بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Çox yaxşı bir görüş oldu. Əziz gənclərimizin çıxışları məni tələbə toplumunun düşüncəsinin, təhlil və qavrayış səviyyəsinin gündən-günə inkişaf etməkdə olduğu qənaətinə gətirir. Yəni bu il mənim eşitdiyim mövzuların səviyyəsi ötən illərdə – məsələn, keçən il – eşitdiyim mövzuların səviyyəsindən daha üstündür. Bu da ümidvericidir, müjdəvericidir. Başqa sözlə desək, ölkənin gənc nəsli və tələbələri inkişaf edir, irəliləyirlər. Bəzən biz hərəkət edirik, öz hərəkətimizdən isə xəbərimiz olmur, amma hərəkət baş verir; indi də belədir. Sevindirici haldır ki, hazırda tələbə mühitinə hakim olan düşüncə daha da püxtələşməyə və kompleksləşməyə doğru irəliləyir.
Əlbəttə, bu o demək deyil ki, mən burada deyilənlərin hamısı ilə razıyam; bəzi məsələlər ilə razılaşmaya bilərəm. Məsələn, qardaşlardan biri dedi ki, güc strukturları, məsələn, təhlükəsizlik, hərbi və digər qüvvələr həssas zamanlarda sionist rejim qarşısında öz vəzifələrinə əməl etmir, sadəcə bəyannamə yazanlara çevrilirlər. Bu, düz deyil. Xeyr. İş görməli olanlar vaxtında işi gördülər. Əgər həyata keçirilməsini istədiyiniz hansısa bir iş yerinə yetirilməyibsə, məsələni izləyib araşdırın – sözsüz ki, bəzi yerlərdə araşdırma aparmaq mümkün deyil, çünki bu məsələlərdən bir çoxu məxfidir – o zaman görəcəksiniz ki, həmin işin tutarlı, əsaslandırılmış bir açıqlaması varmış. Yəni görülən, ya görülməyən o işin tamamilə tutarlı izahı vardır.
Gənclər haqqındakı məsələyə gəlincə, dedilər ki, mən onlara güvənməkdən daşınmışam. Əsla! Mənim ümidim yalnız siz gənclərsiniz. Mən gənclərə güvənməyin tərəfdarıyam və bu mənim əqidəmdir. Sadəcə bunun bəzi şərtləri var və o şərtlərə diqqət edilməlidir – bugünkü söhbətimdə bəlkə bu məsələyə toxundum – və o əsas şərt bundan ibarətdir ki, öz mövqeyinizdə möhkəm dayanın, qətiyyətli olun. Elə olmasın ki, inqilabi prinsiplərə uyğun, doğru və məqbul olan bir fikrə, qənaətə gələsiniz, sonra ən kiçik bir maneənin, xırda bir şübhənin təsiri altında İnqilabın o prinsiplərindən sapıb, laqeyd birinə çevriləsiniz. Bu ruhiyyəni, bu hissləri, bu dinamikanı, bu fikri qoruyub saxlamaq üçün diqqətli olun.
Elm, Tədqiqat və Texnologiya Nazirliyinin və Səhiyyə Nazirliyinin hörmətli məsullarından xahiş edirəm ki, burada səsləndirilən bu məsələlərə tam ciddiyyətlə yanaşsınlar; hətta təklif edirəm ki, bu qardaş və bacılarımızın yazılı şikayətlərini alsınlar, oxuyub tədbir görsünlər. Orada qeyd olunanların bəzisi tamamilə doğrudur. Əlbəttə, biz də öz növbəmizdə idarəmizə aid olduğu qədər mütləq tədbir görəcəyik.
Mənim bu gün hazırladığım mövzu üç hissəni əhatə edir və onları diqqətinizə çatdıracağam. Əvvəlcə bir-iki kəlmə Ramazan ayı və orucluq haqqında, daha sonra tələbələr – yəni sizin haqqınızda danışacağam, ardınca isə qısaca gündəmdəki siyasi məsələlərə toxunacağam.
Əlbəttə, bunu da deyim ki, keçən il təşkil olunmuş bu görüşdən sonra indiyə kimi müxtəlif hadisələr yaşandı; keçən il vəziyyətimiz fərqli idi. Keçən il siz tələbələrlə keçirdiyimiz belə bir gündəki görüşümüzdə şəhid Rəisi sağ idi, şəhid Seyid Həsən Nəsrullah (Allah onlardan razı olsun) aramızda idi, şəhid Haniyə, şəhid Səfiyəddin, şəhid Sinvar, şəhid Zeyf və digər başqa böyük görkəmli inqilabçı şəxsiyyətlər aramızda idilər, yanımızda idilər, bu il isə yoxdurlar. İslam Respublikasının düşmənlərinin, müxaliflərinin və rəqiblərinin natamam, əsassız və səthi yanaşmaları onları bu hadisələrlə bağlı yanlış qənaətə gətirmişdir; bu hadisələr haqqında yanlış təsəvvür yaratmışdır. Mən isə onların qənaətlərinin əksinə olaraq, tam qətiyyətlə sizə demək istəyirəm ki, bəli, bu qardaşlarımız olduqca dəyərli şəxslər idilər və onların yoxluğu bizim üçün həqiqətən də itkidir; buna şəkk-şübhə ola bilməz. Amma onların yoxluğuna rəğmən, belə bir gündə, keçən illə müqayisədə biz bu il bir çox məsələlərdə daha güclüyük. Bəzi məsələlərdə güclü olmasaq da, zəif də deyilik. Allaha şükürlər olsun, biz müxtəlif sferalarda, ayrı-ayrı sahələrdə keçən il malik olmadığımız üstünlük və imkanlara sahibik. Bəli, bu əzizlərin yoxluğu bizim üçün itkidir, Qərbi Asiya regionunda baş verən hadisələr acı və sarsıdıcı hadisələrdir. Amma bütün bunlara baxmayaraq, Allaha şükürlər olsun ki, İslam Respublikası tərəqqi, inkişaf və qüdrətini artırmaqda davam edir.
Həzrət Peyğəmbər (s) hicrətin 3-cü ilində Həmzə kimi bir şəxsi itirdi. “Ühüd” döyüşündə Peyğəmbər (s) Həmzəsiz qaldı. O Həzrətin (s) itirdiyi təkcə Həmzə deyildi, sadəcə onların arasında ən şücaətlisi Həmzə idi. Peyğəmbər (s) bu döyüşdə başqa igidlərini, səhabələrini də itirmişdi. Bu hadisələr hicrətin 3-cü ilinə aiddir. Amma Peyğəmbər (s) hicrətin 4-cü, 5-ci ilində hicrətin 3-cü ilindən qat-qat güclü idi. Yəni üstün, görkəmli şəxsləri itirmək əsla geriləmək, zəifləmək demək deyil; əgər bu iki amil “amal” və “səy” olmuş olarsa. Əgər bir xalqda bu iki amil olarsa, görkəmli şəxsiyyətlərin həyatda olmaması itki olsa da, ümumi hərəkətin gedişatına zərbə vura bilmir.
Ramazan ayı mövzusuna gəlincə. Allah-Taala bu haqda buyurur:
یا اَیُّهَا الَّذینَ آمَنوا کُتِبَ عَلَیکُمُ الصّیامُ کَما کُتِبَ عَلَی الَّذینَ مِن قَبلِکُم لَعَلَّکُم تَتَّقون
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (2)
Bu ayəyə əsasən, orucun əsas məqsədi təqva qazanmaqdır. “Təqva” nə deməkdir? Təqva “vəqayə” sözündən alınmışdır. “Vəqayə” – “qorumaq” deməkdir. Təqva mühafizə, özünü qoruma vasitəsi, günahsızlıq qazandıran amildir; təqva bu deməkdir. Təqva insanı nədən qoruyur? Təqva insanı pisliklərdən, vəsvəsələrdən, bədxah fikirlərdən, pis niyyətlərdən, xəyanətlərdən, günahlardan, cinsi ehtiraslardan, öhdəliklərinə etinasız yanaşmaqdan, vacib əməllərə riayət etməməkdən qoruyur; təqva budur. Bu, çox mühümdür. Oruc sizə bu halın kiçik bir nümunəsini, kiçik bir örnəyini bəxş edir. Başqa sözlə desək, acsan yemək var, susuzsan su var, amma yemirsən və içmirsən, yəni yeyib-içməkdən çəkinirsən. Bu, təqvadır; ancaq günün bir neçə saatı və müəyyən hallarla məhdudlaşan təqvadır. Bu, təqva sahibi olmağımız üçün həyatımızda ümumi bir hal almalıdır.
Qurani-Kərimdə təqvanın verdiyi nəticələr ilə bağlı çoxlu nümunələr var, amma mən indi onlardan sadəcə ikisini diqqətinizə çatdıracağam. Birincisi:
وَ مَن یَتَّقِ اللَهَ یَجعَل لَهُ مَخرَجاً * وَ یَرزُقهُ مِن حَیثُ لا یَحتَسِب
“Kim Allahdan qorxsa,
Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər”. (3)
Təqva əldə olunarsa, o zaman bu təqva asanlığa – dünya işlərinin asanlıqla həll olunmasına səbəb olar. Təqva – dünya işlərinin, çətinliklərin həllini tapmasına səbəb olur; yəni iqtisadi, təhlükəsizlik və s. sahələrə təsir edir. Təqva belə bir təsirə malikdir. Əgər cəmiyyət təqvalı olarsa, Allah o cəmiyyətə “hər çətinlikdən bir çıxış yolu bəxş edər”; təqva bu xüsusiyyətə sahib olan cəmiyyətin çətinliklərinin həll olmasına, asanlaşmasına kömək olur.
İkincisi:
هُدیً لِلمُتَّقین
“Doğru yol göstərəndir”. (4)
Quran təqva sahibləri üçün hidayətdir; “İlahi hidayət”. İlahi hidayət kiçik bir şey deyil; ən mühüm olan şeydir. Məgər biz nicat və səadətə nail olmaq istəmirik? Yaxşı, bir məqsəd var; biz bu məqsədə çatmaq istəyirik. Ona görə də kimsə bizə yol göstərməlidir, əlimizdən tutmalıdır; O, Allah-Taaladır. Allah-Taala bəndələrinə kömək edir; nə vaxt? Biz təqvaya riayət etdikdə. Odur ki, təqvanızı gücləndirmək üçün orucu vəsilə qərar verin. Bu, işin əsasını təşkil edir. Bu gün bu nəticələrin hər ikisinin – həm asanlıq, həm də hidayətin bizim üçün praktiki cəhəti vardır. Bizim həm çətinliklərimizin həll olmasına, həm də İlahi hidayətə ehtiyacımız var.
Bəs biz təqvaya necə nail ola bilərik? Bununla bağlı çox danışıblar, bir sıra çıxış yolları göstəriblər. Mən isə bir cümlə ilə demək istəyirəm, o da budur ki, təqvaya nail olmaq bizim öz əlimizdədir. Bunun üçün bizim qətiyyət və iradəyə ehtiyacımız var; mütləq iradəli olmalıyıq. Dahi İmam (r.ə) öz əsərlərinin birində – ya “Qırx hədis”, ya da “Namazın sirləri”ndə – tövhid yolunda irəliləyib, seyri-süluk etmək istəyən oxucusuna bir neçə yerdə buyurur: “Möhkəm və qəti qərar qəbul etmək lazımdır”. (5) Təqva sizin verdiyiniz qərarla, göstərdiyiniz diqqətlə, özünüzü qorumaqla əldə olunur. Əgər gənc cazibədar, amma haram olan bir hadisədə özünü qoruyarsa, bu hərəkəti ondakı təqva gücünü və özünüqoruma hissini artıracaqdır. Bu, Ramazan ayı haqqında.
İndi isə tələbələr haqqında. Sizin tələbələrin problemləri və universitetə inananların qəlbində tələbə hərəkatına olan ümidlə bağlı toxunduğunuz məsələlər tamamilə doğru idi. Mən də öz növbəmdə bütün bu deyilənləri təsdiqləyirəm. Diqqətinizə çatdırmaq üçün mən qısa bir mövzunu – əlbəttə, əgər qısa söyləyə bilsəm – burada özüm üçün qeyd etmişəm və bu, “tələbə kimliyi” mövzusudur.
Baxın, Qərb mədəniyyətinin ölkəmizə daxil olduğu, bizimlə əlaqə yaratdığı və həmçinin bizim də qərblilərlə, Qərb mədəniyyəti ilə əlaqə yaratdığımız bu iki əsrdə iranlı gənc iki fərqli təcrübə yaşadı: onun birinci təcrübəsi heyranlıq və özünü itirmə oldu; bu birinci təcrübə. Sonrakı təcrübəsi isə Qərb mədəniyyətini tanıma, ona qarşı seçici yanaşma, müstəqillik və müəyyən hallarda isə bu mədəniyyətdən tamamilə uzaqlaşma hissi oldu. Bu iki qarşılaşma ilə bağlı qısaca izah vermək istəyirəm.
Birinci təcrübədə biz qərblilərlə, Qərb ünsürləri ilə və Qərb simvolları ilə ilk dəfə qarşılaşdığımız zaman iranlı gəncdə – indi söhbət gənclərdən gedir, mən gənclər haqqında danışıram; cəmiyyətin digər üzvlərinin də hissləri təxminən gənclərinkinə bənzəyir; amma indi söhbət gənclərdən gedir – belə bir düşüncə, qəti bir fikir formalaşmışdı və həmin ikili standart bundan ibarət idi: “İnkişaf etmiş Qərb” və “geridə qalmış zəif İran”; “nailiyyət qazanmış Qərb və tənəzzülə uğramış İran”. Gənclərdə belə bir möhkəm düşüncə formalaşmışdı. İranlı gənc Qərb nailiyyətləri, Qərb elmi, texnologiyasını və sairəni müşahidə etdikdə özünü geridə qalmış, tənəzzülə uğramış və zəif hiss etdi. Qərb isə inkişaf etmişdi və ona görə də onun ardınca getmək, onu izləmək lazım idi.
Bəli, reallıq da bundan ibarət idi; yəni yüz il bundan əvvəlki İran həqiqətən də yüz il bundan əvvəlki Qərbdən xeyli geridə idi. Bunun səbəbləri, dəlil və faktorları çoxdur və bu bizim bugünkü mövzumuzun yeri deyil. Hər halda, bu bir reallıq idi. İntəhası, burada mühüm bir nüanas var: Siz qarşı tərəfə, məsələn, Qərb tərəfə baxdıqda, onun sahib olduğu güclü yönlərini gördükdə, bu güclü cəhətlər sizə öz zəif cəhətlərinizi xatırladıb sizi düşündürərsə, bu, müsbət haldır. İnsan baxıb görməlidir ki, onlar nə əldə ediblər və biz nə əldə etməliyik. Əgər onlar elmi nailiyyətlər qazanıblarsa, biz də mütləq elmi nailiyyətlər əldə etməliyik; yanaşma belə olarsa, bu, yaxşıdır. Amma bu, baş vermədi. Qərbə uğurlu cəmiyyət gözü ilə baxıldı. Yəni onun güclü cəhətləri bizim güclü cəhətlərimizin unudulmasına səbəb oldu! Axı bizim də güclü cəhətlərimiz vardı, İran xalqının da güclü cəhətləri vardı: imanı, paklığı, qardaşlığı vardı, sıx ailə münasibətləri vardı, sədaqəti vardı, həyası vardı. Bunlar bizim güclü cəhətlərimiz idi. Biz bunları unutduq, o günkü gəncimiz bunları unutdu; özünü unutdu. Həmçinin bu unutqanlığı ölkə daxilində də körükləyən bir qrup insan ya ortaya çıxdı, ya da onlar elə əvvəldən var idilər. Yəni özünüdərk yerinə, özünü itirməyə çatmışdılar. Və bu insanlar cəmiyyət içərisində bu düşüncəni formalaşdırırdılar ki, əgər həyatda nəyəsə nail olmaq istəyirsinizsə, yaşam tərzinizin, elminizin, bacarıqlarınızın Qərbdəki səviyyəyə çatmasını istəyirsinizsə, həyatın bütün sferalarında onlar kimi, qərbli kimi olmalı, onlara bənzəməlisiz. Öz milli kimliyinizlə bir yerə çata bilməzsiniz! Təqizadənin (6) məşhur cümləsində deyildiyi kimi: “Təpədən dırnağa qərbli olmalıyıq”. Onların səviyyəsinə çata bilməyimiz üçün geyimimizdə, əxlaqımızda, yaşam tərzimizdə, bir sözlə, hər şeydə qərbliləşməliyik.
Burada önəmli olan məqam bu idi ki, Qərbə təqlid əxlaq və əxlaqi dəyərlərdə, ideoloji məsələlərdə özünü göstərdi. Amma Qərbin inkişafının əsasını təşkil edən fundamental sahələrdə isə heç bir dəyişiklik baş vermirdi. Bəli, Rza Xanın dövründə formal olaraq universitet yaradılmışdı, ancaq bu universitetin yetişdirdiyi hansısa görkəmli bir şəxs olmamışdı, hansısa bir ixtira, innovativ bir iş və ümumiyyətlə, heç bir elmi inkişaf ortaya qoyulmamışdı. Qərblilər də bunu təbliğ edirdilər; qərblilər də “Qərbin ardınca getmək, Qərbə tabe olmaq” hissini, düşüncəsini stimullaşdırırdılar. O zaman Qərb dövlətlərinin ölkə daxilindəki təmsilçiləri, əslində, burada hər şeyə və hər kəsə hakim olan ingilislər idilər. Onlar hakimiyyətə bir diktatoru gətirdilər. Rza Xan hakimiyyətə gəldi. O öz hakimiyyətini, zorakılığını, despotluğunu və quldurluğunu hər yerə tətbiq etdi. Onun çevrəsində elə bir dəstə peyda olmuşdu ki, onlar cəmiyyət içərisində – çünki bu cür fikirlər onun ağlına gəlməzdi – Qərbə meyillilik düşüncəsi altında, əslində, Qərbə tabe olmaq, onun maddi mədəniyyətində həzm olub, yoxa çıxmaq fikrini yayır, formalaşdırır və reallaşdırırdılar. Və bu düşüncəni həyatımızın müxtəlif sahələrində, o cümlədən iqtisadiyyatımızda, sosial həyatımızda da həyata keçirirdilər. Əslində, Qərbi müdafiə, Qərbə dəstək bayrağını onlar qaldırmışdılar.
Rza Xan dağıdıcı qərbçilik ideologiyasının simvolu idi; viranedici qərbçiliyin. Yəni həqiqətdə hər şeyi qərblilərin ixtiyarına vermişdi. Və bu da ölkənin içəridən, daxildən çürüməsinə səbəb oldu. Məhz elə ona görə də 20 ildən sonra yenidən həmin ingilislər Rza Xanı hakimiyyətdən uzaqlaşdıranda bizim nə milli ordumuz, nə milli iqtisadiyyatımız, nə milli təhlükəsizliyimiz, nə milli daxili siyasətimiz, nə də milli xarici siyasətimiz var idi və hətta milli geyimimiz də yox idi! Yəni ölkənin inkişafını geyim tərzini dəyişməkdə, filan model papaq qoymaqda və bu kimi şeylərdə xülasələndirmişdilər.
Onların Qərblə qarşılaşması belə olmuşdu. Qacar və Pəhləvi dövrünün dövlət rəsmilərindən, siyasi xadimlərindən olan Müxbirüs-səltənə Hedayətin belə dediyi nəql olunmuşdu: “Gözlər Qərbin laboratoriyalarına, kitabxanalarına deyil, Qərbin bulvarlarına dikilmişdi”. Onların yanaşma tərzləri belə idi.
Təbii ki, Təqizadə, Foruği, Hikmət kimi mütəfəkkirlər o dövrün ən böyük müqəssirləri idi və onlar ölkəmizi on illərlə geridə saxladılar. Bunu nəzərə alın ki, əgər onların yerinə vətəninə ürəkyandıran, vətənini sevən başqa bir qrup olsaydı, əlbəttə ki, ölkəni irəli apara bilərdi. Onlar isə ölkəni geridə saxladılar. Bu, Qərbə qarşı ilkin münasibət, ilkin yanaşma və birinci təcrübə idi.
İkinci təcrübəni isə – məncə, bu çox mühümdür və bizi bu günlərə kimi gətirib çıxaran həmin təcrübə olmuşdur – xalq ard-arda baş verən acı hadisələr nəticəsində qazandı. Bu, qərblilərin ölkəmizdə törətdikləri qəddar və zalım rəftarları idi. Bəzi bölgələrin İngiltərə və Çar Rusiyası tərəfindən işğal edilməsi – belə ki, o da (Çar Rusiyası) o dövrlərdə Qərbin bir hissəsi idi. Əlbəttə, sonralar yenə Sovet İttifaqı tərəfindən İranın bir hissəsi işğal olundu – bu işğalların qoyduğu zərərlər, onların ölkənin şimalında, cənubunda, şərqində nəzarəti ələ keçirməsi, müxtəlif yerləri zəbt etmələri, daxili hərəkatları boğmaları, süni aclıq yaratmaları və s. Qərblilərin ölkədə yaratdıqları aclıq nəticəsində – indi əlimizdə dəqiq rəqəm yoxdur, amma bəziləri bir neçə milyon deyir – minlərlə insan həyatını itirmişdi. Ölkədaxili hərəkatların yatızdırılması; Təbrizdə bir cür, Məşhəddə bir cür, Gilanda bir başqa cür; etdikləri müxtəlif xəyanətlər: “Vusuqəd-dövlət” müqaviləsi, (7) Rza Şah tərəfindən “Darsi neft müqaviləsi”nin müddətinin uzadılması (8) və s. Tədricən onların bu əməlləri ağıllı insanlara, xalq kütlələrinə, xüsusilə də gənclərə Qərbin iç üzünü açıb göstərdi. Yəni məlum oldu ki, bəzən təbəssümlə müşayiət olunan ütülü və pozitiv görüntülərinin altında xəbis, xain bir batin yatır. İnsanlar bunu hiss etdilər. Bütün bunlar xalqın əksəriyyət hissəsinin və bir çox gənclərin Qərb mədəniyyətinə duyduqları o sevgini, o heyranlığı tədricən azaltdı.
1329 və 1330-cu illərdə baş verən Milli Neft Hərəkatı mühüm və tarixi bir dönüş nöqtəsi idi; bu, Qərbin iç üzünü bizə göstərə bilən həssas bir dönəm oldu. Bu hərəkat özündən əvvəl və sonra baş verən bütün prosseslərlə, ardınca gələn nəticələri ilə Qərbin iç üzünü İran xalqına tam aydınlığı ilə göstərdi. Müsəddiq neft məsələsinin həllində, ingilislərə qarşı mübarizədə Amerikaya arxalanırdı, onlara ümid edirdi; arxayın idi ki, Amerika ingilislərə qarşı onu müdafiə edəcək. Amma Müsəddiqə zərbəni elə Amerika vurdu. Yəni Müsəddiqin ona kömək edəcəyinə arxayın olduğu həmin Amerika hökumətə qarşı çevriliş etdi. 28 mordad çevrilişini həyata keçirən məşhur qiyamçı ünsür Kim Ruzvelt amerikalı idi. Amerikanın pulu ilə, imkanları ilə gəlib, bu çevrilişi yaratdılar və beləliklə, daha bir neçə onilliklərlə ölkəni əsir vəziyyətində saxladılar.
Bu hadisələr bir nəticə verdi və o nəticə də bundan ibarət oldu ki, inkişaf üçün Qərbə arxalanmaq nəinki kömək deyil, əksinə, maneədir. Başqa sözlə, Qərbə arxalanmaq nəinki bizi inkişafa aparmır, əksinə, heç inkişafa imkan da yaratmır. Məlum oldu ki, onlar İranda Qərbin hədsiz istək və maraqları ilə müxalif olan hər bir hadisə ilə amansızcasına davranırlar; bunu ya birbaşa şəkildə – 28 mordadda gəlib çevriliş etdikləri kimi – ya da dolayı yollarla; məsələn, 1342-ci ilin 15 xordadında (red: 06.05.1963) olduğu kimi, yəni öz marionet hökumətləri vasitəsi ilə edirdilər. Orada da amansızcasına davrandılar, öldürdülər, qətliam törətdilər; amma Məhəmməd Rzanın əli ilə.
Bütün bu prosseslər, yəni Qərbin maddi mədəniyyətinin iç üzünün İran xalqına, iranlı gənclərə aydınlaşması ona qarşı etirazların başlanmasına səbəb oldu; bir qrup insan onların əleyhinə qalxdı. Mordad ayında qiyam baş verdi. Həmin ilin, yəni 1332-ci ilin azər ayının 16-da (red: 07.12.1953) Tehran universitetində bir qrup gənc tələbə ayağa qalxaraq o zamankı Amerikanın vitse-prezidenti Niksonun gəlişinə qarşı etiraz etdilər. Həmin tələbələrdən üçü hökumət adamları tərəfindən öldürüldü. Elə hər şey də o gündən başladı. Təbii ki, universitetlər bir çox böyük hadisələrdə mühüm rol oynayırdılar; bunu yadda saxlayın. Hazırkı universitetlər inqilabdan əvvəlki, hətta inqilabdan iyirmi il sonrakı universitetlərdən çox fərqlənir. Bugünkü universitet öndədir, daha çox inkişaf edib, müxtəlif məsələlərdəki dərki daha kompleksli və dərindir, dirənişi də yaxşıdır. “İranın yeni nəsil tələbə və gəncləri 1360-cı illərin gəncləri qədər hazırlıqlı deyillər” kimi təbliğin və gedən bəzi söz-söhbətlərin əksinə olaraq, bu, belə deyil; bu hazırlıq bu gün də mövcuddur. Biz bunu müxtəlif hadisələrdə görmüşük və bu gün də İran gənclərinin ön sıralarda olmağa hazır olduqlarını öz gözümüz ilə müşahidə edirik; gənclər düşmənlə qarşı-qarşıya gəlməyə hazırdırlar, hazırlıqlıdırlar; həm müxtəlif məsələləri daha yaxşı başa düşürlər, həm də Allaha şükürlər olsun, hazırlıqları da çox yaxşıdır.
Əlbəttə, o azdırıcı cərəyanın işi bununla bitmədi; o cərəyan davam etdi və İnqilab başlayana qədər insanların həyatının müxtəlif sferalarını açıq şəkildə təsir altında saxladı. Yəni əgər həqiqətən də 1357-ci ildə (red:1979) İnqilab baş verməsəydi, o günkü dövlət və mədəniyyət rəsmilərinin hərəkəti ölkəni bütün mənəvi-əxlaqi məziyyətlərdən məhrum edəcəkdi. Yəni xaricdən, Amerikadan və digər ölkələrdən olan maddi və mənəvi asılılığı gündən-günə artıracaqdı və əlləri qarət üçün daha da uzanacaqdı. Amma İnqilab İran xalqının köməyinə yetişdi və bu təcavüzün qarşısını ala bildi. Nəhayət, bu cərəyanın fəaliyyəti İnqilaba qədər davam etdi.
Mən bu məsələyə böyük önəm verirəm: dahi İmamın (r.ə) hünəri bunda idi ki, əvvəla, o, təkcə hansısa xüsusi bir təbəqə, partiya və birlik ilə deyil, xalq ilə ünsiyyət qura bilmişdi, xalq ilə danışa bilmişdi. O, İran xalqı ilə ünsiyyət yaratdı, xalqa kimlik hissini aşıladı, onlardan gözləntilərini dilə gətirmələrini istədi, xalqı meydana çıxartdı, meydana gətirdi; bu, İmamın (r.ə) böyük hünəri idi. Tarixi hadisələrin heç birində İmam (r.ə) kimi birinin – əlbəttə, bizdə İmam (r.ə) kimi birisi olmayıb da – dəvəti ilə bu cür böyük hərəkat baş verməmişdi.
Beləcə İmam (r.ə) həm xalqa kimlik hissini aşıladı, həm meydana gəlmələrini istədi, həm onlara etimad göstərib mədəni və tarixi kimliklərini xatırlatdı, həm də bizim hamımızı qəflətdən oyatdı. Biz öz bacarığımızın fərqinə varmırdıq; İmam (r.ə) isə bizi bacarığımızdan, qətiyyətimizdən xəbərdar etdi. Bizi, xalqı meydana çəkdi və bu işi həyata keçirmək üçün həqiqətən də çox çalışdı və Allah-Taala da bu işə bərəkət verdi. Xalq qorxmurdu, qorxmamışdı, çünki İmam (r.ə) qorxu hissini xalqdan uzaqlaşdırmışdı. Bu, Qərbin və onun maddi mədəniyyətinin ölkəmizdəki iştirakına və varlığına qarşı xüsusilə gənclər tərəfindən göstərilmiş ikinci ümumi reaksiya idi. Əlbəttə, bu haqda mən çox söhbət etmişəm.
Amma dünyanın despotları hələ də təslim olmurlar; mühüm olan budur. Dünyanın despotları uzun illər boyu İranda ürəkləri istəyən hər şeyi etdilər, bura 50 minlik hərbi və mülki müşavir gətirdilər, ölkənin milli sərvətindən ürəkləri istəyəni qamarlayıb apardılar, nəyi necə istədilərsə, zorla həyata keçirdilər: “Kimə neft satmalı, kimə satmamalı, kiminlə əlaqə qurmalı, kiminlə qurmamalı, baş nazir vəzifəsinə kimi gətirməli, kimi gətirməməli, ruhanilərlə, universitetlə necə davranmalı və s.” illər boyu onlar bu ölkədə belə yaşamışdılar. İndi bütün bunlardan məhrum olublar, sakit dayana bilmirlər. Elə ona görə də İnqilabın əvvəlindən indiyə qədər İnqilaba qarşı mübarizə apardılar, İnqilaba qarşı çıxdılar, təxribatlar törətdilər, əllərindən gələni etdilər.
Əlbəttə, bütün bu illər ərzində Allahın lütfü ilə İnqilab onlara qalib gəlib. Dünya despotları deyirlər ki, dünya mütləq bizə tabe olmalıdır! Belə deyirlər də; bu gün siz də görürsünüz, bunun bir nümunəsini hamı dünyada müşahidə edir. (9) Deyirlər ki, hamı bizə tabe olmalıdır, bizim maraqlarımızı hamı öz maraqlarından üstün tutmalıdır; birinci bizik. Bu gün bunu dünyada hamıya göstərirlər; əslində, bununla Qərbin iç üzünü hamının gözü önündə sərgiləyirlər. Əlbəttə, məncə – mən belə düşünürəm – İran İslam Respublikası bunu qəti şəkildə rədd edən yeganə ölkədir. Biz heç bir halda digərlərinin maraqlarını öz maraqlarımızdan üstün tutmayacağımızı qətiyyətlə elan etmişik!
İndi isə qayıdaq gənc iranlı tələbələr mövzusuna. Bu gün sizə demək istədiyim budur ki, düşmənin həmin tabeçilik, passivlik və asılılıq ruhiyyəsinin təbliği istiqamətində apardığı siyasi hərəkatı hal-hazırda ciddi bir şəkildə daha da aktivləşib. Hal-hazırda bir sıra müasir metodlarla, xüsusən də əldə olunmuş elmi nailiyyətlərlə, internet və bu kimi mövcud vasitələrlə bu sahədə iş görürlər; məşğuldurlar. Bəs onların bu fəaliyyətinin müqabilində bizim tələbəmiz harada dayanır? Sözsüz ki, burada dilə gətirilən bu hisslər, çıxışlar, sərgilənən motivasiya diqqətəlayiqdir. Nüfuz etmək, istismar etmək və əziz ölkəmiz üzərində əldən verdiyi hakimiyyəti yenidən əldə etmək istəyən düşmənin təxribatına qarşı mübarizə aparmağın yeganə yolu tələbənin bu motivasiyası, bu hissləri və ümumi hərəkatıdır. Buna şübhə ola bilməz.
Düşmənin hərəkatı qarşısında – qeyd etdiyim bu hərəkat bu gün yeni metodlarla davam etdirilir – xoşbəxtlikdən, İslam hərəkatı da irəliləməkdədir. Bu gün biz dini, əxlaqi və hətta irfani sahələrdə bir sıra müsbət yeniliklər əldə etmişik. Sevindirici haldır ki, bu gün teoloji mərkəzlərimizdə, universitetlərimizdə, cəmiyyətin müxtəlif sferalarında düşünən beyinlər yetişiblər; bu beyinlər İslam anlayışlarını izah edə bilmək üçün dövrümüzə uyğun dili tapıb, ondan yararlana biliblər. Sizin burada səsləndirdiyiniz məsələlər – sözsüz ki, bunun on qat artığını tələbə təşkilatlarında da hazırlamaq mümkündür – bir müddət bundan əvvəl görüşlərin birində mənim verdiyim tövsiyədir: “məzmun hazırlamaq”. (10) Məzmun elə bunlardır. Vacib işlərdən biri virtual məkanlar üçün məzmun hazırlamaqdır. Bunlar məzmundur. Sizin görə biləcəyiniz işlər, irəli sürəcəyiniz idealar, müxtəlif məsələlərlə bağlı təqdim edə biləcəyiniz analizlər və s. sizdən istədiyimiz məzmun istehsalı bunlardır.
Tələbə belə bir yerdə mövqe tutmalıdır. Tələbənin yeri buradır. Tələbə də özünə münasib mühitdə, imkanları daxilində müəllim kimi xəbərdaredici və bələdçi mövqeyinə malik ola bilər, bu cür hərəkət edə bilər. Hesab edirəm ki, bizim əziz tələbələrimizin kimliyi budur: ifadə etmək, izah etmək və açıqlamaq bacarığı.
Əlbəttə, mənim bəzi tövsiyələrim var. Keçən il bəzi tövsiyələrimi vermişdim; tələbələrlə olan görüşdə bəzi məsələləri açıqlamışdım. (11) Tövsiyələrdən biri bu idi ki, tələbə təşkilatları universitet daxili problemlərlə məşğul olsun. Mən bunu israrla tövsiyə edirəm. Mənə verilən məlumata görə, bu iş lazımi səviyyədə həyata keçirilməyib. Mənim siz gənclərdən gözləntim budur. Sözsüz ki, bir sıra problemlər mövcuddur; bütün böyük işlərdə, yaxşı işlərdə hansısa problemlər ortaya çıxır. Elə düşünməyək ki, dümdüz yolda hərəkət edirik. Xeyr, hər bir yolun döngəsi, dalanı, enişi, yoxuşu, müxtəlif poblemləri var. Problemləri həll edin. Problemlərin öhdəsindən gəlin! Əgər siz izah üçün münasib ifadə vasitələrindən istifadə edə bilsəniz, universitet atmosferinə təsir göstərə bilərsiniz. Qarşınızda duran şəxs, sizin dinləyiciniz tələbədir, gəncdir, inadkarlığı yox, düşmənçiliyi yox, dinləməyə, qəbul etməyə hazırdır. Qardaşlardan birinin burada dilə gətirdiyi "açıqlama verəcək, izah edəcək mərkəzlər öz işlərini, o işləri yerinə yetirmirlər” kimi bu cür gözləntilər sizdən də gözlənilir. Siz təşkilatçılar mütaliə edin, hazırlaşın və universitet atmosferini öz sağlam düşüncənizin təsiri altına alın. Bu, bir tövsiyə.
Digər bir tövsiyə də tələbələrin səmərəli forumlar təşkil etməsi ilə bağlıdır. Yəni müəyyən bir mövzu üzərində ciddi şəkildə dərindən düşünün; günümüzdə mövcud olan mötəbər ideoloji mənbələrdən – bizim mötəbər ideoloji mənbələrimiz var – forumlarda istifadə edin; günün aktual məsələlərini müzakirə edin. Gündəmə gətirilən bu məsələlərin, mövzuların bəzisi birinci dərəcəli yox, ikinci, üçüncü dərəcəli məsələlərdir. Ölkənin ən əsas məsələsi İnqilabın və cəmiyyətin ümumi hərəkatı ilə bağlı olan daxili və xarici məsələlərdir; bu məsələləri axtarıb tapın və müzakirə obyektinə çevirin. Ayrı-ayrı hadisələrlə əlaqəli qəzetlərdə, virtual məkanlarda və başqa yerlərdə müxtəlif analizlər təqdim olunur. Bu cür analizlər sizi şübhəyə salmasın; yəni müxtəlif analizlər çaşqınlığa və tərəddüdə düşmənizə səbəb olmasın. Öz analizlərinizi, düşüncə və araşdırmalarınızı düzgün aparın və beləliklə, səsləndirilən səhv fikirlərə qalib gəlin.
Digər bir tövsiyəm tələbələrin məsul şəxslərə ünvanladıqları bəzi irad və tənqidlər haqqındadır. Bu tənqidlər məlumatsızlıqdan qaynaqlanır. Məsələn, “Doğru vəd-2” əməliyyatı nə üçün filan vaxt deyil, başqa vaxt həyata keçirildi? Əgər filan vaxt həyata keçirilsəydi, filan hadisə baş verməzdi” və s. iradlar səsləndirildi. Bu, doğru deyil, bu iradlar düzgün deyildir. Çünki bu işlərdə cavabdehlik daşıyan şəxslərin İnqilaba qarşı duyduqları sevgi, bağlılıq və hazırlığı mənim və sizin sevginizdən heç də az deyil; onları ittiham etmək olmaz. Bu şəxslərin müəyyən hesablamaları var, ölçüb-biçib iş görürlər, onların yerinə siz də olsaydınız, eyni şeyi edərdiniz; bu ehtimalı həmişə yadınızda saxlayın və insanları ittiham etməyin. Yəni müşahidə etdiyiniz hansısa hadisədə sizə qaranlıq qalan məqamlarda həmişə düzgün bir hesablamanın aparıldığı ehtimalını verin. Ehtimal verin ki, bu qərarın arxasında reallığa əsaslanan hansısa düzgün hesablamanın olması mümkündür.
Tənqid etmək haqqında; keçən il verdiyim tövsiyələrdən biri bu idi ki, irad bildirilsin, tənqid edilsin. Tənqid etməyin eybi yoxdur. Amma bununla əlaqəli bəzi suallar verilmişdi ki, bu iradımızı, tənqidimizi necə, hansı şəkildə bildirək? Məsələn, müharibə şəraitində, düşmənlə qarşıdurma zamanı tənqidimizi necə bildirək ki, onlara toxunmasın? Tənqidin eybi yoxdur, intəhası, tənqid etmək iftira atmaqdan fərqlənir. Ona görə də ehtiyatlı olun ki, kimisə tənqid etdikdə onu ittiham etməyəsiniz. Sual soruşulsun; eybi yoxdur. Sual verilsin, qaranlıq məqamlar bildirilsin ki, cavab vermək fürsəti də yaransın. Bəzən elə olur ki, qarşı tərəf bəzi sualları heç cavablandıra da bilmir. Yəni həmin şəxsə cavab vermək fürsəti tanınmır, ya da məsələ ilə əlaqəli cavab vermək mümkün olmur. Belə hallarda, hətta qaranlıq məqamları da dilə gətirməyin. Bu kimi yanaşmalarla ehtimal olunan fərziyyələri doğru qəbul etməyin.
Məncə, tənqid edərkən çalışın çıxılmaz vəziyyət yaratmayasınız. Yəni adi insanlar bu tənqidləri eşitdikdə çıxılmaz vəziyyətdə olduqlarını hiss etməsinlər. Bəzən iradlar elə bir şəkildə səsləndirilir ki, insan onları eşidəndə artıq heç bir çıxış yolunun qalmadığını fikirləşir. Bu, səhvdir. İqtisadi, mədəni, təhsil, universitet və s. ilə bağlı olan hansısa məsələlərdə vəziyyətin çıxılmaz olduğunu göstərmək yanlışdır; bu yanaşma insanları məyus edir. Ona görə də bu cür davranışlardan ciddi şəkildə çəkinmək lazımdır. Qərar qəbul edən məsul şəxslərə qarşı fikirayrılığı yaratmaq, ikitirəlik, ümidsizlik, bədbinlik və s. kimi hallar aşılamaq tənqiddə yer almamalıdır.
Bəzən məndən soruşurlar ki – əlbəttə birbaşa soruşulmur, sosial şəbəkələr, ya da suallarını idarəmizə göndərilən açıqlamalar vasitəsi ilə ünvanlayırlar – məsələn, niyə görə nazirlərin hamısı seçildiyi zaman rəhbərlik məmnunluq hissi ifadə etdi? Halbuki mümkündür ki, həmin nazirlərin bəziləri onun kriteriyalarına uyğun cavab verməsin. Suallardan biri budur. Bəli, bu bir sualdır. Bu sualın cavabı isə budur: Nazirlərin hamısının məclis tərəfindən seçilməsi arzuolunan bir hadisədir. Əgər hansısa seçilməsəydi, səs toplamayan hər bir nazirin nazirliyi uzun müddət rəhbərsiz qalmış olacaqdı. Rəhbərsiz qalmaq isə bəzi meyarlara cavab verməyən şəxsin seçilməməsindən daha pisdir. Yəni rəhbərsiz qalmaq qarışıqlıq, hərc-mərclik yaradacaqdı. Hökumətin ilk fürsətdə, müəyyən vaxtda formalaşması və ölkəni idarə etməsi çox yaxşı bir haldır. Hökumət ölkəni idarə etməyi bacarmalıdır. Məclisin bu səsverməsi çox yaxşıdır. Sözsüz ki, insan sevinir. O da ola bilər ki, hansısa nazirin davranışı insanın tam xoşuna gəlməsin, ya da onun bəzi xüsusiyyətləri müsbət olmasın, bunlar bir-biri ilə ziddiyyət təşkil etmir. Hər halda bu kimi məsələlər var. Xülasə, tələbənin əsas qayğısı, narahatçılığı bunlar olmamalıdır, çünki bunlar ölkənin əsas məsələləri deyil. Ölkənin əsas məsələsi, qeyd etdiyim kimi, başqa məsələlərdir.
Bir neçə cümlə də Amerikanın bu son məsələsi – danışıqlara dəvəti və s. haqqında danışmaq istəyirəm. Birincisi, Amerika prezidentinin (12) “İranla danışıqlara hazırıq” deməsi, bizi danışıqlara dəvət etməsi və mənə məktub göndərdiyini iddia etməsi – əlbəttə, bu məktub mənə çatmayıb – bütün bunlar, fikrimcə, dünya ictimaiyyətini aldatmaq üçün bir cəhddir. Onun bu hərəkətinin mənası budur ki, biz danışıq tərəfdarıyıq. Biz danışıqlar aparmaq, sülh bağlamaq istəyirik, münaqişənin olmamasını istəyirik, İran isə danışıq aparmaq istəmir. Yaxşı, bəs niyə İran danışıqlara hazır deyil? Bunun səbəbini özünüzdə axtarın. Biz neçə illər oturub danışıq apardıq, halbuki həmin şəxs özü tamamlanmış, imzalanmış müqaviləni masanın üzərindən götürüb, cırıb yerə atmışdı. (13) Bu adamla necə danışıq aparmaq olar?
Mənim sözümə cavab olaraq, bizim filan media nümayəndələrimizdən biri belə yazır: “Cənab, bir-biri ilə müharibə aparan iki tərəf də sülh razılaşması üçün danışıq aparır! Onlar da bir-birinə etibar etmir, etibar etməmək danışıq aparmağa mane olmaz”. Bu, səhv fikirdir. Sülh üçün danışıqlar aparan o iki tərəf müqavilənin yerinə yetiriləcəyinə əmin olmasalar, danışıqlara getməzlər. Çünki bilirlər ki, bu, mənasızdır, boş işdir. İnsan danışıqlarda qarşı tərəfin verdiyi sözü yerinə yetirəcəyinə mütləq əmin olmalıdır. Sözünü yerinə yetirməyəcəyini bilirsə, danışıq aparmağın nə mənası var? Ona görə də danışıqlara dəvət, danışıq elan etmək ictimai rəyi aldatmaq deməkdir.
Amerikanın sanksiyalarına gəlincə, bizim 1390-cı illərdə HBFP hadisəsində danışıqlar aparmağımız lap əvvəldən sanksiyaların aradan qaldırılmasına yönəlmişdir. Xoşbəxtlikdən, getdikcə sanksiyalar dünyada daha az təsirli olur. Sanksiyalar uzandıqca tədricən öz təsirini itirir. Bunu onlar da etiraf edirlər; yəni onların özləri də belə hesab edirlər ki, sanksiya tətbiq edilmiş ölkə, tədricən sanksiyanı zərərsizləşdirmək üçün yollar axtarıb tapıb, onun təsirindən yan keçə bilər. Bu yollardan bir çoxunu biz tapmışıq, sanksiyaları zərərsizləşdirmişik. Əlbəttə, sanksiyalar təsirsiz deyil. Amma əgər iqtisadi vəziyyətimiz pisdirsə, bunun yeganə səbəbi sanksiyalar deyildir. Xeyr, bəzən öz səhlənkarlığımız da öz təsirini göstərir; bəzən yox, əksinə, çox vaxt problemlərin çoxu bizim öz səhlənkarlığımızdan qaynaqlanır. Sözsüz ki, bir hissəsi də sanksiyalara aiddir ki, o da tədricən təsirsizləşir. Bu da aydın məsələlərdən biridir.
Nüvə silahına gəlincə, daim deyirlər ki, biz İranın nüvə silahı istehsal etməsinə imkan verməyəcəyik. Əgər biz nüvə silahı istehsal etmək istəsəydik, Amerika qarşımızı ala bilməzdi! Nüvə silahımızın olmaması və onu əldə etməməyimizin səbəbi budur ki – daha öncə qeyd etdiyim kimi – bunu özümüz istəmirik. Özümüz istəmirik; əgər biz istəsəydik, onlar bizə mane ola bilməzdilər.
Digər bir məsələ, Amerika bizi müharibə ilə təhdid edir. Fikrimcə, bu təhdid ağılsızlıqdır. Yəni müharibə, savaş yaratmaq, zərbə endirmək və bu kimi məsələlər birtərəfli məsələ deyil. İran qarşılıqlı zərbə endirmək gücünə qadirdir və bu zərbəni mütləq endirəcəkdir! Mən hətta inanıram ki, əgər amerikalılar və tərəfdarları hansısa bir yanlış addım atsalar, bundan ən çox zərər çəkən elə onların özləri olacaq. Sözsüz ki, müharibə yaxşı bir şey deyil və biz də müharibəyə can atmırıq. Amma əgər kimsə əleyhimizə addım atarsa, bizim cavabımız qətidir!
Digər bir məsələ budur ki, Amerika bu gün güclənmək yox, zəifləmək yolunda irəliləyir. Bu bir reallıqdır. Həm iqtisadi, həm dünyadakı siyasi mövqeyi, həm daxili siyasəti, həm də daxili ictimai problemləri baxımından; bütün bu amillər Amerikanı zəiflətməkdədir. Amerika artıq 20-30 il əvvəlki qüdrətə sahib deyil, bundan sonra da olmayacaq və ola da bilməz.
Digər bir məqam da daxildəki bəzi adamların danışıqlar məsələsinə durmadan israr etmələri ilə bağlıdır: “Cənab, niyə cavab vermirsiniz? Niyə danışıqlara getmirsiniz? Niyə Amerika ilə bir danışıqlar masasına oturmursunuz? Danışıqlar masasına oturun”. Mənim demək istədiyim budur: Əgər danışıqlarda məqsəd sanksiyaları aradan qaldırmaqdırsa, bu Amerika dövləti ilə danışıq aparmaq sanksiyaları aradan qaldırmayacaqdır; yəni nəinki sanksiyaları ləğv etməyəcək, əksinə, sanksiyalar düyününü daha da mürəkkəbləşdirəcək, təzyiqlərin artmasına səbəb olacaqdır. Bu dövlətlə danışıq aparmaq təzyiqi daha da artıracaqdır. Mən bunu bir neçə gün bundan əvvəl dövlət rəsmiləri ilə olan görüşümdə də demişəm. (14) Yeni məsələlər qaldıracaq, yeni gözləntilər səsləndirəcək, yeni və daha artıq tələblər irəli sürəcəklər. Beləliklə, bugünkündən daha çox problem yaranacaqdır. Ona görə də danışıqlar heç bir problemi həll etməyəcək, heç bir düyünü açmayacaqdır. Bu da bir məqam.
Sonuncu məqam; düşmənin gözləntisinin əksinə olaraq, nə Fələstin müqaviməti, nə də Livan müqaviməti məğlub olmayıb, əksinə, əvvəlkindən daha çox güclənmiş, daha çox motivasiya əldə etmişlər. Bu şəhadətlər insani cəhətdən onlara zərər vursa da, motivasiya baxımından onları daha da gücləndirdi. Özünüz də gördünüz, Seyid Həsən Nəsrullah kimi (Allah ondan razı olsun) bir şəxsiyyətin onların arasından ayrılması, pərvaz etməsi ilə yeri boş qalsa da, şəhadətindən həmən sonra Hizbullahın sionist rejimə qarşı həyata keçirdiyi hərəkat əvvəlkindən daha güclü oldu. Fələstin müqavimətində də Haniyə, Sinvar, Zeyf kimi şəxsiyyətlər onların arasından ayrılsa da, onlar sionist rejimin, havadarlarının və Amerikanın israr etdikləri danışıqlarda öz şərtlərini qarşı tərəfə qəbul etdirə bilirlər. Bu onlardakı motivasiyanın güclənməsinin göstəricisidir.
Mənim sonuncu cümləm budur; biz də var gücümüzlə bunu deməliyik: Biz Fələstin və Livan müqavimətini dəstəkləyəcəyik. Bu məsələdə ölkə rəsmiləri də hamısı yekdil fikirdədirlər. Hökumət, möhtərəm prezident və digərləri də bu məsələdə həmfikirdirlər, bu baxımdan heç bir narahatçılıq yoxdur. Və inşallah, İran xalqı keçmişdə olduğu kimi, gələcəkdə də dünyada hegemonlara qarşı müqavimətin bayraqdarı olaraq tanınacaqdır.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
____________________
(1) Görüşün əvvəlində tələbə təşkilatları nümayəndələrindən ibarət bir qrup siyasi, ictimai, elmi və mədəni mövzularla bağlı öz görüşlərini bölüşmüşlər.
(2) “Bəqərə” surəsi, 183-cü ayədən
(3) “Təlaq” surəsi, 2-ci və 3-cü ayədən
(4) “Bəqərə” surəsi, 2-ci ayədən
(5) İmam Xomeyni (r.ə) “Qırx hədisin şərhi”, səh. 10
(6) Seyid Həsən Təqizadə (Pəhləvi dövründəki Sena məclisinin ilk sədri)
(7) 1919-cu ildə “Vusuqəd-dövlət” tərəfindən (Əhməd Şah Qacar dövrünün baş naziri) Britaniya hökumət nümayəndələri ilə imzalanmış müqaviləyə əsasən, İranın bütün hərbi və maliyyə təşkilatlarının nəzarəti ingilislərə həvalə olunur. Bundan başqa dəmir və avtomobil yolları üçün nəzərdə tutulmuş imtiyazlar da ingilislərin ixtiyarına verilir.
(8) Hicri şəmsi 1280-ci ildə İran hökuməti ilə İngiltərə rəsmisi Vilyam Naks Darsi arasında bağlanmış müqaviləyə əsasən, ölkənin şimal bölgələri istisna olmaqla, İranda neft hasili və istismar səlahiyyəti 60 il müddətinə Darsiyə həvalə edilir. Darsi də öz növbəsində bu imtiyazlardan istifadə üçün bir sıra şirkətlər yaradır. Həmçinin o, müqaviləyə əsasən həmin şirkətlərdən gələn illik gəlirin 20 min lirəsini nağd olaraq ödəməyi və şirkətin səhmindən bu məbləğ dəyərində və eyni zamanda xalis mənfəətin 16%-ni İran dövlətinə ödəməyi qəbul edir.
(9) O cümlədən ABŞ prezidentinin digər ölkələrdən bu ölkəyə idxal olunan məhsullara qoyduğu gömrük rüsumunu da qeyd etmək olar.
(10) “Təbriz əhalisinin 29 bəhmən qiyamı”nın ildönümü münasibəti ilə Şərqi Azərbaycan əhalisi ilə görüşü zamanı etdiyi çıxış (29.11.1403 - red:17.02.2025)
(11) Mübarək Ramazan ayında bir qrup tələbə və tələbə təşkilatlarının nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış (19.01.1403 - red: 07.04.2024)
(12) Donald Tramp
(13) Donald Tramp birinci prezidentliyi dövründə (18.02.1397 - red: 08.05.2018) ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hökuməti zamanı İran və BMT-nın Təhlükəsizlik Şurasının beş daimi üzvü, Almaniya və Avropa İttifaqı (5+1) arasında imzalanmış HBFP kimi tanınan sazişdən çıxmaq haqqında fərman imzalamışdır.
(14) Mübarək Ramazan ayında hökumət rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış (18.12.1403 - red: 08.03.2025)
