Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین و صحبه المنتجبین و من تابعهم باحسان الی یوم الدّین

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, onun seçilmiş səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanlara Qiyamət gününədək salam olsun.

Çox xoş gəlmisiniz, əziz qardaşlar və bacılar. Ürəkaçan və səmimi bir görüşdür və Allaha şükürlər olsun, bu görüşdə insan müxtəlif simaları görür. Ümidvaram ki, bu görüş vasitəsi ilə qəlblər bir-birinə daha da yaxınlaşar, inşallah.

Ötən il bu görüşümüzdə şəhid Rəisi (Allah ondan razı olsun) də var idi və gördüyü işlər, göstərdiyi xidmətlər, çəkdiyi zəhmətlər haqqında geniş hesabatla çıxış etmişdi. İnşallah, bu gün Allah-Taalanın lütfü sayəsində, İlahi lütf və rəhmət süfrəsindən o zəhmətlərinin mükafatını əldə edir, faydalanır. Hörmətli məsullar, siz bu vəzifənizə bu nəzərlə baxın. Ömür Allahın əlindədir, sabah harada olacağımız, necə olacağımız məlum deyil. Bu vəzifəyə bu gözlə baxın: əgər bu gün öhdənizə götürdüyünüz bu işi ixlasla, qüvvətlə və möhtərəm Prezidentin dediyi və göstərdiyi həmin motivasiya ilə yerinə yetirsəniz, mükafatı, savabı o qədər böyük olacaq ki, bu dünyada onun əvəzini vermək mümkün olmaz.

Allah-Taala Öz rəhmətinin kölgəsində, cənnətində, o biri dünyada sizə bu xeyrin əvəzini verəcəkdir, inşallah. Sözsüz ki, yaxşı əməllərin dünyada da öz təsirləri var.

Mən ilk öncə möhtərəm prezident cənab Dr. Pezeşkiana etdiyi çıxışa görə təşəkkür edirəm. Çox geniş, yaxşı və faydalı açıqlama verdi. Mənim diqqətimi çəkən və dəfələrlə özünə də bildirdiyim ondakı bu motivasiyadır. Bu xüsusiyyət çox dəyərlidir. “Biz bacararıq, mütləq yerinə yetirərik, nəticəyə çatdıracağıq, Allaha arxalanırıq, Allahdan başqa kimsəyə arxalanmırıq” – ondakı bu kimi motivasiya olduqca dəyərlidir. İnşallah, o, Allah-Taalanın yardımı ilə bu işlərin öhdəsindən gələ biləcəkdir. Ümid edirəm ki, inşallah, o, yaxın gələcəkdə xalqın qarşısında durub, bu böyük layihələrin həyata keçdiyinin müjdəsini verib onları sevindirəcək.

Mənim bu görüşdə diqqətinizə çatdırmaq üçün hazırladığım mövzulardan biri Ramazan ayı haqqındadır, digər bir mövzu isə – bizim toplantıya aid olduğu qədər – ölkədəki aktual problemlərlə bağlıdır.

Ramazan ayı mövzusuna gəlincə, Ramazan ayı zikr ayıdır, Quran ayıdır; Quran da zikr Kitabıdır. Bu haqda “Hicr” surəsində belə deyilir:

اِنَّا نَحنُ نَزَّلنَا الذِّکر

“Şübhəsiz ki, zikri (Quranı) Biz nazil etdik...” (2)

Və ya “Ənbiya” surəsində:

وَ هذا ذِکرٌ مُبارَکٌ اَنزَلناهُ اَ فَاَنتُم لَهُ مُنکِرون‌

“Bu zikr (Quran) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?” (3)

Və bir çox digər ayələrdə buyurulduğu kimi Quran zikrdir, zikr mənbəyidir, zikr kitabıdır. “Zikr” nə deməkdir? Zikr – qəflət və unutqanlığın əksidir.

İnsanın mühüm problemlərindən biri unutqanlıqdır; insan vacib bir işi, faydalı bir mövzunu unudur. Amma bu unudulan məsələlərin içərisində iki əsas unutqanlıq var ki, bunlar daha ziyanlıdır və onların nəticəsini bərpa etmək mümkün deyildir: bunlardan biri Allahı yaddan çıxarmaqdır, insanın Allah-Taalanı unutmasıdır. İkincisi isə insanın özünü unutmasıdır. Bu iki unutqanlığın insana gələcəkdə vuracağı ziyan təsviredilməzdir. Qurani-Kərimdə bu unutqanlığın hər iki növünə toxunan Allah-Taala bu məsələni açıq-aydın bəyan etmişdir. Bir yerdə belə buyurur:

نَسُوا اللَهَ فَنَسِیَهُم‌

“Onlar Allahı unutdular, Allah da onları unutdu”. (4)

Yəni onlar Allah-Taalanı unutdular, Allah da onları unutdu. Allah-Taalanın kimisə unutması burada metaforik (məcazi) mənadadır. Çünki Allah-Taala kimisə, ya da nəyisə yaddan çıxarmaz. İfadənin məcazi mənası budur: Allah onu (bəndəni) Öz rəhmət və hidayət dairəsindən kənara çıxardı. Allah-Taalanın unutmasının mənası budur. “نَسِیَهُم” (unutdu) – yəni artıq Öz lütf nəzərini ona şamil etmir, onu öz başına buraxır – “xəzələhullah” (öz başına buraxır). Ən mühüm nifrinlərdən biri “xəzələhullah” nifrinidir. “Xəzəlan” – yəni kimisə öz halına, öz başına buraxmaq, kiməsə etinasız yanaşmaq, yardım etməmək, onu düşünməmək. “Xəzəlan”nın mənası budur; “nəsiyəhum” budur. Ona görə də “Səhifeyi-Səccadiyyə”də Allahdan israrla istənilən dualardan biri o məhşur duadır:

وَ لا تُرسِلنی مِن یَدِکَ اِرسالَ مَن لا خَیرَ فیه

“Xeyirsiz birisindən əlini çəkdiyin kimi, məndən də Öz lütf əlini çəkmə”. (5)

Ərəb dilində “irsal” sözü bu kimi yerlərdə “atmaq” mənasındadır. Yəni dəyərsiz, faydasız bir şey kimi məni Öz lütfündən kənara atma; “xeyirsiz birindən əlini çəkdiyin kimi, məndən də Öz lütf əlini çəkmə”. Allah-Taalanın unutması budur. Allahın (insanı) unutmasının cəzası budur ki, insanı belə bir vəziyyətə salır. Bu da ən böyük zərərdir.

İnsanın özünü unutması isə “Həşr” surəsində açıqlanmışdır:

‌وَ لا تَکونوا کَالَّذینَ نَسُوا اللَهَ فَاَنساهُم اَنفُسَهُم‌

“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin”. (6)

Özlərini yaddan çıxardırlar. Onlar Allahı unutdular, Allah-Taala da onları özlərinə unutdurdu. Yəni unutqanlığa düçar oldular. Axı insan gündəlik həyatın problemləri ilə daim təmasda olur və bu işləri unutmur. Burada qeyd olunan “özünü unutmaq” o deməkdir ki, Allah-Taala insana onun özünü unutdurur. Bunun həm fərdi müstəvidə, həm də sosial müstəvidə dərin mənası var. İnsanın fərdi müstəvidə özünu unutması, insanın öz yaradılış hədəfini yaddan çıxarması deməkdir. Axı biz Allah-Taalanın hikmət əsasında iş görməsinə inanırıq, elə isə Allah bizi nə üçün yaratmışdır? Niyə yaratmışdır? Bu, mühüm sualdır.

Allah-Taala da, İlahi övliyalar da, peyğəmbərlər və hidayətedici İmamlar (ə) da Allahın bizi niyə yaratdığını açıqlamışlar. Allah-Taala insanı varlıq aləminin ən yüksək dərəcəsinə çatdırmaq üçün, onu “Allahın xəlifəsi” məqamına yetişdirmək üçün yaratmışdır. İnsanın yardılışının hədəfi budur. Allah insanı yaratmışdır ki, onu mənəvi cəhətdən böyütsün, onu ali məqama çatdırsın. Qurani-Kərimdə, hədislərdə, Məsumların (ə) və övliyaların kəlamlarında bu mövzu dəfələrlə təkrar olunmuşdur. Özünü yaddan çıxarmaq – insanın bu həqiqətdən qafil olması və nə üçün yarandığını unutması deməkdir.

Dünya həyatının keçici olmasını yaddan çıxarmaq da unutqanlığın bir növüdür. Bu həyat ötüb keçir, insan isə bunu unudur. Məlumdur ki, hamımızın bir sonu var:

اِنَّکَ مَیِّتٌ وَ اِنَّهُم مَیِّتون

“(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (7)

Bu sonun ərəbcədə adı “əcəl”dir. Hamımızın bir əcəli var. Bu əcəli yaddan çıxarırıq. Bu əcəl mümkündür bir saat sonra, bir gün sonra, bir il sonra olsun. Hər halda özümüzü buna hazırlamalıyıq. Özünü unutmağın bir nümunəsi də budur. Mübarək “Əbu Həmzə” duasında belə oxuyuruq:

لَم اُمَهِّدهُ لِرَقدَتی (8)

Mənası budur: yəni əgər məni bu vəziyyətimdə, özümü (o biri dünyaya) hazırlamadığım, qəbrimi hazırlamadığım bir halda dünyadan aparsan, onda vay mənim halıma! İnsan özünü hazırlamağı, gələcəyi görməyi, özünü Allah ilə görüşə hazırlamağı unudur. Bunlar fərdi müstəvidə olan unutqanlıqlardır. İnsan bunları dua və yalvarışla, oruc tutmaqla, nəfsi istəklərdən çəkinməklə – belə ki, oruc tutmaq bu təsirə malikdir – bu xatırlamanı və bu diqqəti yarada, özünü bu unutqanlıqdan xilas edə bilər. Əgər bu qəflət aradan qaldırılarsa, o zaman İlahi sual insanın yadına düşəcək və biz İlahi sorğu-suala çəkiləcəyimizi xatırlayacağıq. Mübarək Quran ayəsində buyurulur:

فَلَنَسئَلَنَّ الَّذینَ اُرسِلَ اِلَیهِم وَلَنَسئَلَنَّ المُرسَلین

“Biz, mütləq peyğəmbər göndərilən ümməti və göndərilmiş peyğəmbərləri sorğu-suala tutacağıq”. (9)

Biz (Allah) həm peyğəmbər göndərdiyimiz o insanları sorğu-sual edəcəyik və onlar da nə etdiklərinə, necə davrandıqlarına dair mütləq cavab verəcəklər, həm də bu haqda “göndərilmiş elçilər”dən (yəni peyğəmbərdən) də soruşacağıq. Peyğəmbərin əzəmətli məqamını göz önünə gətirin, amma buna rəğmən o da sorğu-sual olunacaq. Allah-Taala “Nə etdiniz, necə davrandınız?” deyə, sorğu-sual edəcək. Biz belə bir durumdayıq.

Əgər insan bu məsələni xatırlayarsa, onda onun davranışında da dəyişiklik yaranacaqdır. “Əbu Həmzə” duasında belə oxuyuruq:

اِرحَمنی اِذَا انقَطَعَت حُجَّتی وَ کَلَّ عَن جَوابِکَ لِسانی وَ طاشَ عِندَ سُؤالِکَ اِیّایَ لُبّی

“İlahi, məni sorğu-suala tutduğun vaxt, dəlilimin tükəndiyi, dilimin sənə cavab verməkdə aciz qaldığı və ağlımın çaşdığı zaman mənə rəhm et”. (10)

Qiyamət günü Allah-Taalanın hüzurunda insandan sual soruşulduqda, təbii ki, o bəhanə gətirəcək. “Bu işi nəyə görə etdin? O işi niyə görə etmədin?” deyə, soruşulacaq. İnsan bu suallara cavab verməlidir. İnsan isə bəhanə gətirəcək; dünyada bir-birimiz üçün gətirdiyimiz həmin bəhanələrdən. Məsələn, “bu səbəbdən olmadı, o səbəbdən olmadı” və s. Amma: “Bu cavab düz deyil, o dəlil düz deyil” deyib, bizi susduracaqlar. O zaman mənim dəlillərim, sübutlarım, bəhanələrim artıq kəsiləcək; “dəlilimin tükəndiyi, dilimin sənə cavab verməkdə aciz qaldığı və ağlımın çaşdığı zaman”. Allah-Taalanın sualları qarşısında insanın dili tutulacaq, ağlı dağınıq, qarmaqarışıq hala gələcək. İnsan bunları yadına salarsa, onda xatırlamaq kimi bir hal yaranarsa, o zaman o məsuliyyət hissi keçirəcək və bu hal onun rəftarına da öz təsirini göstərəcəkdir. Özünü unutmaq budur. Bu fərdi yöndə olan unutqanlıq haqqında idi.

Mən burada bir məqamı qeyd etmişəm, onu diqqətinizə çatdırmaq istəyirəm. Hamıdan soruşulacaq olan bu İlahi sual – Biz, mütləq peyğəmbər göndərilən ümməti və göndərilmiş peyğəmbərləri sorğu-suala tutacağıq – biz məsullardan daha çox soruşulacaqdır. Çünki biz məsuliyyəti öz istəyimizlə üzərimizə götürmüşük. Bizə təklif etdilər, biz də qəbul edib bu məsuliyyət yükünün altına girdik. Ona görə bu sorğu-sual bizim üçün daha ağır keçəcəkdir. Elə isə biz daha diqqətli olmalıyıq. Əgər siz adi insanların, gənclərin və möminlərin günahdan müəyyən qədər çəkindiyini, Quran və ibadətə müəyyən qədər əhəmiyyət verdiyini görürsünüzsə, siz onlardan daha çox günahdan çəkinməli, vacib və icazəli (halal) işləri görməyə daha çox diqqət etməlisiniz. Siz daha çox məsuliyyət hissi keçirməlisiniz.

İctimai müstəvidə olan özünü unutmağa gəlincə isə bu, daha önəmli məsələdir. Quranda “Tövbə” surəsində bir mübarək ayə var – əlbəttə, bu ayə münafiqlər haqqındadır – mən nə vaxt ki, bu ayəni oxuyuram diqqətimi daha çox özünə cəlb edir. Bu ayədə diqqətimi çəkən o məqam budur:

فَاستَمتَعوا بِخَلاقِهِم فَاستَمتَعتُم بِخَلاقِکُم کَمَا استَمتَعَ الَّذینَ مِن قَبلِکُم بِخَلاقِهِم وَ خُضتُم کَالَّذی خاضُوا

“Onlar (münafiqlər) dünyadakı qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi dünyadakı qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız”. (11)

Bu nüans insanı silkələyir. İran İslam Respublikasından əvvəl bu ölkənin rəhbərləri, başçıları, məsulları olmuşdur. Onlar (hakimiyyətdə olduqları müddətdə) alçaq işlər görür, cinayətlər törədirdilər. Bu inqilab o qədər zəhmətə, o qədər əziyyətə, İmam Xomeyni (r.ə) kimi bir möcüzəyə – hansı ki, bu dönəmdə onun varlığı həqiqətən də möcüzəyə bənzər bir şey idi – çoxlu fədakarlıqlara, ən əziz, ən üstün və ən dəyərli olan bir çox gəncləri itirməyə, bütün bunlara rəğmən qələbə qazandı, qorundu və bu İslam Respublikası ərsəyə gəldi. Əgər biz də diktatura rejiminin rəhbərləri kimi onların gördükləri o işləri görsək, o yolla getsək və tədricən o istiqamətə doğru hərəkət etsək, bu, çox böyük bir cinayət olar. Sözügedən ayə bunu deyir. فَاستَمتَعوا بِخَلاقِهِم – yəni sizdən əvvəlkilər özləri üçün müəyyən mənfəətlər düşünmüşdülər və həmin mənfəətdən də bəhrələndilər. کَمَا استَمتَعَ الَّذینَ مِن قَبلِکُم بِخَلاقِهِم – siz də onlar kimi etdiniz. وَ خُضتُم کَالَّذی خاضوا – onların getdikləri o yolla siz də getdiniz. Bizdə də belə bir şey baş verərsə, bu nigarançılıq üçün çox böyük bir səbəbdir, bu həddən artıq böyük bir zərərdir. Əlbəttə, Allah-Taala Öz lütfü, böyüklüyü və hidayəti ilə İran İslam Respublikasını indiyə kimi belə bir vəziyyətə düşməyə qoymayıb. Amma biz yenə də qorxmalıyıq, ehtiyatlı olmalıyıq.

“İctimai müstəvidə özünü unutmaq” bu deməkdir: öz kimliyimizi, İran İslam Respublikası varlığının fəlsəfəsini unutmaq. Daxili və xarici siyasətdə, ölkə idarəçiliyində, ölkə resurslarının, ehtiyatlarının bölüşdürülməsində bizdən əvvəl necə davranılmışdısa, biz elə davranmamalıyıq. Onların yolu başqa yol idi, bizim yolumuz başqa yoldur. Bizim kimliyimiz başqadır. Əgər biz bunu yaddan çıxarsaq, bu elə cəmiyyət olaraq özümüzü unutmağımız olacaq ki, bu da böyük ziyanla nəticələnəcəkdir. Yadellilərə arxalanmaqla, başqalarının haqqına təcavüz etməklə, korrupsiya ilə, sosial mövqedən sui-istifadə etməklə, qanunsuz yollardan yararlanmaqla və s. yaşamaq. Bizim hazırda təsis etməyə çalışdığımız və əvvəldən də ardınca olduğumuz İslam sivilizasiyası və İslam dövlətinin quruluşu tamamilə bundan fərqlidir. Biz bu baxımdan başqalarını təqlid edə bilmərik.

Bu barədə mən bir neçə kəlmə demək istəyirəm. İslam dövlətinin əsasını Quran prinsip və idealları təşkil edir. Bununla bağlı Quran heç bir məqamı gözardı etməmişdir. Quran təfsirində, Quran məfhumlarının izahında, hədislərimizdə, Məsumlarımızın (ə) kəlamlarında, mübarək Nəhcül-bəlağədə bu haqda heç bir məqam gözdən qaçırılmamışdır. İslam quruluşunun, İslam ölkəsi və cəmiyyətinin konkret bir tərifi vardır. Belə ki, bu tərif Qurani-Kərim və sünnədə öz əksini tapmış həmin meyarlar, ideallar, hədəflər əsasında müəyyən olunmuşdur. Biz bu ideallara, amallara doğru hərəkət etməliyik. Bir sıra dəyərlər, qadağa və göstərişlər müəyyən olunmuşdur. Biz mütləq bu göstəriş və qadağalara doğru irəliləməli və səylərimizi bu istiqamətə yönəltməliyik.

Biz siyasi, iqtisadi və digər müxtəlif sahələrdə Qərbin maddi sivilizasiya prinsiplərinə əməl edə bilmərik. Təbii ki, Qərb sivilizasiyasının bəzi üstünlükləri vardır; buna şübhə yoxdur. Dünyanın harasındasa, o cümlədən qərbdə, şərqdə, uzaqda, yaxında, haradasa hər hansısa bir müsbət cəhətlər olarsa, biz də onu öyrənib istifadə edə biləriksə, bu işi mütləq görməliyik. Bu, şübhəsizdir. Amma ümumilikdə biz o sivilizasiyanın prinsiplərinə əsaslana bilmərik. O sivilizasiyanın prinsipləri səhvdir, İslama ziddir; dəyərləri başqadır. Sizin də gördüyünüz kimi, qanuni baxımdan, sosial, media və s. sferalarda sizin, müsəlmanların, yaxud Quranla tanışlığı olan insanların hətta düşünməyə belə xəcalət çəkdikləri şeyləri onlar rahatlıqla görür, həyata keçirirlər. Ona görə də bu məqamda Qərb sivilizasiyasına tabe olaraq ayədə açıqlanan vəziyyətə فَاَنساهُم اَنفُسَهُم (Allah da onları özlərinə unutdurdu) düçar olmamalıyıq.

Əlbəttə, Qərb sivilizasiyası bu illər ərzində öz həqiqi üzünü göstərdi. 19-cu əsr və 20-ci əsrin birinci yarısında Qərb sivilizasiyasının sərgilədiyi o “mənzərə” və uzaqdan baxanların gözünü qamaşdıran o parıltı bu gün artıq yoxdur. Qərb sivilizasiyası istismarlarla, başqa ölkələrə öz tələblərini zorla qəbul etdirməklə, digər ölkələrin və xalqların milli sərvətlərini talamaqla, kütləvi qırğınlarla, ikili standartlar yürütməklə, saxta insan haqları və qadın haqları iddiaları ilə artıq rüsvay olmuşdur. Bunlar Qərb sivilizasiyasını rüsvay etdi və Qərbin həqiqi üzünü üzə çıxardı. Qadın və kişi arasında olan əxlaqi sərhədi qaldırdılar. Qərb dəyərlərə qarşı neytral mövqedə olduğunu iddia edir və bu düşüncə ixtiyarını da hər kəsə aşılamağa çalışır. Sekulyarizm bu deməkdir də. Sekulyarizm – yəni bu dövlət, bu hökumət heç bir dəyərin tərəfində deyildir. Hamıya bu ixtiyarı verir ki, öz fikrinə və öz dəyərlərinə uyğun yaşasın. Əlbəttə, yalan deyirlər! Avropa ölkələrinin birində çadralı bir xanıma hücum olunur və qadın yaralanır. Qadın sonradan məhkəməyə müraciət edir; məhkəmə onun mühakiməsinə başlayır. Elə məhkəmə iclasında qadını vuran həmin şəxs yenidən ona hücum edib qadını öldürür. (12) Heç kəsin tükü belə tərpənmir. Yəni Qərbdəki ikili standartlar həqiqətən də, Qərb sivilizasiyasını etibardan salır, onların iddialarını rüsvay edir.

Onlar informasiya azadlığının olduğunu iddia edirlər. Doğurdan da, belədir? Qərbdə informasiya azaddır? Siz Qərbə məxsus virtual məkanlarda Hacı Qasimin, Seyid Həsən Nəsrullahın, şəhid Haniyənin adını çəkə bilərsiniz? Fələstin, Livan və digər yerlərdə sionistlər tərəfindən törədilən cinayətlərə etiraz edə bilərsiniz? Siz Hitler Almaniyasının yəhudilərə qarşı həyata keçirdikləri hadisənin iddiasını rədd edə bilərsiniz? Azad informasiya budur? Demək istəyirəm ki, bu sivilizasiya bu gün özünü, öz həqiqi üzünü artıq göstərib. Qərb ölkələrinin başçılarının dedikləri sözləri siz özünüz də görürsünüz. Bu söz şəxsən mənim sözüm deyil – bu, Qərb sosioloqlarının elmi araşdırmalarıdır – Qərb mədəniyyəti günü-gündən daha çox tənəzzülə uğrayır. Həqiqətən də, belədir.

Odur ki, bu Qərb sivilizasiyası prinsiplərini biz izləyə bilmərik, onların yolu ilə gedə bilmərik. Bizim öz kimliyimiz var və xoşbəxtlikdən, bu kimlik hər keçən gün dünyada daha da etibar qazanır. Əlbəttə, ona qarşı o qədər təbliğat aparılır ki! Həmin ikili standartların və azad informasiyanın nümunələrindən biri budur ki, siz baxın, görün, xarici medialardan hansı birinin İran haqqında dedikləri İran reallıqlarına uyğun gəlir. Sizin qazandığınız elmi inkişaflar onların mediasında öz əksini tapmır; sosial tədbirlər keçirirsiniz, işıqlandırılmır; müxtəlif sahələrdə böyük nailiyyətləriniz var, əks olunmur. Amma bir yerdə uğursuzluğunuz olar-olmaz, bunu on qat böyüdürlər! Azad informasiya dedikləri budur! Onların müxtəlif məsələlərə, müxtəlif şəxslərə olan münasibətləri eyni deyildir, fərqlidir.

Beləliklə, mühüm olan budur ki, bizlər İran İslam Respublikasının dövlət rəsmiləri olaraq İslam hökumətinin başlıca prinsiplərini bilməliyik, bunu yaddan çıxarmamalı və bu prinsipləri izləməliyik. Cənab Prezidentin dedikləri də elə Quran, sünnə və Nəhcül-bəlağə ilə tanışlığı olan hər kəsin qəbul etdiyi sözlərdir. Hamısı elə onlardır. Hamısı proqramlaşdırılmalı, izlənilməli və icra olunmalıdır. Bu işin həyata keçirilməsi ölkənin inkişaf səviyyəsini daha da yüksəldəcək, İran xalqını olduğundan daha da güclü edəcəkdir. Əgər biz bu işi layiqincə yerinə yetirib bu yolda irəliləyə bilsək, bununla dünya xalqlarına və hətta bir çox dövlət başçılarına da nümunə ola bilərik. Əlbəttə, bu addım və bu irəliləyiş haqqında mənim bir neçə təklifim var ki, indi onları diqqətinizə çatdıracağam. Bunlar Ramazan ayı haqqında olan söhbət idi.

Ölkədə mövcud olan problemlərə gəlincə, birinci dərəcəli əhəmiyyət daşıyan məsələ iqtisadi problemlərdir. Hamının bildiyi kimi bu son illərdə, bu bir neçə ildə – təxminən 1390-cı ilin əvvəllərindən indiyə kimi – ölkə iqtisadi problemlərlə üz-üzə qalıb. Bu gün də problem həm iqtisadi problemdir, həm də eyni zamanda mühümdür. Bunu da nəzərə almalıyıq ki, düşmənin etdiyi təhdidlər əsasən xalqın məişətini hədəf almışdır. Təhlükəsizlik və kəşfiyyat xarakterli təhdidlər, adətən, xalqın güzəranına təsir göstərmək üçün yönəldilir. Başqa sözlə, ümumilikdə onların hədəfləri, planları bundan ibarətdir ki, İran İslam Respublikası dövlət olaraq xalqın dolanışığını idarə edə bilməsin. Və bu baş verərsə, bunun da öz mənfi nəticələri olacaqdır. Onların reallaşdırmaq istədikləri budur. Odur ki, məişət məsələsi həqiqətən də, önəmli məsələdir və ciddi şəkildə bu problemin həllinə çalışılmalıdır. Aidiyyəti qurumlar bütün səylərini bu problemin həllinə yönəltməlidirlər. Əlbəttə, təsiredici amillərdən biri də xarici sanksiyalardır. Super güclərin tətbiq etdikləri sanksiyaların bizim hazırkı iqtisadi vəziyyətimizə və xalqın güzəranına təsiri inkarolunmazdır. Amma bütün məsələ sanksiya deyildir. Amillərin bir hissəsi sanksiyalardır və bəzi məsələlərin ümumiyyətlə sanksiya ilə heç əlaqəsi də yoxdur. İndi söhbət əsnasında bunlardan bəzisinə toxunacağam.

Bu problemin həlli üçün biz nə etməliyik? Görülməsi lazım olan ilk işlərdən biri müxtəlif qurumların bir-biri ilə əməkdaşlıq etməsidir. Həm icraedici hakimiyyətin strukturuna daxil olan qurumlar, həm üçlü hakimiyyət qüvvələri, həm də bunlarla yanaşı Silahlı Qüvvələr də öz aralarında əlaqədə olub, tamamilə əməkdaşlıq etməlidir. Birinci şərt “birlikdir”. İşlərin irəliləməsini istəyiriksə, bu “birlik” sözün həqiqi mənasında reallaşdırılmalıdır. Xoşbəxtlikdən, bu birlik bu gün müəyyən həddə mövcuddur; ali kateqoriyadan olan dövlət orqanlarında belədir, amma aşağı kateqoriyanın orqanları arasında da birlik, əməkdaşlıq olmalıdır.

İşlərimizə və o cümlədən iqtisadi məsələlərə mühüm təsir göstərən əsas məqamlardan biri işin fəaliyyət tempi ilə bağlıdır. Biz yavaş hərəkət edirik, ləng işləyirik. Ağlımıza mütləq həyata keçirməli olduğumuz hansısa konstruktiv bir ideya gəlir. Məsələn, şimal-cənub marşurutu; bu ideyanın ağlımıza gəldiyi andan onu icra etmək üçün verilən qərar arasında uzun bir zaman fasiləsi yaranır. Halbuki bu zaman fasiləsi onda birə qədər azaldıla bilər. Gec qərar qəbul edirik. Biz qərar qəbul etdikdən sonra icra edənə kimi yenə də araya fasilə düşür. Qərar vermişiksə, onu reallaşdırmaq da lazımdır. Onda ki, başa düşdük, qərar verdik ki, bu iş görülməlidir, dərhal həmin işi həyata keçirməyə başlamalıyıq. Amma icrasına başladıqdan sonra nəticə əldə edənə kimi yenə də arada fasilə yaranır. Bu cür yavaş hərəkət etmək də, adətən, işlərin izlənilməməsindən irəli gəlir. Mənim bu illər ərzində hörmətli məsullara, rəhbərlərə və prezidentlərə verdiyim tövsiyələrimdən biri də budur: işlərə nəzarət edin. Hansısa işlə əlaqəli qərar qəbul edirsiniz, təşəbbüs göstərirsiniz, məsul bir şəxsə tapşırıq verirsiniz, o da “baş üstə” deyib – əslində yalan da demir – işi öz müavininə tapşırır. Amma iş yarıya çatanda ləngimə başlayır. Mütləq işlərin ardınca getmək, izləmək və yarımçıq qoymamaq lazımdır. Belə zaman fasilələrini azaltmaq lazımdır. İdeya ilə qərar arasında, qərar ilə icra və icra ilə nəticə arasındakı fasilələr çox böyükdür. İşi operativ şəkildə həll etmək lazımdır. Bu da bir məqam.

Təəssüflər olsun ki, bəzi məsul şəxslərimizdə “ən təhlükəsiz iş qərar qəbul etməməkdir” kimi düşüncələr müşahidə olunur. Çünki qərar qəbul etməkdə səhv var, risk var, yaxadan yapışmaq, nöqsanları üzə çıxarmaq kimi hallar var. Demək, risksiz olan iş budur ki, insan heç qərar qəbul eləməsin, işlərə nəzarət etməsin. İşimiz rahat olsun, çox çalışmayaq, canfəşanlıq etməyək, işləri izləməyək, “olar olar, olmaz da olmaz” kimi düşüncələr ən zərərli düşüncələrdəndir. Axı Allah-Taala görülməyən işlərə görə də insanı sorğu-sual edir. Allah-Taala sadəcə görülən əməllərə görə sorğu-sual etmir ki, bu sual görülməyən işlərə də şamil olur.

İqtisadiyyatla bağlı digər bir məqam da budur ki, dövlət rəsmilərinin ölkədəki mövcud potensiallar haqqında məlumatları olmalıdır. Bizim zəngin potensialımız var. Dəfələrlə “potensiallar, istedadlar, şəraitlər” desək də, amma hələ də məsələnin dərinliyinə varmırıq.

Bizim əsas potensiallarımızdan biri gənclərimizdir. Bu gənclər həqiqətən də, bəzən elə işlər həyata keçirir ki, insan heyrətə gəlir. İqtisadi, elmi-texnoloji, təhqiqat, innovasiya, yaradıcılıq və s. sahələrdə bu gənclər həqiqətən də, bəzən elə işlər görür ki, insan heyrət edir. Bu gənclər bizim ən mühüm potensiallarımızdan biridir.

Digər potensiallarımızdan biri təbii ehtiyatlardır. Biz təbii ehtiyatlarımızla, dünyanın ən yaxşı və zəngin təbii ehtiyatları sırasındayıq. Bizim neft yataqlarımız, cürbəcür faydalı qazıntılarımız, yeraltı mədənlərimiz və s. bunların hamısı dünyanın ən yaxşı ehtiyatları sırasındadır. Mən bir dəfə statistik göstəriciyə əsasən bir söz demişdim – indi dəqiq yadımda deyil, amma o vaxt dəqiq statistik rəqəm görmüşdüm (13) – biz əhali sayına görə dünyanın yüzdə birini təşkil edirik; yəni 8 milyardlıq dünya əhalisinin 80 milyonunu biz təşkil edirik. Halbuki bizim əksər təbii ehtiyatlarımız dünyanın mövcud ehtiyatlarının yüzdə ikisini, yüzdə üçünü, yüzdə beşini, ya da yüzdə səkkizini təşkil edir. Ona görə də təbii ehtiyatlar baxımından biz dünyanın bir çox ölkələrindən öndəyik. Odur ki, bu ehtiyatlar haqqında məlumatımız olmalıdır. Mənə bəzən məlumatlar gəlib çatır ki, bəzi dövlət qurumlarının məsulları hələ bu ehtiyatları “kəşf etməyiblər”, bizim bu ehtiyatlara malik olduğumuzdan və ölkənin hansı bölgəsində yerləşdiyindən hələ xəbərləri yoxdur. Bu, olduqca əhəmiyyətli məsələdir; həm ehtiyatların növü, həm də miqdarı. Bu da digər bir potensialımızdır.

Üçüncü potensial, elm və texnologiya sahəsindəki inkişafdır. Elmi-texniki inkişaf baxımından özümüzə görə bizim vəziyyətimiz yaxşıdır. Əlbəttə, bir neçə il bundan əvvəl daha yaxşı idi; bundan təxminən 10-12 il əvvəl. O vaxt xarici mənbələr deyirdilər ki, İranın elmi-texniki sahədəki inkişaf tempi dünya üzrə göstəricidən 13 dəfə artıqdır; inkişaf sürəti. Mən o vaxt dedim ki, imkan verməyin bu sürət azalsın, (14) əks təqdirdə geri qalarıq. Axı dünya da inkişafdadır. Hal-hazırda həmin tempdə olmasa da, ümumilikdə inkişaf sürətimiz çox yaxşıdır.

İqtisadiyyatımızın qarşılaşdığı real problemlərdən biri də qaçaqmalçılıqdır; ikitərəfli qaçaqmalçılıq. Bəzi şeylər buradan qaçaqmalçılıq yolu ilə ixrac olunur ki, bu, yüz faiz ölkənin zərərinədir. Bəzi şeylər də ölkəyə qaçaqmalçılıq yolu ilə idxal edilir ki, bu da yüz faiz ölkənin zərərinədir.

Mənim indi qeyd etdiklərimin heç birinin sanksiya və bu kimi şeylərə aidiyyəti yoxdur. Əgər bizdə operativlik, işləri lazımi kriteri ilə izləmək kimi xüsusiyyətlər yoxdursa, bunun sanksiyalarla heç bir əlaqəsi yoxdur, bunlar özümüzlə əlaqəlidir. Əgər biz qaçaqmalçılıq problemi ilə ciddi mübarizə aparmırıqsa, bunun düşmənlə, sanksiyalar tətbiq edənlərlə heç bir əlaqəsi yoxdur. Biz buna imkan verməməliyik. Biz buna yol verməməliyik. Bunun üçün müxtəlif yollar da vardır; qaçaqmalçılıqla mübarizə aparmaq qeyri-mümkün bir iş deyil. Əlbəttə, çətin işdir, bunu bilirik, amma mümkün bir işdir. Odur ki, mümkün olan bu iş reallaşdırılmalıdır. Mən eşitmişəm ki, xeyli vaxt bundan əvvəl qaçaq yolla idxal edilən malların aşkarlanması üçün nəzərdə tutulan zəhməthaqqı ləğv edilib. Bu isə qaçaq yolla ixdal edilən malların aşkarlanması üçün stimulu azaldır. Yaxud sərhəd bazarları və s. problemlər də eləcə.

İqtisadiyyatla bağlı mühüm məsələlərdən biri ölkənin valyuta sistemində islahatların aparılmasıdır. İlk növbədə milli valyuta mökəmləndirilməlidir. İndi bunun siyasətini, proqramlarını və iş keyfiyyətlərini bu sahənin mütəxəssisləri təyin etməlidirlər. Milli valyuta mütləq möhkəmləndirilməlidir. Bu əslində həm vətəndaşların güzəranına, həm də ölkənin etibarına təsir göstərir. Əgər məsələn, “bir formul təyin olunsa və ona əməl olunmaqla inflyasiya aşağı düşəcək, hətta birrəqəmliyə düşməsi də mümkündür, amma xarici valyutanın məzənnəsi qalxdıqda, milli valyuta da filan qədər qalxacaq” desələr belə, bu, doğru deyildir. Ona görə ki, xarici valyutanın dəyərinin artması ilə milli valyutanın dəyəri azalarsa, inflyasiya nə qədər aşağı da olsa, bu pulun heç bir dəyəri olmayacaq. Həmçinin xalqın kasıb və imkansız təbəqəsi üçün də alıcılıq qabiliyyəti yaranmayacaqdır. Əgər vətəndaşın alıcılıq qabiliyyətinin artmasını istəyirsinizsə, milli valyutaya əhəmiyyət verməlisiniz. Ən mühüm işlərdən biri də budur.

Valyuta məsələsinə gəlincə, ixracatdan valyuta yolu ilə gəlir əldə edən şəxslərin valyutalarının qaytarılması çox mühümdür. Mərhum Rəisinin (Allah ona rəhmət etsin) zamanında eşitmişdim ki, bəzi iri şirkətlərin – yəni dövlətə məxsus iri və mühüm şirkətlərin – ixracatları var, valyuta gəlirləri var. Həmin valyuta gəlirləri Mərkəzi Banka qayıtmır. O, bu məsələnin həlli üçün fikirləşib çıxış yolu tapmışdı. O da bundan ibarət idi ki, bu şirkətlər birləşib hər biri ölkə daxilində mühüm bir iş görsünlər; məsələn, su qıtlığı olan hansısa bir ərazini içməli su ilə, əkin sahələrini su ilə təmin etsinlər. Ya da neftayırma zavodu və ya məsələn, 200-300 meqavatlıq elektrik stansiyaları tiksinlər. Buna söz vermişdilər. İki-üç ay sonra mən ondan soruşdum ki, o şirkətlərin görəcəkləri işin axırı nə oldu? Onun məlumatı yox idi. Dedi ki, öyrənib sizə deyərəm. Bir-iki həftə sonra o mənə bir hesabat verib dedi ki, bunu onlar mənə veriblər. Mən baxdım gördüm ki, bu hesabatlar mənasızdır; boşdur! Bu hesabat, ümumiyyətlə heç bir fəaliyyətdən xəbər vermir, sadəcə ard-arda bir yığın rəqəm düzüblər. O, bu işi nəzarətə götürmüşdü. Demək, bunlar icrası vacib olan işlərdir. Valyuta gəliri əgər dövlətə məxsus şirkətə aiddirsə, o zaman necə olur ki, bu dövlətin ixtiyarında olmur? Mərkəzi Bankın ixtiyarında olmur? Niyə? Bunun üçün düşünüb əsaslı bir iş görmək lazımdır. Yəni bütün bunlar xalqın rifahının yaxşılaşmasına təsir göstərir.

İstehsal məsələsinə gəlincə, bu olduqca önəmli məsələdir. Mən dəfələrlə bu məsələni vurğulamışam. İstehsala mütləq hüquqi dəstək verilməlidir; istehsal üçün resurslar təchiz olunmalıdır. İstehsalın qarşısını alan maneələr – bəzən mənasız təşkilati və direktiv maneələr var ki, onlara heç lüzum da yoxdur – aradan qaldırılmalıdır.

Daxili tələbatın yerli istehsal hesabına ödənilməsi. Kim öz ehtiyaclarını yerli istehsal vasitəsi ilə təmin etməlidir? Vətəndaşlar. Bəs dövlət necə? Vətəndaşdansa, daha çox istehlakçı olan dövlətdir. Məhsulun böyük hissəsinin istifadəçisi dövlətdir. Dövlət qurumları daxildə istehsal olunan heç bir məhsulun kənardan gəlməsinə və istifadəsinə yol verməməlidir. Görüləcək işlərdən biri budur. İstehsalatda ən son texnologiya və innovasiyalardan istifadənin artırılması mühümdür.

Ölkə iqtisadiyyatında önəmli məsələlərdən biri də investisiya problemidir. İnvestisiya məsələsi bizim uzun illər qaşılaşdığımz problemimizdir. Sözsüz ki, sanksiyaların əsas məqsədlərindən biri xarici investisiya yatırımının qarşısının alınmasıdır. Amma bunun da çıxış yolları var – bir az əvvəl cənab prezident söhbət əsnasında həmin məsələyə toxundu – bizim investisiya yatırmağımız üçün müxtəlif yollar mövcuddur. Əsas budur ki, ölkə daxilində investisiya qoyuluşu həyata keçirilsin. Bu işi investor üçün asanlaşdırmaq lazımdır. İnvestor hiss etsin ki, bu iş onun üçün faydalıdır, gəlirlidir, o bu işi bacaracaq, onun gördüyü bu iş ölkəni inkişaf etdirəcək və s. İqtisadi məsələlər mühümdür. Ona görə də həm dövlət, həm də qeyri-dövlət sektorlarında təmsil olunan iqtisadiyyat rəsmiləri bu məsələyə həssaslıqla, diqqətlə yanaşırlar. Mənim qeyd etdiklərim də, fikrimcə, diqqətəlayiq və izlənilməsi lazım olan məqamlardır.

Bir-iki kəlmə də xarici siyasətlə bağlı danışmaq istəyirəm. Allaha şükürlər olsun, XİN-miz aktivdir. Fəal nazirliklərdən biridir. Onun qeyd etdiyi həmin qonşu dövlətlər məsələsi də mühüm məsələdir. Qonşu olmayan digər ölkələr də eləcə. Amma burada bir-iki nüans var. Bəzi quldur dövlətlərin – mən həqiqətən də, bəzi xarici şəxslər və dövlət başçıları üçün bu “quldur” sözündən daha uyğun bir söz tapa bimirəm – israrla bizi danışıqlara çağırmaları problemi həll etmək üçün deyil. Əslində onların məqsədi öz istəklərini qəbul etdirmək üçündür. Deyirlər ki, danışıqlar aparaq və bununla da istədiyimizi qarşı tərəfə, masanın o başında oturana qəbul etdirək. Qəbul edərsə, nə yaxşı, qəbul etməzlərsə, biz də “bunlar danışıq masasını tərk etdilər, masadan qalxdılar” deyə, qalmaqal yaradarıq! Bu öz istədiklərini diktə etməkdir. Danışıqlar əslində onların yeni tələblərini planlaşdırmaq üçün bir yoldur, vasitədir. Məsələ təkcə nüvə məsələsi deyil ki, bu barədə söhbət etsinlər. Onlar yeni tələblər irəli sürürlər ki, bu tələblər də İran tərəfindən qəti şəkildə yerinə yetirilməyəcək; məsələn, ölkənin müdafiə imkanı, ölkənin beynəlxalq arenadakı gücü ilə bağlı yeni tələblər irəli sürürlər. Məsələn, filan işi həyata keçirməyin, filan şəxsi görməyin, filan yerə getməyin, filan şeyi istehsal etməyin, raketlərinizin mənzili bu qədərdən çox olmasın və s. Bunu kim qəbul edə bilər? Danışıq bu kimi məsələlərə görədir. Əlbəttə, ictimai rəydə təzyiq yaratmaq üçün tez-tez danışıqların adını çəkirlər ki, desinlər: “Bu tərəf danışıqlara hazır olduğu halda, siz niyə görə hazır deyilsiniz?” Bu danışıq deyil, bu zor göstərmək və diktə etməkdir. Bu məsələnin digər yönləri də vardır; indi bura onları deməyin yeri deyil və mənim də bu mövzulara girmək niyyətim yoxdur. Amma başqa vaxt başqa bir yerdə bu haqda danışa bilərik. Lakin məsələ qısaca bundan ibarətdir. 

İndi üç Avropa ölkəsi bəyanat verir, elan edir ki, İran HBFP-dəki nüvə öhdəliyinə əməl etməmişdir! Biri onlardan soruşsun ki, bəs siz o öhdəlikləri yerinə yetirdinizmi? Siz deyirsiniz ki, İran HBFP-dəki öhdəliklərinə əməl etməyib, lap yaxşı, bəs siz HBFP-dəki öhdəliklərinizə əməl etdinizmi? Siz elə ilk gündən əməl etmədiniz. Amerika HBFP-dən çıxdıqdan sonra (15) söz vermişdiniz ki, bir şəkildə bu problemi ortadan qaldıracaqsınız. Amma sözünüzü tutmadınız. (16) Yenə başqa bir şey dediniz, verdiyiniz ikinci sözü də tutmadınız. Hər halda üzsüzlüyün də bir həddi var! İnsan öhdəliyə özü əməl etməsin, sonra da qarşı tərəfə desin ki, “niyə öhdəliyə əməl etmirsən”! O dövrün hökuməti (17) bir il (18) gözlədi. Sonda İslami Şura Məclisi işə qarışdı və qərar qəbul etdi. (19) Bundan başqa yol yox idi. İndi də belədir; indi də zorakılıq qarşısında zorakılıqdan başqa bir yol yoxdur.

Pərvərdigara! Səni and verirəm Muhəmməd və ali Muhəmmədə bizi Ramazan ayının nemətindən faydalandır. Pərvərdigara! Dahi İmamın (r.ə) və bu yolu bizim üçün açan, bu yolu bizim üçün qoruyan və bu yolda canlarını fəda edən əməlisaleh şəhidlərimizin ruhlarını bizdən razı et, dərəcələrini daha da yüksəlt. Pərvərdigara! Bölgənin Müqavimət Cəbhəsinin mübarizlərinin bədəninə dəyən yaralara Özün mənəvi, maddi və İlahi məlhəm ol. Pərvərdigara! Səni and verirəm Muhəmməd və ali Muhəmmədə İran İslam Respublikasının düşmənlərini xar et. İranın xalqını, İranın müsəlman xalqını öz həqiqi izzət və məqamına çatdır. İslam ümmətini sərəfraz et. Dünyanın bütün məzlum və məhrumlarına Öz lütfünü şamil et. Bizdən razı qal. Dediklərimizə və eşitdiklərimizə Sənə xatir və Sənin yolunda əməl edirik. Dualarımızı qəbul et. Və bu müqəddəs gecələrdə və mübarək gündüzlərdə Öz əfvini bizə şamil et. Ata-analarımızın, dünyasını dəyişənlərimizin günahlarını bağışla.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_______________________

(1) Bu görüşün əvvəlində prezident cənab Dr. Pezeşkian məruzə ilə çıxış etmişdir. 
(2) “Hicr” surəsi, 9-cu ayədən
(3) “Ənbiya” surəsi, 50-ci ayədən
(4) “Tövbə” surəsi, 67-ci ayədən
(5) “Səhifeyi-Səccadiyyə”, 47-ci dua
(6) “Həşr” surəsi, 19-cu ayədən
(7) “Zumər” surəsi, 30-cu ayədən
(8) “Misbahul-mutəhəccid və səlahul-mutəəbbid”, c. 2, səh. 591
(9) “Əraf” surəsi, 6-cı ayədən
(10) “Misbahul-mutəhəccid və səlahul-mutəəbbid”, c. 2, səh. 592
(11) “Tövbə” surəsi, 69-cu ayədən
(12) 2009-cu ildə Almaniyada məhkəmə zalında müttəhim tərəfindən məhkəmə iclası zamanı bir neçə bıçaq zərbəsi alaraq öldürülən xanım Mərvə Şərbiniyə işarə edilir.
(13) İ.İ.R-nın hökumət rəsmiləri ilə 25.03.1395 (red: 14.06.2016) görüşü zamanı etdiyi çıxış 
(14) Ölkə üzrə universitetlərin və ali təhsil mərkəzlərinin elmi şuralarının Bəsici üzvləri ilə 02.24.1389 (red: 23.06.2010) görüşü zamanı etdiyi çıxış
(15) 18.02.1397 (red: 08.05.2018) tarixində (o vaxtkı ABŞ prezidenti) Donald Trapm ABŞ hökumətinin HBFP-dən çıxdığını və bəzi yeni sanksiyaların tətbiq edildiyini rəsmən elan etmişdir. 
(16) ABŞ-ın HBFP-dən çəkilməsindən və danışıqlardan sonra Avropa ölkələri İranın öz pullarını əldə edə bilməsi üçün İNSTEX adlı alternativ yol təklif edir; yəni bu yolla İran ona borcu olan digər ölkələrdən pulunu alaraq Avropa ölkələrinə – məsələn, Fransa, İngiltərə kimi ölkələrə – təhvil verməli və onlar da məqsədəuyğun hesab etdikləri məhsulu alıb İrana göndərməli idilər! Bu alternativ yol da uzun müddətli yubanmalardan sonra reallaşmadı. 
(17) On ikinci hökumət
(18) ABŞ-ın HBFP-dən çəkilməsindən sonra İranın 12-ci hökuməti 1398-ci il dey ayında (red: dekabr 2018) beşinci və sonuncu addımı həyata keçirərək, HBFP qarşısındakı öhdəliklərini beş mərhələdə azaltmışdır. 
(19) 12.09.1399 (red: 02.12.2020) tarixində 11-ci Məclis tərəfindən “Sanksiyaların ləğvi və İran xalqının hüquqlarını qorumaq üçün strateji fəaliyyət” qanunu qəbul edilmişdir.