisələrə düzgün yanaşmalarında, düzgün istiqamətdə addımlamalarında nə qədər irəliləyiş əldə olunub; bunu izləyin, yollarını axtarıb tapın. Siz bunun öhdəsindən gələ bilərsiniz. Təbii ki, asan məsələ deyil. Bu izlənmələr casusluq, ya da kiminsə səhvini, nöqsanını üzə çıxarmaq və s. mənada qəbul edilməməlidir; bunu o istiqamətlərə yönəltmək lazım deyil. Hadisəyə düzgün yanaşılmalı, məsələnin mahiyyəti düzgün müəyyən edilməlidir.

Xidmət göstərmək istəyi bu konqresin qoyduğu təsirlərdən biridir. Xidmət göstərmək üçün gənclərdə nə qədər motivasiyanın yarandığını mütləq araşdırmalısınız. İntellektual, cihad məqsədli xidmətlərdə, müxtəlif xidməti sektorlarda nə qədər gəncin iştirak etdiyinə baxın: cihad məqsədli ekskursiyalara, quruculuq işlərindəki könüllülərə baxın. Müqəddəs Müdafiə dövrünün əziz komandirlərinin, igidlərinin, bəsicilərinin çəkdikləri səylərin nəticələrini öz gözləri ilə görmək üçün müharibə bölgələrinə gedən kollektiv qruplara baxın. Bunlara qarşı istək və marağın nə qədər artdığına diqqət edin. Heç bir nailiyyət görməsəniz, əvvələ qayıdın; işinizə yenidən nəzər salın və problemin kökünün harada olduğunu öyrənin. Nəyə görə nəticəsiz, təsirsiz qaldığını araşdırın. Əgər irəliləyiş əldə etdiyinizi görsəniz, yenə də bu irəliləyişə səbəb olan amili öyrənin və üzərində işləyərək onu daha da gücləndirin. Görün, bu gənci hansı səbəblər irəliyə aparır, hərəkətə gətirir?

Bu gün gənclərimizin ölkənin şanlı keçmişini, xüsusilə də İnqilabla bağlı bu bir neçə onilliyin keçmişini bilməsinə ehtiyac var. Bizim hadisələri, olub-keçənləri anlatmaq bacarığımız zəifdir. Məsələn, gənclərimiz casus yuvasının ələ keçirilməsinin müxtəlif yönləri barəsində düzgün məlumata sahibdirlərmi? 8 illik müharibənin başlanma səbəbini düz bilirlərmi? Əgər kimsə: “Niyə bu qədər gənci itirmək üçün 8 il müharibə apardıq” – deyə soruşarsa, hansı cavabı verəcəklərini bilirlərmi? Onlar bilirlərmi ki, hansı hadisələrin nəticəsində bu belə olub? Bütün bunlar açıqlanmalı, həm də düzgün şəkildə açıqlanmalıdır. Əlbəttə, sevindirici haldır ki, bir sıra yaxşı işlər həyata keçirilir. Vaxtım olduqca bəzi kitablara, əsərlərə baxıram. Bu da bu məsələ haqqında.

Bu gün biz regionda əsaslı və mühüm bir məsələ ilə üz-üzə qalmışıq. Qərbi Asiya, Livan, Qəzza və İordan çayının qərb sahilləri kimi məsələlər – bunlar tarixi əhəmiyyətli məsələlərdir. Bu hadisələrin hər biri bir cərəyanın, bir tarixi hərəkatın bir istiqamətə doğru mənşəyi ola bilər. Son dəqiqəyə, son ana kimi vuruşan şəhid Sinvar (14) kimi şəxsiyyətlər tapılmasaydı, bölgənin taleyi tamamilə fərqli olardı. İndi ki, bu cür insanlar tapılıblar, bölgənin taleyi də başqa cür olacaq. Əgər cihad, məntiq, cəsarət, fədakarlıq və güzəşt kimi xüsusiyyətləri birləşdirib, çuğlaşdırıb meydana çıxaran Seyid Həsən Nəsrullah kimi liderlər olmasaydı, bu hərəkat tam fərqli olardı. İndi ki, tapılıb, indi ki, var, hərəkatın axarı da başqa cür olacaq. Bunlar olduqca önəmlidir.

Bu günə kimi baş verən bu hadisədə böyük məğlubiyyət yaranıb. Bu məğlubiyyət sadəcə sionist rejimi üçün deyil, həm də Qərb sivilizasiyası, mədəniyyəti və Qərb iddiaları üçündür; onlar böyük məğlubiyyətə uğrayıblar. Sionist rejimi məğlubiyyətə düçar olub. Ona görə ki, sionist rejimi Müqavimət qruplarını asanlıqla darmadağın edəcəyini düşünürdü. Bu gün isə 50 mindən artıq sivil və müdafiəsiz insanı və Müqavimətin bir neçə nəfər tanınmış liderlərini şəhid etməsinə baxmayaraq, Müqavimət Cəbhəsində heç bir şeyin dəyişilmədiyini görür. Müqavimət Cəbhəsi bu gün də eyni güclə, eyni əzmlə mübarizə aparır. Bu, məğlubiyyət deyil? Bu, ən böyük məğlubiyyətdir. O qədər xərc çəkmələrinə, o qədər cəhd etmələrinə, Amerikanın, eləcə də Avropanın bütün gücü ilə köməklərinə yetişməsinə, bu qədər cinayət törətmələrinə rəğmən, simaları bütün dünyada qaraldı, iyrəncləşdi, mənfurlaşdı, Amerikanın küçələrində – hətta universitetlərində belə – onlara qarşı etiraz yürüşləri keçirildi; Müqavimət qrupları isə hələ də var. “Həmas” var, cihad var, “Hizbullah” var, İordan çayının qərb sahilində döyüşən insanlar və gənc igidlər var. Başqa yerlərdə də döyüşən, mübarizə aparan insanlar hələ də var. Bütün bunlar onlar üçün böyük məğlubiyyətdir. Bu, ən böyük uğursuzluqdur. 

Amma bu, hamısı deyil. Bu məğlubiyyətdən daha böyüyü “Qərb mədəniyyəti”nin məğlubiyyətidir. Qərblilər bu rəftarları ilə göstərdilər ki, bu neçə illər, ya neçə əsrlər boyunca insan haqları və bu kimi şeylərdən danışanda, demə, başdan-başa yalan danışıblarmış. Bu müharibə bunu göstərdi, bunu sübut etdi. Yəni on minlərlə uşaq öldürülüb, bu, əhəmiyyətsiz məsələdir? Uşaq məsumluğun, zərifliyin, incəliyin təcəssümüdür, insanın hisslərini, duyğularını oyadan əsas məqamdır. İsrail iki tonluq bombalarla, müxtəlif cür silahlarla bu on minlərlə məsum insanları kütləvi şəkildə öldürdü, qərblilər isə səslərini belə yüksəltmədilər. Qərb siyasəti, Qərb diplomatları rüsvay olublar, bu onlar üçün ən böyük məğlubiyyətdir. Artıq kimsə “Qərb sivilizasiyası”ndan danışmasın! Qərb sivilizasiyası budur. Bu, o Qərb mədəniyyətidir ki, öz xalqlarından müxtəlif yollarla pul qopararaq, azyaşlı uşaqları, məsum balaları öldürməyin, ailələri məhv etməyin, on minlərlə uşaqları şəhid etməyin, neçə minlərlə uşaqları yetim qoymağın onun üçün əhəmiyyəti yoxdur. Qərb mədəniyyəti budur. Əgər indi kimsə Qərb mədəniyyətinə etiraz edərsə, onun etibarsızlığını açıqca söyləyərsə, heç kim o şəxsi: “Elə deməyin” deyə, qınamasın. Xeyr, Qərb mədəniyyəti budur, Qərb sivilizasiyası budur, onun nəticəsi budur. Bu, Qərbin başına gələn ən böyük uğursuzluqdur.

Sionist rejimin arxası şər cəbhəsi ilə doludur. Sionist rejimini dəstəkləmək üçün şər cəbhəsi sıraya düzülüb. Müqavimət Cəbhəsi isə o şər cəbhəsinin qarşısındadır; o şər cəbhəsinin qarşısında bu Müqavimət Cəbhəsi dayanıb. Allah-Taalanın köməyi ilə qələbə də Müqavimət Cəbhəsinin olacaqdır.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

____________________

(1) Görüşün əvvəlində Höccətul İslam vəl-müslimin Lutfullah Dejkam (Şiraz şəhərinin imam-cüməsi və konqresin siyasi şurasının rəhbəri) və briqada komandiri Yədullah Buali (Fars ostanı üzrə “Fəcr” korpusunun komandiri və konqresin baş katibi) çıxış etmişdilər.
(2) “Bəqərə” surəsi, 165-ci ayədən 
(3) “Maidə” surəsi, 54-cü ayədən 
(4) “Nisa” surəsi, 74-cü ayədən 
(5) “Nisa” surəsi, 76-cı ayədən 
(6) “Fəth” surəsi, 29-cu ayədən 
(7) “Fəth” surəsi, 29-cu ayədən 
(8) Xanım Məsumə Kərbasi və Livan vətəndaşı olan həyat yoldaşı cənab Rza Əvazə bu ilin mehr ayının 28-də (red: 19/10/2024) sionist rejimin Livana pilotsuz təyyarələrinin hücumu zamanı və avtomobillərinə dəyən raket atəşi nəticəsində şəhid olmuşdular.
(9) Hafiz Şirazinin bu qəzəlinə işarə: عشقت رسد به فریاد، ار خود به سان حافظ / قرآن ز بر بخوانی در چارده روایت (Eşqin fəryada çatar, əgər özün Hafiz kimi/ Quranı əzbər oxusan on dörd rəvayətdə)
(10) Hafiz qəzəlləri; صبح‌خیزی و سلامت طلبی چون حافظ / هرچه کردم همه از دولت قرآن کردم (Səhər qalxmaq və salamatlıq istəyini Hafiz kimi, hər nə etdim hamısını Quranın dövlətindən etdim)
(11) Bağdada hücum əməliyyatında şəhid olan Abbas Doran (Hava Qüvvələrinin pilotu).
(12) Fars ostanı üzrə “Fəcr” Korpusunun komandiri
(13) Rzaqulu Xan Hedayət, “Təzkireyi ryazul-arefin”, 2-ci rövzə, Füzəla, hikmət və fəlsəfə alimlərinin zikri, 56-cı bölüm, Sədr Şirazi
(14) Şəhid Yəhya Sinvar, “Həmas”ın siyasi bürosunun rəisi. Cari ilin mehr ayının 26-da (red: 17/10/2024) sionist rejimin əsgərləri tərəfindən Qəzzada şəhid edilmişdir.