Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Fitr bayramında hökumət rəsmiləri və müsəlman ölkələrin nümayəndələri ilə görüşündəki çıxışı

بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ. وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِی‌الْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْطَاهِرِينَ الْمَعْصُومِينَ وَ صَحْبَةِ الْمُنْتَجَبِینَ وَ مَنْ تَبِعَهُمْ بِأَحْسَنِ اِلَىٰ يَوْمِ الدِّينَ

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak və məsum Əhli-beytinə, onun seçilmiş səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanlara Qiyamət gününədək salam olsun.

Bu bərəkətli Fitr bayramı İslam ümmətinə, İran xalqına, toplantı iştirakçılarına, qonaqlarımıza və qardaş müsəlman ölkələrin nümayəndələrinə mübarək olsun. Həqiqətən, bu gün İslam dünyasını bir-birinə yaxınlaşdıran, birləşdirən, aktiv və səmərəli bir birlik halına gətirən məqamlara ehtiyac vardır. Bunlardan biri Fitr bayramıdır. Fitr bayramı namazının qunutunda oxuduğumuz duada belə deyilir:

... وَ لِمُحَمَّدٍ صَلَّی اللَهُ عَلَیهِ وَ آلِهِ ذُخرًا وَ شَرَفًا وَ (کَرامَتًا) وَ مَزیدًا

“... Bu günü Muhəmməd üçün (Allahın salamı ona və Əhli-beytinə olsun) azuqə, şərəf, (kəramət) və məqamın artması səbəbi etdin”. (2)

Buradakı “مَزِیدًا” (məzid) ifadəsi dərin mənalı bir ifadədir. Yəni Fitr bayramı İslam dininin, əziz Peyğəmbərimizin (s) izzətinin günü-gündən artmasına səbəb olur. Bu bayram vasitəsilə Peyğəmbərin (s) dini, bəşəriyyətə təqdim etdiyi yol günü-gündən daha geniş vüsət ala, arta bilər. Fitr bayramı belə bir xüsusiyyətə malikdir. Bu nə zaman baş verir? İnsanların bir-birinin yanında durmadıqları, birlikdə yalvarışla dua etmədikləri, Allah-Taala ilə minacat etmədikləri və bir araya gəlmədikləri Fitr bayramı, şübhəsiz ki, bu xüsusiyyətə malik deyildir. Fitr bayramını biz yaradırıq; biz onu öz rəftarlarımızla, hərəkətlərimizlə İslam dini və müsəlman cəmiyyəti üçün şərəf, vüsət və bərəkət mənbəyinə çeviririk. Əgər İslam ümməti birlik, əzm, ayıqlıq xüsusiyyətlərini özündə birləşdirərsə, Fitr bayramı sözün həqiqi mənasında “məzid” olacaq.

Bu gün dünyada – istər bizim regionda, istərsə də dünyanın digər yerlərində – müxtəlif hadisələr bir-birinin ardınca başgicəlləndirici bir sürətlə cərəyan edir. Hadisələrin bu sürətli cərəyanı dünya hadisələrində rol oynadığını və ya bu hadisələrdən təsir aldığını hesab edən bütün insanlardan tələb edir ki, hadisələri operativ şəkildə və diqqətlə izləyərək öz mövqelərini müəyyənləşdirsinlər. Bu gün müsəlman ölkələrinin qarşısında duran vəzifə budur. Müsəlman ölkələri öz xalqları, dostları, düşmənləri və onları qarşıda gözləyən proseslər haqqında dərindən düşünməlidirlər.

İslam dünyası böyükdür. Biz müsəlmanların həm sayı çoxdur, həm coğrafi baxımdan dünyada strateji mövqeyə sahibik, həm də təbii sərvətlər baxımından dünyanın zəngin ölkələrindən və xalqlarındanıq. Əgər İslam dünyası bu kimi strateji mövqelərdən yararlanmaq istəyərsə, əsaslı bir hərəkətə ehtiyacı vardır və bu, “vəhdət”dir, İslam dünyasının həmrəyliyidir.

“Vəhdət” – dövlətlərin birləşməsi demək deyildir; həmçinin bütün siyasi cərəyanların eyni cür fikirləşməli olduğu anlamında da deyildir. “İslam dünyasının vəhdəti” dedikdə, ilk növbədə ortaq maraqları tanımaq nəzərdə tutulur. İslam dünyası ilk növbədə ortaq maraqların nədən ibarət olduğunu bilməlidir. Gəlin, öz maraqlarımızı aramızda ixtilaf, münaqişə və qarşıdurmaya səbəb olan bir şəkildə müəyyən etməyək. İslam dünyası vahid bir ailədir, vahid bir toplumdur. Müsəlman ölkələri bu barədə düşünməli və bu istiqamətdə addımlamalıdırlar. İran İslam Respublikası öz qardaşlıq əlini bütün müsəlman ölkələrinə tərəf uzadıb, özünü onların qardaşı hesab edir. Bir az əvvəl cənab Prezidentin dediyi kimi, özünü onlarla ümumi və əsas bir cəbhədə görür. Gəlin, əməkdaşlıq edək, birlikdə düşünək və İslam dünyasının vəhdətini qoruyaq. Belə olan halda təcavüzkar, istismarçı və hegemon qüdrətlər İslam dünyasına hücum edə, güc tətbiq edə və ondan bac tələb edə bilməyəcəklər. Təəssüflər olsun ki, hazırda bac almaq hegemon qüdrətlər arasında geniş hal almışdır. Zəif ölkələr, dövlətlər və xalqların qarşısında duran super-güclər onlardan bac tələb edir və bunu açıq şəkildə bildirirlər. Gəlin, Amerika və Amerika kimilərinin İslam dünyasından bac tələb etməsinə imkan verməyək.

Zülmə məruz qalanların hüquqlarını müdafiə edək. Bu gün İslam dünyasının bir hissəsi ağır yaralanıb; Fələstin yaralıdır, Livan yaralıdır. Bu regionda törədilən bəzi cinayətlərin analoqu yoxdur. Şahidi olduğumuz, yaxud oxuduğumuz tarixdə belə bir şeyə rast gəlməmişik ki, iki ildən də az bir müddətdə hərbi toqquşmalarda təxminən iyirmi min uşaq qətlə yetirilsin! Bu, kiçik məsələ deyildir. İslam dünyası bunları görməli, bilməli, anlamalı, Fələstin xalqının ağrı-acısını hiss etməli və məsuliyyət daşımalıdır. Əgər İslam dünyası əl-ələ verərsə, bunun öhdəsindən gələ bilər. Bunun üçün savaşa, hərbi müdaxiləyə də ehtiyac yoxdur. Müsəlman ölkələri arasında birlik, həmrəylik, empatiya və ortaq dil olduğu təqdirdə, başqaları öz yerini biləcəkdir.

İnanıram ki, Allah-Taala bu Fitr bayramını bütün İslam ümmətinə mübarək edəcək və sözün həqiqi mənasında müsəlman ölkələrinin məsullarına “İslam ümməti” təşkil etmələri üçün qətiyyət, motivasiya və fəallıq nəsib edəcək.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_____________________

(1) Görüşün əvvəlində Dr. Məsud Pezeşkian (Prezident) çıxış etdi.
(2) “İqbalul-ə`mal”, c. 1, səh. 289