بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Qumdan təşrif gətirən və öz isti nəfəsləri, nurani qəlbləri və əziz şəhidlərinin xatirəsi ilə hüseyniyyəmizin atmosferini ətirləndirən bütün əziz qardaş və bacılara xoş gəldin deyirəm.
19 Dey günü ilə yanaşı – bu gün mühüm bir gündür və bir az sonra bu barədə söhbət edəcəyəm – Qumun imanlı, şücaətli və fəal əhalisi ilə görüşməyin özü də bizim üçün dəyərlidir. Allah-Taaladan bu əziz insanları daima Öz mərhəmətinin kölgəsində saxlamasını və onlara uğurlar nəsib etməsini diləyirəm.
1356-cı ilin 19 Dey (red: 09.01.1979) hadisəsinin anılması iki cəhətdən zəruridir: əvvəla, ona görə ki, 1356-cı il 19 Dey hadisəsi ölkə tariximizin kulminasiya nöqtəsində duran hadisələrdən biridir. Gələcəkdə ölkə tarixinə nəzər salan hər bir kəs, bu günün ölkə tarixində ən əhəmiyyətli günlərindən biri olduğunu görə bilər; məhz bu münasibət ilə siz bu gün buraya toplaşmısınız. Çünki bu gün ölkədə əzəmətli bir hərəkat başladı və bu əzəmətli hərəkat dünyanı silkələyən, dünyanın siyasi xəritəsini dəyişdirən böyük bir İnqilabla nəticələndi. Odur ki, bu hadisə əhəmiyyət baxımından kulminasiya nöqtəsində duran hadisədir. 19 Dey hadisəsinin anılmasının ikinci zəruri səbəbi budur ki, biz 19 Dey hadisəsindən dərs almalıyıq; bu hadisədən, bu “Əyyamullah”dan (İlahi qüdrətin təcəlla etdiyi günlərdən) həm nəticə çıxarmalıyıq, həm də ibrət almalıyıq. Ona görə də sizin hər il bura toplaşmanız – istər burada olsun, istərsə də Qumda olsun – zəruridir, önəmlidir və inşallah, öz təsirini də qoyacaqdır. Mən 19 Dey hadisəsinin bu ikinci cəhəti – yəni dərslər, ibrətlər haqqında bir neçə məqamı qeyd etmişəm ki, onları sizin diqqətinizə çatdırmaq istəyirəm.
Birinci nəticə, Amerika rejiminin və dünya imperialistlərinin İranı necə bəyənməsidir, hansı İranı bəyənmələridir. Bu gün sizin də gördüyünüz kimi – daxildə, xaricdə – hər kəs hər künc-bucaqdan bir söz deyir, bu zaman başa düşməliyik ki, Amerika İranı necə görmək istəyir, hansı obrazda arzulayır, istəyir; bunu Qum hadisəsi ilə bağlı məsələlərdən başa düşmək olar.
19 Dey hadisəsindən bir neçə gün əvvəl Amerikanın o vaxtkı prezidenti Karter (1) Tehranda idi. Rəsmi iclasda Məhəmməd Rzanı həddən artıq tərifləyib dedi ki, “Bugünkü İran bu cənabın sayəsində sabitlik adasıdır”. Yəni 1356-ci ilin İranı Amerika prezidentinin nəzərində arzuolunan İran hesab olunurdu. Bəs 1356-cı ilin İranı necə idi? Mən indi bir neçə nümunəni diqqətinizə çatdıracağam.
İran xarici siyasət baxımından qeydsiz-şərtsiz Amerikaya tabe idi. O dövrdə İranda Amerikanın 50 mindən artıq hərbi müşaviri vardı. Onlar həm orduda, həm ordudan kənarda, həm kəşfiyyatda, həm də digər orqanlarda yerləşmişdilər; İranın pulu ilə keçinir, İranın büdcəsindən maaş alırdılar. Aparılan araşdırmaya əsasən, bu müşavirlərin aldıqları maaş o zamankı Təhsil Nazirliyinin ümumi büdcəsindən daha çox idi. Bu, təkcə bir nümunədir.
Amerikanın bəyəndiyi rejimin xarici siyasətinin işi bu idi ki, qeydsiz-şərtsiz itaət göstərsin, Amerika və sionist rejimin maraqlarını təmin etsin. İndi Allah istədi ki, İnqilab baş verdi, əks halda, əgər İnqilab baş verməsəydi, bir neçə il ərzində ölkənin bütün münbit düzənlikləri – sionistlərə verilən Qəzvin düzənliyi kimi – onlara verilərdi. Həmin Qəzvin düzənliyi sionistlərin ixtiyarına verilmişdi. Xarici siyasətin işi bundan ibarət idi. Bu, xarici siyasət haqqında.
Daxili siyasətə gəlincə, rejimin daxili siyasəti ölkə daxilindəki hər hansısa bir hərəkatı mütləq şəkildə boğmaq idi; sərt diktaturadan ibarət idi. O dövrün sisteminə – monarxiya rejiminə – qarşı mübarizə apardığını iddia edən bütün cərəyanlar rejimin təzyiqi altında və güc tətbiqi ilə meydandan təcrid olunmuşdu; Milli Cəbhədən tutmuş – “Milli Cəbhə” siyasi bir cərəyan idi, siyasətlə məşğul idi – Azadlıq hərəkatına qədər; bu kimi cərəyanlardan tutmuş kommunist və silahlı olan, meşələrdə məskunlaşmış “Xalq fədaisi” partizanlarına kimi hamısı yatırılmışdı.
Sizə onu deyim ki, dahi İmama (r.ə) tabe olan hərəkatdan başqa – 1353-54 cü ildən 1356-cı ilə və İnqilabın qələbəsinə qədər fəal olan dini hərəkat istisna olmaqla – ölkə səviyyəsində sözünü deyə biləcək, etiraz edə biləcək bir dənə də olsun ictimai qurum və təşkilat yox idi; hamısını yatırmışdılar. Bu, rejimin daxili siyasəti haqqında.
Ölkə iqtisadiyyatı; o dövrdə ölkə əhalisi təxminən 35 milyon nəfər idi. Gündə təxminən 6 milyon barel neft satılırdı. Məbləğə diqqət edirsiniz də! Bu gün biz bir milyon yüz min barel neft satdıqda hökumətlərimiz fəxr hissi keçirir. O vaxtı onlar bir gündə 6 milyon barel neft satırdılar, ixrac edirdilər və neftdən gələn gəlir ölkəyə daxil olub müəyyən bir təbəqənin cibinə gedirdi. Ölkədəki sosial təbəqələşmə özünü dəhşətli şəkildə göstərirdi. İqtisadçıların sinif ayrı-seçkiliyinin göstəricisi kimi müəyyənləşdirdikləri Gini əmsalı, onların zamanında 51% idi – yəni ən yüksək rəqəm idi! Bu da əhali arasında sosial təbəqələşmə yaratmışdı. Yoxsul təbəqə unudulmuşdu. Ölkənin pulu ölkəyə, xalqın rifahına, quruculuğa, yolların salınmasına xərclənmirdi. Əhalinin həyat səviyyəsi aşağı idi. Bu da iqtisadiyyat baxımından.
Elm və texnologiya baxımından; ölkə elm və texnologiya sahəsində dünyanın ən geridə qalmış ölkələrindən biri idi; geridə qalmış ölkələr arasında ən son sıralarda idi. Bizim elm və texnologiyamızın vəziyyəti bu idi.
Mədəniyyət baxımından; əxlaqsızlığın yayılması, mənəvi, dini dəyərlərdən günbəgün uzaqlaşma, Qərb mədəniyyəti, iffətsizlik ölkədə hətta Avropa ölkələrindən daha çox vüsət alırdı. O zaman özləri də mətbuatlarımızda bildirirdilər ki, burada ölkə qadınlarının geyim tərzi, davranışı və s. Avropa ölkələrindəkindən daha pisdir! Bu da mədəni vəziyyət.
İran bu cür idi; siyasi vəziyyəti bir cür, daxili vəziyyəti bir cür, xarici vəziyyəti bir cür, iqtisadi, elmi, mədəni vəziyyəti də bir cür. Amerika prezidenti belə bir İranı bəyənir, tərifləyir, təqdir edirdi və belə bir İran yaratdığına görə Məhəmməd Rzanı yüksəklərə qaldırırdı; hətta özləri də – Məhəmməd Rzanın ətrafındakılar – etiraf edirdilər ki, onun (Karterin) danışığı mübaliğə idi, amma o, bu mübaliğəni edir. Onlar İranın belə bir vəziyyətdə olmasını istəyirdilər, İran üçün belə bir vəziyyəti arzulayırdılar; bu gün də ölkə üçün bu vəziyyəti arzulayırlar. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu özləri ilə qəbrə aparacaqlar.
19 Dey hadisəsindən çıxaracağımız ikinci nəticə: Amerika hökumətinin hesablamalarında səhvə yol verməsidir. Amerikanın zahiri görünüşünə vurulanlar, Allah-Taalanın və öz xalqının mənəvi əzəmətini yaddan çıxaranlar və gözlərində Amerika cilvələnənlər buna – Amerikanın hesablamada səhvə yol verməsinə diqqət etsinlər. 1356-cı il, dey ayının 10-da (red: 31.12.1977) Karter bura gəlib çıxış etdi, rejimi təqdir edib dedi ki, bura “əmin-amanlıq adası”dır və s. Dey ayının 19-da, yəni ondan 9 gün sonra Qum hadisəsi baş verdi; yəni hesablamalarda səhvə yol verdilər.
Onlar belə başa düşürdülər və hesablamalarında da səhv edirdilər. Qum əhalisi İran xalqının adından qiyam etdi; bütün ölkədə mövcud olan bir motivlə meydana çıxdı. Bu qiyam sonralar nümayiş etdirildi və hamı da onu gördü. O gün bu hərəkatın qabaqcılları və etirazlarını bildirməyi bacaran şəxslər qumlular oldular.
İslam İnqilabı imperializmin ən mühüm səngərinin içərisindən meydana çıxdı; bu da Amerikanın səhv hesablaması idi. Çünki onlar bunu heç fikirləşmirdilər də:
وَ ظَنُّوا اَنَّهُم مانِعَتُهُم حُصونُهُم مِنَ اللهِ فَاَتاهُمُ اللهُ مِن حَیثُ لَم یَحتَسِبوا
“...Onlar (kafirlər) öz qalalarının onları Allahın əzabından qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı”. (2)
Həzrət Musanın (ə) qəziyyəsindəki kimi; Fironun evindən, sarayından Musəvi bir hərəkat başladı və bu hərəkat Firon və tərəfdarlarının məhvi ilə nəticələndi. Bura, yəni Pəhləvi dövrünün İranı Amerika mənafeyinin möhkəm qalası idi. İnqilab məhz bu qalanın içərisindən meydana çıxdı, cuşa gəldi; belə bir şey amerikalıların heç ağlına da gəlmirdi, onlar aldandılar, yuxuya daldılar, qəflətə düşdülər. Bu, Amerikanın hesablamada səhvə yol verməsidir. O gündən bu günə kimi bu bir neçə onillikdə amerikalılar əksər hallarda İran məsələlərində səhvə yol vermişdilər. Mənim bu sözlərim daha çox Amerika siyasətindən qorxanlara ünvanlanıb: qorxmayın.
Amerikalılar bu 46 ilə yaxın müddətdə bir çox hallarda İslam Respublikasına qarşı apardıqları siyasətlərdə səhvə yol veriblər. Məsələn, sanksiya tətbiq etdilər; nəyə görə sanksiya tətbiq etdilər? Sanksiya tətbiq etdilər ki, İran iqtisadiyyatını çökdürsünlər. Biz isə elm və texnologiya sahəsindəki inkişafa ən çox bu sanksiya dövründə nail olduq, ən çox bu dövrdə regional nüfuza sahib olduq, biz qarşımızda müxtəlif sahələrdə fəaliyyətə hazır olan ən çox gəncləri elə bu dövrdə gördük. Amerikanın hesablamaları səhv çıxdı. İranı iflic etmək istəyirdi, amma İran iflic olmadı. Bəli, əlbəttə, sanksiyalar ölkəyə müəyyən zərərlər vurdu; elə deyil ki, zərər vurmamış olsun, zərər vurdu. İnşallah, İran xalqı bir gün bu zərərlərin də haqq-hesabına baxacaq.
Qumluların hərəkatından əldə ediləcək ikinci nəticə haqqında mənim deyəcəklərimin xülasəsi budur ki, Qərb imperializminin beton divarı ən çox ümid etdikləri yerdən – İrandan çatladı. İslam İnqilabı həqiqətən də Qərbin divarını lərzəyə gətirdi. Cürbəcür təbliğatlarla, pulla, rüşvətlə, müxtəlif cinayətlərlə tikdikləri bu beton divarda – əlbəttə ki, bunlar hələ də mövcuddur və mütləq dağıdılmalıdır – ilk çatı İslam İnqilabı yaratdı. Bu sizin Qum hadisəsindən əldə edəcəyiniz ikinci nəticədir.
Əldə edəcəyimiz üçüncü nəticə budur ki, biz Qum hadisələrinə baxanda başa düşürük ki, o gün qumluların zehni qorunduğu kimi, özümüzü, düşüncələrimizi və ictimai rəyi düşmən təbliğatından qorumalıyıq; bu, 19 Dey hadisələrindən əldə edəcəyimiz dərslərdən biridir. Niyə? Rejim məqalələr nəşr edərək İmamı (r.ə) ittiham etdi, haqqında xoşagəlməz sözlər işlətdi. Məqsədləri nə idi? Axı hər şey onların nəzarətində idi; İmamın (r.ə) minlərlə tərəfdarı işgəncəyə məruz qalırdı, həbsxanalarda, sürgünlərdə idilər. Daha məqaləyə nə ehtiyac vardı?! Onlar bu gün də mövcud olan bir həqiqəti başa düşmüşdülər; onlar başa düşmüşdülər ki, hansısa bir xalqa yalnız “sərt güc” vasitələri ilə qalib gəlmək mümkün deyil, bunun üçün “yumşaq güc” vasitələri də lazımdır. Bu vasitələr hansılardır? Bunlar təbliğat, əsaslandırma və aydınlaşdırmadan ibarətdir. Mənim “aydınlaşdırma” üzərində bu qədər israrla dayanmağımın səbəbi budur. Onlar bu vasitə ilə xalqın qəlbini dahi İmama (r.ə) qarşı soyutmaq istəyirdilər. İmamın (r.ə) neçə min tərəfdarı zindanlarda, sürgünlərdə, təzyiq, şiddət və işgəncələr altında idi, amma bunlar kifayət etmirdi. Onlar elə bir iş görməli idilər ki, Əmirəl-mömininin məzarının yanından insanların qəlbinə ümid və hərarət bəxş edən və bu əzəmətli hərəkatı yaradan İmam Xomeyninin “Zülfüqarını” – yəni İmamın (r.ə) mübarək dilini yox etsinlər. Bu yolla vəziyyəti çətinləşdirirdilər. Çünki İmamdan (r.ə) bir mesaj, ya peyğam gəlsəydi, ruhdan düşmüş qəlblər yenidən ümidlənəcək, insanların yorğunluğu aradan qalxacaq və mübarizə meydanı daha da canlanacaqdı. Qumluların qiyamı bu planı puç etdi.
Əgər siz qumlular 19 dey günü o hərəkatı həyata keçirməsəydiniz, buna bənzər məqalə yazmalar və təhqirlər davam edəcəkdi; əvvəlcə bir şəkildə, sonra daha mürəkkəb bir şəkildə; dahi İmamdan (r.ə) başlayıb ruhani cəmiyyətinə, ruhani cəmiyyətindən də dinin özünə sirayət edib daha da irəliləyəcəkdilər. Qumlular bu hərəkətin qarşısını aldılar və bu hadisənin baş verməsinə şərait yaratmadılar. Bu gün də belədir. Bu gün də amerikalılar yaxşı başa düşüblər ki, işləri “sərt güc” ilə qabağa aparmaq olmaz. Baxın, Qəzzada bu qədər insan öldürdülər, tankları, topları, bombaları, pulemyotları, kiçik dronları və s. işə saldılar, bir çox insanları şəhid etdilər, amma hərəkatı yox edə bilmədilər. Livanda Hizbullahdan Seyid Həsən Nəsrullah kimi birini şəhid etdilər, nə qədər insanı öldürdülər – bunlar “sərt güc” vasitələridir – amma bütün bunlara rəğmən Hizbullahı məhv edə bilmədilər, bilməzlər və bilməyəcəklər də. Ona görə “yumşaq güc”dən istifadə etməlidirlər, təbliğat aparmalıdırlar. Bu, bu gün mənim üçün, siz İran xalqı üçün mühüm bir göstəricidir. “Yumşaq güc”: yalandan, saxta məlumat yaymaqdan, reallıqla ictimai rəyin düşüncə və təxəyyülü arasında məsafə yaratmaq və s.-dən ibarətdir. Siz güclənməyə doğru hərəkət edirsiniz, o isə sizin zəiflədiyinizi təbliğ edir; özü zəifləməkdədir, amma gücləndiyini təbliğ edir. Siz təhdidlərə qarşı möhkəmlənirsiniz, o isə “mən təhdidlə sizi yox edəcəyəm” deyir. Təbliğat budur. Bəzi insanlar da bunun təsiri altına düşür.
Bu gün bizim təbliğat və mədəniyyət qurumlarımız, təbliğat sferamız, Mədəniyyət və İrşad Nazirliyimiz, Televiziya və Radio şirkətimiz və virtual fəallarımız üçün ən zəruri iş budur: düşmənin iqtidar xarakterli illüziya pərdəsini parçalamaq, dağıtmaq və təbliğatının ictimai düşüncəyə təsir göstərməsinə imkan verməmək. Bu, o gün qumluların gördüyü iş idi. Onlar o gün bu vasitəni düşmənin əlindən alıb məhv etdilər; onlar elə bir iş gördülər ki, düşmən bu işi ümumiyyətlə davam etdirə bilmədi. Bu, Qum hadisəsindən əldə olunacaq üçüncü nəticə.
19 Dey hadisələrindən istifadə kontekstinin ardınca bir məsələni də diqqətinizə çatdırmaq istərdim və o da budur ki, imperializmin mahiyyəti hələ də dəyişməyib. Kimsə elə düşünməsin ki, o vaxtkı Amerika bugünkü Amerikadan, o vaxtkı sionist rejimi bugünkü sionist rejimindən fərqlidir; xeyr, ikisi də eynidir; sadəcə metod və vasitələr dəyişmişdir. O gün bu işi onlar məqalə vasitəsi ilə görürdülər, bu gün onların metod və vasitələri min dəfə daha da müxtəlifləşmiş, genişlənmiş və güclənmişdir. Biz də o gündən min dəfə daha artıq ayıq-sayıq olmalıyıq; diqqətli, ehtiyatlı olmalıyıq. Təhlükəsizliyimizi, toxunulmazlığımızı təmin etməli, düşmənin sözünə inanmamalıyıq. Məsələnin açarı budur: düşmənin sözünə inanmamaq. Əgər düşmənin təbliğatında sizə təsir etmək üçün nəzərdə tutulmuş bir söz hiss etsəniz, həmin sözü rədd edin; bilin ki, yalan danışır, yalan danışır! Əgər danışıqda aldatma əlamətlərini müşahidə etsəniz, həmin sözü dərhal rədd edin. Novruz bayramı gəlir, Amerika prezidenti İran xalqını təbrik edir! Bu təbrik həqiqidir? Aydın məsələdir ki, bu aldatma və böyük bir yalandır. Onlar milyonlarla İran xalqını məhv etməyə hazırdırlar. Özünüz də görürsünüz, Qəzza məsələsi ilə əlaqədar bir tərəfdən düşmənə pul, silah verirlər, digər tərəfdən də bəzən də, məsələn, “bu şeylər baş verməsə, daha yaxşı olardı” deyirlər. Odur ki, düşmənin sözünə inanmaq olmaz. Bunlar 19 Dey hadisəsində əldə edəcəyimiz nəticələr idi.
Digər iki-üç məsələyə də toxunmaq istəyirəm. Bir məsələ budur ki, diqqət edin əziz qardaş və bacılar, sizin vətəniniz olan İran həm təbii sərvətlər, həm insan resursları, həm coğrafi və geosiyasi mövqe baxımından dünyada strateji bir zirvədir. Bu imtiyazlara sahib bir ölkədir. Bu Allahlıqdır, Allahın işidir. Vətəndaşları, insan resursları dünyanın orta göstəricisindən irəlidədir; təbii imkanları dünyanın orta göstəricisindən daha böyükdür, coğrafi baxımdan dünyanın bir çox ölkəsindən daha strateji mövqeyə sahibdir, geosiyasi baxımdan da eləcə. İslam dünyasının mərkəzində yerləşib; İslam dünyasının ürəyidir. Bu ölkə, bu nəhəng strateji resurs, 1320-ci ilin ortalarından, yəni təxminən 80 il bundan əvvəl sizin sərvət mənbəyiniz olan İran onilliklər boyu Amerikanın ovcunda idi, Amerikaya məxsus idi, Amerikanın əlində idi. Sizin İnqilabınız bunu Amerikanın əlindən çəkib çıxartdı. Amerikanın bu hadisədən aldığı acı təcrübə unudulmazdır.
Bəziləri deyirlər ki, “Siz Amerika ilə danışıqlar aparmağa, münasibətlər qurmağa hazır olmadığınız halda, bəs niyə Avropa ölkələri ilə əlaqələr qurursunuz? Axı onlar da Amerikanın tayıdır, bunlar arasında nə fərq var ki? Onların burada səfirlikləri olduğu kimi, Amerikanın da olsun”. Xeyr, bunlar arasında fərq vardır. Fərqi isə budur ki, bura Amerikanın mülkiyyətində idi, onun ovcundan, qəbzəsindən çəkib alıblar; ona görə də onun bu ölkə və inqilaba qarşı olan kini dəvə kinidir və buradan asanlıqla əl çəkən deyil. Bu, hansısa bir Avropa ölkəsi ilə fərq edir. Bəli, Avropanın hansısa bir ölkəsi də İran xalqının əziz-xələf dostu deyildir; biz bunu bilirik, bundan xəbərdarıq, amma bu ondan çox fərqlidir. İslam İnqilabı nəticəsində Amerika möhtəşəm bir sərvəti, böyük siyasi və iqtisadi fürsəti itirdi. Bu qırx ildən artıq bir müddətdə İranı yenidən İslam Respublikasının çəngindən çıxardıb öz ixtiyarına keçirmək üçün nə qədər pul xərclədisə də, bacarmadı. Onun İslam Respublikasına qarşı olan kini digər bir ölkənin kinindən fərqlidir; çox fəqlidir. Bizim Amerika ilə digər Qərb ölkələri arasında fərq qoymağımızın səbəbi budur: Amerika İranda məğlubiyyətə uğramışdır və bu məğlubiyyətin əvəzini çıxmağa çalışır, ona görə də əlindən gələn hər cür düşmənçiliyi edir. Bu, birinci məqam.
İkinci məqam, başda Amerika olmaqla imperialistlərin bütün ölkələrin məsullarından, o cümlədən İslam Respublikasının məsullarından əsas tələbi budur ki, ölkələrinin müxtəlif məsələləri haqqında fikirləşdikdə, planlar, proqramlar hazırladıqda, Amerikanın da maraq və mənafeyini nəzərə alsınlar; bu onların tələbidir. Bizim ki, onlarla birbaşa əlaqəmiz yoxdur, amma bunu müxtəlif yollarla məsullarımıza başa salırlar. Bu uzun illər ərzində biz bunun bir sıra nümunələrini görmüşük; deyirlər ki, məsələn, gəlin filan iqtisadi, mədəni və xarici məsələdə vasitəçilik edin; siz də bu işi görmək istəyirsinizsə, bu işin dəyişməsini istəyirsinizsə, elə addım atın ki, bundan Amerika da faydalansın. Bu, Amerikanın tələblərindən biridir!
Mən isə sizə bunu demək istəyirəm ki, onların bu tələbi xalq hakimiyyətini, demokratiyanı təhdid edir. Əgər ölkəmizin rəsmiləri hər dəfə Amerikanın bu yersiz gözləntilərinə əməl etsələr, ölkənin xalq hakimiyyətini təhdid etmiş olacaqlar. Nə üçün? Çünki xalq bizə ona görə səs verib, bizi ona görə iş başına gətirib ki, biz Amerikanın maraqlarını deyil, xalqın maraqlarını həyata keçirək.
Mədəniyyət, iqtisadiyyat, inflyasiya, istehsal, valyuta, hicab və bu kimi məsələlərlə bağlı qərarlar qəbul edən şəxslər Amerikanın istəklərini, Amerika və sionistlərin mövqeyini düşünməməlidirlər, ölkənin, İslam Respublikasının maraqlarını nəzərə almağa diqqət etməlidirlər. Xoşbəxtlikdən, möhtərəm Prezidentimizin sionist rejim haqqındakı açıq və cəsur mövqeyi xalqımızı şad etdi, sevindirdi. O, həm sionist rejim haqqında, həm də Amerikanın hərəkətləri və dəstəyi haqqında açıq-aydın və qətiyyətli mövqe tutdu; bu, çox yaxşıdır. Ehtiyatlı davranmalıdırlar; ölkə rəsmiləri bu barədə mütləq ehtiyatlı davranmalıdırlar ki, İran xalqı və İslam Respublikası ilə dərin düşmənçilik aparan, İranın viran olmasını istəyən, arzulayan şəxslərin istəklərinə tabe olmasınlar.
Növbəti məsələ, “ümid” məsələsidir. Biz İlahi hidayətə, İlahi yardıma, Allah-Taalanın xalqlara bəxş etdiyi qüvvəyə ümid bəsləməliyik. Düşmənin gənclərimizin qəlbindən ümidi çıxarıb, onları ruhdan salmaq üçün göstərdikləri fəaliyyətlərinin tam əksinə olaraq, təbliğat sferasında auditoriyası olan, danışa bilən, natiqlik qabiliyyəti olan şəxslərin ən böyük və ən ümdə hədəflərindən biri bu olmalıdır: insanların qəlbində ümidi dirçəltmək və məyusedici sözlər işlətməmək. Bu, dahi İmamın (r.ə) çox əhəmiyyət verdiyi bir məsələ idi. Siz 19 Dey hadisəsinə diqqət edin, bu hadisə 19 dey günü baş verdi, Qum camaatı qiyam etdi, amma qiyam yatırıldı; insanları yaraladılar, şəhid etdilər, küçələri qana boyadılar. Bunlar 19 Dey hadisəsinə aiddir. Dahi İmam (r.ə) bəhmən ayının 2-də – yəni 12 gün sonra – Nəcəfdən İrana gəldi və xalqa mesaj göndərdi. İmamın (r.ə) mesajında bir cümlə vardı və mən onu qeyd etmişəm: “Mən İran xalqını bu oyanış, bu ayıqlıq, bu güclü ruhiyyə və misilsiz cəsarətinə görə qələbə ilə müjdələyirəm”. (3) İnsanların qiyamı Qumun küçələrində amansızlıqla yatırıldı. Belə bir halda qələbə kimin ağlına gələrdi ki? İmam (r.ə) isə mən sizi qələbə ilə müjdələyirəm deyir! İmam müjdə verir ki, siz bu işinizlə, bu hərəkətinizlə İranın altını üstünə çevirdiniz, dünya siyasətini dəyişdirdiniz. Bu, İmamın (r.ə) qələbə müjdəsi idi.
O zaman kim inanardı ki, bu hərəkət elə bir yerə çatacaq ki, İslam Respublikası kimi böyük və avanqard bir qüvvə regionda meydana çıxacaq və bacardığı qədər Qərbin bütün çirkin məqsədlərini bir-birinə vuracaq, mane olacaq, bir çox təcavüz və siyasətlərin önünü alacaqdır; kim inana bilərdi? O gün kim inana bilərdi ki, bir gün gələcək Amerikanın bayrağı Qərb ölkələrində, hətta Vaşinqtonun özündə belə yandırılacaq? Bu kimin ağlına gələrdi? O gün İmam (r.ə) buyurur ki, “Mən sizə qələbə müjdəsini verirəm”. Bu sözün mənası budur ki, biz ümid çırağının sönməsinə heç vaxt imkan verməməliyik.
Bu gün həmin iqtisadi məsələlərdə – indi də iqtisadi problemlərimiz var – təcrübəsi, məlumatı olanlar, mütəxəssislər üfüqü, gələcəyi ümidvar görürlər. Məsələn, tutaq ki, ölkənin 8% iqtisadi artım kimi siyasəti haqqında danışıldıqda bəziləri bunun mümkünsüz olduğunu deyirlər. Bir müddət əvvəl Prezidentin iştirak etdiyi iqtisadi fəallar sərgisində bu barədə iqtisadi fəalların özləri də danışmışdılar, isbat da etmişdilər və Prezident də onların sözlərini təkrarlayaraq demişdi ki, biz xarici yardıma ehtiyac duymadan 8% artıma nail ola bilərik. Odur ki, biz bütün sahələrdə gələcəyə ümidvar olmalıyıq, intəhası, çalışmadan ümidvar olmağın mənası yoxdur. Həm ümidvar olmalıyıq, həm də çalışmalıyıq; ümidvar olaq və inkişafın amillərinə uyğun da hərəkət edək; ümidvar olaq və nə istədiyimizi, nəyin ardınca olduğumuzu və buna doğru necə hərəkət etməli olduğumuzu da bilək. Ümidvar olmaq budur.
Son olaraq demək istədiyim budur ki, müxtəlif hadisələr – istər öz hadisələrimiz, istərsə də Suriya hadisəsi kimi regional hadisələr olsun – bizə Fələstin məsələsinin önəmini unutdurmamalıdır. Müqavimətin əsas məqsədi sionist rejiminin mənfur hərəkətləri qarşısında dayanmaqdır. Müqavimət budur. Müqavimət diridir, diri də qalmalı və günbəgün daha da güclənməlidir. Biz müqaviməti dəstəkləyirik; Qəzzadakı, İordan çayının qərb sahilindəki, Livan və Yəməndəki müqaviməti müdafiə edirik. Biz sionist rejiminin mənfur hərəkətlərinə qarşı mübarizə aparan, dirənən istənilən müqaviməti dəstəkləyirik.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_____________________________
(1) 1356-cı il dey ayının 10-da (red: 31.12.1977) Cimmi Karterin İrana səfərinə işarə.
(2) “Həşr” surəsi, 2-ci ayədən
(3) “Səhifeye Emam”, c. 3, səh. 316, “Qum əhalisinin 19 Dey qiyamı münasibəti ilə İran xalqına qələbə vədi mesajı” (02.11.1356) (red: 22.01.1978)
