بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضی
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əgər vaxt keçməsəydi, zərif ruhları, yüksək poetik zövqləri və püxtələşmiş yaradıcılıqlarına bələd olduğum adını çəkdiyiniz bu cənabların və burada gördüyüm bəzi şəxslərin şeirlərindən bəhrələnmək istərdim. Amma vaxt keçib və insan yorğun olduqda şeirdən lazımınca zövq ala bilmir. Siz gəncsiniz və tez yorulmursunuz, ancaq bizim yaşda olanda insan xüsusən tez yorulur.
Allaha şükürlər olsun ki, dini və inqilabi poeziya inkişaf edir. Bu axşam mənim üçün müjdəverici bir axşam oldu. Oxunan şeirlərin hamısı yaxşı idi. Sözsüz ki, hamısı eyni səviyyədə deyildi; bəzisi çox yaxşı idi, bəzisi isə sadəcə yaxşı idi. Şeirlərin oxunuş tərzi və incə məqamlara diqqət, onların ibtidai səviyyədə yazılmış şeirlər olmadığını göstərir. Yəni bu şeirlər şairlərin daxili aləminin çeşməsindən qaynaqlanmışdır. Demək istəyirəm ki, Allaha şükürlər olsun, ölkədə yetişən şairlərin sayı günü-gündən çoxalır və biz belə bir özəlliyə sahibik. Əlbəttə, mənə onu da bildirdilər ki, 1403-cü ildə poeziya mərkəzlərində dini və inqilabi məzmunda şeirlər yazan şairlər yaxşı bir sınaqdan keçmişlər.
Şeirin yayılması, xüsusilə də gənclər arasında yayılması, ümidverici haldır. Poeziya önəmli sahədir. Şeir sənəti misilsiz bir sənətdir. Müxtəlif media vasitələrinin mövcudluğu şeiri fikrin ötürülməsi üçün effektiv bir vasitə olmaqdan məhrum edə bilməmiş və onun güclü, təsirli mövqeyini gücdən sala bilməmişdir. Şeir, həqiqətən də, effekli bir media vasitəsidir. Ona görə də şeir sənəti nə qədər inkişaf edərsə və yaxşı şairlərin sayı nə qədər artarsa, bu o qədər sevindirici haldır.
Kəmiyyət baxımından şeirlərin sayı çoxalmışdır, əlbəttə ki, bu yaxşıdır, amma bununla yanaşı şeirin keyfiyyətinin də yaxşılaşmasını istəyirik. Hal-hazırda yaxşı gənc şairlərimiz arasında kəmiyyət keyfiyyəti üstələmişdir. Amma mənim gördüyüm bu istedadlar əgər öz üzərlərində lazımınca çalışsalar, inşallah, şeirlərin hamısının səviyyəsi də keyfiyyətli olacaqdır. Allaha şükürlər olsun, yaxşı şairlərimiz də az deyil. Təbii ki, dini və inqilabi şairlər arasında, Allaha şükürlər olsun, bizim arzuladığımız yüksək səviyyəyə çatan yaxşı və istedadlı şairlərimiz az deyildir. Amma mən dəfələrlə bunu demişəm ki, həm poeziya, həm də digər sahələrdə nailiyyət qazandığını görən şəxslər bu nailiyyətlərlə kifayətlənməməlidirlər.
Əgər şeirinizin səviyyəsinin yüksəldiyini, qabiliyyətinizin artdığını və yaradıcılığınızın arzuolunan dərəcədə olduğunu görsəniz, bu nailiyyətlər sizi qane etməsin. Çünki sizinlə Hafizlər, Sədilər, Nizamilər arasında hələ də fasilə vardır. İnanıram ki, bizim dövrümüz Sədilər yetişdirə biləcək bir dövr ola bilər; bu, mümkündür. Şairi şair edən, fərqli sözlər, obrazlı ifadələr işlətməyə şərait yaradan bu amillər hansılardır? Bu özü geniş bir mövzudur və mən indi bu haqda danışmaq istəmirəm. Hər halda hazırkı dövr şairin motivasiya olunduğu bir dövrdür. Bu isə şairlərin həmişə şikayət, ah-zar, giley-güzar etmələri ilə ziddiyyət təşkil etmir. Həmişə belə olub. Poeziyanın İranda yaranmasından, yəni min neçə il bundan əvvəldən indiyə kimi şairlər həmişə ətrafdan şikayətlənmişlər. Fikir verin, adlı-sanlı şairlər padşahların saraylarında sahib olduqları o qədər imkana, pul alıb mədh etmələrinə rəğmən, yenə də gileylənmişlər:
شنیدم که از نقره زد دیگدان
ز زر ساخت آلات خوان عنصری
“Ünsürinin gümüşdən sacayağı, qızıldan isə alət düzəltdiyini eşitdim”. (2)
Bütün bunlara baxmayaraq, şairlər narazı olmuş və həmişə də həyatdan gileylənmişlər. Belədir; bu reallığı inkar etmək olmaz və bunun sonu da yoxdur. Səbəbi də budur ki, həyat sıxıntıları bitib qutaran deyil. Amma bunu başqaları görmür, şair isə görür; başqalarının deyəcək dili yoxdur, şairin isə var. Səbəb budur. Bu cür güley-güzarın eybi yoxdur. Dövrümüzdə isə “bu şairdir, bu böyük sənət adamıdır” deyə, ictimaiyyətin şairlərə olan münasibəti – maddi məsələləri nəzərdə tutmuram – onlara hörmət bəslənməsi, Allaha şükürlər olsun ki, qorunub saxlanılır.
Biz diktatura dövründə elə şairlər görmüşdük ki, həqiqətən də, onlar böyük şairlər idilər, buna rəğmən, kimsə onlara etina etmirdi. Məsələn, mərhum Əmiri Firuzkuhi çox böyük şair idi. Məncə, o öz dövrünün qəzəlxanları arasında ən yaxşı şair idi. Ancaq kimsə Əmiriyə əhəmiyyət vermirdi; yəni heç kəs onunla maraqlanmırdı. Məsələn, yol gedəndə, ya da öz məhəlləsində belə, kimsə ona salam verməzdi. O və onun kimilərini heç vaxt hansısa radio proqramına, ya da televiziya verilişlərinə – o zamanlar sayları çox da deyildi – hətta mətbuata da dəvət etməzdilər. Tək gördükləri iş bu idi ki, məsələn, hansısa qəzet öz səhifəsini doldurmaq üçün Rəhininin, ya Əmirinin, ya da bir başqasının qəzəllərini çap edirdi. Kimsə onlara əhəmiyyət vermirdi. Bu gün isə şair televizorda, radioda və bu kimi yerlərdə iştirak edir. Odur ki, bu gün Sədi, Hafiz, Nizami olaraq yetişmək üçün əlverişli şərait var və inkişaf etmək mümkündür.
Xüsusilə bu gün poeziyamızın qazandığı dil analoqsuzdur. Yəni bu gün sizin oxuduğunuz şeirlərin dili misilsiz bir dildir. Bu, İnqilab dövrünün məhsuludur. İndi bunun açıqlamasını vermək üçün şeirlərin üzərində düşünmək və onları incələmək tələb olunur. Əlbəttə, bəziləri bu sahədə iş görüblər. Amma bu işlər mənə çox da aydın deyil. Hər halda bu dil yeni dildir; nə qədim Xorasan üslubunun dilidir, nə İraq, nə də hind qəzəllərinin dilidir. Bu dil bu üslubların hər birindən bir şey mənimsəmişdir, eyni zamanda da onlara nələrsə əlavə də etmişdir və bu da bu dilə məxsusdur. Bunun özü də çox önəmlidir. Bizim dövrümüzdə böyük, zirvəyə ucalan şair və şairləri təsəvvür etmək mümkündür. Bu iş həyata keçirilməlidir, inşallah.
Şairin daxili dünyası onun şeirinə təsir edir, çünki sizin dedikləriniz daxili dünyanızdan qaynaqlanır. Daxili dünyanız nə qədər pak və şəffaf olarsa, şeirləriniz də bir o qədər pak və şəffaf olacaq. Buna diqqət etmək lazımdır. Bunun örnəklərini biz görmüşük. Özünəməxsus ruhiyyələri ilə şeirlər yazan şairlərin şeirləri bu ruhiyyədən qaynaqlanmışdır. Mənim xüsusilə də gənc şairlərə tövsiyəm budur ki, onlar sahib olduqları incə zövq və hisslərinə görə çətinliklərlə üzləşə bildikləri üçün təqva, şəriət və dini maarifin əsasları haqqında daha dərindən düşünməli və bunlara əməl etməlidirlər. Ona görə də Allah-Taala Qurani-Kərimin “Şuəra” surəsinin sonuncu ayəsində şairlər barəsində belə buyurduğunu görürsünüz:
اِلَّا الَّذینَ آمَنوا وَ عَمِلُوا الصّالِحاتِ وَ ذَکَرُوا اللهَ کَثیرا
“Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edənlər istisnadır”. (3)
Niyə görə “Allahı çox zikr edənlər” deyir? Axı əslində Allahı hamı çox zikr etməlidir. Amma burada şairi xüsusi qeyd etdiyinə görə belə aydın olur ki, şairin “çox zikr etməyə” daha çox ehtiyacı var; yəni çox zikr etmək lazımdır.
Mənim başqa bir tövsiyəm fars ədəbiyyatı irsindən istifadə ilə bağlıdır. Bəli, biz dedik ki, sizin şeir üslubunuz, məsələn, Sədinin üslubundan fərqlidir. Ancaq Sədi olduqca böyük bir bədii təcrübə toplusudur. Və ya növbəti mərhələdə Hafiz, ya da başqa şairlər olsun. Həqiqətən də, onların bənzərini tapmaq mümkün deyil; bu şairlər bədii yaradıcılıq irsi baxımından çox üstündürlər. Onların şeirlərinin hər parçasındakı incəlikdən istifadə etmək olar. Sizin ki, yaradıcılıq zövqünüz var, gəncsiniz və mənim kimilərin görə bilmədiklərini görürsünüz, çox gözəl şeylərdən istifadə edə bilərsiniz. Mən tövsiyə edirəm ki, bunlara müraciət edəsiniz.
Başqa bir məqam romantik şeirlə, aşiqanə qəzəllərlə bağlıdır. Mən bəzən burada, bu görüşlərdə – ötən illərdəki görüşlərdə də belə hallar olub – müşahidə etmişəm ki, məsələn, aşiqanə qəzəl yazmaq sanki günahdır və ya mənfi bir şeydir. Xeyr, hər halda şairdə məhəbbətdən, sevgidən doğan hisslər yaranır və bunda da pis bir şey yoxdur. Aşiqanə şeir yazmağın eybi yoxdur. Müqəddəs və dini məzmunda yazılan şeirlərlə yanaşı aşiqanə şeirlərin də yazılmasının eybi yoxdur. İntəhası, burada mühüm olan bir nüans budur ki, fars poeziyası ənənəsindəki aşiqanə şeir həmişə iffət və pak hisslərlə ifadə olunmuşdur; ona görə də imkan verməyin ki, aşiqanə şeiriniz paklıq və iffət çərçivəsindən kənara çıxsın. Bu mənim tövsiyəmdir. Aşiqanə şeirlərdə qeyri-etiklik, açıq-saçıqlıq düzgün deyildir. Diktatura dövründə bəzi şairlər bilərəkdən belə şeirlər yazırdılar. Mən vaxtilə bəzilərinin adlarını çəkmişdim, indi bunu yenidən təkrar etmək istəmirəm. Amma iffət və paklığa və bu kimi məsələlərə xələl gətirmədən aşiqanə şeirlər yazmaq da mümkündür. Bu da zəruri bir məqamdır.
Digər bir məqam şeirdə mövzular, məzmunlar yaratmaqla bağlıdır. Əlbəttə, bir az əvvəl oxunan şeirlərin gözəl mövzuları vardı. İnsafla desək, bu şeirlərdə insan yeni mövzular yaratmaq, tapmaq bacarığının olduğunu müşahidə edir. Amma eyni bir mövzunu müxtəlif təsvir vasitələri ilə də ifadə etmək mümkündür. Siz yüz şairin dediyi bir mövzunu yeni bir tərkibdə, formada təqdim edə bilərsiniz. Çünki mövzu olduqca çoxdur. Məsələn:
یک عمر میتوان سخن از زلف یار گفت
“Bir ömür yarın zülfündən söz demək olar”. (4)
Bu, “mövzu yaratmaq” deməkdir. “Hind üslubunun mövzusu var” deyiləndə, bu nəzərdə tutulur. O demək deyil ki, “hind üslubunda olan” başqalarında yoxdur. Sadəcə hind üslubuna xas tərzdə, onda tətbiq olunduğu formada deyildir. Məsələn:
شادم که از رقیبان، دامنکشان گذشتی
گو مشتِ خاکِ ما هم بر باد رفته باشد
“Şadam ki, rəqiblərin yanından ətəyini çəkə-çəkə (əda ilə, saymazyana) keçib getdin. Çəkdiyim böyük zəhmətlərin hədər gedəcəyindən qorxdum”. (5)
Bunu kimsə söyləməyib? Əlbəttə, bu məzmunda insan onlarla şeir tapa bilər, amma bu “ətəyini çəkə-çəkə” ifadəsi ilə mövzu yaradılmışdır. Bu mövzu Saibin şeirlərində olduqca çoxdur; yəni Saibin şeirləri əvvəldən axıra kimi belədir. Həmçinin Saibin ardıcılları, məsələn, Həzin və onun kimilərin üslublarında da belədir. Bu üslubun mürəkkəbliyinin pik nöqtəsində isə mərhum Bidel dayanır. Onun şeirinin dili çox çətindir. Məncə, izah tələb edən o cür mövzular yaratmağa ehtiyac yoxdur. Sözsüz ki, Bidelin poeziyadakı yeri olduqca yüksəkdir və o, şeir, söz, məna baxımından bənzərsiz bir şairdir. Amma bu cür şeirlərin yazılmasına lüzum yoxdur. Hər halda yeni mövzunun olması lazımlıdır; uyğun təsvir vasitələrindən, ifadələrdən istifadə etmək lazımdır. Şeirə xüsusilə bayağı və aşağı səviyyəli danışıq dilini daxil etməkdən çəkinin. Bu incəliklərə diqqət etsəniz, şeirin səviyyəsi yüksələr və maraqlı olar. Mən burada özüm üçün qeyd etmişəm ki, əgər şeirdə ibrətamiz mövzular bədii, şirin, incə və zərif poetik hisslərlə ifadə olunarsa, istifadə edilərsə, həqiqətən də, şeir cəlbedici olacaqdır.
Başqa bir məqam dövrümüzdəki mövcud anlayışlarla, mövzularla bağlıdır. Məncə, çox az dövrdə bu qədər ruhlandırıcı, qabarıq sosial mövzular olmuşdur. Fikir verin, məsələn, bu görüşdə şəhid Süleymani, şəhid Rəisi, şəhid Sinvar və şəhid Nəsrullah haqqında şeirlər səsləndirildi. Yəqin ki, hörmətli iştirakçıların bir çoxu bu kimi mövzularda şeirlər səsləndirməyə hazır idilər və ya bəlkə də bu zəmində şeirləri vardır. Yəni mütləq varlarıdır. Çünki mən cənab Məlikian (6) və digər dostlardan bu mövzuda çox gözəl şeirlər eşitmişəm. Bunlar əhəmiyyətli mövzulardır; əslində bu həyatverici mövzular şeir vasitəsi ilə insanların yaddaşında mütləq canlı qalmalı olan mövzulardır. Bu, bu dövrə aid olan işdir. Məncə, bu da lazımlı işdir.
Eyni zamanda şeirdə tövhid, mərifət və hikmət məzmunlu ifadələrin işlənilməsi də önəm daşıyır. Qeyd etdim ki, dostlarımızdan birinin şeirlərində dərin hikmət var idi və həqiqətən də, belə idi. Şeirdə işlədilən bəzi ifadə və anlayışlar dərin mənalı hikmətamiz anlayışlardır və bu ifadələri işlətmək çox yaxşıdır. Bunlardan istifadə etmək lazımdır. Amma belə şeirlərin auditoriyası az olur, çünki o mövzuları hamı başa düşmür. Məsələn:
گفتم ز کجایی تو، تسخر زد و گفتا من
نیمیام ز ترکستان، نیمیام ز فرغانه
“Dedim haradansan sən? Gülümsədi və dedi: yarım Türküstandan, yarım da Fərqanədəndir”. (7)
Bir çoxları şairin nə demək istədiyini başa düşmür; yəni onun işlətdiyi bu “məst” sözünü anlamır:
ای لولی بربطزن تو مستتری یا من؟
ای پیش چو تو مستی، افسون من افسانه
“Ey bərbət çalan qaraçı qız, sən daha çox məstsən, yoxsa mən? Sənin məstliyin qarşısında mənim əfsunum bir əfsanədir”. (8)
Çox vaxt bunun hansı mənanı ifadə etdiyini başa düşmürük; amma bunun bir mənası vardır, belə şeirləri istəyənlər və anlayanlar da vardır. Bu mövzuları başa düşənlər var. Əgər bu mövzuda bacarığınız varsa, yaxşı dinləyicilər tapa bilərsiniz.
Televiziyadan istifadə etməyə gəlincə, bu haqda da mənim öz fikrim var. Təbii ki, bu şəxsi düşüncə ilə bağlıdır və bu haqda göstəriş vermək istəmirəm. Məsələn, öz səviyyəmizdə olan istedadlı, yaxşı gənc bir şairi həftənin bir saatı efirə gedən müntəzəm bir televiziya proqramında tamaşaçı qarşısına çıxararaq şeirlərini dinləmək, bu barədə danışmaq, müzakirə etmək şairin etibarını aşağı salır. Televiziya şairdən bu tərzdə yararlanmamalıdır. Hamı bu proqramlardan bu şəkildə bəhrələnə bilmir. Yəni belə proqramların şeiri bazar səviyyəsinə salacağına, istedadlı şairi bazar şairinə çevirə biləcəyinə narahatam. Əlbəttə, şeir mütləq radio və televiziyada səsləndirilməlidir; gözəl və müəyyən metodlarla yaxşı bir şeirlə, yaxşı bir girişlə, yaxşı aparıcı vasitəsi ilə səsləndirilməlidir. Məsələn: “Belə bir özəllikdə bir şair var, bu haqda belə bir şeir yazıb” deyə, tanıtdırıldıqdan sonra şair hörmətlə dəvət olunmalı və şeirini oxumalıdır. Bu, yaxşı yanaşmadır. Amma bir az əvvəl dediyim kimi olarsa, məncə, bu şeirin səviyyəsini aşağı salır və bir qayda olaraq belə hallarda dinləyici də olmur; yəni insanlar da bu cür şeir proqramlarına maraq göstərmirlər. Hər halda ümid edirəm ki, inşallah, bütün nüanslara diqqət yetiriləcəkdir.
Bugünkü mövzu haqqında mənə məsləhətlər verən dostlardan biri yaxşı bir məqama toxundu. O məqam bundan ibarətdir ki, klassik şeirlərimizdə ənənəvi olaraq əsərlər bir qayda olaraq Allahın tərifi, həmd-sənası ilə başlayırdı:
اوّل دفتر به نام ایزد دانا
“Alim Allahın adı ilə”. (9)
Hətta Mövlana kimi şairlər də Allahın adını açıq şəkildə çəkməsələr belə, əslində, əzəli vüsalı, mənəvi əlaqəni və bu kimi məsələləri bəyan edirdilər ki, bu da elə Allah, mənəviyyat və mərifət deməkdir. (10) Məncə, əgər bu ənənə qorunarsa, çox yaxşı olar. Yəni çap etdirdiyiniz əsərlərinizin başlanğıcı Allahın vəsfi və həmdi ilə başlasın. Allah-Taala hamınıza uğurlar nəsib etsin, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_______________________
(1) Bu görüşün əvvəlində bir qrup şair öz şeirlərini oxumuşdur.
(2) Xaqani “Şeirlər divanı”, qitələr; “Etirazla dedi ki, ey Xaqani Ünsürinin nə xoş rəvan nəzmi vardır” mətləli qitəsindən
(3) “Şuəra” surəsi, 227-ci ayədən
(4) Saib Təbrizi “Şeirlər divanı”, qəzəllər; “Dedi, bir ömür yarın zülfündən söz demək olar, ondan nigaran olma ki, məzmun qalmamışdır” adlı qəzəlindən
(5) Həzin Lahici “Şeirlər divanı”; “Vay o əsirə ki, yaddan çıxmış ola, tələdə qalmış ola, ovçu getmiş ola” mətləli qəzəlindən
(6) Məhəmməd Hüseyn Məlikian
(7) Mövlana “Şəms divanı”, qəzəllər; “Mən məst, sən məst. Bizi evə kim aparacaq? Mən nə qədər sənə dedim iki-üç piyalə az iç”. “Dedim haradansan sən? Gülümsədi və dedi: ey can, yarım Türküstandan, yarım da Fərqanədəndir”.
(8) Həmin mənbə
(9) Sədi, “Şeirlər divanı”, qəzəllər; “Kitabın əvvəli alim Allahın adı ilə. Yaradan, Həyy və Qadir Allah” mətləli qəzəlindən
(10) Bax: Mövlana, “Məsnəviye mənəvi”, Birinci dəftər; “Dinlə, bu ney necə şikayət edir, ayrılıqlardan şikayət edir”.