بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ. وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِیالْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Bu görüşün yenidən təşkilinə görə, bu ürəkaçan, gözəl görüşə və sizi dinləmək mənə nəsib olduğuna görə Allah-Taalaya şükür edirəm. Habelə Quran qarilərinin sayının daima artması üçün də Uca Allaha şükür edirəm. Bu gün gözümüz işıqlandı, nurlandı; dinlədiyimiz tilavətlərdən həqiqətən də zövq aldıq. Başqa-başqa şəhərlərdən gələn müxtəlif yaşlarda və fərqli qiraət üslubları ilə qiraət edən qariləri dinlədik, hamısı da Qurana bağlı, hamısı da qaridirlər. Cənab Ruhaninejadı da görməyimə çox şadam. (2) Qırx ildən artıq bir müddətdən sonra yenidən onun səsini eşitdim. Gənc yaşlarında, cənab Muxtarinin (Allah ona rəhmət etsin) (3) tələbəsi olduğu vaxtlarda o, qeyri-adi səsə malik idi. Allaha şükürlər olsun, elə bir səsi vardı.
Ramazan ayının gəlişi münasibətilə sizi təbrik edirəm. Bu ay möminlər və qədirbilənlər üçün həqiqətən də böyük bayramdır. Uca Allahdan təmənna edirəm ki, bu Ramazan ayını bütün İran xalqına və sizə həqiqi bayram etsin, mübarək etsin.
Fikrimcə, önəmli olan məsələ cəmiyyəti – ilk növbədə öz cəmiyyətimizi – Quranın bitməz-tükənməz çeşməsindən sirab etməkdir. Bizim buna ehtiyacımız var, özü də çox ciddi ehtiyacımız var. İstər şəxsi həyatımızda, yəni əxlaq və davranışlarımızda, mənəviyyatımızda, istərsə də birgə yaşayışımızda müəyyən nöqsanlar vardır ki, bunlar Quranla aradan qalxa, həll oluna bilər. Birgə yaşayışımızın bir hissəsi cəmiyyət daxili münasibətlərdir, yəni bir-birimizlə olan münasibətlərimiz, əməkdaşlığımız, qarşılıqlı əlaqələrimiz və bir-birimizə olan sevgidir. Digər bir hissəsi isə cəmiyyətimizdən, sərhədlərimizdən kənarda olanlara yanaşmadır. Bunlar bizim qarşılaşdığımız məsələlərdir. Bu sferaların hamısında – həm fərdi, həm cəmiyyət daxili, həm də cəmiyyətdən kənar ictimai məsələlərdə – Quran vasitəsilə həll olunacaq bir sıra problemlərimiz var. Bu yolda Quran bizə bələdçilik edə, yardım əlini uzada bilər.
Bu gün cəmiyyətdən kənar münasibətlərdə İran xalqı kafir və münafiq super-güclərin geniş bir cəbhəsi ilə üz-üzədir. Vəziyyət belədir. Bizim xalqlarla heç bir problemimiz yoxdur. Xalqlar bir-birinə ya qardaşdırlar, ya da əgər yaddırlarsa, bir-biriləri ilə işləri yoxdur. Ölkələrlə, xalqlarla işi olanlar super-güclərdir. Bu gün biz super-güclərin geniş cəbhəsi ilə qarşı-qarışya duran ölkələr sırasındayıq. Elə isə onlarla necə davranmalıyıq? Onlarla necə davranmalı olduğumuz Qurani-Kərimdə öz əksini tapmışdır: Hansı mərhələdə onlarla müzakirə etməliyik? Hansı mərhələdə əməkdaşlıq üçün əlimizi uzatmalıyıq? Nə vaxt yumruqla ağızlarına vurmalıyıq? Nə zaman üstlərinə qılınc çəkməliyik? Bütün bunlar Qurani-Kərimdə açıqlanmışdır.
Cəmiyyət daxili ictimai məsələlərdə – münasibətlərdə – siz də yaxşı bilirsiniz ki, İslam dini nöqteyi-nəzərindən İslam cəmiyyətinin formalaşmasında tövhid (təkallahlıq), Allahı tanıma və Allah-Taala ilə rabitədən sonra ən önəmli mövzu “ədalət” mövzusudur, sosial ədalət məsələsidir. Peyğəmbərlər “tövhid”dən sonra insanları ədalət qədər heç bir məsələyə dəvət etməmişlər. Sosial ədalət sahəsində bizim çox problemlərimiz var ki, onların həll yolu Qurandadır. Şəxsi məsələlərdə əxlaqi-mənəvi xəstəliklərimiz var. Tək biz deyil, bu gün bütün bəşəriyyət əxlaqi-mənəvi xəstəliklərə tutulub. Paxıllıq, bədgümanlıq, tənbəllik, nəfsi istəklər, eqoistlik, öz maraqlarını başqalarının maraqlarından üstün tutmaq kimi xəstəliklərə düçar olublar. Belə xəstəliklər var. Bu xəstəliklər bizim öz aramızda da var. Biz İslam dininə mənsub toplumuq. Müəyyən sferalarda inkişafa nail olsaq da, eyni zamanda bu xəstəliklər bizdə də var. Müalicəsi isə Qurandadır. Əgər Quran düzgün oxunarsa – bu məsələyə qısaca toxunacağam – və dinlənilərsə, bu xəstəliklər aradan qalxar.
Quran bu xəstəliklərin çarəsini həm bizə açıqlayır – diqqət edin – və yolu göstərir, həm də bizdə motivasiya yaradır. Bu, mühüm nüansdır. Bir çoxları yolu tanısa da, motivasiyaya sahib deyillər, mental və əxlaqi sistemlər onlarda motivasiya yarada bilmir. Quran isə əksinə, motivasiya verir. Əgər Quran gözəl oxunarsa, biz də yaxşı dinləyib diqqət edəriksə, o zaman böyük nəticələr əldə edəcəyik və bu xəstəliklər aradan qalxacaq. Quran bu barədə buyurur:
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَ يُزَكِّيهِمْ وَ يُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ...
“Ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər...” (4)
Peyğəmbər (s) ayələri tilavət edir, oxuyur. Tilavətin nəticəsi nə olur? Təzkiyə. Yəni oxunulan ayələr nəfsin təmizlənməsinə səbəb olur. “Təzkiyə” nə deməkdir? Təzkiyə – ruhun, qəlbin şəfa tapmasıdır. Təzkiyə, bu deməkdir. Bu yolla insanın qəlbi, ruhu, varlığı adını çəkdiyim o xəstəliklərdən şəfa tapır. Bu, olur “təzkiyə”. Quran belə bir iş görür. Quran tilavəti nəfsin təmizlənməsinə səbəb olur. Ayənin davamında buyurulur ki, (Peyğəmbər) onlara Kitabı öyrətdi. “Kitab” dedikdə, nə nəzərdə tutulur? Kitab – fərdi və ictimai yaşayış modeli deməkdir. Allah-Taala Qurani-Kərimdə və dini mətnlərdə bunu “haqq” adlandırmışdır. Kitab – fərdi və ictimai həyatın ümumi yaşayış modelidir. Fərdi və ictimai həyat tərzi bir məcmuədir ki, “Kitab” onu özündə ehtiva edir, onu açıqlayır. Başqa sözlə, “Kitab” fərdi və ictimai yaşayış modelinin digər bir adıdır. Həmçinin (Peyğəmbər) onlara hikməti öyrətdi. “Hikmət” nə deməkdir? Hikmət – varlıq aləminin həqiqətini tanımaq, anlamaqdır. Yəni insan varlıq aləminin mahiyyətini tanısın. Quranı tilavət etmək bizə bunları öyrədir.
Deməli, Peyğəmbər (s) bu bir neçə işin həyata keçməsi üçün insanlara Quran oxuyurdu: nəfsin təmizlənməsi, Kitabın təlimi və hikmətin təlimi. Siz qarilər hansı işi görürsünüz? Siz də Peyğəmbərin (s) gördüyü işi görürsünüz. Siz də Quranı oxuyursunuz. Quranın tilavəti Peyğəmbər (s) işidir. Quranın tilavəti bu qədər əhəmiyyətlidir. Siz də Quran maarifini insanların möhkəm əqidəsinə çevirə bilərsiniz. Quranda minlərlə mühüm mövzu var. Məsələn:
لِیَقُومَ النَّاسُ بِالْقِسْطِ
“...İnsanlar bir-biri ilə ədalətlə rəftar etsinlər”. (5)
خُذِ الْعَفْوَ
“Sən bağışlama yolunu tut...” (6)
اُذْکُرُوا اللهَ ذِکْرًا کَثِیرًا
“Allahı çox zikr edin”. (7)
Bu ayələrin hamısı ayrı-ayrılıqda bir mövzudur, bir fəsildir. Sizin düzgün tilavətinizin nəticəsində bu maarif insanların möhkəm əqidəsinə çevriləcəkdir. İnsanlar qəbul edəcəklər ki, ədalətlə davranmalıdırlar, Allahı çox yad etməlidirlər, din qardaşlarını bağışlamalıdırlar, Allah yolunda cihad etməlidirlər (8) və bu kimi Qurani-Kərimdə mövcud olan təlimlərə əməl etməlidirlər. Bu, mübaliğə deyildir, Quranda bu kimi minlərlə mövzu vardır. Bu maarif cəmiyyətimizin möhkəm əqidəsinə çevrilə bilər. Hansı iş bunu görə bilər? Yaxşı tilavət. Belə olduqda, insanların Quran bilikləri artacaq və nəticədə, onlar Quranın buyurduğu kimi düşünəcəklər. Adətən, insan necə düşünürsə, elə də hərəkət edir, elə də addımlayır. Odur ki, Qurani-Kərimin tilavəti və sizin gördüyünüz bu iş belə bir əhəmiyyətə malikdir, belə bir möcüzə yaradır, belə bir böyük işi həyata keçirir. Amma bunlar Quran tilavətinin qaydalarına riayət etməklə reallaşır. Şərti budur. İşinizi ağırlaşdıran da elə budur. Siz Quran tilavətinin qaydalarına riayət etməlisiniz.
Birinci qayda budur ki, bilməlisiniz, Quran oxuduğunuz zaman – istər evdə, istərsə də burada və ya başqa bir yerdə – Allahın hüzurundasınız, bizə Onun kəlamını oxuyursunuz. Diqqət etməlisiniz ki, Onun hüzurunda Onun Kəlamını bizə çatdırırsınız. Bu yanaşma sizə xüsusi bir hiss bağışlayacaq. Bu, çox vacibdir. Bu, birincisi.
(İkinci qayda.) Qurani-Kərimi mənasına diqqət edərək oxumalısınız. Bu gün mən müşahidə etdim ki, bəzi qardaşlar bu qaydaya lazımınca əməl edirdi, ayələrin mənasına diqqət edərək oxuyurdular. Bəzən mənaya diqqət edilmir, belə olan surətdə tilavət dinləyiciyə təsir bağışlamır. Əgər kəlamın mənasına diqqət etsəniz və hansı həqiqəti söylədiyinizi bilsəniz – mənaya diqqət bu deməkdir – o zaman kəlam dinləyiciyə təsir bağışlayacaq. Bir şəxs ərəbdilli ola bilər, ərəb dili onun ana dili ola bilər, amma Quran oxuduğu zaman mənaya diqqət etməyə də bilər. Demək istəyirəm ki, nə söylədiyimizi bilməliyik. “Mənaya diqqət etmək” – bu deməkdir.
Quranı tərtil ilə oxuyun. Əlbəttə, hal-hazırda “tərtil” dedikdə, Quran məclislərində bir neçə nəfərin bir araya gəlib Quran oxuması başa düşülür, “tərtil ilə oxuyuruq” deyirlər. Əslində, bu, tərtil deyildir.
وَ رَتِّلِ الْقُرآنَ تَرْتِیلًا
“Quranı tərtil ilə oxuyun” (9) dedikdə, Quranı başa düşərək, dərindən düşünərək, aram-aram oxumaq nəzərdə tutulur.
وَ قُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَی النَّاسِ عَلَیٰ مُکْثٍ
“İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə (ayə və surələrə) ayırıb göndərdik...”(10)
Tərtil, bu deməkdir. Tərtil məna ilə bağlı bir məsələdir. Nə iş gördüyünüzü, nə oxuduğunuzu, qarşı tərəfə nə çatdırdığınızı, hansı şəkildə çatdırdığınızı bilməlisiniz. Bu da mühüm məsələdir, bəlkə bir az sonra ona da toxunacağam. Tərtil, bu deməkdir. Əlbəttə, Quranı tanınmış qarilər və qiraət barəsində kitab yazanların arasında məşhur olan üslubla oxumaq geniş yayılıb. Quran tilavəti ya “təhqiq”, ya “tədvir”, ya da “hədr” (təhdir) şəklində oxunur. “Tədvir” orta həddir, bu gün biz bunu “tərtil” adlandırırıq. Bunun qiraət elmində adı “tədvir”dir. Bundan yuxarıda “təhqiq” dayanır, yəni sizin bu tilavətinizdir. “Tədvir”dən aşağı isə “hədr” və ya “təhdir”dir, yəni Quranı sürətlə oxumaq. Əgər Quran tərtil ilə oxunarsa – qeyd etdiyim mənada, hal-hazırda başa düşülən mənada deyil – o zaman təsir qoya biləcəkdir. Burada mən bir haşiyəyə də çıxım ki, bizim “tərtil” adlandırdığımız həmin “tədvir” şəklində Quran oxumaq özü də çox önəmli məsələdir və maraqlıdır.
Hal-hazırda ölkədə – Məşhəddə, Qumda, Cəmkəranda, Xuzistanda, Əhvazda, Təbəsdə və hər yerdə – Quran tilavətinin televiziyada yayımlanması çox dəyərli və təqdirəlayiq bir addımdır. Bəlkə də mən ayrı-ayrı qarilərin təcvid, vəqf və ibtida qaydalarına düzgün riayət edərək, hərfləri öz məxrəcindən gözəl və düzgün tələffüz edərək Quran oxuduqlarını gördüyüm vaxt keçirdiyim sevinc və böyük məmnunluq hissini sizə təsvir edə bilmirəm. Bu çox gözəl və yaxşı təşəbbüsdür. Bu iş nə qədər geniş hal alarsa, bir o qədər yaxşıdır. Hər halda, “tərtil” – qeyd etdiyim mənada – bizim tilavətimizin qarşı tərəfə təsir bağışlamasının şərtlərindən biridir.
(Üçüncü qayda.) Tilavət zamanı qarinin birinci hədəfi öncəliklə özünün bu tilavətdən bəhrələnməsi olmalıdır. Bilməlisiniz ki, Quran oxuduğunuz zaman ilk növbədə özünüzü, daha sonra dinləyicilərinizi bəhrələndirməlisiniz. Üçüncü mərhələdə isə Quranı mənaya uyğun avaz və intonasiya ilə oxumalısınız. Quranı bu gözəl intonasiya və səs, fərqli qiraət üslubları ilə oxumağın heç bir iradı yoxdur. Xoşbəxtlikdən, görürəm ki – televizorda yayımlanarkən dinləyirik və ya bu kimi yerlərdə müşahidə edirik – öz qarilərimizin çoxunun tilavəti, avazı təqlidi deyildir. Bu avazların müəllifi özləridir. Əvvəllər, İnqilabın ilk illərində qarilərimiz Misirin məşhur qarilərini – Əbdülbasiti, Müstafa İsmaili, Minşavini və digərlərini təqlid etməliydilər. Bu gün isə görürəm ki, belə deyildir. Sözsüz ki, təqlid etməyin iradı yoxdur. Hansısa avazı, hansısa yaxşı oxuyan bir qarinin səsini təkrar edib, öyrənib, onu təqlid etməyin heç bir iradı yoxdur. Hazırkı dövrdə isə ölkəmizdə Allaha şükürlər olsun, öz qarilərimiz yeni avazlar yaradıblar. Bu, bəzi qarilərimizdə müşahidə olunur. Beləliklə, əgər hədəfiniz birinci növbədə özünüzə, daha sonra dinləyicinizə təsir etmək olarsa – belə olan surətdə – dinləyicinizdə təslimiyyət hissi yaranacaq. Dinləyicidə Quran qarşısında təslimiyyət hissinin yaranması sizin tilavətinizə bağlıdır. Siz yaxşı tilavət etdikdə – “yaxşı” qeyd etdiyim mənada – dinləyicinin qəlbini təslimiyyətə sövq edirsiniz. Bu təslimiyyət hissi olduqca dəyərli və önəmli hissdir. Bu zaman dinləyicidə Allahı yad etmə halı yaranır:
اُذْکُرُوا اللٰهَ ذِکْرًا کَثیرًا. وَ سَبِّحُوهُ بُکْرَةً وَ اَصِیلًا
“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin!” (11)
Tilavətin təsiri nəticəsində sizdə yaranan bu zikr və təslimiyyət halı çox dəyərli bir haldır. Bizim buna ehtiyacımız var.
Əlbəttə, bizim ölkəmizdə, o cümlədən qeyri-ərəb ölkələrində mövcud problemlərdən biri mənanı anlamaqla bağlıdır. Bu problemi hansısa bir şəkildə həll etməliyik. Bu bizim problemlərimizdən biridir. Xoşbəxtlikdən, bu gün vəziyyət çox dəyişib. Qarilərimiz tilavət etdikdə, onların mənaya diqqət yetirdikləri, mənanı başa düşdükləri və insanla söhbət etdikləri anlaşılır. İnqilabın əvvəllərində belə deyildi, tilavət edirdilər, amma mənanı başa düşmürdülər. Nəticə isə bu olurdu ki, oxunuşda, intonasiyada, vəqf və ibtidada və s. çoxlu nöqsanlar yaranırdı. Allaha şükürlər olsun, bu gün vəziyyət yaxşıdır. İntəhası, bu, hamıya şamil olmalıdır. Yəni dinləyiciniz də Quranı eşitdikdə sizin nə dediyinizi başa düşməlidir. Heç olmasa nə dediyinizin məzmununu anlamalıdır. Bunun üçün müəyyən addımların atılmasına ehtiyac var. Bu, Təhsil Nazirliyinin, İslami Təbliğatlar Təşkilatının və Quran məsələlərinə aidiyyəti olan qurumların üzərinə düşür. Bu qurumlar, həqiqətən də effektiv üsullar, yollar araşdırıb tapmalıdırlar. Təbii ki, bu yollardan biri Quranın tərcüməsini yazmaqdır. Tərcümələr yazılır və bu, təqdirəlayiqdir. Digər yollar da var. Onları da axtarıb tapmaq lazımdır. Bunlar bir qarinin əməl etməli olduğu qaydalardır, qarinin mənəvi halıdır. Dediyim kimi, qari Quranın tilavət qaydalarına riayət edərək onu oxumalıdır.
Qarinin zahiri görkəmi də önəmlidir. Əvvəla, qari salehlərin görkəminə malik olmalıdır. İnqilabın əvvəllərində hansısa ölkələrdən bura gəlmək istəyən qaridən tələb etdiyimiz şərtlərdən biri saqqal saxlamaq idi. Onlar saqqalı qırxmağı haram hesab etmədiklərinə görə saqqalı qırxırlar. Din xadimidir, amma saqqalını qırxır. Onların qarşısında şərt qoyurduq ki, Tehrana gəldikdə bu işi görməyiniz qadağandır. Hamısı qəbul edirdi. Heç xatırlamıram ki, onlardan kimsə bu şərti qəbul etməsin. Çoxsayda qarilər gəlirdilər. Məşhur qarilər, başqa sözlə, dövrün tanınmış qarilərinin hamısı – onların əksəriyyəti hal-hazırda dünyasını dəyişibdir – saqqal saxlamışdılar. Onların heç biri nə öz ölkələrində, nə də getdikləri başqa ölkələrdə saqqal saxlamırdılar, amma burada saqqal saxlayırdılar. Salehlərin görkəminə malik olmaq çox önəmlidir. Bizim öz qarimiz də buna riayət etməlidir. Çünki saqqal saxlamaq salehliyin göstəricisidir. Ona görə də qari mütləq buna riayət etməlidir. Xüsusən də televizorda, yığıncaqlarda, məscidlərdə, ya da bu kimi başqa yerlərdə Quran oxumaq istəyən qarilər buna diqqət etməlidirlər.
Həmçinin geyim də önəmlidir. Xarici səfərlərə gedən dostlardan birinə bir dəfə dedim ki – müxtəlif ölkələrə gedən qarilərimiz isti qarşılanır, onları tərifləyirlər və bu səfərlərdə qarilərimizin bəzisi onların milli geyimlərini geyinirlər – niyə belə edirsiniz? Niyə onların geyimlərini geyinirsiniz? Siz iranlısınız. Elə öz kostyumunuzu geyinin. Çox istəsəniz, çiyninizə bir əba atın. Onların papağını qoymağa, ya geyimlərini geyinməyə, ya da hansısa misirli qarinin paltarını geyinməyə nə ehtiyac var?! Bunun özü müzakirə mövzusudur. Zahiri görkəminizi, yəni iranlılığı qoruyub saxlayın.
Digər bir məsələ, qiraət zamanı haram avazlardan istifadə etməməkdir. Buna diqqət edin. Keçən görüşdə – deyəsən, keçən ilki görüşdə idi (12) – bəzi qarilərin adını çəkdim. Dedilər ki, adını çəkdiyiniz həmin şəxsin çoxlu pərəstişkarı var. Bəli, pərəstişkarlarının çox olduğunu mən də bilirəm. Mənim özümün də onun oxumasından xoşum gəlir. İntəhası, bəzən görürsən ki, filan misirli xanəndənin oxumasından heç bir fərqi yoxdur. Eynilə o tərzdə oxuyur. Bunlar Quran avazı deyildir. Quran avazı fərqlidir. Bunun isə yaxşı oxumaqla heç bir əlaqəsi yoxdur. Burada bizim gözəl tilavət edən yaxşı qarilərimizin və bundan daha yaxşı tilavət edən qarilərimizin olduqca gözəl səsləri var, yaxşı da oxuyurlar, səsləri gözəldir, ürəkaçandır, insan elə dinləmək istəyir, eyni zamanda avazları da haram deyildir. Deməli, haram avazdan uzaq durmaq mümkündür.
Qeyd etdiyim kimi, tilavət üslublarında təqlid etməyin iradı yoxdur. Amma təqlidçi yetişdirmək üçün zəhmət çəkmək, yığıncaqlar təşkil etməyi mən həqiqətən də başa düşə bilmirəm. Bunu kim icad edib, mən bilmirəm. Yəni oturub öyrədək ki, məsələn, əgər şeyx Mustafa İsmail kimi oxumaq istəyirsinizsə, bu hissəni belə oxumalısınız! Bunu öyrətməyə nə lüzum var, mən bunu anlamıram. Özü öyrənibsə, çox yaxşı, iradı yoxdur. Bu arada bir məqamı də qeyd edim, Mustafa İsmailin kasetlərini birinci dəfə Məşhədə gətirən mən olmuşam. Yəni sifariş vermişdim, ərəb ölkələrindən gətirmişdilər, mən də paylamışdım. O vaxta qədər Məşhəddə Mustafa İsmaili tanımırdılar. Demək istəyirəm ki, onun tilavəti mənim də xoşuma gəlir. Amma övladımıza öyrədək, deyək ki, “gəl onu, ya Minşavini, ya Əhməd Şəbibi və ya başqasını təqlid et”, fikrimcə, bu, elə də məntiqli hərəkət deyildir.
Digər bir məsələ də budur ki, Quran fəaliyyəti ilə əlaqədar olan müxtəlif qurumlar mövcuddur. O cümlədən Mədəniyyət və İslami İrşad Nazirliyi, İslam Təbliğatı Təşkilatı, Vəqflər Təşkilatı, Teleradio Şirkəti və digər qurumlar, müxtəlif xalq cəmiyyətləri vardır. Bu təşkilatlar və qurumlar əməkdaşlıqlarını genişləndirməlidirlər. Əməkdaşlığı genişləndirməyin yollarından biri – təşkil olunan Ali Quran Şurasının müəyyən etdiyi siyasətləri izləməkdir. Bu siyasətlər diqqətdə saxlanılmalıdr. Bu, çox önəmli və faydalı işdir. Yəni ölkənin dörd bir yanında Quran fəaliyyəti müxtəlif cəhətlər nəzərə alınaraq genişlənməlidir. Xəbərim var, bəzi Quran müəllimləri müzakirələr aparıblar – bəzisini mənə çatdırıblar – mühüm mövzulara toxunublar, Qurana, tilavətə aid olan bir sıra diqqətəlayiq məsələləri qaldırıblar, bu məsələlər üzərində təkidlə dayanıblar. Onların irəli sürdükləri təkliflərdən faydalanmaq lazımdır. Xüsusən də Teleradio Şirkəti Quranla bağlı görülən yeni dəyərli işləri işıqlandırmalıdır, yəni bunları həqiqətən də dəstəkləməlidir. Hal-hazırda bizim Quran tilavəti sahəsində çox yaxşı yeniliklərimiz var. Bunlardan istifadə olunmalıdır, ictimaiyyət onlardan yararlanmalıdır.
Sevindirici haldır ki, ölkəmizin Quranla bağlı fəaliyyətindəki irəliləyişi kifayət qədər sürətlidir, digər ölkələrlə müqayisədə irəliləyişimizin daha sürətli olduğunu görürük. Yəni Quranın təcrid olduğu, Quran tilavətinin məhdud olduğu, böyük şəhərlərdə iki, üç, ya da beş Quran məclisinin keçirildiyi, Quranı gözəl şəkildə, təcvidlə oxuyan ən çox altı qarinin mövcud olduğu bir ölkədə bu gün, xoşbəxtlikdən, ölkənin dörd bir yanında, hətta ən kiçik şəhərlərdə, bəzi kəndlərdə belə, Quranı yaxşı oxuyan, seçilən qarilərimiz var. Bu, bizim üstün cəhətimizdir. Və kimsə iddia edə bilməz ki, İslam Respublikası Quran sahəsində heç bir iş görə bilməyib. Əksinə, Allaha şükürlər olsun, çox gözəl işlər həyata keçirilmişdir və bundan daha artıq işlər də görülməlidir. İntəhası, qeyd etdiyim məsələlərə diqqət edilməlidir. Yəni mühüm olan budur ki, Quranın mənəvi çeşməsi insanlarımızın düşüncəsinə, qəlbinə, əməllərinə cərəyan etməlidir. Mühüm olan budur. İnşallah, Allah-Taala bu uğuru hamımıza nəsib etsin.
Bir daha hamınıza təşəkkür edirəm. Bu məclisi təşkil edənlərə təşəkkür edirəm. Məclisi gözəl idarə etdiyi üçün hörmətli aparıcıya təşəkkür edirəm. (13) Tilavət edənlərin, proqramla çıxış edənlərin hər birinə öz minnətdarlığımı bildirirəm. İnşallah, hamınıza uğurlar nəsib olsun.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
______________________
(1) Görüşün əvvəlində bəzi qarilər Quran tilavət etdilər, Quran qrupları öz proqramları ilə çıxış etdilər.
(2) Cavad Ruhaninejad
(3) Əli Muxtari Əmirməcdi
(4) “Cümə” surəsi, 2-ci ayədən
(5) “Hədid” surəsi, 25-ci ayədən
(6) “Əraf” surəsi, 199-cu ayədən
(7) “Əhzab” surəsi, 41-ci ayədən
(8) “Nisa” surəsi, 74-cü ayədən: “... Allah yolunda vuruşsunlar”
(9) “Müzzəmmil” surəsi, 4-cü ayədən
(10) “İsra” surəsi, 106-cı ayədən
(11) “Əhzab” surəsi, 41 və 42-ci ayələr
(12) 24/12/1402 (red.12.03.2024) tarixində Ramazan ayının ilk günündə Quran qariləri ilə keçirilən görüş
(13) Məcid Yəraqbafan