و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz. Sizin hamınızı, eyni zamanda ölkənin dörd bir yanında məni eşidən hər kəsi salamlayıram. Bəsic haqqında bir neçə cümlə demək istəyirəm. “Bəsic” təşkilatı ölkəmizdə yaradılmış misilsiz bir fenomendir. Ona qədər dünyanın heç bir yerində, heç bir ölkədə bu formada bir təsisat olmamışdı, Bəsic müstəsna bir təzahür idi. Mən bunu müxtəlif cəhətlərdən açıqlamaq, izah etmək istəyirəm. Bəsic təqlidçi, haradansa kopiyası çıxarılmış bir təşkilat deyildi. Bu təzahür bizim öz milli mədəniyyətimizə, tariximizə əsaslanırdı. Mənim qeyd etmək istədiyim birinci məsələ budur və bu sözümdən çıxan nəticə də odur ki, Bəsic orijinal olduğu üçün qalıcıdır. Bu, yox olub aradan gedəcək bir fenomen deyil. Köklü-köməcli olduğu üçün möhkəmdir, qalıcıdır; bu xalqın özünə, tarixinə, bu milli kimliyə, İrana aiddir.
Bu, bir mədəni şəbəkələşmədir. Əslində, Bəsic mədəni, ictimai və əlbəttə ki, hərbi şəbəkədir. Bu gün “Bəsic” adı çəkilərkən hər şeydən əvvəl onun hərbi aspekti ağıla gəlir. Halbuki Bəsicin hərbi aspekti, bütün əhəmiyyətinə rəğmən, mədəni və sosial aspektlərindən heç də artıq deyil. Bu şəbəkəni İmam Xomeyni qurub, bu onun təşəbbüsüdür. Nə vaxt qurub? Ölkəmiz böyük bir təhdidlə üz-üzə olduğu zaman. Bu bizim dahi İmamımızın (r) özünəməxsus cəhətlərindən biri idi. Sizin əksəriyyətiniz İmamı (r) görməmisiniz. Dahi liderimiz İmam Xomeyniyə xas olan cəhətlərdən biri bu idi: o, təhdidləri fürsətə çevirməyi bacarırdı. Burada da eynilə o cür oldu. 1358-ci ilin 13 abanında (red.04/11/79) casus yuvası ifşa olundu. O dövr üçün dünyanın bir nömərli gücü sayılan Amerika ölkəmizə qarşı savaşa, diş göstərməyə, təhdid və sanksiyalara başladı. Bütün bu təhdidlərə baxmayaraq, İmam (r) azər ayının 5-də (red. 26 noyabr ) – yəni o hadisədən təxminən 22-23 gün sonra Bəsicin yaradılması haqqında fərman imzaladı. Yəni ölkənin yenicə inqilab etmiş olduğu, demək olar ki, özünümüdafiə üçün heç bir imkanı olmadığı, üstəlik o cür böyük təhdidlə qarşı-qarşıya qaldığı bir vaxtda, elə bir şəraitdə İmam (r) gözlənilmədən vətən torpağına bu pak ağacı əkdi, ölkənin ictimai, nizami və mədəni həyatına bu pak qurumu – Bəsici gətirdi. Təhdidi fürsətə çevirdi.
Dedik ki, Bəsicin çoxsaylı cəhətlərindən biri də onun hərbi aspektidir. Qeyd etmək istərdim ki, Bəsic bir məktəbdir, bir təfəkkür tərzidir, bir ideologiyadır. Əslində, Bəsic bir mədəni-ideoloji şəbəkədir. Bu gün Bəsic hərbi, ictimai, elmi sferalarda müəyyən işlər görürsə – ki görür də – bu onun əsasını təşkil edən ideologiya və məntiqdən qaynaqlanır. Bəsicin əsasında duran həmin o ideologiya və məntiqi iki kəlmə ilə izah etmək istəsəm, deməliyəm ki, o iki kəlmə bunlardır: iman və özünəinam. Yaxud bunu Allaha və özünə inam kimi də ifadə etmək olar. Bəsicin əsasında bu iki şey durur. Bəsic Allaha və özünə inam üzərində qurulub. Bu gün, sabah və gələcəkdə bu ağac nə qədər çox bar versə, bilmək lazımdır ki, bu bar-bəhər həmin o iki şeydən qaynaqlanır: Yaradana və özünə inam. Bəsicin əsaslandığı bu iki prinsipdən irəli gələn bir çox xüsusiyyətləri var: Bəsic ehtişamlıdır, təşəbbüskardır, operativdir, baxış spektri genişdir, düşməni tanıyır, müxtəlif manevrlər qarşısında həssasdır – bütün bunlar Bəsicdə var, lakin Bəsicin bu və digər üstün cəhətlərinin hamısı həmin o iki xüsusiyyətindən qaynaqlanır. Bu məsələ ətrafında dərindən düşünüb müzakirə etsək, çox aydın bir şəkildə məhz bu nəticəyə gəlmiş olarıq. Əlbəttə, mən bir şeyi də qısaca qeyd etmək istəyirəm: Allaha inam deyiriksə, bu inam nəticə etibarilə Allah qarşısında təslimiyyəti, Allaha təvəkkülü, Allahın vədlərinə sözsüz etibar etməyi tələb edir. Allaha inam budur: əvvəla, Allaha təslim oluruq, ikincisi, Allahın köməyinə arxalanıb məhz Onun köməyinə ümid edirik, üçüncüsü, Allahın bizə verdiyi vədlərin doğruluğuna qeyd-şərtsiz inanırıq. Məsələn:
اِن تَنصُرُوا اللهَ یَنصُرکُم
“Əgər Allaha yardım etsəniz, O da sizə yardım edər”. (2)
Bu, Allaha inam barədə.
Özünəinama gəlincə; özünəinamın, özünə güvənməyin, özünü qəbullanmağın nəticəsi budur ki, insan özündə olan potensialı kəşf edir. Çox vaxt biz öz potensialımızdan xəbərsiz oluruq. Hətta fiziki cəhətdən nəyə qadir olduğumuzu bilmirik; o da ola intellektual, mənəvi və emosional potensialımız. Özünəinam bizim diqqətimizi potensialımıza yönəldir, daha sonra bu potensialın qədrini bilməyə, ardınca isə potensialımızı işlətməyə başlayırıq. Bu barədə misal gətirəcək nümunələr çoxdur, sadəcə, söhbəti uzadıb xırdalıqlara varmaq istəmirəm.
Əlbəttə, istər ayrı-ayrı Bəsic üzvləri, istərsə də bütövlükdə qurum olaraq Bəsic səviyyəsində az öncə qeyd etdiyim “Allaha inam” mövcud olduqda Allahın Quranda vəd etdiyi bir həqiqət insanın gözü önündə canlanır:
وَ لِلهِ جُنودُ السَّماواتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَلیماً حکیما
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (3)
Digər bir yerdə;
وَ لِلهِ جُنودُ السَّماواتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَزیزاً حکیما
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (4)
Ayənin ərəbcəsində işlənən “əziz” kəlməsi hər zaman qələbə çalan, heç bir vaxt məğlub olmayan varlıq mənasındadır. “Əziz” sözünün mənası budur.
وَ لِلهِ جُنودُ السَّماواتِ وَ الاَرض
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”; yəni varlıq aləminin bu saysız-hesabsız elementləri hamısı Allahın ordusudur. Biz Allahın həqiqi bəndəsi olsaq, bu ordular bizim köməyimizə gələ bilər. Bu, Allahın və təbiətin qanunlarındandır. Əlbəttə, bu ilahi orduların komandanlığı bizə aid deyil ki, istədiyimiz vaxt onlardan istifadə edə bilək. Komandan Allahdır. İntəhası, o komandan müəyyən xüsusi şərtlər daxilində, biz buna hazır olduğumuz halda öz ordularını bizim ixtiyarımıza verir. Quran bunu bizə açıq-aydın şəkildə deyir:
بَلیٰ اِن تَصبِروا وَ تَتَّقوا وَ یَأتوکُم مِن فَورِهِم هٰذا یُمدِدکُم رَبُّکُم بِخَمسَةِ آلافٍ مِنَ المَلائِکَةِ مُسَوِّمین
“Bəli, əgər səbir edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər”. (5)
Siz hazır olsanız, Allahın mələkləri belə köməyinizə gələr. Biz bu köməyin şahidi olmuşuq. Müqəddəs Müdafiədə, ondan əvvəl, ondan sonra, siyasət meydanında da, müharibə meydanında da, elmi inkişaf müstəvisində də Allahın bizə necə yardım etdiyini görmüşük. Allahın köməyini harada görmək olar? O yerdə ki, siz özlüyünüzdə qeyri-mümkün hesab etdiyiniz bir iş görürsünüz və o iş mümkün olur, reallaşır. Bəli, bunlar Bəsic qüvvələrinin Allaha inamı ilə bağlı xüsusiyyətlərdir. Qeyd etdik ki, bu cəhətlər həm bütövlükdə Bəsic təşkilatına, həm də ayrı-ayrılıqda hər bir bəsiciyə aiddir: özünəinam, özünün fiziki, intellektual və psixoloji imkanlarına bələd olmaq, öz iradəsinin, qərar qəbul etməkdə qətiyyətinin qədrini bilmək, düşmənin iradəsi qarşısında əyilməmək.
Bizim varlığımızda elə bir amil var ki, çox vaxt ondan xəbərsiz oluruq. O hansı amildir? İradə gücü, qərar qəbul etmə qətiyyəti. Bizim iradəmiz, iradə gücümüz var. Bir insanın iradəsi bəzən o qədər güclü ola bilər ki, o insan hətta nəsə yarada, nəsə ərsəyə gətirə bilər. O güc bizdə var, lakin onu tanımırıq, qədrini bilmirik, inkişaf etdirmirik. İnsan varlığındakı bu daxili və fitri gücü tanımaq Bəsic məktəbində, bəsici həyat tərzində üstün bir cəhət, məziyyət hesab olunur. Sadaladığım bütün bu keyfiyyətlər – düşmənin iradəsi qarşısında əyilməmək, öz iradəsinə üstünlük vermək, özünəinamlı olmaq, özünəməxsus olan cəhətləri bilmək – bunlar hamısı imperializmin dünya xalqları üçün qurduğu planın tam əksidir. Onların istəklərinə tam ziddir.
Dünya imperializminin, yəni qlobal imperializmin, Yer üzündəki imperialist güclərin xalqlar üzərində öz ağalığını qurmaq üçün gördüyü ilk işlərdən biri o xalqların imkan və bacarıqlarını inkar etmək, onları alçaltmaqdır. Bu da Quranda var; Firon haqda danışılarkən buyurur:
فَاستَخَفَّ قَومَهُ فَاَطاعوه
“Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz)”. (6)
Hərçənd o, hazırda dünyada ağalıq edən “hökmdarlardan” daha nəcib idi. Amerikanın “hökmdarı”, Avropanın “hökmdarları” – hamısı hökmdardır da; Firon onlardan daha şərəfli idi. O nə edirdisə, yalnız öz xalqına edirdi, bunlarsa bütün dünya xalqlarının başına oyun açır. “فَاستَخَفَّ قَومَهُ فَاَطاعوه” – öz qövmünü yelbeyin yerinə qoydu, alçaltdı, əzdi, üstün cəhətlərini inkar etdi.
اَ لَیسَ لی مُلکُ مِصرَ وَ هذِهِ الاَنهارُ تَجری مِن تَحتی
“Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! ” (7)
Nəticədə qövmü Fironu daha yüksəkdə gördüyü üçün ona itaət etdi. Müstəmləkəçilərin planı budur: sizin tarixinizi, sizin kimliyinizi, sizin imkan və bacarıqlarınızı inkar etmək. Siz ingilislərin ixtiyarında olan neftinizi milliləşdirmək istədikdə, ölkə daxilindəki trolları gəlib danışa, yaza ki, “Nə danışırsınız?! Məgər bunlar Abadan Neft Emalı Kompleksini idarə edə bilər?! İranlılar heç saxsı aftafa da istehsal edə bilməz!” Xalqları bu cür alçaltmaq niyyətindədirlər. Bəsic isə bunun tam əksidir. Bəsic ideologiyası xalqın bu şəkildə alçaldılmasına tam ziddir. İmperialistlər öz ağalığını qurmaq üçün milli inancları manipulyasiya edirlər. Xalqın bir tarixi, inancı, etiqadı, görkəmli şəxsiyyətləri varsa, bunlar üzərindən manipulyasiya edir, alçaldır, məhv edirlər.
Mənim əzizlərim, qardaşlarım, bacılarım, övladlarım! İran uzun illər boyu, xüsusilə də Qacarlar və Pəhləvilər dövründə təhqir olunub. İslam İnqilabı isə gəlib və o səhifəni çevirib. I Dünya müharibəsindən sonra Parisdə dünyadakı vəziyyətlə bağlı qərar qəbul etmək məqsədilə, çoxsaylı dünya ölkələrinin iştirak etdiyi bir konfrans təşkil olunub. İştirakçılar müharibəyə qatılmış, yaxud savaşdan zərər çəkmiş ölkələr idi. İran da I Dünya savaşından zərər şəkmiş bir ölkə qismində həmin konfransa heyət göndərib, lakin iranlı nümayəndələri konfransa buraxmayıblar. Bu cür alçaldırdılar; vaxt vardı, İran xalqı bu cür təhqir olunurdu. Bəsici təfəkkürü bu baryeri darmadağın edir, bu son dərəcə təhlükəli psixoloji silahı neytrallaşdırır. Bəsici təfəkkürü insanımıza özünəinam bəxş edir. Bir gənc, bir yeniyetmə var olduğunu, bacarıqlı olduğunu hiss edir. Bu, özünəinam tərəfi; Allaha inam tərəfini də az öncə qeyd etdim; bilir ki, bütün varlıq aləmi Yaradanın ordusudur:
وَ للَهِ جُنودُ السَّماواتِ وَ الاَرض
“... göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır...” (8)
Bilir ki, əgər Allahın yolu ilə getsə, o ordu köməyinə gələcək. Bu gün də belədir, sabah da belə olacaq. Heç şübhəsiz, bu bəsici ruhiyyəsi, bəsicilərdəki bu bacarıq, ölkəmizdə və xoşbəxtlikdən, bir sıra digər ölkələrdə, müqavimət cəbhəsinin üzvlərində mövcud olan bu bəsici əhval-ruhiyyəsi Amerikanın, Qərbin, imperializmin və sionizmin bütün siyasətlərinə qəti surətdə qalib gələcək.
Bəsic barədə bir neçə məqamı da vurğulamaq istəyirəm. Biri budur ki, İmam (r) ölkəmizdə Bəsic təfəkkürü üçün İnqilabın qələbəsindən hələ 15 il əvvəl – inqilabi hərəkat və mübarizə illərində zəmin yaratmış, bu ideologiyanı yaratmış və genişləndirmişdi. Bəsicin qeyd etdiyim bu xüsusiyyətlərinin çoxu Bəsic təşkilatının fəaliyyətindən kənar yaranır; çoxu hətta Bəsic təşkilatı rəsmən təsis edilməmişdən əvvəl ərsəyə gəlməyə başlayıb. İmam (r) 1341-ci ildən 1357-ci ilə qədər – 15-16 il ərzində bu Bəsic ruhiyyəsini, o özünəinamı, o Allaha inamı, özünə və Allaha güvəni, qələbəyə ümidi, aydın üfüqlərə göz dikməyi İran xalqına təlqin etmişdi. Daim bu barədə danışır, təkrar-təkrar deyirdi və bizim istedadlı xalqımız, bacarıqlı gənclərimiz də İmamın (r) mesajını tutdu. Bütün o zəiflədici amillərə rəğmən, bu öyrədici mesaj qəbul edildi, yavaş-yavaş bu hərəkat inkişaf etdi, genişləndi, inqilab müstəvisinə qədər gəlib çatdı və demək olar, dünyanın bütün super-gücləri tərəfindən himayə edilən bir rejimi devirməyə müvəffəq oldu. Yəni Pəhləvi rejimini amerikalılar, avropalılar, axırlarda Sovet İttifaqı himayə edirdi; hamı dəstəkləyirdi. İmkanları da geniş idi. İmam (r) xalq tərəfindən bir güllə belə atılmadan belə bir rejimi süquta uğratdı, məhv etdi, kökündən qoparıb atdı. Bəli, dünyada çevrilişlər olur, əksər hallarda da nəticəsiz olur, qalıcı olmur, amma burada silahlı qarşıdurma olmadı. Xalq qalxıb bədəni ilə, canı ilə, imanı ilə meydanlara çıxdı, meydanı öz idarəçiliyi altına aldı və hərifi meydandan uzaqlaşdırdı.
İnqilabın qələbəsindən sonra da İmam (r) Bəsici müxtəlif zərbələr qarşısında səddə çevirdi: istər Müqəddəs Müdafiədən əvvəl, istər Müqəddəs Müdafiənin özündə, istərsə də ondan sonra, istər müharibədə, səngərlərdə, istər ictimai sferada, istər elm meydanında, silah istehsalında, istərsə də beynəlxalq siyasi arenada. Bir şeyə diqqət yetirmək lazımdır ki, sosial və elmi inkişaf ölkənin siyasi gücünü də artırır. Bir xalq öz içində birliyini, əzmini, müqavimətini, meydanda diqqətəlayiq sayda fəal vətəndaşı olduğunu, elmi potensialını, sosial gücünü göstərə bilirsə, siyasi güc də qazanır. Beynəlxalq arenada qətiyyətlə danışa bilir, sözünü keçirə bilir. İmam Xomeyni – Allah ona rəhmət eləsin – bütün bu işləri həyata keçirib.
Bəsic həm Müqəddəs Müdafiədə, həm ölkənin təhlükəsizliyinin qorunmasında, həm quruculuqda, həm də elmi inkişafda əhəmiyyətli rol oynayıb. Ölkənin ehtiyac duyduğu 20 faiz zənginləşdirilmiş uran məsələsində Amerikanın xəbis planını neytrallaşdırmağa müvəffəq olan şəxslər da bəsici idilər. Şəhid Şəhriyari bəsici idi, ölkəmizin şəhid edilmiş nüvə alimləri bəsici idilər. Bu barədə çox danışmaq olar. Radiodərman preparatlarının istehsalı üçün bizə 20 faiz zənginləşdirilmiş uran lazım idi; bu, ölkəmizin zəruri ehtiyaclarından biri idi. Bir qədər varımız idi, əvvəldən tədarük etmişdik, amma tükənmək üzrə idi, almalı idik. Kimdən? Amerikadan. Amerikalılar dedilər ki, sizdə nə qədər istehsal varsa, 3/5-nü bizə verin, biz əvəzində sizə 20 faizlik uran verək. O dövrdə məşhur olan iki ölkə başçısını – adlarını çəkmək istəmirəm, bizimlə də əlaqələri yaxşı idi – vasitəçi salmışdılar ki, bu iş, bu sövdələşmə baş tutsun, amma bizim rəsmilərimiz qəbul etmədilər. 80-ci illərin ikinci yarısında olan söhbətdir. Müzakirələr getdiyi əsnada aydın oldu ki, amerikalılar kələk işlədirmişlər; başa düşdük ki, kələkbazlıq edirlər. Dərhal qarşısı alındı. Onlar İranın ehtiyac duyduğu 20 faiz zənginləşdirilmiş urana görə təslim olacağını güman etdikləri bir vaxtda ölkəmizin bəsici alimləri özləri ölkə daxilində 20 faizlik uran istehsal etdilər! Bir neçə il əvvəl mən görüşlərimizdən birində demişdim (9) ki, uranın zənginləşdirilməsi prosesində çətin olan mərhələ 20 faizə qədərdir, ondan sonrası xeyli asandır. Bizim bəsici övladlarımız, gənc alimlərimiz – özü də düşmənin daim məkrli oyunlar oynadığı bir vaxtda – o çətin mərhələni ölkə daxilində özləri keçdilər, onlara ehtiyacımız qalmadı. Bəsic bax belə meydanlarda iş görüb. Bəsic qüvvələri beynəlxalq münasibətlərdə də, səngərlərdə də, sosial sferada da, elmdə də, beynəlxalq siyasətdə də fəal olub, effektiv olub, yüksək potensial və bacarıq nümayiş etdirib.
Az öncə qeyd etdiyim kimi, bu şeylərin çoxu Bəsic təşkilatının daxilində baş verməyib, təşkilatdan kənar olub. Bizim üçün mühüm olan isə bəsici psixologiyası, bəsici məktəbi, bəsici mədəniyyətidir. Çalışın, bunu əldən verməyəsiniz. Siz bəsicilər bu gün bu ölkədə hansı sahədə olduğunuzdan asılı olmayaraq – hansısa zavodda, universitetdə, teoloji mərkəzdə, elmi tədqiqat sferasında, müharibə meydanında – fərq etməz, bu imtiyazı, bu ruhiyyəni, hər az işə başlamağa olan bu hazırlığınızı, hadisələrə qarşı bu həssaslığınızı əldən verməyin, hər zaman hazır olun. Birinci mühüm məqam budur.
İkinci məqam: müasir dünyada müxtəlif ölkələrin əksəriyyətində gənclərin düşüncəsi dalana dirənir, boşluq, mənasızlıq hiss edirlər. Məsələn, bir gəncdir, heç bir amalı, hədəfi yoxdur, həyatında mənasızlıq hiss edir. Əlbəttə, çoxları gönüqalındır, amma bəziləri incə ruhludur, həssasdır, mənasızlıq hiss edir, intiharlar artır. Yəqin ki, eşidirsiniz, statistika qarşınıza çıxır; bu gün dünyada intihar halları günbəgün artır. Səbəbi budur ki, gənclərin düşüncəsi dalana dirənir, boşluq, mənasızlıq duyurlar, qarşılarına çıxan növbənöv əngəllər qarşısında özlərini gücsüz hiss edirlər, bu gücsüzlük hissi də onları çıxılmaz vəziyyətə salır. Bəsici təfəkkürü belə “dalanları” söküb açır. Bəsici təfəkkürü və bəsici mədəniyyətinin özünəməxsus cəhətlərindən biri budur ki, çıxmazları qırır, gənclərin zehninin dalana dirənməsinə imkan vermir. Nəyə görə? Ona görə ki, bir qədər əvvəl dediyim kimi, əvvəla, o gənc özünə güvənir, öz güc və bacarığına inanır, bilir ki, əzmkar olsa, bacaracaq. İkincisi, imperialistlərin hay-küyündən qorxmur; Bəsic belədir. Görün bu gün Amerika, İsrail və digərləri müxtəlif olaylar ətrafında yalan-doğru necə hay-küylü təbliğat aparırlar! Bəcisi gənclər bu hay-küyə istehzalı təbəssüm edib qətiyyən fikir vermirlər, ona görə də qorxmurlar. Üçüncüsü, bəsici gənclərin öz amalı, hədəfi var. Hədəfsiz deyillər, öz hədəflərinə də inanırlar. Bəsici gənclərin hədəfi İslam cəmiyyəti və ondan sonra da İslam sivilizasiyasıdır. Buna doğru irəliləyirlər. Bəsici gənclərin hədəfi ədalətin bərqərar olunmasıdır. Buna nail ola biləcəklərini düşünür, bu yolda çalışıb-vuruşurlar.
Bəsici gənclər ölümdən də qorxmurlar. Özünüz bilirsiniz, Müqəddəs Müdafiədə gəlib göz yaşı töküb yalvarırdılar ki, icazə verin, döyüşə gedək. Yaşları çatmadığına görə icazə verilmirdi, ağlayıb dil tökürdülər. Bu, 35-40 ilin söhbətidir, amma elə bir neçə il bundan əvvəl müqəddəs ziyarətgahların müdafiəsi məsələsi ortaya çıxanda da eyni hal baş verdi. O vaxt nə qədər gənc şəxsən mənə məktubla müraciət etdi, bəziləri getməyə icazə almaq üçün görüşümüzə gəlirdi. İcazə verilmirdi; icazəsi olan hansısa qrupa qoşulub özlərini birtəhər o yerlərə çatdırırdılar. Yəqin ki, belə əhvalatları eşitmisiniz, oxumusunuz, xəbəriniz var. Ölümdən belə qorxmurlar. Bilirlər ki, işin o biri ucunda şəhidlik var. Şəhadətin ucalığına etiqadları var. Bu yolda dünyalarını dəyişsələr, Allah dərgahında ən ali mənəvi məqamlarda yer tutacaqlarına inanırlar. Odur ki, qarşılarında yol açıqdır, heç bir dalan yoxdur. Belə bir insan daha öz vəziyyətində çıxılmazlıq hiss etməz ki! İran bəsiciləri ona görə heç vaxt dalana dirənmir, özlərini çıxılmaz vəziyyətdə hiss etmirlər ki, nəhayət günlərin bir günü sionist rejimin varlığına biryolluq son qoyacaqlarına əmindirlər.
Daha sonrakı məqam: ölkədə bəsici günbəgün daha da gücləndirmək lazımdır; Bəsic daha da qüvvətlənməlidir. Bəsicin bayrağı xalqın hüquqlarını müdafiə bayrağıdır, həqiqəti müdafiə bayrağıdır. Bu bayraq daim yüksəklərdə dalğalanmalıdır. Bunun üçün isə köməyə ehtiyac var, güclənmək lazımdır. Bəsici necə gücləndirək? İdeologiyanı dərinləşdirməklə, keyfiyyəti artırmaqla. Bəsici gənclərin düşüncəsində bəsici ideologiyası daha da dərinləşdirilməli, daha da keyfiyyətli bir hala gətirilməlidir ki, problemlərə səthi yanaşılmasın. Kitab lazımdır, mütaliə lazımdır, debatlar, təlimlər, seminarlar lazımdır. Bütün bunlar həyata keçirilməlidir.
Bəsici gücləndirməyin digər bir aspekti də budur ki, bəsicilər ölkənin icraedici qurumlarının sağ əli, fəal bir aləti kimi hər yerdə istənilən anda işə keçməyə hazır olsunlar: hərbi sferada, elmdə, xidmət sektorunda, təlim-tərbiyə, maarifləndirmə, təbliğat, məşğulluq kimi sahələrdə. Mənə nümayiş olunan sərgidən də göründüyü kimi, bəsicilərimiz bu saydıqlarımın əksəriyyətini həyata keçirir, inşallah, bu fəaliyyətlər daha da intensiv bir şəkildə davam etdirilər. Keçmişdə də bu cür olub; geridə qoyduğumuz bütün bu illər ərzində Bəsic həmişə hökumətlərə öz köməyini göstərib, onların sağ əli olub. Əlbəttə, bəzi hökumətlər bunun qədrini bilib, bəziləri isə bilməyib. Bəsicilərdən kömək alıblar, amma onlara təşəkkür etməyiblər.
Siyasət sahəsində də eynilə; bu sahədə də Bəsicin iştirakını gücləndirmək lazımdır. Bəsicilər bilməlidirlər ki, Amerikanın regionumuzun ölkələri üçün bəyəndiyi siyasi format bir dillemadan ibarətdir: ya istibdad, ya da hərc-mərclik. Avropasayağı desək, ya diktatura, ya da anarxizm. Amerika regionumuz üçün bu dillemanı nəzərdə tutub. Nəzərdə tutduqları hər hansı bir ölkənin başında ya dedikləri ilə oturub-duracaq bir diktator olmalıdır, ya da bu olmasa, o ölkədə hərc-mərclik hökm sürməli, xalq əziyyət çəkməlidir. Bəsic bunların hər ikisinə qarşı mübarizə aparmalıdır: həm diktaturanın, həm də hərc-mərcliyin, iğtişaşların yaranmasına qarşı. Ölkədə bu ikisindən biri ortaya çıxsa, o deməkdir ki, “düşmən əllər” işə keçib və Bəsic bunun qarşısında durmalıdır. Mən Bəsiclə bağlı müəyyən məsələləri qeyd etdim, lakin bu təşkilat barədə çox danışmaq olar.
Regionumuzla bağlı bir neçə cümlə demək istəyirəm. Livan, Fələstin, Qəzza və sairədə cərəyan edən hadisələr barədə hər kəsin məlumatı var; xəbərləri görürsünüz, eşidirsiniz. Mən bu mövzuda iki məqama toxunmaq istərdim. Birincisi, dinc əhalinin evlərini bombalamaq qələbə deyil. Səfehlər elə bilməsinlər ki, insanların evlərini, xəstəxanaları, dinc əhalini bombardman etməklə qalib olublar. Xeyr, dünyada heç kəs bunu qələbə hesab etmir. Bunlar qələbə deyil. Düşmən Livanda qələbə qazanmayıb, Qəzzada qələbə qazanmayıb! Qəzza və Livanda düşmən heç vaxt qələbə qazanmayacaq! Onların etdikləri qələbə deyil, müharibə cinayətidir! Düzdür, həbs qərarı verilib, amma bu kifayət deyil. (10) Netanyahunun, İsrail rejiminin digər cinayətkar rəsmilərinin edam hökmü verilməlidir. Bu, birincisi.
İkincisi: sionist rejimin Livan, Qəzza və Fələstində törətdiyi cinayətlər onların arzuladığının əksinə nəticə verir, yəni müqaviməti daha da gücləndirir, daha da kəskinləşdirir. Bu da heç bir istisnası olmayan ümumi bir prinsipdir. Fələstinin, Livanın qeyrətli gəncləri görürlər ki, mübarizə meydanında olsalar da, olmasalar da, təhlükə altındadırlar; sıravi həkim, xəstə, fəhlə, dükançı olduqlarına baxmayaraq, hər an düşmənlə, bombardman, ölüm təhlükəsi ilə üz-üzədirlər. Belə olan halda insan üçün başqa yol qalmır ki, deyir, qoy gedim, mübarizə aparım; məcbur qalır. O axmaqlar müqavimət cəbhəsini öz əlləri ilə genişləndirir, gərginliyi özləri artırırlar; onların əməllərinin mütləq və istisnasız nəticəsi budur. Və mən bu gün deyirəm: bu gün müqavimət cəbhəsi nə qədər genişlənibsə, sabah bundan da qat-qat artıq genişlənəcək. Pərvərdigara! Muhəmməd (s) və Ali-Muhəmməd (ə) xatirinə, bütün saleh bəndələrinin arzuladığı bu müqəddəratı tez bir zamanda yetir.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________
(1) Görüşün əvvəlində Bəsic Təşkilatının sədri, briqada generalı Qulamrza Süleymani məruzə etmişdir.
(2) “Muhəmməd” surəsi, 7-ci ayə
(3) “Fəth” surəsi, 4-cü ayə
(4) “Fəth” surəsi, 7-ci ayə
(5) “Ali-İmran” surəsi, 125-ci ayə
(6) “Zuxruf” surəsi, 54-cü ayə
(7) “Zuxruf” surəsi, 51-ci ayə
(8) “Fəth” surəsi, 4-cü ayədən
(9) Rektorlar, elmi tədqiqat mərkəzlərinin, elmi-texnoloji parkların rəhbərləri ilə görüş (20.08.1394) (red.11.11.2015)
(10) Beynəlxalq Haaqa məhkəməsi bir neçə ay təxirə saldıqdan sonra cari ilin azər ayında Benyamin Netanyahu (İsrailin baş naziri) və Qalantı (İsrailin keçmiş müdafiə naziri) Qəzzada müharibə cinayətləri törətməkdə ittiham edərək haqlarında həbs qərarı çıxarmışdır.