بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ. الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, seçilmiş Əhli-Beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Bugünkü görüşümüz çox faydalı və ürəkaçan bir görüş oldu. Bir yandan görülmüş işlər, ərsəyə gətirilmiş təşəbbüslər, uğurlar, qələbələr, ümidverici məqamlar haqqında danışıldı; fikrimcə, bizim bu şeyləri eşitməyə ehtiyacımız var. Düşmənlərin qəsd-qərəzlə ölkənin xüsusi sferalarına – gənclərimizə, universitetlərimizə pessimizm atmosferi aşılamağa çalışdığını nəzərə alsaq, belə söhbətlərin həyatverici olduğunu, ümid, dinamika və inkişafa yol açdığını deyə bilərik. Digər bir tərəfdən isə şikayətlər, giley-güzarlar da dilə gətirildi; sizin kimi yoldaşlarla keçirdiyimiz görüşlərdə bu giley-güzarları da dəfələrlə eşitmişik. Onlara diqqət yetirmək, aradan qaldırılması üçün lazımi tədbirlər görmək bizim vəzifəmizdir.
Birinci məqama, yəni xoş xəbərlərə, uğurlara, həyata keçirilmiş işlərə gəlincə, düşünürəm ki, bizim ciddi media təbliğatına ehtiyacımız var. Görəsən, ölkəmizdəki gənclərin hamısının bu gün sizin burada təqdim etdiyiniz məlumatlardan xəbəri varmı? Tələbələrimiz bu barədə bilirlərmi? Görəsən, bu ölkədə işləmək, öz təsirini göstərmək niyyətində olan, özündə bu potensialı görən insanlar bilirlərmi ki, məsələn, hansısa kiçik şəhərdə kiçik bir sex açıb bir neçə il sonra onu qat-qat böyük bir istehsalat müəssisəsinə çevirmək, irəli getmək mümkündür? Bu şeylərdən xəbərləri varmı? Məncə, bizim var olanımızı, o inkişafı, o gerçəkləşmiş arzuları göstərmək baxımından nöqsanımız var. Bu sahədə media təbliğatına ehtiyac var, bu da ayrıca bir söhbətin mövzusudur, oturub ətraflı fikirləşmək, müzakirə etmək lazımdır. Giley-güzarlara gəlincə, bu barədə danışacağam.
Bugünkü görüşümüz bizim ölkənin fəal iş adamı və investorları ilə son bir neçə ildə keçirdiyimiz 5-ci görüşdür. 1398-ci ildən bu görüşləri keçirməyə başlamışıq; 1398, 1400, 1401, 1402 və bu gün – 1403-cü ildə (red: 2020-2025). Çoxunuz əvvəlki illərdə keçirilən görüşlərdə də iştirak etmisiniz. 1398-ci ildə ölkəmizə qarşı sanksiya və iqtisadi təzyiqlər pik həddə çatdığı dövrdə biz elə sanksiyalarla bağlı olaraq bu görüşü keçirmişdik ki, ölkədə iş görmək əzmində olan, istehsalı inkişaf etdirməyi qarşısına məqsəd qoymuş sahibkarlara təşəkkürümüzü bildirək və onlara deyək ki, siz iqtisadiyyatımızın ön cəbhəsinin komandanlarısınız. 1398-ci ildəki görüşdə iştirak edən dostlarımıza biz bu adı verdik, dedik ki, siz iqtisadi savaşın ön cəbhəsinin komandanlarısınız. (2) Bu gün də bizim üzləşdiyimiz ən önəmli savaşlardan biri iqtisadi savaşdır. Qeyd etdik ki, yerli istehsalın inkişafı ardıcıl surətdə davam etdirilməlidir. Hər dəfə bu görüşlər təşkil olunduqca görmüşük, məlumat almışıq – sırf kağız üzərindəki hesabatlardan yox, xəbərimiz var, bilirik ki, özəl sektor güclənib, kreativliyi artıb. Əvvəllər, özəl sektorun genişləndirilməsi ilə bağlı narahatlığımız var idi, bu gün isə artıq görürük ki, özəl sektor meydanda olduğu bu illər ərzində qazandığı təcrübə sayəsində daha böyük stimul və motivasiya ilə ölkədə istehsalatın, investisiya qoyuluşunun inkişaf etdirilməsinə maraq göstərir. Bu o deməkdir ki, biz bu 5 il ərzində irəli getmişik.
Dünən mən sərgini gördüm. Əlbəttə, sərgidə nümayiş olunanlar əslində ölkəmizdə mövcud olan reallığın kiçik bir hissəsidir. Eyni zamanda mənim baxdığım o sərgi onu göstərirdi ki, ölkə iqtisadiyyatının özəl sektoru xarici təzyiqlərə, sanksiyalara, daha ağır sanksiya təhdidlərinə rəğmən, diqqətəlayiq inkişaf səviyyəsinə nail ola bilib. O sərgi inkişafın, irəliləyişin göstəricisi idi. Allahın bizə nəsib etdiyi bu böyük nemətlərin qədrini nəyə görə bilməyək ki?! Ölkəmiz irəli gedir, inkişaf edir. İqtisadiyyatımızın özəl sektoru ölkənin inkişafının göz önündə olan göstəricilərindən, nümunələrindən biridir. Elm sahəsinə nəzər salsaq, orada da eyni reallıqla üzləşərik. Ölkədə müxtəlif sferalarda bu nailiyyətlərin şahidi oluruq. Əlbəttə, nöqsanlar, çatışmazlıqlar, problemlər də az deyil ki, onlar da biz rəsmilərdən asılıdır. Bu gün burada nazirlər iştirak edir, cənab Arif də (3) buradadır; bizim öhdəmizə düşəni bir qədər sonra qeyd edəcəyəm.
Sanksiyalara məruz qalan bir ölkə bu xətti tutmalı, işlərində bu prinsipi izləməlidir. Bu gün dünyada super-güclərin sanksiyalar tətbiq etdiyi bir neçə ölkə var. Əlbəttə ki, onların nöqteyi-nəzərindən sanksiyalar; belə ki, həmin ölkələr onlara rəğmən, sanksiya qoyulmuş o şeyləri daha münasib qiymətə və dürüst yollarla əldə edirlər. Buna baxmayaraq, sanksiyalara məruz qalan bir ölkənin vəzifəsi mümkün qədər daha çox öz daxili potensialına göz dikmək, ona diqqət yönəltmək, ondan bəhrələnməkdir. Mən təklif edirəm ki, ölkə rəsmiləri də gəlib bu sərgiyə baxsınlar. Bundan əvvəl – qabaqlar da mən bu istəyimi ifadə etmişəm. Rəsmilər görməyiblərsə, qoy gəlib baxsınlar. Hakimiyyət qüvvələrinin başçıları, müxtəlif rəsmilər gəlib bu sərgiyə baxış keçirsinlər. Ötən il mən bunu istəmişdim, şəhid prezident Cənab Rəisi – Allah ona rəhmət eləsin – bir-iki gün sonra gəlib bu sərgiyə baxmışdı. Məndən də artıq müddətdə – deyəsən, ikiqat artıq vaxt ərzində sərgidə olmuş, məndən də çox sevinib məmnun qalmışdı. Əminəm ki, digər rəsmilər – parlament və məhkəmə hakimiyyətinin rəhbərləri, müxtəlif qurumların rəsmiləri də eyni hissləri yaşayacaq.
Sərgidə nəzərə çarpan, bugünkü söhbətlərdə vurğulanan, eyni zamanda mənim də kənardan məlumat alıb bildiyim ürəkaçan bir məqam var: müəyyən məqamlarda – və bunlar heç də az deyil – görürük ki, özəl sektorun investorları şəxsi gəlirləri üçün narahat olmaqdan çox, ölkənin inkişafını düşünürlər. Bu, çox əhəmiyyətlidir. Bugünkü çıxışlarda da biz bunu gördük. Əlbəttə ki, onları gəlir əldə etmək, şəxsi rifahını yaxşılaşdırmaq da düşündürür, lakin ölkənin inkişafı, bu problemlərdən yaxa qurtarması onlar üçün bir o qədər, bəzi məqamlarda hətta bundan daha çox, qat-qat çox əhəmiyyətlidir.
Mənim daim çıxışlarımda vurğuladığım və bu gün də üzərində durmaq istədiyim məqam budur ki, ölkənin icraedici hakimiyyət orqanları özəl sektora yardım etməlidir. Bu vacibdir: dəstək olmalıdırlar. Ən önəmli kömək isə onların yolu üzərində olan əngəlləri ortadan qaldırmaqdır; maneələri aradan götürməkdir. Təəssüflər olsun ki, mən bəzi məqamlarda icraedici orqanların, yaxud nəzarətedici qurumların yavaşladıcı rol oynadığını görürəm. Yəni hər hansı bir şirkətin inkişafına, genişlənməsinə yardım etmək əvəzinə, əksinə, inkişafına əngəl olacaq maneələr yaradırlar.
Digər bir məsələ idxal edilən məhsullar məsələsidir. Cənablardan bir neçəsi də buna toxundu. Mən bu mövzuya dəfələrlə toxunmuşam. Ardınca düşün; Cənab Dr. Arif möhtərəm nazirlərdən, Sənaye, Mədən və Ticarət nazirindən (4) xahiş etsin. Bayaq cənablardan biri qeyd etdi ki, fabrikin istehsal etdiyi məhsulların xaricdən gətirilən analoqunun maliyyə göstəricisi daxili məhsuldan 40 faiz yüksəkdir. Utancverici bir faktdır; İran fabrikinə, İran fəhləsinə, İran investoruna rəqib deməkdir. İnsan, həqiqətən də, xəcalət çəkir! Yerli məhsul ölkənin ehtiyacını ödəyirsə, nəyə görə biz İran investorunun belini qırmaq bahasına xarici investorun xeyir götürməsinə, irəli getməsinə icazə verməli, yol açmalıyıq. Bu, ölkəyə ziyan vurmaq deməkdir, xırda bir problem deyil. Bunun ardınca düşmək lazımdır. Mənim təkidlə vurğulamaq istədiyim isə budur ki, dövlət orqanları kömək etməli, əngəlləri ortadan qaldırmalıdırlar. O əngəli törədən qanundursa, qanunvericilikdə islahatlar aparsınlar, hökumətin bəzi qərarlarıdırsa, onlarda dəyişiklik etsinlər. Əlbəttə, mən sui-istifadə hallarına qarşı səhlənkarlıq edilməsini tövsiyə etmirəm. Bəziləri investor, sahibkar adı ilə ortalığa düşürlər, lakin əslində investor deyillər, sui-istifadə etmək niyyətindədirlər. Güzəştli valyuta ayrılması və s. məsələlərdə bunun şahidi olmuşuq, bir sıra sui-istifadə hallarına yol verilib. Mənim tövsiyə etmək istədiyim bu deyil. Nəzarəti artırın, amma köməyi, dəstəyi də artırın. Sözün əsl mənasında təmiz iş görən insanlara dəstək olun, onların yolu üzərindəki maneələri aradan qaldırın.
Əngəlləri aradan qaldırmağın mühüm meyarlarından biri də Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulan siyasətlərə əməl edilməsidir. Bundan bir neçə il öncə biz 44-cü maddənin siyasətlərini ictimaiyyətə elan edərkən (5) hamı – yəni mənimlə mütəmadi surətdə əlaqədə olan rəsmilər və mütəxəssislər hamısı o siyasətləri dəstəklədilər. Bəziləri mətbuat, KİV vasitəsilə dəstəklədilər, bəziləri şəxsən mənim özümə bildirdilər ki, ölkənin iqtisadi problemlərinin həlli yolu budur, iqtisadiyyatımızdakı düyünləri məhz bu açacaq. Lakin təəssüflər olsun ki, aidiyyətli qurumlarda çalışan rəsmilərin çoxu bu siyasətlərə əməl etmədilər. Bu problem hələ də qalmaqda davam edir. 44-cü maddənin siyasətlərinə əməl olunmalıdır. Fikrimcə, 90-cı (red: 2010-2011) illərdə iqtisadi tənəzzülümüzün səbəblərindən biri məhz budur. Müxtəlif səbəblər var idi, onlardan biri də bu siyasətlərə əməl edilməməsidir. Dönə-dönə tövsiyə edirdik, amma diqqət yetirən yox idi.
8 faizlik iqtisadi artıma gəlincə, mənə verilən məlumata görə, əlhəmdulillah, bu sahənin mütəxəssislərindən bir qrupu çoxsaylı işçi qrupları formatında bir neçə ay işləyiblər, mövcud imkan və potensialı müəyyənləşdiriblər, investisiya layihələri irəli sürüblər, problemlərin həlli yollarını da göstəriblər. Dövlət rəsmiləri bu məsələ ilə ciddi surətdə məşğul olmalıdırlar. Bu işlər həyata keçirilib, o işçi qrupları oturub işləyiblər, çalışıb-vuruşub problemlərin həlli yollarını tapıblar, lakin onların icrası, həyata keçirilməsi rəsmilərin öhdəsinə düşür. Rəsmilər də çalışıb-vuruşmalıdırlar ki, inşallah, o 8 faizlik iqtisadi artımı təmin edə bilsinlər. “Mümkün deyil”, “Bunun üçün filan qədər xarici investisiyaya ehtiyac var” – deyib, bunu mümkünsüz bir işdən asılı etməsinlər. Aydındır ki, belə bir yanaşma ilə o işlər reallaşmayacaq. Oturub bu məsələnin üzərində çalışmış insanlar 8 faizlik iqtisadi artımı mümkünsüz bir işdən asılı etməyiblər. Onların təklif etdiyi işləri ölkə daxilində həyata keçirmək mümkündür, intəhası, müəyyən köməyə, dəstəyə ehtiyac var. Dövlət kömək etməlidir. Zənnimcə, bu işi görmək tamamilə mümkündür. Əlbəttə, 8 faiz iqtisadi artım möcüzə yaratmayacaq, bir ilin içində elə mühüm bir hadisə baş verməyəcək. Artan xətlə inkişaf davam etdirilməli, onun nəticələri ədalətli şəkildə bölüşdürülməlidir ki, ölkənin vəziyyətində müəyyən dəyişikliklər yaransın, əhali bu işin həyata keçdiyini hiss etsin.
Bizim ixtiyarımızda olan imkan və potensialın digər bir nümunəsi bu yaxınlarda BRICS (6) və s. bu kimi təşkilatlarda iştirakımızdır. Bundan maksimum dərəcədə faydalanmaq lazımdır. Bu iş üçün ölkənin diplomatik rəsmilərinin də iştirakı vacibdir. Onlar da bu işə qatılmalı, kömək etməlidirlər. Bu, ölkəmiz üçün böyük bir fürsətdir. Xüsusilə də BRICS-in maliyyə sistemi, üzv ölkələrlə milli valyuta mübadiləsinin nəzərdə tutulması çox önəmlidir və əgər bu həyata keçirilsə, heç şübhəsiz, ölkəyə böyük köməyi dəyəcək. Bu gün bizim problemlərimizdən biri də dollardan olan asılılığımızdır. Bunu o ölkələr də başa düşüblər. Əlbəttə, Beynəlxalq Valyuta Fondunun bəzi üzvləri bu asılılıqdan yaxa qurtarmaq üçün siyasi nöqteyi-nəzərdən və s. səbəblərdən əməli tədbirlər görməyə cürət etmirlər. Diplomatik aktivlik göstərmək, onları bu işin həyata keçirilməsinə məcbur etmək lazımdır. Ölkə daxilində möhtərəm Prezident də (7) bu məsələni vurğulayıb, o da bu fikirdədir, mən də tam olaraq dəstəkləyirəm ki, ticarət mübadilələrində dolları mümkün qədər kənarlaşdırmaq lazımdır. Bu, böyük və önəmli bir məsələdir. İqtisadi müstəvidə bu çox qətiyyətli və həlledici bir addımdır. Əlbəttə, buna əks-reaksiyalar da olacaq, lakin bu işi görə bilsəniz, bu o deməkdir ki, siz daha güclüsünüz. Habelə valyuta tənzimi üçün Mərkəzi Bank digər valyutaların dövriyyəsi üçün də şərait yaratmalıdır.
Özəl sektorla bağlı mənim toxunmaq istədiyim bir sıra məqamlar var ki, əvvəlki illərdə dəfələrlə qeyd etmişəm və artıq təkrarçılığa yol vermək istəmirəm. Əsas odur ki, dövlət qurumları özəl sektora dəstək olsunlar. Özəl sektor dövlətin öz köməyi ilə ona arxa-dayaq olduğunu hiss etsin. Hiss etsin ki, işi asan və rəvan gedir, qarşısında əngəllər yaradanlar yoxdur. Dünən bu sərgidə bir nəfər mənə dedi ki, ötən il mən sizə bir müəssisə açmaq üçün 3 il icazə gözlədiyimizdən gileylənmişdim. Ötən il bunu mənə deyib, ertəsi gün mən bugünkü kimi burada çıxış edəndə həmin məsələyə toxunmuşam. Demişəm ki, nəyə görə insanları 3 il gözlədirsiniz? 10 gün, uzağı 1 ay ərzində görülə biləcək bir işi nə üçün 3 il uzadırsınız? Həll edin, getsin. Həmin biznesmen dünən burada mənə söylədi ki, bu il də üstünə gəlib, 3 il olub 4 il! Yəni bu 1 il ərzində də icazəsini verməyiblər. Yaxşı, bunu bir şəkildə həll etmək lazımdır da, belə olmaz axı. Mən, doğrudan da, xəcalət çəkdim. Bu məsələləri həll etmək lazımdır. Deyiləsi söz çoxdur: deyirik, danışırıq, təkrar-təkrar vurğulayırıq, lakin əməl etmək lazımdır.
اِنَّ الَّذینَ آمَنوا وَ عَمِلُوا الصّالِحات
“İman gətirib xeyirli işlər görənlər…” (8)
İman lazımdır, amma imanla yanaşı, xeyirli, saleh əməl də lazımdır. Ayə dünya və axirətdə əldə olunan məqamlar, din və şəriətlə bağlıdır, lakin gündəlik həyatımızla bağlı işlərdə də eynilə belədir. Hansısa həqiqətə inam olmalıdır, yəni siz özəl sektora yardım və dəstəyin vacib olduğuna ürəkdən inanmalısınız. Bu lazımdır, bu inam olmadan işləri irəli getməyəcək, lakin bu inam kifayət etmir. İnamla yanaşı, saleh əməl də olmalıdır; iman və saleh əməl. Bugünkü görüşümüzün mövzusu ilə bağlı demək istədiklərim bu qədər.
Qəzza barədə də bir kəlmə deyim. Demişik ki, müqavimət ayaqdadır və həmişə ayaqda qalacaq. (9) Qəzza qalib oldu. Müqavimət daim yaşayacağını, ayaqda qalacağını göstərdi. Bütün dünyanın gözləri önündə baş verənlər nağıl deyil. Həqiqətən, əgər tarixin səhifələrində oxumuş olsaydıq, şübhə ilə yanaşardıq, heç vaxt inanmazdıq ki, Amerika kimi nəhəng müharibə maşını İsrail rejimi kimi zalım və qaniçən bir dövlətə kömək edə. O rejim o qədər qəddar və amansız ola ki, 1 ildən bir neçə ay artıq müddət ərzində 15 min uşaq öldürməkdən çəkinməyə, ona kömək edən o dövlət də humanizm anlayışlarına o dərəcədə etinasız ola ki, o körpələrin evlərini, yatdıqları xəstəxanaları bombardman etməsi üçün o amansız rejimi bunker dağıdan bombalarla təmin edə. Belə bir şeyə tarixdə rast gəlsəydik, şübhəsiz, inanmazdıq, “Olsun ki, harasısa uydurmadır” – deyərdik.
Bu gün isə bu bizim gözlərimizin qarşısında baş verdi: Amerika sionist rejim üçün hər cür şərait yaratdı – hansı ki, əgər bu şəraiti yaratmasaydı, İsrail elə ilk həftələrdəcə məğlub olardı – onlar da 1 il 3 ay müddətində əllərindən gəldiyi qədər cinayət törətdilər. Xəstəxananı, məscidi, kilsəni, evləri, bazarları, ictimai məkanları – əlləri çatan hər yeri bombaladılar. Özü də bunu harada etdilər? Qəzza kimi kiçik bir yerdə. Bir ovuc torpaqda! Bacardıqları qədər cinayət törətdilər. Özlərinə bir hədəf də seçmişdilər. İsrailin prezidenti – o bədbəxt, üzüqara (10) demişdi ki, HƏMAS-ı məhv etmək istəyirik, HƏMAS məhv edilməlidir. Onlar hətta hərbi əməliyyatlardan sonra Qəzza üçün idarəçilik planı da cızmışdılar! Bu dərəcədə arxayın idilər. Hazırda isə o zalım, amansız sionist rejim gəlib məhv etmək arzusunda olduğu HƏMAS-la danışıqlar masasına oturub, atəşkəs əldə olunması üçün onun şərtlərini qəbul edib. Yəni hazırda baş verən budur. Məhz buna görə biz deyirik ki, müqavimət sağdır, müqavimət ayaqdadır. Quran da bunu açıqlayır:
وَ لَو قاتَلَکُمُ الَّذینَ کَفَروا لَوَلَّوُا الاَدبارَ ثُمَّ لا یَجِدونَ وَلِیّاً وَ لا نَصیرا
“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar”. (11)
Bu təkcə o dövrə aid deyil, çünki ardınca da belə buyurur:
سُنَّةَ اللَهِ الَّتی قَد خَلَت مِن قَبلُ وَ لَن تَجِدَ لِسُنَّةِ اللَهِ تَبدیلاً
“Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən!” (12)
Bu, Allahın müəyyən etdiyi qanun-qaydadır. Müqavimət cəbhəsi qalib olmalı idi, oldu da. Harada olmalarından asılı olmayaraq, Allahın saleh bəndələri zülmə, haqsızlığa müqavimət göstərərlərsə, qələbə onlar üçün mütləqdir. O xəyalpərəst fantast elan edib ki, “İran zəifləyib”. Kimin zəiflədiyini gələcək göstərəcək. Səddam da İranın zəiflədiyini xəyal edib hücuma başlamışdı. Reyqan da “İran zəifləyib” xəyalı ilə Səddam rejiminə o boyda yardımlar etmişdi. Onlar və onlar kimi neçə-neçə xülyapərəstlər cəhənnəmə vasil oldular, İslam Respublikası isə günbəgün inkişaf etdi. Bunu mən sizə deyirəm ki, Allahın köməyi ilə bu dəfə də eyni təcrübə təkrarlanacaq.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
________________________
(1) Görüşün əvvəlində özəl sektorun fəal sahibkarlarından bir neçəsi çıxış edərək öz rəy və görüşlərini ifadə etmişlər.
(2) Ali Məqamlı Rəhbərin fəal istehsalçı və sahibkarlardan bir qrupu ilə görüşü 28.08.1398 (red: 19.11.2019)
(3) Birinci vitse-prezident cənab Dr. Məhəmmədrza Arif
(4) Sənaye, Mədən və Ticarət Naziri Seyid Məhəmməd Ətabək
(5) İİR Konstitusiyasının 44-cü maddəsinin başlıca siyasətləri 01.03.1384-cü ildə (red: 22.05. 2005) ictimaiyyətə elan edilmişdir.
(6) BRICS – sürətlə inkişaf edən ölkələrin üzvlüyü ilə təsis edilmiş beynəlxalq iqtisadi təşkilatdır.
(7) Cənab Dr. Məsud Pezeşkian
(8) “Bəqərə” surəsi, 277-ci ayə
(9) Ali Məqamlı Rəhbərin 19.10.1403-cü ildə (red: 08.01.2025) 19 dey qiyamının (1356-cı il) ildönümündə (red: 09.01.1978) Qum əhalisi ilə görüşü zamanı etdiyi çıxış
(10) İsrail Müdafiə Naziri Ehud Barak nəzərdə tutulur
(11) “Fəth” surəsi, 22-ci ayə
(12) “Fəth” surəsi, 23-cü ayə