Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Rzanın (ə) şəhadətinin ildönümünə həsr edilmiş mərasimdə xalqın müxtəlif nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و 
علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّة الله فی الارضین

Bismillahir Rəhmanir Rəhim. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, hidayət edən, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Bütün varlıq aləminin, xüsusilə də biz iranlıların sahib olduğu nemətlərin səbəbkarı, mehriban və mərhəmətli İmam, Əli ibn Musa ər-Rzanın (ə) şəhadəti münasibəti ilə sizlərə başsağlığı verirəm. Bu görüş də o böyük şəxsiyyətin bizə lütfü oldu. Bizə kömək oldu ki, belə bir mərasimi, belə bir görüşü, belə bir isti və coşqulu məclisi təşkil edək. Diqqətinizə çatdırmaq üçün hazırladığım çıxışımın bir hissəsi mehriban və mərhəmətli İmam, Həzrət Əbulhəsən ər-Rza (ə), digər hissəsi isə günün aktual məsələləri haqqında olacaq.

İmam Əli ibn Musa ər-Rzanın (ə) həyatında dəfələrlə mühüm hadisələr baş vermişdir. Bu hadisələrdən biri, o böyük şəxsiyyətin Mədinədən Tus və Mərvə – Xorasana səfəri idi; bundan başqa o dahi insanın həyatında digər müxtəlif hadisələr də olmuşdur. Xorasana gəlişi ilə bağlı olan hadisə isə Əhli-beyt məktəbi üçün bir sıra özünəməxsus faydalarla nəticələnmişdir. Baxmayaraq ki, bu səfər məcburi xarakter daşıyırdı, o dahi şəxsiyyət Xorasana öz istəyi ilə gəlmirdi, amma Allah-Taala bu səfərə bərəkət verdi və baş vermiş hadisələr – istər səfər müddətində, istərsə də İmamın (ə) şəhadətindən sonra olsun – tarixin mühüm hadisələrinə çevrildi. Bu mövzu ilə bağlı mən iki məqama toxunacağam.

Əli ibn Musa ər-Rzanın (ə) səfərinin qoyduğu birinci təsir Əhli-beyt məktəbinin görünməmiş şəkildə yayılması ilə bağlıdır. O vaxtlar Əhli-beyt məktəbi təcrid olunmuş, zülmə məruz qalmış vəziyyətdə idi. İmam Hüseynin (ə) şəhadətindən sonra o gün İslam dünyasının hər bir bölgəsində yaşayan şiələr həyatda saysız-hesabsız çətinliklərlə üzləşirdilər; həm fiziki, həm maddi, həm də ruhi problemlər yaşayırdılar. Tədricən – İmam Baqirin (ə) dövründə bir az, İmam Sadiqin (ə) dövründə daha çox, İmam Musa ibn Cəfərin (ə) dövründə isə lap çox – bu təcrid nisbətən azaldı. Amma Əli ibn Musa ər-Rzanın (ə) dönəmində isə şiəlik məktəbi bütün İslam dünyasına yayıldı. Tarixi hadisələrdən hiss edilən budur ki, bu səfər, bu hadisə nəticəsində şiə və Əhli-beyt məktəbinin ardıcılları elə bir ruhiyyə qazanırlar ki, bu ruhiyyə sayəsində şiəliyi yaşatmağı bacarırlar. Bu gün bu hadisənin üzərindən 1200 il keçməsinə baxmayaraq, Əhli-beyt məktəbinin ardıcıllarının sayının günü-gündən çoxalması – həm şiələr, həm də şiə olmayan, lakin Əhli-beyt maarifinə əqidə bəsləyənlər, bizim rəsmən şiə olmayan, amma Əhli-beyt (ə) maarifinə, ideologiyasına inanan insanlarımız çoxdur – Əli ibn Musa ər-Rzanın (ə) bu səfərinin bərəkətinin nəticəsində baş vermişdir. Bu, birinci məqam; yəni İmam Rzanın (ə) Mədindən Xorasana gəlişinin bərəkətli nəticələrindən biri bu idi. O dahi şəxsiyyətin varlığı, baş verən hadisələr, aparılan söhbətlər, müzakirələr, İmamın (ə) Məmun, xalq və o zamankı dövlət məmurları ilə rəftarı və s. bütün bunlar şiəliyə qarşı baxışın müsbət istiqamətdə dəyişməsinə və Əhli-beyt (ə) məktəbinin yüksəlməsinə öz təsirini göstərdi. Bu, birinci təsir.

Üzərində dayanmaq istədiyim bu səfərin qoyduğu ikinci təsir, Əli ibn Musa ər-Rzanın (ə) Aşura hadisəsini, İmam Hüseyn (ə) məsələsini bütün İslam dünyasında yaymasıdır. Yəni Aşura hadisəsi şiənin Əhli-beyt (ə) ardıcılları arasında tarix boyu zülmə qarşı mübarizənin bayraqdarı kimi tanınmasına səbəb olmuşdur. Kərbəla elə bir hadisə idi ki, mütləq insanların qəlbinə həkk olunmalıydı. Bu hərəkatı bir sıçrayışla başlada bilən şəxs isə Əli ibn Musa ər-Rza (ə) oldu. İbn Şəbib – Rəyyan ibn Şəbib – bu məşhur rəvayətində Həzrətin belə buyurduğunu nəql edir:

اِن کُنتَ باکیاً لِشَیءٍ فَابکِ لِلحُسَینِ‌ (علیه السّلام)

“Nəyə isə ağlamaq istəsən, Hüseynə (ə) ağla”. (2)

Bu, rəvayətin başlanğıcıdır, çox geniş bir rəvayətdir və bu mövzu çox mühüm mövzudur. “Nəyə isə göz yaşı tökmək istəsən, ağlamaq istəsən, Hüseynə ağla”. Bu hədis Kərbəla hadisəsinin əhəmiyyətini insanlara göstərdi. Cümlənin ardınca isə İmam Hüseynin (ə) ziyarətinə gedənlər, ya da İmama (ə) əzadarlıq edib göz yaşı tökənlər haqqında verilən böyük vədlər gəlir: “Qiyamət günü bizimlə məhşur olacaqsınız”; bizimlə birlikdə olacaqsınız. Bu kimi vədlər bu rəvayətdə qeyd olunmuşdur.

Kərbəla hadisəsi haqqında, İmam Hüseynin (ə) şəhadəti haqqında danışılanda təbii olaraq belə bir sual yaranır ki, nəyə görə bu böyük şəxs şəhid oldu. Bu sual İslamın bir çox ictimai maarifinin açarıdır: “İmam niyə şəhid oldu?” Necə oldu ki, Peyğəmbərin (s) vəfatından təxminən 50 il sonra belə bir böyük müsibət yaşandı və Peyğəmbər (s) övladı şəhid edildi? Bu nə hadisə idi? Bu sual çox mühüm bir sualdır. Bu sual insanların bəşər tarixi boyunca bu hadisəyə olan münasibətini və müsəlmanların bu hadisə qarşısındakı vəzifəsini üzə çıxarmaqda rol oynaya bilər.

İmam Hüseyn (ə) zülmə qarşı mübarizə aparırdı, İmam Hüseyn (ə) ədalətsizliyə dözə bilmirdi, İmam Hüseyn (ə) günahkar və əxlaqsızların İslam cəmiyyətinə hakim olmasını qəbul etmirdi, belələrinə boyun əymirdi. Bunlar olduqca mühüm məsələlərdir. Kərbəla hadisəsi haqqında danışılanda təbii olaraq bu məsələlər də meydana çıxır. Bu qeyd etdiklərim Həzrət Əli ibn Musa ər-Rza (ə) haqqında idi; hansı ki, Kərbəla və Aşura hadisəsi onun (ə) söhbətlərinin bərəkəti sayəsində yaddaşlara həkk olunmuşdur və bu çox önəmli məsələdir.

Ölkədəki aktual məsələlərə gəlincə, qarşıdurma baş verdi, İran xalqına qarşı təhlükəli hadisələr həyata keçirildi, savaşa sürüklədildi. Xalq isə bunun qarşısında var gücü ilə, bütün qüdrəti ilə dayandı və dünyanın diqqətini özünə yönəltdi. Baş verən bu hadisə sayəsində İran dünya ictimaiyyəti qarşısında xüsusi bir əzəmət, ikiqat etibar qazandı. Bu həmin hadisəyə aiddir. Burada bir sual ortaya çıxır: Amerikanın İranla düşmənçiliyinin səbəbi nədir? Bu sual sadə bir sual kimi nəzərə çarpır, amma əslində mürəkkəb bir sualdır. Bu sualın cavabı da mühümdür, mürəkkəbdir. Bu düşmənçilk bu günə də aid deyil; 45 ildir ki, Amerika hökumətləri – hakimiyyətə gəlmiş ayrı-ayrı şəxslər, müxtəlif partiyalar – İran İslam Respublikasına və əziz İran xalqına qarşı bu düşmənçiliyi, bu sanksiyaları, bu təhdidləri davam etdirmişlər. Səbəb nədir? Əvvəllər bu səbəbi terror, insan haqları, demokratiya və bu kimi müxtəlif adlar altında gizli saxlayırdılar; bu adlar altında gizlədirdilər. Yaxud deyirdilərsə, bunu daha “abırlı” şəkildə bildirirdilər ki, İranın münasibətini dəyişmək istəyirik. Keçmiş hökumətlər bu tərzdə danışırdılar. Amma bu gün Amerikada hakimiyyət başında olan bu şəxs (3) həqiqəti ifşa etdi, onların əsl məqsədlərini üzə çıxardıb dedi: “Biz İran dövləti və İran xalqı ilə ona görə mübarizə aparırıq ki, İran Amerikanın əmrlərinə itaət etsin!” Biz İran xalqı olaraq bunun mənasını düzgün başa düşməliyik. Bu mühüm məsələdir. Əlbəttə, onun işlətdiyi söz mənim sözlərimdən bir qədər fərqli ola bilər; məsələn, “İran sözümüzə qulaq assın” – belə demiş ola bilər. Yəni dünyada elə bir dövlət, elə bir qüdrət peyda olub ki, belə bir böyük tarixə, əzəmətə və xalqa sahib olan İran kimi bir ölkədən tələb edir ki, bu ölkə, bu tarix, bu əzəmətli xalq bütün qüruru ilə onun sözünə “qulaq assın!” 

Düşmənçiliklərinin səbəbi budur. Düşmənçilikləri buna görədir. “Cənab, Amerika əleyhinə şüar verməyin, əsəbləşirlər, sizinlə düşmənçilik edirlər” – deyən şəxslər isə sadəcə səthi düşüncə sahibidirlər. “Niyə görə Amerika ilə birbaşa danışıqlar aparıb problemi həll etmirsiniz” – deyə, hadisəni təhlil edənlər də, fikrimcə, eyni şəkildə səthi düşünənlərdirlər. Məsələnin mahiyyəti göründüyü kimi deyildir; bu, həll olunası məsələ deyildir. O, istəyir ki, İran onun əmrinə tabe olsun. İran xalqı belə böyük təhqir qarşısında ciddi narahatçılıq keçirdir və İran bu xalqa qarşı bu cür çirkin gözlənti ilə yanaşan şəxsin və ya şəxslərin müqabilində var gücü ilə dayanacaqdır. Son müharibə də buna görə idi. Sionist rejimini qabağa verdilər, təhrik etdilər, savaşa razılıq verdilər, hücum etməsi üçün ona kömək etdilər və öz aləmlərində İranın, İran İslam Respublikasının işini bitirəcəklərini təsəvvür etdilər! Amma onlar heç təsəvvür də etmirdilər ki, bu hərəkətlərinin qarşısında İran onları peşman edəcək zərbəni vuracaq; onlar bunu təsəvvür etmirdilər.

Onlar elə təsəvvür edirdilər ki, bu hücumla İranın işi bitəcək. Diqqət edin; 13 iyunda İrana hücum olunur, bir gün sonra – yəni 14 iyunda Amerika muzdurlarından ibarət bir qrup Avropa ölkələrinin birinin paytaxtında toplaşaraq İslam Respublikasını əvəz edəcək dövləti təyin etməyi müzakirə etməyə başladılar! Eşitmişəm ki, bunu iki-üç gün bundan əvvəl televiziyada da deyiblər, amma bizə elə o vaxt xəbər vermişdilər. Yəni bu hücumun ölkədə İslam Respublikasını sarsıdacağına bu qədər arxayın idilər; xalqın İslam Respublikasının qarşısında dayanacağına o qədər əmin idilər. O qədər əmin idilər ki, hücumdan cəmi bir gün sonra toplaşıb müzakirə edirlər ki, İran İslam Respublikasından sonra İrana kimin, hansı dövlətin, necə bir dövlətin rəhbərlik etməsini belə müəyyən etmişdilər! Hətta şah da seçmişdilər; İran üçün şah da təyin etmişdilər ki, filankəs də şah olsun! Onlar İran haqqında belə təsəvvürdə idilər. Güman edirdilər ki, bu hücumla dövlətlə xalq arasında fikirayrılığı yaranacaq, sistem zəifləyəcək, öz xəbis məqsədlərinə çatacaq və nəhayət, onlar da diqqətini bu işə yönəldib bu hədəfi reallaşdıra biləcəklər. Nəticədə isə – mən bunu dəfələrlə demişəm və yenə də israrla təkrar edirəm – İran xalqı Silahlı Qüvvələrin, dövlətin, sistemin yanında dayanaraq öz dirənişi ilə onların hamısının ağzının üstünə möhkəm yumruq vurdu.

İran İslam Respublikasını əvəz edəcək dövləti müəyyənləşdirmək üçün bir araya gələn o axmaqların arasında bir iranlı da vardı; kül ələnsin o iranlının başına ki, öz ölkəsinin əleyhinə yəhudinin, sionistin, Amerikanın xeyrinə fəaliyyət göstərir! Əlbəttə, bu hadisələr Silahlı Qüvvələrimizin öz gücünü tam nümayiş etdirməsindən əvvəl baş vermişdi; hücumun birinci, ikinci günü olmuşdu. Sonradan, Allaha şükürlər olsun ki, Silahlı Qüvvələrimiz böyük işlər görə bildilər. Yeri var ki, bütün İran xalqı Silahlı Qüvvələrə təşəkkür etsin və biz də onlara öz minnətdarlığımızı bildiririk. Və inşallah, bundan sonra da İran xalqının Silahlı Qüvvələrinin güc-qüvvəsi gündən-günə artacaqdır.

Burada digər bir məqam da var ki, mən onu da diqqətinizə çatdırmaq istəyirəm. Düşmənlərin bu hadisədən çıxardıqları nəticə budur: İranı müharibə ilə, hərbi hücumlarla diz çökdükmək mümkün deyil; İran İslam Respublikasını bu vasitələrlə, sərt güclə geri otuzdurmaq olmaz. 45 ildir ki, bu işlərlə məşğuldurlar, amma İran İslam Respublikası günbəgün daha da güclənir. Başa düşdülər ki, bunun yolu daxildə ixtilaf və qarışıqlıq yaratmaqdır. Təbii ki, bu məqsədlə onların daxildə də muzdurları vardır; yəni ölkənin müxtəlif yerlərində sionizmə, Amerikaya çalışanları var. Düşmən belələrinin, ya da dediklərinin, yazdıqlarının fərqinə varmayan şəxslərin vasitəsi ilə xalq arasında ixtilaf salmağa, ölkədə parçalanma salmağa çalışır. Amma bu gün ölkədə birlik hökm sürür. Bu gün xalq həmrəydir. Müxtəlif baxışlar, ayrı-ayrı siyasi və ictimai baxışlar olsa da, sistemi, ölkəni qorumaqda, düşmənə qarşı mübarizədə bu gün xalq birdir. Bu birlik isə onların zərərinədir, bu birlik onların hücumuna maneədir; onlar bu maneəni aradan qaldırmaq istəyirlər. Diqqətli olun. 

Söz və qələm sahibləri, auditoriya sahibləri, yazarlar, araşdırmaçılar, tvit yazarları və digərləri nə etdiklərinin fərqinə varsınlar. Bu müqəddəs birlik, bu əzəmətli xalq, insanların qəlbindən, iradəsindən yaranmış bu polad sipərlər zədələnməməlidir. Bu gün Allaha şükürlər olsun ki, daxili birlik var və xalq bu birliyi qorusun. Dövlət rəsmiləri, xüsusən də hakimiyyətin üç qüvvəsi, Allaha şükürlər olsun ki, bu gün tam birlik və həmrəylik içərisində birgə fəaliyyət göstərirlər; bu həmrəyliyi qoruyun. Xalq da ölkəyə xidmət edən məsullara, o cümlədən prezidentə dəstək verməlidir. Prezident zəhmətkeş, çalışqan və məsuliyyətlidir. Belə zəhmətkeş, çalışqan və məsuliyyətli şəxslərin qədrini bilmək lazımdır. Xalqla dövlət arasında, dövlətin ayrı-ayrı məsul şəxsləri arasında, xalqla Silahlı Qüvvələr arasında, xalqın öz daxilindəki birlik tam şəkildə qorunmalıdır. Bu mənim qəti tövsiyəmdir.

Mən bəzi faktlara əsasən bu qənaətə gəlmişəm ki, bu gün düşmənin əsas səyləri məhz bu həmrəyliyi, bu həmfikirliyi, bu birliyi və bu həmkarlığı zədələməyə yönəlib. Bu gün düşmən bu işi müxtəlif üsullarla həyata keçirir, ona görə də xalq diqqətli olmalıdır. Sözsüz ki, bəzi insanların müxtəlif məsələlərdə fərqli fikirləri ola bilər; bunun heç bir iradı yoxdur. Amma söz sahibləri diqqətli olmalıdır ki, İran xalqının mövcudluğunu təkmilləşdirən yeni fikirlərin təqdim edilməsi onu məhv etməkdən, təhqir etməkdən fərqlidir; İslam Respublikasının əsas prinsiplərini məhv etmək olmaz. Çünki bu xalqı bu cür yetişdirən, bu ölkəni bu cür yüksəldən, bu qüdrəti xalqa bəxş edən o prinsiplərdir. Bunlar o prinsiplərdir. Əgər bu prinsipləri təkmilləşdirmək, onlara nəsə əlavə etmək, nöqsanları aradan qaldırmaq istəyirlərsə, eybi yoxdur; amma məhv etmək olmaz. Məhv etmək düşmənin istəyidir. Üç qüvvənin, yəni İslam Məclisinin, icraedici hakimiyyətin, Ədliyyə sisteminin və habelə Silahlı Qüvvələr və digər strukturların arasında həmkarlıq, əməkdaşlıq davam etdirilməlidir.

Bu gün bizim düşmənimiz, qarşımızda dayanan düşmən, yəni sionist rejimi dünyanın ən mənfur rejimi və hökumətidir. Dünya xalqları da sionist hökumətdən ikrah hissi keçirir, ona nifrət edirlər. Dövlətlər də bu rejimi, bu sionist hökuməti qınayırlar. Özünüz də görürsünüz, həmişə sionist rejimi dəstəkləyən Qərb dövlətləri bu gün onları qınayırlar. Təbii ki, bu qınaq təkcə dildədir; bu azdır, bunun faydası yoxdur. Bu gün sionist rejim rəhbərlərinin törətdikləri cinayətlərin, məncə, tarixdə analoqu yoxdur. Uşaqları aclıqla, susuzluqla öldürürlər; uşaqları aclıq və susuzluqla qətlə yetirirlər. Yemək üçün gəlib növbəyə duran uşaqları gülləbaran edirlər. Mənim tarixdən bildiyim qədər bunun dünyada analoqu olmayıb. Bu cinayətlər xalqlarda ikrah hissi oyadıb. Bu cinayətlərə qarşı mütləq müqavimət göstərmək lazımdır. Müqavimət isə dövlətlərin təkcə dildə “biz etiraz edirik, qınayırıq” deməsi ilə olmaz. Hətta İngiltərə, Fransa və digər dövlətlər də qınadılar. Bunun heç bir faydası yoxdur. Sionist rejimə yardım yolları bağlanılmalıdır; kömək yolları mütləq bağlanılmalıdır. Bu gün Yəmənin şücaətli xalqının gördüyü iş düzgün işdir; düzgün iş budur. Sionist rejim rəhbərlərinin törətdikləri cinayətlərə cavab olaraq, hər tərəfdən yardım yollarını tamamilə bağlamaqdan başqa heç bir yol yoxdur.

Bunun üçün biz də İran İslam Respublikası olaraq mümkün olan hər bir işə tam hazırıq. Və inanıram ki, Allah-Taala İran xalqının və dünya haqsevərlərinin hərəkatına bərəkət nəsib edəcək, bu bölgədə dərin və təhlükəli xərçəng şişinin kökünü kəsəcək və müsəlman xalqlarını oyadıb aralarında vəhdət yaradacaqdır, inşallah.

_____________________________

(1) Görüşün əvvəlində İmam Rzaya (ə) həsr olunmuş mədh və mərsiyələr oxunmuşdur.
(2) “Əmaliye-Səduq”, 27-ci məclis, səh. 130
(3) Donald Tramp (ABŞ prezidenti)