بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ. وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِیالْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Çox xoş gəlmisiniz. İnşallah, yeni ilin gəlişi sizi və bütün İran xalqını xeyir-bərəkətli bir il ilə müjdələsin. Bu il Novruz bayramı və yeni ilin başlanğıcı xüsusi günlərə, gecələrə təsadüf etdiyi üçün daha çox mənəvi ab-hava qazanmışdır. Əlbəttə, bir məqamı diqqətdən qaçırmayaq ki, bütün illərdə iranlılar Novruz bayramına mənəvi baxışla baxmış və bu bayramda tək olan Allaha üz tutmuş, təvəssül etmişlər. Elə bu səbəbdəndir ki, ilin təhvilini həmişə dua ilə başlayırıq. İllər boyu Novruz bayramında səyahətə çıxan insanların əksəriyyəti müqəddəs məkanlara ziyarətə gediblər. Bu il də il təhvil olan zaman Məşhəddə, müqəddəs ziyarətgahda toplaşan izdihamı özünüz də gördünüz. Və ya ötən gecə “Beheşte Zəhra” Tehran camaatı ilə dolub-daşırdı. Bu o deməkdir ki, iranlılarımız, əziz xalqımız Novruz bayramını da mənəvi bayram hesab edir və yeni ili Allah-Taalaya dua və təvəssül etməklə başlayırlar. Uca Allaha şükür etmək lazımdır ki, İran xalqını mənəviyyatdan ayırmaq üçün düşmənin apardığı zəhərli təbliğatlara rəğmən, bu təbliğatlar, bu hərtərəfli səylər nəticəsiz qalmış və xalqımızın mənəviyyata, Allah-Taalaya və tövhidə bağlılığı, İmamlara (ə) olan təvəssülü daha da artmış, sevgi və ixlası daha da çoxalmışdır.
Bu günlər Əmirəl-mömininə (ə) aid günlərdir. Bu özü də bizə bir dərsdir. Əmirəl-möminin (ə) tarix boyu ədalət, təqva və fədakarlığın zirvəsi olub. Əgər İran xalqı və digər müsəlman xalqlar bu böyük şəxsiyyətdən və əziz Peyğəmbərimizdən (s) sonra insanların ən üstünündən dərs almaq istəsələr, “Nəhcül-bəlağə”yə daha çox müraciət etməlidirlər. Mən tövsiyə edirəm ki, bu il təhsil və mədəniyyət sahəsi ilə əlaqədar qurumlar “Nəhcül-bəlağə”nin mütaliəsinə və öyrənilməsinə xüsusi diqqət ayırsınlar.
Hamınıza demək istəyirəm ki, bu gecələrdə Allaha dua və yalvarış fürsətini qaçırmayın. Bu gecə 21-ci, daha sonrakı gecə 23-cü gecədir. Bunlar fürsətdir, bu gecələri qənimət bilin. Bu gecələrin hər saatı bizim üçün bir ömür qədər dəyərlidir. Siz, xüsusən də gənclər bir dua ilə, ixlas ilə öz taleyinizi, hətta bütöv bir xalqın taleyini dəyişə bilərsiniz. Tək bir dua ilə! Bu haqda Allah-Taala vəd vermişdir:
وَ اِذَا سَأَلَکَ عِبَادِی عَنِّی فَإِنِّی قَرِیبٌ اُجِیبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْیَسْتَجِیبُوا لِی وَ لْیُؤْمِنُوا بِی
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər”. (1)
Allah-Taala buyurur ki, Mən yaxınam, eşidirəm, cavab verirəm. Elə isə Mənə inanın. İnanın, bilin ki, özümüz maneə yaratmadıqca dualar, diləklər və yalvarışlarımız Allah-Taala tərəfindən eşidilir və qəbul olunur. Dua uğur və müvəffəqiyyət üçün vasitədir, təkcə axirət, bərzəx və Qiyamət üçün deyil, hətta dünya işlərində və şəxsi həyatınızda da uğur qazanmaq üçün bir vasitədir. Böyük mübarizələri, böyük hədəfləri reallaşdırmaqda belə, dua təsirlidir, dua bir vasitədir. Uca Allah bu vasitəni bizim ixtiyarımıza qoymuşdur. İmamlarımıza (ə) təvəssül etmək də belədir. İmamlarımız (ə) Allah-Taalanın Yer üzündəki xəlifələridir, İlahi qüdrətin və elmin təcəssümüdür. Ona görə də onlardan kömək istəyirik. Bu bir xidmətdir ki, Allah-Taala onu Öz bəndələrinə (İmamlara) həvalə etmişdir. Onların bizə yardım etməkləri, əslində, elə Allahın bizə yardım etməsidir:
وَ مَا رَمَیْتَ اِذْ رَمَیْتَ وَ لٰکِنَّ اللهَ رَمَیٰ
“(Ya Peyğəmbərim!) Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı”. (2)
Övliyalara, hidayət edən İmamlara (ə) təvəssül etməyi və Allah dərgahında yalvarışla dua etməyi Allah-Taala biz bəndələrin ixtiyarına qoymuşdur. Odur ki, bunların qədrini bilin.
İlahi peyğəmbərlər böyük çətinliklərlə qarşılaşdıqda təvəssül və dua edərdilər. Qurani-Kərimdə həzrət Musanın (ə) Fironla o çətin mübarizəsi zamanı belə dediyi buyurulur:
رَبَّنَا اِنَّکَ آتَیْتَ فِرْعَوْنَ وَ مَلَاَهُ زِینَةً وَ اَمْوَالًا ... رَبَّنَا لِیُضِلُّوا عَنْ سَبِیلِکَ رَبَّنَا اطْمِسْ عَلیٰ اَمْوَالِهِمْ وَ اشْدُدْ عَلَیٰ قُلُوبِهِمْ
“Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin... Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə”. (3)
Firona qalib gəlmək üçün dua edir, Allah-Taaladan yardım istəyir. Uca Allah da cavabında buyurur:
قَدْ اُجِیبَتْ دَعْوَتُکُمَا فَاسْتَقِیمَا
“(Allah) buyurdu: “Hər ikinizin duası qəbul edildi. Elə isə möhkəm dayanın...”. (4)
Yəni dua etdiniz, Fironla mübarizədə ona qalib gəlməyi Allahdan istədiniz, mən də “hər ikinizin duasını qəbul etdim”. İstəyiniz həyata keçdi. Elə isə möhkəm və əzmli ol, ümidlə dayan. Musa (ə) bu İlahi tövsiyəyə, əmrə əməl etdi və qanla qılıncın mübarizəsində qan qılınc üzərində qələbə çaldı. İran xalqının mübarizəsi də belə olmuşdu – təvəssül, dua, Allaha bağlılıq və dirənişlə yanaşı olan mübarizə – və belə də davam edəcəkdir.
Sözsüz ki, haqq cəbhəsi bu yolda itkilər, qurbanlar da verir. Mən bu məsələ üzərində təkidlə durmaq istəyirəm. İstəyirəm ki, ötən 1403-cü ilin (red: 2024-2025) hadisələrinə bu yanaşma ilə baxasınız. Haqla batilin mübarizəsində sonda qələbə haqq ilə olsa da, haqq cəbhəsi bu yolda itkilər verir.
Səkkiz illik Müqəddəs Müdafiədə müharibənin bir tərəfində biz, digər tərəfində Səddama dəstək olan beynəlxalq koalisiya durmuşdu. Müharibə 8 il davam etdi və 8 ildən sonra bütün dünya qəbul etdi ki, tənha və əliboş olan İran qarşı tərəfə qalib gəldi. Bunu hamı anladı, hamı dedi, hamı təsdiq etdi. Amma bu qələbədə biz Himmətiləri, Bakiriləri, Xərraziləri, Çəmranları itirdik. Bunlar itkidir, amma qələbəmiz uğrundadır. Keçən ilin hadisələrində biz böyük şəxsiyyətləri itirdik. İran və Livanın dəyərli şəxsiyyətlərini itirdik. Bunlar bizim üçün müsibət idi. Musanın (ə) əhvalatında olduğu kimi. O zaman da belə olmuşdu. Həzrət Musa (ə) Misirə qayıtdıqdan sonra onun heç də rahat, aram həyatı yox idi. O və Bəni-İsrail olduqca çətin vəziyyətdə idilər:
قَالُوا اُوذِینَا مِنْ قَبْلِ اَنْ تَأْتِیَنَا وَ مِنْ بَعْدِ مَا جِئْتَنَا
“(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik”. (5)
Bəni-İsrail Musaya (ə) deyirdi ki, sən Fironun qarşısına bir peyğəmbər olaraq çıxmamışdan əvvəl də biz əziyyət içində idik, sən gəldikdən sonra da əziyyət içindəyik! Həzrət Musa (ə) onlara buyurdu:
قَالَ مُوسَیٰ لِقَوْمِهِ اسْتَعِینُوا بِاللهِ وَ اصْبِرُوا
“Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin” dedi”. (6)
“Allah-Taaladan yardım istəyin, səbir edin və möhkəm dayanın, hər şey düzələcək” – dedi. Və düzəldi də. “Əziyyət çəkirik” – deyə, şikayət edənlər sonda Firon və tərəfdarlarının rüsvayçılıqla suda qərq olduqlarını, məhv olduğunu, onların qüdrət və səltənətindən əsər-əlamət qalmadığını öz gözləri ilə gördülər. Göz önündə təkcə cəsədləri – o da ibrət olsun deyə – qaldı. Baş verən hadisələrə, çətinliklərə bu gözlə baxın. Bu, sadəcə mübarizə sferasına aid deyildir. Ötən il, 1403-cü ildə bəzi acı hadisələr, təbii fəlakətlər baş verdi. Təbəsdə mədənlərin birində baş verən hadisədə əllidən artıq insan öz həyatını itirdi. (7) Bunlar acı hadisələr idi. Belə hadisələr qarşısında həzrət Musanın (ə) cavabı budur:
اسْتَعِینُوا بِاللهِ وَ اصْبِرُوا
Allah-Taaladan kömək diləyin və səbir edin. Əmin olun ki, bu dirənişlər düşmənlərin, mənfur və xain sionist rejimin məğlubiyyəti ilə nəticələnəcək.
Dünən yeni ilin gəlişi münasibətilə İran xalqına etdiyim müraciətdə qeyd etdiyim mühüm bir məqamın üzərində yenidən təkidlə dayanmaq istəyirəm. (8) O da bundan ibarətdir ki, 1403-cü ilin acı hadisələri İran xalqının mənəvi gücünü üzə çıxartdı. İran xalqının səbri, dirənişi, şücaət və igidliyi özünü büruzə verdi. Əgər bizim ölkədə baş verən hadisə, yəni Prezidentin və bir qrup dövlət rəsmilərinin faciəli ölümü başqa bir ölkədə baş versəydi, xalq böyük sarsıntı keçirərdi. İran xalqı isə bu hadisənin qarşısında öz mövqeyini tarix yaradan izdihamlı vida mərasimi ilə – xalqın öz sevimli Prezidentinin dəfn mərasimində izdihamlı iştirakı ilə – göstərdi. (9) Ya da “Nəsr” cümə namazında (10) xalqın iştirakını götürək. Dünya heyrətə gəlmişdi. Ölkənin dörd bir yanında o tarixi cümə namazı qılındı və xalq bu namazda iştirak etdi. Düşmən təhdid edirdi, xalqı qorxutmaq istəyirdi. Xalq isə sinəsini qabağa verərək meydana çıxdı. Misilsiz bir izdiham idi. Və ya ölkə idarəçiliyində boşluq yaranmasın deyə, xalqın ruh yüksəkliyi və hazırlıqlı şəkildə prezident seçkilərindəki iştirakını götürək. (11) Prezident seçkilərində iştirak etdilər, 50 gün ərzində prezidenti seçib dövləti təşkil etdilər. Şəhid Həniyənin (12) və ayrı-ayrı şəhidlər ilə vida mərasimində, Livan və Fələstin hadisələrinə göstərdikləri münasibətdə İran xalqı öz mənəvi gücünü, ruhiyyəsini büruzə verdi. Bütün bunların zirvəsi isə “22 Bəhmən” yürüşü oldu. 1403-cü ilin 22 Bəhmən (red: 10.02.2025) yürüşü tarixi yürüşlərdən biri idi. Xalq 46 il sonra İnqilabın ildönümündə 22 Bəhmən günü o möhtəşəm yürüşü həyata keçirdi. O inqilab ki, Amerika daim onun əleyhinə çığır-bağır salıb təbliğat aparır, Avropa onun əleyhinə təbliğat aparır, dünyanın müxtəlif yerlərində hər cür münafiqlər, hegemonlar və azğınlar bacardıqları qədər İran İslam Respublikasına qarşı fəaliyyət göstərirlər. İran xalqı özünü dünyaya tanıtdırdı. Əzizlərim! Gəlin, özümüz də özümüzü tanıyaq. İran xalqı özü-özünü tanısın. Biz güclü xalqıq, igid xalqıq. Bütün bu təşəbbüslər, bu igidliklər, bu izdiham, bu mübarizələr iqtisadi problemlərin xalqı əhatələdiyi bir vaxtda baş verdi. Belə iqtisadi problemlər, adətən, əhalinin məyus olmasına, sarsılmasına səbəb olur. Bizim xalqımız isə bütün bu problemlərə rəğmən, mübarizə meydanına daxil olub, dövləti müdafiə etdi. Dövlətimizin düşmənləri şahid oldular və onlara göz dağı oldu ki, İran xalqı İslam Respublikasına qəlbən bağlıdır.
Ölkəyə xidmət sahəsində də xalq öz motivasiyasını nümayiş etdirdi. Əlbəttə, mən dünən də dedim, yenə də təkrar edirəm, ötənilki şüarımız (13) tam həyata keçmədi. Bu öz yerində, amma quruculuq, inşaat, istehsalat və bu kimi iqtisadi sahələrdə, vicdanla desək, xalq əlindən gələni etdi. Böyük işlər həyata keçirildi. Sahibkarlarla bu hüseyniyyədə keçirilən görüşdə həmin işlərin bəzisi haqqında məlumat verilmişdi. (14) Görülən işlərin bir hissəsi yayımlanmışdı. Hazırda da bir neçə son ay ərzində ölkənin dörd bir yanında xalq üçün faydalı olan, bəzisi böyük və bəzisi kiçik, amma çoxsaylı və müxtəlif layihələrin açılışı oldu. Bu da onu göstərir ki, xalq iqtisadi fəaliyyətlərdə, Allaha şükürlər olsun, aktivdir. Sözsüz ki, bunlar bizi qane etmir. Görülməli olan bir çox iş var. Onlardan birini mən bu ilin şüarı təyin etdim. Bu barədə qısaca izah verəcəyəm.
İstehsal məsələsini mən bir neçə ildir ki, təkrar edirəm: xalqın iştirakı ilə istehsalda sıçrayış və digər şüarlar. Bunların hamısı istehsal ilə əlaqədardır. Niyə bu məsələnin üstündə bu qədər təkidlə dayanıram? Çünki istehsal ölkə iqtisadiyyatının və xalqın rifahının yaxşılaşdırılmasında əsas açarlardan biridir. Daxili istehsal olduqca əhəmiyyətli məsələdir. İntəhası, istehsal investisiya tələb edir. “İnvestisiya” deyilər-deyilməz bəzilərinin ağlına dərhal xarici investisiya gəlir. Xeyr, “investisiya” dedikdə, öz vətəndaşlarımızın investisiya qoyması nəzərdə tutulur. Yəni xalqın əlində olan və bəzilərinin qızıl sikkə, daşınmaz əmlak və valyutaların alışına xərclədikləri nağd vəsaitlər nəzərdə tutulur. Bunlar ölkəyə nəinki gəlir gətirmir, əksinə, ölkə üçün müəyyən problemlər də yaradır. Əgər həmin nağd vəsait istehsal müəssisələrini yaratmağa yatırılarsa, o zaman ölkə inkişaf edəcək. İstər kiçik yatırımlar olsun, istərsə də böyük. Məsələn, kiçik quşçuluq təsərrüfatından tutmuş böyük fabrik-zavodlara qədər. Bunlar investisiyadır. Bu işləri görmək mümkündür.
Mən bu ilin şüarını “İstehsala investisiya” elan etdim. Hamı – xalq da, hökumət də – bu şüarı diqqətdə saxlasın və bu şüarın reallaşmasına bacardığı qədər kömək etsin. Onların hər birinin öz vəzifəsi var; xalqın öz vəzifəsi, hökumətin də öz vəzifəsi var. Xalqın vəzifəsi bundan ibarətdir ki, maddi vəsaiti, imkanı olan şəxslər – kiçik də olsa, hansısa istehsal müəssisəsini yarada bilən şəxslərdən tutmuş minlərlə insanı istehsala cəlb edərək məşğulluğunu təmin edən böyük sahibkarlar və iri həcmli müəssisələrin rəhbərlərinə qədər – bu işi görməlidirlər. Əzm göstərib bu işi görənlər onun xeyrini həm özləri görmüş, həm də ölkəyə və xalqa xeyir vermişlər. Bu şəxslərin hamısı öhdəlik daşıyırlar. Bu deyilənlər vətəndaşlara aid idi.
Hökumətin üzərinə düşən vəzifə hansıdır? Hökumətin üzərinə düşən vəzifə bu fəaliyyətə şərait yaratmaqdır. Hökumətin vəzifəsi budur: şərait yaratmaq. Allaha şükürlər olsun, artıq hökumət kabineti təsdiqlənib. Təsdiqlənmiş hökumətimiz var. Ötənilki kimi deyildir ki, yerdəyişmələr, dəyişikliklər və s. baş versin. Bu hökumət müxtəlif sahələrdə şərait yaratmaq üçün proqramlar hazırlaya bilər. İstehsalın artırılması bir sıra ilkin şərtlər tələb edir ki, bunlardan ən önəmlisi investisiyanın artırılmasıdır. İnvestisiya artırılarsa, istehsal da artırılacaq. Bu, mənim xalqa builki tövsiyəmdir.
Təbii ki, investisiya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər bu işdə təhlükəsizlik və arxayınlıq hiss etməlidirlər. Sözlərim müxtəlif icra və nəzarət strukturlarına – həm hökumətə, həm ədliyyə sisteminə, həm də parlamentə ünvanlanıb. İnvestisiyanın təhlükəsizliyi təmin edilməlidir. İnvestisiya qoymaq istəyənlər təhlükəsizliyin təmin olunduğunu hiss etməlidirlər. Bunu hiss etməzlərsə, iş irəliləməyəcək, sərmayə qoymayacaqlar. Bəzən görürük ki, bəzi yerlərdə nəzarət strukturu sanki heç yoxdur, ona görə də qeyri-qanuni işlər həyata keçirilir. Bu, səhvdir. Bəzi yerlərdə də nəzarət strukturları lüzumsuz sərt tədbirlər görür; bu da səhvdir. Məsələlərdən biri budur. Digər bir məsələ isə qanunların sabitliyidir. Qanunlar, qərarlar, əsasnamələr hər gün dəyişilməməlidir ki, investor da etibar edib sərmayə qoya biləcəyinə arxayın olsun.
Yenə də aidiyyəti qurumların üzərinə düşən digər vacib işlərdən biri investisiya prosesinin tezləşdirilməsidir. Bəzən bizə məktub yazaraq şikayət edirlər ki, “istəyirik sərmayə qoyaq, bir lisenziya vermək üçün bizi iki-üç il yubadırlar”. Bu da doğru deyildir. Bu prosesi sürətləndirmək üçün icra mərhələləri azaldılmalıdır.
Digər bir məsələ idxalla bağlıdır. Bəzən hansısa şirkət, hansısa bir müəssisə ölkə daxilində çox çətinliklə məhsul istehsal etməyə nail olur, amma həmin vaxt digər bir dövlət və ya qeyri-dövlət şirkəti həmin məhsulun analoqunu xaricdən ölkəyə daxil edir. Bu addım yerli istehsala zərbədir. Dövlət bunlara nəzarət etməlidir.
İnvestisiya qoymağın əsas şərtlərindən biri imkanların tanıtdırılmasıdır. İnsanlar düşünür ki, “əlimizdə bir az pul var, nə edək, hara və necə sərmayə yatıraq?” Bu şəxslərə yol göstərmək lazımdır. Qoy ayrı-ayrı dövlət və qeyri-dövlət qurumları öz fəaliyyət sahələrindəki mövcud məşğulluq imkanlarını ictimaiyyətə açıqlasınlar. Televizordan istifadə edilsin, açıqlamalar verilsin, vətəndaşlara yol göstərilsin ki, hansı istiqamətlərdə investisiya qoya bilərlər. Məsələn, innovativ şirkətlərə investisiya qoymaq bu sahədə görülə biləcək işlərdən biridir.
Əgər dövlət məsulları xalqın məişət problemlərini həll etmək istəyirlərsə – əlbəttə, onlar bunu istəyirlər, biz bunu bilirik, dövlət məsulları həqiqətən də xalqın rifahının yaxşılaşdırılmasını istəyir və bu məsələdə israrlıdırlar – bilməlidirlər ki, bu ancaq dəstəkləyici tədbirlərlə həyata keçirilə bilməz. Sözsüz ki, dəstəkləyici tədbirlər də yaxşıdır, amma bu məsələ fundamental yollarla reallaşdırılmalıdır. Bu yollardan biri istehsal və investisiya məsələsidir. Bu istiqamətdə işlər görülməlidir. Bu haqda danışılası söz çoxdur, hələlik bununla kifayətlənirəm.
İqtisadi ekspertlər, cavabdehlik daşıyan məsullar məsuliyyət hissi ilə investisiya yatırımı imkanlarını xalqa izah etsinlər və bunları dövlətə açıqlasınlar, kömək etsinlər. Bəzilərinin bu sahədə müəyyən layihələri var. Bu barədə mənə məktub yazır, təkliflərini irəli sürürlər. Ali Rəhbərlik iqtisadi proqramlara qarışmır, yəni bu işlərə qarışmaq haqqı yoxdur. Bu, dövlətin vəzifəsidir, bu işi dövlət həyata keçirməlidir. Ona görə biz də həmin məktubları dövlətə göndəririk. Əsas odur ki, dövlət məsulları öz üzərində hansı vəzifənin olduğunu, onlardan nə gözlənildiyini bilməli və inşallah, onları yerinə yetirməlidir. Bu deyilənlər ilin şüarı ilə əlaqəli idi.
Digər bir məsələ gündəmdəki siyasi söhbətlər ilə əlaqədardır. Yəni amerikalıların, Amerika dövlət rəsmilərinin dedikləri haqqındadır. Biri bir şey deyir, digəri ona əlavələr edir, başqası onu qəbul etmir, bir başqası təsdiq edir. Bununla bağlı mən bir-iki nüansa toxunacağam. Birinci və ən mühüm nüans budur: Amerikalılar bilməlidir ki, İrana qarşı təhdid yağdırmaqla heç vaxt heç nəyə nail olmayacaqlar. İkinci nüans: Onlar və digərləri bilsinlər ki, İran xalqına qarşı hansısa çirkin yollara əl atsalar, qarşılığında çox möhkəm zərbə alacaqlar.
Digər bir məsələ də budur ki, Amerika, Avropa siyasətçiləri və onlar kimilər böyük səhvə yol verirlər və o da bundan ibarətdir ki, regionun Müqavimət Cəbhələrini “İranın maşası” adlandırırlar. Əslində, bu sözlə onları təhqir edirlər. Axı “maşa” nə deməkdir? Yəmən xalqı və region ölkələrinin digər Müqavimət Cəbhələri daxili motivasiyaya sahibdir. İslam Respublikasının da “proksi qüvvələrə” ehtiyacı yoxdur. Axı “maşa” nə deməkdir? Onlar müstəqildirlər. Fələstin torpaqlarının işğal edildiyi ilk vaxtlardan etibarən bu hərəkətə qarşı mübarizənin ön sıralarında yer alan ölkələrdən biri Yəmən idi. Yəmənin o günkü ölkə başçısı beynəlxalq tədbirə qatılaraq bu hərəkətə qarşı etiraz etmişdi. Onlar qəsbkar və mənfur sionist rejimin o vaxtdan indiyədək Fələstin xalqına qarşı törətdikləri cinayətlərə qarşı çıxır, etiraz edir, müqavimət göstərirlər. Bu siyasətçilərin ən böyük səhvi bundadır ki, müqavimət qüvvələrinin bu mübarizəni “İranın maşası” olaraq həyata keçirdiyini düşünürlər. Xeyr, onlar “maşa” deyillər. Bizim də mövqeyimiz məlumdur, onların da mövqeyi məlumdur.
Bu gün zalım sionist rejimin cinayətləri – həqiqətən “zalım” sözü o zülmlərin qarşısında zəif səslənir – hətta bir çox qeyri-müsəlmanların qəlbini riqqətə gətirib. Sionist rejimə qarşı Amerika və bir sıra Avropa ölkələrində etiraz aksiyaları keçirilir. Onlar bu etirazları görmək istəmirlər. Qərb ölkələrinin başçıları bu həqiqətləri, öz vətəndaşlarının mövqeyini görmək, anlamaq və bilmək istəmirlər. Amerikada Fələstinin lehinə etiraz aksiyalarına qatılan universitet tələbələrinin təqaüdlərinin kəsilməsinə fərman verirlər. (15) Bu da informasiya azadlığı, bu da liberalizm, bu da insan haqları! Onlar belə davranırlar. Bu gün dünya xalqları sionist rejimin törətdikləri cinayətlərə qətiyyətlə etiraz edir, onlara qarşı çıxır. Bu cinayətlər qarşısında kim nə bacarırsa, əlindən nə gəlirsə, müqavimət göstərir. İslam Respublikası da bu zorakılıqların, bu cinayətlərin qarşısında möhkəm dayanmışdır. Biz öz mövqeyimizi açıq şəkildə elan etmişik. Biz öz ölkələrini, Qəzzanı, Fələstini müdafiə edən fələstinli və livanlı mübarizləri dəstəkləyirik. Bu, İslam Respublikasının hər zamankı mövqeyidir. Əlbəttə, bizi təhdid edirlər. Bilsinlər ki, biz heç vaxt heç kəslə münaqişə və qarşıdurmanı başlayan tərəf olmamışıq. Amma əgər kimsə çirkin yollara əl atarsa, hərəkətə keçərsə, bilsin ki, qarşılığında möhkəm zərbə alacaq!
İlahi! İlin bu ilk günündə Öz rəhmət və lütfünü bu xalqa nəsib et. İlahi! Bu ili İran xalqına, müsəlman xalqlarına mübarək il et. Zülmə məruz qalan xalqlara zalımların üzərində qələbə qazandır. İlahi! Muhəmməd və Ali-Muhəmməd (ə) xatirinə günahlarımızı bağışla. İran xalqını öz ali hədəflərinə çatdır. Vəliyyi-Əsri (ə) qəlbən bizdən razı et. Bizim üçün bu yolu açan dahi İmamın (r.ə) və ona bu yolda kömək edən əziz şəhidlərimizin pak ruhunu şad et. Öz rəhmət və mərhəmətini bu insanlara nazil et.
Salam olsun sizə, Allahın rəhməti və bərəkəti üzərinizə olsun.
______________________
(1) “Bəqərə” surəsi, 186-cı ayədən
(2) “Ənfal” surəsi, 17-ci ayədən
(3) “Yunus” surəsi, 88-ci ayədən
(4) “Yunus” surəsi, 89-cu ayədən
(5) “Əraf” sursəi, 129-cu ayədən
(6) “Əraf” surəsi, 128-ci ayədən
(7) Təbəs şəhərinin kömür mədənlərinin birində baş verən qaz sızması, yetərli ventilyasiya sisteminin olmaması və blokların birinin partlaması nəticəsində onlarla mədənçi öz həyatını itirmişdi.
(8) 1404-cü ilin gəlişi münasibəti ilə çıxış 30.12.1403 (red: 20.03.2025)
(9) 02.03.1403 il (red: 22.05.2024) “xidmət şəhidləri”nin dəfn mərasimi
(10) 13.07.1403 (red: 04.10.2024) tarixindəki cümə namazı
(11) 14-cü prezident seçkilərinin birinci turu 08.04.1403 (red: 28.06.2024), ikinci turu isə 15.04.1403 (red: 05.07.2024) tarixində keçirilmişdir.
(12) Dr. Məsud Pezeşkianın prezidentlik mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İsmail Həniyə (Fələstin İslami Müqavimət Hərəkatı – Həmas Siyasi Bürosunun rəhbəri) 10.05.1403 (red:31.07.2024) öz iqamətgahında baş verən terror hadisəsində şəhid olmuşdur.
(13) “Xalqın iştirakı ilə istehsalda sıçrayış”. Bax: 1403-cü ilin gəlişi münasibəti ilə çıxış 01.01.1403 (red: 20.03.2024)
(14) İnvestor və fəal sahibkarlarla görüşdəki çıxış 03.11.1403 (red: 22.01.2015)
(15) ABŞ dövləti Kolumbiya Universitetinə ayrılan 400 milyon dollarlıq maliyyə yardımını antisemitizm ittihamları ilə kəsmişdir. Habelə ABŞ Təhsil Departamenti “Fələstinə dəstək” aksiyalarından sonra altmış universiteti maliyyə yardımını kəsməklə hədələmişdir.