Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ordunun Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirləri ilə görüşündəki çıxışı

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ. اَلْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبَیِّنَا اَبِی‌ الْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ، وَ عَلَیٰ آلِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ الَمَعْصُومِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

İran İslam Respublikası Ordusunun Hava və Havadan Müdafiə Qüvvələrini təmsil edən əziz qardaşlar, çox xoş gəlmisiniz. Bu gün mübarək və möhtəşəm 1357-ci il 19 Bəhmən  (red: 08.02.1979) xatirəsi bir daha təzələnir. 19 Bəhmən günü ona görə böyük əhəmiyyət daşıyır ki, bu gün yeni ordunun hərəkət istiqamətini təyin edən bir bayraq ucaldıldı, bir bünövrə qoyuldu. Həqiqətdə, İslam Respublikasının ordusu o gün o gənclərin “Ələvi” məktəbinə gələrək yaratdıqları qəhrəmanlıq eposu istiqamətində hərəkət etdi. Əslində, 19 Bəhmən İranın yeni ordusunun doğum günü kimi tanınmalıdır. Bəlkə də demək olar ki, bir çox insanları, görkəmli şəxsiyyətləri ordunun içərisindən inqilab meydanına çəkə bilən başlıca amil – gənclərin 19 bəhmən günü həyata keçirdikləri hərəkat oldu. Ordu daxilində ürəyi xalqla, inqilabla döyünən “Homafəran” dəstələrindən və kiçik zabitlərdən tutmuş ali rütbəlilərə qədər müxtəlif insanlar var idi. Lakin özlərini büruzə verə bilmələri üçün ordunun daxilində onların nə imkanı, nə fürsəti, nə də şəraiti vardı. O insanları oradan çəkib çıxaran və o uca səviyyəyə qaldıran amil həmin cəsarətli hərəkat idi. Şəhid Namcu, Şəhid Səyyad, Şəhid Babayi, Şəhid Səttari, Şəhid Kolahduz, Şəhid Fəllahi və başqaları – onların bəzisi İİR-nın tarixinin adlı-sanlı şəhidlərindən hesab olunur – ordunun içərisindən çıxdılar, gözlər önündə parladılar və qəhrəman rolunu oynadılar. Çox güman ki, onları mübarizə meydanına çəkən amil İnqilabın qələbəsinə üç gün qalmış gənclərin həyata keçirdiyi hərəkat oldu. Hərbi Hava Qüvvələrinə mənsub olan bu gənclər İnqilabın qələbəsindən üç gün əvvəl təhlükənin tam ortasında bu hərəkatı həyata keçirdilər.

Bir neçə əsas xüsusiyyət vardır ki, mən həmişə söhbətlərimdə onların üzərində təkidlə dayanıram. Bu hərəkatda da o xüsusiyyətlər var idi. Onlardan biri bu hərəkatın “cəsarətli” hərəkat olması idi. Cəsarət olduqca önəmli xüsusiyyətdir. Çətin bir meydana daxil olmaq üçün insanda cəsarətin, qorxmazlığın olması olduqca mühümdür. Bu hərəkat da cəsur hərəkat idi. O gün kimsə bilmirdi ki, üç gün sonra rejim devriləcək, Pəhləvi rejimi çökəcək. Bunu heç kim bilmirdi. O gənclərin hamısı edam oluna bilərdi, amma buna baxmayaraq, onlar igidlik göstərdilər.

Bu hərəkatın digər bir xüsusiyyəti onun “vaxtında” həyata keçirilməsi idi. Bəzi hərəkatlar təqdirəlayiq, cəsarətli olsa da, amma vaxtında həyata keçirilmir. Seyidüş-Şühədanın (s) şəhadətindən bir neçə il sonra Kufədə baş verən “Təvvabin” hərəkatı yaxşı hərəkat olsa da, vaxtında baş verən hərəkat deyildi. İmam Hüseynə (ə) yardım etməli olduqları gün onlar yardıma gəlmədilər. Sonradan peşman oldular, hərəkətə keçdilər, hətta hamısı qətlə yetirildi; mübarizə meydanı da çox ağır idi, amma nə faydası? Vaxtında hərəkətə keçmək lazımdır; işi vaxtında və anında görmək lazımdır. Bu gənclərin hərəkəti vaxtında, anında baş vermişdi. Bu dediklərim sadəcə hansısa bir dəstəni təqdir etmək üçün deyildir, bunları ona görə deyirəm ki, bizim də bu gün bu xüsusiyyətlərə ehtiyacımız var.

Bu hərəkatda olduqca dəyərli olan başqa bir xüsusiyyət bu hərəkatın “hesablanmış və məntiqə əsaslanmış” olması idi. Hesablanmış bir iş idi, oturub fikirləşmişdilər, üzərində işləmişdilər. Hərəkatın tərzindən məlum idi ki, bir anın içində qərara alınan hərəkat deyildi. Düşünülmüş, üzərində işlənmiş, araşdırılmışdı. Bu, aydın görünürdü. Biz hadisələrin şahidi olduğumuza görə, bilirdik ki, onlar işi əvvəlcədən oturub planlaşdırmışdılar. İnqilabi hərəkatların buna ehtiyacı var. Bəziləri inqilabi hərəkatların hesablanmamış, planlaşdırılmamış bir addım olduğunu düşünürlər. Bu, səhv fikirdir. Halbuki inqilabi hərəkatların digər hərəkatlardan daha çox hesablama və məntiqə ehtiyacı vardır. Bu da başqa bir xüsusiyyət.

Digər bir xüsusiyyət isə onların “düşməni qəfil yaxalamaları” idi. Yəni o günkü əks-kəşfiyyat təşkilatları və səltənət ordusunun yüksək rütbəli komandirləri ordu daxilində İnqilabın xeyrinə hansısa bir hərəkatın olacağını ehtimal etsəydilər, onların ağlına gələ biləcək ən son yer Hərbi Hava Qüvvələri olardı. Çünki Hərbi Hava Qüvvələrinə diqqət ayırırdılar. Ona görə də onların belə bir iş görəcəklərini heç düşünmürdülər:

فَاَتَاهُمُ اللهُ مِنْ حَیْثُ لَمْ یَحْتَسِبُوا

“Allah isə onları gözləmədikləri yerdən haqladı...” (2)

Ağıllarına gəlməyən yerdən zərbə aldılar. Bizim bu qardaşlarımız, o günkü gənclərimiz düşmənin diqqətsizliyindən istifadə edərək bu hərəkatı həyata keçirdilər.

Mənim əqidəmə görə, bu hərəkat İran Ordusuna kimlik qazandırdı. O rejimin dövründə ümumi plan bu idi ki, İran ordusu Amerikanın hərbi təşkilatının tabeliyində  olan bir ordu olmalıydı. Özünün heç bir müstəqilliyi yox idi. Sistem Amerikanın idi, silah Amerikanın idi, silahlardan istifadə ancaq Amerikanın icazəsi ilə mümkün idi. Yəni F14 vermişdilər, amma F14-dən harada istifadə olunmalı idi, bunu Amerika müəyyənləşdirməliydi. Məsələn, müasir texnologiyalı təyyarənin təmiri, hissələrin dəyişdirilməsi harada yerinə yetirilməli idi, bu, İranın texniki qüvvələrinin əlində deyildi, amerikalıların ixtiyarında idi. Mən bunu dəfələrlə (Hərbi Hava Qüvvələri ilə olan) görüşlərdə demişəm (3), xarab olan hissəni təyyarəyə qoyub Amerikaya aparır, təzə hissə ilə əvəz edib İrana gətirirdilər. Hissənin burada təmirinə qəti surətdə icazə vermirdilər. Yəni ordu Amerika ordusunun və hərbi təşkilatının tabeliyində olan bir ordu kimi tanınmalı idi. Mühüm təyinatlar Amerikaya, silah Amerikaya, təlim Amerikaya, ordudan istifadə ediləcək yerlər Amerikaya aid idi. Bunun üçün hətta ölkə rəsmilərindən belə icazə almırdılar. Bir yerdə oxumuşdum, Məhəmmədrza deyirdi ki, amerikalılar gəlib ordunun bir dəstəsini aparıb istifadə ediblər və mənə xəbər belə verməyiblər. İcazə almamaları bir yana qalsın, şaha “ordunun bir dəstəsini aparıb istifadə etdik” deyə məlumat vermirdilər. Ordu belə bir vəziyyətdə idi. 

İmamın (Allah ona rəhmət eləsin) 1343-cü ildə (red:1964) Kapitulyasiyaya qarşı etdiyi çıxışındakı etirazlardan biri məhz bu idi; ordunun təhqir edilməsi idi. (4) Yəni Kapitulyasiya həqiqətən də belə idi. Onun mənası bu idi: Əgər hansısa bir dövlət, ölkə başqa bir ölkə ilə Kapitulyasiya müqaviləsi bağlayarsa, həmin dövlətə mənsub hərbiçi və ya vətəndaş (müqavilə bağlanan) o ölkədə cinayət törətdiyi zaman orada mühakimə edilməməlidir. Bunu amerikalılar o günkü şah rejiminə qəbul etdirmişdilər. Bizim bu zəif ünsürlərimizin hamısı – şahdan tutmuş Senat üzvlərinə, o günkü Milli Şura üzvlərinə, Ələm və Huveyda kimi tanınmış dövlət xadimlərinə qədər – imza atmışdılar ki, kimliyindən asılı olmayaraq, hansısa bir amerikalı İranda cinayət törədərsə, məsuliyyətə cəlb olunmayacaq. Bu o deməkdir ki, əgər amerikalı bir çavuş yüksək rütbəli bir iranlı zabitin, məsələn, bir polkovnikin üzünə sillə vurarsa, o polkovnikin qarşılıq verməyə haqqı yox idi. Bu  bir yana qalsın, həmin çavuş burada məsuliyyətə də cəlb edilə bilməzdi. Onu mütləq Amerikaya aparmalıydılar və orada hansısa bir məhkəmə onun işinə baxmalıydı ki, görsün, həmin çavuş yaxşı bir iş görüb, yoxsa pis bir iş görüb? Bundan da artıq zillət?! İmam (r) buna etiraz etdi.

İmam (r) həmin çıxışında Amerikanın İran ordusu, höküməti və ölkəsi üzərindəki bu təhqiredici hegemoniyasına qarşı çıxdı. İnqilab orduya kimlik qazandırdı. Ordu da öz növbəsində bacarığını nümayiş etdirdi və başıuca, müstəqil orduya çevrildi. Gözlənilmədən Müqəddəs Müdafiə kimi bir təcrübə qarşıya çıxdı və ordu da Müqəddəs Müdafiənin ön cərgələrində iştirak etdi. Şəhid verdi, döyüşdü, fəallıq göstərdi. Söhbətlərimdə bu hadisələrlə bağlı dəfələrlə çoxlu xatirələr danışmışam. Bu gün ölkəmizin tarixində Səyyad, Babayi, Səttari və başqaları kimi minlərlə parlaq ulduz parlayır. Bunlar adlı-sanlı şəxsiyyətlərdirlər. 

Bu gün ordu nə etməlidir? Mən bunu soruşuram: Bu gün ordunun ən mühüm vəzifəsi nədir? Cavab budur ki, bu gün ordunun ən mühüm vəzifəsi özünü gücləndirməkdir. Özünü gücləndirmək ordunun ən önəmli öhdəliyidir. Ordu həm canlı qüvvə, həm silahlanma, həm təlim, həm də döyüş və müdafiə hazırlığı baxımından öz gücünü artırmalıdır. Münaqişə olmadığı vaxtlarda hərbi təşkilatların ən mühüm vəzifəsi məhz budur. Təşkilatda mövcud ola biləcək zəif cəhətləri, boşluqları tapıb üzərində işləməli, özünü gücləndirməlidir. Ordu günü-gündən güclənməlidir. İstər Müdafiə Nazirliyində, istər orduda, istərsə də Keşikçilər Korpusunda neçə illərdir başlayan bu innovasiya prosesi, innovativ quruculuq mütləq davam etməlidir. Sevindirici haldır ki, hərbi təşkilatlarımız, eləcə də hərbi sənayemiz öz bacarıqlarını sübut etdilər və göstərdilər ki, böyük işlər görə bilərlər. Siz indiyə kimi gördüyünüz o böyük işlərdən daha da böyüyünü görə bilərsiniz. Ölkənin müdafiəsi sizin amallarınızın sərlövhəsi olmalıdır, bu isə yalnız hərbi təşkilatların güclənməsi ilə mümkündür. İslam Respublikası Ordusunun güclənməsi istiqamətində 19 Bəhmən hərəkatının bizə öyrətdiyi həmin motivasiya, cəsarət, təşəbbüskarlıq və düzgün hesablama ilə irəliləməli, işləri mütləq davam etdirməlisiniz, inşallah.

İndi isə danışıqlar haqqında. Neçə vaxtdır ki, qəzetlərdə, virtual məkanlarda, bəzilərinin çıxışlarında “dövlətin danışıqlar aparması” haqqında söhbətlər gedir. İstər ölkə daxilindəki,  istərsə də xaricdəki debatçıların nəzərdə tutduqları “danışıqlar” Amerika ilə danışıqların aparılmasıdır. Amma onlar sadəcə “danışıqlar” sözünü işlədirlər, “danışıqlar aparmaq yaxşıdır” deyirlər. Sanki kimsə danışıqların yaxşı olduğunu qəbul etmir! Bu gün İİR-nın Xarici İşlər Nazirliyi ən aktiv nazirliklərdən biridir. İşi elə budur, dünya ölkələri ilə – Şərq, Qərb, hər yer ilə – danışıqlar aparır, görüşlər keçirir, fikir mübadiləsi aparır, müqavilələr bağlayır. Bu məsələdə yeganə istisna Amerikadır. Təbii ki, sionist rejimin adını istisna kimi çəkmirəm, çünki o, dövlət deyildir. Sionist rejim həqiqətdə bir torpağı qəsb edib, cinayətlər törədən cinayətkar bir bandadır. O, müzakirə obyekti ola bilməz. İstisna – Amerikadır.

Niyə görə istisnadır? Səbəbi nədir? Əvvəla, Amerika ilə danışıqların ölkə problemlərinin həllində heç bir təsiri olmayacaq. Biz bunu düzgün anlamalıyıq. Bizdə belə bir təsəvvür yaratmasınlar ki, əgər o dövlətlə danışıqlar masasına otursaq, bu və ya digər problemlərimiz həll olunacaq. Xeyr. Amerika ilə danışıqlar nəticəsində heç bir problem öz həllini tapmayacaq. Sübut? Təcrübə. Biz 1390-cı illərdə (red: 2011) Amerika ilə təxminən iki ilə yaxın oturub danışıqlar apardıq. Əlbəttə, bu danışıqlarda təkcə Amerika deyildi, bir neçə başqa ölkə də vardı, amma əsas Amerika idi. Bizim o vaxtkı hökümət oturub danışıqlar apardı, get-gəl etdi, oturub-qalxdı, danışdılar, güldülər, əl sıxdılar, dost oldular, hər şey etdilər, sonda bir müqavilə də tərtib olundu. (5) Bu müqavilədə İran tərəfi çox böyük səxavət göstərib, qarşı tərəfə bir çox böyük imtiyazlar tanıdı. Amma amerikalılar həmin müqaviləyə əməl etmədilər. Hal-hazırda hakimiyyətdə olan şəxs (6) bu müqaviləni yırtıb atdı. Demişdi ki, yırtıb atacağam və etdi də. Yəni əməl etmədilər. O, hakimiyyətə gəlməmişdən əvvəl müqavilə hansı hökümət ilə bağlanmışdısa, o da müqaviləyə əməl etmədi. Müqavilə Amerikanın qoyduğu sanksiyaların aradan qaldırılması məqsədi daşıyırdı, amma sanksiyalar götürülmədi. BMT isə xirtdəyə keçən sümük kimi İranın başı üstündə daimi təhdid kimi saxlanıldı. (7) Bu müqavilə, fikrimcə, iki il – az, ya çox – çəkən danışığın nəticəsi idi. Bu, elə təcrübədir. Bu təcrübədən istifadə etməliyik. Danışıqlar apardıq, imtiyazlar tanıdıq, kompromisə getdik, amma bütün bunlara baxmayaraq, nəzərdə tutduğumuz nəticəni əldə etmədik. Həmin müqaviləni, o qədər iradlarına rəğmən, qarşı tərəf ləğv etdi, yırtdı. Belə bir dövlətlə danışıq aparılmamalıdır; bu danışıq məntiqə, uzaqgörənliyə və şərəfə ziddir. 

Sözsüz ki, bizim ölkə daxilində bir sıra problemlərimiz var. Kimsə problemlərin mövcudluğunu inkar etmir. İnsanların dolanışığında problemlər çoxdur. Demək olar ki, xalqın müxtəlif təbəqələrinin bir çoxunun sıxıntıları, problemləri var. Amma bu problemləri həll edən amil – daxili amillərdir. Daxili amillər bunlardır: məsuliyyətli rəhbərlərin səyi və həmrəy olan xalqın yardımı. Bunu – xalqın həmrəyliyini – inşallah, qarşıdakı günlərdə baş tutacaq yürüşdə görəcəksiniz. Hər il keçirilən 22 Bəhmən yürüşü ölkəmizdə milli birliyin təzahürüdür. Ayıq xalq və yorulmaq bilməyən məsul şəxslər! Bizim problemlərimizi həll edəcək amillər bunlardır. Allaha şükürlər olsun ki, məsul şəxslər çalışırlar, bir sıra işlər görürlər. Çox inanıram ki, bu möhtərəm hökümət xalqın problemlərini ən azından minimuma endirəcək və çətinlikləri aradan qaldıracaqdır. 

Amerikalılar oturub kağız üzərində dünya xəritəsini dəyişirlər. Təbii ki, bu, yalnız kağız üzərindədir, əslində isə heç bir reallığı yoxdur. Bizim haqqımızda da fikir bildirir, danışır və təhdid edirlər. Bizi təhdid edərlərsə, biz də onları təhdid edəcəyik. Əgər bu təhdidi reallaşdırarlarsa, biz də reallaşdıracağıq. Xalqımızın təhlükəsizliyini pozmağa qalxsalar,  biz də heç tərəddüd etmədən onların təhlükəsizliyini pozacağıq. Bu, Qurandan və İslam göstərişlərindən mənimsənilmiş davranışdır və bizim öhdəmizə düşən bir vəzifədir.  İnanıram ki, Allah-Taala vəzifələrimizi həyata keçirməkdə bizə kömək edəcək.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

___________________

(1) 19.08.1357 (red: 08.02.1979) tarixində HHQ-nin şəxsi heyətinin İmam Xomeyni ilə tarixi beyətinin ildönümündə keçirilən bu görüşün əvvəlində İİR-nın HHQ komandanı briqada generalı Həmid Vahidi məruzə ilə çıxış etmişdir. 
(2) “Həşr” surəsi, 2-ci ayə
(3) O cümlədən 19.11.1382 (red: 08.02.2004) tarixində HHQ komandir və işçi heyəti ilə olan görüşdəki çıxış
(4) “Səhifeyi-İmam”, c.1, səh. 415, 04.08.1343 (red: 26.10.1864) tarixində ictimaiyyət qarşısındakı çıxış
(5) (HBFP) Hərtərəfli Birgə Fəaliyyət Planı müqaviləsi  
(6) ABŞ prezidenti Donald Tramp
(7) “Mübahisələrin həlli mexanizmi” və ya “Maşa mexanizmi”nə əsasən HBFP müqaviləsinin tərəflərindən biri öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı BMT-yə şikayət edərsə, TŞ-nın İİR əleyhinə qəbul etdiyi bütün qətnamələr avtomatik olaraq işə düşəcək və TŞ-na üzv dövlətlər üçün icrası vacib olacaq.