بسم الله الرّحمن الرّحیم. الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, hidayət edən və hidayət olunan, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Hörmətli iştirakçıları, bütün İran xalqını, böyük İslam ümmətini, dünyanın bütün azadlıqsevər və azad insanlarını Məbəs bayramı münasibəti ilə təbrik edirəm. Əziz Peyğəmbərimizin (s) məbəsi dünyanın azad insanları üçün sözün həqiqi mənasında bayramdır. Bu il Məbəs bayramı qələbə ayı olan bəhmən ayına təsadüf edir. İnanıram ki, həm Bəhmən hadisəsinin, həm İslam İnqilabının, həm bizim həyata keçirdiyimiz bu işlərin, həm də bu İnqilabın banisinin hərəkatının məqsədi Peyğəmbərə (s) və onun besətinə tabe olmaq idi. İnşallah, bu fəaliyyətlər gələcəkdə də eyni şəkildə davam etsin və daha da irəliləsin.
Diqqətəlayiq çıxışına görə möhtərəm Prezidentimizə təşəkkür edirəm. Ümid edirəm ki, onun çıxışında toxunduğu bu məsələlərə Allahın yardımı ilə əməl edə biləcəyik, inşallah. Əvvəlcə qısaca Besət mövzusuna toxunmaq, daha sonra isə bizi əhatə edən bəzi məsələlər haqqında danışmaq istəyirəm.
Besət hadisəsi dünyada və bəşər tarixində baş vermiş ən mübarək və ən böyük hadisələrdən biridir. Yəni adi bir hadisə deyil, bəşər tarixinin ən böyük, ən üstün hadisələrindəndir. Mühüm hadisələr fərdi və ictimai sahələrdə bir sıra müxtəlif təsirlərə malikdir. Amma bu təsirlərdən ən mühümü və hətta demək olar ki, birincisi bundan ibarətdir: insanların ideoloji və idrak müstəvisində dəyişiklik yaratmaq. Baş verən o böyük dəyişiklik, o böyük hadisə insanların həyat tərzinə o zaman təsir edir və qalıcı xarakter alır ki, öz auditoriyasının ideologiyasında və idrakında dəyişiklik yarada bilsin. Düşüncə düzgün olarsa, əməl də düzgün olar; mühüm olan budur. Həyat sistemi həyatı idarə edənlərdəki mövcud düşüncə və anlayışa əsaslanır. Əgər insanların, cəmiyyətlərin düşüncəsində ideoloji və idraki dəyişiklik yaranarsa, siyasi, iqtisadi, mənəvi-ictimai sistemlər də onun əsasında yaranıb formalaşacaqdır. Bu baxımdan əziz Peyğəmbərimizin (s) besəti xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, besətin üstün cəhətləri bir çox müxtəlif hadisələrdəkindən daha çoxdur. Ancaq bu, indi bizim müzakirə mövzumuz deyil. Amma əziz Peyğəmbərimizin (s) besəti elə bu cəhətdən – düşüncələrdə yaratdığı dərin dəyişiklik cəhətindən də heyrətamizdir; o kimlərlə, hansı düşüncələrlə, hansı davranışlarla, hansı cəmiyyətlə qarşılaşdı və onları həm öz dövründə, həm də sonrakı dövrlərdə necə insanlara, hansı cəmiyyətə və hansı xalqa çevirdi?!
Yaxşı, bəs bu dəyişikliyin hərəkətverici qüvvəsi nədir? Yəni bütün peyğəmbərlər, o cümlədən böyük İslam Peyğəmbəri (s) bu dəyişikliyi yaratmaq istədikdə onlar hansı vasitələrdən istifadə etmişdilər? Bu dəyişikliklərin faktorları hansılardır? Bu faktorlar ikidir: ağıl və iman. Ağıl Uca Allahın insanlara əmanət etdiyi xüsusi bir gücdür. Bəziləri onu aktivləşdirir, işə salır, bir çoxları isə istifadə etmir. İman da ağıl kimidir. Bütün insanların fitrətində həqiqətə, Allah-Taalaya iman var, amma insanlar bunu yaddan çıxarırlar. Peyğəmbərlər gəlib ağılı oyadırlar ki, bu yolla insana öz imanını xatırlatsınlar. Qurani-Kərimdə “zikr” (xatırlamaq) sözünün nə qədər təkrarlandığına diqqət edin. Sizdə də, məndə də həmin bu iman var. Bunlar o ağılı bizə xatırlatmalı, bizi ona doğru yönəltməlidirlər. Ağıl və iman canlanarsa, həyat inkişaf edər. Bu faktorların hər birinin öz fünksiyası vardır. İnsan ağıl və iman gücündən faydalandıqda həyat yolunu, doğru yolu tapmaqda və həmin yolda irəliləməkdə özündə güc-qüvvət tapır.
Məsələn, ağıl haqqında Qurandan dəlillər ğətirmək istəsək, Qurani-Kərimdə dəfələrlə bu kimi ifadələrin işləndiyini görərik:
اَفَلا یَعقِلون “...məgər dərk etməzlərmi?” (2)
لَعَلَّکُم تَعقِلون “...düşünüb anlayasınız”. (3)
لَعَلَّهُم یَتَفَکَّرون “...bəlkə, (lazımınca) düşünsünlər”. (4)
اَ فَلا یَتَدَبَّرون “Onlar düşünməzlərmi?” (5)
وَ قالوا لَو کُنَّا نَسمَعُ اَو نَعقِل “Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq...” (6)
Yəni Quranda ağıl mövzusu, ağıla əhəmiyyət vermək, onu tətbiq etmək Quran təliminin önəm verdiyi ən qabarıq xüsusiyyətlərdən biridir. Müsəlman olan hər bir şəxs bilməlidir ki, ağılla işləməli, çalışmalı, ağıldan yararlanmalı, öz ağlını kamilləşdirərək tərbiyələndirməlidir.
İman mövzusuna gəlincə, bütün peyğəmbərlərin dəvətində ilk qeyd olunan tövhid məsələsidir. Tövhid yalnız Allahın varlığına, yeganəliyinə bəslənən sadə bir inanc deyildir. Tövhid İslam dünyagörüşünün ən əsas strukturudur. İslam dünyagörüşünə hansı tərəfdən baxsaq, tövhidə varırıq və həmin tövhid də İslam cəmiyyətinin əsasını təşkil edir. Məsələn, diqqət edin, “Əraf” surəsində peyğəmbərlər – həzrət Nuh, həzrət Hud, həzrət Saleh və s. – və onların dəvətləri haqqında danışılanda onların ilk söylədikləri mövzu –
یا قَومِ اعبُدُوا اللَهَ ما لَکُم مِن اِلهٍ غَیرُه
(Ey qövmüm! Allaha ibadət edin, sizin ondan başqa Allahınız yoxdur) – tövhid mövzusu olmuşdur. Sözsüz ki, tövhidlə yanaşı məad haqqında da danışılmışdır. Bu mübarək ayədə qeyd olunduğu kimi:
یا قَومِ اعبُدُوا اللَهَ ما لَکُم مِن اِلهٍ غَیرُهُ اِنّی اَخافُ عَلَیکُم عَذابَ یَومٍ عَظیم
“...Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün sizə üz verəcək əzabından qorxuram!” (7)
Burada adı çəkilən “o böyük gün” Qiyamət günüdür. Və ya “Şuəra” surəsində bir-bir peyğəmbərlərin adını çəkdikdən sonra ilk deyilən söz فَاتَّقُوا اللَهَ وَ اَطیعون (“Allahdan qorxun və mənə itaət edin!”) (8) – İlahi təqva haqqındadır. Peyğəmbərə də ona görə itaət olunmalıdır ki, Allah-Taala onu peyğəmbər olaraq seçdikdə, o, insan ağlına səhv iş görməməsi, xəta etməməsi, yanlışa yol verməməsi, suyu ilğım zənn etməməsi üçün kömək edir. Peyğəmbərlərin missiyası budur. Ona görə də ardınca اَطیعون (mənə itaət edin) ifadəsi gəlir; səbəbi də budur ki, insana kömək edəcək bir bələdçisi olsun.
Bu barədə Əmirəl-möminin (ə) buyurur:
وَ واتَرَ اِلَیهِم اَنبیاءَهُ لِیَستَأْدوهُم میثاقَ فِطرَتِهِ وَ یُذَکِّروهُم مَنسِیَّ نِعمَتِهِ وَ یَحتَجّوا عَلَیهِم بِالتَّبلیغِ وَ یُثیروا لَهُم دَفائِنَ العُقول
“Beləliklə, Allah-Taala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan İlahi əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tövhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi”. (9)
Allah-Taala peyğəmbərləri bu məqsədlə göndərmişdir: fitri olan əhd-peymanını tələb etmək, unudulmuş nemətini xatırlatmaq, sonra isə gizlənmiş ağılları üzə çıxarmaq üçün; بِالتَّبلیغِ وَ یُثیروا لَهُم دَفائِنَ العُقول – gizlənmiş ağılları aşkar etmək üçün. Yaxşı, burada işlənmiş “dəfinə” (gizli) sözü hansı mənadadır? Bu, ya bizim adətən nəzərdə tutduğumuz xəzinə mənasında, ya da xəzinə deyil, başqa mənada işlədilir. Yəni xurafatlar, mövhumatlar, batil təxəyyüllər, müxtəlif düşüncə və məktəblərin və s. təsiri altında dəfn olunmuş ağıllar, düşüncələrdir. Həqiqi, doğru söz olan o “la ilahə illəllah” sözü bəzən yaddan çıxır. O düzgün rasional idrak, bəzən bu batil düşüncələrin təsiri altında dəfn olunur, unudulur. Bu iki mənadan biri o dahi Peyğəmbərin (s) hədəfidir. Peyğəmbərlər bunların altından ağılı üzə çıxarmaq, aşkarlamaq üçün gəlirlər. Bu, besət haqqında.
Elə isə biz nə etməliyik? Demək istəyirəm ki, məncə, Besət hadisəsi müəyyən zaman kəsimində parlayıb və sonra sönən birdəfəlik bir hadisə deyildir. Məsələn, ildırım çaxır, bir anda hər tərəf işıqlanır və sonra sönür, qaranlıqlaşır. Besət belə deyil. Əlbəttə, niyə? Münafiq üçün belədir:
ذَهَبَ اللَهُ بِنورِهِم وَ تَرَکَهُم فی ظُلُماتٍ لا یُبصِرون
“...Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər”. (10)
Ürəkdən inanmayan insan üçün də bir ildırım çaxar, bir işıq yanar, sonra bu işıq nəfsi istəklərin, ehtiras, unutqanlıq, səhlənkarlıq və bu kimi sahib olduğu digər nöqsanların təsiri altında sönər. Amma qeyri-münafiqlər üçün isə besət, dünyanın təbii axarında ümumilikdə daimi, ardıcıl bir cərəyandır. Besət müəyyən bir zamana, xüsusi bir günə aid deyil, daimidir. Sadəcə əziz Peyğəmbərimizin (s) deyil, bütün peyğəmbərlərin besəti bu xüsusiyyətə sahibdir. Peyğəmbərlərin açıqladıqları əsas mövzular bütün zamanlara məxsusdur. Qurani-Kərimdə kafirlərə deyilir: “Siz ki, təkəbbürlülük edirsiniz, eləysə bu iki kitabdan daha doğru yol göstərən bir kitab gətirin”. (11) “İki kitab” – yəni biri Quran və o biri Tövrat. Bizim peyğəmbərlərə inamımız var; bütün peyğəmbərlərə. İntəhası, hər gələn peyğəmbər özündən əvvəlki peyğəmbərin sözünü tamamladığı üçün öncəkinin sözləri nəsx olur – yəni qüvvədən düşür. Nəsx bu deməkdir: peyğəmbər əvvəlkinin sözünü tamamlayır, bəzi məsələləri dəyişdirir və bəzi məsələləri də dövrə uyğun olaraq təkmilləşdirir. Odur ki, bu cərəyan – din, besət – davamlı və daimi bir cərəyandır.
“Besət daimidir” ifadəsi nə deməkdir? Yəni bütün dövrlərdə besətin bərəkətindən faydalanmaq mümkündür. Başqa sözlə, besətin əvvəllərində baş verən o dəyişikliklər, əziz İslam Peyğəmbərimizin (s) sinəsini sipər edərək mübarizə meydanının mərkəzinə girməsi, təsəvvür edilməz zəhmətlərlə o işləri həyata keçirməsi və s. Bu dəyişiklikləri bütün dövrlərə uyğun olaraq yerinə yetirmək mümkündür. Sözsüz ki, bizimlə o yüksək zirvə (peyğəmbər) arasındakı fərq, onun bunları bütün dövrlərin insanlarına uyğun olaraq yerinə yetirməsidir. Yaxşı, bəs şərti nədir? Şərti budur ki, o dahi insanın istifadə etdiyi o iki faktordan – yəni ağıl və iman faktorundan – biz də faydalanmalıyıq. Ağıl və iman faktorundan istifadə etsək, o zaman besət baş verəcək, hərəkət, dəyişiklik yaranacaq. İnsan düşüncəsindəki dəyişiklik həyat reallığında da dəyişiklik yaradır; problemlər həll olunur, düzəlir. Besətdən öyrənəcəyimiz dərs bundan ibarətdir.
Bu gün bu sözlərin ünvanı bizik – müsəlman dövlətləri və müsəlman xalqları. Bizim hamımıza müraciət olunur. Bilməliyik ki, əgər dünyada nəyisə tələb ediriksə, ya da axirətdə Allahın lütfünə ümid bağlayırıqsa, besət anlayışına, tələblərinə, cərəyanına üz tutmalı, əməl etməliyik:
مَن کانَ یُریدُ العِزَّةَ فَلِلَّهِ العِزَّةُ جَمیعًا
“Hər kəs izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət ancaq Allaha məxsusdur”. (12)
İzzət oradadır. İzzət, yəni insan elə bir xüsusiyyətə sahib olsun ki, heç bir yad amil ona təsir edə bilməsin. İzzət bu deməkdir:
اِنَّ العِزَّةَ لِلَّهِ جَمیعا
“Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur...”(13)
İnsan izzət sahibi olduqda nə düşmən, nə müxtəlif zehni, psixoloji, fiziki amillər, nə yad, nə mənəvi ünsürlər, ümumiyyətlə, heç bir faktor ona təsir edə bilmir. Başqa bir mübarək ayədə buyurulur:
وَ لا تَهِنوا وَ لا تَحزَنوا وَ اَنتُمُ الاَعلَونَ اِن کُنتُم مُؤمِنین
“...ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (14)
Demək, iman olarsa, üstün sizsiniz, yüksəkdə olan sizsiniz.
Bu gün ağılın dünyadakı funksiyasını müşahidə edirik, elə isə gəlin onu çalışdıraq. Ağılı çalışdırsaq, dünyada mövcud olan bir çox reallıqları dərk edə bilərik. Duaların birində buyurulur:
اَللَهُمَّ اَعطِنی نَصراً فی دینِکَ وَ قُوَّةً فی عِبادَتِکَ وَ فَهماً فی خَلقِک
“İlahi, dininə əməl etməkdə mənə yardım et, ibadətində güc-qüvvət və xilqətinin dərkində anlayış ver”. (15)
Anlayış – bəşər cəmiyyətinin reallığıdır. Odur ki, bu reallığı anlamalıyıq. Biz İslam Respublikası, İslam dövləti, böyük və mühüm bir ölkənin rəsmi şəxsləri olaraq – əziz ölkəmiz həqiqətən də bir çox cəhətdən müstəsnadır – dünyada mövcud olan bu faktları daim diqqətdə saxlamalıyıq və bunları başa düşməliyik.
Despot güclərin müstəmləkəçiliyi ilk növbədə təbii sərvətlərin talanması ilə başladı. Əgər müstəmləkəçilik tarixini oxusanız, onların əldə etmək üçün hədəf aldıqları, təqib etdikləri ilk işin təbii sərvətlər olduğunu görərsiniz. Birinci mərhələdə buradan başlamışlar. Bu birinci mərhələ. İkinci mərhələ xalqların qədim mədəniyyətlərinin məhv edilməsi idi. Bu hadisə acı hadisədir. Yəni bu məsələ haqqında, onların xalqlara, sivilizasiyalara etdikləri barədə danışmaq həqiqətən də narahatedicidir! Məsələn, sizin də bildiyiniz Afrika qitəsində qədim və əsil mədəniyyətlər mövcud olmuşdur. İstismarçılar gəlib hər şeyi alt-üst etdilər: dağıdıb məhv edirlər, əslində talan edirlər; mədəniyyət talanı. Sonuncu mərhələdə isə xalqlar üzərində nəzarəti ələ almaq üçün onların milli və dini kimliklərinə göz dikirlər.
Bu gün biz müstəmləkəçiliyin hər üç mərhələsi ilə qarşı-qarşıyayıq. Bü gün dünyanın qüdrətli şeytani güc sistemləri həm ölkələrin və xalqların təbii sərvətlərinə, həm qədim və əsil mədəniyyətlərinə, həm də milli və İslami kimliklərinə göz dikmişdir. Bütün bunları məhv edərək, ələ keçirməyə çalışırlar. Sözsüz ki, onların hamısı eyni şəkildə hərəkət etmir. Başlarında dayananları isə Amerikadır. Bu gün müstəmləkəçilik və imperializm üçün verdiyimiz tərifin tam nümunəsi dünyanın iqtisadi güclərinin təsiri altında olan Amerika hökumətidir. Yəni hal-hazırda dünyanın birinci dərəcəli iqtisadi gücləri bir sıra Qərb dövlətlərini, o cümlədən və bəlkə də ən yüksək nümunəsi olan Amerika dövlətini ələ keçiriblər. Öz ifadələri ilə desək, hakim olan və müstəmləkəçiliyin hər üç mərhələsinin planlarını çəkən kartellər, trestlər və s. bunlardır. Sosial, gender, iqtisadi və s. sahələrdə hər gün ard-arda təzə hoqqaların meydana çıxmasına səbəb budur. Başqa sözlə, xalqların kimliyini, maraqlarını dəyişmək və onları öz məqsədlərinə tərəf çəkmək istəyirlər. Bu barədə Quranın açıq-aydın bir ifadəsi var, buyurur:
وَدّوا مَا عَنِتُّم
“Sizi əziyyətə salacaq hər şeyi arzulayırlar”.
Yəni sizi çətinə salacaq hər şey düşmənlərinizi, kafirləri, şeytana tabe olub şeytancasına hərəkət edən hər kəsi sevindirir:
قَد بَدَتِ البَغضاءُ مِن اَفواهِهِم وَما تُخفی صُدورُهُم اَکبَر
“Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (16)
Dildə də düşmənçilik edirlər; danışırlar, danışanda da, hər hansısa bir işi gördükdə də düşmənçiliklərini göstərirlər, amma qəlblərində daşıdıqları, yəni onların düşmənçiliklərinə səbəb olan amillər daha çoxdur. Bəzi vaxtlar müəyyən yerlərdə bu düşmənçiliklər özünü üzə çıxarır. Yəni bəzi vaxtlar batinlərindəki bu xain düşmənçilik özünü göstərir. Məsələn, ABŞ konqresinin nümayəndələri minlərlə uşağı tikə-tikə edən qatili ayağa qalxaraq alqışlayır! Bu həmin “ürəklərində gizlətdikləri daha böyükdür” – ayəsinin təcəssümüdür və belə yerdə özünü büruzə verir. Minlərlə uşağı doğram-doğram edəsən, sonra da belə bir yerdə alqışlanasan! Yaxud da Amerikan (hərbi gəmisi) “Vincennes”in kapitanı 300-ə yaxın sərnişini olan sərnişin təyyarəsini vursun, bütün sərnişinlərini öldürsün, sonra da medalla mükafatlandırılsın! (17) Həmin “ürəklərində gizlətdikləri isə daha böyükdür” burada özünü göstərir. Bunlar diplomatik gülüşlərin arxasında gizlənir. Diplomatik təbəssümlər arxasında bu cür düşmənçiliklər, bu cür kin-küdurətlər, mənfur qəlblər gizlənir. Odur ki, (hədisdə deyildiyi kimi) ayıq olmalıyıq: “Mənə xilqətinin dərkində anlayış ver”. Gözümüzü açmalı, ayıq-sayıq olmalıyıq ki, تُسِرّونَ اِلَیهِم بِالمَوَدَّة (“Siz onlarla gizlində dostluq edirsiniz”) (18) olanlardan olmayaq. Kimlərlə qarşı-qarşıya olduğumuza, əlaqə qurduğumuza, kimlərlə danışdığımıza diqqət etməliyik; bunu daim diqqətdə saxlamalıyıq. İnsan qarşı tərəfi tanıdıqda, onunla qarşılıqlı əlaqə qurarsa belə, necə hərəkət edəcəyini də dərk edir. Ona görə də qarşı tərəfi tanımalıyıq.
Fikrimcə, dövrümüzdəki bu Müqavimət Hərəkatı besətdən qaynayan bir çeşmədir. İran İslam Respublikasında başlayan müqavimət müsəlman xalqlarını oyandırdı, bəzilərini mübarizə meydanına çəkdi. Ümumilikdə müsəlman xalqlarının, həmçinin bir çox qeyri-müsəlmanların da vicdanını oyatdı. Artıq İmperializm sistemi tanınmışdır, tanıdılmışdır. Bundan əvvəl bir çox xalqlar İmperializm sistemini tanımırdı. Siz Qəzzaya bir baxın. Çox kiçik bir bölgə olan Qəzza başdan-ayağa qədər silahlanmış və Amerikanın hərtərəfli himayəsindən yararlanan sionist rejiminə diz çökdürməyi bacardı. Qəzza sionist rejimini diz çökdürdü! Bu, əhəmiyyətsiz məsələdir? Bu, elə besətdən qaynayan bir çeşmədir. Bu, dediyimiz həmin iman və ağıldır, Quran ayələrinin tilavətidir, Allah-Taalaya güvənməkdir, bu, həmin bu ayəyə اِنَّ العِزَّةَ لِلَّهِ جَمیعاً (“Həqiqətən, izzət Allaha məxsusdur”) inanmaqdır. Seyid Həsən Nəsrullah kimi bir şəxsiyyətin yoxluğuna baxmayaraq, Hizbullah başıucadır. Bu, əhəmiyyətsiz məsələ deyil! Məgər dünyada Seyid Həsən Nəsrullah (Allah ondan razı olsun), bu əziz şəhid ranqında neçə insanımız var? Hizbullahın arasından belə bir insan getdi. Dost da, düşmən də Hizbullahın sonunun çatdığını düşündü. Hizbullah isə göstərdi ki, sonu nəinki çatmayıb, hətta bəzi hallarda daha böyük motivasiya ilə sionist rejimin qarşısında dayana bilib. Bu dirəniş həmin besətdən qaynayan bir çeşmədir. Bu deyilənlər müsəlmanlara aiddir.
Bu hadisələr qeyri-müsəlmanların da vicdanını oyatdı. Mənə verilən statistikaya əsasən, bu müddət ərzində dünyanın 619 şəhərində 30.000 anti-sionist nümayiş keçirilib! Artıq insanlar oyanıblar, vicdanlar oyanıb. Bu, müqavimətdir; bu müqavimət besətdən qaynayan bir çeşmədir.
Amerikanın özündə də bir qrup amerikalı bir araya gələrək: “Ölüm olsun Amerikaya!” şüarını ucaltdı. Amerikada! Bu həmin düşüncə dəyişikliyidir. Bu, böyük peyğəmbərlərin etməyə çalışdığı işin eynisidir. Və bu işi həm öz dövründə, həm də Qiyamətə qədər ən böyük, ən əhəmiyyətli və ən heyrətamiz miqyasda həyata keçirən də İslam Peyğəmbəri (s) olmuşdur. Bu gün də Müqavimət bunu göstərir. Odur ki, bu reallıqları diqqətdə saxlamalı və Qurani-Kərimin bu ayəsini yaddan çıxarmamalıyıq: “Ruhdan düşməyin və qəmgin olmayın, halbuki əgər möminsinizsə, Allah yanında siz çox yüksəkdə durursunuz!”
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
__________________
(1) Görüşün əvvəlində Prezident Məsud Pezeşkian çıxış etmişdir.
(2) “Yasin” surəsi, 68-ci ayədən
(3) “Bəqərə” surəsi, 242-ci ayədən
(4) “Əraf” surəsi, 176-cı ayədən
(5) “Nisa” surəsi, 82-ci ayədən
(6) “Mulk” surəsi, 10-cu ayədən
(7) “Əraf” surəsi, 59-cu ayədən
(8) “Şuəra” surəsi, 108-ci ayədən
(9) “Nəhcül-bəlağə”, 1-ci xütbə
(10) “Bəqərə” surəsi, 17-ci ayədən
(11) “Qəsəs” surəsi, 49-cu ayədən
(12) “Fatir” surəsi, 10-cu ayədən
(13) “Yunus” surəsi, 65-ci ayədən
(14) “Ali-İmran” surəsi, 139-cu ayədən
(15) “əl-Kafi”, c. 2, səh. 586
(16) “Ali-İmran” surəsi, 118-ci ayədən
(17) 1367-ci il tir ayının 12-də (red: 03.07.1988) Bəndər Abbasdan Dubaya uçan İran İslam Respublikasının sərnişin təyyarəsi Fars körfəzindən Amerikanın hərbi gəmisi “Vincennes”dən hədəf alınmış, 66-sı uşaq və 53-ü qadın olmaqla 290 sərnişin şəhid olmuşdu. Bir müddət sonra Amerika hökuməti gəminin komandiri Vilyam Rocersi şücaət medalı ilə təltif etmişdir!
(18) “Mumtəhənə” surəsi, 1-ci ayədən