Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İsfahan ostanının 24 min şəhidinə həsr olunmuş konqresin təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّدو علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qardaşlar, əziz bacılar və Haqq yolunun mücahidləri, xoş gəlmisiniz. Mən şəhid və mücahidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə zəhmət çəkən insanları Haqq yolunun mücahidləri hesab edirəm; yəni bu kimi işləri görməyin özü də elə Haqq yolunda bir cihaddır. 

جاهِدوا فِی اللَّهِ حَقَّ جِهادِه(2) 

Odur ki, bu cihadı layiqincə yerinə yetirin. 

İsfahan sivilizasiyamızın bütün göstəricilərində – təhsildə, memarlıqda, elm adamlarının yetişdirilməsində, qəhrəmanlıq meydanında və bu kimi sahələrdə – həmişə öndə olub. Bunların hamısı tarixdə qeyd olunub. İnqilab hadisələri göstərdi ki, İsfahan Haqq yolunda göstərdiyi fədakarlıq və cihadda da qabaqcıl olub; yəni İnqilab və Müqəddəs Müdafiə zamanı İsfahanın daşıdığı imtiyazlara misli-bərabəri olmayan başqa bir imtiyaz da əlavə olundu. 

İslam yolunda və ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən əziz şəhidlərimizin adını sadalasaq, uzun bir siyahı yaranar. Qeyd etdikləri kimi, ölkəmizin bütün şəhidlərinin 10 %-i İsfahan ostanına aiddir. İsfahan ostanı əhalinin sayına nisbətdə ölkənin digər ostanlarından daha çox şəhid vermişdir. Bəli, bunlar bir reallıqdır. Burada mühüm olan bir məqam – İsfahanda fədakarlıq ruhunun və nurani şəhidlik məktəbinin keçmişdən bu günə qədər davam etməsidir. Yəni bir vaxtlar şəhid Müddərisimiz var idi, ardınca şəhid Beheşti və onun kimiləri, sonra şəhid Xərrazi, şəhid Himməti, şəhid Şahbazi, şəhid Kazimi, şəhid Zahedi, şəhid Nilfiruşan, ya da bir neçə gün bundan əvvəl şəhid olmuş təhlükəsizlik orqanının işçiləri – onlardan üçü İsfahanlı idi – varımızdır. İsfahanda şəhadət məktəbi müəyyən bir zaman kəsimini, müəyyən bir dönəmi əhatə etmir. Məsələn, deyək ki, bir gündə 370 şəhid dəfn olundu (3) və bununla da iş bitdi. Xeyr, belə deyil. Şəhadət məktəbi İsfahanda kök salmış bir məktəbdir. Bunlar əhəmiyyətli məqamlardır. Şəhidlərin xatirəsini yaşatmaq istəyənlər, bu məqamları qabardın, bunları göstərin. Bugünkü gəncliyin, bugünkü nəslin bunlara ehtiyacı var. Onlar bunları bilməli, öyrənməlidirlər. Çünki bunlar İsfahanın kimliyinin göstəricisidir. 

İsfahanla əlaqəli mühüm məqamlardan biri İsfahanın dindarlıq məsələsidir. Əlbəttə, bəlkə də əvvəllər əziz isfahanlılarla olan bəzi görüşlərdə mən bu haqda danışmışam (4). Mən özüm o vaxt ölkənin heç bir yerində, o cümlədən elə bizim öz Məşhədimizdə belə, tayı-bərabəri olmayan dini məclislərin İsfahanda şahidi olmuşdum; bu uzun illər əvvəl olub –  50-60 il bundan əvvəl. İnsanların rəğbəti, diqqəti sayəsində Ramazan ayından başlayaraq – əzadarlıq olmayan aylarda belə – məhərrəm ayına kimi ardı-arası kəsilməyən dini məclislər təşkil olunurdu. Harada? İsfahanın bazar karvansaraylarında. Bəli, bu kimi misallar bir qədər sadə və bəsitdir. İsfahan əhalisinin dindarlığını buranın din alimlərinin uzun siyahısından anlamaq mümkündür. Bir az əvvəl mərhum ağaseyid Əbulhəsən İsfahaninin adını çəkdiniz. Bəli, o, böyük din alimi idi. Əgər siz ağaseyid Əbulhəsən İsfahaninin (Allah ondan razı olsun) İsfahandakı müəllimlərinin dövrünə nəzər salsanız, onun və Mirzə Naininin müəllimləri səviyyəsində, hamısı isfahanlı din tələbələri olan o qədər böyük alimləri var ki, insan onlar haqqında danışmaqda aciz qalır. İsfahanın özündən, Nəcəfabadından, müxtəlif kəndlərindən, Xansar kimi digər bölgələrindən – Xansar tayfasının ən böyüklərindən olan mərhum ağaseyid Məhəmmədhaşim və başqaları – İsfahana gəlmişdilər. Yəni İsfahan xalqının böyüklüyünü, dindarlığını alimlərinin adlarından ibarət olan uzun siyahıdan başa düşmək mümkündür. Bunlar 10-11-ci əsrə, Səfəvilər və Əllamə Məclisi dövrünə deyil, bizim öz əsrimizə aiddir. İsfahan xalqının dindarlığı budur! 

Burda bir məqam var, o da budur ki, biz niyə İsfahan xalqının dindarlığı üzərində israrla dayanırıq? Həmin məqam bundan ibarətdir ki, İsfahan din, şəriət, elm, sənətkarlıq, mədəniyyət və s.-nin bir-birinə birləşdiyini, düyünləndiyini əks etdirir; bunlar nəinki ziddiyyət təşkil etmir, əksinə tamamilə bir-biri ilə qarışmışdır. Bu, İranımızın sivilizasiyasından bir nümunədir. Bir vaxtlar bəşər sivilizasiyasının zirvəsində olan İran sivilizasiyası qədim zamanlardan, hətta İslamdan əvvəl də dinlə, dindarlıqla bağlı olmuşdur. Bəziləri İran mədəniyyətinin bir-birinə düyünlənən tərkib elementlərini zorla biri-birindən açmağa, dinlə elm, sənət, mədəniyyət və incəsənət arasında fasilə yaratmağa çalışırlar. Amma onlar bilməlidirlər ki, bu iş həm yanlışdır, həm də mənasız və qeyri-mümkündür. Hal-hazırda da ən qabaqcıl elmi mərkəzlərimizdə ən yaxşı gənclərimiz çalışırlar. Bu gün də elə belədir. Elə mənim öz vaxtımda da ölkəmizin ən seçkin istedadları ən qabaqcıl elmi hərəkatlarda xidmət göstərirdilər. Mərhum Dr. Çəmran (Allah ondan razı olsun) Amerikada təhsil aldığı üniversitetin elmi şöbələrində – bu barədə özü mənə danışmışdı – amerikalıların xarici tələbələrin təhsil sahəsində ən son mərhələlərə yetişməsinə icazə vermədikləri halda, o, həmin yerə kimi çatmışdı. O, kim idi? O, Çəmran idi. Dindar Çəmran, mübariz Çəmran. O, ailəsini, uşaqlarını Amerikadan götürüb mübarizə üçün Livana gətirdi, hətta bununla da kifayətlənmədi. Ailəsindən ayrılıb mübarizə aparmaq, cihad etmək üçün qaldı, nəhayət əməllərinin mükafatını aldı və şəhid oldu. Yəni İran sivilizasiyasındakı din və sivilizasiya göstəricilərinin bir-biri ilə sintezi inkaredilməz bir reallıqdır və bunun əksini göstərməyə çalışanlar mənasız yerə cəhd edirlər.

İnsafla desək, İslam Respublikasının günümüzə qədər güclənməsinin və davamlılığının səbəbi İran xalqının, gənclərimizin səy və canfəşanlığı olmuşdur; bundan sonra da belə olacaq. Bu fədakarlıqlar olmasaydı, İslam Respublikası davam gətirə bilməzdi. Əgər “İslam Respublikası” adlı bir şey qalmış olsaydı belə, öz prinsip və əsaslarını qorumaq iqtidarında olmayacaqdı. Bir çox yerlərdəki kimi, sadəcə mənasız bir fiqura, maketə çevriləcəkdi. Müxtəlif dövrlərdə, inqilabın əvvəlindən, mübarizənin başlanğıcından qələbə gününə kimi, inqilabın əvvəllərində baş vermiş müxtəlif hadisələrdən Müqəddəs Müdafiə və ondan sonra bu günümüzə qədər baş verən ayrı-ayrı hadisələrdə göstərdikləri fədakarlıqlarla sistemi qorumağı, möhkəmlətməyi və davam etdirməyi bacaran bu gənclərimiz olublar – inşallah, bundan sonra da belə olacaq – habelə elmi inkişafımız və dini hərəkatımız da onların əllərindədir. 

Mənim sizə ilk növbədə verəcəyim tövsiyəm bundan ibarətdir ki, anım mərasimlərində gördüyünüz işləri təsirli, effektiv bir şəkildə həyata keçirəsiniz. Sadəcə kitab çap etmək, film çəkmək kifayət etmir. Bəli, əziyyət çəkərək film hazırlaya bilərlər; tamaşaçısı olmaya bilər, kimsə izləməyə bilər. Film çəkmək üçün zəhmət çəkilir, pul xərclənir, amma  rejissoru yaxşı olmasa, çəkilişi keyfiyyətli, məzmunu gözəl və ürəkaçan olmasa, bu filmə heç kim baxmayacaq! Ona görə də ən yaxşı rejissoru, ən yaxşı ssenaristi, ən yaxşı sponsor və prodüseri axtarıb tapın. On film yerinə iki film çəkin. İntəhası, elə film çəkin ki, efirə verildikdə hamı yenidən yayımlanmasını istəsin. Belə işləmək lazımdır. Elə edin ki, şəhid Himmətini, şəhid Zahedini, şəhid Kazemini, şəhid Xərrazini, şəhid Rəddanipuru və digərlərini tanıda biləsiniz. Onların sayları heç də az deyil. İsfahanın adlı-sanlı şəhidləri o qədər çoxdur ki, insan hamısının adını çəkmək istəsə də qurtarmır. Mühüm məqam budur: gördüyünüz işlərin nəticəsinin faydalı, effektiv olmasına çalışın. Elə kitab çap edin ki, birinci nəşri bitər-bitməz, alıcılar ikinci və üçüncü nəşri tələb etsinlər. Axıra qədər belə davam etsin. Gördüyünüz digər işləri də beləcə həyata keçirin. 

Daha bir məqam da işinizin qoyduğu təsir gücünü ölçməkdir – bu barədə başqa şəhərdən gələn bəzilərinə bildirmişdim – yəni müşahidə aparın. Demək istəyirəm ki, gördüyünüz işlərin şahidi olan bir gəncin rəftarının, davranışının, həyat tərzinin, geyim tərzinin, camaat namazında və dini mərasimlərdə iştirakının, siyasi məsələlərə münasibətinin keçmişdəkindən nə qədər fərqləndiyini öyrənin. Əlbəttə ki, bunlar zəhmətli işlərdir, çox çətindir, amma mütləq görülməlidir. Yəni əgər işiniz real, effektiv, dolğun və mənalı olarsa, o zaman bu, Haqq yolunda edilən cihad olacaqdır. Bu işdə həmin məqamlara diqqət edilməlidir. 

Mən İsfahanın hərbi birləşmələrinin də bu kimi məsələlərdə aktiv iştirakını təklif edirəm. Məsələn, Keşikçilər Korpusunun “İmam Hüseyn”, “Nəcəf” diviziyaları, ya da “Qəməri Bəni-Haşim” briqadası – əlbəttə, hazırda bu məntəqə İsfahana aid deyil, o vaxtlar deyəsən İsfahana aid idi – ya da məsələn, ordu hissələri, 8-ci hərbi baza – bu sahədə az iş görməyib  – İsfahandakı topçuluq və digər mərkəzlər Müqəddəs Müdafiənin hadisələrini, yaxud ondan əvvəlki, ya da sonrakı dövrlərin hadisələrini işıqlandırsınlar, izah etsinlər. Hansı yollarla? Kompyuter oyunları şəklində; müasir dünyada kompyuter oyunları mesaj ötürmə vasitələrindən biridir, yəni sadəcə bir oyun deyildir. Bu iş üzrə mütəxəssislər, savadlı adamlar İranla özləri arasında savaş oyunları istehsal edirlər. Bunu elə edirlər ki, amerikalı gənc və ya yeniyetmə kompyuter önündə oturub bu oyunu oynayanda, bu oyuna baxanda özünü güclü və bacarıqlı hiss edir, bu savaşda qalib gələcəyinə inanır. Siz də belə etməlisiniz. 

Bu işi kiçik hekayələr vasitəsi ilə də çatdıra bilərsiniz. Məsələn, kimsə qısaca öz xatirələrindən danışsın. Nə haqqında? Hansısa bir cəbhə yoldaşının döyüş meydanında şəhid olduğu andan danışsın. Nə bunu danışan adam məşhurdur, nə də ki, haqqında danışılan şəxs məşhurdur. Amma siz, yaxud hansısa bir gənc bu hekayəni oxuyanda qəlbinin dərinliklərində iz buraxır, ürəyində dərin bir təəssürat yaradır. Demək istəyirəm ki, bu işlər sənətkar istəyir, sənətkarlıq, peşəkarlıq tələb edir. Fikrimcə, bu kimi işlər həyata keçirilərsə, keçmişdəki mühüm hadisələr dürüst və rassional şəkildə çatdırılarsa, bir çox problemlər öz həllini tapar və işlər də irəli gedər. Şəhidlərin xatirəsinin yad edilməsi bugünkü gənclərdə bəyənilən xüsusiyyətləri canlandırır, onlarda mübarizə ruhu yaradır. Yəni şəhid Kazeminin həyat dərsi həqiqətən də şəhid Höcəci (5) kimilərini ərsəyə gətirir; onun haqqında oxuyanda belə bir nəticə yaranır. Odur ki, inşallah, bunları həyata keçirməlisiniz. Allah-Taala işlərinizdə uğurlar nəsib etsin.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 

___________________

(1) Görüşün əvvəlində Höccətul-İslam vəl-müslimin Seyid Yusif Təbatəbainejad (Ali Məqamlı rəhbərliyin İsfahan ostanı üzrə nümayəndəsi və konqresin siyasi şurasının rəhbəri) və briqada generalı Müctəba Fəda (İsfahanın “Sahibəz-Zaman” korpusunun komandiri və konqresin baş katibi) məruzə ilə çıxış etmişlər.
(2) “Həcc” surəsi, 78-ci ayədən:  “Ey möminlər! Allah yolunda layiqincə cihad edin”. 
(3) 1361-ci il aban ayının 25-də “Məhərrəm” əməliyyatının İsfahan şəhərinə məxsus 370 şəhidi xalqın əzəmətli iştirakı ilə ehtiramla dəfn olunmuşdur.  
(4) İsfahan xalqının müxtəlif təbəqələrdən olan nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış (28/08/1401)
(5) Şəhid Möhsün Höcəci “Hərəm Müdafiəçisi” şəhidlərindəndir, İŞİD terrorçuları tərəfindən əsir götürüldükdən sonra şəhid edilmişdir.