Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Cəfər ibn Əbi Talib” konfransının təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم .و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, hidayət edən və hidayət olunan, seçilmiş Əhli-Beytinə, xüsusilə də yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Cənabların hamısına, xüsusilə də tarixi canlandıran bu işin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Cəfər ibn Əbi Talib, yaxud Həmzə kimi böyük şəxsiyyətlərin bioqrafiyaları haqqında danışılanda, söhbət təkcə hansısa bir şəxsiyyətin məqamını anlatmaqdan getmir. Belə söhbətlərdə əslində tarix bəyan olunur, ona görə də o tarixi şəxsiyyətlərin bioqrafiyalarından əldə edəcəyimiz dərslərin nədən ibarət olduğuna diqqət etmək lazımdır. Gördüyünüz iş isə olduqca gözəl, mühüm və faydalı işdir.

Qeyd etdiyiniz o on nəfərlik siyahı haqqında bir neçə cümlə də mən danışmaq istəyirəm. Bu siyahıda Zeyd ibn Harisin yeri boşdur. Zeyd ibn Haris həmin “Mutə” döyüşündə də həzrəti Cəfərin sərkərdəsi olmuşdu. Əziz Peyğəmbərimiz (s) qoşuna ilk öncə onu sərkərdə təyin etmişdi ki, əgər birdən o şəhid olsa, onun yerinə həzrət Cəfər sərkərdə olsun. Bundan başqa, bu əzizlərin bioqrafiyasında bu da qeyd olunmuşdur ki, Peyğəmbər (s) mələkut aləmində bir neçə cənazənin dəfnə aparıldığını görüb. Peyğəmbər (s) Cəfərin cənazəsinin Zeyd ibn Harisin cənazəsindən irəlidə olduğunu görəndə Cəbrayıldan (ə) soruşub: “Mən onu qoşuna sərkərdə təyin etmişdim, bəs siz niyə belə etdiniz?” O da sualı cavablandırıb. Buradan da Peyğəmbərin (s) Zeyd ibn Harisə dəyər verdiyi başa düşülür. Ardınca isə Quran əmri və bu ayə nazil olub:

فَلَمّا قَضیٰ زَیدٌ مِنها وَطَرًا زَوَّجناکَها

“...zövcəni (Zeynəb binti Cəhşi) saxla (boşama) ...” (2)

O, adlı-sanlı və böyük şəxsiyyət olub. Məncə, onu da bu siyahıya daxil edin, yeri gəldikdə onun haqqında da danışın, onun  da bioqrafiyasını yazın. 

Cəfər ibn Əbi Talibin h‎əyatı ilə əlaqədar gördüyünüz işlər olduqca mühümdür. Yəni bizim güman etdiyimizdən də çox iş görmüsünüz. Bu on cildlik ensiklopediya və həyata keçirdiyiniz digər işlər çox böyük, əhəmiyyətli işlərdir. Bu böyük və önəmli işlərin ərsəyə gəlməsində rolu olan cənabların hamısına səmimi qəlbdən təşəkkür edirəm.

Bizim işimizdəki nöqsanlardan biri kitab nəşri ilə bağlıdır. Dediniz ki, kitab kitabxanada yatıb qalır, mən isə deyərdim ki, kitab ən qalıcı mədəni irs, yaradıcılıq əsəridir. Qalan şeylər müvəqqətidir, ötəridir, kitab isə qalıcıdır; hətta 100 il, 200 il sonra belə kitabdan istifadə etmək mümkündür. Ona görə də kitabı lazımi səviyyədə nəşr etməyimiz çox önəmlidir. Mədəniyyəti nəsildən nəslə ötürən kitabdır. Məncə, kitab nəşri üzərində israrla dayanmaq lazımdır. İntəhası, kitab bəyənilən, qaneedici, keyfiyyətli şəkildə ərsəyə gətirilməlidir ki, qalıcı olsun, uzun illər istifadə edilsin, köhnəlməsin və yox olub aradan getməsin. Eyni zamanda bu mövzuda, xüsusilə də həzrət Cəfərin, eləcə də Həmzənin Həbəşistana gəlişi ilə əlaqədar film çəkilişləri də lazımdır. Avropasayağı desək, bu mövzunun çox maraqlı dramatik aspekti də vardır.

Bu mövzu ilə əlaqəli bir neçə nüans var ki, indi onlar haqqında danışacağam. Həmin nüans budur: həzrət Cəfər ibn Əbi Talib hicrətin 7-ci ili Mədinəyə qayıdıb. Niyə? O nə üçün Həbəşistanda yeddi il qalmışdı? Bir ara Məkkə camaatının İslamı qəbul etdiyi haqda şayiə yayılmışdı. Bu xəbərdən sonra Həbəşistan mühacirlərinin bəzisi geri qayıtmışdı. Onlar Məkkəyə yaxınlaşar-yaxınlaşmaz xəbərin yalan olduğunu öyrənincə yenidən Həbəşistana geri dönmüşdülər. Bu o deməkdir ki, onlar üçün gediş-gəliş problemi yox idi. Eləcə də hicrətdən sonra Mədinəyə qayıtmaq qərarını verdikdə Nəcaşi onlara gəmi vermişdi və onlar da Həbəşistandan Mədinəyə qədər Qırmızı dənizi başdan-başa qət etmişdilər. Mədinə şəhərinin dənizə çıxışı olmadığına görə, onlar dəniz sahilinə və ordan da Mədinəyə gəliblər. Demək istəyirəm ki, Həbəşistandan Mədinəyə gəlmək asan iş idi. Bəs niyə o, yeddi il orada qalmışdı? Bunun səbəbi nə idi? Cəfər ibn Əbi Talibin şəxsiyyətini araşdıraraq, bu suala qaneedici və məntiqli cavab verilməlidir. Əlbəttə, Cəfər ibn Əbi Talibin həyatının bu hissəsi ilə bağlı mənim məlumatım cənablarınkı qədər geniş deyil. Nə qədər araşdırsam da, onun bu addımını mənalandırmaq üçün tutarlı bir dəlil tapa bilmədim. Lakin mənə elə gəlir ki, onun bu qərarı ancaq təbliğ məqsədi daşıyıb. Yəni bu əziz insan İslamın təbliği üçün Efiopiyanı (Həbəşistanı) Afrika qitəsinin “giriş darvazası” olaraq görmüşdü. Elə belə də oldu. Afrika qitəsində İslam dinini ilk qəbul edən yer Həbəşistan olmuşdu. O, orada İslamı bərqərar etmək üçün qalmışdı, halbuki Peyğəmbərin (s) Mədinəyə gəldiyindən, orada rəğbətlə qarşılandığından, hökumət yaratdığından, Bədr, Ühüd kimi bir sıra döyüşlərə başının qarışdığından xəbəri vardı; mütləq xəbəri vardı. Bu cür əzəmətli və önəm kəsb edən siyasi-ictimai hadisələrdən, Peyğəmbərin (s) ətraf yerlərə göndərdiyi məktublardan, müxtəlif qrupların ayrı-ayrı yerlərə getmələrindən yeddi il ötmüşdü. Təbii ki, bu baş verənlərdən onun tamamilə xəbərsiz olduğunu biz deyə bilmərik; təfərrüatlı olmasa da, hər halda qısa da olsa, məlumatı olub. Bütün bunlara baxmayaraq, o gəlməyib və təbliğ üçün orada qalıb. Onun bu addımı təbliğ məsələsinin nə qədər önəm daşıdığını göstərir. Məncə, bu çox mühüm nüansdır. Bu mövzu ilə yaxından maraqlananlar daha çox araşdırma aparsınlar, öyrənsinlər; görək onun hansı vacib işi olub ki, bu müddət ərzində o, orada qalıb. Bu işi görmələri çox yaxşı olardı.

İkinci nüans isə budur ki, əziz Peyğəmbərimiz (s) Cəfər ibn Əbi Talibi çox sevirdi. Peyğəmbərin (s) bu sözü məşhurdur:

اُسَرُّ بِفَتحِ خَیبَرَ اَم بِقُدومِ جَعفَر

“Bilmirəm Xeybərin fəthinə sevinim, yoxsa Cəfərin qayıtmasına”. (3)

Çünki hicrətin 7-ci ili Xeybərin fəth olunduğu il idi. Həmin vaxt Peyğəmbər (s) buyurub: “Bilmirəm bu hadisəyə sevinim, yoxsa o biri hadisəyə”. Yəni səfərdə olan həmin şəxsin qayıtması Xeybərin fəthi qədər əhəmiyyətli idi. Xeybərin fəthi çox heyrətləndirici bir hadisə idi. Ümumiyyətlə, Peyğəmbərin (s) fəthləri tarixində (məsələn, Məkkənin və ya buna bənzər fəthlərin) Xeybərin fəthi ən önəmli, ən əhəmiyyətli zəfərlərindən biri olmuşdur. Peyğəmbər (s) buyurub ki, “Bilmirəm daha çox Xeybərin fəthinə sevinim, yoxsa Cəfərin gəlişinə”. Buradan da məlum olur ki, Peyğəmbər (s) Cəfəri çox istəyib. Yəqin ki, siz də (4) bu hədisi oxumusunuz:

اَشبَهتَ خَلقی وَ خُلقی

“Sən həm görünüşcə, həm də xasiyyətcə mənə daha çox oxşayırsan”. (5)

Peyğəmbər (s) hələ həyatda ikən ona ən çox oxşayan şəxs Cəfər olub. Həm əhli-sünnə, həm də şiə mənbələri Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir:

“Sən həm görünüşcə, həm də xasiyyətcə mənə oxşayırsan”.

Bəli, Peyğəmbər (s) onu çox istəyirdi, amma buna baxmayaraq, Mədinəyə qayıdar-qayıtmaz onu döyüşə göndərib, özü də onun şəhid olacağını bildiyi halda! Bu olduqca mühümdür. Peyğəmbərin (s) özünə yaxın, sevimli birindən vaz keçməsi, məncə, olduqca çox əhəmiyyətli, diqqətəlayiq bir nüansdır: yəni o, 7 il sonra Mədinəyə gəlib və hicrətin 8-ci ilində şəhid olub. Həzrət Cəfər ibn Əbi Talib hicrətdən sonra təxminən bir ildən bir neçə ay az, ya çox Mədinədə yaşayıb. Məncə, bu da digər maraqlı və mühüm nüanslardan biridir.

Başqa bir məqam da budur ki, onun şəhadəti haqqında Peyğəmbərə (s) qeybdən xəbər çatdıqda – yəni yerdəkilər Peyğəmbərə (s) xəbər çatdırmamışdan qabaq, səmadan o Həzrətə (s) xəbər gəldikdə – o, Əsma binti Uməysin evinə gəlib. Abdullah (6) və digər uşaqlar o vaxtı hələ kiçik idilər. Peyğəmbər (s) evə daxil olub və uşaqların başına sığal  çəkib. Əsma ağıllı qadın idi, soruşub: “Ya Peyğəmbər (s), Cəfərə nəsə olub ki, siz uşaqlarla belə davranırsız?” Peyğəmbər (s) buyurub: “Bəli, Allah-Taala onu şəhadətə çatdırdı”. (7) Cəfər şəhid oldu. Əsma ağlamağa başlayıb. Peyğəmbər (s) buyurub ki,  “Ağlama”. Ya “ağlama” deyib, ya da buna oxşar bir söz deyib; hər halda, ona təsəlli verib buyurub ki, “Allah-Taala Cəfərə iki qanad verdi və o, indi Cənnətdə mələklərlə birgə uçur”. Budur onun məqamı. Bunu deyər-deməz Əsma deyib: “Ya Peyğəmbər (s), bu sözü insanlara deyin, camaat qarşısında deyin”. Peyğəmbər (s) də “yaxşı”, – deyib. Camaatı çağırıblar. “Peyğəmbər (s) danışmaq istəyir”, – deyiblər. İnsanlar toplaşıb. Peyğəmbər (s) buyurub ki, “Cəfər şəhid oldu və vəziyyət belədir”. Bu bir dərsdir. Biz şəhidlərimizə qarşı laqeyd olmamalıyıq. Bütün bunlar onu göstərir ki, biz şəhidlərimizin fəzilətlərini açıqlamalıyıq, anlatmalıyıq. Bunlar həzrət Cəfərin həyatından bir hissədir. Bu mövzuları insanlara danışmalıyıq. 

Əlbəttə, insan həzrət Cəfərin hekayəsindən hissə-hissə maraqlı şeylər başa düşür. Onlar Həbəşistana getdikdən sonra Əmr ibn As və digəri (8) onları şərləmək üçün ora yollanıblar. Nəcaşi onları çağıtdırdı, dedi: “Gəlsinlər, görək nə istəyirlər?” Nəcaşinin onları çağırdığını gördükdə özlərini itiriblər, təşvişə düşüblər ki, Nəcaşinin yanına getdikdə ona nə desinlər. Bir-biri ilə danışıb bu nəticəyə gəliblər: “Biz Allahın Peyğəmbərə, Peyğəmbərin də bizə dediyini deyərik. Biz də elə həmin şeyi deyərik. Özümüzdən heç bir şey demərik, nə isə gizlətmərik. Allah nə deyibsə, biz də onu deyərik”. Gəliblər, aralarında o məşhur dialoq və həzrət Cəfərin o heyrətləndirici söhbəti baş verib. Bu söhbətdən təsirlənən Nəcaşı ağlamağa başlayıb. Bunu görən qureyşlilər deyib ki, biz elə iş görməliyik ki, onlar çarəsiz qalsınlar; çıxılmaz vəziyyətə düşsünlər. Onlar Nəcaşinin yanına gəlib, bunların İsa (ə) haqqında yaxşı fikirdə olmadıqlarını söyləyiblər. Nəcaşini maraq götürüb ki, görən onların nəzəri nədir; əmr edib ki, gəlsinlər. Onlara deyiblər ki, “Gəlin, Nəcaşinin sizə İsa (ə) haqqında sualları var”. Onlar bu dəfə də “Nə edək, nə deyək?” deyə, özlərini itiriblər! Aralarındakı söhbətdən sonra belə ortaq məxrəcə gəliblər ki, desinlər: “Allah-Taala İsa (ə) haqqında nə buyurubsa, biz də onu qəbul edirik”. Gəliblər; Cəfər ibn Əbi Talib “Məryəm” surəsinin “Kəf, Hə, Yə, Əyn, Sad” (9) ayəsini oxuyub. Yenə də Nəcaşi ağlayıb, göz yaşı töküb.

Bu da başqa bir məqamdır. Yəni insan hansısa düşmən, ya da yadelli qarşısında nə etməli, necə davranmalıdır. Ən doğru hərəkət Allah-Taalanın buyurduğu kimi rəftar etməkdir. Dünyada baş verən müxtəlif hadisələrdə biz dostlarla, düşmənlərlə, bitərəflərlə, məlumatsızlarla qarşı-qarşıyayıq; bizə suallar verir, soruşurlar. Biz isə gizlədirik, saxlayırıq, nəsə demirik, bildirmirik. Xeyr, əslində Allah-Taala nə buyurmuşsa, onu da deməliyik. Təbii ki, bu cür davranış təqiyyə ilə ziddiyyət təşkil etmir. Təqiyyənin yeri başqadır və Quranın da təqiyyə haqqındakı nəzəri məlumdur:

اِلّا اَن‌ تَتَّقوا مِنهُم تُقاة

“Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır ...” (10)

Ona görə də, fikrimcə, bu da həzrət Cəfərin həyatından əldə edəcəyimiz başqa bir məqamdır. 

Dediyim kimi, insanın yadına bu kimi məqamlar düşür. Yadıma düşmüşkən və son olaraq qeyd edəcəyim başqa bir məqam (cənablar demişkən, sizə dua edərik) Peyğəmbərin (s) Nəcaşiyə yazdığı məktub haqqındadır. Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra ona bir məktub yazıb; həmin məktub barəsində hamı nəql etmişdir. Bəziləri isə Peyğəmbərin (s) mühacirlər getdiyi vaxt Nəcaşiyə məktub yazdığını və həmin məktubu onların əli ilə ona göndərdiyini deyir. Yəqin ki, cənab bu barədə araşdırma aparıb və onun bu haqda daha çox məlumatı var. Bu məktuba mən baxdım, həzrət Peyğəmbər (s) məktubda həzrət İsanın (ə) mübarək adını çəkmişdir. Maraqlıdır ki, həmin məktubda əziz Peyğəmbərimiz (s) “İsa (ə) peyğəmbərdir”, – demir! Bu məktubda yazılmışdı ki, “İsa (ə) Ruhullahdır, Adəm (ə) kimi Allah-Taalanın üfürdüyü ruhdandır” və ondan sonra anasının mübarək adını çəkib. Yəni burada qarşı tərəfi qıcıqlandırmamaq üçün ilk mərhələdə bu barədə söz açmayıb. Əlbəttə, gizlətmir, amma inkar da etmir, sonrakı mərhələdə deyəcəkdir, amma birinci mərhələdə Quranda sözükeçən və təkidlə üzərində dayanılan məsələni vurğulayıb. Yəni o, İlahi ruhun həzrət Məryəmə (ə) üfürülməsindən yaradılmışdır. Hər halda, bu da bizim üçün bir dərsdir.

Film çəkilişinə gəlincə, idarəmizdən olan dostlarımız burada iştirak edir, qoy onlar həzrət Həmzə və həzrət Cəfər haqqında “Seda və Sima” teleradio şirkətinin məsul şəxsləri ilə danışsınlar. Onlar mövzu axtarırlar; özləri demişkən “ssenari axtarırlar”. Bundan daha yaxşı mövzu? Bunlar tarixi iftixarlarımızdırlar, eyni zamanda da real şəxsiyyətlərdirlər, “Cumonq” kimi təxəyyül məhsulu deyillər. Amma “Cumonq” kimi siyasi, hərbi sahələrdə savaşmış, mübarizə aparmış, döyüşlərdə iştirak etmiş və sonra da şəhid olmuşlar. İncəsənət sahəsində, film, serial çəkilişlərində bu mövzulardan sözün həqiqi mənasında tamamilə istifadə etmək olar. Ümid edirəm ki, bu iş də həyata keçirilər.

Bir daha hörmətli cənablara, həm “Camiətul-Mustafa” universitetinin rektoruna təşəkkür edirəm. Bu universitet həqiqətən də Allah-Taalanın ölkəmizin teoloji sahəyə olan nemətlərindən biridir. Mən “Camiətul-Mustafa” haqqında da bəzi məsələlərə toxunmuşdum, tapşırmışdım ki, cənablar sizinlə danışsınlar, diqqətinizə çatdırsınlar. İndi bilmirəm deyiblər, yoxsa sonradan deyəcəklər. Həm bu sahədə bir sıra işlər görən cənab Rəfiiyə, digər dostlara, həm də iştirakçılara səmimi qəlbdən minnətdarlığımı bildirirəm. İnşallah, Allah-Taala bu işləri layiqincə həyata keçirə bilməniz üçün hamınıza kömək olsun, yardım etsin.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 

____________________

(1) Görüşün əvvəlində Höccətul-İslam vəl-müslimin Əli Abbasi (“Camiətul-Mustafa” universitetinin rektoru), Höccətul-İslam Naser Rəfii (“Camiətul-Mustafa” universitetinin “İslam tarixi və sivilizasiyası ali təhsil kompleksi”nin direktoru və konfransın sədri) məruzə ilə çıxış etmişlər. 
(2) “Əhzab” surəsi, 37-ci ayədən
(3) “Kəşful-Ğummə”, c. 1, səh. 373
(4) Konfransın sədri
(5) “Kəşful-Ğummə”, c. 1, səh. 99
(6) Abdullah ibn Cəfər
(7) “Əl-Məhasin”, c. 2, səh. 419
(8) İmarə ibn Vəlid
(9) “Məryəm” surəsi, 1-ci ayə
(10) “Ali İmran” surəsi,  28-ci ayədən