Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkənin müdafiə sənayesinin alimləri, mütəxəssisləri və məsul şəxsləri ilə görüşündəki çıxışı

بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و
علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz. İlk öncə həqiqətən ümumbəşəri bir bayram olan Həzrət Bəqiyyətullahın (ə.f) mübarək mövludu münasibətilə sizi təbrik edirəm. Ədalət müjdəsi, ədalətin bərqərar olmasına ümid bəsləmək tarix boyu bəşəriyyətin arzu və istəklərindən biri olmuşdur. Bəşər tarixində elə bir dövr tapa bilməzsiniz ki, insanlar ədalətin intizarında, xilaskarın arzusunda olmasınlar. Şiə inancına əsasən, bu arzu bir gün mütləq həqiqətə çevriləcək. Əlbəttə, şiələr və qeyri-şiələr Həzrət Mehdinin (ə.f) varlığına şübhə etmirlər. Bu barədə hamı həmfikirdir. Amma şiəliyin özəlliyi ondadır ki, şiə Həzrət Mehdinin (ə.f) kim olduğunu xüsusiyyətləri ilə, adı ilə, ata-anasının adı ilə tanıyır. Bu, bizə aid olan özəlliklərdən biridir. Ümid edirəm ki, bir gün bu əziz İmamın (ə.f) ziyarəti ilə gözlərimiz nurlanacaq. 

Həmçinin sizi “22 Bəhmən” münasibətilə də təbrik edirəm. “22 Bəhmən” doğrudan da xalqımız üçün, tariximiz üçün böyük bir bayamdır. İranın İnqilabdan əvvəlki, monarxiya dövründəki vəziyyətindən xəbəri olan hər kəs səmimiyyətlə etiraf edir ki, İran xalqı üçün İnqilab böyük və tarixi bir bayram idi. Və xalqımız belə bir günü bayram olaraq qeyd edir. Siz dünyanın heç bir yerində bunun analoqunu görə bilməzsiniz. Dünya tarixində bir çox böyük inqilablar baş vermişdir. Amma bu inqilablar arasında elə bir inqilab baş verməyib ki, 46 il sonra hər il həmin gündə – silahlı qüvvələr deyil, hökumət rəsmiləri deyil – geniş xalq kütləsi xiyabanlara axışaraq öz sədaqətini göstərsin, şadyanalıq etsin, bu günü ehtiramla yad etsin. Bu, buraya məxsusdur. Biz digər inqilabları da tanıyırıq, onların tarixçələrini, gedişatlarını, qoyduğu təsirləri, nəticələri bilirik; vətəndaşlarının həmin inqilablara olan münasibətlərindən də tamamilə xəbərdarıq. İranda mövcud olan bu vəziyyət – yəni bəhmənin 22-də soyuq, qarlı, şaxtalı, əlverişsiz hava şəraitinə baxmayaraq, müxtəlif təbəqələrdən olan qadın və kişilərin, uşaq, gənc və yaşlıların saatlarla küçələrdə yürüş edib bu günü bayram olaraq qeyd etmələri – bütün bunlar İran İslam Respublikasına məxsusdur.

Sonuncu “22 Bəhmən” yürüşü isə İnqilabın ən təntənəli, ən mühüm yürüşlərindən biri oldu. Xalq bazar ertəsi günü həqiqətən qiyam etdi. Küçələrə axışmaq, şüarlar səsləndirmək, ürək sözlərini dilə gətirmək, media vasitəsilə öz fikirlərini açıqlamaq və s. bütün bunlar ölkənin dörd bir yanında baş verdi. Bu, xalq qiyamı idi; böyük bir milli hərəkat idi. Düşmənin təbliğat bombardmanı, məkrli yumşaq müharibəsi və media hücumlarının altında – yəni “22 Bəhmən”ə, bu cərəyanın sahibi İran xalqına, həmin hərəkatın qəhrəmanı dahi İmama (r.ə) qarşı yönəlmiş təbliğatlara baxmayaraq – xalq gəlib özünü bu cür göstərdi. Gənclərin bu cür iştirakı, şən üzləri, bu yürüşün ölkənin dörd bir yanında keçirilməsi, təkcə Tehran və böyük şəhərlərdə deyil, hətta kəndlərdə də keçirilməsi – bir çox şəhərlərdə hava soyuq və olduqca əlverişsiz idi – bütün bunlar İran xalqının birlik mesajı idi. Həqiqətən İran xalqı böyük iş gördü. İran xalqına qarşı daim, bir-birinin ardınca təkrarlanan bu axmaq təhdidlər qarşısında İran milləti öz kimliyini, şəxsiyyətini, bacarıq və sarsılmazlığını hamıya nümayiş etdirdi. Bu böyük xalq  hərəkatını möhtərəm prezidentin aydın və əhəmiyyətli sözləri tamamladı; xalqın adından xalqın ürək sözlərini dilə gətirdi, deyiləsi olan hər şeyi dedi. Mən məni dinləyənlərə, bütün qəlbimlə bağlı olduğum və dərin məhəbbət bəslədiyim gənclərimizə həmişə bunu deyirəm: işi vaxtında görmək lazımdır. İran xalqı bazar ertəsi günü işi tam vaxtında gördü. İşi görməli olduğu vaxt gördü və özünü göstərməli olduğu vaxtda göstərdi. Allahın mərhəməti bu xalqın üzərinə olsun! İnanıram ki, bu cəsur, savadlı və ayıq xalqı bir-birindən daha gözəl olan gələcək gözləyir. 

Bu gün bir az əvvəl yaxından gördüyüm bu sərgi, ən gözəl və ən yaxşı sərgilərdən biri idi ki, arabir görürəm. Bu sərgidə keçirdiyimiz bu saat mənim üçün həqiqətən könülaçan bir saat oldu. Bu sərgi ölkənin müdafiə sahəsində görülən ən böyük işlərin bir hissəsini nümayiş etdirdi. Sizin hər biriniz və müdafiə qurumlarına aid sahələrdə – istər Müdafiə Sənayesi Komitəsi, istərsə də digər qurumlar olsun – çalışan digər şəxslər bu sərginin iftixarında şəriksiniz. Hər birinizə səmimi qəlbdən təşəkkür edirəm. İran xalqı sizin hər birinizə minnətdar olmalıdır. Çünki xalqın müdafiəsi, təhlükəsizliyinin qorunması kiçik məsələ deyil.

Bu gün ölkəmizin müdafiə gücü dillərdə gəzir; bu gün İranın müdafiə gücü artıq hamıya məlumdur. İranın dostları onun bu müdafiə gücü ilə fəxr edir, düşmənləri isə bu hərbi qüdrətdən qorxurlar. Bu qüdrət bir xalq üçün, bir ölkə üçün çox əhəmiyyətlidir. Önəmli olan odur ki, bir zamanlar, müdafiə gücünə ehtiyac duyduğumuz vaxtlarda, bunun üçün iki qat və ya daha artıq məbləğ ödəməyə hazır olduğumuz halda, dünyanın hegemon qüvvələri, quldurları – onlar hələ də var – dərhal “satmırıq” deyirdilər! Satmaq istəyənlərə də, satmağa imkan vermirdilər. “İrana satmırıq” deyirdilər. Bu gün isə həmin hegemon qüvvələr İrana “satmayın” deyirlər! O “satmırıq” mərhələsindən bu “satma” mərhələsinə qədər çox uzun bir məsafə var. Həmin boşluğu aradan qaldıra bilən alimlərimizin, fəallarımızın, zəhmətkeşlərimizın, məharətli əllərimizin, gənclərimizin, igidlərimizin üstün zəkası oldu. Bu gün müdafiə baxımından vəziyyətimiz yaxşıdır. Bu sərgi də bildiklərimizdən daha çox şeyləri bizə göstərdi və eşitdiklərimizi göz önündə sərgilədi. Ən önəmlisi də odur ki, bütün bunlar sanksiyalar zamanında baş verdi. Bu nailiyyətlər bizim sanksiyaya məruz qaldığımız dövrdə baş verdi; yəni “satmırıq” dövründə, bizə nəyisə vermyə hazır olmadıqları vaxtda baş verdi. İndi də “hər hansısa qurğu detallarının İranın əlinə keçməsinə imkan verməyin” deyə, bir-birilərinə tapşırıq verirlər. Amma artıq ən yaxşısını buradaca öz gənclərimiz istehsal edir. Allaha şükürlər olsun, vəziyyət yaxşıdır, ürəkaçandır. Sizin hər birinizə – məsullara, görkəmli şəxslərə, hörmətli professor və adlı-sanlı alimlərin hər birinə səmimi qəlbdən təşəkkür edirəm. 

Bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Birinci məqam budur, bu gün əldə etdiyimiz bu nailiyyətlər bizim müdafiə gücümüzün səviyyəsini artırıb. Amma bu o demək deyil ki, biz “Allaha şükürlər olsun, artıq məsələ bitdi” deyib, arxayınlaşmalıyıq. Xeyr. Biz sıfırdan başladığımıza görə bir çox işlərin görülməsinə baxmayaraq, bir çox sahələrdə hələ də ön xəttə çatmamışıq. Biz həmin ön xəttə çatmalıyıq. Nəyə görə? Çünki bir çox sahələrdə bədxahlarımız öndədirlər. Bəs biz də özümüzü düşmənlərimizdən müdafiə etməyi bacarmalıyıq. Bu isə ön xəttə çatmadıqca mümkün deyil. Belədir. Bu haqda Qurani-Kərim bizə lazımi dərsi verir: 

وَاَعِدّوا لَهُم مَا استَطَعتُم‌

“Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin”. (2)

Burda qeyd olunan مَا استَطَعتُم  (“bacardığınız qədər”) ifadəsi çox önəmlidir. Demək istəyir ki, nə bacarırsınızsa, edin. Bacardığınız qədər özünüzü hazırlayın! Bu sözün verdiyi məna budur ki, neçə illər bundan əvvəl başlamış olduğumuz və müxtəlif sahələrdə müsbət nəticəsini müşahidə etdiyimiz bu hərəkatı – hörmətli nazir onlardan bəzisinin adını çəkdi, bəzisini də sərgidə gördük – inkişaf etdirməli, genişləndirməliyik. Bu iş davam etdirilməlidir. Bu birinci məqam. İnkişaf dayandırılmamalıdır; heç bir şeylə kifayətlənməməliyik. Məsələn, tutaq ki, bir vaxtlar raketin dəqiqliyi haqqında qarşımıza müəyyən bir hədd qoymuşduq, indi isə hiss edirik ki, o hədd yetərli deyil. Kifayət etmir! Odur ki, daha da qabağa getmək lazımdır, daha da irəliləməliyik! Bu, birinci məqam: inkişaf davam etdirilməlidir. 

İkinci məqam: İnkişafa nail olmaq istəyirsinizsə, yenilikləri qarşınıza məqsəd qoymalısınız. İnnovasiyaları diqqət mərkəzində saxlamalısınız. Mövcud texnologiyaların istehsalı üzərində dayanmayın. İnnovasiyada məhdudiyyət yoxdur. Yenilik lazımdır. Başqalarının istehsal etdiyi hansısa bir qurğunu, bizim də istehsal etməyimiz, ya təkmilləşdirməyimiz, ya da bir az daha inkişaf etmiş hala gətirməyimiz kifayət etməz. Onların həyata keçirmədiyi işləri görməlisiniz. Təbiət aləmində bizim bilmədiyimiz bir çox imkanlar var. Bir zamanlar insanlar elektrik enerjisi haqqında heç nə bilmirdilər. Halbuki bu, dünyada qədim zamanlardan bəri mövcuddur. Elektrik enerjisi təbiətdə mövcud idi; insanın ondan xəbəri olmayıb, onu sonradan kəşf etdi. Təbiətdə bu kimi saysız imkanlar var. Elmi inkişaflara baxın, gündən-günə dəyişir. Bir vaxtlar internet yox idi, sonradan yarandı. Sonradan internetin hər cür əlavə imkanları meydana çıxdı.  Bir vaxtlar süni intellekt də yox idi, o da sonradan meydana çıxdı. Bunlar bir faktdır. Bəzi insanlar diqqətini nəyəsə cəmlədikdə beyinlərində bir qığılcım yaranır, onun üzərində işləyir, ardınca gedir və müəyyən nəticələr əldə edirlər. Bunların ardınca gedin. İnnovasiya – bu deməkdir. İnnovasiya əvvəlki işləri təkmilləşdirməkdən fərqli bir prosesdir. Əgər sözün əsl mənasında inkişafın baş verməsini istəyirsinizsə, yenilik etməlisiniz. Bu da ikinci məqam. 

Sözsüz ki, bu sahədə gənc, imanlı, inqilabçı, alim və istedadlı qüvvələr işə cəlb olumalıdır. Ona görə “gənc olsun” deyirəm ki, gəncin bacarığı, zəkası var. Ona görə “imanlı olsun” deyirəm ki, iman hissi insana güc verir, enerji verir, insanı düzgün istiqamətdə, doğru yolda sabit saxlayır. “İnqilabçı olsun” dedikdə, bu nəhəng dəyişikliyə, yəni inqilabın bərəkəti sayəsində ölkədə baş verən bu siyasi-ictimai dəyişikliyə inancının olmasını nəzərdə tuturam. Bu kimi yenilikləri bu xüsusiyyətləri daşıyanlar həyata keçirə bilər, yarada bilərlər. 

Üçüncü məqam: Silahlı qüvvələrin elmi-tədqiqat mərkəzlərində ölkənin müdafiə ehtiyaclarının təmini diqqət mərkəzində saxlanılmalıdır. Yəni hədəf “müdafiə ehtiyaclarını təmin etmək”, “boşluqları doldurmaq” olmalıdır. Bunu niyə deyirəm? Ona görə ki, ölkənin bəzi universitetlərində professorların, alimlərin səyləri ancaq məqalələrin yazılmasına, çap edilməsinə yönəlib. Həmin məqalələrin ölkənin hansı boşluqlarını doldurması onları heç maraqlandırmır da. Ancaq bəzən elə bir məqalə yazılır ki, bizdən çox başqaları ondan yararlanır. Sanki digərlərinin ehtiyacını aradan qaldırmaq üçün yazılıb. Silahlı qüvvələrin elmi-tədqiqat mərkəzləri bu kimi mənfi halların yaranmasının qarşısını almalıdır. Sadəcə baxın, görün nələrə ehtiyac duyuruq, müdafiə sahəsindəki ehtiyaclarımız haradadır, bunun da üzərində işlənilsin, bu, diqqətdə saxlanılsın və bununla bağlı tədqiqat, araşdırma aparılsın. 

Bu gün sahib olduğunuz bu gözəl ideayalar, araşdırma qabiliyyəti, yaratmaq, təşəbbüskarlıq və yenilikçilik bacarığı bütün bunlar İlahi nemətdir. Bu nemətlərə görə şükür edin və bilin ki, bunları bizə verən Allah-Taaladır: 

ما بِنا مِن نِعمَةٍ فَمِنکَ لا اِلٰهَ اِلّا اَنت

“Hər nemətimiz Səndəndir və Səndən başqa məbud yoxdur”. (3)

Bütün nemətləri bizə verən Uca Allahdır, odur ki, şükür edin. Bu nemətlərin şükrü isə Allah-Taalaya qəlbən və dildə şükür etməklə yanaşı, həm də Onun sizə bəxş etdiyi bu imkanlardan istifadə etməkdir. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 

______________________

(1) Görüşün əvvəlində briqada generalı Əziz Nəsirzadə (Müdafiə Naziri) məruzə ilə çıxış etmişdir. Həmçinin görüşdən əvvəl Ali Məqamlı Rəhbər Xamenei ölkənin müdafiə sənayesi üzrə alim və mütəxəssislərin ən son nailiyyətlərini özündə əks etdirən “İqtidar 1403” sərgisini ziyarət etmişdir. 
(2) “Ənfal” surəsi, 60-cı ayədən
(3) “Misbahul-mutəhəccid və səlahul-mutəəbbid”, c. 1, səh. 75