Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, hidayət edən və hidayət olunan, seçilmiş Əhli-Beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Həzrət Siddiqeyi-Tahirənin (ə) mövlud günü münasibəti ilə hamınızı təbrik edirəm. Allaha şükürlər olsun, çox şadam ki, bu görüş bu il də baş tutdu. Bu hüseyniyyədə keçirilən bu görüş, məncə, olduqca gözəl və müstəsna görüşlərdən biridir. İctimaiyyətimizin dəyərli xanım təmsilçilərindən ibarət olan bu izdihamlı görüş öz coşqulu atmosferi və möhtərəm natiqlərin, xanımların təqdirəlayiq çıxışları ilə həqiqətən də yaddaqalan bir görüş oldu.
Çox yaxşı mövzulara toxunuldu. Mən elə indicə, buradan idarəmizin məsul şəxslərinə, araşdırma şöbəsinə bu xanımların açıqladıqları bu mövzuları ciddi şəkildə izləmələrini tapşırıram. Bunlardan bəzisi bizə – yəni birbaşa mənə və ya bizim idarəyə – bir çoxu isə dövlət qurumları və bu kimi yerlərə aiddir. Bizim idarəyə aid olanlar icra olunsun, qurumlara aid olanlar isə izlənilsin.
Çıxışlarda işarə edilən “Üçüncü qadın modeli” mövzusu inqilabçı müsəlman qadınıdır. “Virtual məkanda ailə” mövzusu olduqca gözəl və dəqiq şəkildə açıqlandı. Başqa bir xanım ictimai problemlərin ailə institutu vasitəsi ilə həlli, əhalinin sayı, əhalinin təbii artımı, doğum göstəricisi və s. bu kimi məsələlərin üzərində dayandı. Əlbəttə, özü qeyd etdi ki, iki övladı var, bu isə azdır. (2) İncəsənət sahəsində qadın məsələsinin – xüsusilə də xanımlardan birinin işarə etdiyi kimi – bunların İran mühitini tərənnüm edən kino və dramaturgiyada öz əksini tapması çox mühümdür. “Evlilik məsələsinin asanlaşdırılması” mövzusu çox önəmli mövzudur. Bu, həqiqətən də günümüzdəki əsaslı problemlərdən biridir və bu xanım qızımızın da toxunduğu mövzu çox diqqətəlayiq mövzu idi. Bütün bunlar izlənilməlidir. Bunların hamısı çox önəmli məsələlərdir. Mən xanım Aidə Sururu daha əvvəl də burada görmüşdüm; o gün ona ikinci övladının şəhid olduğu xəbərini vermişdilər. Həmin gün bu hüseyniyyədə görüşümüz vardı, bu xanımı da orada görmüşdüm. Belə bir sarsılmaz ruhiyyəyə sahib olduğu üçün onu təbrik edirəm və övladlarının itkisinə görə də ona başsağlığı verirəm.
Burada bir neçə məsələni özüm üçün qeyd etmişəm, inşallah, vaxt çatdığı qədər onları diqqətinizə çatdırmağa çalışacağam. Bir neçə cümlə həzrət Siddiqeyi-Tahirə (s) haqqında danışacağam, ardınca İslam nöqteyi-nəzərindən günümüzün mühüm qlobal məsələlərindən olan qadın məsələsi haqqında bir-iki məqama toxunacağam. Daha sonra isə hal-hazırda regionumuzda baş verən hadisələrlə bağlı qısaca danışacağam.
Fatimeyi-Zəhra (ə) haqqında onu deyə bilərəm ki, bu əziz və gənc xanım yaradılışın möcüzələrindən biridir. Əgər insan Fatimeyi-Zəhranın (ə) şəxsiyyətinin yönlərini saya bilsə, görüb anlaya bilsə, onun heyrətamiz bir varlıq olduğuna əmin olar. O, belə bir şəxsiyyətdir. Gənc bir qız, özünün ilk gənclik çağlarından etibarən (belə ki, bir rəvayətə əsasən, onun 18 yaşında, başqa bir rəvayətə görə isə 20-22 yaş arası şəhid olduğu qeyd olunmuşdur; hər halda, bu əziz insan haqqında Peyğəmbərdən (s) və ya digərlərindən nəql olunan onun 17-18 yaş arasında şəhid olmasıdır) mənəvi, səmavi, İlahi baxımdan elə bir dərəcəyə çatır ki, onun (ə) qəzəbi Allahın qəzəbi, razılığı isə Allahın razılığına səbəb olur. Bu rəvayəti həm əhli-sünnə, həm də şiə mənbələri qeyd etmişlər; şiə kitablarındakı rəvayət belədir:
اِنَّ اللهَ یَغضَبُ لِغَضَبِ فاطِمَةَ وَ یَرضیٰ لِرِضاها
“Həqiqətən də Allah-Taala Fatimənin (ə) qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur”. (3)
Bu, bizim kitablarımızda işlənən ifadədir. Əhli-sünnə mənbələrində isə bu, birbaşa Peyğəmbərin (s) həzrət Fatiməyə müraciəti kimi nəql edilir. Peyğəmbər (s) Fatiməyə (ə) buyurmuşdur:
یا فاطِمَةُ! اِنَّ اللهَ لَیَغضَبُ لِغَضَبِکِ وَ یَرضیٰ لِرِضاک
“Ey Fatimə (s)! Həqiqətən də Allah-Taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur”. (4)
Allah-Taala sənin razılığınla razı olur, qəzəbinlə də qəzəblənir. Olduqca heyrətləndirici bir məsələdir! Bu o demək deyil ki, Allah-Taala nə vaxt qəzəblənsə, bu ali məqamlı bəndə də qəzəblənir. Xeyr, məsələ əksinədir; o, qəzəbləndiyi vaxt Allah da qəzəblənir. Əzəmətə bir baxın!
O, çətinliklər zamanı Peyğəmbərin (s) həmdərdi, şərikidir. Cihad zamanı Əmirəl-möminə (ə) yoldaşdır. İbadət zamanı mələkləri təəccübləndirib heyrətə salandır. Siyasət meydanında fəsahətlə, bəlağətlə, odlu xütbələr söyləyəndir. Fatimeyi-Zəhranın (ə) xütbələrində – istər məsciddə mühacir və ənsar qarşısında etdiyi xütbələri olsun, istərsə də Mədinə qadınları ilə söhbəti olsun – həm siyasət, həm mərifət, həm şikayət, həm də həmd-səna var. Hər şey qeyri-adidir; özü də ən yaxşı və ən gözəl sözlərlə ifadə edilir, eynilə “Nəhcül-bəlağə” xütbələrindəki kimi. O, imam Həsəni (ə), imam Hüseyni (ə), Zeynəbi (ə) böyüdüb tərbiyələndirəndir. Diqqət edin! Bu xüsusiyyətlər hamısı bir araya gəldikdə, vicdanla desək, həqiqətən də insan varlıq aləminin əzəmətli bir möcüzəsini müşahidə edir. Onun uşaqlıq, gənclik illəri, evliliyi, həyat tərzi hamısı örnəkdir; bunların hamısı zirvədə duran müsəlman qadının ən gözəl örnəkləri, nümunəsi hesab olunur. Bu, zirvədir. İslam müsəlman qadınlarını, ümumiyyətlə, bütün qadınları bu zirvəyə doğru irəliləməyə dəvət edir. Düzdür, hamı bu zirvəyə çata bilməz, amma ona doğru irəliləyə bilər. Bundan əlavə, bu, müsəlman qadın nümunəsi haqqında buradakı xanımların “Üçüncü model” olaraq adlandırdıqları ən gözəl, ən aydın və ən bədii ifadədir.
Bu bir neçə məqam həzrət Siddiqeyi-Tahirə (ə) haqqında idi.
İndi isə qadın məsələsi haqqında. Bu gün dünyada qadın məsələsinə ayrı-ayrı yönlərdən baxılır. Dünyanın hər yerində qadın məsələsinə hər bir qrup fərqli baxışla, fərqli tendensiya ilə yanaşaraq danışır. Dünya kapitalist və siyasətçiləri həyat tərzinin bütün aspektlərində olduğu kimi – o siyasətçilər də həmin kapitalistlərə arxalanır – qadın məsələlərinə də təsir göstərirlər. Keçmişdə olduğu kimi, bu gün də dünya müstəmləkəçiliyinə səbəb olan kapitalist və siyasətçilər insanların həyat tərzinin bütün yönlərinə müdaxilə edirlər. Mediaya sahibdirlər, ən nüfuzlu media şirkətləri onların ixtiyarındadır və media dilini də yaxşı bilirlər. Dünya kapitalist və istismarçılarının qadın məsələləri haqqındakı maraqları nəzəri və fəlsəfi baxışdan ibarət deyildir. Yəni belə deyil ki, onların qadın haqqında sadəcə fəlsəfi nəzəriyyələri var və həmin nəzəriyyəni də digərlərinə aşılamaq istəyirlər; xeyr, belə deyil. Onların bu maraqlarının səbəbi insanlıq hissi də deyildir. Belə deyil ki, dünyanın harasındasa bəzən qadınların fiziki cəhətdən zəiflədiyini hiss etdikləri üçün insani hissləri oyansın və onlara dəstək olmağa çalışsınlar; xeyr, bu da deyildir. Bu, hər hansısa bir ictimai vəzifəni yerinə yetirmək üçün də deyil; bunlar siyasətçi və kapitalistlərin müdaxiləsi üçün səbəb deyildir. Yaxşı, bəs səbəb nədir? Səbəb siyasi və müstəmləkəçilik manipulyasiyasıdır. Onlar daha çox manipulyasiya, daha çox müdaxilə, regionda öz nüfuzlarını daha da genişləndirmək üçün müqəddimə və örtük məqsədi ilə bu yoldan istifadə edirlər. Həqiqətdə isə bu cinayətkar və fəsad doğuran motivi fəlsəfi, nəzəri, hümanizm pərdəsi altında gizlədirlər. Bu, qərblilərin riyakarlığıdır. Bu gün dünyaya hakim olan Qərb kapitalistlərinin riyakarlığıdır. Bu riyakarlıq özünü ayrı-ayrı hallarda göstərməkdədir. Biz müxtəlif məsələlərdə, Qərbin siyasi və iqtisadi fəallarının fəaliyyətlərində bu ikiüzlülüklə, bu yalançılıq və riyakarlıqla dönə-dönə rastlaşmışıq.
Təxminən bir əsr bundan əvvəl qadının azadlıq, yaxud da maliyyə müstəqilliyi əldə etməsi üçün “Qadın azadlığı və maliyyə müstəqilliyi” məsələsini qaldırdıqlarını buna misal olaraq çəkə bilərik. Zahirdə yaxşı səslənirdi, amma hadisə əslində nədən ibarət idi? Məsələ əslində belə idi ki, fabrik və zavodlarının işçi qüvvəsinə ehtiyacı vardı, kişi işçilər kifayət qədər olmadığına görə qadınları işə cəlb etmək istəyirdilər, özü də kişilərin maaşından daha aşağı əməkhaqqı ilə! Əsas məsələ bu idi. Bu, daha çox Avropa və Qərb dairələrində formalaşdı; yəni bu, təkcə Amerikaya məxsus deyildi. Bu motivi qadının azadlıq və maliyyə cəhətdən müstəqillik əldə etməsi, ev mühitindən çölə çıxa və işləyə bilməsi üçün hümanizm pərdəsi altında gizlətmişdilər. Yəni o vaxt dünya belə bir riyakarlığa şahid oldu.
Buna digər bir misal, əlbəttə, bu sadəcə qadın məsələsinə aid deyil, Amerikada kölələrin azadlığı məsələsidir. 19-cu əsrin sonlarında, təxminən 1860-cı ildə amerikalılar Respublikaçılar Partiyasına mənsub olan sabiq prezident Abraham Linkoln iştirakı ilə “kölələrin azadlığı” şüarını səsləndirməyə başladılar. Məsələnin zahiri bu idi ki, kölələr azad olmalıdırlar. Bu işə kömək də edirdilər. O zaman Amerikada şimalla cənub arasında müharibə getdiyi üçün kölələri qanunsuz yollarla Amerikanın şimalına aparırdılar. Amma hadisənin mahiyyəti bu deyildi. İşin əsli bu idi ki, cənublular fəal şəkildə əkinçiliklə məşğul idi. Həmin yer əkin sahələrindən ibarət idi və orada qullar əməkhaqqısız işləyirdilər, yəni kölə olduqları üçün bir qarın çörəyə işləyirdilər. Şimallılar isə sənayeyə təzəcə nail olmuşdu və işçi qüvvəsinə ehtiyacları vardı. İşçilər kifayət qədər deyildi. Ona görə də öz fabriklərində həmin kölələrdən işçi olaraq istifadə etmək istəyirdilər. Bunun da bir yolu var idi, o da bu idi ki, desinlər: “Siz azadsınız, gəlin burada, fabriklərdə işləyin!” Əslində isə onları tarla köləliyindən fabrik köləliyinə çəkdilər. Məsələnin mahiyyəti bundan ibarət idi. Qərblilərin ikiüzlülüyü budur.
Bu gün də belədir. Dünyada qadın, feminizm, qadın hüququ, qadın azadlığı və qadın haqları barəsində gedən bu mövcud çaxnaşmalar işin zahiridir. Bu işlərin arxasında isə müəyyən siyasətlər, qeyri-sağlam motivlər dayanır. İndi həmin motivlər nədən ibarətdir, onların bəzisini biz bu gün bilirik, bəzisini isə sonra biləcəyik; onlar sonradan üzə çıxacaq. Lakin motiv hümanist motiv deyildir. Bu ikiüzlülük bu gün də davam edir. Motivlər sırf siyasi, istismarçı xarakter daşıyır və nüfuz üçün bir vasitədir. Əlbəttə, bu söhbətlər hazırkı görüşümüzün mövzusu deyildir.
Bəli, hal-hazırda dünyada “qadın” haqqında mühüm məsələləri müzakirə edən, amma bu müzakirələrində qeyri-səmimi olanlarla üz-üzəyik. Biz isə “qadın” məsələsi haqqında bir müsəlman olaraq danışmalıyıq, məsələyə rassional şəkildə yanaşmalıyıq, bunu cəmiyyətimizə qəbul etdirməli, düşüncələrdə kökləndirməli və həmin məntiqlə də hərəkət etməliyik. Bu bizim vəzifəmizdir və bu iş bu gün həyata keçirilməlidir. Əlbəttə, bu, inqilabın əvvəlindən görülməli idi, bu məqsədlə bir çox işlər də görülmüşdür, amma işi başa çatdırmaq, tamamlamaq lazımdır; məsələ tamamlanmalıdır. Bununla bağlı bir neçə məqama toxunacağam.
Əgər biz qadın haqqında İslam nöqteyi-nəzərindən ayrı-ayrı maddələri özündə ehtiva edən bir konsepsiya hazırlamaq istəsək, fikrimcə, bu konsepsiyada ilk qeyd olunacaq məsələ “çütlük” (zövciyyət) məsələsi olmalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, kişi və qadın cütdürlər, bir-birini tamamlayırlar, kişi və qadın bir-biri üçün yaradılıb. Bu məsələ Qurani-Kərimdə açıq şəkildə bəyan olunmuşdur:
وَ اللَهُ جَعَلَ لَکُم مِن اَنفُسِکُم اَزواجاً
“Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı ...” (5)
Buradakı “sizin üçün” ifadəsi sizə ünvanlanmışdır, yəni sadəcə kişilərə deyil, qadınlı- kişili bütün insanlara ünvanlanıb:
وَ اللَهُ جَعَلَ لَکُم مِن اَنفُسِکُم اَزواجاً
Yəni ey insanlar, Allah-Taala sizin öz cinsinizdən sizin üşün zövcələr yaratdı! Burada qeyd olunan “zövc” sözü sadəcə kişilərə aid deyil. Qurani-Kərimdə işlədilən “zövc” sözü həm kişilərə, həm də qadınlara aiddir. Mən “zövc” sözünün qadın haqqında işlədildiyi həmin ayəni də qeyd etmişəm:
یا آدَمُ اسکُن اَنتَ وَ زَوجُکَ الجَنَّة
“Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal ...” (6)
Burada işlədilən “zövc” qadın həyat yoldaşı haqqındadır, qadına aiddir. Başqa bir yerdə isə buyurur:
قَد سَمِعَ اللَهُ قَولَ الَّتی تُجادِلُکَ فی زَوجِها
“Ya Peyğəmbər! Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi”. (7)
Burada istifadə olunan “zövc” sözü isə kişiyə aiddir. Beləliklə, sizin öz cinsinizdən sizin üçün cütlər yaratdıq. Əlbəttə, bu sadəcə insanlara aid deyildir. Bunu da haşiəyə çıxaraq dedim. Əlbəttə, mütəxəssislər bunu araşdırmalıdırlar.
İslama, İslam nəzəriyyəsinə əsasən, yaradılış aləmi və insanlıq tarixi uyğunlaşma, nikah və bağlılıq təməli üzərində qurulub. Bu isə Hegel, Marks və başqalarının dialektikasının tam əksidir; belə ki, onlar yaradılış aləminin təzad üzərində qurulduğunu söyləyirlər. Onlar iddia edirlər ki, bir şey yaranır, sonra onun ziddi yaranır və bu ziddiyyətdən üçüncü bir şey yaranır. Yenə də üçüncü bir şeyin ziddi yaranır və onların ziddiyyətindən başqa bir şey yaranır və bu proses beləcə davam edir; tarix bu şəkildə irəliləyir. İslam isə deyir ki, xeyr, belə deyildir. Bir şey yaranır, sonra onunla yoldaşlıq etmək üçün başqa bir şey yaranır və bu ikisinin birgəliyindən, bu ikisinin cütlüyündən üçüncü bir şey yaranır; tarix bu şəkildə irəliləyir. Əlbəttə, qeyd etdim ki, bunun üzərində düşünmək, bunu araşdırmaq, izləmək və hara varacağını öyrənmək bu sahənin mütəxəssislərinə aiddir. Bu, mühüm məsələdir.
İnsana gəlincə, Allah-Taala qadın və kişini bir cüt olaraq yaratmışdır, yəni onlar bir-birini tamamlayırlar. Cütlüyün mahiyyəti vahid bir şeyin təşkil olunmasıdır, əks halda cütlük hesab olunmayacaq. Əgər iki fərd birləşsə, “ailə” adlı vahid bir qurumu yaradırlar. İslam düşüncə tərzinin ailəyə baxışı budur. Ailə İlahi qaydadır, yaradılışın qanunudur. Məsələn, kişi və qadının bir-biri ilə həmsöhbət, ya da bundan daha artıq münasibətdə olması “cütlük” sayılmır. Cütlük – “ailə” adlı bir qurumun yaranmasıdır, yəni “ailə qurmaq” deməkdir; cütlüyün mənası budur. Əlbəttə, İslamda ailə mövzusu üzərində təkidlə dayanılıb. Sevindirici haldır ki, İranda mövcud olan ənənəvi “İran ailəsi” sistemi də İran xalqının mədəniyyətinin qədimliyinin və qüdrətinin mühüm göstəricilərindən biridir. Demək, İslam konsepsiyasının birinci maddəsi ailənin qurulması, evlilik məsələsi, qadın və kişinin bir-birini tamamlamasından ibarətdir.
İkinci mövzu isə yaradılışın hədəfi olan “pak həyat”a çatmaq üçün bu cütlük, bu iki fərd – qadın və kişi – arasında heç bir fərq yoxdur və bu yolda biri digərindən üstün deyildir. Təbii ki, insanlar eyni deyillər. Bəzi kişi və qadınların potensialı yüksək, bəzisininki isə daha aşağıdır. Amma “pak həyat”a çatmaq üçün ayrı-ayrılıqda bir qadın və kişi olaraq aralarında heç bir fərq yoxdur. Bu da Qurani-Kərimdə mövcuddur:
مَن عَمِلَ صالِحاً مِن ذَکَرٍ اَو اُنثیٰ وَ هُوَ مُؤمِنٌ فَلَنُحیِیَنَّهُ حَیاةً طَیِّبَة
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcəyik ...” (8)
Əgər qadın və kişi gözəl işlər görsələr, iman sahibi olsalar, bu halda bərabərdirlər. Bu ayə “Nəhl” surəsində gəlmişdir. Yaxud da xanımlarla olan görüşlərimizdə dəfələrlə oxuduğum “Əhzab” surəsinin mübarək ayəsi:
اِنَّ المُسلِمینَ وَ المُسلِماتِ وَ المُؤمِنینَ وَ المُؤمِناتِ وَ القانِتینَ وَ القانِتاتِ وَ الصّادِقینَ وَ الصّادِقاتِ وَ الصّابِرینَ وَ الصّابِراتِ وَ الخاشِعینَ وَ الخاشِعاتِ وَ المُتَصَدِّقینَ وَ المُتَصَدِّقاتِ وَ الصّائِمینَ وَ الصّائِماتِ وَ الحافِظینَ فُرُوجَهُم وَ الحافِظاتِ وَ الذَّاکِرینَ اللَهَ کَثیراً وَ الذَّاکِرات
“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar ...” (9)
Qadın və kişilərdə olan on xüsusiyyəti açıqlayır. Allah-Taalaya doğru mənəvi irəliləyişdə, “pak həyat”a doğru addımlamaqda, mələkuti, tövhidi, ruhani aləmə doğru yüksəliş əldə etməkdə qadın və kişi arasında heç bir fərq yoxdur. Bu da bu konsepsiyada əks olunması lazım olan digər maddələrdən biridir.
Növbəti mövzu qadın və kişi arasında fiziki fərqlərin, yəni məsələn, kişinin boyunun daha hündür, səsinin daha qalın olmasına baxmayaraq, intellektual, potensial qabiliyyət baxımından hər iki cins sonsuz istedada malikdir və bir-birilərindən də fərqlənmirlər. Yəni elm sahəsində həm qadın, həm də kişi yarışa bilər. Belə deyil ki, kişilər qadınlardan daha biliklidir. Xeyr, tarixdə elmi cəhətdən yüksək məqamlı, görkəmli qadınlar olmuşdur. Günümüzdə isə qadınlar həm universitetlərdə, həm də teoloji mərkəzlərdə yüz qat daha çoxdurlar. Həm elmi, mədəni, intellektual, innovativ baxımdan, həm də ictimai, ideoloji, siyasi və iqtisadi baxımdan aparıcı rol oynamaq kimi potensiallar – istər qadın, istərsə də kişi olsun – hər iki cinsdə vardır. Demək, qadın bu kimi sferalarda fəaliyyət göstərə bilər; bəzi hallarda isə iştirakı həm lazımdır, həm də vacibdir. Bəzi sahələrdə iştirakına icazə var, bəzi yerlərdə isə fəaliyyət göstərməsi vacibdir. Siyasi, iqtisadi, beynəlxalq, elmi, mədəni və incəsənət sahələrinin hamısında iştirak edə bilər. Bu da İslam konsepsiyasında qadın haqqında mütləq şəkildə öz əksini tapmış başqa bir mövzudur.
Başqa bir məsələ də budur ki, qadın və kişi ailə daxilində fərqli rollara malikdir. Bu isə birinin digərindən üstün olması demək deyildir. Məsələn, ailənin xərcini təmin etmək kişinin öhdəsindədir və bu, üstünlük səbəbi deyil. Övlad dünyaya gətirmək qadına aiddir; bu da üstünlüyə səbəb deyildir. Bunların hər biri bir imtiyazdır; qadın və kişinin sahib olduqları imtiyazlardır. Qadın və kişinin hüquqları bu əsaslarla hesablanmır, onlar bərabər hüquqa malikdirlər. Bu mövzu da Quranda qeyd olunmuşdur:
وَ لَهُنَّ مِثلُ الَّذی عَلَیهِنّ
“(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır ...” (10)
Qadın və kişi ailədə bərabər hüquqa malikdir. Yəni əgər ailəyə hüquqi nəzərdən baxsaq, hüquqi cəhətdən eyni olan iki nəfərin birlikdə yaşayıb, bir-birini tamamladığını görərik. Əlbəttə, qadın emosionallıq baxımından bir sıra xüsusiyyətlərə sahibdir. Peyğəmbər (s) qadın haqqında buyurmuşdur:
اَلمَراَةَ رَیحانَةٌ وَ لَیسَت بِقَهرَمانَة
“Qadın güldür, pəhləvan deyildir”. (11)
Qadına evdə gül kimi davranılmalı, gül kimi yanaşılmalıdır. Gülə qulluq göstərmək, onun təravəti, lətafəti, xoş qoxusu ilə ev mühitini ətirləndirmək, ondan istifadə etmək lazımdır. Bu, emosionallıq baxımından belədır, amma hüquqi nöqteyi-nəzərdən onlar bərabərdirlər. Bu da bu konsepsiyadakı digər bir məqam.
Bu konsepsiyada digər bir məsələ də bundan ibarətdir ki, qadın və kişi arasındakı ictimai münasibətlərdə bir sıra məhdudiyyətlər mövcuddur. Bu, İslamın üzərində israrla dayandığı məqamlardan biridir. Əlbəttə, bu gün Qərbdə mövcud olan bu hədd-hüdud tanımayan davranışlar da həmişə olmayıb, nisbətən yenidir; bəlkə də iki-üç əsr bundan əvvələ aiddir. İnsan 18-19-cu əsrə aid olan bəzi kitabları, romanları oxuduqda, Avropa qadınının təsvirini gördükdə, başa düşür ki, o zamanlar hal-hazırda qərblilər arasında olmayan bir sıra müəyyən qaydalar olmuşdur. İslam dini bu qaydalara əsaslanır; İslam dini hicab, iffət, naməhrəmə baxmaq kimi bu qaydalar üzərində israrla dayanır. Bu da bu konsepsiyaya daxil edilməli olan digər məqamlardan biridir.
Digər mühüm məqamlardan biri də “analıq” məsələsinin özündə ehtiva etdiyi mənəvi dəyərlə bağlıdır. Bu gün mən az öncə işarə etdiyim həmin siyasətlərin davamçılarının, yəni kapitalistlərin, istismarçıların, müstəqil cəmiyyətlərin, xüsusilə də bizim cəmiyyətin bədxahlarının təsiri altında “ana olmaq”la bağlı mənfi təsəvvür yaratdıqlarını görürəm. Kim isə “ailələlərə uşaq lazımdır” deyəndə, rişxəndlə ələ salaraq “siz qadını uşaq üçün istəyirsiniz, dünyaya uşaq gətirməsi üçün istəyirsiniz” deyirlər. Halbuki “ana olmaq” bir şərəfdir. Bir insanı böyük zəhmətlərlə ömrünün ilk çağlarında istər bətnində, istərsə də bətnindən kənarda böyütmək, əziyyətini çəkmək, onu insan olaraq yetişdirmək əhəmiyyətsiz bir məsələdir? Bu, olduqca önəmli və dəyərli bir məsələdir. Elə buna görə də İslam dini “ana olmaq” məsələsinə təkid ilə yanaşmışdır.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlib: “مَن اَبَرّ” – “Kimə yaxşılıq edim? Yaxşılıq etməkdə kimə üstünlük verim?” deyə, soruşur. Peyğəmbər (s) buyurur: “اُمَّک” – “Anana”. Şəxs yenə soruşur: “ثُمَّ” – “Sonra?” Peyğəmbər (s) yenə deyir: “Anana”. Şəxs üçüncü dəfə də soruşur: “Sonra?” Peyğəmbər (s) yenə buyurur ki, “Anana”. Peyğəmbər (s) üç dəfə “anana!” deyə, cavab verir. “Daha sonra kimə yaxşılıq edim?” soruşduqda isə Peyğəmbər (s): “Atana” deyir. (12) Yəni ata dördüncü sıradadır. Yaxud da bir nəfər Peyğəmbərin (s) yanına gəlib deyib ki, cihada getmək istəyirəm – əlbəttə, bunu da qeyd edim ki, bu hadisə zamanı kifayət qədər döyüşçü var idi – amma anam razı deyil. Peyğəmbər (s) ona deyib ki, “Anana qulluq et, bunun savabı cihadın savabından daha çoxdur”. (13) Qeyd etdiyim kimi, bu, kifayət qədər döyüşçünün olduğu vaxta aiddir. Analıq haqqı budur.
Hədislərdəki bu ifadə – “اَلجَنَّةُ تَحتَ اَقدامِ الاُمَّهات” (14) (“Cənnət anaların ayaqları altındadır”) “تَحتَ اَقدامِ” (ayaqları altında) ifadəsi metaforik (məcazi) ifadədir. “Cənnət anaların ayaqları altındadır”, yəni ananın əlindədir. Cənnəti istəyirsinizsə, ananın yanına gedin, o Cənnəti sizə verəcək. Ona sevgi göstərin, onunla mehriban davranın, qulluğunda durun, itaət edin, sözünə qulaq asın, hörmətini saxlayın ki, bu yolla o sizə Cənnəti versin. Bu da başqa bir maddə.
Bunlar İslam nöqteyi-nəzərində qadın və qadın ilə əlaqəli olan bəzi məqamlar idi. Sözsüz ki, kimsə bu mövzu ilə əlaqəli belə bir konsepsiya hazırlamaq istəsə, təxminən mühüm olan 30-40 maddəli bir konsepsiya ortaya çıxar. Mən isə onlardan bəzisini sadaladım.
Xoşbəxtlikdən ölkəmizdə bu nəzəriyyəyə istinadən İnqilabın əvvəllərindən bu günə kimi inanclı, bilikli və aktiv xanımların sayının artdığının şahidi olmuşuq. Təbii ki, mübarizənin son illərində, yəni o son aylarda və ya son bir ildə qadınların iştirakı həlledici rol oynadı; buna görə də İmam (r. ə) heç bir şəkildə geri çəkilmədi. Bəziləri mitinqlərdə qadınların iştirakının əleyhinə idi, İmam (r. ə) isə bu fikri, bu yanaşmanı ciddi şəkildə rədd etdi. Qadınların iştirakı həlledici rol oynadı; həqiqətən də lazımi nəticəni verdi. Mübarizəyə qoşulan qadınları görən kişilər, hətta ən laqeydləri belə başa düşdülər ki, onlar da meydana atılmalıdırlar. Qadınların mübarizə meydanına çıxdığını görən həyat yoldaşları, gənc övladları mübarizəyə qoşulmağı özlərinə borc bildilər. Müəyyən mənada, İnqilaba qələbə qazandıran qadınlar oldu.
İnqilabın qələbəsindən və İslam Respublikasının təşkilindən sonra da qadınlar müxtəlif sahələrdə fəaliyyətə başladılar. Bir az əvvəl xanımlar bir sıra mövzulara toxundular; həmin mövzuların olduqca əsaslı, dəqiq, diqqətəlayiq və dolğun məzmunları var idi. Şübhəsiz ki, bu konfrans iştirakçıları arasında bu kimi mütəxəssislərdən yüzlərlə, hətta daha artıq savadlı və ixtisas sahibləri vardır. Ölkəmizdə elmi, mental, innovasiya, təşəbbüskarlıq və elmi-teokratik sahələrdə nailiyyətlər qazanıb parlayan çoxlu sayda qadınlar var. Yəni həqiqətən də iş görülmüşdür. İranlı qadın göstərdiyi mətanəti, iffət-həyası ilə ölkəsinin kimliyini, mədəniyyətini, tarixi və əsil ənənələrini qoruyub saxlamağı bacardı. Universitetə daxil oldu, siyasi və beynəlxalq arenaya daxil oldu, amma əxlaqsızlığa yol vermədi. Bu, çox önəmlidir. Bu gün bir çox Qərb ölkələrində qadınların üzləşdikləri o problemlərin təsiri altına düşmədi, onlara məruz qalmadı. İranlı qadın bu günə kimi bu cür hərəkət etmiş və bundan sonra da belə davam edəcəkdir, inşallah. Bizim qadınlarımız bir çox böyük hadisələrdə özlərini göstərərək parladılar. Müqəddəs Müharibədə, Hərəm Müdafiəsində, ayrı-ayrı siyasi mübarizələrdə, elmi-tədqiqat mərkəzlərində, eləcə də universitetlərdə, teoloji mərkəzlərdə nailiyyətlər əldə edərək parladılar, işıq saçdılar. Mən teoloji mərkəzlərdə fəaliyyətdə olduğum vaxtlarda hansısa bir qadının fiqhi ictihad səviyyəsinə çatdığını heç xatırlamıram, amma bu gün sevindirici haldır ki, müctəhid olan, ictihad səviyyəsinə çatan qadınlar heç də az deyil. Mən hətta hesab edirəm ki, kişilərin düzgün təhlil edə bilmədikləri bir çox qadın məsələlərində xanımlar müctəhid qadınlara təqlid etməlidirlər. Beləliklə, İnqilab dövründə ölkəmizdə qadınların irəliləyişi olduqca diqqətəlayiq bir irəliləyişdir. Bizim heç vaxt bu qədər qadın alimlərimiz olmayıb; heç vaxt bu qədər qadın proferssorlarımız olmayıb. Bu qədər özü də dindar qadın şairlərimiz, yazarlarımız, sənətkarlarımız, heç vaxt olmayıb. Xoşbəxtlikdən bu gün bunlar var, intəhası, diqqət etməliyik ki, düşmən də boş durmur, düşmən də planlar qurmaqla məşğuldur.
İslam Respublikasının düşmənləri İnqilabı “sərt güc” vasitələri ilə diz çökdürə bilməyəcəyini çox tez başa düşdülər, ona görə də “yumşaq güc” vasitələrinə əl atdılar. Başa düşdülər ki, müharibə, bombardman, təxribatçı qüvvələr, etnik ayrı-seçkilik və bu kimi yollarla İran İslam Respublikasını məğlub etmək, özlərinə tabe etmək mümkün deyil, odur ki, “yumşaq güc” vasitələrindən istifadə etməyə başladılar. “Yumşaq güc vasitələri” onların təbliğatları, hiyləgərcəsinə təlqin (şüuraltı mesajlar) və şüarlarında görüb müşahidə etdiyimiz qeyri-səmimilikləridir və bunlara da “Qadın müdafiəsi”, “Qadın cəmiyyətinin müdafiəsi”, “Bir qrup qadının müdafiəsi”, “Bir qadının müdafiəsi” kimi adlar qoyur və bu iddialar ilə ölkədə qarşıdurma, çaxnaşma yaradırlar. “Yumşaq güc” vasitələrindən yararlanırlar. Bizim qızlarımız, qadınlarımız, universitet müəllimələrimiz, tələbələrimiz, bütün qadın ictimaiyyəti bu sahədə cavabdehlik daşıdıqlarını bilməlidirlər. Xanımlardan biri bir az əvvəl belə bir ifadə işlətdi:
“مَن اَصبَحَ وَ لَم یَهتَمَّ بِاُمور المُسلِمینَ فَلَیسَ بِمُسلِم”
Yəni “Səhər oyanıb, müsəlmanların işləri ilə maraqlanmayan biri müsəlman deyildir. (15) Bu, sadəcə kişilərə aid deyil, qadınlara da aiddir” – dedi. Tamamilə doğrudur. Müsəlmanların diqqət etməli olduğu məsələlərdən biri də bunlardır: şüuraltı mesajlar, məkirli planlar, düşmənin istifadə etdiyi müxtəlif “yumşaq güc” üsulları və habelə bir çox məsələlərdə xüsusilə də qadınlara aid olan məsələlərdə dəyərlərdən sapdırmaq üçün istifadə edilən “yumşaq güc” vasitələridir. Bu da qadınlar haqqında bir neçə cümlə.
Bir neçə cümlə də regiondakı hadisələr haqqında demək istəyirəm. Bəziləri regionda, Suriyada baş verən prosesləri, sionist rejimin və Amerikanın orada törətdikləri cinayətləri və bir sıra ölkələrin onlara göstərdikləri yardımları görüb elə düşünür ki, artıq Müqavimət Cəbhəsinin işi bitib. Onlar çox böyük səhv edir. Seyid Həsən Nəsrullahın, Sinvarın ruhları diridir, şəhidlik onları varlıq aləmindən çıxarmadı; cisimləri yox olsa da, ruhları, düşüncələri, amalları davam edir. Görürsünüz, gündəlik Qəzzaya hücumlar olunur, hər gün şəhid verirlər! Bütün bunlara rəğmən onlar yenə də dirənirlər, yenə də mübarizə aparırlar. Livan müqavimət göstərir. Əlbəttə, sionist rejim təsəvvüründə Suriya vasitəsilə Hizbullahı mühasirəyə alaraq kökünü kəsməyə hazırlaşır. Amma kökü kəsiləcək olan İsraildir. Biz Fələstin mübarizlərinin yanındayıq, Hizbullahın haqq yolunun mücahidlərinin yanındayıq, onları dəstəkləyirik və mümkün olduğu qədər onlara kömək də edirik. Və inanırıq ki, inşallah, bir gün mücahidlər öz ayaqlarının altında xəbis düşmənlərinin tapdalandıqlarını görəcəklər!
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
________________________
(1) Görüşün əvvəlində xanımlardan ibarət 6 nəfər fəal qadın çıxış edərək öz fikirlərini bildirmişdilər. O cümlədən Aidə Surur (“Hizbullah” üzvü olmuş iki şəhidin anası) Müqavimət Hərəkatının xanımları adından müqavimətin davamı və qələbəsi haqqında müəyyən məqamlara toxunaraq çıxış etmişdir.
(2) İştirakçılar gülürlər
(3) “Əmali əs-Səduq”, 61-ci məclis, səh. 384
(4) “Əsədul-ğabə”, c. 6, səh. 224
(5) “Nəhl” surəsi, 72-ci ayədən
(6) “Bəqərə” surəsi, 35-ci ayədən
(7) “Mücadilə” surəsi, 1-ci ayədən
(8) “Nəhl” surəsi, 97-ci ayədən
(9) “Əhzab” surəsi, 35-ci ayədən
(10) “Bəqərə” surəsi, 228-ci ayədən
(11) “əl-Kafi”, c. 5, səh. 510
(12) “əl-Kafi”, c. 2, səh. 159
(13) “əl-Kafi”, c. 2, səh. 160
(14) “Müstədrikəl-vəsail”, c. 15, səh. 180
(15) “İləluş-şərayi”, səh. 13