بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ. وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِیالْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ وَ صَحْبِهِ الْمُنْتَجَبِینَ وَ مَنْ تَبِعَهُمْ بِاِحْسَانٍ اَلَیٰ یَوْمِ الدِّینِ
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak Əhli-beytinə, seçilmiş səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanlara Qiyamət gününədək salam olsun.
Çox xoş gəlmisiniz əziz qardaş və bacılar: həm həcc zəvvarları, həm də məsul şəxslər. Hamınızı təbrik edirəm. Həm yaxın zamanda həcc ziyarətinə yollanan şəxsləri təbrik edirəm. Bu, sizə nəsib olan böyük səadət, İlahi nemət və hədiyyədir, bunun qədrini bilin, bu səfər sizə mübarək olsun, inşallah. Həm də həcc ziyarətinin təşkilində iştirakı olan şəxsləri – istər adı çəkilən dövlət qurumları, yəni nazirliklər, idarələr, təşkilatlar və bu böyük işdə hansısa bir şəkildə iştirak edən ölkənin müxtəlif sektorlarının məsul şəxsləri olsun, istərsə də zəvvar qruplarının rəhbərləri, xidmət sektorlarının, Həcc və Umrə Təşkilatının işçiləri və s. olsun – təbrik edirəm. Sizləri ona görə təbrik edirəm ki, Allah-Taala hacılara xidmət etmək kimi bir neməti sizə bəxş etmişdir. Bu nemətin qədrini bilin və inşallah, bu işi ən gözəl şəkildə həyata keçirin.
Diqqətinizə çatdırmaq üçün hazırladığım mövzuya giriş etməzdən öncə Bəndər Abbasda (2) baş vermiş acı hadisəyə bir daha toxunmağı özümə lazım bilirəm. Bu hadisədə həyatını itirənlərin və zərərçəkənlərin ailələrinə başsağlığı verirəm. Həqiqətən də ailələrə üz verən bu hadisə bizim hamımız üçün acı bir hadisə və müsibət oldu. Hər cür hadisə baş verə bilər; zəlzələ ola bilər, yanğın baş verə bilər, dağıntı ola bilər, hadisələr bilərəkdən törədilə və ya səhvən baş verə bilər. Hər cür hadisə baş verir, fəsadları da aradan qaldırılır. Bu hadisədə də əgər hansısa təşkilatlar üçün problemlər yaranıbsa, aktiv, bacarıqlı və gənc məsullarımızın operativliyi, güc və bacarığı sayəsində bu problemlər aradan qaldırılacaqdır, inşallah. Amma insanın ürəyi ailələrə, əzizlərini itirmiş ailələrə yanır. Onlara başsağlığı verirəm. Və deyirəm ki, əgər biz həyatın müxtəlif hadisələri qarşısında səbirli olsaq, Allah-Taalanın bu səbrə görə bizə verəcəyi mükafatın dəyəri o müsibətin acılığından min qat artıqdır:
أُولٰئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَ رَحْمَةٌ...
“Onları Rəbbin lütfü və rəhməti gözləyir ...” (3)
Allah-Taala səbir edənlərə Öz lütfünü və rəhmətini nazil edir. Bu, mühüm məqamdır. Allah-Taala onların ürəklərinə aramlıq, səbir və dözüm versin.
Həcc mövzusuna gəlincə, mənim həcc ziyarətinin keçirilməsi haqqında həm zəvvarlara, həm də məsullara bəzi tövsiyələrim vardır. Bu tövsiyələri dəfələrlə söyləmişəm və inşallah, yenə də təkrar edəcəyəm. Bu gün isə diqqətinizə çatdırmaq istədiyim məsələ bu tövsiyələr deyildir. Bu gün demək istədiklərim sizin yerinə yetirmək istədiyiniz həcc əməlinin mahiyyətinin dərki haqqındadır, yəni həccin özünü tanımaqdır. Siz hacılar və inşallah, hacı olacaq şəxslər hansı əməli yerinə yetirdiyinizi başa düşməlisiniz.
Bu, adi bir ziyarət deyildir. Bu, bir səyahət deyildir. Sizin bu həcc səfəriniz, həcc əməliniz olduqca mühüm bir işdə iştirak etməkdir, hansı ki, Allah-Taala bəşəriyyəti – təkcə mömin və müsəlmanları deyil, bütün insanlığı – idarə etmək üçün bu sistemi, təşkilatı qurmuşdur. Həcc bəşəriyyətin idarəçiliyi üçündür. Elə buna görə də Allah-Taala Qurani-Kərimdə həzrət İbrahimə (ə) buyurur:
وَ اَذِّن فِی النَّاسِ بِالْحَجِّ
“İnsanları həccə çağır ...” (4)
“فِی النَّاسِ” (fin-nas), yəni insanları, bütün dünyanın insanlarını çağır, – deyir. Halbuki o gün o insanların çoxu İbrahimə (ə) iman gətirməmişdi. Amma həcc elanı, həccə dəvət bütün insanlara şamil edilmişdi. Başqa bir ayədə oxuyuruq:
جَعَلَ اللهُ الْکَعْبَةَ الْبَیْتَ الْحَرَامَ قِیَامًا لِلنَّاسِ
“Allah Beytul-həram (müqəddəs ev) olan Kəbəni insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi ...” (5)
Allah-Taala bu müqəddəs evi bəşəriyyətin dirçəliş məkanı təyin edibdir. Bu, belədir. Yaxud da bu mübarək ayədə buyurulur:
اِنَّ اَوَّلَ بَیْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِی بِبَکَّةَ
“Həqiqətən, insanlar üçün inşa olunan ilk ev (məbəd) Məkkədəki evdir ...” (6)
Məkkədə yerləşdirdiyimiz bu evi “insanlar üçün” təyin etdik, bu yer bütün insanlara məxsusdur. Həcc əməlinə bu yanaşma ilə baxın. Sizin əməlinizin, sizin səfərinizin, sizin təvafınızın, bu evi ziyarət etməyinizin mənfəəti bütün insanlara aid olur. Təbii ki, düzgün və qaydasınca yerinə yetirmək şərti ilə. Söhbətlərimdə bu qaydalar haqqında dəfələrlə danışmışam. Düzgün yerinə yetirilən həcc təkcə özünüzə, ölkənizə, İslam ümmətinə deyil, bütün insanlığa xidmətdir. Baxın görün ki, həcc əməli nə qədər əhəmiyyətlidir. Siz belə bir mühüm işdə iştirak edirsiniz. Bu birinci məsələ.
İkinci məsələ. Vacib ibadət olan həcc, bəlkə də demək olar, yeganə vacib əməldir ki, onun zahiri quruluşu və qəlibi tamamilə siyasi xarakter daşıyır. İnsanları – bu əməli yerinə yetirməyə imkanı olan hər kəsi – hər il müəyyən bir məkan və zamanda bir yerə toplamaq hansı mənanı daşıyır? İnsanların bir arada toplaşmasının özü siyasi mahiyyət daşıyır. Yəni bu mənaya xələl gətirməyə çalışanların dediklərinin, səy və davranışlarının əksinə olaraq, həcc əməli siyasi mahiyyət daşıyan bir ibadətdir. Onun zahiri quruluşu, qəlibi siyasi xarakter daşıyır. Bu da digər bir xüsusiyyət.
Siyasi qəlibə malik olan bu əməlin digər bir xüsusiyyəti isə tamamilə ibadət və mənəviyyat məzmununa malik olmasıdır. Bu əməl məzmun etibarilə tamamilə ibadət anlamı daşıyır. Ehram bağladığınız andan etibarən “Ləbbeyk” deyirsiniz, Allah-Taala ilə dərdi-dil etməyə, təslimiyyətinizi ifadə etməyə başlayırsınız: “Ləbbeyk, Əllahummə ləbbeyk”. Bundan sonra ehram halına daxil olursunuz. Ehram, dua, zikr, ibadət, bir sözlə bu əməldə nə varsa, hamısı mənəvi-ibadi yönlərə malikdir. Yəni siyasi qəlibə malik olan bu əməl bütünlüklə ibadət və mənəviyyat məzmunu daşıyır. Gördüyünüz kimi, bütün bunlar həccin müxtəlif yönlərini göstərir. Yalnız bunlardan da ibarət deyildir, davamı vardır.
Digər bir nüans da budur ki, ibadət və mənəviyyat məzmunu daşıyan həcc ayinlərinin hər biri insan həyatının müxtəlif yönlərini rəmzi şəkildə əks etdirir. Həcdə yerinə yetirilən o ibadi əməllərin hər biri rəmzi məna daşıyır – qərblilərin ifadəsi ilə desək, “simvolik” məna daşıyır, əlbəttə, mən bu kəlmələrdən istifadə etməməyə çalışıram – və bəşərə xas məsələlərə işarə edir.
Elə götürək, yerinə yetirdiyiniz “təvaf” ayinini. “Təvaf”ın verdiyi dərs tövhidi mərkəzdə qərarlaşdırmaqdır. “Təvaf” insanlara öyrədir ki, həyatınız tövhid ətrafında dövr etməlidir. Yaşayış, hökumət, iqtisadiyyat, qardaş-bacılarla olan davranışlar, ailə-məişət və s. bunların hamısı tövhidə əsaslanmalıdır. Həyatın bütün yönləri tövhid üzərində qurulmalıdır. “Təvaf” ayini, əslində, bir həyat dərsinə işarədir. Bu, bir dərsdir. Amma biz bundan çox uzağıq. Bizlər ki, özümüzü müsəlman bilir, mömin hesab edirik, təsəvvürümüzdə özümüzü Allah yolunun yolçusu görürük, əgər biz bundan çox uzağıqsa, Allahı tanımayanlar necə olarlar?! Əgər insanlar öz yaşayışlarını, hökuməti, təhsili, müharibəni, sülhü, dostluğu, düşmənçiliyi və bu kimi məsələləri tövhid əsasında formalaşdırmağa nail ola bilsələr, dünya gülüstana çevrilər. Əgər meyar tövhid olarsa, bu eqoizmlər, qəddarlıqlar, amansızlıqlar, qətllər, uşaq qətliamları, istismarlar, başqa ölkələrə müdaxilə etmələr və s. bunların hamısı aradan qalxar. “Təvaf” ayini sizə bu dərsi öyrədir. “Təvaf”ın öyrətdiyi dərs tövhiddir. Bu isə sadəcə möminlərə deyil, bütün insanlara aiddir:
اَذِّنْ فِی النَّاسِ بِالْحَجّ
قِیَامًا لِلنَّاسِ
“İnsanları həccə çağır ...”
“İnsanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün...”
Səfa və Mərva arasında yerinə yetirilən “səy” ayini də bir ibadətdir. Onu da yerinə yetirdikdə zikr deyirsiniz, dua edirsiniz, amma bu əməlin də rəmzi mənası vardır. O da budur ki, həmişə həyatın problemlər dağı arasında hərəkət etməlisiniz, çalışmalısınız. “Səy” – sürətlə yol getmək deməkdir:
وَ جاءَ مِنْ اَقْصَی الْمَدِینَةِ رَجُلٌ یَسْعَیٰ
“Şəhərin ən ucqar yerindən (abid) bir kişi qaçaraq gəldi ...” (7)
Qaçaraq gəldi. “Səy”, yəni tez-tez yerimək. Heç vaxt həyatdakı dağa bənzər problemlər içərisində ilişib qalmayın, heç vaxt duruxmayın, çaşqın qalmayın, irəliyə doğru hərəkət edin, sürətinizi artırın. “Səy”in verdiyi dərs, verdiyi rəmzi məna budur. Ərəfata, Məşərə, Minaya doğru hərəkətin mənası budur ki, Məkkəyə gələnlər burada olduqları bir neçə gün ərzində belə, hərəkətsiz qalmasınlar. “Durğunluq” Allah-Taalanın insan üçün olan istəyinin əksinədir. İnsan “hərəkət” üçün yaradılıb. Əliniz, ayağınız, diliniz, ağlınız, bacarığınız, gücünüz var, ona görə də mütləq hərəkət etməlisiniz. Ərəfata, Məşərə, Minaya doğru hərəkət edin.
“Qurban” ayini də rəmzi məna ifadə edir. O da budur ki, bəzən insan ona ən əziz olan şəxslərdən, şeylərdən keçməlidir, onları qurban verməlidir. Buna ən mükəmməl nümunə övliyaların qurbanıdır, İbrahimin (ə) İsmaili qurban verməsidir:
فَلَمَّا اَسْلَمَا وَ تَلَّهُ لِلْجَبِین
“Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman ...” (8)
Bu kiçik işdirmi? Yeniyetmə övladının əl-ayağını bağlayasan, yerə uzadasan, bıçağı boğazına çəkəsən ki, Allah belə buyurmuşdur; qurban. Bəzən nələrdənsə əl çəkməlisən, bəzən nələrisə qurban verməlisən, bəzən isə öz canından keçməlisən. “Qurban” ayininin də rəmzi mənası budur.
“Rəmyi-cəmərat” ayini, yəni şeytanı vur. Şeytanı harada gördün, hansı şəkildə olursa olsun onu vur, şeytanı əz. Şeytanı tanı və vur. Şeytan da həm insanlardan, həm də cinlərdən olur:
وَ کَذٰلِکَ جَعَلْنَا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیَاطِینَ الْاِنْسِ وَ الْجِنِّ یُوحی بَعْضُهُمْ اِلَیٰ بَعْضٍ زُخْرُفَ الْقَولِ غُرُورًا
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər ...” (9)
Şeytanı vurmaq. Gördüyünüz kimi, bu ayinlərin hamısı bir dərsdir. Bütün bu hərəkətlər, həcdə yerinə yetirilən bu əməllər, adını çəkdiyimiz bu ibadətlərin hamısı həcc əməlinin məzmununu təşkil edir. Bunların hamısı bir dərsdir.
“Ehram” libasını geyinmək də bir dərsdir. “Ehram” – Allah-Taala qarşısında kiçilmək deməkdir. Paltarları, zinət əşyalarını və həyatın müxtəlif bər-bəzəklərini bir kəsim parça ilə bir kənara qoymaq ibadətdir, əyilməkdir, eyni zamanda da bir dərsdir. Bu əməli həcdə dünyanın ən varlı insanı ilə ən yoxsul insanı hər ikisi eyni şəkildə yerinə yetirməlidir, aralarında heç bir fərq yoxdur. Padşah da olsa, rəiyyət də olsa belədir, kim olursa olsun, belədir. “Ehram” – yəni Allah-Taala qarşısında insanların bərabərliyi.
Beləliklə, qeyd etdiyim üçüncü məsələ bu oldu ki, məzmunu ibadət olan həccin hər bir ayini insan həyatının müxtəlif yönlərini özünəməxsus şəkildə əks etdirən rəmzlərdir. Həmin rəmzlərə mən qısaca toxundum.
Digər bir məsələ isə budur ki, bir arada toplaşmaq, əslində, insanların mənafeyi üçündür:
لِیَشْهَدُوا مَنَافِعَ لَهُمْ
“Belə ki, öz mənfəətlərinin şahidi olsunlar ...” (10)
“Li-yəşhədu” sözündəki “ləm” şəkilçisi, göründüyü kimi, səbəb-nəticə şəkilçisidir. Buyurur ki, insanlar Məkkədə, Beytul-həramda, həccin müxtəlif yerlərində toplaşsınlar. Niyə görə? Öz mənfəətlərini əldə etmək üçün. “Mənfəət” dedikdə, bəziləri elə başa düşür ki, bu, sadəcə ticarət məsələləridir. Xeyr, “mənfəət” adlanan hər şey nəzərdə tutulur. Bəs bu gün bu mənfəət nədir? Bu mənfəət “İslam ümmətinin vəhdəti”dir. Mənim fikrimcə, İslam ümməti üçün vəhdətdən daha üstün bir mənfəət yoxdur. Əgər İslam ümməti həmrəy olarsa, əl-ələ verərsə, birgə fəaliyyət göstərərsə, qarşılıqlı əlaqələr qurarsa, o zaman Qəzza hadisəsi, Fələstin hadisəsi baş verməz, Yəmən bu şəkildə təzyiqə məruz qalmaz. Biz bir-birimizdən uzaq olduqca, müstəmləkəçilər, yəni Amerika, sionist rejimi, bəzi Avropa və qeyri-Avropa ölkələri hər biri müəyyən bir şəkildə öz maraq və mənfəətlərini xalqların mənafeyindən üstün tutur. Nəticə, onların təzyiqi altında olan ölkələrin vəziyyətidir. Özünüz də görürsünüz ki, nələr baş verir. Nəticə, Qəzza hadisəsi olur. Vəhdət varsa, təhlükəsizlik də var, inkişaf da var, qarşılıqlı əlaqələr də var. Vəhdət olduqda, biz nəyəsə ehtiyacı olan bir İslam ölkəsinə yardım edə bilərik. Biz ona, o da bizə kömək edə bilər. Vəhdət olduqda, hamı bir-birindən faydalanar, bir-birinə kömək edə bilər. Mənfəət budur:
لِیَشْهَدُوا مَنَافِعَ لَهُمْ
Həcc əməlinə bu yanaşma ilə baxın. Hər halda həcc əməlini dərk etməliyik. Mənim burada açıqladığım məsələlər həcci dərk etmək üçün lazımlı olan biliklər idi. Hara getdiyinizi, nə etdiyinizi bilin. Təbii ki, bu məsələdə İslam dövlətləri mühüm rol oynayır. Həcc ziyarətinə ev sahibliyi edən dövlət əsas rol oynayır və onların üzərinə böyük və ağır vəzifə düşür. Ölkə rəsmilərinin, din alimlərinin, ziyalıların, yazarların, söz sahiblərinin, xalq arasında nüfuzu olan şəxslərin hamısı rol oynayır. Bu şəxslər həcc əməlinin mahiyyətini insanlara izah edərək, onları məlumatlandıraraq ictimai düşüncəyə təsir edə bilərlər.
Allah-Taaladan yardım istəyin. Elə bu əməlin əvvəlindən səmimi qəlblə deyin:
رَبِّ اَدْخِلْنِی مُدْخَلَ صِدْقٍ وَ اَخْرِجْنِی مُخْرَجَ صِدْقٍ
“De: Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart ...” (11)
Allah-Taaladan yardım istəyin ki, bu böyük işə Onun köməyi ilə başlayasınız və işi Onun razılığı ilə başa çatdırasınız. Düzgün istiqamətdə hərəkət edin ki, Uca Allah da əməlinizə bərəkət versin, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_______________________
(1) Görüşün əvvəlində Höccətul-İslam vəl-müslimin Seyid Əbdülfəttah Nəvvab (Ali Məqamlı Rəhbərin Həcc ziyarəti üzrə nümayəndəsi və İranlı zəvvarların kuratoru) və Əlirza Bəyat (Həcc və Ziyarətlər Təşkilatının sədri) məruzə ilə çıxış etdilər.
(2) 06.02.1404-cü tarixində Bəndər Abbasın “Şəhid Rəcai limanı”nda baş verən partlayış çoxsayda insanın ölümü və yaralanması ilə nəticələndi. Bax: “Şəhid Rəcai limanı”nda baş verən hadisədən sonra xalqa müraciət 07.02.1404 (red: 27.04.2025)
(3) “Bəqərə” surəsi, 157-ci ayədən
(4) “Həcc” surəsi, 27-ci ayədən
(5) “Maidə” surəsi, 97-ci ayədən
(6) “Ali İmran” surəsi, 96-cı ayədən
(7) “Yasin” surəsi, 20-ci ayədən
(8) “Saffat” surəsi, 103-cü ayədən
(9) “Ənam” surəsi, 112-ci ayədən
(10) “Həcc” surəsi, 28-ci ayədən
(11) “İsra” surəsi, 80-ci ayədən