بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ. وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِیالْقَاسِمِ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ
Rəhman və rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmmədə və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Bayramınız mübarək olsun. İnşallah, həm özünüz, həm də ailələriniz bu xoş məramlardan ən yaxşı şəkildə bəhrələnə biləsiniz. Və cənab Dr. Arifin – o, həqiqətən də təcrübəli insandır – açıqladığı məsələləri reallaşdıra biləsiniz.
Bir daha bayram münasibətilə ailələrinizi təbrik etməyi özümə lazım bilir və onlara öz minnətdarlığımı bildirirəm. Əminəm ki, əgər siz məsulların – istər nazirlər, istər parlament nümayəndələri, istər müavinlər, istər müşavirlər, istərsə də müxtəlif qurumların məsulları olsunlar – həyat yoldaşları gördüyünüz işlərdə sizi dəstəkləsə, sizinlə eyni fikirdə, eyni əqidədə olsa, işlər daha yaxşı irəliləyəcəkdir. Sözsüz ki, bu, bir az da sizin öz münasibətinizdən, davranışınızdan asılıdır. Bəzi məsullar iş mühitinə daxil olanda, iş fəaliyyətinə başlayanda işə olan maraq və stimul onları özünə elə məşğul edir ki, övladlarının, həyat yoldaşlarının olduğunu, onların qarşısında müəyyən vəzifələr daşıdığını, ev-eşik sahibi olduqlarını, birlikdə nahar və şam etməli olduqlarını tamamilə yaddan çıxarırlar. Bunu yaddan çıxarmayın!
Cənab Dr. Arifin söylədikləri ilə bağlı bir-iki cümlə demək istəyirəm. Toplantılarda və iş iclaslarında qərara aldığınız və izlədiyiniz məsələlər təqdirəlayiqdir. Bu qeyd olunanlar olduqca yaxşıdır. İntəhası, ölkədə mühüm bir çatışmazlıq var. Bizim qanun, qərar, yaxşı layihə kimi məsələlərdə çatışmazlığımız yoxdur. Bir sıra olduqca yaxşı layihələr hazırlanıb, təklif olunub, təsdiq olunub. Bizdə olan çatışmazlıq işin nəticəyə çatdırılmamasıdır. İşi izləyin və nəticəyə çatdırın. Onun (Dr. Arifin) təqdim etdiyi bəzi statistik göstəricilər düşündürücüdür. Elə onun benzin sərfiyyatındakı dediyi statistik göstəricini götürək. Bu rəqəm, demək olar ki, ölkənin sərfiyyat rəqəmindəm iki dəfə çoxdur. Bu məsələ həll olunmalıdır. Bu, həll oluna biləcək məsələdir. Bir vaxtlar ölkədə yanacağın gündəlik sərfiyyatı 75-80 milyon litr, hətta bundan daha az bir rəqəm idi. İndi isə qeyd edir ki, 160-dan daha artıq bir rəqəmə çatıb! Bu məsələyə nəzarət olunmalıdır, bu məsələ öz həllini tapmalıdır. Təhsil sistemi, təhsil sistemindəki sosial ədalət məsələsi, aztəminatlı və imkansız ailələrə aid problemlər mütləq nəzarətə alınmalıdır. Xahiş edirəm, bu məsələlərə nəzarət edəsiniz.
İclaslar qoymağınız, qərarlar qəbul etməyiniz, məsul şəxslərin maraq və motivasiyaya sahib olması olduqca yaxşıdır, vacibdir, amma bunlar yetərli deyildir. Siz işini sevən, canfəşanlıq göstərən bir müdir kimi öz müavinlərinizə bir sıra tapşırıqlar verirsiniz, onlar da öz növbəsində başqa məsullara tapşırıqlar verirlər, amma bu prosesin gedişatında bu tapşırıqların gücü tədricən zəifləyir və bəzən iş elə bir yerə çatır ki, heç bir nəticə olmur.
Ən vacib məsələlərdən biri qənaət və düzgün istifadə məsələsidir. Mən ilin şüarı və bu kimi məsələlər ilə bağlı bir sıra məqamları qeyd etmişəm ki, söhbət əsnasında onları diqqətinizə çatdıracağam. Qənaət vacib məsələdir: elektrik istehlakında, digər enerji resurslarından səmərəli istifadədə. Dövlət qurumları hər kəsdən daha çox qənaət etməlidir. Çünki ən böyük istehlakçı – dövlət və dövlət qurumlarının özüdür. Benzini, elektrik enerjisini və s. ən çox istifadə edən dövlətdir. Qənaət etməyi öyrənin. Sədi demiş:
چو دخلت نیست خرج آهستهتر کن
که میگویند ملّاحان سرودی
اگر باران به کوهستان نبارد
به سالی دجله گردد خشکرودی
“Əgər gəlirin azdırsa, az xərclə. Necə ki, dənizçilər deyirlər, əgər yağış yağmasa dağlara, quruyar bir il ərzində Dəclə çayı”. (2)
Bu, belədir. Toplantıda iştirak edən bəzi azərbaycan dillilərə xatir deyim:
“Dəclə çayı olmazsa, Bağdad da olmaz”.
Bir sözlə, nəzarət məsələsinə ciddi yanaşılmalıdır. Bu, birinci məsələ.
Hakimiyyət orqanlarının iqtisadiyyat sahəsində iş birliyinin prioriteti ilin şüarının reallaşmasına şərait yaratmaq olmalıdır. Yəni əgər “İstehsala investisiya” həqiqi şüara çevrilərsə və hamı bu ideanın reallaşmasına məsuliyyət hissi ilə yanaşarsa, ölkə bir çox problemlərdən xilas olacaq.
Bizim investisiya problemimiz var. Vətəndaşın əlində az-çox nağd vəsait var. Hünər bundadır ki, bu nağd vəsaiti siz – istər Mərkəzi Bank olsun, istər İqtisadiyyat Nazirliyi olsun, istərsə də digər aidiyyəti qurumlar olsun – investisiya sahəsinə, istehsal investisiyasına yönəldə biləsiz. Bu işi izləyin. Bu, olduqca önəmlidir. Təbii ki, vəsaiti olan, yəni investisiya yatırmaq istəyən şəxslər üçün də əlindəki pulu ölkənin inkişafı, vəziyyətin yaxşılaşması istiqamətində ortaya qoyması qürurverici bir hissdir. Bunu xalqa açıqlayın ki, onlar da bilsinlər və bununla qürur duysunlar. Hər halda işin böyük hissəsi dövlətin üzərinə düşür. “Dövlət” dedikdə, geniş məna nəzərdə tutulur, yəni hökumət. Bu işin reallaşmasında həm Ədliyyə sistemi, həm parlament, həm də müxtəlif nazirliklər rol oynayır.
İnvestisiya təhlükəsizliyini təmin edin. Bundan neçə il əvvəl burada hüseyniyyədə bir görüşümüz olmuşdu. O görüşdə xarici investisiyaların cəlb edilməsi və bu kimi məsələlər haqqında mənim söhbətim olmuşdu. (3) Təcrübəli və səriştəli dostlardan biri – indi vəfat edib, Allah ona rəhmət etsin – dedi ki, xarici investisiya daxili investisiyaya dayanır. Siz ölkə daxilində bu vitrini yaradın, görünsün ki, daxili investor bu işə maraq göstərir, investisiya qoyur. Bunu görən xarici investorda da maraq yaranacaq və “bura investisiya yatırmaq olar” deyəcək. Daxili investorların qarşısındakı maneələri aradan qaldırın. Bu, sanksiyaları neytrallaşdırmağın ən yaxşı yollarından biridir. Mən dəfələrlə qeyd etmişəm ki, sanksiyalarla mübarizənin iki yolu var. Biri sanksiyaları ləğv etməkdir. Bu bizim əlimizdə deyildir, qarşı tərəfin ixtiyarındadır. Digəri isə sanksiyaları neytrallaşdırmaqdır ki, bu bizim əlimizdədir. Sanksiyaları neytrallaşdırmaq yollarını axtarıb tapın. Bunun üçün çoxsaylı yollar, imkanlar mövcuddur və həqiqətən də sanksiyaları neytrallaşdırmaq mümkündür. Əslində, əgər daxili imkanlardan lazımi şəkildə istifadə olunarsa, sanksiyalar qarşısında ölkənin toxunulmazlığını təmin etmək mümkündür. Belə ki, hətta sanksiyalar tətbiq olunsa belə, ölkə öz gücü hesabına özünü çətinliklərdən tamamilə xilas edə bilər. Yəni ölkə belə bir potensiala malikdir.
Ticarət əlaqələrinin genişləndirilməsi məsələsinə toxunuldu və bu mənim hər zaman üzərində təkidlə dayandığım məsələlərdən biridir. İlk növbədə qonşu ölkələrlə, həmçinin Asiyanın iqtisadi super gücləri sayılan Çin, Rusiya, Hindistan kimi ölkələrlə iqtisadi əlaqələri sadələşdirin. Bəziləri ilə əlaqələrin yaradılması çox çətindir, bunu bilirik, amma istənilən çətin işi ciddi əmək sərf etmək və bir sıra uyğun tədbirlərlə həyata keçirmək mümkündür. Beləliklə, qonşularla olan əlaqələr olduqca əhəmiyyətlidir. Bu məsələdə vasitəçi əllər də mühüm rol oynayır. Yəni bəzən müdirlər müəyyən bir məhsulu məhz müəyyən bir ölkədən idxal etməyə adət ediblər. Bir neçə gün bundan əvvəl bu barədə bir nəfərlə danışmışdım. Prezident olduğum vaxtlarda Afrika ölkələrindən birinə səfər etmişdim. Orada çox yaxşı heyvandarlıq və əkinçilik təsərrüfatı vardı. Həmin yer hal-hazırda da mövcuddur. Ölkə başçısı mənə dedi: “Bizim istehsal etdiyimiz ət yüksək keyfiyyətə malikdir. Yəni avropalılar gəlib əti bizdən alırlar. Siz əti Avropadan idxal edirsiniz, Avropa da bizdən aldığı həmin əti ikiqat qiymətə sizə satır”. Axı o vaxtlar, 60-cı illərdə hər şey dövlət xətti ilə ölkəyə gətirilirdi, ət də dövlət xətti ilə idxal edilirdi. Qayıtdıqdan sonra mən məsul şəxslərə bu məsələni dedim, məsələnin araşdırılmasını istədim. Amma bir iş görülmədi. Dildə isti qarşılansa da, əməldə heç bir nəticə görünmədi. Qonşularla, iqtisadi super güc sayılan ayrı-ayrı ölkələrlə, digər ölkələrlə, elə adını çəkdiyim Afrika ölkələri ilə ticarət əlaqələri yaratmaq olduqca önəmlidir. Möhtərəm Prezidentin (4) bayram və bu kimi münasibətlərlə müxtəlif ölkə başçıları ilə yaratdığı telefon əlaqələri təqdirəlayiqdir, bu münasibətlər həlledici rol oynaya bilər. XİN-nin fəaliyyəti də – bu səfərlər – ümumilkdə olduqca yaxşıdır.
Oman danışıqları haqqında da qısaca danışmaq istəyirəm. Mən bu məqama toxunmaq istəyirəm ki, aparılan bu danışıqlar XİN-nin həyata keçirdiyi onlarla işdən biridir. Başqa sözlə, XİN-nin görəcəyi onlarla işdən biri də Oman danışıqları (5) və son vaxtlarda gündəmdə olan məsələlərdir. Ölkədəki problemlərin həllini bu danışıqlardan asılı etməməyə çalışın. Mən bu məsələnin üzərində təkidlə dayanıram. BHFP-də etdiyimiz səhvə burada yol verməməliyik. O vaxt biz hər şeyimizi danışıqların gedişatına bağlamışdıq. Yəni ölkəni danışıqlardan asılı etmişdik. İnvestorlar da görəndə ki, ölkə danışıqların gedişatından asılıdır, onlar da sərmayə yatırmayacaqlar. Məlum məsələdir ki, investorlar danışıqların nə ilə nəticələnəcəyini gözləyəcəklər. Bu danışıqlar da işlərdən, məsələlərdən biridir. XİN-nin həyata keçirdiyi çoxsaylı işlərdən biridir. Odur ki, ölkə də müxtəlif sektorlarda – sənaye, kənd təsərrüfatı, xidmət, mədəniyyət, inşaat sektorlarında – və müəyyən həll yolu təklif olunan bir sıra məsələlərin həllində, o cümlədən ölkənin cənub-şərqi ilə əlaqəli məsələlərdə öz işini ciddi şəkildə yerinə yetirməlidir. Bunların heç birinin Omanda aparılan danışıqlara aidiyyəti yoxdur. Bu da digər bir məsələ.
Bundan əlavə, gəlin, bu danışıqlara nə həddən artıq nikbin yanaşaq, nə də həddən artıq bədbin olaq. Bu da bir işdir, bir addımdır; qərar qəbul edilib, indi də icra edilir. İlk addımlar yaxşı atılıb, lazımi qaydada həyata keçirilib, bundan sonra da tam diqqətlə hərəkət edilməlidir. Qırmızı xətlər tamamilə aydındır, həm qarşı tərəfə, həm də özümüzə aydındır. Ona görə də danışıqlar düzgün istiqamətdə aparılmalıdır. Danışıqlar nəticə verə də bilər, verməyə də bilər. Biz nə çox nikbinik, nə də çox bədbinik. Əlbəttə, biz qarşı tərəfə çox bədbinik, onlara etibar etmirik, çünki qarşı tərəfi tanıyırıq. Amma öz imkanlarımıza nikbinik, bilirik ki, biz bir çox işlər görə bilərik, yaxşı həll yolları bilirik.
“Yeddinci İnkişaf Proqramı” məsələsi də mühümdür. Bu qədər yubanmadan sonra nəhayət, bu ildən həyata keçirilməyə başlayır. Çalışın, bu da başlanar-başlanmaz “Altıncı İnkişaf Proqramı” kimi olmasın. Çünki “Altıncı İnkişaf Proqramı”nın bəzi hissələri elə başlanan kimi yanlış istiqamətə yönəldildi. Çalışın ki, “Yeddinci İnkişaf Proqramı”nın ayrı-ayrı hissələri də yanlış istiqamətlərə yönləndirilməsin. Bu, parlamentin qərarıdır, ölkə üçün olduqca əhəmiyyət kəsb edir, dövlətin ümumi siyasətinə əsaslanır və ümumilikdə yaxşı proqramdır. Bir sözlə, bu, qanundur, ona görə də icra edilməlidir. İntəhası, qəbul olunan qanunlar çərçivəsində düzgün icra olunmasına və yanlış istiqamətə yönəlməməsinə diqqət edilməlidir.
Bir neçə cümlə də Qəzza məsələsi haqqında danışmaq istəyirəm. Fələstinə hakim kəsilən bu cinayətkar bandanın Qəzzada törətdiyi cinayətlər həqiqətən də həddi aşıbdır. Həqiqətən də həddi keçiblər! Mən indiyədək xatırlamıram ki, haradasa məzlumlar, uşaqlar, yaralılar, jurnalistlər, xəstəxanalar və təcili yardım maşınları bilərəkdən hədəf alınaraq vurulsun. Bunlar həqiqətən də görünməmiş cinayətlərdir. Bu cinayətlər qeyri-adi qəddarlıq tələb edir; bu mənfur cinayətkar dəstə bu həddə qəddardır.
Fikrimcə, İslam dünyası konkret bir addım atmalıdır. İslam dünyası həm iqtisadi, həm siyasi, həm də lazım gələrsə, hərbi cəhətdən əməkdaşlıq etməli və bu problemin həlli yollarını düşünərək müəyyən işlər görməlidir. Əlbəttə, Allah-Taalanın qamçısı bir gün onlara dəyəcək və onlar bu günü görəcəklər. Yəni bu zülmlərə Allahın cavabı şiddətli olacaq. Buna şübhə ola bilməz. Ancaq bu İlahi cavab xalqların, bizim, dövlətlərin məsuliyyətini azaltmır. Allah-Taala Öz işini görməsinə görəcək, biz isə öz vəzifəmizi yerinə yetirməliyik.
İnanıram ki, Allah-Taala bütün müsəlman xalqların, İslam ümmətinin, əziz İran xalqının və siz məsulların sonunu xeyirli edəcək, işlərinizi asanlaşdıracaq. Uca Allah bizdən və işlərimizdən razı qalsın, inşallah. Bütün işlərdə həmişə Allahı nəzərdə saxlayın.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
____________________
(1) Yeni hicri-şəmsi ilinin gəlişi münasibətilə keçirilən bu görüşün əvvəlində birinci vitse-prezident cənab Dr. Məhəmmədrza Arif məruzə ilə çıxış etdi.
(2) Sədi Şirazi, “Gülüstan”, 7-ci fəsil
(3) Sənaye, ticarət, istehsal sektorlarının məsul şəxsləri və kiçik bizneslə məşğul olan vətəndaşlarla 10.04.1380 ildə (red: 01. 07. 2001) təşkil olunmuş görüşdəki çıxış
(4) Prezident Məsud Pezeşkian
(5) Cari il fərvərdin ayının 23-də (red: 12.04.2025) İran və ABŞ arasında İranın nüvə problemi və sanksiyaların ləğvi ilə bağlı Omanda ilk iclası keçirilən dolayı danışıqlara istinad